Məhkəmə qərarları › İş №e-2(032)-2064/2025

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(032)-2064/2025

23.02.2026 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2(032)-2064/2025 23.02.2026 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İmanov Əli Sərməz oğlunun sədrliyi, Hüseynova Mədinə Ceyhun qızının katibliyi, İddiaçı və nümayəndəsi Nümayəndə1, Cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X1 İdarəsi, X22 Məktəbi direktoru Nümayəndə3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X1 İdarəsi və X22 Məktəbinə qarşı attestasiya komissiyasının qərarının ləğvi, şəxsin vəzifəyə uyğun hesab edilməklə, işə bərpa edilməsi, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X1 İdarəsinə və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X1 İdarəsi X22 Məktəbinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, attestasiya komissiyasının qərarının ləğvi, şəxsin vəzifəyə uyğun hesab edilməklə, işə bərpa edilməsi, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Soltan Hacıbəyov adına Sumqayıt Musiqi Kollecində fortepiano müəllimi ixtisası üzrə təhsil almışdır. 1991-ci ildən hazırki vaxtadək X22 Məktəbində fortepiano müəllimi kimi çalışmışdır. 30 ildən çoxdur ki, pedaqoji fəaliyyəti ilə məşğul olmuşdur. X22 Məktəbində fortepiano müəllimi kimi çalışdığı dövr ərzində daim öz üzərində işləyərək, şagirdlərin bir mütəxəssis kimi yetişməsinə öz töhfəsini vermişdir. İşinin öhdəsindən daim layiqincə gəlmiş, işlədiyi müddətdə barəsində hər hansı intizam tənbehi tətbiq edilməmişdir. 2019-cu ildə sertifikasiya imtahanı keçirilmiş, imtahan nəticəsində 5 ballıq qiymətləndirmə üzrə 4 qiyməti alaraq, vəzifəyə uyğun hesab edilmişdir. Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzində UMM-in fortepiano müəllimləri qrupunda xx.xx.2014-cü il tarixdə kursda iştirak etmişdir. X22 Məktəbinin 29 dekabr 2024-cü il tarixli, 20 nömrəli əmri ilə Cavabdeh1 Atesstasiya Komissiyasının əsasnaməsi təsdiq edilmiş və Komissiya yaradılmışdır. Həmin Komissiyaya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 may tarixli, 97 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi” Qaydalarına əsasən işçilərin attestasiyadan keçirilməsi tapşırılmışdır. Həmin əmrlə attestasiya imtahanında 1-2 gün əvvəl tanış olmuş, çünki attestasiya keçirilməmişdən qabaq bir müddət bülletendə olmuşdur. Onkoloji xəstəliklə əlaqədar olaraq əmək qabiliyyətini müvəqqəti itirmişdir. İşəgötürən tərəfindən attestasiya komissiyasının yaradılmasının özü qanunsuzdur. Çünki, Əmək Məcəlləsinin 64-cü maddəsinin 2-ci hissəsinin tələbləri pozulmuşdur. Eyni zamanda 30 ildən çox pedaqoji fəaliyyətlə məşğul olan bir müəllimin fəaliyyətini bir neçə dəqiqəlik attestasiya nəticəsində yoxlanılması qanuni və əsaslı hesab edilə bilməz. Qeyd edilən əmr əsasında Bakı Xoreoqrafiya Akademiyasında 24 oktyabr 2025-ci il tarixdə keçirilən attestasiyada iştirak etmişdir. Attestasiya Komissiyası tutduğu vəzifəyə uyğun olmamağı barədə qərar qəbul etmişdir. Sonradan xx.xx.2025-ci il tarixdə İddiaçı nümayəndəsi Nümayəndə1 məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək Cavabdeh1 attestasiya Komissiyasının onun barəsində qəbul etdiyi vəzifəyə uyğun hesab edilməməsinə dair 24 oktyabr 2025-ci il tarixli qərarının ləğv edilməsi, X22 Məktəbinin əmək müqaviləsinə xitam verilməsi barədə 01 noyabr 2025-ci il tarixli əmrinin ləğv edilməsi, onun X22 Məktəbində fortepiano müəllimi vəzifəsinə bərpa olunması və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı və nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə etmiş və iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərmişdir ki, o, Sumqayıt Musiqi Texnikumunda fortepiano müəllimi ixtisası üzrə təhsil almış və 1991-ci ildən etibarən X22 Məktəbində fortepiano müəllimi kimi pedaqoji fəaliyyət göstərmişdir. İddiaçı bildirmişdir ki, artıq 30 ildən artıq müddətdə müəllim kimi çalışaraq şagirdlərin musiqi təhsilinin formalaşmasına, onların yaradıcılıq qabiliyyətlərinin inkişafına və musiqi sənətinə marağının artırılmasına töhfə vermişdir. Onun sözlərinə görə, bu illər ərzində əmək fəaliyyətini vicdanla və məsuliyyətlə yerinə yetirmiş, barəsində hər hansı intizam tənbehinin tətbiq edilməsinə yol verilməmişdir. İddiaçı göstərmişdir ki, 2019-cu ildə keçirilmiş sertifikasiya imtahanında iştirak etmiş və 5 ballıq qiymətləndirmə sistemi üzrə 4 bal toplayaraq tutduğu vəzifəyə uyğun hesab edilmişdir. Bundan əlavə, Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzində fortepiano müəllimləri üçün təşkil olunmuş ixtisasartırma kursunda iştirak etmişdir. İddiaçı qeyd etmişdir ki, X22 Məktəbinin 29 dekabr 2024-cü il tarixli əmri ilə attestasiya komissiyası yaradılmış və həmin komissiya tərəfindən onun attestasiyası keçirilmişdir. Lakin iddiaçının fikrincə, attestasiya prosesi qanunvericiliyin və obyektivlik prinsiplərinin tələblərinə uyğun aparılmamışdır. Belə ki, iddiaçı bildirmişdir ki, attestasiya zamanı komissiya üzvləri ona qarşı qərəzli münasibət göstərmiş, verilmiş suallar attestasiya vərəqəsində düzgün və tam şəkildə qeyd edilməmiş, verdiyi cavablar isə obyektiv şəkildə qiymətləndirilməmişdir. İddiaçının sözlərinə görə, bəzi hallarda verdiyi cavablar tam dinlənilməmiş, bəzi suallar isə attestasiya vərəqəsində ümumiyyətlə qeyd edilməmişdir. İddiaçı həmçinin göstərmişdir ki, attestasiya zamanı fortepiano ifası ilə bağlı tapşırıq yerinə yetirərkən əsəri tam şəkildə ifa etməsinə imkan verilməmiş, buna baxmayaraq komissiya tərəfindən ifası əsassız olaraq zəif qiymətləndirilmişdir. Onun fikrincə, bu hal attestasiya komissiyasının qiymətləndirmə prosesində obyektiv və qərəzsiz yanaşma nümayiş etdirmədiyini göstərir. İddiaçı əlavə olaraq qeyd etmişdir ki, attestasiya zamanı ona verilən bəzi suallar onun vəzifə funksiyaları ilə birbaşa əlaqəli olmamış, bəzi hallarda isə verdiyi düzgün cavablar attestasiya vərəqəsində qeyd edilməmişdir. Bu səbəbdən attestasiya prosesinin nəticələrinin real vəziyyəti əks etdirmədiyini bildirmişdir. İddiaçı həmçinin göstərmişdir ki, attestasiya keçirilməzdən əvvəl səhhətində ciddi problemlər yaranmış, onkoloji xəstəliklə əlaqədar müəyyən müddət əmək qabiliyyətini itirmiş və bu hal attestasiya zamanı nəzərə alınmamışdır. İddiaçı hesab etmişdir ki, uzun illər pedaqoji fəaliyyət göstərmiş və peşə fəaliyyəti ilə bağlı hər hansı mənfi hal müəyyən edilməmiş bir müəllimin peşə yararlılığının qısa müddətli və qeyri-obyektiv attestasiya proseduru ilə qiymətləndirilməsi qanunvericiliyin və ədalət prinsipinin tələblərinə uyğun hesab edilə bilməz. Bu səbəbdən iddiaçı attestasiya komissiyasının onun barəsində qəbul etdiyi vəzifəyə uyğun hesab edilməməsi barədə qərarın qanunsuz və əsassız olduğunu bildirərək həmin qərarın ləğv edilməsini və tutduğu vəzifəyə uyğun hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X1 İdarəsi X22 Məktəbinin direktoru Nümayəndə3 iddianı etiraf etmədi, izahat verərək bildirdi ki, X22 məktəbində direktoru vəzifəsində çalışır. İddiaçı uzun müddətdir ki, həmin məktəbdə müəllim kimi fəaliyyət göstərmişdir. İddiaçı müəllim kimi fəaliyyətində heç vaxt qüsur aşkar olunmamışdır. Lakin onlardan asılı olmayan səbəblərə görə iddiaçı ilə bağlanılmış əmək müqaviləsinə xitam verilmişdir. Belə ki, keçirilmiş attestasiya üzrə iddiaçı vəzifəyə uyğun hesab edilməmişdir. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nümayəndəsi Nümayəndə2 məhkəməyə vəsatət təqdim edərək bildirmişdir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 65-ci maddəsinin üçüncü hissəsinə əsasən işəgötürənin əmri (sərəncamı) ilə işçilərin attestasiyasının keçirilməsi üçün təcrübəli, yüksək peşəkarlıq qabiliyyətinə malik, obyektivliyi və qərəzsizliyi ilə seçilən nüfuzlu şəxslərdən, habelə həmkarlar ittifaqları təşkilatının nümayəndəsindən ibarət attestasiya komissiyası yaradılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 may tarixli 97 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları”na əsasən attestasiyadan keçirilməzdən əvvəl zəruri hallarda attestasiyanın keçirilməsinin məqsəd, vəzifə və metodlarının izahının işçilərə çatdırılması üzrə tədbirləri özündə cəmləşdirən lazımi hazırlıq işləri görülməlidir. Bu işi müəssisənin struktur bölmələrinin rəhbərləri müvafiq həmkarlar təşkilatları ilə birlikdə, həmkarlar təşkilatı olmadıqda isə işəgötürən özü təşkil edir. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Kollegiyasının 8 noyabr 2018-ci il tarixli 6/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərinin Nümunəvi Əsasnaməsi”nə əsasən müəllimlər Nazirliyin pedaqoji kadrların mərkəzləşdirilmiş qaydada işə qəbulu üzrə müsabiqə komissiyasının qərarı əsasında məktəbin direktoru tərəfindən işə qəbul edilir. Göründüyü kimi müəllimlərə münasibətdə işəgötürən qismində məktəbin direktoru çıxış edir. Bu səbəbdən də iddiaçının hazırki iddia üzrə Mədəniyyət Nazirliyinə qarşı subyektiv hüququ yaranmır. Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 2008-ci il 30 iyul tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyinə əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Hazırkı iş üzrə isə iddiaçı ilə əmək müqaviləsinin bağlanması, onun attestasiya prosesinə cəlb olunması və işdən azad olunması ilə bağlı qərarların verilməsində Mədəniyyət Nazirliyi birbaşa iştirakçı olmamış, qərarların qəbulunda iştirak etməmişdir və nəticə etibarilə iddiaçının irəli sürdüyü hüquq münasibətlərində cavabdeh qismində tanına bilməz. İddia ərizəsi və əlavə sənədlərdən də göründüyü kimi iddiaçının tərəf olduğu əmək münasibətləri üzrə qeyd olunmuş tədbirlər Mədəniyyət Nazirliyi tərəfindən deyil, onun tabeliyində olan konkret müəssisə tərəfindən həyata keçirilmişdir. İddia tələbi isə iddiaya cavab verməli olmayan şəxsə qarşı verildiyindən, iddia ərizəsinin qeyd olunan əsasla təmin edilməməsini xahiş etmişlər. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X1 İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 185.6-cı maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İş materiallarında olan sənədlərdən görünür ki, Cavabdeh1 Attestasiya Komissiyasının Əsasnaməsi məktəbin direktoru tərəfindən 29 dekabr 2024-cü il tarixli əmrlə təsdiq edilmişdir. Həmin əsasnamədə attestasiya komissiyasının fəaliyyəti, attestasiyanın keçirilməsi qaydaları və komissiyanın səlahiyyətləri müəyyən edilmişdir. Əsasnamənin 1.1-ci bəndinə görə attestasiya müəllimin qabiliyyət və bacarıqlarının qiymətləndirilməsi məqsədilə keçirilir və attestasiya komissiyası müvafiq sahə üzrə təcrübəli, yüksək peşəkarlıq qabiliyyətinə malik, obyektivliyi və qərəzsizliyi ilə seçilən mütəxəssislərdən formalaşdırılmalıdır. Əsasnamənin 1.2-ci bəndinə əsasən attestasiya komissiyası 1 sədr və 4 üzvdən ibarət olmaqla 5 nəfərlik tərkibdə təşkil edilir. Əsasnamənin 1.3-cü bəndində göstərilmişdir ki, işəgötürən və ya işçinin birbaşa rəhbəri attestasiya komissiyasının üzvü ola bilməz. Əsasnamənin 2.1-ci bəndinə əsasən attestasiya iclasları keçirilərkən komissiya üzvləri diqqətli və obyektiv olmalı, işçinin qabiliyyət və bacarıqlarının qiymətləndirilməsini təmin etməli və attestasiyanın keçirilməsinə mane olan hərəkətlərə yol verməməlidirlər. Əsasnamənin 2.2-ci bəndinə görə işçiyə verilən suallar, onun verdiyi cavablar, habelə komissiyanın qərarı və rəyi attestasiya vərəqəsində qeyd edilməlidir. Əsasnamənin 6.3-cü bəndində göstərilmişdir ki, komissiyanın iclası yalnız komissiya üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətli hesab olunur. Əsasnamənin 6.4-cü bəndinə əsasən komissiyanın qərarları üzvlərin sadə səs çoxluğu ilə qəbul edilir. Əsasnamənin 7.1-ci bəndinə görə attestasiyanın nəticələri komissiya tərəfindən açıq səsvermə yolu ilə qəbul edilir. Əsasnamənin 7.2-ci bəndinə əsasən attestasiya zamanı işçilərə yalnız tutduğu vəzifəyə, əmək funksiyasına, ixtisasına, yerinə yetirdiyi işlərə və həmin işlərin nəticələrinə dair suallar verilə bilər. Əsasnamənin 7.3-cü bəndində göstərilmişdir ki, attestasiya olunan işçilərə onların xidməti fəaliyyəti ilə bağlı olmayan sualların verilməsi və ya onların siyasi baxışlarına və ya şəxsi etiqadına görə qiymətləndirilməsi yolverilməzdir. Əsasnamənin 7.5.1-ci bəndinə görə attestasiya zamanı verilən suallar və cavablar attestasiya vərəqəsində qeyd olunmalı və həmin vərəqə komissiyanın sədri və üzvləri tərəfindən imzalanmalıdır. Əsasnamənin 7.5.2-ci bəndinə əsasən attestasiya komissiyasının qərarı attestasiyadan sonra elan edilməli və attestasiya vərəqəsinin bir surəti attestasiyadan keçən işçiyə təqdim edilməlidir. 7.6-cı bəndinə əsasən attestasiya komissiyasının verdiyi qiymət əsas götürülərək, tövsiyələr nəzərə alınmaqla və qüvvədə olan qanunvericiliyə uyğun olaraq, ayrı-ayrı işçinin qazandığı müvəffəqiyyətlər müqabilində mükafatlandırılması, irəli çəkilmək üçün ehtiyat kadrlar siyahısına daxil edilməsi, yuxarı vəzifəyə keçirilməsi, xidməti fəaliyyətlə bağlı müvafiq istiqamət üzrə əlavə təhsilə cəlb edilməsi, attestasiyanın nəticələrinə görə tutduğu vəzifəyə uyğun gəlmədiyi aşkara çıxan İşçinin aşağı vəzifəyə, eləcə də digər vəzifəyə keçirilməsi və ya tutduğu vəzifədən azad edilməsi haqqında qərarlar attestasiyanın nəticələrinə əsasən Məktəbin direktoru tərəfindən qəbul edilir. İş materiallarında olan sənədlərdən görünür ki, iddiaçı X5 barəsində attestasiya keçirilmiş və bununla bağlı attestasiya vərəqəsi tərtib edilmişdir. Attestasiya vərəqəsində göstərilmişdir ki, X5 xx xxxxxx 1966-cı ildə anadan olmuş, S.Hacıbəyov adına Sumqayıt Musiqi Texnikumunda fortepiano ixtisası üzrə təhsil almışdır. Sənəddə qeyd olunmuşdur ki, iddiaçı Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzində fortepiano müəllimləri üzrə ixtisasartırma kursunda 03–22 fevral 2014-cü il tarixlərində iştirak etmişdir. Attestasiya vərəqəsinə əsasən iddiaçı Cavabdeh1ndə fortepiano şöbəsinin müəllimi vəzifəsində çalışır və həmin vəzifəyə 01 mart 2008-ci il tarixdə təyin edilmişdir. Sənəddə onun ümumi əmək stajının 28 il 2 ay olduğu göstərilmişdir. Attestasiya vərəqəsinin “attestasiyadan keçən şəxsə verilən suallar və cavablar” bölməsində qeyd edilmişdir ki, attestasiyanın keçirilməsi zamanı iddiaçı tərəfindən Motsartın “Sonata G-dur” əsərinin ifası zamanı səhvlərə yol verildiyi, ifa etdiyi əsərin təhlilinin orta səviyyədə aparıldığı, qammaların zəif ifa edildiyi və üzündən oxu nümunəsinin çox zəif ifa edildiyi göstərilmişdir. Həmin bölmədə həmçinin göstərilmişdir ki, iddiaçıya “Texnikanın inkişafı üçün nə edirsiniz?”, “Ştrixlər?”, “Kadensiya konsertə nə vaxt yazılıb və hansı bəstəkar yazıb?” kimi suallar verilmiş, bu suallardan bəzilərinə cavab verilmədiyi qeyd olunmuşdur. Attestasiya vərəqəsində göstərilmişdir ki, attestasiyanın nəticələrinə dair keçirilmiş səsvermə zamanı 2 komissiya üzvü lehinə, 3 komissiya üzvü isə əleyhinə səs vermiş, nəticədə iddiaçı tutduğu vəzifəyə uyğun hesab edilməmişdir. Sənəddən görünür ki, attestasiya attestasiya komissiyasının sədri X2, habelə komissiyanın üzvləri X8, X9, X18 və X6 tərəfindən keçirilmiş və attestasiya vərəqəsi həmin şəxslər tərəfindən imzalanmışdır. Attestasiya vərəqəsində attestasiyanın keçirilmə tarixi 24 oktyabr 2025-ci il kimi göstərilmişdir. Eyni zamanda attestasiya vərəqəsində attestasiya olunan şəxsin attestasiya vərəqəsi ilə tanış olması üçün ayrılmış bölmə mövcud olmuşdur. Attestasiya vərəqəsinin son hissəsində attestasiyanın nəticələrinə əsasən müəssisə rəhbəri tərəfindən qərar qəbul edilməsi barədə qeyd də yer almışdır. Həmin hissədə göstərilmişdir ki, attestasiya komissiyasının nəticəsinə əsasən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə qərar qəbul edilmişdir və həmin qərar Cavabdeh1 direktoru Nümayəndə3 tərəfindən imzalanmışdır. İş materiallarında olan sənədlərdən görünür ki, “işçinin attestasiya komissiyasının iclasında attestasiya vərəqəsini imzalamaqdan imtina etməsi haqqında akt” tərtib edilmişdir. Həmin akt 24 oktyabr 2025-ci il tarixdə tərtib olunmuş və aktda göstərilmişdir ki, Cavabdeh1ndə keçirilmiş attestasiya komissiyasının iclasında attestasiyadan keçən X5 attestasiya vərəqəsini imzalamaqdan imtina etmişdir. Aktda qeyd edilmişdir ki, bu hal attestasiya komissiyasının sədri X2, habelə komissiyanın üzvləri X8, X9, X18 və X6 tərəfindən təsdiq edilmiş və həmin şəxslər tərəfindən imzalanmışdır. Sənəddə həmçinin göstərilmişdir ki, akt iki nüsxədə tərtib edilmiş, aktın bir nüsxəsi Cavabdeh1ndə saxlanılmaqla hər iki nüsxənin eyni hüquqi qüvvəyə malik olduğu qeyd olunmuşdur. İş materiallarında olan sənədlərdən görünür ki, Cavabdeh1 işçilərinin attestasiyası üzrə attestasiya komissiyasının iclasına dair 24 oktyabr 2025-ci il tarixli, №11 saylı protokol tərtib edilmişdir. Həmin protokola əsasən attestasiya komissiyasının iclası 24 oktyabr 2025-ci il tarixdə keçirilmişdir. Protokolda göstərilmişdir ki, iclasda attestasiya komissiyasının sədri X3, habelə komissiyanın üzvləri X10, X9, X18 və X6 (HİK üzvü) iştirak etmişlər. Protokolda iclasın gündəliyi kimi Azərbaycan Respublikasının Əmək Məcəlləsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 may 2001-ci il tarixli 97 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları”na, habelə Cavabdeh1 **29 dekabr 2024-cü il tarixli 40 nömrəli əmrinə və 04 fevral 2025-ci il tarixli 48 nömrəli əmrinə uyğun olaraq attestasiya komissiyasının iclasının keçirilməsi məsələsi göstərilmişdir. Protokolda qeyd edilmişdir ki, Cavabdeh1ndə keçirilən attestasiya ümumilikdə 3 nəfər əməkdaşı əhatə etmişdir və attestasiyada X4, X7 və X5 iştirak etmişlər. Protokolun məzmunundan görünür ki, iclas zamanı komissiya üzvü Günay Məmmədova tərəfindən işçilərin çalışdıqları sahə, ixtisası, tutduqları vəzifə və əmək funksiyalarına dair qiymətləndirmənin aparılması barədə çıxış edilmişdir. Protokolda həmçinin göstərilmişdir ki, komissiyanın sədri Elnara Kabirlinskaya tərəfindən attestasiyaya cəlb olunmuş işçilərin tutduqları vəzifəyə uyğun olub-olmaması məsələsinin səsverməyə çıxarılması təklif edilmiş, həmin təklif səsverməyə qoyulmuş və qəbul edilmişdir. Protokolun “Qərara alındı” hissəsində göstərilmişdir ki, X7 tutduğu vəzifəyə uyğun hesab edilmişdir; X4 və X5 tutduqları vəzifələrə uyğun hesab edilməmişdirlər. Protokolda eyni zamanda göstərilmişdir ki, attestasiya vərəqəsini imzalamaqdan imtina edən işçi X4 və X5 ilə bağlı bu hal komissiyanın sədri və üzvlərinin iştirakı ilə aktlaşdırılmışdır. Protokol attestasiya komissiyasının sədri Elnara Kabirlinskaya və iclasın katibi Günay Məmmədova tərəfindən imzalanmışdır. İş materiallarında olan sənədlərdən görünür ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən uşaq musiqi və incəsənət məktəblərində fortepiano ixtisası üzrə təhsil verənlərin attestasiyasının keçirilməsi üçün müvafiq attestasiya proqramı müəyyən edilmişdir. Həmin proqramda göstərilmişdir ki, attestasiya zamanı müəllimlərin peşə hazırlığı və ixtisas səviyyəsi klassik fortepiano repertuarına daxil olan əsərlərin ifası, qamma və texniki tapşırıqların yerinə yetirilməsi, musiqi əsərlərinin təhlili, musiqi tarixinin və pedaqoji metodikanın nəzəri məsələləri üzrə biliklərin yoxlanılması yolu ilə qiymətləndirilməlidir. Proqramda həmçinin qeyd edilmişdir ki, attestasiya zamanı klassik, romantizm və digər dövrlərə aid xarici və Azərbaycan bəstəkarlarının fortepiano əsərlərindən ibarət repertuar üzrə ifa proqramı və nəzəri suallar əsasında müəllimlərin ixtisas səviyyəsinin müəyyən edilməsi nəzərdə tutulur. İş materiallarında olan attestasiya komissiyasının iclas protokolundan görünür ki, attestasiyada iştirak etmiş işçilərin tutduqları vəzifəyə uyğun olub-olmaması məsələsi komissiya tərəfindən səsverməyə çıxarılmış və səsvermənin nəticəsinə əsasən bəzi işçilər, o cümlədən X5 tutduğu vəzifəyə uyğun hesab edilməmişdir. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X1 İdarəsi X22 Məktəbinin xx.xx.2025-ci il tarixli 21№ li əmrinin surətindən görünür ki, Cavabdeh1 fortepiano müəllimi İddiaçı 01 noyabr 2025-ci il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir . İş materiallarına əlavə edilmiş sorğulardan görünür ki, attestasiyasının keçirilməsini özündə əks etdirən videogörüntülərin yazıldığı daşıyıcılar tələb edilmiş olsa da, cavabdehlər tərəfindən həmin görüntülər təqdim edilməmişdir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Konstitusiyasının 16-cı maddəsinin İ hissəsinə əsasən, Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İV hissəsinə əsasən, əmək müqaviləsi sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: Maddə 67. İşçilərin və iş yerlərinin attestasiyasının nəticələrinin tənzimlənməsi

1. Attestasiya komissiyası tərəfindən barəsində tutduğu vəzifəyə uyğun olmadığı haqqında qərar çıxarılmış işçinin əmək müqaviləsinə bu Məcəllənin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq, 71-ci maddəsində nəzərdə tutulan qaydalara əməl edilməklə işəgötürən tərəfindən xitam verilə bilər.

2. İşəgötürən attestasiya komissiyasının tövsiyyəsini nəzərə alaraq işçinin peşə hazırlığının yüksəldilməsi, yeni ixtisasa yiyələnməsi və ixtisasının artırılması üçün onu təlimlərə cəlb edə və yaxud işçinin razılığı ilə onu başqa müvafiq vəzifəyə (peşəyə) keçirə bilər.

3. İş yerlərinin attestasiyasının keçirilməsi nəticəsində onların kütləvi şəkildə ixtisar edilməsi yolverilməzdir.

4. İş yerinin attestasiyasının keçirilməsinin nəticələrinə əsaslanaraq işəgötürən tərəfindən işçilərin əmək müqavilələrinə xitam verilə bilməz.

5. İşçilərin və iş yerlərinin attestasiya komissiyalarının qərarlarını qanunsuz, əsassız, qərəzli və qeyri-obyektiv hesab edən şəxslər məhkəməyə müraciət edə bilər.

6. Attestasiya komissiyasının qərarı ilə tutduğu vəzifəyə (peşəyə) uyğun olmadığına görə işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilən və ya başqa vəzifəyə (peşəyə) keçirilən işçinin iddiası əsasında fərdi əmək mübahisəsinə bu Məcəllə ilə müəyyən edilmiş qaydada yalnız məhkəmələrdə baxılır. Maddə 70. İşəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməsinin əsasları Əmək müqaviləsinə işəgötürən tərəfindən aşağıdakı əsaslarla xitam verilə bilər: a) müəssisə ləğv edildikdə və ya fiziki şəxs olan işəgötürənin fəaliyyətinə xitam verildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. İşçilərin attestasiyası bu Məcəllənin 65-ci maddəsi ilə müəyyən edilmiş qaydada keçirilir. Maddə 71. Əmək müqaviləsinə işəgötürən tərəfindən xitam verilərkən görülən tədbirlər

1. İşçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür.

2. Bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinə xitam verilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.

3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinə xitam verilməsinin zəruriliyini əsaslandırmalıdır. İnsan hüquqlarına dair Ümumi Bəyannamənin 23-cü maddəsinin İ, İİ və İİİ hissələrinə görə, hər bir şəxsin əmək, sərbəst iş yeri seçmək, ədalətli və münasib iş şəraiti və işsizlikdən müdafiə hüququ vardır, heç bir ayrı seçkilik olmadan eyni iş üçün eyni əmək haqqı almaq hüququna malikdir. Hər bir işləyən şəxs, əməyinin lazım gələrsə digər sosial müdafiə vasitələrilə tamamlanan, onun özünün və ailəsinin layiqli dolanışığını təmin edə bilən ədalətli və qənaətbəxş ödənilməsi hüququna malikdir. “İqtisadi, Sosial və Mədəni Hüquqlar haqqında Beynalxalq Pakt”-ın 7-ci maddəsinin 1-ci abzası və 3-cü bəndin müddalarından görünür ki, bu Paktda iştirak edən dövlətlər hər bir şəxsin ədalətli və münasib iş şəraiti hüququnu tanıyır, o cümlədən hamının yalnız iş stajı və istisas səviyyəsi əsasında daha yüksək vəzifələrə irəli çəkilmək üçün eyni şərati imkanı tanıyır. “Avropa Sosial Xartiyası”-nın 1-ci hissəsinin 1-ci bəndinə əsasən, hər kəsin öz yaşayışı üçün sərbəst seçdiyi peşə üzrə əməklə qazanmaq hüququ olmalıdır. Xartiyanın 1ci hissəsinin 2-ci bəndinə görə, bütün işçilərin əməyin ədalətli şəraitlərinə hüquqları vardır. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 15 iyul 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi bir daha vurğulamışdır ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilatisərəncamverici səlahiyyətlərə malik olur. Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinə əsasən, əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Konstitusiyasının 35 və 73-cü maddələri baxımından Azərbaycan Respublikası Əmək Məcəlləsinin 175-ci maddəsinin 4-cıi hissəsinin Azərbaycan Respublikası Vergi Məcəlləsinin 102.1.4-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2024-cii il 15 aprel tarixli Qərarında qeyd edilmişdir ki, əmək münasibətlərinin tənzimlənməsi tərəflərin hüquq bərabərliyinin təmin edilməsi prinsipinə əsaslansa da, bir qayda olaraq, əmək hüququnun subyektləri faktiki cəhətdən bərabər vəziyyətdə olmurlar. Əmək münasibətlərində işçi və işəgötürən arasında müəyyən hakimiyyət- tabeçilik xüsusiyyətləri (məsələn, işçilərin işəgötürəndən iqtisadi asılılığı, işəgötürən tərəfindən müəyyən edilən iş rejiminə tabe olması, işçiyə intizam sanksiyalarının tətbiq edilməsi və s.) mövcuddur. Odur ki, faktiki cəhətdən bərabər olmayan subyektlər arasında yaranan münasibətlərdə daha zəif tərəfin (işçinin) müdafiəsi, qanuni maraq və mənafelərinin qorunması məqsədilə qanunverici bir çox hallarda imperativ xarakterli əmək hüquq normaları vasitəsilə bu münasibətləri tənzimləyir. Belə ki, əmək qanunvericiliyinin iş vaxtı, istirahət vaxtı vo işçilərin məzuniyyət hüququ, əmək şəraiti, əmək haqqı və onun hesablanması qaydası, işdən çıxarılma prosedurları ilə bağlı imperativ xarakterli normaları məhz işçilərin Konstitusiyada nəzərdə tutulan əmək, istirahət, təhlükəsiz və sağlam şəraitdə işləmək hüququnun, habelə digər əsas insan hüquq və azadlıqlarının təmin edilməsinə istiqamətlənərək, işəgötürənlər üçün müvafiq öhdəlik və vəzifələr yaradır (Konstitusiya Məhkəməsi Plenumunun ‘‘Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2- 3.4 və 2-4-cü hissələrinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİİ və İV hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 20 oktyabr tarixli Qərarı). Xüsusən işçinin iradəsindən və təqsirindən asılı olmayan səbəblərdən əmək müqaviləsinə xitam verilərkən, bunun işçi və onun ailəsi üçün yarada biləcəyi maddi çətinlikləri azaltmaq, gəlirdən tamamilə məhrum olmalarının qarşısını almaq məqsədilə qanunvericilikdə müəyyən təminatlar nəzərdə tutulmuş, habelə müəyyən qrup şəxslərin fiziki xüsusiyyətlərinə, sağlamlıq və sosial vəziyyətlərinə görə əmək müqavilələrinə işəgötürən tərəfindən xitam verilməsi istisna edilmişdir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: " ... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. ... hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. ... Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun N.Məmmədovanın şikayəti üzrə 31 yanvar 2006-cı il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmənin mövqeyi Əvvəla, məhkəmə qeyd edir ki, hazırkı mübahisə əmək münasibətlərindən irəli gələn fərdi əmək mübahisəsi olmaqla, mahiyyət etibarilə iddiaçının attestasiya komissiyasının onun barəsində qəbul etdiyi “tutduğu vəzifəyə uyğun hesab edilməməsi” barədə qərarın, həmin qərara əsasən verilmiş əmək müqaviləsinə xitam haqqında əmrin qanuniliyinin yoxlanılması, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi ilə bağlıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 67.6-cı maddəsinin birbaşa göstərişinə görə attestasiya komissiyasının qərarı ilə tutduğu vəzifəyə uyğun olmadığına görə işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilən işçinin iddiası əsasında fərdi əmək mübahisəsinə yalnız məhkəmələrdə baxılır. Buna görə də, məhkəmə hazırkı iş üzrə ilk növbədə attestasiya prosedurunun qanuniliyi, obyektivliyi, əsaslılığı və həmin prosedurun nəticəsində qəbul edilmiş işdən azadetmə əmrinə yetərli hüquqi əsas yaradıbyaratmaması məsələlərini araşdırmalıdır. Məhkəmə hesab edir ki, əmək münasibətlərində işçinin hüquqlarının müdafiəsi adi mülki mübahisələrlə müqayisədə daha həssas yanaşma tələb edir. Bu, həm Azərbaycan Respublikası Konstitusiyasının 16-cı və 35-ci maddələrinin məzmunundan, həm də Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqedən irəli gəlir. Konstitusiya Məhkəməsinin 15 iyul 2011-ci il tarixli və 15 aprel 2024-cü il tarixli qərarlarında da vurğulandığı kimi, əmək münasibətlərində işçi iqtisadi və təşkilati baxımdan zəif tərəfdir, işəgötürən isə sərəncamverici səlahiyyətlərə malik güclü tərəfdir. Məhz buna görə, işçinin iradəsindən və təqsirindən asılı olmayan əsaslarla əmək müqaviləsinə xitam verildikdə qanunvericiliyin tələblərinə formal deyil, ciddi və dəqiq riayət edilməsi zəruridir. Belə hallarda işəgötürənin istinad etdiyi əsasın mövcudluğu yalnız bəyan edilməməli, etibarlı və yoxlanılmış sübutlarla təsdiq olunmalıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən əmək müqaviləsinə peşəkarlıq səviyyəsinin, ixtisasının kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə xitam verilə bilər. Lakin həmin norma işəgötürənə qeyri-məhdud mülahizə sərbəstliyi vermir. Əmək Məcəlləsinin 71.3-cü maddəsinə əsasən işəgötürən əmək müqaviləsinə xitam verilməsinin zəruriliyini əsaslandırmalıdır. Deməli, attestasiyanın nəticəsi və ondan doğan işdən azadetmə qərarı yalnız o halda qanuni sayıla bilər ki, səlahiyyətli komissiyanın qərarı özü qanunauyğun prosedurla, obyektiv materiallar əsasında və kifayət qədər əsaslandırılmış qaydada qəbul edilmiş olsun. Əks halda, belə qərara söykənən xitam əmri də hüquqi dayaqdan məhrum olur. Hazırkı iş üzrə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh1 Attestasiya Komissiyasının Əsasnaməsi ilə attestasiyanın keçirilmə qaydaları dəqiq müəyyən olunmuşdur. Həmin əsasnamənin 1.1-ci bəndinə görə attestasiya müəllimin qabiliyyət və bacarıqlarının qiymətləndirilməsi məqsədilə keçirilməli, komissiya obyektivliyi və qərəzsizliyi ilə seçilən mütəxəssislərdən formalaşdırılmalıdır. 2.1-ci bəndə əsasən komissiya üzvləri diqqətli və obyektiv olmalı, işçinin qabiliyyət və bacarıqlarının qiymətləndirilməsini təmin etməlidirlər. 2.2-ci bənddə işçiyə verilən sualların, onun cavablarının, komissiyanın qərarı və rəyinin attestasiya vərəqəsində qeyd edilməli olduğu göstərilmişdir. 7.2-ci bəndə əsasən işçiyə yalnız tutduğu vəzifəyə, əmək funksiyasına, ixtisasına, yerinə yetirdiyi işlərə və onların nəticələrinə dair suallar verilə bilər. 7.5.1-ci bənd sualların və cavabların attestasiya vərəqəsində əks etdirilməsini, 7.5.2-ci bənd isə attestasiya vərəqəsinin surətinin işçiyə təqdim edilməsini tələb edir. 7.6-cı bənddən görünür ki, məktəb direktorunun sonrakı qərarı məhz attestasiya komissiyasının verdiyi qiymət və tövsiyələr əsasında qəbul edilməlidir. Məhkəmə iş materiallarındakı attestasiya vərəqəsini araşdırarkən müəyyən etmişdir ki, həmin sənəd formal olaraq mövcud olsa da, onun məzmunu attestasiyanın necə aparıldığını tam və aydın şəkildə təsbit etmir. Belə ki, “attestasiyadan keçən şəxsə verilən suallar və cavablar” bölməsində sual-cavab formasında tam və ardıcıl qeyd aparılmamış, əksinə, həm komissiyanın subyektiv qiymətləndirmələri, həm də ayrı-ayrı qısa ifadələr qarışıq şəkildə yazılmışdır. Orada “Motsartın Sonata G-dur əsərini zəif ifa etdi”, “ifa etdiyi əsəri təhlili orta səviyyədə etdi”, “qammaları zəif ifa etdi”, “üzdən oxu nümunəsini çox zəif ifa etdi” kimi yekun xarakterli dəyərləndirmələr yer alsa da, həmin nəticələrin hansı konkret meyarlar üzrə, hansı müddətdə, hansı icra keyfiyyəti əsasında və hansı müqayisəli qiymətləndirmə sistemi ilə formalaşdırıldığı sənəddən aydın olmur. Eyni zamanda “Texnikanın inkişafı üçün nə edirsiniz?”, “Ştrixlər?”, “Kadensiya konsertə nə vaxt yazılıb, hansı bəstəkar yazıb?” kimi suallar qeyd edilmiş, lakin verilən cavabların tam məzmunu, həmin cavabların nə üçün yetərsiz sayılması və bu yetərsizliyin peşə yararlılığına necə həlledici təsir göstərməsi göstərilməmişdir. Məhkəmə hesab edir ki, attestasiya vərəqəsinin bu formada tərtibi attestasiyanın nəticəsinin obyektiv mənbədən yoxlanılmasına imkan vermir. Qanunvericilik və əsasnamə sualların və cavabların attestasiya vərəqəsində qeyd edilməsini yalnız formal rekvizit kimi yox, sonradan həmin qiymətləndirmənin əsaslı olub-olmamasını yoxlamaq üçün nəzərdə tutmuşdur. Əgər sual və cavablar tam əks olunmursa, komissiyanın gəldiyi nəticənin hansı faktik əsas üzərində qurulduğunu müəyyən etmək qeyri-mümkün olur. Bu halda məhkəmə komissiyanın daxili inamına deyil, yalnız sənədlərlə təsdiq edilən obyektiv məlumatlara istinad edə bilər. Hazırkı işdə isə komissiyanın iddiaçının peşə yararlılığına dair gəldiyi mənfi nəticəni yoxlamağa imkan verən yetərli sənədləşdirmə mövcud deyildir. İkinci mühüm hal ondan ibarətdir ki, iş materiallarında olan attestasiya proqramı fortepiano ixtisası üzrə attestasiya zamanı müəllimlərin peşə hazırlığının konkret istiqamətlər üzrə yoxlanılmalı olduğunu göstərir. Həmin proqramda klassik repertuardan əsər ifası, major və minor qammalarının ifası, üzdən oxuma və təhlil, fortepiano sənətinin inkişaf tarixi, tədris metodikası, pedaqoji səriştə və digər nəzəri məsələlər üzrə bilik və bacarıqların qiymətləndirilməsi nəzərdə tutulmuşdur. Lakin işdə olan attestasiya komissiyasının iclas protokolu, attestasiya vərəqəsi və digər sənədlər bir yerdə götürüldükdə, bu proqramın iddiaçıya münasibətdə hansı həcmdə və necə tətbiq olunduğu görünmür. Hansı konkret proqram hissələrinin yoxlanıldığı, hansı meyarlarla ölçü aparıldığı, hansı minimum standartların gözlənildiyi, iddiaçının hansı hissələr üzrə tələbə cavab vermədiyi, hansı cavab və ifa göstəricilərinin peşə yararsızlığı səviyyəsinə çatdığı sənədlərdə əksini tapmamışdır. Yəni attestasiyanın normativ proqramı mövcuddur, lakin həmin proqramın iddiaçı barəsində faktiki tətbiqinin sənədləşdirilmiş izi yoxdur. Bu baxımdan məhkəmə xüsusilə qeyd edir ki, iş materiallarında olan protokolda attestasiyanın gedişi deyil, əsasən onun yekunu əks olunmuşdur. Protokolda komissiya üzvünün ümumi xarakterli çıxışı, sonra isə vəzifəyə uyğun olub-olmama məsələsinin səsverməyə çıxarılması və nəticənin qəbul edilməsi qeyd edilmişdir. Halbuki attestasiya proqramı və əsasnamənin məntiqi onu göstərir ki, səsvermə əvvəlcədən obyektiv qiymətləndirmə materialları toplandıqdan sonra gələn son mərhələ olmalıdır. Hazırkı sənədlərdə isə səsverməyə qədərki qiymətləndirmə mərhələsinin tam, aydın və yoxlanıla bilən materialları görünmür. Bu isə komissiyanın yekun rəyini məhkəmə nəzarəti baxımından əhəmiyyətli dərəcədə zəiflədir. Üçüncü əhəmiyyətli hal videoqeydiyyatla bağlıdır. İş materiallarından görünür ki, attestasiyanın keçirilməsi zamanı videoçəkiliş aparılması nəzərdə tutulmuş, eləcə də məhkəmə baxışı zamanı iddiaçının iştirak etdiyi attestasiyanın videogörüntülərinin yazıldığı daşıyıcılar tələb edilmiş, lakin cavabdehlər tərəfindən həmin görüntülər məhkəməyə təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, iş üzrə mübahisənin predmeti məhz attestasiyanın obyektiv, qərəzsiz və qanunauyğun keçirilib-keçirilməməsi olduğu halda, bu prosesin ən mühüm birbaşa sübut vasitələrindən olan videogörüntülərin təqdim olunmaması cavabdeh tərəfin sübutetmə imkanlarını əhəmiyyətli dərəcədə zəiflətmişdir. MPM-in 77.1-ci maddəsində əks olunmuş ümumi qaydaya və Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə görə hər bir tərəf istinad etdiyi halları özü sübut etməlidir. Cavabdeh tərəf iddiaçının peşə səviyyəsinin tutduğu vəzifəyə kifayət etmədiyini bildirirsə, bu qənaətin etibarlı sübutlarla təsdiqi də məhz onun üzərinə düşür. Halbuki ən obyektiv sübut mənbələrindən biri olan videomateriallar təqdim edilməmiş, bununla da komissiyanın qiymətləndirməsinin düzgünlüyünü məhkəmənin birbaşa yoxlaması mümkünsüz olmuşdur. Dördüncü olaraq, attestasiya vərəqəsinin məzmununda digər mühüm nöqsanlar da mövcuddur. Belə ki, vərəqədə komissiya üzvlərinin rəy və təklifləri, attestasiyadan keçən işçinin rəy və təklifləri, komissiyanın tövsiyələri və səbəbləri üçün ayrılmış bölmələrin faktiki məzmunsuz və ya boş qaldığı müəyyən edilir. Halbuki Əmək Məcəlləsinin 67-ci maddəsinin sistemli təhlilindən görünür ki, attestasiya komissiyasının funksiyası sadəcə “uyğundur” və ya “uyğun deyil” nəticəsi yazmaqla məhdudlaşmır, komissiyanın verdiyi qiymət tövsiyələrlə birlikdə işəgötürənin sonrakı qərarına əsas yaradır. Əsasnamənin 7.6cı bəndi də direktorun qərarının məhz komissiyanın verdiyi qiymət və tövsiyələr əsasında qəbul edilməsini nəzərdə tutur. Komissiyanın tövsiyələri bölməsinin boş qalması, işçinin hansı səbəblə peşə baxımından yararsız sayılması barədə aydınlandırıcı əsasların göstərilməməsi attestasiyanın nəticəsinin zəruri dərəcədə motivasiyalı olmadığını göstərir. Hüquqi nəticə doğuran hər bir inzibati-təşkilati qərar, xüsusilə də şəxsin əmək hüququna müdaxilə edən qərar əsaslandırılmış olmalıdır. Müəllimin peşə yararlılığı kimi həssas məsələ yalnız ümumi və qiymətləndirmə xarakterli cümlələrə söykənə bilməz. Beşinci olaraq, məhkəmə iddiaçının attestasiya vərəqəsini imzalamaqdan imtina etməsi barədə tərtib olunmuş aktı da qiymətləndirmişdir. Həmin aktdan görünür ki, iddiaçı attestasiya vərəqəsini imzalamamış, bu hal komissiya sədri və üzvləri tərəfindən ayrıca aktlaşdırılmışdır. Məhkəmə hesab edir ki, həmin akt yalnız imzadan imtina faktını təsdiq edə bilər; o, öz-özlüyündə attestasiyanın qanuni, tam və obyektiv keçirildiyini sübut etmir. Başqa sözlə, işçinin nəticə ilə razılaşmaması və ya sənədi imzalamaması cavabdehi attestasiyanın qanunauyğun keçirildiyini sübut etmək vəzifəsindən azad etmir. Altıncı olaraq, iş materiallarında olan 24 oktyabr 2025-ci il tarixli protokoldan və attestasiya vərəqəsindən görünür ki, iddiaçı barəsində qərar səsvermə nəticəsində qəbul edilmiş, attestasiya vərəqəsində 2 nəfərin lehinə, 3 nəfərin əleyhinə səs verdiyi göstərilmişdir. Məhkəmə qeyd edir ki, attestasiyanın nəticəsinin səsvermə ilə rəsmiləşdirilməsi əsasnaməyə zidd olmasa da, səsvermə yalnız əvvəlcədən toplanmış obyektiv və sənədləşdirilmiş qiymətləndirmə materiallarının yekunu kimi çıxış edə bilər. Yəni səsvermənin özü sübut deyil; sübut, səsverməyə əsas olmuş faktiki materialdır. Hazırkı işdə isə həmin faktiki materialların tamlığı və mötəbərliyi təmin edilməmişdir. Buna görə səs çoxluğu ilə qəbul edilmiş yekun nəticə avtomatik olaraq hüquqi cəhətdən əsaslı hesab oluna bilməz. Yeddinci olaraq, məhkəmə iddiaçının peşə fəaliyyəti ilə bağlı ümumi məlumatları da nəzərə alır. İş materialları ilə müəyyən olunur ki, iddiaçı uzun illər, təxminən 30 ildən artıq müddətdə fortepiano müəllimi kimi pedaqoji fəaliyyətlə məşğul olmuş, əvvəlki dövrlərdə onun iş fəaliyyəti ilə bağlı intizam tənbehi tətbiq edilməmiş, 2019-cu ildə keçirilmiş sertifikasiya imtahanında müsbət nəticə göstərmiş, ixtisasartırma kurslarında iştirak etmişdir. Məhkəmə qəbul edir ki, bunlar öz-özlüyündə attestasiyadan mənfi nəticə çıxarılmasını qəti istisna etmir. Lakin belə bir işçinin peşə yararsızlığı barədə nəticə çıxarılarkən sübutetmə standartı daha da yüksək olmalı, qərarın faktiki bazası daha aydın və mötəbər olmalıdır. Uzunmüddətli pedaqoji fəaliyyətə malik şəxsin peşə baxımından vəzifəyə yararsız sayılması ümumi və qeyri-tam sənədləşdirilmiş qeydlərlə əsaslandırıla bilməz. Bundan başqa məhkəmə hesab edir ki, əmək münasibətlərinin tənzimlənməsində yalnız formal prosedur qaydalarına deyil, həm də hüququn mahiyyətindən irəli gələn ədalət, vicdanlılıq və humanizm prinsiplərinə əməl olunmalıdır. İş materialları ilə müəyyən olunur ki, iddiaçı uzun illər, təxminən 30 ilə yaxın müddətdə fortepiano müəllimi kimi fasiləsiz pedaqoji fəaliyyət göstərmiş, bu dövr ərzində şagirdlərin təlim-tərbiyəsinə, onların musiqi savadının və yaradıcılıq imkanlarının formalaşmasına xidmət etmiş, barəsində hər hansı intizam tənbehi tətbiq edilməmişdir. Belə bir şəxsin çoxillik peşə fəaliyyəti, topladığı təcrübə və illərlə formalaşmış əmək nüfuzunun qısa, qeyri-kafi sənədləşdirilmiş və obyektivliyi tam təsdiq olunmayan attestasiya nəticəsi ilə faktiki olaraq heçə endirilməsi hüquqi dövlətin sosial ədalət anlayışı ilə uzlaşmır. Bundan başqa, iddiaçının səhhəti ilə bağlı ciddi problemlər yaşadığı, onkoloji xəstəliklə əlaqədar müəyyən dövrdə əmək qabiliyyətini müvəqqəti itirdiyi iş materiallarında öz əksini tapmışdır. Məhkəmənin qənaətinə görə, belə bir vəziyyətdə olan işçiyə münasibətdə daha həssas, diqqətli və insan ləyaqətinə hörmət edən yanaşma gözlənildiyi halda, həmin halların görməzdən gəlinməsi və onların qiymətləndirmə zamanı nəzərə alınmaması humanizm prinsipinin tələblərinə uyğun hesab oluna bilməz. Səkkizinci olaraq, məhkəmə cavabdeh məktəb direktorunun izahatına da diqqət yetirir. Direktor məhkəmə iclasında iddiaçının uzun müddət müəllim kimi fəaliyyət göstərdiyini və onun müəllimlik fəaliyyətində heç vaxt qüsur aşkar olunmadığını bildirmişdir. Belə bir izahat, işdə olan digər sübutlarla birlikdə qiymətləndirildikdə, iddiaçının birdən-birə peşə yararsızlığı həddində vəzifəyə uyğun olmaması barədə nəticənin daha ciddi sübut bazası tələb etdiyini bir daha göstərir. Doqquzuncu olaraq, Mədəniyyət Nazirliyinin nümayəndəsi iddianın Nazirliyə qarşı yönəldilməsinin əsassız olduğunu bildirmişdir. Məhkəmə bu etirazı qismən əsaslı hesab edir. İş materiallarından görünür ki, iddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə 01 noyabr 2025-ci il tarixli əmri, eləcə də attestasiyanın nəticələri üzrə birbaşa hüquqi nəticə doğuran sənədlər X22 Məktəbi tərəfindən rəsmiləşdirilmişdir. Hazırkı mübahisənin predmeti də məhz həmin konkret əmək-hüquqi aktların qanuniliyi ilə bağlıdır. Buna görə, iddiaçının pozulduğunu iddia etdiyi subyektiv hüquq birbaşa olaraq məktəbin qəbul etdiyi qərarlarla əlaqədardır. Bu səbəbdən mübahisənin həlli üçün zəruri hüquqi nəticələr birbaşa işəgötürən subyektə münasibətdə tətbiq edilməlidir. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə qarşı isə ayrıca maddi-hüquqi tələb yönəltməyə əsas verən hal müəyyən edilməmişdir. Bununla belə, işin mahiyyəti üzrə əsas mübahisə attestasiyanın və onun nəticəsində verilmiş xitam əmrinin qanuniliyi olduğundan, məhkəmə nəticəyə gəlir ki, iddiaçının əmək hüququna müdaxilə edən əsas aktlar qanunvericiliyin tələb etdiyi sübut dərəcəsi ilə əsaslandırılmamışdır. İş materiallarında olan attestasiya vərəqəsi, protokol, imzadan imtina aktı və xitam əmri birlikdə qiymətləndirildikdə belə qənaətə gəlmək olur ki, iddiaçının peşə səviyyəsinin tutduğu vəzifəyə kifayət etmədiyi barədə nəticə tam, aydın, yoxlanıla bilən və bir-birini tamamlayan sübutlar məcmusu ilə təsdiq olunmamışdır. Attestasiyanın gedişini obyektiv şəkildə təsdiq edə bilən videomateriallar təqdim edilməmiş, sual-cavablar tam sənədləşdirilməmiş, qiymətləndirmə meyarları və nəticənin motivləri aydın göstərilməmiş, komissiyanın tövsiyələri və əsaslandırıcı mövqeyi əks etdirilməmişdir. Belə şəraitdə komissiyanın “tutduğu vəzifəyə uyğun deyil” nəticəsi qanuni və əsaslı hesab oluna bilməz. Məhkəmə hesab edir ki, işəgötürən tərəfindən Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə istinad edilməsi təkbaşına kifayət deyildir. Bu norma yalnız o halda tətbiq oluna bilər ki, peşə yararsızlığı barədə səlahiyyətli orqanın qərarı qanunauyğun prosedur və mötəbər sübutlar əsasında qəbul edilmiş olsun. Hazırkı işdə isə bu ilkin şərt mövcud deyildir. Belə olduqda, həmin qərara əsaslanan 01 noyabr 2025-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi barədə əmr də hüquqi əsasını itirir və qanunsuz hesab edilməlidir. Əmək Məcəlləsinin 300.1-ci maddəsinə əsasən, əgər işəgötürən əmək müqaviləsinə xitam verilməsi əsaslarını pozaraq və ya bu Məcəllə ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, məhkəmə işçinin vəzifəsinə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi barədə qətnamə çıxarır. Hazırkı işdə məhz belə hal mövcuddur. İddiaçı ilə əmək münasibətlərinə xitam verilməsi üçün istinad olunmuş hüquqi əsas etibarlı sübutlarla təsdiqlənmədiyindən, onun işdən azad olunması qanunsuz olmuşdur. Buna görə iddiaçının fortepiano müəllimi vəzifəsinə bərpası və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi barədə tələbləri də əsaslıdır. Məcburi iş buraxma müddəti üçün əmək haqqının hesablanması məsələsinə gəldikdə, məhkəmə qeyd edir ki, həmin məbləğ iddiaçının son əmək haqqı göstəricilərinə, əmək müqaviləsi və mühasibat sənədlərinə uyğun olaraq müəyyən edilməlidir. Bu səbəbdən qətnamədə məcburi iş buraxma müddəti üçün orta əmək haqqının işəgötürən tərəfindən iddiaçının xeyrinə tutulması göstərilməlidir. Beləliklə, məhkəmə yekun olaraq hesab edir ki, iddiaçının barəsində qəbul edilmiş 24 oktyabr 2025-ci il tarixli attestasiya komissiyası qərarı qanunsuz və əsassız olduğundan ləğv edilməli, həmin qərara əsaslanan 01 noyabr 2025-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi barədə əmr etibarsız sayılmalı, iddiaçı əvvəlki işi olan X22 Məktəbində fortepiano müəllimi vəzifəsinə bərpa edilməli və məcburi iş buraxma müddəti üçün orta əmək haqqı onun xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddia təmin edilsin. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X1 İdarəsi, X22 məktəbinin Attestasiya Komissiyasının İddiaçı barəsində qəbul etdiyi vəzifəyə uyğun hesab edilməmə barədə 24 oktyabr 2025-ci il tarixli qərarı ləğv edilsin və sonuncu tutduğu vəzifəyə uyğun hesab edilsin X22 Məktəbi direktorunun “əmək müqaviləsinə xitam verilməsi barədə” 01 noyabr 2025-ci il tarixli əmri ləğv edilsin və İddiaçı həmin məktəbdə fortepiano müəllimi vəzifəsinə bərpa olunsun və məcburi işburaxma müddəti üçün ödənilməmiş əmək haqqı cavabdeh X22 məktəbindən tutularaq iddiaçıya ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan Şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Əli İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar