Məhkəmə qərarları › İş №e-2(032)-449/2024

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(032)-449/2024

16.05.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2(032)-449/2024 16.05.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan Şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi, Ərizəçi İddiaçı nümayəndəsi vəkil Nümayəndə, Maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 13 saylı Şirvan Ərazi İdarəsinin nümayəndəsi X8 iştirakı ilə, Ərizəçi İddiaçı mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə Şirvan Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxıb məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi İddiaçı mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, o, 17 avqust 1957-ci il tarixdə anadan olmuşdur və Şirvan şəhəri S.Vurğun küçəsi ev 26 mənzil 3-də yaşayır. Əvvəllər həmin mənzildə valideyinləri ilə birlikdə yaşamış, sonradan ailə quraraq ailə üzvləri ilə birlikdə yaşayır. Artıq 30 ildən çoxdur ki, həmin mənzildə yaşayır, mənzilə fasiləsiz və etirazsız olaraq sahiblik edir. Lakin mənzilə dair heç bir hüquqmüəyyənedici sənədi olmadığından mənzil üzərində mülkiyyətçi kimi qeydə alınmasını tələb edə bilmir. O, həmin sənədləri əldə edə bilmir. Müvafiq orqanlara müraciət etsə də, həmin mənzilə dair heç bir hüquqmüəyyənedici sənəd müəyyən olunmamışdır. Mənzilin bütün kommunal xidmətləri onun adına ödənilir və heç bir borcu da yoxdur. Həmçinin ərizəçi həmin mənzildə pasport qeydiyyatındadır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş ərizəçi İddiaçı gəlməmiş, nümayəndə məhkəmə iclasında iştirak etdiyindən məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) 185.4-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi İddiaçı nümayəndəsi Nümayəndə iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 13 saylı Şirvan Ərazi İdarəsinin nümayəndəsi X14 ərizəçi tərəfindən mülkiyyət hüquqlarının qeydiyyata alınması ilə bağlı ərazi dairəsinə müraciət olunmuşdur. Lakin sənədlərə baxış keçirilərkən müəyyən olunmuşdur ki, müvafiq olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında qanunun 8-ci maddəsi ilə müəyyən olunmuş nə order, nə də kirayə müqaviləsi təqdim olunmadığından icrası mümkün olmamışdır. Ərizəyə baxılmasını məhkəmənin mülahizəsinə buraxdı. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadə verib bildirdi ki, 1 saylı mənzil istismar sahəsinin rəisidir. İddiaçı uzun müddətdir ki, tanıyır. O, ünvan 1 ünvanda doğulduğu vaxtdan yaşayır. Əvvəllər valideynləri ilə birlikdə yaşayıb, onlar vəfat etdikdən sonra o evdə ailəsi ilə birlikdə yaşamışdır. Şirvan şəhəri S.Vurğun küçəsi ev 26 mənzil 3 ünvanı evlər kitabından Sevdanın atasının adına qeydə alınmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadə verib bildirdi ki, ünvan 2 ünvanında yaşayır. İddiaçı onun qonşusudur, o yaşadığı ünvana 5 ildir ki, köçüb, həmin vaxtdan da Sevdanın orada yaşadığını bilir. Sevda həmin ünvanda ailəsi ilə birlikdə yaşayır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X20 ifadə verib bildirdi ki, İddiaçı uşaqlıqdan, təxminən 1974-1975-ci illərdən tanıyır. Sevda əvvəl valideynləri ilə birlikdə yaşamışdır. Hazırda isə öz ailəsi, yəni arvadı, xəstə olan qızı ilə birlikdə həmin ünvanda yaşayır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 ifadə verib bildirdi ki, İddiaçı ilə uzun müddətdir ki, qonşuluqda yaşayır. O, öz evini 1970-ci illərdə almış, həmin vaxtdan da Sevdanın ailəsi ilə həmin ünvanda yaşadığını bilir. Həmin evin əvvəllər Sevdanın atasının olduğunu bilir. İş materiallarında olan : İİİ-JQ seriyalı 268995 nömrəli “nikahın bağlanması haqqında şəhadətnamə”nin surətindən görünür ki, X25 ilə X11 ilə nikahı nikahın bağlanması haqqında akt qeydləri kitabında 3 iyun 1983-cü ildə 203 nömrə ilə qeyd edilmişdir. AZ-İ seriyalı 484500 nömrəli “ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X12 xx.xx.2011-ci ildə qan dövranı çatmamazlığı səbəbindən Şirvan şəhərində ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2011-ci ilin noyabr ayının 28 günündə 427 nömrə ilə qeyd edilmişdir. Şirvan şəhəri Mənzil Təsərrüfat İdarəsinin xx.xx.2024-cü il tarixli 479 nömrəli arayışından görünür ki, ünvan 3 ünvanında yaşayan İddiaçı Zahid qızının xx.xx.2024-cü il tarixə kommunal xidmət borcu yoxdur. Şirvan şəhər İcra Hakimiyyəti Başçısının 1 X32 Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2023-cü il tarixli 3783 saylı arayışından görünür ki, Ədilova X24 şəhəri S.Vurğun küçəsi ev 26 mənzil 3 ünvanında qeydiyyatdadır. Şirvan şəhər İcra Hakimiyyəti Başçısının 1 X32 Ərazi Dairəsi üzrə Nümayəndəliyinin Şirvan Regional Vəkil Bürosuna ünvanlanmış xx.xx.2023-cü il tarixli 5-8-1/2-509/2023 saylı məktubundan görünür ki, Şirvan şəhər İcra Hakimiyyəti Başçısının 1 X32 Ərazi Dairəsi üzrə Nümayəndəliyində olan məlumata əasən Şirvan şəhəri S.Vurğun küçəsi ev 26 mənzil 3 ünvanında İddiaçı, X25, X26 və X21 yaşayırlar. Şirvan şəhər İcra Hakimiyyətinin Şirvan Regional Vəkil Bürosuna ünvanlanmış xx.xx.2023-cü il tarixli 5-8/2-1282/2023 saylı məktubundan görünür ki, Şirvan şəhəri S.Vurğun küçəsi ev 26 mənzil 3 ünvanında yerləşən mənzilin X5 adına verilməsi barədə Əli-Bayramlı (indiki) şəhər X13 Sovetinin İcraiyyə Komitəsinin 1960-1970-ci illərə aid protokolları (order, qərar və s.) verilməsinə əsas olan sənədlər Şirvan şəhər İcra Hakimiyyətində aşkar olunmamışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 13 saylı Şirvan Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-38/2-ə-00xx-xx/2023 saylı məktubundan görünür ki, Şirvan şəhəri S.Vurğun küçəsi ev 26 mənzil 3 ünvandan yerləşən mənzilə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamının, orderin və ya mənzil kirayə müqaviləsinin əlavə olunmaması müəyyən edildiyindən Şirvan şəhəri S.Vurğun küçəsi ev 26 mənzil 3 ünvandan yerləşən mənzilə dair hüquqlarının qeydiyyatına alınması mümkün olmamışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 13 saylı Şirvan Ərazi İdarəsinin Şirvan Regional Vəkil Bürosunun vəkili Nümayəndə ünvanlanmış xx.xx.2023-cü il tarixli 2432 saylı məktubundan görünür ki, Daşınmaz əmlakın dövlət reyestrinin mövcud arxiv materialları və elektron məlumat bazasına əsasən İddiaçı adına hər hansı bir daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı məlumat yoxdur. Həmçinin, Şirvan şəhəri S.Vurğun küçəsi 26 saylı evin 3 nömrəli mənzili üzərində mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatında qeydiyyata alınmamışdır. “X18 LTD” şirkətinin Azərbaycan Respublikasındakı filialının Şirvan Regional Vəkil Bürosunun vəkili Nümayəndə ünvanlanmış 487/08 saylı , xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, X12 şirkətdə işləməmişdir, habelə şirkətdə Şirvan şəhəri S.Vurğun küçəsi 26 saylı evin 3 nömrəli mənzilinin Z.F.Lütfəliyevə verilməsi barədə heç bir məlumat və ya sənəd mövcud deyil. Azərbaycan Respublikası Dövlət Arxivinin Şirvan filialının xx.xx.2023-cü il tarixli 3- 48-DA-14F/2-421/2023 saylı məktubundan görünür ki, 10 il (1960-1970) müddətində arxiv araşdırması aparılması Azərbaycan Respublikası dövlət arxivlərinin əsas İş Qaydalarının tələblərinə uyğun deyil. Belə ki, Azərbaycan Respublikası Dövlət Arxivi Şirvan filialında arxiv araşdırması elektron deyil, original kitablarda aparıldığından, vətəndaş arxivə müraciəti zamanı dəqiq tarix (il, ay, gün) qeyd etməli, əks təqdirdə, arxiv araşdırması üçün maksimum 3 il göstərməlidir. Həmçinin bildiririk ki, qeyd olunan sorğu ilə bağlı vətəndaş İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə “mərhum atası X5 adına 1962-1964-cü illərdə mənzil verilib-verilməməsi” barədə arxivə ərizə təqdim etmiş və arxiv araşdırması zamanı qeyd olunan illərdə heç bir qərar aşkarlanmaması barədə vətəndaşa 19 aprel 2023-cü il tarixli, 3-48-DA-14F/2-178/2023 qeydiyyatlı arxiv arayışı verilmişdir . Azərbaycan Respublikası Dövlət Arxivinin Şirvan filialının İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli 3-48-DA-14F/2-178/2023 saylı məktubundan görünür ki, Azərbaycan Respublikası Dövlət Arxivi Şirvan filialında mühafizə olunan Əli-Bayramlı (indiki Şirvan) X9 (ZDS) İcraiyyə Komitəsinin 1964-cü ilə aid protokollarında mərhum həyat yoldaşınız X5 mənzil almağı barədə qərar aşkarlanmamışdır. Şirvan şəhəri S.Vurğun küçəsi 26 saylı evin 2 nömrəli mənzilində yaşayan X6, Şirvan şəhəri S.Vurğun küçəsi 26 saylı evin 9 nömrəli mənzilində yaşayan X1, Şirvan şəhəri S.Vurğun küçəsi 26 saylı evin 19 nömrəli mənzilində yaşayan X2 iştirakı ilə tərtib olunmuş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, İddiaçı 1957-ci ildə Şirvan şəhəri S.Vurğun küçəsi 26 saylı evin 3 nömrəli mənzilində dünyaya gəlmiş və hal-hazırda həmin mənzildə yaşayırlar. Həyat yoldaşı və onun evladı ilə birlikdə mənzilə dair ödənilmiş kommunal xidmətləri də İddiaçı Zayid qızı tərəfindən öz adına ödənilir. Akt 1 saylı MİS-in rəisi X3 tərəfindən və onlar tərəfindən imzaları ilə təsdiq edilmişdir. MPM-in: 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.6-cı maddəsinə əsasən məhkəmə mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsinə dair işlərə baxır. 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə tərəfindən müəyyən edilir. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 №-li 12 aprel 2019-cu il tarixli Qərarının 1.2-ci bəndi ilə müəyyən edilmişdir ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir . Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) : 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Göründüyü kimi, qanunvericilikdə istifadə, sahiblik və sərəncam hüququ hüquqi cəhətdən təmin edilmiş imkandır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Eləcə də, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsində göstərilir ki, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnsan Hüquqlarının və X10 Haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. MM-in 139.1-ci maddəsində göstərilir ki, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Məhkəmə hazırkı işlə əlaqədar İnsan Hüquqları və X7 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı protokolunun 1-ci maddəsi və bununla bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) presedentlərinə istinad etməyi də zəruri hesab edir. İnsan Hüquqları və X7 Haqqında Konvensiyanın 46-cı maddəsinə əsasən Avropa Məhkəməsinin qərarları bu Konvensiyanı ratifikasiya etmiş dövlətlər üçün məcburidir. «Beynəlxalq müqavilələrin bağlanması, dəyişdirilməsi və denonsasiyası haqqında» 1969-cu il Vyana Konvensiyasının 3-cü maddəsində deyilir ki, Beynəlxalq müqavilələr onların tətbiqi təcrübəsi ilə birlikdə məcburi qüvvəyə malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan Hüquqlarının və X7 Haqqında» Avropa Konvensiyasının müddəalarının və İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30 mart 2006-cı il tarixli 2 saylı qərarında Azərbaycan Respublikasının 2002-ci il aprelin 15-dən Avropa Konvensiyası və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıması göstərilmiş, məhkəmələrə insan və vətəndaş hüquq və azadlıqlarının pozulması ilə bağlı Milli qanunvericiliklə yanaşı, Avropa Konvensiyasının müddəalarının rəhbər tutulması və bu zaman Avropa Məhkəməsinin təcrübəsinə istinad edilməsi tövsiyə olunmuşdur. Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində deyilir: «Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə etmək hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz». “X23rşı” işdə (2004-cü il) Avropa Məhkəməsi müəyyən şərtlər daxilində mülkiyyət hüququ rəsmi qeydə alınmayan daşınmaz əmlaka da şəxsin faktiki mülkiyyət hüququnun yaranmasını qeyd etmişdir. Belə ki, bu işdə ərizəçi Türkiyənin İstanbul şəhərində özbaşına olaraq ev inşa etmiş, ailəsi ilə birlikdə bir neçə il orada yaşamış, lakin onun həmin evə mülkiyyət hüququ qeydiyyata alınmamışdır. Qaz sızmasından partlayış zamanı ev dağılmış və ərizəçi bununla bağlı dövlətdən kompensasiya tələb etmişdi. Lakin dövlət orqanları ərizəçinin həmin evə mülkiyyət hüquqlarının yaranmamasını əsas gətirərək, kompensasiya verməkdən imtina etmişdilər. Bu işlə bağlı Avropa Məhkəməsi qeyd etmişdir ki, hətta səlahiyyətli dövlət orqanlarının icazəsi olmadan ev tikilmiş və ona mülkiyyət hüquqları qeydə alınmamışdırsa, bir neçə il ərzində ərizəçinin ailə üzvləri ilə həmin evdə yaşaması, bu müddət ərzində evin bütün kommunal xərclərini ödəməsi, səlahiyyətli dövlət orqanlarının isə özbaşına tikili ilə bağlı ərizəçiyə hər hansı irad və tələb bildirməməsi, dövlətin həmin şəxsin həmin əmlaka faktiki mülkiyyət hüququnu tanıması kimi dəyərləndirilməlidir. Demək ki, ərizəçi ən azı mövcud mülkiyyətinin və ya aktivinin (o cümlədən iddialar) reallaşacağına dair "legitim gözləntisi" olduğunu idda edə bildikdə, legitim gözləntilər həmçinin mülkiyyət hüququnun yaranmasına səbəb ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində qeyd olunur ki, hər kəsin hüquq və azadıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. MPM-in: 4.1-ci və 4.2-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1 və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı şahidlərin izahatlarından, eyni zamanda iş materiallarında olan sənədlərdən Şirvan şəhəri, S.Vurğun küçəsi, 26 saylı evin, 3 nömrəli mənzilinin İddiaçı qanuni sahibliyi və istifadəsində olması öz təsdiqini tapmışdır. Belə ki, İddiaçı uzun müddət ərzində ailə üzvləri ilə həmin evdə yaşaması, bu müddət ərzində evin bütün kommunal xərclərini ödəməsi, səlahiyyətli dövlət orqanlarının isə həmin mənzil ilə bağlı ərizəçiyə hər hansı irad və tələb bildirməməsi, dövlətin həmin şəxsin həmin əmlaka faktiki mülkiyyət hüququnu tanıması kimi dəyərləndirilməlidir. Eyni zamanda müəyyən olunmuşdur ki, ərizəçiyə bu faktın təsdiq edilməsi, onun müəyyən sənədləşmə işlərinin aparılmasında maneələrin aradan qaldırılması üçün lazımdır və ərizəçinin müəyyən edilməsini tələb etdiyi faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmir. Həmçinin iş üzrə maraqlı şəxsin hər hansı mübahisəsi və tələbi olmamışdır. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, Şirvan şəhəri S.Vurğun küçəsi 26 saylı evin 3 nömrəli mənzilinə sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsi hüquqi əhəmiyyətli olduğundan, ərizəçi həmin faktı təsdiq edən lazımi sənədi başqa yolla ala bilmədiyindən, ərizəçi İddiaçı ərizəsi əsaslıdır və göstərilən fakt məhkəmə tərəfindən müəyyən olunmalı, Şirvan şəhəri S.Vurğun küçəsi 26 saylı evin 3 nömrəli mənzilinin ərizəçi İddiaçı qanuni sahibliyi və istifadəsində olması faktı təsdiq olunmalı, Şirvan şəhəri S.Vurğun küçəsi 26 saylı evin 3 nömrəli mənzilin faktiki ölçülər üzrə İddiaçı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınıb adına Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 13 saylı Şirvan Ərazi İdarəsinə həvalə edilməli, bununla da ərizə təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutub məhkəmə Qətetdi: Ərizə təmin edilsin. Şirvan şəhəri S.Vurğun küçəsi 26 saylı evin 3 nömrəli mənzilinə İddiaçı sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktı müəyyən (təsdiq) edilsin. Şirvan şəhəri S.Vurğun küçəsi 26 saylı evin 3 nömrəli mənzilin faktiki ölçülər üzrə İddiaçı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınıb adına Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 13 saylı Şirvan Ərazi İdarəsinə həvalə edilsin . Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar