Məhkəmə qərarları › İş №e-2(032)-623/2024

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(032)-623/2024

05.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2(032)-623/2024 05.07.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədli Aydan Zakir qızının sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi vəkil Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla bağlanmış beh müqaviləsinə əsasən Bakı şəhəri Binəqədi rayonu M.Cəlal küçəsi 143 A,100 nömrəli mənzilin alğı-satqısı üçün tərəfindən ödənilmiş behin iki misli, yəni 6000 manat məbləğində pulun, müqavilə xərci olaraq 300 manat məbləğində pulun və dövlət rüsumu üçün ödənilmiş 83 manat pulun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh ilə arasında ilkin razılaşmaya əsasən cavabdehin mülkiyyətində olan, Bakı şəhəri, Binəqədi rayonu Mir Cəlal küçəsi 143 A, 100 nömrəli mənzilin 108000 manat məbləğin qarşılığında iddiaçıya satılmağı nəzərdə tutulmuşdur. Bundan sonra tərəflər arasında vasitəçi olmuş “Real Əmlak” Daşınmaz Əmlak Agentliyində beh müqaviləsi ilə rəsmiləşdirilmiş və iddiaçı tərəfindən cavabdehə 3000 manat məbləğində beh verilmişdir. Beh müqaviləsinin birinci bəndinə əsasən beh alan Cavabdeh mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 1 ünvanında yerləşən və ümumi sahəsi 66.21 olan daşınmaz əmlakı 108000 manat qarşılığında beh verənə satmağa, beh verən isə həmin əmlakı almağı öhdəsinə götürür. Beh müqaviləsinin 2-ci bəndinə əsasən tərəflər arasında alğı-satqı müqaviləsi 10 may 2023-cü il tarixdən gec olmayaraq rəsmiləşməli idi. Alğı-satqı müqaviləsinin bağlanmasını təsdiq edən və icrasını təmin etmək məqsədi ilə beh verən beh alana Mülki Məcəlləsinin 491-492-ci maddələri əsasında 3000 manat məbləğində beh vermiş, beh alan həmin məbləği qəbul etmişdir. Beh müqaviləsinə əsasən beh verən bu razılaşmaya görə göstərilən tarixədək alğı-satqıdan imtina etsə və ya alğı-satqı müqaviləsi həmin tarixədək beh verənin təqsirindən rəsmiləşməsə, beh alan behi qaytarmır və beh onda qalır. Bu razılaşmanın 2-ci bəndinə əsasən isə beh alan alğı-satqıdan imtina etsə və ya alğı-satqı müqaviləsi həmin tarixədək beh alanın təqsirindən rəsmiləşməsə beh alan beh verənə behin iki mislini ödəməyi öhdəsinə götürür. Bundan sonra iddiaçı beh müqaviləsi üzrə alğısatqısını həyata keçirməli olan mənzilin yekun olaraq rəsmiləşdirməli olan cavabdeh, müqavilə üzrə öhdəliklərini yerinə yetirməkdən boyun qaçırmışdır. Cavabdehin mülkiyyətində olan mənzil müqavilədə göstərilən tarixədək rəsmiləşməli idi, cavabdeh hər dəfə evin sənədlərində müəyyən problemlər olduğunu bəhanə gətirərək vaxtı uzatmış və sonda cavabdeh əslində mənzili satmaq niyyətinin olmadığını iddiaçıya bildirmişdir. Əgər cavabdehin alğı-satqı etmək niyyəti yox idisə, ondan beh üçün aldığı məbləği geri qaytarmalı idi. Cavabdeh eyni zamanda behi qaytarmaqdan da boyun qaçırır. Tərəflər arasında bağlanmış beh müqaviləsinə əsasən müqavilənin icra edilməsi üçün beh almış tərəf məsuliyyət daşıyırsa o digər tərəfə behin iki mislini, yəni 6000 manat məbləği geri qaytarmalı idi. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddianı müdafiə etdi və izahat verərək bildirdi ki, cavabdehin mülkiyyətində olan ünvan 1 nömrəli mənzilin 108000 manat məbləğin qarşılığında iddiaçıya satılmağı nəzərdə tutulmuşdur. Bundan sonra - 2023-cü ilin mart ayında tərəflər arasında vasitəçi olmuş “Real” Əmlak Daşınmaz Əmlak Agentliyində beh müqaviləsi ilə rəsmiləşdirilmiş və iddiaçı tərəfindən cavabdehə 3000 manat məbləğində beh verilmişdir. Beh müqaviləsinin birinci bəndinə əsasən beh alan Cavabdeh mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 1 ünvanında yerləşən və ümumi sahəsi 66.21 olan daşınmaz əmlakı 108000 manat qarşılığında beh verənə satmağa, beh verən isə həmin əmlakı almağı öhdəsinə götürür. Beh müqaviləsinin 2-ci bəndinə əsasən tərəflər arasında alğı-satqı müqaviləsi 10 may 2023-cü il tarixdən gec olmayaraq rəsmiləşməli idi. Cavabdehin mülkiyyətində olan mənzil müqavilədə göstərilən tarixədək rəsmiləşməli idi, cavabdeh hər dəfə evin sənədlərində müəyyən problemlər olduğunu bəhanə gətirərək vaxtı uzatmış və sonda cavabdeh əslində mənzili satmaq niyyətinin olmadığını iddiaçıya bildirmişdir. İddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı etiraf etmədi və iddia tələbinə dair etiraz ərizəsi təqdim edərək bildirdi ki, 05 mart 2024-cü il tarixində Şirvan Şəhər Məhkəməsindən ona göndərilən məktubda İddiaçı ərizə ilə müraciət edərək ona qarşı pul tələbi ilə bağlı iddia qaldırması və cavabdeh şəxs olaraq tanınmağı barədə məlumat almışdır. 2023-cü ilin mart ayında Bakı şəhərində fəaliyyət göstərən “Real” Əmlak şirkətinə öz şəxsi evini satmaq üçün müraciət etmiş və həmin şirkət vasitəsi ilə İddiaçı evi almaq istəməsi barədə ona müraciət etmişdir. 17 mart 2023-cü il tarixində ”Real Əmlak” şirkətinin nümayəndəsi vasitəsi ilə mənzilin qiyməti 108000 manat dəyərində razılaşdırılmış, 10 may 2023-cü il tarixinədək tam ödəniş edilmək şərti ilə 3000 manat beh olaraq İddiaçı tərəfindən ona ödənilmiş və aralarında alğı-satqı ilə bağlı beh müqaviləsi bağlanılmışdır. Beh müqaviləsi bağladıqdan sonra İddiaçı bir neçə dəfə onunla əlaqə saxlamış, evin razılaşdırılmış qiymətinin baha olduğunu və 3000 - 5000 min manat dəyərində aşağı salınmasını istəmişdir. O, İddiaçılə razılaşdırılmış və müqavilə qiymətindən endirim etmək niyyətinin olmadığını dəfələrlə bildirdikdən sonra 08 may 2023-cü il tarixində ondan evi almaq istəmədiyini və behi geri qaytarmağını bildirmişdir. O sonradan məlumat almışdır ki, İddiaçı özü ev alğı-satqısı ilə məşğuldur və bir neçə dəfə hətta onun evini baha qiymətə satmaq üçün alıcılar da də gətirib. May ayının 10-da bağlanmış müqavilənin şərtlərini pozaraq evi almaqdan imtina edən İddiaçı ondan özü, qohumları və dostları vasitəsi ilə beh formasında ödədiyi 3000 manat məbləği tələb etməyə başlamışdır. Bir neçə ay sonra o, evini başqa bir şəxsə satmış və aralarında bağlanılmış müqavilənin şərtlərinə əməl etməməsinə baxmayaraq, onu uzun müddət pis vəziyyətdə qoyan İddiaçı 2000 manat vermişdir. Məhkəməyə təqdim etdiyi səs yazısından aydın şəkildə müəyyən etmək olur ki, o, İddiaçıa beh müqaviləsi üzrə aldığı puldan qaytarmışdır, eyni zamanda həmin beh müqaviləsi üzrə alınmış pulun 1000 manat məbləği vasitəçi “Real Əmlak” şirkətinə ödənilmiş, qalan 2000 manat puldan 1600 manat pulu Fuada verməsinə dair sübut olan səs yazısı vardır. 400 manatı verməsinə dair səs yazısı digər telefonda olduğundan həmin səs yazısını sübut kimi məhkəməyə təqdim edə bilmir. İddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş : Real Əmlak Daşınmaz Əmlak Agentliyində bir tərəfdən “beh verən” adlandırılacaq İddiaçı digər tərəfdən “beh alan” adlandırılacaq Cavabdeh arasında bağlanmış notariat qaydada təsdiq olunmamış və tarixi qeyd edilməyən beh haqqında razılaşmanın surətindən görünür ki, tərəflər ünvan 1 nömrəli mənzilin 108000 manat məbləğin qarşılığında iddiaçıya satılmasına razılaşmışlar. Beh haqqında razılaşmanın 1-ci bəndinə əsasən beh alan Cavabdeh mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 1 ünvanında yerləşən və ümumi sahəsi 66.21 olan daşınmaz əmlakı 108000 manat qarşılığında beh verənə satmağa, beh verən isə həmin əmlakı almağı öhdəsinə götürür. Beh haqqında razılaşmanın 2-ci bəndinə əsasən tərəflər arasında alğı-satqı müqaviləsi 10 may 2023-cü il tarixdən gec olmayaraq rəsmiləşməlidir. Alğı-satqı müqaviləsinin bağlanmasını təsdiq edən və icrasını təmin etmək məqsədi ilə beh verən beh alana Mülki Məcəlləsinin 491-492-ci maddələri əsasında 3000 manat məbləğində beh verir, beh alan həmin məbləği qəbul edir. Beh haqqında razılaşmanın 3-cü bəndinə əsasən beh verən bu razılaşmanın 2-ci bəndində göstərilən tarixədək alğı-satqıdan imtina etsə və ya alğı-satqı müqaviləsi həmin tarixədək beh verənin təqsirindən rəsmiləşməsə, beh alan behi qaytarmır və beh onda qalır. Beh haqqında razılaşmanın 4-cü bəndinə əsasən bu razılaşmanın 2-ci bəndinə əsasən isə beh alan alğı-satqıdan imtina etsə və ya alğı-satqı müqaviləsi həmin tarixədək beh alanın təqsirindən rəsmiləşməsə, beh alan beh verənə behin iki mislini ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin : 6.2-ci maddəsinə görə fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 329.2-ci maddəsinə görə əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 399.1-cu maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. 491-ci maddəsinin tələbinə görə beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir. Behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. Beh haqqında razılaşma daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı olduqda, notariat qaydasında təsdiq edilməlidir. Daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı beh haqqında razılaşmanın notariat qaydasında təsdiq edilməsi zamanı behi alana münasibətdə bu Məcəllənin 225.6-cı maddəsində nəzərdə tutulmuş qaydalar tətbiq edilir. Müqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olub-olmadığına şübhə yarandıqda, o cümlədən bu Məcəllənin 491.2-ci maddəsində müəyyənləşdirilmiş qaydaya riayət edilməməsi nəticəsində şübhə yarandıqda həmin məbləğ, əgər əksi sübuta yetirilməsə, avans kimi ödənilmiş sayılır. Məhkəmə yuxarıda qeyd edilənlərlə bağlı diqqətə çatdırır ki, mülki qanunvericiliyin tələblərinə görə Beh haqqında razılaşma daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı olduqda, notariat qaydasında təsdiq edilməlidir. İşin mübahisəsiz hallarına görə - 2023-cü ilin mart ayında tərəflər arasında “Real” Əmlak Daşınmaz Əmlak Agentliyində beh müqaviləsi rəsmiləşmiş və iddiaçı tərəfindən cavabdehə 3000 manat məbləğində beh verilmişdir. Beh müqaviləsinin birinci bəndinə əsasən beh alan Cavabdeh mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 1 ünvanında yerləşən və ümumi sahəsi 66.21 olan daşınmaz əmlakı 108000 manat qarşılığında beh verənə satmağa, beh verən isə həmin əmlakı almağı öhdəsinə götürür. Beh müqaviləsinin 2-ci bəndinə əsasən tərəflər arasında alğı-satqı müqaviləsi 10 may 2023-cü il tarixdən gec olmayaraq rəsmiləşməli idi. Lakin tərəflər arasındakı adıçəkilən razılaşma daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı olsa da, notariat qaydasında təsdiq edilməmişdir. Nəzərə alınmalıdır ki, MM-in 6.1.2-ci maddəsinin tələbinə əsasən mülki hüquq subyektlərinin iradə sərbəstliyi mülki qanunvericiliyin prinsiplərindəndir. Həmin prinsip mülki hüquq subyektlərinin müqavilələrin forması ilə bağlı iradə azadlığını da ehtiva edir. Mülki hüquq subyektləri bir qayda olaraq müqavilələri arzu etdikləri istənilən formada (şifahi, fiziki hərəkətlərlə, sadə yazılı, notarial qaydada təsdiqlənməklə) bağlaya bilərlər. Müqavilənin forması ilə bağlı tərəflərin iradə azadlığı mülki dövriyyənin inkişafı, mülki münasibətlərin dinamikliyinin təmin olunması baxımından çox əhəmiyyətlidir. Ancaq şəxsi və (və ya) ictimai mənafeyin təmin olunması baxımından zərurət olduqda bəzi müqavilələrin bağlanılması qanunvericilikdə məcburi forma şərtinə tabe tutulur. Məhkəmə qeyd edir ki, MM-in 324.1-324.3-cü maddələrinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir; Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər; Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə görə mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Qeyd edilməlidir ki, müqavilə tərəflər arasında öhdəliyini əmələ gəlməsi əsaslarındandır. Mülki hüquqi öhdəliklərin mühüm yaranma əsası kimi müqavilələr tərəflərin iradə sərbəstliyi ilə şərtləndirilir və tərəflərin iradə sərbəstliyi, müqavilə azadlığı müqavilə münasibətlərinin tənzimlənməsinin əsas prinsipləri olaraq qəbul edilir. Bağlanmış müqavilə üzrə tərəflər öz əmlak mənafeləri ilə yanaşı, həmçinin hüquq və vəzifələrini də müəyyən etməlidir. Müqavilə şərtləri həmişə mövcud qanunvericilikdə şərtləndirilmiş imperativ normalara uyğun olmalıdır. Belə ki, müqavilə anlayışı üç vacib elementdən ibarətdir ki, bunlara müqavilənin subyekt tərkibi, məzmunu və forması aiddir. Subyekt tərkibi müəyyən müqavilənin bağlanmasında və ya onun həyata keçirilməsində iştirak edən şəxsləri ehtiva edir. Müqavilədən yaranan qarşılıqlı hüquq və vəzifələrin daşıyıcıları olan şəxslər, yəni kreditor və borclu müqavilənin subyekt tərkibinə aiddir. Müqavilənin məzmunu dedikdə, müqavilə tərəflərinin hüquq və vəzifələri, onların barəsində razılıq əldə etdikləri şərtlərin məcmusu başa düşülür. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində qanunla müəyyən edilmiş formada razılıq əldə etdikləri təqdirdə müqavilə bağlanmış sayılır. Beləcə, qanunla müəyyən edilmiş məcburi formaya riayət edilməklə bağlanmış müqavilə üzrə kreditor müqavilənin digər tərəfindən, yəni həmin hərəkətləri etməyə borclu olan şəxsdən öhdəliyin icrasını tələb etmək hüququna malikdir. Beləcə, MM-də əqdlərin etibarsızlığı ilə əlaqədar göstərilmişdir ki, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir (MM-in 337.1, 337.4 və 337.5-ci maddələri). Diqqətə çatdırılmalıdır ki, istənilən iddia tələbi üzrə hüquqi qiymətləndirmə tələbin qanuni əsasının tapılmasından və işin faktiki hallarının həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia əsaslı, uzlaşmırsa həmin iddia tələbi əsassız hesab edilir. Bununla bağlı, qeyd edilməlidir ki, Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli qərarında vurğulamışdır ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir; Habelə, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq, məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. Beləcə, məhkəmələr tərəfindən müqavilə üzrə mübahisələrə baxılarkən ilk növbədə, iddia tələbinin əsaslandığı əqdin etibarlılığı araşdırılmalıdır. Belə ki, məhkəmənin gələcəyi nəticə məhz əqdin etibarlılığından asılıdır. Yuxarıda sadalanan normalara əsasən belə qənaətə gəlmək olar ki, tərəflər arasında 2023-cü ilin mart ayında bağlanmış Beh haqqında razılaşma daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı olduğu halda, notariat qaydasında təsdiq edilmədiyi üçün müqavilənin etibarlılıq şərtlərinə cavab vermir. Qanunun tələbinə görə isə əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Bu baxımdan, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehə ödənilmiş iddia tələbində qeyd edilən 3000 manat pul məbləği beh kimi qəbul edilməməlidir. Bununla yanaşı, məhkəmə iddiaçı tərəfdən təqdim edilmiş səs yazısı olan diskin sübut kimi qəbul edilib-edilməməsi məsələsini də araşdırmışdır. Belə ki, məhkəmə baxışında tərəflərin iştirakı ilə təqdim edilmiş səs yazısı tədqiq edilmiş və səsyazısı olan həmin diskdə evin satılmasının gecikdirilməsinin bilavasitə cavabdehin təqsiri ucbatından olması barədə hər hansı bir məlumat öz əksini tapmamışdır. Eyni zamanda məhkəmə cavabdeh tərəfindən də təqdim edilmiş səs yazısı olan diskin sübut kimi qəbul edilib-edilməməsi məsələsini də araşdırmışdır. Belə ki, cavabdeh tərəfindən təqdim edilmiş səs yazısı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər məhkəməyə təqdim olunmadığından sübut qismində məhkəmə tərəfindən qəbul olunmamışdır. Nəzərə alınmaldıır ki, MPM-in 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Habelə MPM-in 78.1-ci maddəsinin tələbinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən məhkəməyə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Buna baxmayaraq, məhkəmə baxışında tərəflərin iştirakı ilə cavabdeh tərəfindən iddiaçıya 1600 manat pul vəsaitini qaytarılması öz təsdiqini tapmış, iddiaçının nümayəndəsi tərəfindən də bu hal təsdiqlənmişdir. MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 106.3-cü maddəsinin tələbinə görə tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Məhkəmə diqqətə çatdırır ki, cavabdeh yuxarıda qeyd edilən evin alınması üçün iddiaçıdan 3000 manat məbləğində pul vəsaitini qəbul etdiyini etiraf etsə də, həmin razılaşma etibarlı sayıla bilməz və tərəflər arasındakı hazırkı münasibətlərə behə dair qaydalar tətbiq edilə bilməz. Bundan əlavə, cavabdeh iddiaya etirazını onunla əsaslandırmışdır ki, o iddiaçıya olan borcundan 2000 manat qaytarmış, 1000 manat beh müqaviləsi bağlanarkən vasitəçi şirkətə ödənilmişdir. Onun cavabdehə borcu qalmamışdır. Lakin məhkəmə baxışında tərəflərin iştirakı ilə cavabdeh tərəfindən iddiaçıya 1600 manat pulun qaytarılması öz əksini tapsa da, qalan 1400 manat pulun iddiaçıya qaytarılması barədə hər hansı sübut təqdim olunmamışdır. Halbuki, mülki prosessual qanunvericiliyin tələbinə görə hər bir tərəf öz tələb və etirazının əsaslarını sübut etməlidir. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, iddiaçının evin alınması üçün avans kimi ödəmiş olduğu 3000 manat puldan ona ödənilməmiş olan 1400 manat pul vəsaitinin cavabdehdə qalması onun əsassız varlanmasına səbəb olmuşdur. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin : 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya, əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə də şamil edilir. 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Qeyd edilən mülki qanunvericiliyin tələblərini nəzərə alan məhkəmə hesab edir ki, cavabdeh hər hansı bir qanuni və ya müqavilə əsası olmadan iddiaçının hesabına əmlak əldə edərək əsassız varlanmışdır. Bu səbəbdən iddia tələbi qismən təmin olunaraq, 1400 manat pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. MPM-in 76.1 və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin tələbinə görə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli qərarına görə mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır; Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. MPM-in 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.2-ci bəndinə əsasən məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə araşdırmaları zamanı iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə qismən sübuta yetirmişdir. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 1400 (bir min dörd yüz) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, MPM-in 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində məhkəmə xərclərinin bölüşdürülməsi də əks olunmalı olduğundan, bu məsələ də öz həllini tapmalıdır. MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İşə əlavə edilmiş sənədlərdən görünür ki, məhkəmə xərcləri ödənilmiş 83 (səksən üç) manat dövlət rüsumundan ibarətdir. İşə əlavə edilmiş qəbzdən görünür ki, 356 saylı müqavilə üzrə 318 manat Bakı şəhəri 20 saylı Vəkil Bürosuna ödənilmişdir. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, iddia qismən təmin edildiyindən məhkəmə xərclərininbir hissəsi cavabdehə aid edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Qətetdi İddia qismən təmin edilsin. Cavabdeh 1400 (min dörd yüz) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilsin. Cavabdeh hüquqi xidmətə görə 300 (üç yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 83 (səksən üç) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar