Məhkəmə qərarları › İş №e-2(032)-69/2024

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(032)-69/2024

01.03.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2(032)-69/2024 01.03.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi, Qarayev Qiyas Sarvan oğlunun katibliyi ilə, İddiaçı və nümayəndəsi-vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X6 və Cavabdeh3 qarşı yaşayış və istifadə sahəsindən istifadə hüquqlarına xitam verilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə İddiaçı iddia ərizəsi ilə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2, X6 və Cavabdeh3 xx.xx.2016-cı il tarixli, ********** qeydiyyat nömrəli çıxarış əsası ilə mülkiyyətində olan Şirvan şəhəri, Nəsimi küçəsində yerləşən 7 saylı fərdi yaşayış evinə istifadə və yaşayış hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, tələbini onunla əsaslandırmışdır ki, Şirvan şəhəri, Nəsimi küçəsi ev 7 ünvanında yerləşən fərdi yaşayış evi mərhum atası X2 miras qalmaqla mülkiyyət hüququ əsasında **********60-10301 daşınmaz əmlakın reyesrt nömrəli, ********** qeydiyyat nömrəsi ilə xx.xx.2016-cı il tarixdə tam pay olmaqla özünə məxsusdur. xx.xx.2017-ci il tarixdə ünvan üzrə tanımadığı şəxs Cavabdeh2 və bacısı Cavabdeh1 qeydiyyatda olmuşlar. Daha sonra məlum olmuşdur ki, ünvan üzrə Cavabdeh3 2021-ci il tarixdə Rusiya Federasiyasından Azərbaycan Respublikasına gəldikdə naməlum şəraitdə qeydiyyata düşmüşdür. Mərhum qardaşı X10 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Digər cavabdeh X16 Cavabdeh2 övladıdır. Bacısı Cavabdeh1 uzun illərdir ki, Türkiyə Cumhuriyyətində vətəndaşlıq almaqla yaşayır. Mülkiyyət üzrə ona məxsus fərdi yaşayış evində cavabdehlər yaşamamışlar. Cavabdehlər tamamilə başqa ünvanda yaşamalarına baxmayaraq özünə məxsus mənzildən pasport qeydiyyatında qalmışlar. Cavabdehlərin ona məxsus evdə pasport qeydiyyatında olması mülkiyyət hüququnu pozur. Belə ki, cavabdehlərin digər ünvanda yaşamasına baxmayaraq onların adına əlavə olaraq kommunal xərci ödəmək məcburiyyətindədir. Cavabdehlərin ona məxsus mənzildə pasport qeydiyyatında olması formal xarakter daşıyır. Bu günədək başqa daimi yaşayış ünvanı olmasına baxmayaraq həmin şəxs ona məxsus mənzilin pasport qeydiyyatındadır. Bu səbəbdən də mənzilin pasport qeydiyyatında olmasını istəmədiyi, lakin hal-hazırda pasport qeydiyyatında olan cavabdehlərin pasport qeydiyyatından çıxarılması ilə bağlı Şirvan şəhər Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Lakin Şirvan şəhər Polis Şöbəsindən ona ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda adı çəkilən şəxslərin qeydiyyatdan çıxarılması üçün yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikasının Qanunununda göstərilən əsaslar olmadığı və bu əsaslar olmadan onun qeydiyyatdan çıxarılmasının qanuna zidd olduğu göstərilməklə məhkəyəmə müraciət etməyi tövsiyə olunmuşdur. İddiaçı nümayəndəsi-vəkili Nümayəndə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək bildirmişdir ki, İddiaçı qardaşı X10 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Odur ki, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 xx.xx.2016-cı il tarixli, ********** qeydiyyat nömrəli çıxarış əsası ilə mülkiyyətində olan Şirvan şəhəri, Nəsimi küçəsində yerləşən 7 saylı fərdi yaşayış evinə istifadə və yaşayış hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 Türkiyə Respublikası, P.Sakariya, Hayretdin mahallesi, ev 89 ünvanından göndərdiyi ərizəyə əsasən o, ünvan 3ir istifadə və yaşayış hüququndan imtina etməsini bildirmişdir. Digər cavabdehlər isə Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri haqqında sonuncu məlum yaşayış yerləri üzrə lazımi qaydada bildirişlər göndərilsə də zərflər həmin ünvanda yaşamamaları səbəbindən geri qayıtmışdır. Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 147-ci maddəsinə əsasən cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünü idarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin çağırış vərəqəsini aldığını təsdiq edən qeyd yazılmış çağırış vərəqəsi məhkəməyə daxil olduqdan sonra işə baxılması mümkün hesab edir. Belə olan vəziyyətdə məhkəmə hesab edir ki, cavabdehlərin iştirakı olmadan işə baxılması mümkündür. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını hərtərəfli, obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, tələb əsaslı olduğundan, iddia qismən təmin olunmalıdır. Əsaslandırıcı hissə İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən: Şirvan şəhər Polis şöbəsinin 13 yanvar 2023-cü il tarixli, 3-13-111/2-B-956/2023 saylı məktubunda göstərilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən, şəxsiyyət vəsiqəsi xidməti aşağıdakı hallarda vətəndaşı yaşayış yeri üzrə qeydiyyatdan çıxarır: yaşayış yerini dəyişdikrə, yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq ərazi polis orqanının qeydiyyat və şəxsiyyət vəsiqəsi xidmətinin məlumatına əsasən, başqa ölkədə yaşayış yeri seçdikdə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin və Xarici İşlər Nazirliyinin məlumatına əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında şəxs yalnız ömürlük azadlıqdan məhrum edildikdə, öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə, məhkəmənin qanuni qüvvəyə inmiş qətnaməsi əsasında yaşayış sahəsindən çıxarıldıqda və ya ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə, digər hallarda vətəndaşın yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması qanuna ziddir. Azərbaycan Respublikası Şirvan şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli, 5-8-1/2-3/2024 nömrəli məktubunda göstərilmişdir ki, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Şirvan şəhəri, Nəsimi küçəsi ev 7 ünvanında yaşamırlar. X10 vəfat etmişdir. Göstərilən ünvanda X11 tək yaşayır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X9 Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evi üzərində xüsusi mülkiyyət hüququ üzrə X3 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2016-cı ildə, ********** nömrəsi ilə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X9 Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evi üzərində xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2016-cı ildə, ********** nömrəsi ilə qeydiyyata alınmışdır. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2023-cü il tarixdə Şirvan şəhərində ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 2023-cü ilin 01 ayının 10 günündə qeyd edilmişdir. Nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X4 X14 ilə bağlanmış nikahı xx.xx.2004-cü il tarixdə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 51 № ilə qeyd edilmişdir. Qeydiyyat Vəsiqəsindən görünür ki, Əli-Bayramlı şəhəri, Nəsimi küçəsində yerləşən ikimərtəbəli, 4 otaqlı, ümumi sahəsi 171,9 kv.m, yaşayış sahəsi 105 kv.m olan fərdi yaşayış evi X5 adına qeydiyyata alınmışdır. xx.xx.2016-cı il tarixli miras payının bağışlanması müqaviləsinin surətindən görünür ki, X12 və Cavabdeh1 Şirvan şəhər 1 saylı Notariat Kontoru tərəfindən xx.xx.2016-cı il tarixli, 2V-87 reyestrlə vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə və X1 şəhəri 1 saylı Notariat Kontoru tərəfindən xx.xx.2016-cı il tarixli, 2V-88 reyestrlə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən hər birinə düşən paylarını bacıları İddiaçı bağışlamışlar. xx.xx.2016-cı il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2004-cü ildə vəfat etmiş X5 vəsiyyətnamədə göstərilən əmlakının vərəsəsi ünvan 5 saylı evdə qeydiyyatda olanlar qızı İddiaçı 3/10 hissədə, qızı Cavabdeh1 3/10 hissədə və Şirvan şəhəri, L-NT İbrahimov küçəsi 14 saylı evin 4 saylı mənzildə qeydiyyatda qızı X7 3/10 hissədə irs almalıdırlar. Məhkəmə hazırki iş ilə bağlı tətbiq etdiyi hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinin müddəalarına görə, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz». Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq,ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə,o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər,ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər,həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə, şəxs məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Göründüyü kimi qanunun tələbinə görə şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında mümkündür. Məhkəmənin mövqeyi və əsaslandığı hallar: Məhkəmə hesab edir ki, İddiaçı mülkiyyətində olan Şirvan şəhəri, Nəsimi küçəsi, ev 7 nömrəli fərdi yaşayış evində bir mülkiyyətçi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam verməkdə sərbəst olduğundan, habelə həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməmək, özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb etmək hüququqları mübahisəsizdir. Hazırki halda cavabdehlərdən Cavabdeh1 iddianı qəbul edir və sözügedən ünvana dair istifadə və yaşayış hüququndan imtina etməsinə dair yazılı razılığının məhkəmə tətərindən qəbul edilən hesab etməklə hesab edir ki, bu hissədə iddianın təmin edilməsi mümkündür. O ki, qaldı iddiaçının digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 “istifadə hüquqlarına xitam verilməsi” tələbinə münasibətdə isə məhkəmə bu hissədə iddianı məqbul hesab etmir. Belə ki, məhkəmə onu qeyd etməyi zəruri bilir ki, iddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh3 ona məxsus mənzildə qeydiyyatda olmasına istinad edib, hesab etmişdir ki, cavabdehlərin ona məxsus olan evdə qeydiyyatda olmaları onların yaşayış sahəsindən istifadə hüququnun olmasına dəlalət edir. Halbuki «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır, yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi üçün zəruri şərait yaratmaqdır. Bu baxımdan məhkəmə şəxsin yaşayış yeri üzrə qeydiyyatda olmasının heç də onun yaşayış sahəsindən istifadə hüququnun olması mənasını kəsb etməməsini nəzərə alıb, yaşayış binasının tərkib hissəsindən «istifadə hüququ»nun və «istifadə etmək hüququnun» hüquqi əsaslarını yoxlamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair» 16 dekabr 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq,şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa,həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan «ailə üzvləri» anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq ,şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa,onda həmin şəxs Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Konstitusiya Məhkəməsi qərara almışdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləinin 30.1-ci maddəsinin ikinci cümləsinin «digər qohumlar» ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil,ailə qanunvericiliyin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar,mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa,mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Məhkəmə Konstitusiya Məhkəməsinin qərarında verilmiş şərhi nəzərə alıb, hesab edir ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qız ailə qanunvericiliyi əsasında hazırki iş üzrə sözügedən mənzilin mülkiyyətçisi olan iddiaçı ilə heç bir qohumluq münasibətlərində olmamışlar və onlar Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan «ailə üzvləri» anlayışının əhatə dairəsinə daxil deyildirlər. Belə olan halda isə cavabdehlərin Şirvan şəhəri, Nəsimi küçəsi ev 7 ünvanına münasibətdə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsinə əsasən həmin yaşayış sahəsindən istifadə etmək səlahiyyətləri də yoxdur. Azərbaycan Respublikası Mülki Məcəllənin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Beləliklə məhkəmə tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 nə Mülki Məcəllənin 228-ci maddəsi ilə nəzərdə tutulmuş istifadə hüququna, nə də ki Mənzil Məcəlləsinin 30.2-ci maddəsi ilə nəzərdə tutulmuş istifadə etmək hüququna malik olmamış, ona görə də mövcud olmayan hüquqa xitam verilməsi yolverilməzdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, işə baxılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət rüsumu üçün 100 manat məbləğində pul ödənilmişdir və belə olan halda da məhkəmə xərcləri qeyd olunan məbləğdəki dövlət rüsumundan ibarətdir. Məhkəmə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə qeyd olunanları nəzərə alıb və Azərbaycan Respublikasının MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq, Nəticə hissəsi QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 ünvan 6 ünvana dair istifadə və yaşayış hüquqlarına xitam verilsin. Qalan hissədə iddia təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səidə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar