Məhkəmə qərarları › İş №e-2(033)-1242/2025

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-1242/2025

18.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-1242/2025 18.11.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X4 Əli qızının katibliyi, İddiaçı nümayəndəsi X2, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “xidmət haqqının tutulması” tələbi barədə iddia ərizəsi üzrə işə 18 noyabr 2025-ci il tarixdə, Zaqatala şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddia tələbinin dəlilləri: İddiaçı Cavabdeh qarşı “xidmət haqqının tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 3000 (üç min) manat məbləğində xidmət haqqı və 50 (əlli) manat məbləğində dövlət rüsumunun əvəzinin Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə cavabdeh arasında bağlanmış 03 oktyabr 2024-cü il tarixli təlim xidməti müqaviləsinə əsasən İddiaçı MMC ona məxsus olan servis mərkəzində nəqliyyat vasitələrinin təmiri ilə bağlı biliklərə yiyələnməsi üçün cavabdehə müvafiq nəzəri və təcrübi dərslərin keçirilməsini təşkil etməyi, təlim başa çatdıqdan sonra imtahandan müvəffəqiyyətlə keçməyi bacaran təlim alanı şirkətin təyin etdiyi şöbə və vəzifəyə uyğun iş yeri ilə təmin etməyi və onunla əmək müqaviləsi bağlamağı öhdəsinə götürmüşdür. Cavabdeh isə İddiaçı MMC tərəfindən təşkiledilmiş təlimlərdə iştirak etməyi, təlim zamanı davamiyyətə və nizam-intizama əməl etməyi, keçirilən test imtahanlarında iştirak etməyi öhdəsinə götürmüşdür. Təlimin hər bir ayı üçün xidmət haqqının məbləği müqavilə ilə 1000 (bir min) manat olmaqla 3 (üç) ay üçün 3000 (üç min) manat məbləğində razılaşdırılmışdır. 03 oktyabr 2024-cü il tarixli təlim xidməti müqaviləsinin 2.2-ci maddəsinə əsasən tərəflər razılığa gəlmişdir ki, cavabdeh 5 il müddətində fasiləsiz olaraq əmək müqaviləsinə əsasən İddiaçı MMC-də işləyərsə müqavilə ilə nəzərdə tutulmuş 3000 (üç min) manat məbləğində xidmət haqqı ondan alınmayacaq. İddiaçı MMC müqavilə ilə üzərinə düşən bütün öhdəlikləri icra etmişdir. Lakin cavabdeh müqavilə üzrə öhdəliklərini pozmuşdur. Belə ki, cavabdeh 2025-ci ilin iyul ayının 11, 12, 16, 23, 24 və 30-da, avqust ayının isə 5-8 tarixlərində işə gəlməmiş və işə gəlməməsinin hansı üzrlü səbəbinin olduğunu təsdiq edən müvafiq sənədi İddiaçı MMC-yə təqdim etməmişdir. Cavabdehə bununla bağlı bir neçə dəfə xəbərdarlıq edilməsinə və onun barəsində hər hansı bir tədbirin görülməməsinə baxmayaraq cavabdeh öz qeyriqanuni hərəkətlərini davam etdirərək yenə də işə gəlməmiş və işə gəlməməsinin hansı üzrlü səbəbinin olduğunu təsdiq edən müvafiq sənədi İddiaçı MMC-yə təqdim etməmişdir. Beləliklə də cavadeh qəsdən biləbilə törətdiyi qeyri-qanuni hərəkətləri ilə İddiaçı MMC-ni onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası ƏM-nin 72-ci maddəsinin “a” bəndinə əsasən xitam verməyə məcbur etmişdir. İddiaçı MMC isə müəssisə daxili nizam-intizamı qorumaq üçün cavabdehlə bağladığı əmək müqaviləsinə xitam vermək məcburiyyətində qalmışdır. Lakin buna baxmayaraq cavabdeh tərəflər arasında bağlanmış 03 oktyabr 2025-ci il tarixli təlim xidməti müqaviləsinə əsasən İddiaçı MMC tərəfindən göstərilmiş təlim xidmətinin dəyərini ödəməkdən imtina etmişdir. Bununla da cavabdeh 03 oktyabr 2025-ci il tarixli təlim xidməti müqaviləsi üzrə götürdükləri öhdəliklərini pozmuşdur. Hesab edirlər ki, qeyd edilən hərəkətləri ilə cavabdeh 03 oktyabr 2024-cü il tarixli təlim xidməti müqaviləsi üzrə götürdüyü öhdəliklərini və İddiaçı MMC-nin hüquqlarını pozmuşdur. Yuxarıda qeyd olunanlara əsasən hesab edirlər ki, 3000 (üç min) manat məbləğində xidmət haqqı və 50 (əlli) manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq İddiaçı MMC-yə ödənilməlidir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı nümayəndəsi X5 iddia ərizəsinin məzmunun uyğun izahat verərək, tələbin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Əlavə olaraq cavabdeh tərəfindən təqdim edilmiş işdən çıxma vərəqinə münasibətdə bildirmişdir ki, həmin vərəq hər bir işçi işdən çıxan zaman ona təhvil verilmiş inventarla bağlı dövriyə sənədidir, yəni işçiyə təhvil verilmiş həmin inventarın qaytarılıb-qaytarılmamasını, onlara zərər vurulub-vurulmamasını əks etdirir. Həmçinin qeyd edir ki, əmək müqaviləsi onların təşəbbüsü ilə pozulmamışdır. Əksinə cavabdeh özü öz hərəkətləri ilə müqavilənin pozulmasına şərait yaratmış, işə üzrlü və ya üzrsüz səbəbdən gəlməmiş, Cəmiyyət bu hallara əsasən əmək müqaviləsinə xitam vermək məcburiyyətində qalmışdır. Cavabdeh validenlərinin xəstə olduğunu bildirsə də, bu halla bağlı onlara hər hansı sənəd təqdim etməmişdir. Eyni zamanda onlar heç kəsi məcbur edərək bu müqaviləni bağlatmamışlar, cavabdeh könüllü şəkildə müqavilə bağlayaraq təlimlərə qoşulmuşdur. Hazırkı mübahisə isə əmək münasibətlərindən irəli gəlmir, sırf mülki mübahisədir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək bildirmişdir ki, İddiaçı tərəfindən təlimlər təşkil edilmiş, müəllimlər dərs keçmişdirlər, lakin bu təlimlərdən sonra ona hər hansı sertifikat verilməmişdir. Həmçinin onu 72-ci maddənin c bəndi ilə işdən azad etdiklərindən hazırda heç bir müəssisədə iş tapa bilmir. Həmçinin təqdim etdiyi işdən çıxma vərəqindən də görünür ki, o işdən çıxarkən ödəməli olduğu heç bir məbləğ olmamış, rəhbər vəzifəli şəxslər öz imzaları ilə bu halı təsdiq etmişdirlər. Hazırda isə 3000 manatın ondan istənməsi absurdur. Həmçinin onun əmək hüququları Cəmiyyət tərəfindən pozulmuşdur. Belə ki, o, iş yükü ağır olduğundan həftənin altı günü 40 saatdan çox işləmişdir. İstirahət günü isə sadəcə bazar günü olmuşdur. Daha sonra 550 manat maaş alsa da, əlavə istirahət günü verilməmişdir. Bu hallarla bağlı Əmək Müfəttişliyinə də müraciət etmişdir. Müfəttişlik müvafiq qərar verdikdən sonra iş baxılmasını istəyir. İş materiallarına əlavə edilmiş sənədlər X1 şəxsində İddiaçı ilə Cavabdeh arasında bağlanmış 03 oktyabr 2024-cü il tarixli təlim xidməti müqaviləsinin 1.1-ci bəndindən görünür ki, hazırkı müqaviləyə əsasən “Şirkət” servis mərkəzində müxtəlif bölmələrin idarə edilməsi, nəqliyyat vasitələrinin texniki və konstruksiya xüsusiyyətləri, nəqliyyat vasitələrinin təmiri və nəqliyyat vasitəsinin idarə edilməsi ilə bağlı zəruri olan nəzəri və təcrübi biliklərə yiyələnməsi üçün müvafiq mütəxəssislər vasitəsi ilə “Təlim alan”a zəruri nəzəri və təcrübi təlimlərin (bundan sonra təlim) keçilməsini təşkil etməyi, təlim başa çatdıqdan sonra imtahandan müvəffəqiyyətlə keçməyi bacaran “Təlim alan”ı “Şirkət”in təyin etdiyi şöbə və vəzifəyə uyğun iş yeri ilə təmin etməyi və onunla əmək müqaviləsi bağlamağı öhdəsinə götürür. Təlim “Şirkət”ə məxsus olan servis mərkəzində təşkil və icra ediləcəkdir. Həmin müqavilənin 1.2-ci bəndindən görünür ki, hazırkı müqaviləyə əsasən “Təlim alan” “Şirkət” tərəfindən təşkil edilmiş təlimlərdə iştirak etməyi, təlim zamanı davamiyyətə və nizam-intizama əməl etməyi, təlim bitdikdən sonra verdiyi imtahanın nəticəsinə uyğun olaraq “Şirkət” tərəfindən müəyyən ediləcək şöbə və vəzifədə işləmək üçün “Şirkət” ilə əmək müqaviləsi bağlayaraq “Şirkət”in servis mərkəzində işləməyi öhdəsinə götürür. Həmin müqavilənin 1.3-cü bəndindən görünür ki, hazırkı müqaviləyə əsasən “Şirkət” tərəfindən “Təlim alan”a keçiləcək təlimin müddəti 3 (üç) aydır. Həmin müqavilənin 1.4-cü bəndindən görünür ki, hazırkı müqaviləyə əsasən “Şirkət” təlim başladığı andan “Təlim alan”la əmək müqaviləsi bağlayaraq ilkin, olaraq onu operator vəzifəsinə işə götürməyi və onunla əmək müqaviləsi bağlamağı öhdəsinə götürür. Həmin müqavilənin 1.5-ci bəndindən görünür ki, “Təlim alan”ın təyin ediləcəyi şöbə və vəzifə onun təcrübi bilikləri və qabiliyyətinə əsasən “Şirkət” tərəfindən müəyyən ediləcəkdir. Həmin müqavilənin 2.1-ci bəndindən görünür ki, “Şirkət” tərəfindən keçiriləcək təlimin hər bir ayı 1000 (bir min) manat olmaqla, ümumilikdə 3000 (üç min) manatdır. Həmin müqavilənin 2.2-ci bəndindən görünür ki, tərəflər qarşılıqlı surətdə razılığa gəlirlər ki, “Təlim alan” 5 beş il müddətində fasiləsiz olaraq əmək müqaviləsinə əsasən “Şirkət”də işləyərsə, 3000 (üç min) manat məbləğində xidmət haqqı ondan alınmayacaq. Həmin müqavilənin 2.3-cü bəndindən görünür ki, “Təlim alan”la hər hansı bir səbəbdən “Şirkət”lə bağlanmış əmək müqaviləsinə xitam verilərsə, 3000 (üç min) manat məbləğində xidmət haqqını “Şirkət”ə ödəməlidir. Həmin müqavilənin 3.1-ci bəndindən görünür ki, tərəflər bu müqavilə üzrə öhdəliklərini icra etməməyə və ya lazımınca icra etməməyə görə tam həcmdə məsuliyyət daşıyırlar. Həmin müqavilənin 4.1ci bəndindən görünür ki, hazırkı müqavilə xx.xx.2024-cü il tarixdən qüvvəyə minir və tərəflərin hazırkı müqavilə üzrə öz öhdəliklərini tam və lazımi şəkildə icra edənə qədər qüvvədədir. İddiaçı ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixdə bağlanmış əmək müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh operator vəzifəsinə iş qəbul etmişdir. Müqavilə 6 ay müddətinə bağlanmışdır. İddiaçı xx.xx.2025-ci il tarixli, 76/25/İM saylı əmrinin surətindən görünür ki, operator Cavabdeh 08 avqust 2025-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72ci maddəsinin “a” bəndinə əsasən işdən azad edilmişdir. Cavabdeh ünvanlanmış 05 avqust 2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, İddiaçı MMC xəbərdarlığı aldığı gündən 7 (yeddi) gün müddətində borclu olduğu 3000 (üç min) manat məbləğində xidmət haqqını könüllü olaraq ödəməyi Cavabdeh təklif etmiş, əks təqdirdə 03 oktyabr 2024-cü il tarixli təlim xidməti haqqında müqavilə üzrə öhdəlikləri pozduğu üçün İddiaçı MMC pozulmuş hüquqlarını qorumaq üçün Zaqatala rayon məhkəməsinə müraciət edəcəkdir. xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün Zaqatala Rayon Məhkəməsinin hesabına 50.60 (əlli manat altmış qəpik) dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 107-ci maddəsində müəyyən edilmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Belə ki, mülki qanunvericiliyə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, Mülki Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Beləliklə iş materiallarından müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh arasında 03 oktyabr 2024-cü il tarixli təlim xidməti müqaviləsi bağlanmışdır. Qeyd olunan müqaviləyə əsasən, İddiaçı ona məxsus olan servis mərkəzində müxtəlif bölmələrin idarə edilməsi, nəqliyyat vasitələrinin texniki və konstruksiya xüsusiyyətləri, nəqliyyat vasitələrinin təmiri və nəqliyyat vasitəsinin idarə edilməsi ilə bağlı zəruri olan nəzəri və təcrübi biliklərə yiyələnməsi üçün müvafiq mütəxəssislər vasitəsi ilə “Təlim alan”a zəruri nəzəri və təcrübi təlimlərin keçilməsini təşkil etməyi, təlim başa çatdıqdan sonra imtahandan müvəffəqiyyətlə keçməyi bacaran “Təlim alan”ı “Şirkət”in təyin etdiyi şöbə və vəzifəyə uyğun iş yeri ilə təmin etməyi və onunla əmək müqaviləsi bağlamağı öhdəsinə götürmüş, Cavabdeh isə İddiaçı tərəfindən təşkil edilmiş təlimlərdə iştirak etməyi, təlim zamanı davamiyyətə və nizam-intizama əməl etməyi, təlim bitdikdən sonra verdiyi imtahanın nəticəsinə uyğun olaraq “Şirkət” tərəfindən müəyyən ediləcək şöbə və vəzifədə işləmək üçün “Şirkət ilə əmək müqaviləsi bağlayaraq “Şirkət”in servis mərkəzində işləməyi öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən İddiaçı tərəfindən təşkil edilmiş təlimin müddəti üç aydır və keçiriləcək təlimin hər bir ayı 1000 manat olmaqla, ümumilikdə 3000 (üç min) manat dəyərindədir. Həmçinin tərəflərin razılığına əsasən “Təlim alan” 5 beş il müddətində fasiləsiz olaraq əmək müqaviləsinə əsasən “Şirkət”də işləyərsə, 3000 (üç min) manat məbləğində xidmət haqqı ondan alınmayacaqdır. İşin müəyyən еdilmiş faktiki hallarından görünür ki, “Təlim alan” Cavabdeh İddiaçı tərəfindən təşkil edilmiş 3 (üç) aylıq təlimdə iştirak etmiş, təlimin yekununda verdiyi imtahanın nəticəsinə uyğun olaraq İddiaçı tərəfində müəyyən edilmiş şöbə və vəzifədə işə başlamış, lakin daha sonra tərəflər arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2025-ci il tarixdə xitam verilmişdir. İddiaçı “İdeal Motors» Məhdud Məsuliyyətli Cəmiyyəti 03 oktyabr 2024-cü il tarixli təlim xidməti müqaviləsinin tələblərini, eləcədə müqavilə üzrə götürdüyü öhdəliklərin cavabdeh tərəfindən pozulmasını əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, cavabdeh isə onun əmək hüquqlarının pozulması baxımından iddia tələbini qəbul etməmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tələbində haqlıdır. Belə ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış təlim xidməti haqqında 03 oktyabr 2024-cü il tarixli müqaviləyə əsasən müəyyən olunur ki, İddiaçı ona məxsus olan servis mərkəzində hər bir ayı 1000 (bir min) manat dəyərində olan 3 (üç) aylıq təlim təşkil etməyi, cavabdeh isə həmin təlimlərdə iştirak etməyi, təlim bitdikdən sonra verdiyi imtahanın nəticəsinə uyğun olaraq İddiaçı müəyyən etdiyi şöbədə və vəzifədə işləməyi, 5 (beş) il müddətinə fasiləsiz olaraq Cəmiyyətdə işlədiyi halda 3000 (üç min) manat dəyərində xidmət haqqını ödəməkdən azad olunmağı, əks halda həmin məbləği Cəmiyyətə ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı müqavilə üzrə götürdüyü öhdəlikləri yerinə yetirmiş, Cavabdeh müqavilə şərtinə uyğun 3 (üç) aylıq təlimdə iştirak etmiş, eləcə də müddətli əmək müqaviləsi bağlanılaraq işə qəbul edilmişdir. Daha sonra müəyyən edilmiş 5 (beş) il müddət tamam olmadan tərəflər arasında əmək müqaviləsinə xx.xx.2025-ci il tarixdə xitam verilmişdir. Qeyd edilən müqavilədə yaranmış bu halla bağlı tərəflərin hüquq və vəzifələri, məsuliyyəti təsbit edilmiş, tərəflər iradə ifadələrini nümayiş etdirilmişlər. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, Cavabdeh 3000 (üç min) manat məbləğində xidmət haqqı tutularaq İddiaçınə ödənilməlidir. Həmçinin məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən, ödənilmiş 50 (əlli) manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 3000 (üç min) manat məbləğində xidmət haqqı və 50 (əlli) manat məbləğində dövlət rüsumu alınaraq İddiaçınə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar