Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-128/2025 08.05.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Cəlilova Nuridə Əli qızının katibliyi , Cavabdeh3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “qanunsuz tikilinin sökülməsi və torpaq sahəsindən çıxarılma (boşaldılma)” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi İddia tələbi və dəlilləri: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “qanunsuz tikilinin sökülməsi və torpaq sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 onun mülkiyyətində olan Zaqatala rayonu, Səməd Vurğun küçəsində yerləşən 0,0466 ha torpaq sahəsindən əmlakları ilə birlikdə çıxarılması (boşaldılması) və həmin torpaq sahəsi üzərində tikilmiş qanunsuz tikilinin cavabdehlərin hesabına sökülməsi, həmçinin iddia ərizəsinin verilməsi üçün tərəfindən dövlət rüsumu kimi ödənilmiş 100 (yüz) manat pulun cavabdehlərdən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun mülkiyyətində Zaqatala rayonu, S.Vurğun küçəsində yerləşən ümumi sahəsi 0.0466 ha olan torpaq sahəsi vardır. Qeyd olunan əmlak üzərində onun mülkiyyət hüququ xx.xx.2024-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq ********** nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”la rəsmiləşdirilmişdir. Lakin buna baxmayaraq cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 hal-hazıradək onun mülkiyyətində olan Zaqatala rayonu, S.Vurğun küçəsində yerləşən 0,0466 ha torpaq sahəsindən çıxmamaqdadırlar. Bundan əlavə onlar ona məxsus torpaq sahəsi üzərində qanunsuz tikili tikdirmişdir. Nəticədə, onun cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 qarşı mülkiyyətində olan Zaqatala rayonu, S.Vurğun küçəsində yerləşən 0,0466 ha torpaq sahəsindən çıxarılma və həmin torpaq sahəsi üzərində tikilmiş qanunsuz tikilinin cavabdehin öz hesabına sökülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Belə ki, hal-hazırda cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 onun mülkiyyətində olan Zaqatala rayonu, S.Vurğun küçəsində yerləşən 0,0466 ha torpaq sahəsindən çıxmayaraq faktiki olaraq onun mülkiyyət hüququnu pozmaqda davam edirlər. Cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 onun mülkiyyətində olan Zaqatala rayonu, S.Vurğun küçəsində yerləşən 0,0466 ha torpaq sahəsinə daxil olmasının qarşısını almaqla bərabər orada qanunsuz olaraq çörəkbirişmə sexini işlətməkdədirlər. Cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qanunsuz hərəkətləri nəticəsində onun Azərbaycan Repsublikasının Konstitusiyasının 13 və 29-cu maddələri ilə qorunan mülkiyyət hüququ kobud şəkildə pozulmuşdur ki, nəticədə o hazırki tələblə aidiyyatı üzrə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı etiraz daxil olmamışdır. Tərəflərin izahatı İddiaçı məhkəməyə ərizə ünvanlayaraq işə iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh3 iddia tələbini qəbul etməyərək bildirdi ki, onu mübahisəli torpaq sahəsindən əmlakı ilə bilrikdə çıxarılmasını istəyirlər. Onu aldadıb sənədə imza etdirmişlər. Belə ki, onu Asan xidmət mərkəzinə aparıb başqa sənədlərlə bilrikdə həmin sənədə imza çəkdirmişlər. Mübahisəli torpaq sahəsinin iddiaçının adına necə rəsmiləşdirilməsini bilmir. İddiaçını heç tanımır və bir dəfə də olsun onu görməmişdir. Obyekt və 10 sot torpaq sahəsi Qəmər adlı şəxsə məxsus olmuşdur. Lakin iddiaçının mülkiyyətində olan Zaqatala rayonu, S.Vurğun küçəsində yerləşən 0,0466 ha torpaq sahəsindəki çörəkbişirmə sexi ona məxsus olmuşdur. Həmin sexi o, uzun müddət əvvəl öz vəsaiti hesabına tikdirmişdir. Torpaq satılarkən ona söz vermişdirlər ki, çörəkbişirmə sexinin yerləşdiyi torpaq sahəsini onun adına keçirəcəklər. Çörəkbişirmə sexi əvvəlcədən mövcud olmuş, orada qaz sayğacı da quraşdırılmış və o, hər ay ödənişlər etmişdir. Qaz sayğacı onun obyektinə 2017-ci ildə quraşdırılmışdır. Makler tərəfindən mübahisəli torpaq sahəsi iddiaçının adına rəsmiləşdirilmişdir ki, o torpaq sahəsi ilə heç bir şey edə bilməsin. Məhkəmə gedişatında makler onunla danışıq aparmış və həmin sahənin onun adına rəsmiləşdirilməsinə söz vermişdir. Tikilinin çıxarışı yoxdur. Tikilinin ölçüləri 12 metrin 20 metrədir və onun sahəsi 200 kv.m olar. Mübahisəli torpaq sahəsində ferma olmuşdur və o 2006-cı illərdə orada toyuq saxlamışdır. İddianın rədd edilməsi barədə qətnamə çıarılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü olması barədə heç bir sənəd təqdim etməmişlər. Məhkəmə işə həmin cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Yazılı sübutlar Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 23 sentyabr 2024-cü il olan Çıxarışın surətindən görünür ki, Zaqatala şəhəru Səməd Vurğun küçəsində yerləşən 0,0466 ha yaşayış məntəqələrinin təyinatlı torpaq sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 465 nömrəli reyestr kitabının 86 nömrəli vərəqində qeydiyyata alınmışdır. “Azəriqaz” İB Zaqatala Regional qaz İstismarı İdarəsinin 30 aprel 2025-ci il tarixli arayışından görünür ki, Zaqatala şəhəri F.Əmirov küçəsində yerləşən qeyri-yaşayış sahəsinin sahibi Cavabdeh3 məxsus müəssisə Zaqatala xidməti sahəsi üzrə qeyri-əhali sektorunda **********00069 saylı kod altında 11 iyul 2017-ci il tarixdən qeydiyyatdadır. 29 aprel 2025-ci il tarixli 850414ŞBN:44531104 saylı abonent kartından görünür ki, Cavabdeh3 yaşadığı Zaqatala rayonu Qazangül qəsəbəsində yerləşən 35 saylı evdə 14 iyul 2021-ci il tarixdə SMART CSS markalı 241406 nömrəli su sayğacı quraşdırılmış və 20 may 2021-ci il tarixdə müqavilə bağlanmışdır. Onun 2025-ci il üzrə 518 manat borcu yaranmışdır. 24 sentyabr 2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ–subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi 84-cü maddəsinin 1-ci hissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 84-cü maddəsinin 3-cü hissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 9.1-ci maddəsinə əsasən, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Məhkəmənin mövqeyi: Məhkəmə cavabdehin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb, işin məhkəmə baxışı zamanı toplanmış sübutları qiymətləndirib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Müəyyən edilmiş mübahisəsiz hallar ondan ibarətdir ki, Zaqatala şəhəri Səməd Vurğun küçəsində yerləşən 0,0466 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi xx.xx.2024-cü il tarixdən tam mülkiyyət hüququ üzrə iddiaçıya məxsusdur. Torpaq sahəsinin bir hissəsi tikinti altında, digər hissəsi isə tikintidən kənarda yerləşir. İddiaçı tələbini xüsusi mülkiyyətində olan torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt edilməsi və həmin torpaq sahəsində qanunsuz tikili tikdirərək çörəkbişirmə sexi kimi istifadə etmələri, cavabdehlərin xüsusi mülkiyyətində olan torpaq sahəsindən sahiblik və istifadəsinə maneələr yaratmaları ilə əsaslandırsa da, yanaşı yoxlanılmış sübutlarla müəyyən edilmişdir ki, sökülməsi tələb olunan tikili mübahisəli torpaq sahəsinin bir hissəsində yerləşir və iddiaçının həmin torpaq sahəsini əldə etməsindən əvvəl mövcuddur və cavabdehlər həmin tikilidən çörəkbirişmə sexi olaraq istifadə edirlər. İddiaçı torpaq sahəsini cavabdehlərin çörəkbişirmə sexindən istifadələrinə hər hansı etiraz etmədən, cavabdehlərin tikilidəki fəaliyyətinə son qoyulmasını, tikilidən çıxarılmalarını tələb etmədən mövcud vəziyyətdə əldə etmişdir. Məhkəmə onu qeyd etməyi zəruri sayır ki, iş üzrə sübutlarla cavabdehlərin sonradan mülkiyyətçi hüquqları iddiaçıya keçmiş 0,0466 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsini özbaşına zəbt etmələrini və ya əvvəlki mülkiyyətçinin razılığı ilə istifadə etmələrini müəyyən etmək mümkün olmasa da, iddiaçının öz əmlakına başqa şəxslərin sahibliyinə yol verməmək, özünə məxsus olan torpaq sahəsindən sərbəst, maneəsiz istifadə və sahiblik etmək hüquqları olduğundan, iddia tələbi cavabdehlərin iddiaçıya məxsus olan torpaq sahəsinin tikinti altında olmayan hissəsindən əmlakları ilə birlikdə çıxarılmalarına dair hissədə təmin edilməlidir. Bununla yanaşı iddiaçı tələbinin tikilinin sökülməsinə dair hissəsini onun mövcudluğunun mülkiyyət hüquqlarını pozması ilə əsaslandırsa da, o, torpaq sahəsinə mülkiyyət hüququnu əldə edərkən tikilinin mövcudluğundan xəbərdar olmaqla mülkiyyət hüququnun pozulmasından da məlumatlı olmuşdur. Lakin torpaq sahəsini yüklü olduğunu bilərək etiraz etmədən qəbul etmişdir. İnşaatına pul vəsaiti xərclənən və qazanc əldə etmək məqsədi ilə istifadə edilən tikinti cavabdehlər üçün iqtisadi dəyərə malikdir. Bundan başqa, hazırda cavabdehlər həmin tikilidən çörəkbirişmə sexi olaraq istifadə etsələr də, iddiaçı onların tikilidən çıxarılmalarını tələb etmir. Cavabdehlər oradan çıxarılmadan isə tikilinin sökülməsi mümkün deyil. Belə olan halda, onlar üçün iqtisadi dəyərə malik tikinti cavabdehlər oradan çıxarılmadan və onlara kompensasiya ödənilmədən sökülə bilməz. Odur ki, iddia tələbi cavabdehlərin torpaq sahəsinin tikinti altında olan hissəsindən çıxarılmalarına, torpaq sahəsi üzərində tikilmiş qanunsuz tikilinin cavabdehlərin hesabına sökülməsinə dair hissədə rədd edilməlidir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun 50 manatı cavabdehlərdən birgə qaydada alınaraq iddiaçıya ödənilməli, 50 manat isə iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi İddia qismən təmin edilsin. Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 23 sentyabr 2024-cü il olan Çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətində olan Zaqatala şəhəri Səməd Vurğun küçəsində yerləşən 0,0466 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin tikinti altında olmayan hissəsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 əmlakları ilə birlikdə çıxarılsınlar. İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun 50 (əlli) manat cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 birgə qaydada tutularaq iddiaçıya ödənilsin, qalan 50 (əlli) manat iddiaçının özünə aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №e-2(033)-128/2025
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-128/2025
08.05.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver