Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-147/2025 06.02.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Bayramova Aytac Elşad qızının katibliyi, İddiaçı Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər X3, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “ümumi birgə mülkiyyətdə olan torpaq sahəsi üzərində payların müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi və dəlilləri: İddiaçı cavabdehlər X3, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “ümumi birgə mülkiyyətdə olan torpaq sahəsi üzərində payların müəyyən edilməsi” tələbi ilə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2024 qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarışda qeyd edilmiş 1,8023 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində hər birinin payının bərabər olması, yəni hər birinizin payının 1/7 hissə olmasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Zaqatala rayonu Aşağı Tala kəndində onun və cavabdehlərin ümumi birgə mülkiyyətində torpaq sahəsi vardır. Həmin torpaq sahəsinə Reyestr Xidmətindən Çıxarış da verilmişdir. Çıxarışda adları qeyd olunmuş X5 və X2 ölmüşdür. Cavabdehlər isə onların vərəsələridir. Onun Cavabdeh2 Əlisoltan oğlu ilə nikahları məhkəmə qaydasında pozulmuşdur və onlar ayrı yaşayırıq. Lakin ümumi birgə mülkiyyətdə olan torpaq sahəsindən cavabdehlər istifadə edirlər. Ona düşən hissədən də istifadə edirlər. Torpaq sahəsi üzərində paylar məlum olmadığından o hazırki iddia ilə məhkəməyə müraciət etməli olmuşdur. Məqsədi torpaq üzərində payları müəyyən etdirdikdən sonra naturada böldürməkdir. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, o, Cavabdeh2 ilə ailəli olduqları müddət ərizində mübahisəli torpaq sahəsinə əziyyət çəkmişdir. Hazırda cavabdeh torpaq sahəsindən əkdikləri fındıq ağaclarından onu məhsul yığmağa qoymur. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh2 məhkəmə iclasında iddia tələbini qəbul edərək bildirdi ki, o, ümumi birgə mülkiyyətdə olan torpaq sahəsindən iddiaçıya düşən payın müəyyən edilməsinə etiraz etmir. Həmin torpaq sahəsindən adam başına 33 sot torpaq sahəsi düşür. O, həmin torpaq sahəsində çox əziyyət çəkmişdir. İddiaçıya ayrılacaq torpaq sahəsində əkilmiş fındıq topaların çıxarılaraq ona verilməsinə razıdır. O, iddiaçıya boş torpaq sahəsi verəcəkdir. Belə ki, əkikmiş fındıq topalarında iddiaçının heç bir zəhməti olmamışdır. Göstərilənlərin nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər X3, Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin üzrlü olması barədə məhkəməyə heç bir sənəd təqdim etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Yazılı sübutlar İş materiallarına əlavə edilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş qeydiyyat tarixi xx.xx.2024-cü il, qeydiyyat nömrəsi ********** olan Çıxarışın və Torpaq sahəsinin plan və ölçüsü sənədinin surətindən görünür ki, Zaqatala rayonunun Aşağı Tala kəndində yerləşən 1,8023 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ üzrə İddiaçı, X2, X5, X4, Cavabdeh1, Cavabdeh2 Əlisoltan oğlu və Cavabdeh3 adına daşınmaz əmlakın dövlət reyestrində 462 nömrəli reyestr kitabının 56 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Zaqatala rayon məhkəməsinin 11 oktyabr 2023-cü il tarixli 2(033)-893/2023 saylı qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh2 arasında Zaqatala rayonu Aşağı Tala kənd İcra Nümayəndəliyində bağlanmış 02 iyul 1996-cı il tarixli 5 nömrəli nikahın pozulması qət edilmişdir. İş materiallarına əlavə edilmiş Zaqatala rayonu qeydiyyat Şöbəsi tərəfindən verilmiş ölüm haqqında arayışdan görünür ki, X5 20 noyabr 2011-ci ildə ölmüşdür. İş materiallarına əlavə edilmiş Zaqatala RİHB-ın Aşağı Tala kənd icra nümayəndəliyi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X2 28 avqust 1997-ci ildə ölmüşdür. İş materiallarına əlavə edilmiş 09 oktyabr 2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.5-ci maddəsinə əsasən birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. 223.3-cü maddəsinə əsasən ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 89-cu maddəsinə əsasən yazılı sübutlar – iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsində isə deyilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi Məhkəmə məhkəmə iclasında tədqiq edilmiş, sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, müəyyən edilmiş hallar ondan ibarətdir ki, Zaqatala rayonunun Aşağı Tala kəndində yerləşən 1,8023 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı, X2, X5, X4, Cavabdeh1, Cavabdeh2 Əlisoltan oğlu və Cavabdeh3 ümumi birgə mülkiyyətindədir. Tərəflər arasında torpaq sahəsinə paylı mülkiyyətin müəyyənləşdirilməsi barədə razılaşma yoxdur. Məhkəmə iddia tələbi üzrə belə nəticəyə gəlir ki, birgə mülkiyyətçilər arasında paylı mülkiyyətin və onun həcminin müəyyənləşdirilməsi barədə razılaşma əldə edilmədiyindən Zaqatala rayonunun Aşağı Tala kəndində yerləşən 1,8023 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində birgə mülkiyyətçilərin paylı mülkiyyəti müəyyənləşdirilməli və hər bir mülkiyyətçinin payı torpaq sahəsinin 1/7 hissəsi olaraq müəyyən edilməlidir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu tələb olunmadığından həmin rüsum xərci onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia təmin edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş xx.xx.2024-cü il tarixdə verilmiş qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********93 olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş Çıxarışa əsasən İddiaçı, cavabdehlər X3, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və mərhumlar X2 və X1 adına ümumi birgə mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən 1,8023 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən tərəflərin hər birinin payı bərabər yəni, 1/7 hissə müəyyən edilsin. İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №e-2(033)-147/2025
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-147/2025
06.02.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver