Məhkəmə qərarları › İş №e-2(033)-1508/2025

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-1508/2025

04.03.2026 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-1508/2025 04.03.2026 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X8 Əli qızının katibliyi, İddiaçı, Cavabdeh1 və Cavabdeh6 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh7 və Cavabdeh6 qarşı “alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və torpaq sahəsinin mülkiyyətə verilməsi” tələbi barədə mülki işə 04 mart 2026-cı il tarixdə, məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi İddia tələbi və dəlilləri: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh7 və Cavabdeh6 qarşı “alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və torpaq sahəsinin mülkiyyətə verilməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh5 Mövlüd qızına məxsus ümumi birgə mülkiyyətdə olan, Əliabad qəsəbəsində yerləşən 1 (bir hektar) ha torpaq sahəsinin onunla cavabdehlər arasında alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsinə və həmin torpaq sahəsinin onun mülkiyyətinə verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, cavabdehlərə məxsus Əliabad qəsəbəsində yerləşən torpaq sahəsini 2001-ci ildə almışdır. Bu fakt cavabdehlərlə onun arasında yazdığı həmin torpağa dair iltizamla ilə də təsdiq olunur. Həmin alqı-satqı onların aralarında xx.xx.2001-ci ildə baş tutmuşdur. Həmin vaxtdan torpaq onun istifadəsindədir. Həmin torpağın vergilərini o ödəyir. Alqı-satqını torpağın mülkiyyət hüququnu müəyyən edən sənədlər verilmədiyinə görə notariusda rəsmiləşdirə bilməmişdirlər. Buna görə də torpağın alqı- satqısını sübut etmək üçün öz aralarında iltizam tərtib etmişdirlər. Həmin iltizam ilə cavabdehlər də təsdiq edirlər ki, həmin torpağı ona satmışlar. Lakin cavabdehlər indi notariusda torpağı onun adına rəsmiləşdirməkdən imtina edirlər. Ona görə də məhkəməyə müraciət etməli olmuşdur. Torpaq alqı-satqısı aralarında faktiki olaraq xx.xx.2001-ci il tarixdə baş tutmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsində qeyd olunmuşdur ki, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Torpaq alqısatqı əməliyyatı cavabdehlərlə aralarında 2001-ci ildə həyata keçdiyindən onun iddiası həmin dövrdə, yəni 2001-ci ildə qüvvədə olmuş Mülki Məcəllənin maddələrinə uygun həll edilməlidir. Mülki Məcəllənin 2001-ci ildə qüvvədə olmuş 335-ci maddəsində qeyd olunmuşdur ki, əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir. İddiaçının razılığı ilə Cavabdeh3, Cavabdeh4, Cavabdeh7 və Cavabdeh6 cavabdeh qismində cəlb edilmişdirlər. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələləbinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa oxşar izahat verdi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, 2001-ci il aprel ayının 11-i cavabdehlər özləri onun qapısına gələrək, qızlarının evləndirmək istədiklərini bildirmiş və onlara məxsus 1 ha torpaq sahələrini satmaq qərarına gəlmişlər. O, razılaşdırdıqları məbləği verərərk torpaq sahəsini almışdır. Lakin torpaq sahəsinə dair çıxarış alınmadığı üçün müqaviləni notariar qaydasında təsdiq etməmişlər. Həmin vaxt aralarında yazılı iltizam tərtib edərək 0.40 ha Mövlüdün, 0.40 Əminaxatının, 0.20 ha Arzunun payı olmaqla, ümumilikdə 1 ha torpağı ona satılmışdır. Cavabdehlər bu barədə ayrı ayrılıqda və Dövlət aktının arxasına yazıb bu halı təsdiq edərək torpağı ona təhvil vermişdirlər. Torpağa dair sənədlər hazır olmadığından onlara demişlər ki, aralarında tərtib olunmuş yazını alqı-satqı kimi yox, torpağı borc əvəzinə ömürlük verilməsi kimi tərtib etsinlər. 2001-ci ildən torpağa dair vergiləri o ödəsə də, torpaq onun adında olmadığı üçün cavabdehlərin adından ödəyir. Lakin bir neçə il əvvəl cavabdehlərin oğlu onun yanına gələrək, həmin yeri geri istəmişdir və torpağı rəsmiləşdirmək üçün notariat kontoruna getməkdən imtina etmişdir. Torpaq sahəsi 2001-ci ildən onun istifadəsindədir. O, həmin torpaqda bağ salmamışdır, əkin sahəsi kimi istifadə edir. Hazırda həmin torpağa dair hüququnun tanınmasını xahiş edir. Bu yaxında ona məlum olmuşdur ki, cavabdehlər bir neçə ilə əvvəl ona satılmış torpaq sahəsinə çıxarış almışlar və bu barədə ona məlumat verməmişlər. O, öz adına torpağa sənəd almaq istəyir və bu səbəbdən iddianın təmin olunmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Cavabdeh1 məhkəmə prosesində iddianı qismən qəbul edərək göstərmişdir ki, həqiqətən də mübahisəli torpaq sahəsi iddiaçıya onun ailə üzvlərinin razılığı ilə satılmışdır. Lakin hazırda onun oğlanları torpaqı qaytarmaq istəyirlər, bu səbəbdən notariat kontoruna gedərək alqı-satqı müqaviləsini imzalamaq istəmirlər, belə ki, uşaqlar artıq böyümüşdür, onların torpağa ehtiyacı var. Cavabdeh2 məhkəmə iclasında iddianı qismən qəbul edərək göstərmişdir ki, 2001-ci ildə ailələrinə pul lazım olduğu üçün mülküyyətlərində olan pay torpaqlarının 1 ha sahəsini razılıqları əsasında İddiaçı satmışlar. Həmin vaxtdan da torpaq iddiaçının istifadəsindədir. Hazırda onun uşaqları böyümüşlər və torpağı geri almaq istəyirlər. Belə ki, onların imkanı olan kimi torpağı geri alacaqlar, həmin vaxtadək iddiaçının torpaqdan istifadə etməsinə etiraz etmirlər. Onlar bir kəndli kimi məsələni aralarında həll etməyə çalışmışdırlar. Cavabdeh3 iddianı qismən qəbul edərək bildirmişdir ki, atası qeyd edilən torpağı həmin vaxt bir neçə şirvana satmışdır. Lakin hazırda öz aralarında razılığa gələrək torpağı geri qaytarmaq qərarına gəlmişlər, belə ki, torpaq sahəsi onların özlərinə də lazımdı, onlar razılıqla bu məsələni həll etmək istəyirlər. İddiaçı bu yay da torpağı istifadə etsin, gələn il torpağın pulunu ödəyərək geri götürəcəklər. Cavabdeh5 məhkəmə prosesində iddianı torpağın satılmasına dair hissəsində qismən qəbul edərək Cavabdeh3 Mövlud qızının ifadəsi ilə eyni məzmunlu ifadə vermiş və həmin torpağın onlara lazım olduğunu bildirərək torpaqlarını geri istəmişdir. Cavabdeh6 xx.xx.2026-cı il tarixli məhkəmə iclasında izahat verərək bildirmişdir ki, o, iddianı qismən qəbul edir, ataları torpaq sahəsini 2001-ci ildə iddiaçıya bir neçə şirvana satmışdır və həmin vaxtdan bu günə qədər torpaq iddiaçının istifadəsindədir. Onlar beş uşaqdılar. Qardaşları işləmək üçün Rusiyaya getmişdirlər. O də Rusiyadan yeni qayıtmışdır, torpaq satılarkən, yəni 2001-ci ildə onun 11 yaşı olmuşdur. Hazırda torpaq sahəsinin 1 hektarını iddiaçı istifadə edir. Onlar istəyirləri ki, bu məsələni aralarına həll etsinlər. Cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh7 məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdarlıq edilmələrinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin üzürlü olması barədə məhkəməyə heç bir sənəd təqdim etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə həmin cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Yazılı sübutlar Cavabdeh2 tərəfindən 11 aprel 2001-ci il tarixdə verilmiş və imzalanmış iltizamın məzmunundan görünür ki, “2001-ci il aprelin 11 tarixində mən Cavabdeh5 Mevlud qızı (metirka nömrəsi İV-RU-№ 350024 Əliabad kənd sakini) mənə çatan torpaq payına Azərbaycan Respublikası torpağa mülkiyyət hüququna dair dövlət aktı JN 047 KOD 40200016 0.20 hektar torpaq payını İddiaçı Nurmməd oğluna küli miqdarda nağd pul borc olduğu üçün özünə çatan torpaq payını borc hesabına bağışlayır. Özüm yazdım və bu hərəkətdən peşman olmayacam, həta razı qalacağam.” Cavabdeh2 tərəfindən 11 aprel 2001-ci il tarixdə verilmiş və imzalanmış iltizamın məzmunundan görünür ki, “2001-ci il aprelin 11 tarixində mən Cavabdeh2 (paport seriya XVİİ JQ № 591912, Əliabad kənd sakini) mənə çatan torpaq payına Azərbaycan Respublikası torpağa mülkiyyət hüququna dair Dövlət aktı JN 047 KOD 40200016 0.40 hektar torpaq payını İddiaçı Nurmməd oğluna küli miqdarda nağd pul borc oludğu üçün özünə çatan torpaq payını borc hesabına bağışlayıram. Özüm yazdım və bu hərəkətdən peşman olmayacam, hətta razı qalacağam”. Cavabdeh1 tərəfindən 11 aprel 2001-ci il tarixdə verilmiş və imzalanmış iltizamın məzmunundan görünür ki, “mən Cavabdeh1 (paport İ-TN № 618574, Əliabad kəndi) özünün və Cavabdeh2 Alavud qızı, qızı Cavabdeh5 Mövlüd qızı razılığı ilə torpağa mülkiyyət hüququna dair dövlət aktı JN 0047 KOD 40200016 torpaqdan 1 (bir) hektar torpaq sahəsini İddiaçı Nurmamad oğluna küli miqdarda nağd pul borcu olduğu bir hektar torpaq sahəsi borc hesabına bağışladım. Cavabdeh1 0.40 hektar, Cavabdeh2 0.40 hektar, qızı 0.20 hektar torpaq sahəsi hər üçümüzün razılığına borc hesabına bağışladıq. Özüm yazdım və bu hərəkətlərimdən peşman olmayacam”. 11 aprel 2001-ci il tarixdə verilmiş və imzalanmış iltizamın məzmunundan görünür ki, “mən, Cavabdeh1 (İ-TN nömrəli 618574) Əliabad kəndi özünün və ailəsi X1, Cavabdeh5 Mövlud qızının razılığı ilə torpaq mülkiyyətinə dair dövlət aktı J № 0047 KOD 40200016 torpaqdan 1 bir hektar sahəsinin əkin yerindən İddiaçıh Nurməmməd oğluna külli miqdarda nəğd pul borcu olduğu üçün bir hektar torpaq sahəsini bağışlayıram. Abdullayev Mövlud 0,40 hektar, Abdullayeva Əminəxatun 0.40 hektar, qızı 0,20 hektar torpaq sahəsini üçünün razılığı ilə borc hesabına bağışladıq. Özüm yazdım və bu hərəkətimdən peşman olmayacağam”. “Torpağa mülkiyyət hüququna dair” JN-0047, KOD 40200016 nömrəli dövlət aktından görünür ki, Zaqatala Rayon Aqrar İslahat Komissiyasının 1996-cı il 20 iyun tarixli 36 nömrəli qərarı ilə 2.56 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi Cavabdeh1, Cavabdeh2 Alabuddin qızına, X4, Cavabdeh4, Cavabdeh5 Mövlüd qızına, Cavabdeh7, Cavabdeh6 verilmişdir. Zaqatala rayonu Əliabad Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 286 nömrəli arayaışdan görünür ki, 1996-cı ildə torpaq islahatı ilə bağlı tərtib edilmiş siyahıda ona və ailəsinə (7 nəfər) 0.16 ha həyətyanı və 0.05, 0.24 ha bağ, 0.57, 2.09 ha İİ keyfiyyət qrupu torpaq sahəsi vardır. Qəsəbədə islahat başa çatmadığına görə vətəndaşa dövlət aktı təhkim edilməmişdir. Cavabdeh1 0.40 ha, Cavabdeh2 oğlu 0.40 ha, X7 0.40 ha, X7 0.40 ha, Cavabdeh4 qızı 0.40 ha, X5 0.40 ha, X6 0.40 ha, Cavabdeh6 0.40 ha. Zaqatala rayonu Əliabad Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 299 nömrəli arayaışdan görünür ki, Cavabdeh1 hal-hazırda bələdiyyəyə torpaq vergi borcu yoxdur. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli çıxarışdan görünür ki, Zaqatala rayonu, Əliabad qəsəbəsi ünvanında yerləşən 2.09 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ üzrə Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh7, Cavabdeh6 adına daşınmaz əmlakın dövlət reyestrində 373 nömrəli reyestr kitabının 9 nömrəli vərəqində qeydiyyata alınmışdır. Zaqatala RİHB-nın Əliabad qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 5-82-13/2-197/2026 saylı, xx.xx.2026-cı il tarixli arayışdan görünür ki, Cavabdeh4 və Cavabdeh7 hazırda Azərbaycan Respublikası ərazisində yaşamırlar və faktiki olaraq Rusiya Federasiyasında yaşayırlar. Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatlardan görünür ki, Cavabdeh6 xx.xx.1990-cı il təvəllüdlü, Cavabdeh5 xx.xx.1984-cü il təvəllüdlü, Cavabdeh4 xx.xx.1985-ci il təvəllüdlü və Cavabdeh3 xx.xx.1983-cü il təvəllüdlüdür. 16 noyabr 2025-ci il tarixli mədaxil qəbzinin surətindən görünür ki, İddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün Zaqatala Rayon Məhkəməsinin hesabına 100 (bir yüz) manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.1-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. 28.2-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti, o, yetkinlik yaşına, yəni on səkkiz yaşına çatdıqda tam həcmdə əmələ gəlir. 29.1-ci maddəsinə əsasən bu Məcəllənin 29.2-ci maddəsində göstərilmiş əqdlər istisna olmaqla, 14 yaşı tamam olmamış yetkinlik yaşına çatmayanların əvəzinə əqdləri onların adından yalnız valideynləri, övladlığa götürənlər və ya qəyyumlar bağlaya bilərlər. Bu cür yetkinlik yaşına çatmayanın bağladığı əqd sonradan onun valideynləri, övladlığa götürənlər və qəyyumlar tərəfindən bəyənildikdə etibarlıdır. 30.1-ci maddəsinə əsasən 14 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanlar bu Məcəllənin 30.2-ci maddəsində göstərilənlər istisna olmaqla, əqdləri öz qanuni nümayəndələrinin – valideynlərinin, övladlığa götürənlərin və ya himayəçinin yazılı razılığı ilə bağlayırlar. Bu cür yetkinlik yaşına çatmayanın bağladığı əqd sonradan valideynləri, övladlığa götürənlər və ya himayəçi tərəfindən bəyənildikdə də etibarlıdır. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 222.2-ci maddəsinə əsasən birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir. 223.3-ci maddəsinə əsasən ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. 355.2-ci maddəsinə əsasən razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur. 357-ci maddəsinə əsasən əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir. 358.1-ci maddəsinə əsasən səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. 358.2-ci maddəsinə əsasən əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. 360.1-ci maddəsinə əsasən əgər başqa şəxsin (təmsil edilənin) adından əqdi bağlayan şəxsin (təmsilçinin) başqa şəxsin (təmsil edilənin) adından hərəkət etmək səlahiyyəti olmazsa və ya bu səlahiyyət aşılarsa, əqdin digər tərəfinin təmsilçidən həmin əqdin icrasını və ya əqdin bağlanması nəticəsində ona dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır, bu şərtlə ki, başqa şəxs (təmsil edilən) əqdi sonradan bəyənməsin. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. xx.xx.2005-ci il 949-İİQD saylı “Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikasının Qanununa və həmin qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu ilə Mülki Məcəllədən çıxarılanadək qüvvədə olmuş 335.2-ci maddəsinə əsasən tərəflərdən biri notariatda təsdiq edilməli olan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdi notariatda təsdiq etməkdən boyun qaçırırsa, əqddə qanuna zidd əməl olmadıqda, məhkəmə əqdi icra etmiş şəxsin tələbi ilə onu bağlanmış hesab etməyə haqlıdır. Bu halda, əqdin notariat tərtibatı tələb olunmur. 182.1-ci maddəsinə əsasən əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. “N.Hacıyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, “Əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı, vicdanlı hesab edilir.” “F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, “Hazırkı iş üzrə F.Nəcəfovanın əsaslandığı, 24 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə qüvvədən salınmış Mülki Məcəllənin 335-ci maddəsi ilə əqdin notariat formasına riayət edilməməsinin nəticələri müəyyən edilirdi. Həmin maddəyə əsasən, əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir. Qeyd edilən maddə, forma şərtinə riayət edilməməsi səbəbindən etibarsız əqdlərin etibarlı hala gətirilməsini (konvalidasiyasını) nəzərdə tuturdu. Konstitusiya Məhkəməsi Plenumunun S.Əliyevanın şikayəti üzrə xx.xx.2006-cı il tarixli Qərarında Mülki Məcəllənin 335-ci maddəsi ilə əlaqədar formalaşdırdığı hüquqi mövqeyinə əsasən əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab etməsi üçün mütləq aşağıdakı hallar mövcud olmalıdır: - əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; - məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; - əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Eyni zamanda, notarial qaydada təsdiqlənmə tələbinə uyğun olmayan əqdin etibarlı hala gətirilməsi üçün, belə iddia irəli sürən şəxsin əqdi tamamilə icra etməsi tələb edilir ki, məhz bu şərtlə onun tələbi məhkəmə tərəfindən təmin oluna bilər. Belə məhkəmə qərarı notarial təsdiqetməni əvəz edir. Nəzərə almaq lazımdır ki, notarial təsdiqetmə əqdə münasibətdə xarici element olaraq əqdin bağlanmasına təsir etmir, ona hüquqi qüvvə verir.” Həmin Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi həmçinin qeyd etmişdir ki, “Bu baxımdan, alğı-satqı müqaviləsi əsasında Q.Nəcəfovun uzun müddət istifadəsində və sahibliyində olan mübahisəli torpaq sahəsi ilə bağlı müvafiq müqavilə bağlanan zaman qüvvədə olan Mülki Məcəllənin 355 və 567-ci maddələrinə əsaslanan subyektiv hüququ mahiyyəti etibarı ilə şəxsə bağlı bir hüquq olmadığından, əmlak xarakterli bu subyektiv hüquq onun ölümü ilə xitam olunmamış, Mülki Məcəllənin 1151-ci maddəsi üzrə Q.Nəcəfovun miras kütləsinə daxil olmaqla vərəsəlik qaydasında varisi F.Nəcəfovaya keçmişdir.” Həmin Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi həmçinin qeyd etmişdir ki, “Məhkəmə qərarlarında göstərilmişdir ki, mübahisəli torpağın alğı-satqısı müqaviləsi üzrə satıcılardan K.Ağahüseynova və P.Ağahüseynov müqaviləni imzalamamışlar. Yəni ümumi mülkiyyətdə olan torpağın birgə mülkiyyətçilərinin razılığı (imzası) olmadan əmlaka sərəncam verilmişdir. Bu da mübahisəyə Mülki Məcəllənin müqavilənin bağlandığı vaxt qüvvədə olan 335-ci maddəsinin tətbiq olunmasını istisna edir. Bununla əlaqədar olaraq Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 52-ci maddəsinə əsasən, torpaq sahəsi üzərində birgə hüquqlar iki və daha çox şəxsin mülkiyyətində, istifadəsində və icarəsində torpaq sahəsi olduqda, habelə mülkiyyətçi, istifadəçi və icarəçi arasında qanunvericiliklə müəyyən edilmiş qaydada bağlanan müqavilə əsasında onlara məxsus olan torpaq sahələrinin birləşdirilməsi zamanı yaranır. İki və daha çox şəxsin mülkiyyətində, istifadəsində və icarəsində olan torpaq sahəsi həmin şəxslərin birgə mülkiyyət, birgə istifadə və ya birgə icarə hüququnda məxsus ola bilər. Birgə mülkiyyətdə olan torpaq sahələrinə sahiblik, onlardan istifadə və onlar barədə sərəncam verilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin birgə mülkiyyət hüququ haqqında müddəalarına uyğun olaraq həyata keçirilir. Mülki Məcəllənin birgə mülkiyyətdə olan əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam verilməsi ilə bağlı məsələləri tənzimləyən 222-ci maddəsinə görə isə birgə mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir. Beləliklə, birgə mülkiyyətçilərdən birinin ümumi mülkiyyətdə olan əmlaka sərəncamla bağlı əqdi digər birgə mülkiyyətçilərdən hər hansı birinin razılığı olmadan bağlaması qanunvericiliyin məcburi göstərişlərinə zidd olduğu üçün etibarsızlıq halının yaranmasına səbəb olur. Lakin burada nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 358-ci maddəsinə əsasən, səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. Mülki Məcəllənin Səlahiyyət verilməyən şəxsin əqd bağlaması adlanan 360.2-ci maddəsinə görə, təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir. Mülki hüququn bəyənmə sonradan verilən razılıq institutunu nəzərdə tutan Mülki Məcəllənin 357-ci maddəsinə əsasən, əqd bağlanmasının bəyənilməsi, əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə (ex tunc) malikdir. Səlahiyyət verilməyən şəxsin bağladığı əqdin təmsil edilən tərəfindən bəyənilməsi, əqd bağlanan zaman əqdi bağlayan şəxsin səlahiyyətə malik olması kimi qiymətləndirilir və təmsil edilən şəxs üçün bütün müvafiq hüquqi nəticələrə (mülki hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitamı) səbəb olur. Sonradan verilən razılığın nə zaman verilməsindən asılı olmayaraq, o əqdin bağlandığı andan əqdin tərəfi hesab edilir. Hüquqi təbiətinə görə əqdin bəyənilməsi birtərəfli əqd olaraq qəbul edilir, belə ki, onun bağlanması üçün yalnız təmsil edilən şəxsin iradə ifadəsi zəruri və yetərlidir. Mülki Məcəllənin 355.2-ci maddəsinin “razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur” müddəası mahiyyət və məzmun etibarı ilə məhz bəyənmə hallarına aiddir. Bu nöqteyi-nəzərdən də hüquqi baxımdan məcburi forma şərtinə tabe tutulan müəyyən bir əqdə dair təmsil olunanın konkludent hərəkətləri və rəftarı (məsələn, əqd üzrə icra olunanların qəbul edilməsi, əşyaya dair sənədlərin verilməsi, uzun müddət ərzində əşyadan əqd üzrə qarşı tərəfin öz əşyası kimi fasiləsiz və bariz istifadəsinə etiraz etməməsi və s.) onun tərəfindən əqdin bəyənilməsinə dəlalət edir. Bu baxımdan, əqdin bağlanmasına zahirən razılığı olmayan ümumi mülkiyyət sahibinin bu əqddən xəbərdar olması və bəyəndiyini göstərən hərəkət və rəftarı işin hallarından bariz məlum olduğu təqdirdə, işin halları tam və hərtərəfli araşdırılıb bunlara hüquqi qiymət verilmədən, birgə mülkiyyətçilərdən hər hansı birinin imzasının olmamasına görə onun bu əqdə razılığının olmadığı qənaətinə gəlinməsi mülki hüququn vicdanlılıq və hüquqdan sui-istifadənin yolverilməzliyi prinsiplərinə zidd nəticənin yaranmasına səbəb olar. Göstərilənlərə əsasən, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, müqavilənin imzalanmaması (ona razılıq verilməməsi) və ya forma tələbinə riayət edilməməsi əsasları ilə hüquqi qüvvəsinin olmaması barədə iddialara baxarkən məhkəmələr formal mülahizələrdən çıxış etməməli, tərəflərin vicdanlılığının və davranışlarının ardıcıllığının müəyyən edilməsi üçün işin bütün hallarını hərtərəfli araşdırmalı, yaranacaq nəticənin ədalətlilik və vicdanlılıq prinsiplərinə uyğunluğunu müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir.” Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işin müəyyən edilmiş mübahisəsiz halları ondan ibarətdir ki, Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən kənd təsərrüfatı təyinatlı 2.09 ha torpaq sahəsi Zaqatala rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1996-cı il tarixli 36 saylı qərarı ilə Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh7 və X3 mülkiyyətinə verilmişdir. Ümumi mükiyyət hüququna dair xx.xx.2023-cü il tarixdə ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. İddiaçı Zaqatala rayonunun Əliabad qəsəbəsində yerləşən 2.09 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin alqı-satqısına dair 11 aprel 2001-ci il tarixli müqavilənin (iltizamın) etibarlı (bağlanmış) hesab edilməsi barədə tələbini həmin sahəni satın alması ilə əsaslandırmışdır. İddiaçının tələbindən görünür ki, etibarlı (bağlanmış) hesab edilməsi tələb olunan müqavilə Zaqatala rayonunun Əliabad qəsəbəsində yerləşən cavabdehlərin ümümi mülkiyyətlərində olan 2.09 ha torpaq sahəsinin 1 haktarının alqı-satqısı barədədir. Cavabdehlər həmin torpaq sahəsi gələcəkdə geri götürəcəkləri şərti ilə İddiaçı satmaları əsası ilə iddiaya etiraz etsələr də, iddiaya etirazının əsası kimi istinad etdiyi həmin halın təsdiqi üçün sübut təqdim etməmişdir. Tərəflər arasında xx.xx.2001-ci il tarixli imzalanmış müqavilədə torpaq sahəsini iddiaçıya külli miqdarda olan borları əvəzinə bağışladıqları qeyd olunsa da, məhkəmə prosesnidə cavabdehlər 1 hektar torpaq sahəsini iddiaçıya satdıqlarını qeyd etmişlər. Məhkəmə tərəflər arasında imzalanmış xx.xx.2001-ci il tarixli müqavilənin alqı-satqı müqaviləsi kimi qəbul edilməsini işin hallarına uyğun hesab edir. Həmçinin tərtib edilmiş iltizamdan aydın olur ki, cavadehlər iddiaçıdan aldıqları borc müqabilində İddiaçı 1 hektar torpaq sahəsi vermişlər və bu halı 11 aprel 2001-ci il tarixli iltizamlarında qeyd etmişdirlər. Məhkəmə qeyd edir ki, həmin iltizamlarda borc qaytarıldıqdan sonra torpaq sahəsinin qaytarılması şərti nəzərdə tutulmamış, əksinə cavabdehlər borc müqabilində toraq sahəsini iddiaçıya bağışladıqlarını bildirmişdirlər. İşin müəyyən edilmiş hallarından həmçinin görünür ki, 2001-ci ilin aprel ayından torpaq sahəsi iddiaçının aşkar sahibliyində və istifadəsindədir, torpaq sahəsini iddiaçı əkibbecərir. Bununla bağlı tərəflər arasında hər hansı mübahisə olmamışdır. xx.xx.1988-ci il təvəllüdlü Cavabdeh7 Mövüd oğlu, xx.xx.1990-cı il təvəllüdlü Cavabdeh6, xx.xx.1984-cü il təvəllüdlü Cavabdeh5, xx.xx.1985-ci il təvəllüdlü Cavabdeh4 və xx.xx.1983-cü il təvəllüdlü Cavabdeh3 da mülki hüquq fəaliyyət qabiliyyətləri əmələ gəldikdən sonra torpaq sahəsinin iddiaçının aşkar sahibliyinə, istifadəsinə, torpaq sahəsinin iddiaçı tərəfindən əkilibbecərilməsinə etiraz etməmiş, bu halları mübahisələndirməmişlər. Hazırda qüvvədə olan Mülki Məcəllənin 358-ci maddəsinə əsasən, səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. Mülki Məcəllənin 360.2-ci maddəsinə görə isə təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir. Mülki hüququn bəyənmə – sonradan verilən razılıq institutunu nəzərdə tutan Mülki Məcəllənin 357-ci maddəsinə əsasən, əqd bağlanmasının bəyənilməsi, əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə də məcburi forma şərtinə tabe tutulan müəyyən bir əqdə dair təmsil olunanın konkludent hərəkətləri və rəftarı da (məsələn, əqd üzrə icra olunanların qəbul edilməsi, əşyaya dair sənədlərin verilməsi, uzun müddət ərzində əşyadan əqd üzrə qarşı tərəfin öz əşyası kimi fasiləsiz və bariz istifadəsinə etiraz etməməsi və s.) onun tərəfindən əqdin bəyənilməsinə dəlalət edir. Göründüyü kimi, cavabdehlərin 2.09 ha torpaq sahəsinin 1 ha hissəsini iddiaçıya pulla satılması barədə müqavilə mülkiyyətçinin əmlakı üzərində sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququnun həyata kеçirməsi оlmaqla qanuna zidd olmamış, əqdin yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmişdir. İddiaçı əmlakın dəyərinin ödənilməsi üzrə öhdəliyini tamamilə icra etmişdir. Əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi cavabdehlərin əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmada ifadə оlunan təqsiri ucbatından baş vermişdir. Məhkəmə iddia tələbi üzrə belə nəticəyə gəlir ki, iddia ərizəsi qanuni və əsaslı olduğuna görə təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh7, Cavabdeh6 ümumi birgə mülkiyyətində olan, Əliabad qəsəbəsində yerləşən 2.09 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1 ha hissəsinin İddiaçı satmaları ilə əlaqədar onların arasında olan 11 aprel 2001-ci il tarixli müqavilə etibarlı sayılaraq, bağlanmış hesab edilməli və həmin torpaq sahəsi iddiaçının mülkiyyətinə verilməlidir. Məhkəmə həmçinin hesab edir ki, İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu tələb edilmədiyindən həmin xərc onun özünə aid edilməldir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh7 və Cavabdeh6 ümumi birgə mülkiyyətdə olan Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən 2.09 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1 (bir) ha hissəsinin İddiaçı satmaları ilə əlaqədar onların aralarında olan 11 aprel 2001-ci il tarixli alqı-satqı müqaviləsi etibarlı sayılaraq, bağlanmış hesab edilsin və həmin torpaq sahəsi iddiaçının mülkiyyətinə verilsin. İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar