Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-207/2024 03.04.2024 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Ayşə İsrafil qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “fərdi yaşayış evindən çıxarılma, torpaq sahəsinin, fərdi yaşayış evinin boşaldılması və cavabdehə məxsus əşyaların cavabdehin hesabına aparılması” tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi İddia tələbinin dəlilləri: İddiaçı Cavabdeh qarşı “fərdi yaşayış evindən çıxarılma, torpaq sahəsinin, fərdi yaşayış evinin boşaldılması və cavabdehə məxsus əşyaların cavabdehin hesabına aparılması” tələbi barədə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh onun xüsusi mülkiyyət hüququ ilə məxsus olan Zaqatala rayonu Kəpənəkçi kəndində yerləşən ümumi sahəsi 99.40 kv.m olan fərdi yaşayış evindən çıxarılması, fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsinin boşaldılması, cavabdehə məxsus əşyaların cavabdehin hesabına aparılması (daşınması) barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, oğlu X6 ilə Cavabdeh xx.xx.2023cü il tarixdə Zaqatala rayon qeydiyyat şöbəsində nikahlarını rəsmi qaydada qeyd etdirməklə ailə həyatı qurmuşlar. Cavabdeh ilə oğlu X6 arasında olan rəsmi nikah Zaqatala Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(033)-634/2023 nömrəli qətnaməsi ilə pozulmuşdur. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən, Zaqatala rayonu Kəpənəkçi kəndində 0,1280 ha ümumi birgə paylı mülkiyyətdə olan torpaq sahəsində yerləşən ümumi sahəsi 99.40 kv.metr olan fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə ona məxsusdur. Hazırda cavabdeh onların ailə üzvü deyildir. Mülkiyyətində olan fərdi yaşayış evini torpaq sahəsi ilə birlikdə boşaldılmasını cavabdehdən tələb etmişlər. Cavabdeh heç bir hüquqi əsası olmadan fərdi yaşayış evini könüllü tərk etməkdən imtina edir. Halbuki, Cavabdeh xüsusi mülkiyyət hüququ ilə ona məxsus fərdi yaşayış evində heç bir hüquq, o cümlədən, istifadə hüququ əldə etməmişdir. Cavabdeh xüsusi mülkiyyətində olan fərdi yaşayış evini torpaq sahəsi ilə birlikdə boşaldılmasından imtina etdiyi üçün məhkəməyə iddia ərizəsi ilə müraciət etməli olmuşdur. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı nümayəndəsi Vəkil 11 yanvar 2024-cü il tarixdə keçirilən məhkəmə iclasında iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi Vəkil 02 aprel 2024-cü il tarixdə məhkəməyə ərizə ünvanlayaraq mülki işə iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və məhkəməyə gəlməməsinin səbəbinin üzrlü olması barədə heç bir sənəd təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşin halları Mülki işin materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsi tərəfindən 21 iyun 2023-cü il tarixdə verilmiş qeydiyyat nömrəsi ********** olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Zaqatala rayonu Kəpənəkçi kəndində 0,1280 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı, torpaq sahəsi isə ümumi birgə mülkiyyət hüququ üzrə İddiaçı, X2, X6 və X4 adına daşınmaz əmlakın dövlət reyestrində 67 nömrəli reyestr kitabının 50 nömrəli vərəqində qeydiyyata alınmışdır. Mülki işin materiallarında olan Zaqatala Rayon Məhkəməsinin 12 oktyabr 2023-cü il tarixli qətnaməsindən görünür ki, X6 ilə Cavabdeh arasında Zaqatala rayon Qeydiyyat Şöbəsində bağlanmış 28 mart 2023-cü il tarixli 78 nömrəli nikah pozulmuşdur. Mülki işin materiallarında olan Zaqatala rayonu Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ 469325 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X6 ilə Cavabdeh arasında bağlanmış nikah 27 noyabr 2023-cü ildə ləğv edilmişdir. Mülki işin materiallarında olan Zaqatala RİHB-ın Kəpənəkçi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 17 yanvar 2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh sabiq qaynatası İddiaçı məxsus Kəpənəkçi kəndində yerləşən evdə yaşamır. 06 aprel 2023-ü il tarixdə anası X1 ilə birgə atasına məxsus evdə yaşayır. Mülki işin materiallarında olan 07 avqust 2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh 07 avqust 2023cü il tarixdə saat 11:00-12:00 saatlarında keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı nümayəndəsi Vəkil tərəfindən 50 manat mediasiya xərci ödənilmişdir. Mülki işin materiallarına olan 03 dekabr 2023-cü il tarixli qəbzin surətindən görünür ki, İddiaçı tərəfindən 50 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Rеspublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Rеspublikasında mülkiyyət toхunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin İİ hissəsinə əsasən mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Rеspublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ–subyеktin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə еtmək və ona dair sərəncam vеrmək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 213.6-cı maddəsinə əsasən ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, müəyyən edilmiş hallar ondan ibarətdir ki, Zaqatala rayonu Kəpənəkçi kəndində 0,1280 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə iddiaçının, еvin yеrləşdiyi torpaq sahəsi isə onunla yanaşı digər şəхslərin ümumi birgə mülkiyyətindədir. İddiaçı tələbini, oğlu ilə arasında olan nikahın pozulduğu və ailə üzvü olmayan cavabdehin heç bir hüquqi əsası olmadan fərdi yaşayış evini könüllü tərk etməkdən, fərdi yaşayış evini torpaq sahəsi ilə birlikdə boşaldılmasından imtina etməsi ilə əsaslandırsa da, tələblərinin əsası kimi istinad etdiyi həmin halların təsdiqi üçün hər hansı sübut təqdim etməmiş, tələbin fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsinin boşaldılmasına dair hissəsi üzrə tələbi aydın göstərməli olduğu halda həmin sahələrin konkrеt olaraq nədən boşaldılmalı olduğunu izah еdə və əsaslandıra bilməmişdir. İş üzrə sübutlarla cavabdehin Zaqatala rayonu Kəpənəkçi kəndində 0,1280 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evini və еvin yеrləşdiyi torpaq sahəsini tərk еtməməsi, ona məxsus əşyaların həmin daşınmaz əmlakda qalması halları təsdiq еdilməmişdir. Yanaşı yoхlanılmış Zaqatala RİHB-ın Kəpənəkçi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli arayışı ilə isə ümumiyyətlə cavabdehin Zaqatala rayonu Kəpənəkçi kəndində 0,1280 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evi və еvin yеrləşdiyi torpaq sahəsini tərk еtməməsi barədə iddiaçının dəlilləri təkzib еdilmişdir. Bеlə ki, həmin sübutla təsdiq еdilmişdir ki, cavabdеh iddiaçıya məxsus evdə dеyil, atasına məxsus evdə yaşayır. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin Zaqatala rayonu Kəpənəkçi kəndində 0,1280 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evini və еvin yеrləşdiyi torpaq sahəsini tərk еtməməsi, ona məxsus əşyaların həmin daşınmaz əmlakda qalması halları təsdiq еdilmədiyindən, еləcə də tələbin fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsinin boşaldılmasına dair hissəsi qеyri müəyyyən olduğundan iddia tələbi təmin еdilə bilməz. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi rədd edildiyindən iddiaçı tərəfindən ödənilmiş 50 (əlli) manat dövlət rüsumu onun özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi: İddiaçı Cavabdeh qarşı sonuncunun xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan Zaqatala rayonu Kəpənəkçi kəndində yerləşən ümumi sahəsi 99.40 kv.m olan fərdi yaşayış evindən çıxarılması, fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsinin boşaldılması, cavabdehə məxsus əşyaların cavabdehin hesabına aparılması (daşınması) tələbinə dair iddiası rədd edilsin. İddiaçı ödədiyi 50 (əlli) manat dövlət rüsumu özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №e-2(033)-207/2024
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-207/2024
03.04.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver