Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-232/2022 06.04.2022 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2 katibliyi, İddiaçı-qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, onun vəkili Nümayəndə, cavabdehqarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə İddiaçı Cavabdeh qarşı yaşayış binasının tərkib hissəsindən istifadə hüququna bazar qiyməti ilə müvafiq kompensasiya verməklə xitam verilməsi və fərdi yaşayış evindən çıxarma tələbinə dair iddia ərizəsi üzrə, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı evə köçürülmə tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun mülkiyyətində olan Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən fərdi yaşayış evindən istifadə hüququna bazar qiymətinə uyğun olaraq 5000 manat kompensasiya ödənilməklə xitam verilməsi və cavabdehin, uşaqları - 29 oktyabr 2006-cı il təvəllüdlü X8 və 12 mart 2012-ci il təvəllüdlü X11 ilə birlikdə həmin fərdi yaşayış evindən çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh da İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onu himayəsində olan azyaşlı uşaqları - 29 oktyabr 2006-cı il tarixdə doğulmuş X8 və 12 mart 2012-ci il tarixdə doğulmuş X11 ilə birlikdə Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən 19.10.2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış çıxarışda qeyd olunmuş torpaq sahəsi üzərində onun və əri X12 ilə birlikdə tikdikləri yeni fərdi yaşayış evinə köçürülmələrinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, onun xüsusi mülkiyyətində Zaqatala rayonu, Aşağı Tala kəndində fərdi yaşayış evi vardır. İddaçının həmin fərdi yaşayış evi üzərində hüquqları 19 oktyabr 2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınaraq "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışla rəsmiləşdirilmişdir. Qeyd olunan fərdi yaşayış evi tam olaraq iddiaçının mülkiyyətində olmaqla, fərdi yaşayış evinin yerləşdiyi 0.1346 ha torpaq sahəsi isə həyat yoldaşı X1, oğlu X6 və qızı X4 ümumi birgə paylı mülkiyyətindədir. Həmin həyətdə yerləşən, 2012-ci ildə baş vermiş zəlzələ nəticəsində yarasız hala düşmüş və bir hissəsi sökülmüş iddiaçıya məxsus evdə keçmiş gəlini - iş üzrə Cavabdeh, nəvələri - 29 oktyabr 2006-cı il təvəllüdlü X8 və 12 mart 2012-ci il təvəllüdlü X11 yaşayırlar. Hazırda iddiaçı cavabdehin mülkiyyətçisi olduğu fərdi yaşayış evində olan istifadə hüququna bazar qiymətinə uyğun olaraq müvafiq kompensasiya verməklə xitam verilməsini və sonuncunun, nəvələri - 29 oktyabr 2006-cı il təvəllüdlü X8 və 12 mart 2012-ci il təvəllüdlü X11 ilə birlikdə həmin evdən çıxarılmasını istəyir. Belə ki, hesab edir ki, mövcud şəraitdə cavabdehlə eyni evdə yaşaması qeyri-mümkündür və bu hal gələcəkdə arzuolunmaz nəticələrin baş verməsinə səbəb ola bilər. Belə ki, Zaqatala Rayon Məhkəməsinin 23 noyabr 2021-ci il tarixli 2(033)-836/2021 nömrəli qətnaməsi ilə iddiaçının oğlu X12 ilə Cavabdeh arasında olan nikah pozulmuşdur. Məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, Zaqatala rayonu, Aşağı Tala kəndində Cavabdeh uşaqları ilə yaşadığı yaşayış sahəsinə oxşar yaşayış sahələrinin aylıq kirayə haqqı 80-100 manat təşkil edir. Hesab edir ki, iddiaçının mülkiyyətində olan Zaqatala rayonu, Aşağı Tala kəndində yerləşən fərdi yaşayış evindən istifadə hüququna bazar qiymətinə uyğun 5000 (beş min) manat kompensasiya məbləği ödənilməklə xitam verilməsi ədalətli və qanuni olar. Cavabdeh qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, X9 14 noyabr 2005ci il tarixdə rəsmi nikahla ərə köçmüşdür. Birgə nikahlarından iki övladı vardır. 29.10.2006cı il tarixdə “Yeganə” və 12.03.2012-ci il tarixdə “Aqşin” adlı övladları doğulmuşdur. Uşaqlar hal-hazırda onun himayəsində yaşayırlar. Zaqatala rayon Məhkəməsinin 2(033)- 836/2021 saylı, 23.11.2021-ci tarixli qətnaməsinə əsasən aralarında olan nikah pozulmuşdur və uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa 175 manat olmaqla, cəmi 350 manat alimentin ödənilməsi qət edilmişdir. X20 alimenti vaxtı-vaxtmda ödəmir. Qaynatası İddiaçı ona qarşı “yaşayış binasının tərkib hissəsindən istifadə hüququna bazar qiyməti ilə müvafiq kompensasiya verməklə xitam verilməsi və fərdi yaşayış evindən çıxarma tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. O, hal-hazırda Aşağı Tala kəndində azyaşlı uşaqları ilə birlikdə həmin ünvanda yaşayır. Onun əşyaları həmin evdədir. Hal-hazırda onun yaşadığı ev yararsız və qəzalı vəziyyətdədir, qaynatası hamamın qapısını bağlayaraq onları hamamdan istifadə etməyə qoymur, ona görə antisanitar vəziyyət yaranır. Onun yeni tikdikləri evə köçməsinə imkan vermir və üstəlik onu azyaşlı uşaqları ilə birlikdə hal-hazırda yaşadığı yararsız halda olan evdən də çıxarmaq istəyir. Onlar həyat yoldaşı ilə birlikdə cavabdehin razılığı ilə həmin həyətdə 4 otaqlı təzə fərdi yaşayış evi tikmişlər, lakin evdə təmir işləri tamamlanmamışdır. Evin tikilməsində onun çox böyük zəhmətləri olmuşdur. Həmin ev birgə nikahda əldə olunmuş əmlak hesab olunur. O, ailənin üzvüdür, həmin evdə onun da mülkiyyət hüququ vardır. Həmin evdə o yaşadığına görə və təsərrüfatın aparılmasında və təsərrüfatın inkişaf etdirilməsində iştirak etdiyinə görə, oradan istifadə hüququ qazanmışdır. Ancaq qaynatası onu evə girməyə, onu həmin evdə yaşamağa qoymur və üstəlik hal-hazırda yaşadığı evdən onu uşaqları ilə birlikdə çıxarmaq istəyir. Cavabdeh onu həmin evdə yaşamağa qoymadığına görə o mülkiyyət hüququ əldə edə bilmir. Evdə yaşamaq və evdən istifadə etmək mülkiyyət hüququnun tərkib hissəsidir. O, təzə tikilmiş evdə təmir işlərini tamamlayaraq köçüb orada yaşamaq istəyir, lakin cavabdeh buna maneəçilik törədir. O, 2005-ci ildə ailə qurmuş, 2009-cu ilin sentyabr ayınadək qüvvədə olmuş Mənzil Məcəlləsinin 53 və 123-cü maddələrinə əsasən onun cavabdehə məxsus yaşayış evində yaşamaq və istifadə etmək hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasına əsasən onun yaşamaq və mənzildən istifadə hüququ vardır. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində onun mənzildən istifadə etmək hüququ pozulmuşdur. Ona görə də, o, təzə tikilmiş fərdi yaşayış evinə köçürülməsinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Məhkəmə baxış iclasında iştirak edən iddiaçı-qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və onun vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək və çıxış edərək onun dəlillərini müdafiə etdiklərini bildirdilər və iddia ərizəsinin təmin edilməsi barədə, qarşılıqlı iddia ərizəsinin isə rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdilər. Məhkəmə baxış iclasında iştirak edən cavabdeh-qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil2 qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək və çıxış edərək onun dəlillərini müdafiə etdiklərini bildirdilər və qarşılıqlı iddia ərizəsinin təmin edilməsi barədə, ilk iddia ərizəsinin isə rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdilər. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ilk iddia tələbi və qarşılıqlı iddia tələbi rədd olunmalıdır. Belə ki, işdə olan Zaqatala rayon qeydiyyat şöbəsi tərəfindən 07 dekabr 2021-ci il tarixdə verilmiş 05/Q-2342/69 nömrəli çıxarışdan görünür ki, X12 və Cavabdeh nikahı haqqında 14 noyabr 2005-ci il tarixdə 324 nömrəli akt qeydi tərtib olunmuşdur. İşdə olan Zaqatala Rayon Məhkəməsinin 2(033)-836/2021 nömrəli 23.11.2021-ci il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilərək iddiaçı X12 ilə Cavabdeh arasında Zaqatala rayonu Qeydiyyat Şöbəsində 14 noyabr 2005-ci il tarixdə bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 324 nömrə ilə qeyd edilmiş nikahın pozulması, tərəflərin birgə nikahından 12 mart 2012-ci ildə doğulmuş X11 və 29 oktyabr 2006-cı ildə doğulmuş X3 Cavabdeh himayəsində saxlanılmaları, 12 mart 2012-ci ildə doğulmuş X11 və 29 oktyabr 2006-cı ildə doğulmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 02 sentyabr 2021-ci il tarixdən başlayaraq, iddiaçı X5 hər ay hər uşaq üçün 175 (bir yüz yetmiş beş) manat, cəmi 350 (üç yüz əlli) manat aliment sabit pul məbləğində tutularaq, Cavabdeh ödənilməsi, qətnamənin alimentin tutulması hissəsində dərhal icra edilməsi, iş üzrə ödənilmiş 20 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi, 10 manat dövlət rüsumunun kəsrinin iddiaçı X5 alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən 0,1346 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 115,50 kv.m olan fərdi yaşayış evi tam mülkiyyət hüququ əsasında İddiaçı, həmin torpaq sahəsi isə ümumi birgə mülkiyyət hüququ əsasında İddiaçı, X7, X12 və X4 adına 19.10.2021-ci il tarixdə ********** nömrə ilə daşınmaz əmlakın dövlət reyestrində 59 nömrəli reyestr kitabının 71 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən 19 oktyabr 2021-ci il tarixdə tərtib edilmiş İnventar nömrəsi 3315 olan, Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən İddiaçı məxsus olan fərdi yaşayış evinin texniki pasportundan görünür ki, texniki pasportun verilməsinə əsas DTXK Zaqatala rayon şöbəsinin JN-565A saylı, 04.03.2006-cı il tarixli şəhadətnaməsi, Zaqatala RİHB-nin Memarlıq və tikinti şöbəsinin 9/1144 saylı 24.08.2021-ci il tarixli məktubu və fərdi yaşayış evinin 18 saylı 30.04.2021-ci il tarixli razılaşdırılmış planlaşdırma layihəsi olmuşdur. İşdə olan Zaqatala rayon İcra Hakimiyyəti Başçısının Aşağı Tala kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən 29 noyabr 2021-ci il tarixdə verilmiş 1404 nömrəli arayışdan görünür ki, İddiaçı ailə tərkibi aşağıdakı kimidir: özü-İddiaçı, yoldaşı- X7, oğlu- X12, gəlini- Cavabdeh, nəvələri-X11 və X8, qızı-Məmmədova (Qardaşova) Xanım Mahir qızı. İşdə olan Zaqatala rayon İcra Hakimiyyəti Başçısının Aşağı Tala kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən 10 dekabr 2021-ci il tarixdə verilmiş 1427 nömrəli arayışdan görünür ki, X12 və X10 14 noyabr 2005-ci ildə ailə həyatı qurmuşdur. X10 1986cı ildə tikilmiş evə 2005-ci ildə gəlin gəlmişdir. İşdə olan sahibkar X14 tərəfindən 28 fevral 2022-ci il tarixdə verilmiş 192 nömrəli arayışdan görünür ki, İddiaçı mülkiyyətində olan Zaqatala rayonu Aşağı Tala kəndində 1983-cü ildə inşa edilmiş fərdi yaşayış evinin real bazar qiyməti təqribi 8000 – 10000 manat arasındadır. Analoji şəraitə malik Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən fərdi yaşayış evlərinin aylıq kirayə haqqı 70 – 80 manat aralığındadır. Məhkəmə tərəfindən yaranmış zərurətlə əlaqədar tərəflərin iştirakı ilə mübahisə predmeti olan Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən torpaq sahəsinə və fərdi yaşayış evinə yerində müayinə keçirilmişdir. Həmçinin baxış zamanı müəyyən edildi ki, İddiaçı ümumi birgə mükiyyət hüququ əsasında məxsus olan 0,1346 ha torpaq sahəsində sonuncaya tam mülkiyyət hüququ əsasında məxsus olan-ümumi sahəsi 115,50 kv.m olan fərdi yaşayış evi vardır, həmin fərdi yaşayış evinin sağ tərəfində Cavabdeh hazırda yaşadığı-gəlin köçdüyü 1986-cı ildə tikilmiş fərdi yaşayış evi vardır. İddiaçı mülkiyyətində olan yeni tikilmiş fərdi yaşayış evindən Cavabdeh istifadə hüququna xitam verilməsini, Cavabdeh isə İddiaçı mülkiyyətində olan yeni tikilmiş fərdi yaşayış evinə köçürülməsini xahiş edir. Hər iki fərdi yaşayış evi də iddiaçının və ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsinin üzərindədir. Fotoşəkillər çəkilərək iş materiallarına əlavə edildi. Məhkəmə iclası zamanı tərəflərin izahatları, işdə olan sənədlərin bilavasitə tədqiqi nəticəsində aydın oldu ki, ilk İddiaçı oğlu- X12 ilə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh 14 noyabr 2005-ci il tarixdə nikahlarını qeyd etdirməklə ailə həyatı qurmuşlar. Ailə həyatı qurduqdan sonra iddiaçı Cavabdeh Zahid Məmmədovun atası olan İddiaçı məxsus Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən 1986-cı ildə tikilmiş fərdi yaşayış evinə köçmüş və hazıradək də orada yaşayır. Daha sonra İddiaçı və ailə üzlərinə məxsus olan olan torpaq sahəsində yeni fərdi yaşayış evi tikilmiş, həmin fərdi yaşayış evi cavabdehin qaynatası-İddiaçı adına xüsusi mülkiyyət kmi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyata alınmış, çıxarışla rəsmiləşdirilmişdir. Qeydiyyata alınmış həmin fərdi yaşayış evi hazırda tam təmir olunaraq istifadə olunacaq vəziyyətdə deyil. İddiaçı mülkiyyətində olan yeni tikilmiş fərdi yaşayış evindən Cavabdeh kompensasiya verilməklə istifadə hüququna xitam verilməsini, Cavabdeh isə İddiaçı mülkiyyətində olan yeni tikilmiş fərdi yaşayış evinə köçürülməsini xahiş edir. Məhkəmə ilk öncə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia tələbi üzrə dəyərləndirmə apararaq bu qənaətə gəlir ki, qarşılıqlı iddia tələbi əsaslı deyildir. Bununla bağlı məhkəmə aşağıdakıları qeyd edir. İş materiallarından görünür ki, qarşılıqlı iddiaçının köçürülməsini tələb etdiyi fərdi yaşayış evi Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən 0,1346 ha həyətyanı torpaq sahəsi üzərində inşa edilmişdir. Həmin torpaq sahəsi qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ümumi birgə mülkiyyətində, həmin torpaq sahəsinin üzərində tikilmiş və qeydiyyata alınmış ümumi sahəsi 115,50 kv.m fərdi yaşayış evi isə tam mülkiyyətindədir. Həmin torpaq sahəsi DTXK Zaqatala rayon şöbəsinin JN-565A saylı, 04.03.2006-cı il tarixli şəhadətnaməsi əsasında verilmişdir. Cavabdehin köçmək istədiyi yaşayış evi qaynatasının adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Eyni zamanda iddiaçının köçmək istədiyi ev Mülki Məcəllənin 180.1-ci maddəsinin mənasında tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində tikilmiş özbaşına tikili deyildir. Həmin fərdi yaşayış evi rəsmi qaydada ayrılan həyətyanı torpaq sahəsində tikilmişdir ki, həyətyanı torpaq sahələri də vətəndaşlara yaşayış evlərinin tikintisi məqsədilə ayrılır. Hər hansı inzibati orqan tərəfindən sözügedən evin tikintisinə, mövcudluğuna, İddiaçı ona sahiblik etməsinə hazıradək etiraz edilməmişdir. Göründüyü kimi, fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının, o cümlədən mülkiyyət hüququnun müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. Həmin Məcəllənin 157.2.-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər, 157.4-cü maddəsinin tələbinə görə əgər mülkiyyətçi qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Nəzərə almaq lazımdır ki, mülkiyyət hüququ hər bir cəmiyyətin demokratik, stabil və dinamik inkişafını, eləcə də onun dayanıqlı və etibarlı olmasını şərtləndirən ən mühüm dəyərlərdən biridir. Mülkiyyət hüququ istifadə hüququna münasibətdə daha üstün hüquqdur və bu hüquqların kolliziyası (toqquşması) halında hər bir halda mülkiyyət hüququna üstünlük verilməlidir. Bundan başqa, hazırki münasibətlərə Mülki Məcəllənin 11.1-ci maddəsinə əsasən qanunun anologiyası qaydasında Mənzil Məcəlləsinin “mülkiyyətçiyə məxsus yaşayış sahəsində onunla birlikdə yaşayan şəxslərin hüquq və vəzifələri” adlanan 30-cu maddəsi tətbiq olunmalıdır. Həmin maddənin tələbinə əsasən isə qarşılıqlı iddia rədd olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə görə, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Qeyd edilən Məcəllənin 30.4-cü maddəsinə görə isə, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında şərh edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüququna malik olub-olmamasını araşdırmalıdır. Nəzərə alınmalıdır ki, MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan, xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə qeyd olunanlar üzrə dəyərləndirmə apararaq hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçının iddia tələbinin qanuni əsası mövcud deyil. Eyni zamanda yuxarıda göstərilən qanun normalarının, həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun şərhinin tələbi baxımından iddiaçının hazırki iddia ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ olmamışdır. Məhkəmə eyni zamanda, iddianın “azyaşlı uşaqların mübahisəli mənzilə köçürülməsi”nə dair hissəsini araşdıraraq, hesab edir ki, qarşılıqlı iddia tələbi qeyd edilən hissədə də əsassızdır. Buna görə də qarşılıqlı iddia tələbi həmin hissədə də rədd edilməlidir. Belə ki, iddianın iddiaçının mübahisəli mənzilə köçürülməsinə dair hissəsi rədd edilməli olduğundan, və birgə nikahdan anadan olmuş iki azyaşlı nikah ləğv edildikdən sonra iddiaçının himayəsində saxlanıldığından, habelə on dörd yaşına çatmamış uşaqların yaşayış yeri valideynlərinin yaşayış yeri sayıldığından, iddia tələbi bu hissədə də təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən, on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır. Beləliklə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hüquqi qiymət verərək hesab edir ki, cavabdeh-qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qızının yeni tikilmiş, sonuncunun qaynatası İddiaçı mülkiyyətində olan fərdi yaşayış evinə uşaqları ilə birgə köçürülmələri tələbinə dair qarşılıqlı iddia ərizəsi rədd edilməlidir. Məhkəmə daha sonra ilk iddia üzrə İddiaçı iddia tələbi üzrə dəyərləndirmə apararaq bu qənaətə gəlir ki, ilk iddia tələbi də əsaslı deyildir. Bununla bağlı məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası MPM-in 217.2-ci maddəsinin tələbinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2001-ci il tarixli qərarına əsasən, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. 2000-ci il sentyabrın 01-dən qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 iyul 2016-cı il tarixli qərarına görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün kompensasiyanın məbləği iddianın predmetinə daxil deyildir. Birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə, mülkiyyətçinin həmin məbləğin ödənilməsinə dair razılığını nəzərə almalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun həmin qərarında bildirilir ki, iddianın predmeti ilə iddianın obyekti fərqləndirilməlidir. İddianın obyekti iddiaçının əldə etməyə çalışdığı maddi nemətdir: pul məbləği, qeyri-yaşayış sahəsi, sair konkret əmlak. İddianın obyekti iddianın predmetinə daxildir və müstəqil əhəmiyyət kəsb etmir. İddia tələbinin artırılması və ya azaldılması məsələsi qaldırıldığı zaman bütövlükdə iddianın predmeti deyil, yalnız maddi obyektin həcmi dəyişdirilir. Həmin qərarda həm də bildirilir ki, kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi barədə iddianın predmetini iddiaçının mülkiyyət hüququ təşkil edir və iddiaçı, başqasının istifadə hüququ ilə yüklü olan evini yüklülükdən azad etməklə ev üzərindəki mülkiyyət hüququnu müdafiə etmək istəyir. Bu səbəbdən kompensasiyanın məbləğinin iddianın predmetinə aid edilməsini düzgün hesab etmək olmaz. Həmçinin, kompensasiya verməklə istifadə hüququna xitam verilməsi barədə iddia verərkən mülkiyyətçi maddi nemət əldə etməyə çalışmır. Odur ki, kompensasiya həmin iddianın obyekti sayıla bilməz və Mülki Prosessual Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan iddia tələbinin həcminin artırılması və ya azaldılması kompensasiyanın məbləği ilə əlaqədar deyildir. Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna kompensasiya verməklə xitam verilməsi mülkiyyətçinin subyektiv hüququdur. Bu halda kompensasiya tələb kimi yox, yalnız təklif kimi çıxış edir. Digər tərəfdən, Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, mülki prosessual qanunvericilik iddianın predmetini dəqiq göstərməklə prosessual qənaət prinsipini qorumuş olur. Prosessual qənaət prinsipi məhkəmə prosesinin uzadılmasının aradan qaldırılmasına, bir sıra prosessual institutların münasib hala gətirilməsinə, onların qanunvericiliklə daha dəqiq tənzimlənməsinə və tərəflərin tarazlaşdırılmış vəziyyətə gətirilməsinə yönəlmişdir. Mülki Məcəllənin 228.2-ci maddəsində göstərilən kompensasiya məbləğinin iddianın predmetinə aid edilməməsi həmin işlərə baxılarkən məhkəmə prosesinin əsassız uzadılmasının qarşısının alınmasına xidmət edəcəkdir. Kompensasiyanın məbləği iddianın predmetinə aid olmadığı üçün həmin məbləğin yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilməsi mümkündür. Lakin bu zaman məhkəmələr nəzərə almalıdırlar ki, kompensasiya məbləğinin bazar qiymətinə uyğun olması birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələləblərinə əsasən tədqiq olunmuş sübutlar əsasında müəyyən edilir. Bu baxımdan yuxarı instansiya məhkəmələri birinci instansiya məhkəməsinin müəyyən etdiyi kompensasiya məbləğini yalnız Mülki Prosessual Məcəllə ilə nəzərdə tutulan səlahiyyət hədləri çərçivəsində dəyişdirə bilərlər. «R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31.03.2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsində göstərilir ki, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda, bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilə bilər. 2000-ci il sentyabrın 1-dən sonra yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Nəzərə alınmalıdır ki, Mənzil Məcəlləsində yaşayış sahəsindən istifadə etmək hüququna xitam verilməsi ilə bağlı kompensasiyanın verilməsi nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda, bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünün təsbit edilməsi tərəflərin hüquqlarının və qanunla qorunan mənafelərinin daha yüksək müdafiəsini təmin edir. Konstitusiya Məhkəməsinin qərarında həmçinin göstərilir ki, «kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirlməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır.» Yuxarıda qeyd edilən maddənin mənasından da göründüyü kimi yaşayış sahəsindən istifadə hüququna məhkəmə qaydasında o, vaxt xitam verilə bilər ki, belə bir tələbi mülkiyyətçi irəli sürmüş olsun, iddia tələbi yaşayış sahəsindən istifadə hüququ olan şəxsə qarşı yönəlsin, mülkiyyətçinin təklif etdiyi kompensasiya mövcud bazar qiymətlərinə uyğun olmaqla yaşayış sahəsindən istifadə hüququna mütənasib olsun, iddia ərizəsində istifadə hüququna xitam verilməsi üçün kompensasiyanın məbləği mülkiyyətçi tərəfindən müəyyən edilmiş olsun, təklif olunan kompensasiya mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və ya müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Məhkəmə yuxarıda qeyd olunan maddi hüquq normasının tələblərini hazırki mübahisəli hüquq münasibətlərinə tətbiq edib, iddiaçının dəlillərini araşdırıb, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarında şərh edilən məcburi göstərişləri nəzərə alıb, hesab edir ki, cavabdehin mübahisəli mənzildən istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi üçün qanuni və kifayət qədər faktiki əsaslar yoxdur. Belə ki, əgər cavabdeh-qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia ərizəsi təmin olunaraq onun Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən İddiaçı adına tam mülkiyyət hüququ kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən 0,1346 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 115,50 kv.m olan fərdi yaşayış evinə köçürülməsi qət olunardısa ilk iddia ərizəsinin də əsaslı olub-olmaması müəyyən olunardı. Göründüyü kimi, ilk iddia tələbi qarşılıqlı iddia tələbindən törəmə tələbdir. Kompensasiya verilməklə istifadə hüququna xitam verilməli olan şəxsin fərdi yaşayış evinə istifadə hüququ yaranmadan ilk iddia tələbinin təmin olunmasından söhbət gedə bilməz. İlk iddia üzrə cavabdehin həmin fərdi yaşayış evinə istifadə hüququ olmadığından və ilk iddia tələbi yaşayış sahəsindən istifadə hüququ olan şəxsə qarşı yönəlməli olduğundan ilk iddiaçının hazırki iddiasının rədd olunması onun hər hansı hüququnun pozulması kimi dəyərləndirilməməlidir. Belə olan halda məhkəmə hesab edir ki, ilk iddia tələbi də ümumilikdə əsaslı hesab edilərək təmin edilə bilməz. Gəldiyi qənaətin əsaslarına uyğun olaraq məhkəmə ilk iddia tələbinin digər dəlillərinə (fərdi yaşayış evindən çıxarma) münasibət bildirilməsini ümumiyyətlə zəruri hesab etməyərək özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipi ilə əsaslandırır. Mülki Prosessual Məcəllənin 80-ci maddəsində əksini tapmış həmin prinsipə əsasən məhkəmə prosesində yalnız elə faktlarla və hallarla bağlı sübutlar nəzərə alınmalıdır ki, onlar işin həlli üçün hüquqi baxımdan əhəmiyyət kəsb etsinlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 11.07.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İddiaçı iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq dövlətə ödədiyi 70 manat və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq dövlətə ödədiyi 100 manat rüsum xərci onların özlərinə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrinə əsaslanaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı yaşayış binasının tərkib hissəsindən istifadə hüququna bazar qiyməti ilə müvafiq kompensasiya verməklə xitam verilməsi və cavabdehin uşaqları ilə birlikdə fərdi yaşayış evindən çıxarma tələbinə dair iddia ərizəsi rədd edilsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı evə köçürülmə tələbinə dair qarşılıqlı iddia ərizəsi rədd edilsin. İddiaçı iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq dövlət büdcəsinə ödədiyi 70 (yetmiş) manat və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq dövlət büdcəsinə ödədiyi 100 (bir yüz) manat onların özlərinə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov
Məhkəmə qərarları › İş №e-2(033)-232/2022
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-232/2022
06.04.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver