Məhkəmə qərarları › İş №e-2(033)-235/2025

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-235/2025

04.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-235/2025 04.02.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Məmmədova Zərifə Faiq qızının sədrliyi, Məhkəmə iclasının katibi Cəlilova Nuridə Əli qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi : İddia tələbinin dəlilləri İddiaçı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2023-cü ilin fevral-mart aylarından ona borclu qaldığı cəmi 2940,0 (iki min doqquz yüz qırx) manat pul məbləğinin, dövlət rüsumu kimi ödədiyi 49,40 (qırx doqquz manat qırx qəpik) manat da nəzərə alınmaqla cəmi 2989,40 manat pul məbləğinin məcburi şəkildə alınıb onun xeyrinə verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Bakı şəhərində 2023-cü ilin fevral ayında müraciət edərək satmaq üçün məndə olan telefonlardan ona verməyini xahiş etdi, 2023-cü ilin 02 fevral tarixində 10 fevral tarixinə kimi malların cəmi 6840,0 manat pulunu tam ödəyəcəyinə dair qəti şəkildə söz verməklə hər birinin dəyəri 1140,0 manat olmaqla 6 ədəd 12 pro Ayfon telefonlarını şəxsən ondan təhvil almışdır. 10 fevral 2023-cü il tarixinə kimi heç bir ödəniş etmədiyindən əlaqə saxladıqda ən qısa müddətdə maşınını, torpağını satıb pulunu tam ödəyəcəyinə yenidən söz vermişdir. Dəfələrlə tələblərindən sonra cavabdeh xx.xx.2023-cü ildə bir ailə üzvünün kartına 700 manat köçürmüşdür, daha sonra hər ikisinin tanışı olan Orxan adlı şəxsə ona borclu olduğu pulun hesabından qiyməti 2000,0 manat olan 14 pro Ayfon telefon verdi. Bundan başqa 2023-cü ilin 05 mart tarixində ən qısa müddətə pul borcunu bağlayacağına dair vəd verməklə bir neçə günlüyə işlətmək adı ilə ondan qiyməti 350 manat olan 10 pro Ayfon telefonunu da almış və telefonu eyni qiymətə başqasına satmışdır. Daha sonra hər ikisinin tanışı olan İlkin adlı şəxs cavabdehə borclu olduğu 400 manat pulu onun tapşırığına əsasən ona vermişdir. Ardınca xx.xx.2023-cü ildə kart hesabına 1000,0 manat, xx.xx.2023-cü il tarixdə də isə 150 manat pul köçürmüşdür. Cavabdeh dəfələrlə maşınını satışa qoyduğuna dair reklam şəkillərini ona göndərməklə borcunu bir-iki dəfəyə bağlayacağına yalançı vədlər verməsinə, hətta maşınını həqiqətən satmasına və daha baha qiymətə başqa maşın almasına baxmayaraq faktiki olaraq onu aldatmış, vədlərini yerinə yetirməmiş və dəfələrlə tələblərinə baxmayaraq ona borclu olduğu pulu bu günə kimi ödəməmişdir. Odur ki, qeyd olunan məsələyə məhkəmə qaydasında baxılması və borclu olduğu pulun cavabdehdən məcburi qaydada alnması üçün hazırkı iddia ilə müraciət edir. Cavabdeh ondan əvvəlcə aldığı 6 telefona görə ona 6840,0 manat və sonradan işlətmək adı ilə alıb satdığı telefona görə əlavə 350,0 manat olmaqla cəmisi 7190,0 manat pul borclu olmuş, həmin borclu olduğu məbləğdən 4250,0 manatı (700+2000+400+1000+150) qaytarmasına baxmayaraq bu günə kimi ona 2940,0 (cəmi borc:7190,0 manat-4250,0 manat, qaytarılmış) borclu qalmışdır. Cavabdeh həmin ümumi məbləği ona 2023-cü ilin fevral-mart ayınlarından borclu olmasına baxmayaraq vaxtında qaytarmamış, sonuncu dəfə xx.xx.2023-cü ildə cəmi 150,0 manat köçürmüşdür. Faktiki olaraq cavabdeh ən azı son bir ildən artıq müddət ərzində ona borclu olduğu 2940,0 manat puldan əsassız faydalanmaqla gəlirlər götürmüş, əsassız varlanmışdır. Yuxarıda qeyd olunanlar iddia ərizəsinə əlavə etdiyi cavabdehlə aralarındakı votçap yazışmalarından çıxarışlar, ödəmələrə və köçürmələrə dair fotoşəkillər və digər sübutlarla təsdiq edilir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Mülki iş üzrə tərəflər məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər, İddiaçı ərizə göndərərək tələbini müdafiə edərək mülki işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasına gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun çıxış edərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İşin halları Whattsap sosial şəbəkəsi vasitəsi ilə +**********00 mobil nömrəsi ilə aparılan danışıqlardan görünür ki, həmin nömrənin istifadəçisi 1140 manatdan hesablanmaqla 6 ədəd telefonu qəbul etmiş və ümumu 6840 manat borcu yaranmışdır. Həmin məbləğdən 700 manat bir, 2000 manat, 1400 manat 150 manat və 150 manat ödəniş etdikdən və əlavə olaraq 300 manat götürdükdən sonra ümumilikdə onun 2740 manat borcunun olduğunu qəbul edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsindən aydın olur ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətdən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 598.2-ci maddəsinə görə əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 740.1-ci maddəsinə əsasən qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. 740.2-ci maddəsinə əsasən bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir. 740.3-cü maddəsinə əsasən borcdan istifadəyə görə faiz nəzərdə tutulubsa və müvafiq məbləğ müqavilədə müəyyənləşdirilməyibsə, həmin məbləğ bu Məcəllənin 439.3-cü maddəsinə əsasən hesablanır. 740.9-cu maddəsinə əsasən bu Məcəllənin bu paraqrafının faiz və (və ya) haqların ödənilməsinə dair müddəaları qanunda və ya borc müqaviləsində faiz və (və ya) haqların ödənilməsi nəzərdə tutulduqda tətbiq edilir. 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 743.2-ci maddəsinə əsasən bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, məhkəmə araşdırmasında müəyyən edildi ki, +**********00 mobil nömrəsinin istifadəçisi olan cavabdeh 1140 manatdan hesablanmaqla 6 ədəd telefonu qəbul etmiş və ümumu 6840 manat borcu yaranmışdır. Həmin məbləğdən 700 manat bir, 2000 manat, 1400 manat 150 manat və 150 manat ödəniş etdikdən və əlavə olaraq 300 manat götürdükdən sonra ümumilikdə onun 2740 manat borcunun olduğunu qəbul edir. Qeyd edilən bu hallar Cavabdeh ilə İddiaçı arasında sosial şəbəkə olan Whatsapp tətbiqi vasitəsi ilə aparılan yazışmalarla də öz təsdiqini tapmışdır. Göründüyü kimi, tərəflər arasında nisyə alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik yaranmışdır. Cavabdeh məhkəmə iclası barədə məlumatlandırılsa da o, məhkəmə iclasında iştirak etməmiş və iddia tələbinə qarşı etirazını təqdim etməmişdir. İş materialları ilə də müəyyən olunur ki, borclu Cavabdeh nisyə alqı-satqı müqaviləsinə əsasən müəyyən olunmuş öhdəliyini tam yerinə yetirməmiş, öhdəliyin şərtlərini pozmuşdur. İddiaçı cavabdehlə aralarında olan Whatsapp vasitəsi ilə aparılan yazışmaları təqdim etməklə Cavabdeh ondan 7140 manat dəyərində malı götürdüyünü sübut etmiş və cavabdeh həmin sübutları təkzib etmək üçün mötəbər sübutlar təqdim etməmişdir. Digər tərəfdən, iddiaçı tərəfin whatsapp yazışmalarından görünür ki, 6840 manat borcdan 14 fevral 2023-cü il tarixdə 700 AZN, 02 mart 2023-cü il tarixdə 2000 AZN, 15 iyul 2023-cü il tarixdə 1000 AZN, 02 oktybar 2023-cü il tarixdə isə 150 AZN olmaqla, ümumilikdə 3850 manat ödəniş etməklə, 2990 manat borcunun qaldığı qeyd edilir. İddia tələbində isə 2940 manat borcun tutulması tələb edilir. Göründüyü kimi, iddia tələbinin həcmi ilə bağlı iddiaçının təqdim etdiyi whatsapp yazışmalarında qeyd edilən məbləğdə iddia tələbi arasında 50 manat fərq vardır. Məhkəmə tərəfindən Whatsapp vasitəsi ilə aparılan yazışmalar qarşılıqlı tədqiq edilərək belə nəticəyə gəlinir ki, iddiaçı tələbində qismən haqlıdır. Ona görə də iddia tələbi qismən təmin edilməli, Cavabdeh 2890 manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilməli və tələb qalan hissədə təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, İddiaçı tərəfindən ödənilmiş 49,40 manat dövlət rüsumunun 48,9 manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalı 0,50 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233.1, 234 və 357-362-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə Qət etdi İddia qismən təmin edilsin. Cavabdeh 2890 (iki min səkkiz yüz doxsan) manat məbləğində borc pul alınaraq İddiaçı verilsin. Cavabdeh 48,90 (qırx səkkiz manat doxsan qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı verilsin. 0,5 (əlli qəpik) manat dövlət rüsumu İddiaçı özünə aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Zərifə Məmmədova.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar