Məhkəmə qərarları › İş №e-2(033)-252/2023

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-252/2023

04.04.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-252/2023 04.04.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlu sədrlik etməklə, məhkəmə iclasının katibi X7, İddiaçı və cavabdeh “Zaqatala Rayon Mərkəzi Xəstəxanası” X28 nümayəndəsi X13 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini idarəetmə birliyi “Zaqatala Rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsə qarşı əmrlərin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma üçün orta əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakıları müəyyən etdi İddia tələbinin dəlilləri İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini idarəetmə birliyi “Zaqatala rayon Mərkəzi Xəstəxanası” X34 xx.xx.2022-ci il tarixli 2892 saylı və xx.xx.2022-ci il tarixli 3048 saylı əmrlərinin ləğv edilməsi, işə bərpa olunmağına dair və məcburi iş buraxma günləri üçün əmək haqqının ödənilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2010-cu ilin may ayından “Zaqatala rayon Mərkəzi Xəstəxanası” X28 Maliyyə şöbəsi, hesabatlıq bölməsinin xəzinədarı vəzifəsində işləyir. İşlədiyi dövrdə heç bir inzibati tənbehi olmamışdır. Cavabdeh təşkilatın direktoru Tamara Nurəliyeva 24 oktyabr 2022-ci il tarixdə onu öz iş otağına çağıraraq vətəndaşdan 0,50 qəpik tələb etdiyini səbəb göstərərək onu tutduğu vəzifədən azad etdiyini bildirdi. Tamara Nurəliyeva cavabdeh təşkilata direktor keçəndən sonra 2 dəfə onu öz otağına çağıraraq tələb etmişdir ki, ərizə yazıb işdən çıxsın. O onun bu tələbinə etiraz etmişdir. Bundan bir müddət sonra Tamara Nurəliyeva ona demişdir ki, sən vətəndaşdan 0,50 qəpik almısan, yaz ərizəni işdən çıx. O yenə də etiraz etmişdir, heç kimdən 0,50 qəpik almadığını bildirmişdir və bu barədə izahat yazaraq təqdim etmişdir. Heç bir əsas olmadan, heç bir xəbərdarlıq etmədən xx.xx.2022-ci il tarixədək işdə olduğu halda xx.xx.2022-ci il tarixdə əmr yazaraq onu işdən azad etmişdir. İşdən azad olunmağına dair 2 dəfə təkrar- təkrar əmrlər yazılmış və həmin əmrlər ona təqdim olunmamış, yalnız 26 dekabr 2022-ci il tarixdə o əmrləri və əmək kitabçasını təkidlə tələb etdikdən sonra ona verilmişdir. Beləliklə, əmək qanunvericiliyin tələbləri kobud şəkildə pozularaq onun hüquqları pozulmuşdur. Onun pensiyaya çıxmağıma az vaxt qalmışdır. O, Tamara Nurəliyevadan pensiya yaşı bitənədək işdə saxlamağını xahiş etmiş və ona bildirmişdir ki, o heç bir vətəndaşdan əlavə 0,50 qəpik tələb etməmiş, bu ona atılmış bir böhtandır. Cavabdeh Tamara Nurəliyeva onu işdən çıxarmaq üçün 2 müxtəlif tarixlərdə əmr imzalamışdır. Həmin əmrlərdən biri xx.xx.2022-ci il tarixdə 28/92 saylı, digəri isə xx.xx.2022-ci il tarixdə 30/48 saylı. Yazılan 2 əmrdən də görünür ki, o hər hansı hüquq pozuntularına yol verməmiş, əmək fəaliyyəti zamanı kobud səhvlər olmamışdır. Zaqatala rayonu ərazisində yerləşən Daxili Qoşunların N saylı hərbi hissənin Tibbi Xidmətini rəisi kapitan Zaira Sadiyeva böhtan xarakterli şikayət ərizəsi yazaraq qərəzli surətdə cavabdehlə birləşərək onun işdən çıxarılmağına səbəb olmuşdur. Zaira Sadiyevanın yazdığı ərizə, bundan başqa Qaragöz Məmmədovanın yazdığı təqrir ilə o tanış olmamışdır, onların surətləri ona təqdim olunmamışdır. Lakin hər hansı bir sübut növü olmadığı halda ona böhtan atılaraq işdən çıxarılmışdır. Məhkəmədən xahişi budur ki, Daxili İşlər Nazirliyinin X11 rayonunda yerləşən N saylı hərbi hissənin Tibbi Xidmətinin rəisi, kapitan Zaira Sadiyevanın cavabdehə təqdim etdiyi ərizəsi məhkəmə tərəfindən tələb olunsun, surəti ona təqdim olunsun. Bundan başqa xəstə xidmətləri şöbəsi müdürü X4 bir neçə dəfə saxtakarlıq etdiyinə görə aralarında narazılıq olmuşdur, bu barədə o öz müdirinə demişdir. Hesab edir ki, aralarında olan narazılıqlara görə Qaragöz Məmmədova onun haqqında yalan məlumatlar yazmışdır. Onun yazdığı təqrir məhkəmə tərəfindən tələb olunsun, surəti ona verilməklə hər iki şəxsin yazdığı və ona qarşı etdikləri hərəkətlər məhkəmə tərəfindən araşdırılsın, sübuta yetmədiyi halda barələrində müvafiq tədbirlər görülsün. xx.xx.2022-ci il tarixdə əmr imzalansa da, o xx.xx.2022-ci il tarixədək işdə olmuş, öz vəzifəsini yerinə yetirmişdir, onun 31 oktyabradək işləməyi mühasibatlıq sənədlərindən görünür. xx.xx.2022-ci il tarixli 2892 saylı və xx.xx.2022-ci il tarixli 3048 saylı əmrlərdə qeyd edilmişdir ki, “Zaqatala rayon Mərkəzi Xəstəxanası” X28 Maliyyə şöbəsi hesabatlıq bölməsinin xəzinədarı əmək müqaviləsi üzrə öhdəliklərini düzgün icra etmədiyinə və vətəndaşdan əlavə pul tələb etdiyinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən həmin Məcəllənin 72-ci maddəsinin “e” bəndində sadalanan halda - əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisəsinin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi ilə əlaqədar əmək vəzifələrini kobud şəkildə pozduğu üçün əmək müqaviləsinə xitam verilsin. İşçiyə 30 təqvim günü müddətində istifadə etmədiyi əmək məzuniyyətinə görə pul əvəzi ödənilsin. İşdən çıxma barədə əmrlərin surətlərini və əmək kitabçasını 26 dekabr 2022-ci il tarixdə almışdır. Həmin əmləri qanuni hesab etmir. Əmək Məcəlləsinin tələblərinə əməl olunmadan o işdən çıxarılmışdır. Əmrlərdən açıq aydın görünür ki, onun Konstitusiya ilə müəyyən olunmuş əmək hüququ pozulmuşdur. Buna görə də həmin əmrlər ləğv edilməli və o işə bərpa olunmalıdır. Onun işdən çıxma barədə olan əmrlərdə Əmək Məcəlləsinin 70-ci maddənin “ç” bəndinin zəruriliyi əsaslandırılmamışdır. Hesab edir ki, aşağıda qeyd etdiyi qanunun maddələrinə əsasən onu qanunsuz işdən azad etmişlər. Həmkarların onun işdən çıxarılmağına dair razılığı alınmamışdır. Həmkarlar iclasında xx.xx.2022-ci il tarixdə keçirilmiş iclasda qərara alınmışdır ki, barəsində inzibati cəza tədbirinin görülməsinə həmkarlar etiraz etmir. Bu isə onun işdən çıxarılmağına razılıq deyil, inzibati tənbeh tədbiri şiddətli töhmət və sairdir. Həmkarların razılığı alınmamışdır. Məhkəməyə həmkarları dəvət edilməsini xahiş edir. İddia tələbinə qarşı etirazın dəlilləri Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini idarəetmə birliyi “Zaqatala Rayon Mərkəzi Xəstəxanası” X34 direktoru X3 etirazla müraciət edərək İddiaçı “əmrin ləğv edilməsi, işəbərpa və məcburi iş buraxma günləri üçün əmək haqqının ödənilməsi tələbinə dair" iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı "əmrin ləğv edilməsi, işəbərpa və məcburi iş buraxma günləri üçün əmək haqqının ödənilməsi tələbinə dair" iddia ərizəsi ilə Zaqatala Rayon Məhkəməsinə müraciət ünvanlamışdır. Hal-Hazırda sözügedən mülki iş sizin icraatınızdadır. İddiaçının iddia ərizəsi ilə qəti surətdə razı deyil. İddiaçı tərəfindən verilən iddia ərizəsi tamamilə əsassızdır, biri digəri ilə uyğun gəlməyən formal faktlardan ibarətdir. İddiaçı Zaqatala Rayon Mərkəzi Xəstəxanası PHŞ-də Maliyyə şöbəsi, hesabatlılıq bölməsinin Xəzinədarı vəzifəsində işlədiyi müddətdə əmək vəzifəsinini kobud şəkildə pozaraq işlədiyi müəssisənin qanuni mənafeyinə ciddi xələl gətirmişdir. İlk olaraq bildirir ki, “Zaqatala Rayon Mərkəzi Xəstəxanası” PHŞ-in xəstə xidmətləri şöbəsinin 1 saylı qeydiyyat bölməsinin bölmə müdiri X4 tərəfindən xəzinədə vətəndaşlardan artıq pul alınması ilə bağlı Zaqatala Rayon Xəstəxanasına məlumat verilmişdir. Tərəflərindən aparılan araşdırma nəticəsində məlum olmuşdur ki, xx.xx.2022-ci il tarixində illik dispanseriya ilə əlaqədar olaraq Zaqatala rayon Mərkəzi Xəstəxanasına tibbi müayinədən keçmək üçün müraciət edən DİN-nin Daxili Qoşunlarının N saylı H/H-nin şəxsi heyəti sağlamlıq haqqında arayışı almaq məqsədilə qeydiyyatdan keçdikdən sonra müvafiq qaydada xəzinəyə yaxınlaşaraq N.00 (on beş) manat dövlət rüsumunu ödəyən zaman xəzinədə çalışan X16 onların hər birindən əlavə olaraq 0.50 ( əlli qəpik) pul ödəmələrini tələb etmişdir. X16 tərəfindən eyni hal xx.xx.2022-ci il tarixində də təkrarlanmışdır. Hərbiçilər 0.50 (əlli qəpik) pulu ödədikdən sonra sözügedən məsələ ilə bağlı olaraq HH-nin tibb xidmətinin rəisi Sadiyeva Zairaya şikayət etmişlər. Daxili Qoşunlar HH-nin tibb xidmətinin rəisi Sadiyeva Zaira İddiaçı tərəfindən yol verilən qanunsuz əməllərlə bağlı olaraq “Zaqatala Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin direktoru Tamara Nurəliyeva ərizə ilə müraciət etmişdir. Qeyd edilən məsələ ilə bağlı olaraq Zaqatala Rayon Mərkəzi Xəstəxanası PHŞ-in direktorun inzibati məsələlər üzrə müavini Emil Rüstəmov tərəfindən İddiaçı qeyri- hüquqi əməlləri barədə Zaqatala Rayon SİHİŞ-ə təqdimatla müraciət ünvanlanmış, Zaqatala Rayon SİHİŞ tərəfindən Emil Rüstəmovun təqdimatı müzakirə edilmiş, İddiaçı dəfələrlə şifahi xəbərdarlıq edilməsinə baxmayaraq yenidən eyni məzmunlu əməlləri törədilməsi nəticəsində barəsində inzibati cəza tədbirinin görülməsinə etiraz edilməməsi haqqında xx.xx.2022-ci il tarixli 162 nömrəli protokol tərtib edilmişdir. Qeyd edilən protokolun surətini hal-hazırda ünvanladığı etiraza əlavə edir. Qeyd etdikləri hallardan görünür ki, İddiaçı yol verdiyi qanunsuz əməllər barədə dəfələrlə şifahi xəbərdarlıq edilmiş, ancaq buna baxmayaraq öz niyyətindən əl çəkməyərək müəssisənin nüfuz və etibarına ciddi xələl gətirmişdir. Bundan başqa bildirir ki, İddiaçı vətəndaşlardan qanunsuz olaraq 0.50 (əlli qəpik) pul alması faktı ilə əlaqədar olaraq “Zaqatala Rayon Mərkəzi Xəstəxanası" PHŞ-in xəstə xidmətləri şöbəsinin 1 saylı qeydiyyat bölməsinin bölmə müdiri X4 tərəfindən təqrir, DİN-nin Daxili Qoşunların N saylı HH-nin tibb xidməti rəisi Zaira Sadiyeva tərəfindən Zaqatala rayon Mərkəzi Xəstəxanasının direktoru Tamara Nurəliyevaya ərizə verilmişdir. Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə birliyi Zaqatala Rayon Mərkəzi X22 Şəxsinin direktoru Tamara Nurəliyeva tərəfindən "Zaqatala Rayon Mərkəzi Xəstəxanası" PHŞ-in xəstə xidmətləri şöbəsinin 1 saylı qeydiyyat bölməsinin bölmə müdiri X4 tərəfindən təqrir, DİN-nin Daxili Qoşunların N saylı HH-nin tibb xidməti rəisi Zaira Sadiyeva tərəfindən verilən ərizə, Zaqatala Rayon Mərkəzi Xəstəxanasın PHŞ direktorun inzibati məsələlər üzrə müavini Emil Rüstəmovun təqdimatı əsas gətirilərək İddiaçı Əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndi ilə xitam verilməsi barədə xx.xx.2022-ci il tarixli, 3048 nömrəli əmr verilmişdir. Yuxarıda saydığı hallardan görünür ki, iddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə Tamara Nurəliyeva tərəfindən verilən əmr qanunvericiliyin tələblərinə tamamilə uyğundur, iddiaçı tərəfindən verilən iddia ərizəsi rədd olunmalıdır. İddiaçının iddia ərizəsində qeyd etdiyi hallar uydurulmuş faktlardan ibarət olmaqla yanaşı heç bir hüquqi əsası mövcud deyildir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müafiə etdiyini və iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq göstərdi ki, artıq onun işləmək üçün müəyyən olunmuş 65 yaşı 25 fevral tarixində bitmişdir. Onun həmin idarədə bundan sonra işləmək fikri də yoxdur. O, uzun illərdir ki, qüsursuz işləmişdir. Hazırda onun yerinə başqa işçi götürülmüşdür. O, bilir ki, o işə bərpa olunduğu halda onu son yaş həddini bitirməsi ilə bağlı pensiyaya çıxaracaqlar. Əsas məqsədi onun adının ləkələnməməsi, əmək haqqının ona verilməsi və gələcəkdə pensiyasının düzgün hesablanması ilə bağlıdır. Məhkəmə baxışı iclasında iştirak edən cavabdeh “Zaqatala Rayon Mərkəzi Xəstəxanası” X28 nümayəndəsi X23 etirazda qeyd edilənlərə uyğun izahat verərək iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə baxışı iclasında iştirak edən cavabdeh “Zaqatala Rayon Mərkəzi Xəstəxanası” X28 nümayəndəsi X9 yazılı çıxışını məhkəməyə təqdim edərək İddiaçı əmrlərin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma üçün orta əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsinin rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə baxışı iclasında iştirak edən cavabdeh “Zaqatala Rayon Mərkəzi Xəstəxanası” X28 nümayəndəsi X14 etirazda qeyd edilənlərə uyğun izahat verərək onun tərəfindən tərtib edilmiş təqdimat qanuni olduğundan və təqdimat əsasında iddiaçının işdən çıxarılması barədə əmr verilmişdir. Hesab edir ki, iddia əsassızdır. İddia tələbinin rədd olunmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən cavabdeh “Zaqatala Rayon Mərkəzi Xəstəxanası” X28 nümayəndəsi və vəkili X21 izahat verərək iddia tələbini qəbul etmədiyini bildirmiş, əlavə olaraq etiraz ərizəsində göstərilənlərə uyğun izahat vermiş və qeyd etmişdir ki, iddiaçının mübahisələndirdiyi xx.xx.2022-ci il tarixli 2892 saylı nömrəli əmr xəstəxananın rəhbərliyi tərəfindən ləğv edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X20 şəhərində yerləşən N saylı Hərbi Hissəsinin tibb xidmətinin rəisi X17 izahat verərək bildirdi ki, hərbi qulluqçular dispanzerizasiya ilə əlaqədar ildə 1 dəfə Zaqatala Rayon Mərkəzi Xəstəxanasında tibbi yoxlanışlardan keçirlər. Tibbi yoxlanışı “Zaqatala Rayon Mərkəzi Xəstəxanası” X34 həkimləri aparır. Bu il ilk dəfə hərbi qulluqçulardan ibarət qrup 29 sentyabr 2022-ci il tarixdə xəstəxanaya getdikdə onlardan dövlət rüsumu olaraq N manat rüsum haqqı alınmış və onlar həmin məbləği ödəmişdirlər. Sonrakı gün N nəfər şəxsi heyətdən ibarət ikinci qrup gedərkən dövlət rüsumu olaraq onlardan N,50 qəpik tələb edilmiş və hərbi qulluqçular bu məbləği ödəmişlər. Daha sonra onlar hərbi hissəyə qayıtdıqda onlardan N,50 manat tələb edildiyini və buna görə narazı olduqlarını ona demişlər. Bu səbəbdən o Zaqatala Rayon Xəstəxanasında işləyən Qaragöz adlı xanıma sosial şəbəkə vasitəsi ilə səs yazısı göndərmişdir. Daha sonra ona daxili araşdırma üçün ərizə yazmalı olduğu bildirilmiş və o da ərizə yazmışdır. N nəfərdən ibarət şəxsi heyətin rəhbəri kimi bir dəfə özü, bir dəfə digər hərbi qulluqçu gedib. O, gedən zaman nə ondan, nə də ki, hərbi qulluqçulardan əlavə 50 qəpik pul tələb edilməyib. Lakin ikinci qrup getdikdə 50 qəpik tələb edilməsi barədə ona məlumat vermişlər. Lakin, hazırda həmin şəxslər hərbi qulluqçu olduğundan onların adını deyə bilmir. O, sadəcə bu barədə eşitmişdir. Dəqiq pulun alınıb-alınmaması barədə məlumatı yoxdur. Sadəcə ona dediklərini o da "Zaqatala Rayon Mərkəzi Xəstəxanası" PHŞ-in xəstə xidmətləri şöbəsinin 1 saylı qeydiyyat bölməsinin bölmə müdiri X2 demiş, bu barədə ona məlumat xarakterli ərizə yazılmalı olması deyilmişdir. İşin halları X10 məxsus ИТ-İ seriyalı ******* nömrəli əmək kitabçasının 56-61-ci səhifələrindən görünür ki, İddiaçı xx.xx.2010-cu il tarixdən əvəzçilik üzrə Zaqatala RMX-nın mühasibatlığına mühasib vəzifəsinə təyin edilmiş, xx.xx.2019-cu il tarixdə Səhiyyə Nazirliyinin Kollegiyasının xx.xx.2019-cu il tarixli 127 nömrəli qərarı ilə Zaqatala Mərkəzi Rayon Xəstəxanası əsasında Zaqatala Rayon Mərkəzi X22 şəxsi yaradılmış, xx.xx.2020-ci il tarixdə AR Respublikasının Prezidentinin xx.xx.2018-ci il tarixli 418 nömrəli Fərmanının 2-ci hissəsinə uyğun olaraq Zaqatala Rayon Mərkəzi X22 şəxsi İcbari Tibbi Sığorta üzrə X31 Ərazi Bölmələrini İdarəetmə Birliyi X34 tabeliyinə verilmiş, xx.xx.2020-ci il tarixli əmrlə daşıdığı vəzifədən azad edilərək X12 bölməsinə Xəzinədar vəzifəsinə keçirilmiş, xx.xx.2022-ci il tarixli əmrlə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən həmin Məcəllənin 72-ci maddəsinin “e” bəndində sadalanan halda - əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi ilə əlaqədar əmək vəzifələrini kobud şəkildə pozduğu üçün əmək müqaviləsinə xitam verilmişdir. Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini idarəetmə birliyi “Zaqatala Rayon Mərkəzi Xəstəxanası” X34 2892 nömrəli 24 oktyabr 2022-ci il tarixli əmrindən görünür ki, İddiaçı - “Zaqatala Rayon Mərkəzi Xəstəxanası" pubiik hüquqi şəxsinin Maliyyə şöbəsi, Hesabatlılıq bölməsinin Xəzinədarı əmək müqaviləsi üzrə öhdəliklərini düzgün icra etmədiyinə və vətəndaşdan əlavə pul tələb etdiyinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç" bəndinə əsasən həmin Məcəllənin 72-ci maddəsinin “e” bəndində sadalanan halda -əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi ilə əlaqədar əmək vəzifələrini kobud şəkildə pozduğu üçün əmək müqaviləsinə xitam verilməsi və işçiyə 30 təqvim günü müddətində istifadə etmədiyi əmək məzuniyyətinə görə pul əvəzinin ödənilməsi əmr edilmişdir. Əsas olaraq SİHİŞ-nın xx.xx.2022-ci il tarixli 162 nömrəli protokolu, Direktorun inzibati məsələlər üzrə müavini X5 təqdimatı, Xəstə xidmətləri şöbəsi, İ Qeydiyyat bölməsinin Bölmə müdiri X1 təqriri, DİN-nin Daxili Qoşunların N saylı HH-nın tibbi xidmətinin rəisi, kapitan Sadiyeva Zairanın ərizəsi, Hesabatlılıq bölməsinin Xəzinədarı İddiaçı izahatı göstərilmişdir. Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini idarəetmə birliyi “Zaqatala Rayon Mərkəzi Xəstəxanası” X34 3048 nömrəli 01 noyabr 2022-ci il tarixli əmrindən görünür ki, İddiaçı Əlıməd qızının ’’Zaqatala Rayon Mərkəzi Xəstəxanası" X28 Maliyyə şöbəsi, Hesabatlılıq bölməsinin Xəzinədarı əmək müqaviləsi üzrə öhdəliklərini düzgün icra etmədiyinə və vətəndaşdan əlavə pul tələb etdiyinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən həmin Məcəllənin 72-ci maddəsinin “e” bəndində sadalanan halda - əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi ilə əlaqədar əmək vəzifələrini kobud şəkildə pozduğu üçün əmək müqaviləsinə xitam verilməsi, işçiyə 42 təqvim günü müddətində istifadə etmədiyi əmək məzuniyyətinə görə pul əvəzinin ödənilməsi əmr edilmişdir. Əsas olaraq SİHİŞ-nın xx.xx.2022-ci il tarixli 162 nömrəli protokolu, Direktorun inzibati məsələlər üzrə müavini X6 təqdimatı, Xəstə xidmətləri şöbəsi, İ Qeydiyyat bölməsinin Bölmə müdiri X1 təqriri, DİN-nin Daxili Qoşunların N saylı HH-nın tibbi xidmətinin rəisi, kapitan Sadiyeva Zairanın ərizəsi, Hesabatlılıq bölməsinin Xəzinədarı İddiaçı izahatı göstərilmişdir. Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini idarəetmə birliyi “Zaqatala Rayon Mərkəzi Xəstəxanası” X34 PHŞ-6-78/3-1-147/2023 nömrəli 14 fevral 2023-cü il tarixli əmrindən görünür ki, “Zəqatala Rayon Mərkəzi Xəstəxanası" PHŞ-in xx.xx.2022-ci il tarixli, 2892 nömrəli əmri texniki cəhətdən bildirişin göndərilməməsi və xx.xx.2022-ci il tarixində yeni 3048 nömrəli əmrlə əvəz edildiyi üçün, xx.xx.2022-ci il tarixli, 2892 nömrəli əmr ləğv edilməsi əmr edilmişdir. Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının N saylı Hərbi Hissəsinin Tibb Xidmətinin rəisi Zaira Sodiyeva tərəfindən Zaqatala rayon Mərkəzi Xəstəxanasının direktoruna ünvanlanmış ərizədən görünür ki, illik dispanzerizasiya ilə əlaqədar olaraq Zaqatala Rayon Mərkəzi Xəstəxanasında müayinələrdən keçən zaman 29 sentyabr tarixində göndərdikləri şəxsi heyət sağlamlıq haqqında arayış almaq üçün arayışın dövlət rüsumu N manat olduğu halda xəzinədə çalışan əməkdaş onlardan əlavə olaraq 50 qəpik tələb etmişdir. Şəxsi heyət əlavə 50 qəpiyin nə üçün istəndiyini soruşarkən xəzinədar bu məbləğin kassa çeki üçün tələb olunduğunu cavablandırmışdır. Şəxsi heyət həmin əlavə pulu xəzinədara vermiş, lakin sonra Hərbi Hissəyə qayıdarkən ona yaxınlaşaraq öz şikayətlərini bildirmişdirlər. Eyni hal 30 sentyabr tarixində müayinə üçün göndərdikləri şəxsi heyətlə də təkrar olunduğunu bildirmişdir. Gələcəkdə bu kimi neqativ halların təkrar olmaması üçün zəruri tədbirlərin görülməsi xahiş edilmişdir. Zaqatala Rayon Mərkəzi X22 Şəxsin Xəstə xidmətləri şöbəsinin İ qeydiyyat bölməsinin bölmə müdiri X1 xx.xx.2022-ci il tarixli təqririndən görünür ki, Zaqatala RMX PHŞ-nin daxilində vətəndaşlara verilən tibbi arayış formalarının (F088, F083) dövlət rüsum haqqı N AZN və 30 AZN olduğu halda, kassir İddiaçı tərəfindən vətəndaşlardan 0.50 qəpik əlavə pul almaq halı baş vermişdir. Belə ki, xx.xx.2022-ci il tarixində Daxili Qoşunların əməkdaşı tərəfindən əlavə pul alınması barədə şikayət olunmuşdur. Eyni hal xx.xx.2022-ci il tarixində də Daxili Qoşunların əməkdaşlarından qeyri-qanuni olaraq əlavə 0.50 qəpik almış və bu da əməkdaşlar tərəfindən narazılığa səbəb olmuşdur. Zaqatala Rayon Mərkəzi X22 Şəxsin direktorunun inzibati məsələlər üzrə müavini Emil Rüstəmov tərəfindən Zaqatala Rayon Mərkəzi X22 Şəxsin direktoruna ünvanlanmış xx.xx.2022-ci il tarixli təqdimatdan görünür ki, "Zaqatala rayon Mərkəzi Xəstəxanası” X28 maliyyə şöbəsinin xəzinədarı İddiaçı tərəfindən kobud şəkildə yol verdiyi qanun pozuntularının qarşısının alınması və gələcəkdə belə halların təkrar olunmaması məqsədi ilə Tibbi Şuranın növbədən kənar iclasının keçirilməsini, məsələnin Şura üzvləri ilə müzakirə olunmasını və bununla bağlı qərar qəbul olunmasının təmin edilməsini xahiş etmişdir. xx.xx.2022-ci il tarixli 162 nömrəli protokoldan görünür ki, Zaqatala RMX-sı PHŞ-in Maliyyə şöbəsinin xəzinədarı İddiaçı dəfələrlə şifahi məlumatlandırılmağına baxmayaraq, DİN-nin Daxili Qoşunlarının N saylı H/H-nin şəxsi heyəti, sağlamlıq haqqında arayışı almaq məqsədi ilə qeydiyyatdan keçdikdən sonra müvafiq qaydada xəzinəyə yaxınlaşaraq N.00 AZN dövlət rüsumu ödəyən zaman həmin şəxslərdən qanunsuz olaraq 0.50 AZN ödəmələrini tələb etdiyinə görə ona inzibati cəza tədbirinin görülməsinə RMX-nın Həmkarlar Şurası etiraz etmir. İddiaçı xx.xx.2022-ci il tarixli izahatından görünür ki, o heç kəsdən 0,50 qəpik istəmədiyini, almadığını və bunun ona atılan böhtan olduğunu bildirmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X28 3 saylı Şəki Zaqatala regional filialının 14 noyabr 2022-ci il tarixli arayışından görünür ki, İddiaçı filialdan xx.xx.2003-cü il tarixdən İİ (ikinci) qrup ümumi xəstəlikdən əlil kimi 268,62 manat pensiya alır. Müddətsiz. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 2.3-cü maddəsinə əsasən ailə, əmək münasibətləri, təbii ehtiyatlardan istifadə, ətraf mühitin mühafizəsi, müəlliflik hüququ və əlaqədar hüquqlar ilə bağlı münasibətlər, əgər ailə, əmək, torpaq, təbiəti mühafizə, müəlliflik və digər xüsusi qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar ilə tənzimlənir. Azərbaycan Respublikası Əmək Məcəlləsi 10-cu maddəsinə əsasən a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; c) əməyin təhlükəsizliyi normalarına əməl etmək; ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; d) dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; ə) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; f) əmək qanunvericiliyinin tələblərinə əməl etmək əmək müqaviləsi üzrə işçinin əsas vəzifəsidir. 68-ci maddəsinin 1-ci bəndinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 68-ci maddəsinin 2-ci bəndinə əsasən a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar əmək müqaviləsinə xitam verilməsinin əsaslarıdır. 70-ci maddəsinin “ç” bəndinə görə, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda onunla əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 71-ci maddəsinə əsasən 2-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. 71-ci maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. 72-ci maddəsinin “e” bəndinə əsasən əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. 83-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. 83-cü maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. 186.1-ci hissəsinə əsasən işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından suiistifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. 186.2-ci hissəsinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək. 300-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.3-cü və 217.4-cü maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu 9.1-ci maddəsinə əsasən, əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmənin mövqeyi Məhkəmə, məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, məhkəmə araşdırılmasında müəyyən edildi ki, iddiaçı Əhmədova X18 Rayon Mərkəzi Xəstəxanasının baş həkiminin xx.xx.2010-cu il tarixli əmrinə əsasən Rayon Mərkəzi Xəstəxanasının mühasibatlığına əvəzçilik üzrə mühasib vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin xx.xx.2019-cu il tarixli 127 nömrəli qərarı ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanası əsasında Zaqatala Rayon Mərkəzi X22 şəxsi yaradılmışdır. İddiaçı xx.xx.2020-ci il tarixli əmrlə daşıdığı vəzifədən azad edilərək X12 bölməinə xəzinədar vəzifəsinə keçirilmişdir. Zaqatala Rayon Mərkəzi X22 şəxsinin 24 oktyabr 2022-ci il tarixli 2892 nömrəli əmrinə əsasən İddiaçı əmək müqaviləsi üzrə öhdəliklərini düzgün icra etmədiyinə və vətəndaşdan əlavə pul tələb etdiyinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç" bəndinə əsasən həmin Məcəllənin 72-ci maddəsinin “e” bəndində sadalanan -əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi ilə əlaqədar əmək vəzifələrini kobud şəkildə pozduğuna görə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Həmin əmr Zaqatala Rayon Mərkəzi X22 şəxsinin 14 fevral 2023-cü il tarixli əmri ilə ləğv edilmişdir. Zaqatala Rayon Mərkəzi X22 şəxsinin 01 noyabr 2022-ci il tarixli 3048 nömrəli əmri ilə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə əmək müqaviləsi üzrə öhdəliklərini düzgün icra etmədiyinə və vətəndaşdan əlavə pul tələb etdiyinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç" bəndinə əsasən həmin Məcəllənin 72-ci maddəsinin “e” bəndində sadalanan -əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi ilə əlaqədar əmək vəzifələrini kobud şəkildə pozduğuna görə xitam verilmişdir. Əmrin qəbul edilməsinə əsas kimi xx.xx.2022-ci il tarixli 162 nömrəli protokolu, Direktorun inzibati məsələlər üzrə müavini X5 təqdimatı, Xəstə xidmətləri şöbəsi, İ Qeydiyyat bölməsinin Bölmə müdiri X1 təqriri, DİN-nin Daxili Qoşunların N saylı HH-nın tibbi xidmətinin rəisi, kapitan Sadiyeva Zairanın ərizəsi, Hesabatlılıq bölməsinin Xəzinədarı İddiaçı izahatı göstərilmişdir. İddiaçı iddia ərizəsi ilə müraciət edərək Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini idarəetmə birliyi “Zaqatala rayon Mərkəzi Xəstəxanası” X34 xx.xx.2022-ci il tarixli 2892 saylı və xx.xx.2022-ci il tarixli 3048 saylı əmrləri ləğv edilməsi, işə bərpa olunmağına dair və məcburi iş buraxma günləri üçün əmək haqqının ödənilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh “Zaqatala rayon Mərkəzi Xəstəxanası” X34 direktoru etiraz ərizəsi ilə müraciət edərək X8 ”əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma günləri üçün əmək haqqının ödənilməsi tələbinə dair" iddia ərizəsinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbinin “Zaqatala rayon Mərkəzi Xəstəxanası” X34 xx.xx.2022-ci il tarixli 2892 saylı əmrin ləğv edilməsi hissəsinə münasibət bildirərək hesab edir ki, iddia tələbi qeyd edilən hissədə rədd edilməlidir. Belə ki, iddia tələbində qeyd edilən xx.xx.2022-ci il tarixli 2892 saylı əmr cavabdeh Zaqatala rayon Mərkəzi Xəstəxanası” X34 14 fevral 2023-cü il tarixli əmri ilə artıq ləğv edilmişdir. Məhkəmə iddia tələbinin “Zaqatala rayon Mərkəzi Xəstəxanası” X34 xx.xx.2022-ci il tarixli 3048 saylı əmrin ləğv edilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi qeyd edilən hissədə təmin edilməlidir. Belə ki, cavabdehin qeyd olunan əmrində əmək müqaviləsinin xitam verilməsinə əsas kimi İddiaçı əmək müqaviləsi üzrə öhdəliklərini düzgün icra etməməsi və vətəndaşdan əlavə pul tələb etməsinə istinad edilmişdir. Həmin əmrin qəbul edilməsinə əsas olmuş sənədlərdən görünür ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə əsas Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının N saylı Hərbi Hissəsinin Tibb Xidmətinin rəisi Zaira Sodiyeva tərəfindən Zaqatala rayon Mərkəzi Xəstəxanasının direktoruna ünvanlanmış ərizə olmuşdur. Həmin ərizədə iddiaçının hərbi qulluqçulardan 0,50 manat əlavə haqq tələb etməsi qeyd edilmiş, lakin bu hala dair hər hansı sübut əlavə edilməmişdir. Qeyd edilən sübutların ərizə ilə bağlı Zaqatala rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsi tərəfindən aparılmış araşdırma nəticəsində də aşkar edilmədiyi cavabdehin təqdim etdiyi etiraz və həmin etirazın əsası kimi qeyd etdiyi sənədlərin araşdırılması nəticəsində də aydın olur. Eyni zamanda, cavabdeh “Zaqatala rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsi xx.xx.2022-ci il tarixli 3048 saylı əmri qəbul edərkən İddiaçı əmək müqaviləsi üzrə öhdəliklərini düzgün icra etməməsini qeyd etsə də, iddiaçının yol verdiyi səhvlərin nədən ibarət olması nə həmin əmrdə, nə də əmrin qəbul edilməsinə əsas olmuş sənədlərdə öz əksini tapmamışdır. Qanunvericiliyə əsasən işçinin əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin (ç) bəndi ilə xitam verməsi üçün işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməli və qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin normal ahəngi pozulmuş olmalı və ya işəgötürənin hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməli və işçinin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan dəyməlidir. Qanunverici əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin (ç) bəndi üzrə xitam verilməsi zamanı görülməli olan tədbirləri Məcəllənin 71-ci maddəsində təsbit edir. Həmin maddənin tələbinə əsasən, bu əsasla əmək müqaviləsinin ləğv edilməsinə o şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə 1) müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya 2) mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Beləliklə, qanunverici “və ya” bağlayıcısından istifadə etmiş və müqaviləyə 70-ci maddəsinin (ç) maddəsi ilə xitam verilməsinin əsaslarını 2 müstəqil şərtdən asılı etmişdir. Qeyd olunan Məcəllənin 72-ci maddəsində isə hansı konkret hallarda işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması öz əksini tapmışdır. Həmin maddənin “e” bəndində işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulmasının iki əsası göstərilmişdir; bundan birincisi işçi tərəfindən əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvlər nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi, digəri isə hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsidir. Məhkəmə onu qeyd edir ki, iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70ci maddəsinin “ç” bəndi ilə xitam verilərkən kobud səhvlərin və hüquq pozuntularının onun əməllərində mövcud olması arqumenti əsaslı hesab edilə bilməz, belə ki, iddiaçının belə pozuntulara yol vermiş olması və bu pozuntunun müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngini pozaraq mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan vurması işin faktiki halları ilə sübut olunmur. Cavabdeh Xəstəxana iddiaçının əməli nəticəsində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması və ya kiminsə hüquqlarına və mənafelərinə hər hansı formada ziyan dəyməsi barədə konkret fakta istinad etməmiş və sübut təqdim etməmişdir. Məhkəmə işin hallarını yuxarıda qeyd olunan normaların tələbləri baxımından araşdıraraq, əmək müqaviləsinə xitam verilməsi barədə əmrdə göstərilən halların hər birini təhlil edərək cavabdehin əsaslandığı halların (xüsusən də iddiaçıya əvvəllər dəfələrlə şifahi xəbərdarlıq edilməsi və onun vətəndaşdan əlavə pul tələb etməsi) sübuta yetirilmədiyi qənaətindədir. Məhkəmə araşdırması zamanı iddiaçının işdən azad olunmasına dair 01 noyabr 2022-ci il tarixli 3048 nömrəli əmrdə əsas kimi göstərilmiş Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 72-ci maddəsinin “e” bəndində göstərilmiş nöqsanların heç birinin iddiaçı tərəfindən törədilməsi aşkar edilmədiyindən və “Zaqatala rayon Mərkəzi Xəstəxanası” X34 01 noyabr 2022-ci il tarixli 3048 nömrəli əmri Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsində nəzərdə tutulmuş əmək müqaviləsinin ləğv edilməsi əsaslarını pozaraq 71-ci maddəsində müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən qəbul edildiyindən məhkəmə hesab edir ki, “Zaqatala rayon Mərkəzi Xəstəxanası” X34 01 noyabr 2022-ci il tarixli 3048 nömrəli əmri ləğv edilməlidir. Məhkəmə iddia tələbinin işə bərpa və məcburi iş buraxma günləri üçün əmək haqqının ödənilməsi hissəsinə münasibət bildirərək hesab edir ki, iddia tələbi qeyd edilən hissədə də əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Əmək Məcəlləsi ilə işəgötürən tərəfindən işçi ilə olan əmək münasibətlərinə əmək müqaviləsinin ləğv olunma əsaslarına və qaydalarına əməl etmədən xitam verildiyi halda əmək mübahisəsini həll edən məhkəmənin iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarmalı olduğu müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Zaqatala Rayon Mərkəzi Xəstəxanası” X34 01 noyabr 2022-ci il tarixli 3048 nömrəli əmri ləğv edilməli, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənməklə İddiaçı “Zaqatala rayon Mərkəzi Xəstəxanası” X28 Maliyyə şöbəsinin, Hesabatlıq bölməsinin xəzinədarı vəzifəsi üzrə işə bərpa edilməli, iddia tələbinin qalan hissəsi rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 227.1 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə Qət etdi İddia ərizəsi qismən təmin edilsin. Zaqatala Rayon Mərkəzi Xəstəxanası” X34 01 noyabr 2022-ci il tarixli 3048 nömrəli əmri ləğv edilsin. İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə o, “Zaqatala rayon Mərkəzi Xəstəxanası” X28 Maliyyə şöbəsinin, Hesabatlıq bölməsinin xəzinədarı vəzifəsi üzrə işə bərpa edilsin. İddia tələbinin qalan hissəsi rədd edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar