Məhkəmə qərarları › İş №e-2(033)-29/2023

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-29/2023

11.05.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-29/2023 11.05.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Ayşə İsrafil qızının katibliyi, İddiaçı və onun nümayəndəsi, vəkil Nümayəndə, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “qəsdə son qoyma və zəbt olunmuş əmlakdan çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddia tələbinin dəlilləri: İddiaçı Cavabdeh qarşı “qəsdə son qoyma və zəbt olunmuş əmlakdan çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh, qeydiyyat nömrəsi ********** və **********, qeydiyyat tarixi 15 noyabr 2021-ci il olan "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış"lara əsasən İddiaçı xüsusi mülkiyyətində olan Zaqatala rayonu, Üçüncü Tala kəndində yerləşən 0,1801 ha və 0,4262 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən iddiaçının istifadə və sahiblik etməyinə qarşı yönəlmiş əmlaka daxil olmağa qoymamaqla müşayiət olunan qərəzli hərəkətlərinə son qoyulması, cavabdehin zəbt etdiyi həmin torpaq sahələrindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun mülkiyyətində Zaqatala rayonu Üçüncü Tala kəndində 0,1801 ha və 0,4262 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri vardır. Qeyd olunan əmlaklar üzərində iddiaçının hüquqları 15 noyabr 2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”larla rəsmiləşdirilmişdir. İş üzrə Cavabdeh onun mülkiyyətində olan Zaqatala rayonu Üçüncü Tala kəndində 0,1801 ha və 0,4262 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin zəbt etmiş və dolayısıyla da iddiaçının həmin əmlaklardan istifadə və sahiblik etməsinə maneçilik törətmişdir. O, iş üzrə cavabdehdən mülkiyyətində olan əmlakdan istifadə və sahiblik etməyinə qarşı yönəlmiş qərəzli hərəkətlərinə son qoymasını, zəbt etdiyi həmin əmlakdan çıxmasını tələb etməsinə baxmayaraq sonuncu bundan qərəzli olaraq imtina etmişdir. Bu səbəbdən o məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı nümayəndəsi, vəkil Nümayəndə məhkəməyə “iddia tələbinin həcminin azaldılması” barədə ərizə ilə müraciət edərək Cavabdeh İddiaçı xüsusi mülkiyyətində olan Zaqatala rayonu, Üçüncü Tala kəndində yerləşən 0,4262 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılması və sair tələb üzrə iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı və onun nümayəndəsi vəkil Nümayəndə məhkəmə iclasında iddia ərizəsinin məzmununa oxşar izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Cavabdeh məhkəmə iclasına iddia tələbini qəbul etməyərək göstərmişdir ki, iddiaçı onun baldızıdr. Digər baldızı Cəriyət xəstə olarkən özünə məxsus, hazırda mübahisələndirlən torpaq səhəsini satdığını bildirmiş və o, üç oğlu olduğundan torpaq sahəsinə ehtiyacı olduğu üçün həmin torpaq sahəsini almışdır. Lakin onunla aralarında alqı-satqı rəsmiləşdirilməmişdir. Belə ki, Cəriyət ağır xəstə olmuş və onu notariat kontoruna apara bilməmişlər. Həmin vaxtları iddiaçı ona demişdir ki, o, Cəriyətə baxdığı üçün sonuncuya məxsus torpaq sahəsi onun olsun. Lakin Cəriyət vəfat etdikdən sonra iddiaçı həmin torpaq sahəsini adına rəsmiləşdirərək ondan bu torpaq sahəsindən çıxmasını tələb edir. Odur ki, göstərilənlərin nəzərə alınmasını xahiş etmişdir. İşin halları Mülki işin materiallarında olan qeydiyyat tarixi 15 noyabr 2021-ci il, qeydiyyat nömrəsi ********** olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və A N 640075 nömrəli Torpaq sahəsinin planı və ölçüsünün surətindən görünür ki, Zaqatala rayonunun Üçüncü Tala kəndində yerləşən 0,1801 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 221 nömrəli reyestr kitabının 51 nömrəli vərəqində qeydiyyata alınmışdır. Mülki işin materiallarında olan qeydiyyat tarixi 15 noyabr 2021-ci il, qeydiyyat nömrəsi ********** olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və A N 640076 nömrəli Torpaq sahəsinin planı və ölçüsünün surətindən görünür ki, Zaqatala rayonunun Üçüncü Tala kəndində yerləşən 0, 4262 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 219 nömrəli reyestr kitabının 75 nömrəli vərəqində qeydiyyata alınmışdır. Mülki işin materiallarında olan qeydiyyat tarixi 12 fevral 2018-ci il, qeydiyyat nömrəsi ********** olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və A N 346150 nömrəli Torpaq sahəsinin planı və ölçüsünün surətindən görünür ki, Zaqatala rayonunun Üçüncü Tala kəndində yerləşən 0,3195 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ üzrə X3, Cavabdeh, X4, X5 və X1 adına daşınmaz əmlakın dövlət reyestrində 126 nömrəli reyestr kitabının 8 nömrəli vərəqində qeydiyyata alınmışdır. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 03 aprel 2023-cü il tarixli 10/871 saylı ekspert rəyindən görünür ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş qeydiyyat nömrəsi ********** və ********** qeydiyyat tarixi xx.xx.2021-ci il olan Çıxarışlara əsasən İddiaçı tam mülkiyyət hüququ üzrə mülkiyyətində olan 0,1801 ha və 0,4262 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən 0,4262 ha olan ərazi bütövlükdə cavabdeh tərəfindən istifadə edilir və 0,18 ha olan torpaq sahəsi isə iddiaçının öz istifadəsindədir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş qeydiyyat nömrəsi ********** qeydiyyat tarixi xx.xx.2021-ci il olan Çıxarışda qeyd edilən 0,4262 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi bütövlükdə Cavabdeh tərəfindən istifadə olunur. Torpaq sahələrinin ölçüləri, yerləşmə vəziyyəti, koordinatları tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Mülki işin materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsi 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyekti ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 157.1-ci və 157.2-ci maddələrinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının 25 iyun 1999-cu il tarixli Qanunu ilə təsdiq edilmiş Torpaq Məcəlləsinin 55-ci maddəsində torpaq sahəsi üzərində hüquqların yaranmasının əsasları müəyyən edilmişdir. Həmin normaya görə hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları- müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr, hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər, məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü, həmçinin vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Azərbaycan Respublikası Torpaq Məcəlləsi 67-ci maddəsinin 1-ci hissəsində müəyyən edilmişdir ki, torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 68-ci maddəsində torpaq sahələri üzərində hüquqların yaranma vaxtı müəyyən edilmişdir. Həmin normaya görə torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. 84-cü maddəsində müəyyən edilmişdir ki, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. 111-ci maddəsinin tələbinə əsasən, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 218.1-ci maddəsinə əsasən, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tərəflərin izahatı və işdə olan sənədlərin bilavasitə tədqiqi nəticəsində aydın oldu ki, Zaqatala rayonu Üçüncü Tala kəndində yerləşən 0, 1801 və 0,4262 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsində xx.xx.2021-ci il tarixdə Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində ********** və ********** nömrələr ilə qeydiyyata alınmış çıxarışlara əsasən tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 03 aprel 2023-cü il tarixli 10/871 saylı ekspert rəyindən görünür ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş qeydiyyat nömrəsi ********** və ********** qeydiyyat tarixi xx.xx.2021-ci il olan Çıxarışlara əsasən İddiaçı tam mülkiyyət hüququ üzrə mülkiyyətində olan 0,1801 ha və 0,4262 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən 0,4262 ha olan ərazi bütövlükdə cavabdeh tərəfindən istifadə edilir və 0,18 ha olan torpaq sahəsi isə iddiaçının öz istifadəsindədir. Göründüyü kimi, iddiaçı Zaqatala rayonu Üçüncü Tala kəndində yerləşən 0,1801 ha və 0,4262 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin mülkiyyətçisidir və onun öz əmlakından öz istədiyi kimi istifadə etmək hüququ vardır. Ona məxsus 0,4262 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh tərəfindən zəbt edilmişdir. Cavabdehin mübahisələndirilən torpaq sahəsi üzərində qanunla qorunan hər hansı hüquqları əmələ gəlmədiyi halda zəbt edilmiş torpaq sahəsindən istifadə edir. Buna görə də, məhkəmə hesab edir ki, mülkiyyətçinin özünə mülkiyyət hüququ ilə məxsus olan torpaq sahəsindən sərbəst və maneəsiz istifadə etmək hüququ bərpa olunmalı, Cavabdeh iddiaçının tam mülkiyyət hüququ üzrə mülkiyyətində olan 0,4262 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılmalı və cavabdehin iddiaçının istifadə və sahiblik etməyinə qarşı yönəlmiş əmlaka daxil olmağa qoymamaqla müşayiət olunan qərəzli hərəkətlərinə son qoyulmalıdır. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu tələb olunmadığından həmin xərc onun özünə aid edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat Cavabdeh alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı qeydiyyat tarixi 15 noyabr 2021-ci il, qeydiyyat nömrəsi ********** olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət hüququ üzrə mülkiyyətində olan Zaqatala rayonu Üçüncü Tala kəndində yerləşən 0,4262 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən Cavabdeh çıxarılsın və cavabdehin iddiaçının istifadə və sahiblik etməyinə qarşı yönəlmiş əmlaka daxil olmağa qoymamaqla müşayiət olunan qərəzli hərəkətlərinə son qoyulsun. İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu tələb olunmadığından həmin xərc onun özünə aid edilsin. Ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat Cavabdeh alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X2, Kod: 210005 VÖEN ********** m/h AZ 41 NABZ******************** S.W.İ.F.T. Bik:CTREAZ 22) köçürülsün. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar