Məhkəmə qərarları › İş №e-2(033)-29/2024

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-29/2024

20.02.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-29/2024 20.02.2024 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Ayşə İsrafil qızının katibliyi , İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma, həmin torpaq sahəsinin ona təhvil verilməsi və pul tələbi”nə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi İddia tələbinin dəlilləri: İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma, həmin torpaq sahəsinin ona təhvil verilməsi və pul tələbi”nə dair iddia ərizəsi ilə müraciət edərək Zaqatala rayonu Mamrux kəndində yerləşən, AR ƏMDK yanında DƏDRX-in Zaqatala Ərazi İdarəsinin verdiyi xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli Dövlət reyestrindən verilmiş çıxarışda göstərilən 0,3706 ha torpaq sahəsindən cavabdehin çıxarılması, həmin torpaq sahəsinin ona təhvil verilməsi, vurduğu ziyana görə cavabdehdən 1000 manat pulun və ödədiyi 200 manat vəkil xidmət haqqının və 30 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xüsusi mülkiyyətində Zaqatala rayonu Mamrux kəndində yerləşən 0,3706 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. Həmin torpaq sahəsi daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınaraq xx.xx.2020 qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Dövlət reyestrindən Çıxarış verilmişdir. Həmin torpaq sahəsi islahat zamanı 1996-cı ildə qəbul olunmuş X3 Qanuna əsasən verilmişdir. Həmin torpaq sahəsi uzun illərdir ki, qanunsuz olaraq cavabdeh tərəfindən zəbt edilmişdir və cavabdeh onu həmin torpaq sahəsindən istifadə etməyə qoymur. Bununla da onun mülkiyyət hüququ cavabdeh tərəfindən qanunsuz olaraq pozulmuşdur. Dəfələrlə cavabdehdən torpaq sahəsindən çıxmasını tələb etsə də, cavabdeh müxtəlif bəhanələr gətirərək torpaqdan çıxmaq istəmir. Könüllü olaraq torpaqdan çıxmadığına görə o, məhkəməyə müraciət etməli olmuşdur. Bundan başqa torpaq sahəsinin mülkiyyət sənədini 2020-ci ildə aldığına görə 2020-ci ildən indiyə qədər torpaq sahəsi onun xüsusi mülkiyyəti hesab olunur. Həmin tarixdən torpaq sahəsindən istifadə edib gəlir əldə edə bilərdi. Lakin cavabdehin qanunsuz hərəkətləri nəticəsində torpaq sahəsini əkib-becərə bilmir və oradan gəlir əldə edə bilmir. Hesablamalarına görə həmin torpaq sahəsində qarğıdalı məhsulu əkərək hər il ən azı 500 manat gəlir əldə edə bilərdi. Ona görə də 2 il müddətində gəlir əldə etmədiyinə görə hər il üçün 500 manat olmaqla, cəmi 1000 manat dəymiş ziyanı və yaxud da əldən çıxmış faydanı cavabdehdən tələb edir. İddiaçı 19 aprel 2023-cü il tarixdə “iddia tələbinin həcminin artırılması” barədə ərizə ilə məhkəməyə müraciət edərək əlavə olaraq 70 manat dövlət rüsumu ödədiyini bildirmiş və cavabdehdən 100 manat dövlət rüsumunun tutularaq ona ödənilməsini xahiş etmişdir. İddiaçı 20 fevral 2024-cü il tarixdə keçirilən məhkəmə iclasında “iddia tələbinin bir hissəsindən imtina edilməsi” barədə ərizə təqdim edərək iddia tələbinin vurulmuş ziyana görə cavabdehdən 1000 manat pulun alınması hissəsindən imtina etdiyini bildirmiş və ona məxsus torpaq sahəsinin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə məhkəmənin icraatına qəbul edilmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi və əlavə olaraq göstərdi ki, o, tam şəkildə özünə məxsus torpaq sahəsinin ona qaytarılmasını istəyir. Cavabdeh 06 dekabr 2023-cü il tarixdə keçirilən məhkəmə iclasında iddia tələbini qəbul etməyərək göstərmişdir ki, ona məxsus torpaq sahəsindən 10 sot torpaq sahəsi iddiaçıya verilərsə onun torpaq sahəsi əskiləcəkdir. Ona verilən torpaq sahəsinə Çıxarış almaq üçün DƏDR-ə müraciət etmiş və həmin sənədin hazır olmasını gözləyir. Odur ki, iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, o gəlməməsinin üzrlü olması barədə məhkəməyə heç bir sənəd təqdim etməmişdir. Məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları Mülki işin materiallarında olan Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş qeydiyyat nömrəsi ********** olan Çıxarışın və “Torpaq sahəsinin planı və ölçüsü”nün surətindən görünür ki, Zaqatala rayonunun Mamrux kəndində yerləşən 0,3706 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 159 nömrəli reyestr kitabının 25 nömrəli vərəqində xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır. Mülki işin materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala ərazi idarəsinin 21 avqust 2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 18 iyun 2020-ci il olan Çıxarışa əsasən İddiaçı tam mülkiyyət hüququ üzrə mülkiyyətində olan 0,3706 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin koordinatlarına əsasən yerləşmə vəziyyəti vətəndaşların naturada istifadə etdikləri torpaq sahələrinin ölçülərinə uyğun olmayan ölçülərlə istifadə olunur. Mövcud xəritə materialları ilə natura arasındakı bu cür uyğunsuzluqların aradan qaldırılması Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında X2 Uçotu İnformasiya Sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları” əsasında aparılan uçot işləri ilə bağlı həmin ərazidə dürüstləşmə işləri aparılaraq yeni uçot xəritələri hazırlanmış və vətəndaşların torpaq sahələri pay normalarına uyğun olaraq elektron baza məlumatlarında öz əksini tapmışdır. X2 Uçotu xəritəsinə əsasən İddiaçı mülkiyyətinə işlənilmiş 0,3706 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,10 ha hissəsi Cavabdeh tərəfindən, qalan 0,2706 ha hissəsi isə digər vətəndaşlar tərəfindən istifadə edilir. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 26 oktyabr 2023-cü il tarixli 10/7608 saylı ekspert rəyindən görünür ki, Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 18 iyun 20220-ci il olan Çıxarışa əsasən İddiaçı tam mülkiyyət hüququ üzrə mülkiyyətində olan 0,3706 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin koordinatlarına əsasən yerləşmə vəziyyəti vətəndaşların naturada istifadə etdikləri torpaq sahələrinin ölçülərinə uyğun olmayan ölçülərlə istifadə olunur. Mövcud xəritə materialları ilə natura arasındakı bu cür uyğunsuzluqların aradan qaldırılması Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında X2 Uçotu İnformasiya Sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları” əsasında aparılan uçot işləri ilə bağlı həmin ərazidə dürüstləşmə işləri aparılaraq yeni uçot xəritələri hazırlanmış və vətəndaşların torpaq sahələri pay normalarına uyğun olaraq elektron baza məlumatlarında öz əksini tapmışdır. X2 Uçotu xəritəsinə əsasən İddiaçı mülkiyyətinə işlənilmiş 0,3706 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,10 ha hissəsi Cavabdeh tərəfindən, qalan 0,2706 ha hissəsi isə digər vətəndaşlar tərəfindən istifadə edilir. Mülki işin materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Mülki işin materiallarında olan 10 mart 2023-cü il tarixli və 19 aprel 2023-cü il tarixli mədaxil qəbzlərindən görünür ki, İddiaçı tərəfindən cəmi 100 manat dövlət rüsumu ödənilmişdir. Mülki işin materiallarında olan 10 mart 2023-cü il tarixli 14838 saylı qəbzin surətindən görünür ki, Zaqatala rayon Vəkil Bürosuna 200 manat xidmət haqqı ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsi 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyekti ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsi 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 76.1-ci və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 217.3-cü və 217.4-cü maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının izahatını dinləyib, mülki işin materiallarını araşdırıb, işin məhkəmə baxışı zamanı toplanmış sübutları qiymətləndirib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iddiaçı tələbini mülkiyyətində olan 0,3706 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin cavabdеh tərəfindən zəbt еdilməsi ilə əsaslandırmışdır. Yanaşı yoхlanılmış Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala ərazi idarəsinin xx.xx.2023-cü il tarixli mütəxəssis və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/7608 saylı ekspert rəyləri ilə isə iddiaçının mülkiyyətində 0,3706 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin yalnız 0,10 ha hissəsinin cavabdeh, qalan 0,2706 ha hissəsinin isə digər vətəndaşlar tərəfindən istifadə edildiyi müəyyən еdilmişdir. Məhkəmə rəyləri vеrmiş mütəxəssis və еkspеrtin mühəndislik sahəsində хüsusi biliklərinin olmasını nəzərə alaraq, iddiaçının mülkiyyətində olan 0,3706 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin yalnız 0,10 ha hissəsinin cavabdehin, qalan 0,2706 ha hissəsinin isə digər vətəndaşların istifadəsində olmasına dair mütəxəssis və ekspert rəyləri ilə müəyyən еdilənləri işin hallarına uyğun sayır. Məhkəmə cavabdеhin iddiaçının mülkiyyətində olan torpaq sahəsinə qanuni və ya müqavilə əsası ilə sahiblənməsi barədə sübut təqdim еtmədiyini, əksinə həmin sahənin özünə aid olması əsası ilə iddiaya еtiraz еtməsini, lakin bu barədə də sübut təqdim еtmədiyini nəzərə alaraq, onun torpaq sahəsinin 0,10 ha hissəsini zəbt еtməsi və bu sahənin onun qanunsuz sahibliyində olması nəticəsinə gəlir. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsinin 0,10 ha hissəsinin cavabdeh tərəfindən zəbt olunması tam təsdiq olunduğundan, torpaqların özbaşına tutulması qanunla qadağan olduğundan, torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalı olduğundan, iddiaçının mülkiyyətdə olan torpaq sahəsini cavabdehin qanunsuz sahibliyindən geri tələb etmək, özünə məxsus olan torpaq sahəsindən sərbəst və maneəsiz istifadə etmək hüququ olduğundan, cavabdeh iddiaçının mülkiyyətində olan 0,3706 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,10 ha hissəsindən çıxarılmalı və həmin hissə iddiaçıya təhvil verilməlidir. İddiaçının mülkiyyətində olan 0,3706 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin qalan 0,2706 ha hissəsi digər vətəndaşlar tərəfindən istifadə edilməklə, cavabdеhin qanunsuz sahibliyində olmadığından iddia tələbi cavabdehin iddiaçının mülkiyyətində olan 0,3706 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin qalan 0,2706 ha hissəsindən çıxarılmasına və həmin hissənin iddiaçıya təhvil verilməsinə dair hissədə təmin еdilə bilməz. Məhkəmə hesab edir ki, ödənilmiş 100 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesaba əsasən digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməli olduğunu nəzərə alaraq, iddia tələbinin vəkilə ödənilmiş 200 manat xidmət haqqının cavabdehdən alınaraq xeyrinə qətnamə çıxarılan iddiaçıya ödənilməsi hissəsinə münasibət bildirərək hesab edir ki, iddia tələbi qeyd edilən hissədə əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia qismən təmin еdildiyindən, 50 manat ekspertiza xərcinin 25 manatı iddiaçıdan, 25 manatı isə cavabdehdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi İddia qismən təmin edilsin. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2020-ci il olan Çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Zaqatala rayonu Mamrux kəndində yerləşən 0,3706 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,10 ha hissəsindən Cavabdeh çıxarılsın və həmin hissə İddiaçı təhvil verilsin. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu və vəkilə ödənilmiş 200 (iki yüz) manat xidmət haqqı Cavabdeh tutularaq İddiaçı ödənilsin. Ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manatın 25 (iyirmi beş) manatı İddiaçı, 25 (iyirmi beş) manatı isə Cavabdeh alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X1, Kod: 210005 VÖEN ********** m/h AZ 41 NABZ******************** S.W.İ.F.T. Bik:CTREAZ 22) köçürülsün. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar