Məhkəmə qərarları › İş №e-2(033)-319/2023

Zaqatala Rayon Məhkəməsi Qərardad — İş №e-2(033)-319/2023

03.02.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Zaqatala rayonu İş № e-2(033)-319/2023 03.02.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Mən, Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlu, İddiaçılar X1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Kadastr və Yerquruluşu Layihə-X3 Məsuliyyətli Cəmiyyətinə və Zaqatala rayonu Mazıx bələdiyyəsinə qarşı kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinə nəzərdə tutulmuş gediş-gəliş yolunun bağlanmış hissəsinin xəritədə göstərilən qaydada müəyyən edilməklə açılması tələbinə dair iddia ərizəsini nəzərdən keçirib müəyyən etdim: İddiaçılar X2, İddiaçı2, İddiaçı3 və İddiaçı4 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Zaqatala rayon Aqrar İslahat Komissiyasının 25 sentyabr 2003-cü il tarixli 110 nömrəli qərarı ilə onlara verilmiş 23 dekabr 2022-ci il tarixdə ********** qeydiyyat nömrəli çıxarışla ümumi birgə mülkiyyət hüququ ilə rəsmiləşdirilmiş, Zaqatala rayonu Mazıx kəndində yerləşən 1.1553 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinə nəzərdə tutulmuş gediş-gəliş yolunun bağlanmış hissəsinin xəritədə göstərilən qaydada müəyyən edilməklə açılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdırıb belə nəticəyə gəlirəm ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152-ci maddəsi rəhbər tutularaq məhkəmənin icraatına qəbul edilmədən geri qaytarılmalıdır. Belə ki, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.1-149.4-cü maddələrinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Ərizədə aşağıdakılar göstərilməlidir: ərizənin verildiyi məhkəmənin adı; iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat; “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat; ərizəyə əlavə edilən sənədlərin siyahısı. İddiaçı bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə haqlıdır. Ərizədə mübahisənin düzgün həll edilməsi üçün zəruri olan digər məlumatlar, həmçinin iddiaçının vəsatətləri də göstərilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.1-ci maddəsinə əsasən iddia ərizəsinə aşağıdakı sənədlər əlavə edilir: 150.1.1. cavabdehlərin və üçüncü şəxslərin sayına görə iddia ərizəsinin surətləri (iddia ərizəsi elektron formada verildiyi hal istisna olmaqla); 150.1.2. dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd; 150.1.3. iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanmasını təsdiq edən sənəd (iddia ərizəsi elektron qaydada verildiyi halda belə səlahiyyətin elektron imza ilə təsdiq edildiyi hal istisna olmaqla); 150.1.4. bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd; 150.1.5. iddia ərizəsi elektron qaydada verildiyi hal istisna olmaqla, iddia ərizəsində göstərilən bütün yazılı sübutların işdə iştirak edən şəxslərin sayına görə surətləri; 150.1.6. müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir); 150.1.7. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd. 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1-ci və 152.1.1-ci maddələrinə görə, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.1 və 152.1.5-ci maddələrinə görə, iddia ərizəsi müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunun dərəcələri müəyyən olunmuşdur. Həmin Məcəllənin 108.3-cü maddəsinə əsasən dövlət rüsumu yalnız elektron ödəniş sistemləri vasitəsilə ödənilməlidir. Müəyyən etdim ki, iddiaçılar, cavabdeh qismində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Kadastr və Yerquruluşu Layihə-X3 Məsuliyyətli Cəmiyyətini və Zaqatala rayonu Mazıx bələdiyyəsini iddialarında qeyd etsələr də, onlara qarşı bir-biri ilə əlaqədar olmayan iddia ilə məhkəməyə müraciət etmiş və bu tələb fərqli cavabdehlərə ünvanlanmalı olduğu halda iddia ərizəsi yalnız iki cavabdehə qarşı verilmişdir. İddia tələbindən görünür ki, iddiaçı torpaq sahəsinə nəzərdə tutulmuş gedişgəliş yolunun bağlanmış hissəsinin xəritədə göstərilən qaydada müəyyən edilməklə açılmasını tələb edir, lakin, həmin yolun kimin və ya kimlərin hesabına açılmasını öz tələbində əsaslandırmamış, həmin şəxsləri işə cəlb etməmişdir. Müəyyən etdim ki, İddiaçı2 hazırki tələbi ilə bağlı iddia ərizəsinə Zaqatala Rayon Məhkəməsinin hesabına 100 (bir yüz) manat məbləğində dövlət rüsumunun ödənilməsi barədə qəbz əlavə etməli olduğu halda, o, 1 (bir) manat məbləğində dövlət rüsumunun ödənilməsi barədə qəbz əlavə etmişdir. Bu səbəbdən iddia ərizəsi və ona əlavə edilən sənədlər geri qaytarılmalı, iddiaçılara göstərilənlərə əməl etməklə yenidən məhkəmədə iddia qaldıra bilmək hüququ izah edilməlidir. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1 və 114.1.3-cü maddələrinə əsasən ödənilmiş dövlət rüsumu bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151, 263- 264, 267-268-ci maddələrinə əsaslanaraq, q ə r a r a a l d ı m: İddiaçılar X1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Kadastr və Yerquruluşu Layihə-X3 Məsuliyyətli Cəmiyyətinə və Zaqatala rayonu Mazıx bələdiyyəsinə qarşı kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinə nəzərdə tutulmuş gediş-gəliş yolunun bağlanmış hissəsinin xəritədə göstərilən qaydada müəyyən edilməklə açılması tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddiaçılar X1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Kadastr və Yerquruluşu Layihə-X3 Məsuliyyətli Cəmiyyətinə və Zaqatala rayonu Mazıx bələdiyyəsinə qarşı kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinə nəzərdə tutulmuş gediş-gəliş yolunun bağlanmış hissəsinin xəritədə göstərilən qaydada müəyyən edilməklə açılması tələbinə dair ərizənin verilməsi üçün ödənilmiş 1 (bir) manat dövlət rüsumu dövlət büdcəsindən İddiaçı2 geri qaytarılsın. İddiaçıya qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ikinci dəfə məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Zaqatala Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Tural Həsənov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar