Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-365/2024 30.05.2024 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, X1 katibliyi İddiaçı və cavabdeh Zaqatala Rayon Muxax Bələdiyyəsinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Zaqatala Rayon Muxax Bələdiyyəsinə qarşı torpaq sahəsinin satılmasına dair qərarın etibarlı hesab edilməsi tələbinə dair mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakıları müəyyən etdi İddia tələbinin dəlilləri: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Zaqatala rayonu Muxax bələdiyyəsi ilə İddiaçı arasında olan Zaqatala rayonu Muxax kəndində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsinin ayrılmasına və bilavasitə satılmasına dair xx.xx.2012ci il tarixli qərarının etibarlı (bağlanmış) hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ərizəsi əsasında xx.xx.2012-ci il tarixdə Muxax bələdiyyəsi ev tikintisi üçün ona 0.12 ha həyətyani torpaq sahəsinin ayrılmasına və bilavasitə satılmasına dair qərar qəbul etmişdir. Bununla bağlı torpaq ayırma sənədləri hazırlanmış, müvafiq orqanlardan lazımi icazə və rəylər alınmışdır. Bu işlərlə əlaqədar Muxax bələdiyyəsinə həyətyani torpaq sahəsinin dəyəri olan 840 manat vəsait köçürülmüş, daha sonra isə 80 manat və 50 manat məbləğində bələdiyyəyə əlavə olaraq pul köçürülməsi təmin olunmuşdur. Qeyd edilən müddətlərdən sonra alqı-satqı müqaviləsinin bağlanması üçün bələdiyyə sədrlərinin dəyişməsi və bələdiyyə mülkiyyətinə aid çıxarışın alınmamasına aid və sair bəhanələrlə bu məsələ uzadılmışdır. Nəhayət ona torpağın çıxarışı alınması məlum olduqdan sonra Muxax bələdiyyəsinə şifahi müraciət etdikdə ondan əlavə olaraq 2280 manat pul tələb etmişlər. Hələ ilkin sənədlər hazırlanarkən o dövrdəki bələdiyyə sədri Akif Abdullayev də ondan 400 manat hansısa sənəd üçün nağd pul almışdır. Sonda bələdiyyəyə rəsmi müraciət edərək müqavilə bağlanmasını xahiş etdikdə ona həqiqəti təhrif edən bir cavab verildiyindən narazılığını bildirmişdir. Belə ki, məktubda qeyd edilən vəsaiti o 2017-ci ildə deyil, 2012-ci ilin iyul ayında ödəmişdir. Digər tərəfdən həmin dövr üçün həyətyanı torpaq sahələrinin bilavasitə satış qiyməti 28.02.12-ci il tarixli arayışda 466,46 manat göstərilsə də o bələdiyyəyə 840 manat ödəmişdir. Məktubda qeyd olunur ki, guya müqavilənin gecikməsi onun təqsirindən baş verib. Məktubda qeyd olunanlardan heç biri həqiqəti əks etdirmir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdi və qanuni qərar qəbul edilməsini xahiş etdi. Eyni zamanda çıxışını və izahatını təqdim etdi. Çıxışında göstərilmişdir ki, iddia ərizəsində göstərdiyi kimi Muxax bələdiyyəsinin xx.xx.2012-ci il tarixli şura iclasında ona ev tikmək üçün 0.12 ha həyətyanı torpaq sahəsini bilavasitə satılması qərara alınmışdır. Bununla bağlı bütün lazımi sənədlər müvafiq orqanlardan alınmışdır. Bundan sonra o, bələdiyyəyə torpağın alqı-satqı qiyməti olaraq 840 manat pulu o vaxt mövcud olan Texnika Bank ASC vasitəsi ilə xx.xx.2012-ci il tarixdə ödəmişdir. Halbuki iş materallarında olan xx.xx.2012-ci il tarixli arayışda o zamanki, satış qiyməti 466 manat göstərilmişdir. İş materiallarında ödəmə qəbzi vardır. Daha sonra xx.xx.2020-ci ildə 50 manat, xx.xx.2020-ci ildə isə əlavə 80 manat Zaqatala rayonu Muxax Poçtu vasitəsi ilə bələdiyyəyə ödəmişdir. Muxax bələdiyyəsinin sədri Elvin Yusifov məktubunda həmin pulların, yəni 130 manatın torpaq sənədlərinin hazırlanması üçün Zaqatala 18 saylı ərazi idarəsinə köçürmüş, bundan sonra plan və ölçü sənədlərinin və Çıxarışın bələdiyyəyə təhvil verilməsini göstərmişdir. Əgər torpağın ona satılmasına dair bələdiyyənin qərarı yoxdursa, onda hansı əsasla bələdiyyə onun pulu ilə plan və ölçü sənədini və Çıxarışı almışdır. Göründüyü kimi məktubda qeyd olunanlar həqiqəti əks etdirməyən faktlardır. Digər tərəfdən məktubda bələdiyyə torpağının dəyəri olan 840 manat pulun xx.xx.2017-ci ildə ödənildiyi göstərilmişdir. Deyəsən bələdiyyə sədri E.Yusifovun sənədləşmə işlərindən heç bir xəbəri yoxdur. Əgər o sənədlərlə tanış olsaydı, onda görərdi ki, həmin məbləğ xx.xx.2017-ci il tarixdə deyil, xx.xx.2012-ci ildə bank vasitəsi ilə bələdiyyəyə ödənilmişdir. İş materiallarına həmin qəbzin surəti əlavə edilmişdir. 2012-ci il üçün torpağın bazar qiyməti ilə bağlı arayış, rəylər və digər bütün lazımi sənədlər iş materaillarında vardır. Bələdiyyənin bu günə olan bazar qiyməti ilə torpağın ona satmaq istəməsi absurddur və qanuna ziddir. 2012-ci ildə bələdiyyənin alqı-satqı müqaviıləsini bağlamaması onun deyil, bələdiyyənin təqsiri üzündən baş vermişdir. Artıq 2012-ci ildən bəri həmin həyatyanı sahədə tikilmiş evdə yaşayır və üzərinə düşən vergiləri də ödəyir. Muxax bələdiyyəsi onun sahiblik hüququnu pozmuş, evinin mülkiyyətçisi olmaq hüququndan onu məhrum etmişdir. Qeyd etdiklərini nəzərə alaraq alqı-satqı müqaviləsinin bağlanmasına dair qətnamə çıxarmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdeh Zaqatala Rayon Muxax Bələdiyyəsinin nümayəndəsi X3 ərizədə qeyd edilən vaxt Bələdiyyənin mülkiyyətində olan torpaq sahəsi dövlət qeydiyyatına alınmadığından torpaq sahəsinə dair çıxarış olmamışdır. Müqavilə 2012-ci ildə bağlanılıb, lakin sonra torpaq qiymətləri bahalanıb. 840 manat 2012-ci ildə alınıb əvvəlki Bələdiyyə tərkibinin müddətidir. Bələdiyyənin ərazisində yaşayan 300 dən yuxarı adamın bu formada problemi var. Qəbzi var, ödədiyi pul nəzərə alınacaq, lakin hazırda qiymətlər fərqlidir. Hərracdan kənar onlar hec bir əməkiyyat apara bilmirlər. Hazırki şəraitdə iddiaçının həmin torpaq sahəsi üçün Bələdiyyəyə 2200 manat borcu qalır. İddiaçının məsələsinin həll edilməsinin tərəfdarıdır və qanuni qərar qəbul edilməsini xahiş edir. İşin halları: X4 Cəmiyyətinin xx.xx.2012-ci il tarixli 000002/İAn nömrəli mədaxil orderindən görünür ki, İddiaçı tərəfindən həyətyanı torpaq sahəsi üçün Muxax Bələdiyyəsinin hesabına 840 manat ödəniş edilmişdir. Hökumət ödəniş portalından verilmiş qəbzdən görünür ki, İddiaçı tərəfindən Muxax Bələdiyyəsinin hesabına 50 manat ödəniş edilmişdir. Hökumət ödəniş portalından verilmiş qəbzdən görünür ki, İddiaçı tərəfindən Muxax Bələdiyyəsinin hesabına 80 manat ödəniş edilmişdir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Zaqatala rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli rəydən görünür ki, Zaqatala rayonu Muxax bələdiyyəsi tərəfindən bilavasitə satılması nəzərdə tutulan 0,12 ha torpaq sahəsi bələdiyyənin mülkiyyətinə aiddir. Həmin torpaq sahəsinin satılmasını və DT və XK-nın Zaqatala rayon şöbəsi qanuna müvafiq hesab edir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Zaqatala rayon şöbəsi tərəfindən verilmiş 22 fevral 2012-ci il tarixli arayışdan görünür ki, İ keyfiyyət qrupuna aid Zaqatala rayonu Muxax bələdiyyəsinin mülkiyyətində olan və 18 avqust 2012-ci il tarixli 08 saylı qərarı ilə həyətyanı kimi ayrılmış 0,12 ha həyətyanı torpaq sahəsinin qiyməti 469,46 manatdır. Torpaq sahəsinin yerquruluşu xəritəsindən çıxarışdan görünür ki, Zaqatala rayonu Muxax kəndi ərazisində Muxax bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsindən Muxax kənd sakini İddiaçı verilməsi nəzərdə tutulan 0,12 ha torpaq sahəsinə dair tərtib edilmişdir. Zaqatala Rayon İcra Hakimiyyəti Başçısının Memarlıq Şöbəsi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli 697 saylı rəydən görünür ki, Zaqatala rayonu Muxax Bələdiyyəsinin mülkiyyətində olan 2 ədəd 0,12 ha torpaq sahəsinin memarlıq-tikinti tərəfindən təsdiq edilmiş kəndin baş planına əlavə müfəssəl planlaşma layihəsini nəzərə alaraq həyətyanı torpaq sahəsinin tikinti altı məqsədi ilə satışa çıxarılmasına etiraz etməmişdir. Zaqatala Rayon Dövlət Arxivi tərəfindən verilmiş 27 oktyabr 2023-cü il tarixli arxiv arayışından görünür ki, 08 avqust 2012-ci il tarixdə Zaqatala rayonu Muxax bələdiyyəsi üzvlərinin iclasın 8 saylı protokoluna əsasən Muxax bələdiyyəsinə məxsus olan adları qeyd olunan torpaq sahələrinin satışa çıxarılmasından ötrü plan və ölçülərinin (kadastr), hazırlanması üçün DT və XK-nin Zaqatala şöbəsinə həmin torpaqlar üzərində Muxax bələdiyyəsinin mülkiyyət hüququnun qeydiyyata alınması üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Ərazi İdarəsinə müraciət edilməsi barədə Muxax bələdiyyə sədri A.Abdullayevin verdiyi məlumatın nəzərə alınması, İddiaçı 0,12 həyətyanı, alqı-satqısı nəzərdə tutulan torpaq sahələrinin planı və ölçüsü (kadastr) sənədi hazırlayaraq, torpaq sahəsinin qiyməti müəyyən olunmuş sənədlə birlikdə bələdiyyəyə təqdim edilməsi Azərbaycan Respublikası DT və XK-nin Zaqatala rayon şöbəsindən xahiş edilməsi qərara alınmışdır. Zaqatala rayonu Muxax bələdiyyəsi tərəfindən İddiaçı ünvanlanmış 416 nömrəli xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, onun ərizəsi bələdiyyənin mütəxəssisləri tərəfindən araşdırılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, ərizəsinə əsasən ona bələdiyyə mülkiyyətindən 08 avqust 2012-cı il tarixli qərarı ilə 0,12 ha həyətyanı torpaq sahəsinin ayrıllması təmin edilməklə qanunvericiliyə müvafiq sənədləşmə proseduruna başlanılmışdır. O xx.xx.2017-ci il tarixdə bələdiyyə büdcəsinə 840 manat pul ödəmişdir, qeyd edilən torpaq sahəsinin sənədi çıxarışı bələdiyyədə olmadığına görə ona satılması barədə bələdiyyənin qərarı da olmamışdır. Bələdiyyə büdcəsinə sonradan ödədiyi xx.xx.2020-ci il tarixdə 80 manat və xx.xx.2020-ci ildə ödədiyi 50 manat cəmi 130 manat həmin sənədlərin hazırlanması üçün “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X5 18 saylı Zaqatala ərazi idarəsi bələdiyyə büdcəsindən ödənilmiş bələdiyyəyə 0.12 ha torpaq sahəsinin plan ölçüsü sənədi və çıxarışı xx.xx.2020-ci il tarixində təhvil verilmişdir. Həmin torpağın plan və ölçü sənədi çıxarışı bələdiyyəyə verildikdən sonra ona bələdiyyə tərəfindən yazılı və şifahi olaraq dəfələrlə müraciət edilməsinə baxmayaraq alqı-satqı işlərinin başa catdırlması üçün bələdiyyəyə müraciət etməmiş müxtəlif bəhanələrlə alqısatqı işlərini gecikdirmişdir. Qeyd edilən 0.12 ha həyətyanı torpaq sahəsinin satılması barədə bələdiyyənin qərarı olmamışdır. Bələdiyyənin qərarının olmamasının əsas səbəbi bazar qiymətinə uyğun həmin torpaq sahəsinin pulunun ödənilməsinə onun razılıq verməməsi olmuşdur. Bazar qiymətinə uyğun ödədiyi 840 manat vəsaitdən əlavə 2280 manat vəsaitin bələdiyyə büdcəsinə ödəməyi barədə razılığı olarsa 0.12 ha həyətyanı torpaq sahəsinin ona satılması barədə bələdiyyənin mövcud qanunvericiliyə müvafiq qərarı əsasında notarial qaydasına onunla bələdiyyə arasında alqı-satqı müqaviləsinin bağlanılmasının təmin edilə biləcəyi bildirilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 199 nömrəli reyestr kitabının 78 nömrəli vərəqində aparılmış qeydiyyatın rəsmiləşdirilməsinə dair Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Zaqatala rayonu Muxax kəndində yerləşən 0,12 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi tam mülkiyyət hüququ əsasında Zaqatala rayonu Muxax Bələdiyyəsinin mülkiyyətindədir. Zaqatala rayonu Muxax Bələdiyyəsinin xx.xx.2012-ci il tarixli 8 saylı qərarından görünür ki, bələdiyyənin mülkiyyətinə aid Zaqatala rayonu Muxax kəndində yerləşən həyətyanı məqsədi ilə satılması nəzərdə tutulan 1200 kv.metr torpaq sahəsinin məqsədi təyinatının həmin ərazinin yerquruluşu, planına mövcud texniki normalara, şəhərsalma qaydalarına, yaşayış məntəqəsinin baş planına, ərazinin panlaşdırılması və tikintisi layihələrinə uyğun olub-olmadığını həmin yerin başqa hüququ və fiziki şəxsin mülkiyyətinə istifadəsinə və ya icarəsinə verilib-verilmədiyini habelə elektirik. rabitə. nəqliyyat. qaz. su kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşib yerləşmədiyinin, həmin torpaq sahəsinin ayrılmasının qanunauyğunluğunun müəyyən edilməsi məqsədi ilə müvafiq rəyin verilməsi üçün Azərbaycan Respublikası DT və XK-nin Zaqatala rayon şöbəsinə müraciət edilməsi, bələdiyyənin mülkiyyətinə aid satılması nəzərdə tutulan bələdiyyə 1200 kv.metr torpaq sahəsinin həyətyanı məqsədi ilə ayrılmasının qanunauyğunluğu barədə müsbət rəy verildikdə, həmin torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq dövlət reyestrindən çıxarış və Torpaq sahəsinin plan və ölçüsü” sənədinin, üzərində mülkiyyət huququ qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak məsələləri Dövlət Xidmətinin 18 saylı Zaqatala ərazi idarəsinə müraciət edilməsi qərara alınmışdır. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Zaqatala rayon şöbəsi tərəfindən verilmiş rəydən görünür ki, Zaqatala rayonu Muxax bələdiyyəsinin 08 avqust 2012-ci il tarixli öz qərarı ilə bələdiyyənin ehtiyat fondundan həyətyanı məqsədilə ayrılmış torpaq sahəsi ilə bağlı tərtib olunmuş torpaq ayırma sənədlərinə baxılmış və tərtib edilmiş torpaq ayırma sənədləri mövcud torpaq qanunvericiliyinin tələblərinə uyğun hazırladığı üçün onun adına “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin hazırlanması məqsədə müvafiqdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 56-cı maddəsinin 2-ci hissəsinə əsasən bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahələri, habelə kənd təsərrüfatına azyararlı və yararsız torpaqları özəlləşdirilə bilər. Özəlləşdirilməsi barədə qərar qəbul edilənədək bu torpaqlar ərazinin perspektiv inkişaf proqramına xələl gətirməmək şərtilə hüquqi və fiziki şəxslərin icarəsinə verilə bilər. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi ilə müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. 56-cı maddəsinin 5-ci hissəsinə əsasən bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi və icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir. 56-cı maddəsinin 6-cı hissəsinə əsasən bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə bələdiyyənin qərarı (müqavilə) ilə, dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaqlar istifadəyə və icarəyə uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanının və bələdiyyənin qərarı (müqavilə) ilə verilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. 9.8-ci maddəsinə əsasən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə müəyyən edilən hallar istisna olmaqla, bu Qanunun 9.1-ci maddəsində müəyyən edilmiş əsaslarla mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi əldə etmiş şəxs həmin torpaq sahəsini beş il müddətində özgəninkiləşdirə bilməz. Belə məhdudiyyət bələdiyyənin qərarında və bu Qanunun 6.2-ci maddəsinə əsasən tərəflər arasında bağlanmalı olan müqavilədə nəzərdə tutulmalıdır. 27.2-ci maddəsinə əsasən bələdiyyə torpaqlarının idarə edilməsi ilə bağlı, habelə bələdiyyələr ilə torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri arasında mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında həll edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin xx.xx.2005-ci il 949-İİQD saylı “Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikasının Qanununa və həmin qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu ilə Mülki Məcəllədən çıxarılanadək qüvvədə olmuş 335.2-ci maddəsinə əsasən tərəflərdən biri notariatda təsdiq edilməli olan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdi notariatda təsdiq etməkdən boyun qaçırırsa, əqddə qanuna zidd əməl olmadıqda, məhkəmə əqdi icra etmiş şəxsin tələbi ilə onu bağlanmış hesab etməyə haqlıdır. Bu halda, əqdin notariat tərtibatı tələb olunmur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmənin mövqeyi Məhkəmə sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia rədd olunmalıdır. Belə ki, iddiaçı cavabdeh ilə arasında olan Zaqatala rayonu Muxax kəndində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsinin ayrılmasına və bilavasitə satılmasına dair xx.xx.2012-ci il tarixli qərarının etibarlı (bağlanmış) hesab edilməsini tələb edir. İşin müəyyən edilmiş hallarından isə görünür ki, Zaqatala rayonu Muxax Bələdiyyəsinin xx.xx.2012-ci il tarixli 8 saylı qərarı mübahisələndirilməmiş, ləğv edilməmiş və ya etibarsız sayılmamış və hazırda qüvvədədir. İddiaçı tələbini, tоrpağın dəyərini cavabdehə ödəməsi, cavabdehin torpağın ona bu günə olan bazar qiyməti ilə satmaq istəməsinin qanuna zidd оlması, 2012-ci ildə bələdiyyənin alqı-satqı müqaviləsini bağlamamasının onun deyil, bələdiyyənin təqsiri üzündən baş verməsi ilə əsaslandırmışdır. Məhkəmə işdə olan və tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək, iddia tələbi üzrə belə nəticəyə gəlir ki, Zaqatala rayonu Muxax Bələdiyyəsinin xx.xx.2012-ci il tarixli 8 saylı qərarı hazırda qüvvədə оlduğundan, eləcə də tərəflərdən biri notariatda təsdiq edilməli olan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdi notariatda təsdiq etməkdən boyun qaçırırsa, əqddə qanuna zidd əməl olmadıqda, məhkəmənin əqdi icra etmiş şəxsin tələbi ilə onu bağlanmış hesab etməyə haqlı оlduğuna dair maddi hüquq nоrması mübahisəli hüquq münasibətinin yarandığı zaman artıq qüvvədə оlmadığından iddia tələbi rədd edilməlidir. Məhkəmə оnu da qeyd etməyi zəruri sayır ki, iddia tələbindən də göründüyü kimi, iddiaçı xx.xx.2012-ci il tarixli qərarı ilə bağlı cavabdehin hərəkətsizliklərindən narazı оlsa da, оnun hərəkətsizliyini inzibati məhkəmə icraatı qaydasında mübahisələndirməyərək, hazırkı iddia ilə müraciət etmişdir. Halbuki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 4 saylı Qərarının 6.1-ci bəndində qeyd edilmişdir ki, … dövlətin və bələdiyyələrin mülkiyyətində olan torpaqların fiziki və hüquqi şəxslərin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməsi dövlət orqanının və ya bələdiyyənin qərarı ilə həyata keçirildiyindən fiziki və hüquqi şəxslərlə hakimiyyət səlahiyyətlərinin subyektləri olan həmin orqanlar arasında onların torpaqla bağlı qərarlarından, hərəkətlərindən (hərəkətsizliklərindən) verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Şərh edilənələrə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 214, 216-220, 227, 233 və 360-cı maddələrinə əsaslanaraq, məhkəmə Qət etdi İddiaçı cavabdeh Zaqatala Rayon Muxax Bələdiyyəsinə qarşı, cavabdeh Zaqatala rayonu Muxax bələdiyyəsi ilə İddiaçı arasında olan Zaqatala rayonu Muxax kəndində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsinin ayrılmasına və bilavasitə satılmasına dair xx.xx.2012-ci il tarixli qərarının etibarlı (bağlanmış) hesab edilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Vüqar Məmmədov.
Məhkəmə qərarları › İş №e-2(033)-365/2024
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-365/2024
30.05.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver