Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-370/2022 10.06.2022 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, İddiaçıların nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı cavabdehin torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsində iddiaçıların mülkiyyət hüquqlarının bərpa edilməsi, həmin torpaq sahəsinə sahib olması, ondan istifadə etməsinə yönəlmiş cavabdehin qərəzli hərəkətlərinə və qəsdlərinə son qoyulması, həmin torpaq sahəsində cavabdeh tərəfindən qanunsuz tikilmiş tikilinin cavabdehin hesabına sökülməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakıları müəyyən etdi İddia tələbinin dəlilləri İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Zaqatala rayonu Mosul kəndində yerləşən JN 091F KOD 40200048 olan Torpağın Mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən iddiaçılar İddiaçı1 və İddiaçı2 məxsus 0.47 ha torpaq sahəsindən cavabdeh X5 çıxarılması, iddiaçıların həmin torpaq sahəsinə mülkiyyət hüquqlarının bərpa edilməsi, həmin torpaq sahəsinə sahib olması, ondan istifadə etməsinə yönəlmiş cavabdehin qərəzli hərəkətlərinə və qəsdlərinə son qoyulması, torpaq sahəsi əvvəlki vəziyyətinə gətirilməklə cavabdeh tərəfindən həmin torpaq sahəsində qanunsuz inşa edilmiş 130 kvm ölçüdə tikilinin onun özünün hesabına sökülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçılar İddiaçı1 və Sulxayev X6 rayonu Mosul kəndində yaşayırlar. Zaqatala rayonu Mosul kəndində aparılan torpaq islahatı nəticəsində onlara- İddiaçı1 və İddiaçı2 Zaqatala rayon Aqrar İslahat komissiyasının 23 may 1996-cı il tarixli 32 saylı qərarı ilə 0.47 ha həyətyanı torpaq sahəsi verilmişdir. Qeyd edilən 0.47 ha torpaq sahəsinə JN 091F KOD 40200048 olan Torpağın Mülkiyyətə verilməsinə dair şəhadətnamə hazırlanmış və verilmişdir. Kənddə yaşamadıqlarından istifadə edən cavabdeh X1 Mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında onlara verilmiş 0.47 ha yaşayış məntəqələri kateqoriyalı torpaq sahəsini özbaşına tutmuş və onların razılığı və icazəsi olmadan orada qanunsuz 130 kvm ölçüdə tikili inşa etmişdir. Həmin torpaq sahəsini boşaltması və qanunsuz inşa etdiyi tikilini sökməsi ilə bağlı dəfələrlə cavabdehə müraciət etsələr də, cavabdeh öz qanunsuz əməllərini davam etdirməklə onların mülkiyyət hüquqlarını pozmaqda davam edir. Qeyd edilən mübahisə ilə bağlı müxtəlif orqanlara şifahi qaydada müraciət etmişlər. Lakin mübahisələrinin mülki xarakterli olması səbəbindən məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Buna görə də, iddia tələbi ilə bağlı məhkəməyə müraciət etməyə məcbur olmuşlar. İddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinə əlavə təqdim edərək, Zaqatala rayonu Mosul kəndində yerləşən JN 09İF KOD 40200048 olan Torpağın Mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən iddiaçılar İddiaçı1 və İddiaçı2 məxsus 0.47 ha torpaq sahəsinin 0.15 ha hissəsindən cavabdeh X5 çıxarılması, iddiaçıların həmin torpaq sahəsinə mülkiyyət hüquqlarının bərpa edilməsi, həmin torpaq sahəsinə sahib olması, ondan istifadə etməsinə yönəlmiş cavabdehin qərəzli hərəkətlərinə və qəsdlərinə son qoyulması, torpaq sahəsi əvvəlki vəziyyətinə gətirilməklə cavabdeh tərəfindən həmin torpaq sahəsində qanunsuz inşa edilmiş 130 kvm ölçüdə tikilinin onun özünün hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinin həcminin azaldılmasına dair ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə iddiaçılar məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişlər və məhkəmə iclasında iştirak etməmələrinin səbəbi barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən mülki işə onların iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçıların nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçıların mülkiyyətinə torpaq sahəsi Zaqatala rayon Aqrar İslahat Komissiyasının 23 may 1996-cı il tarixli qərarı ilə verilmişdir. 2008-2011-ci illər ərzində cavabdeh tərəfindən həmin torpaq sahəsində ev tikilmişdir. Uzun müddət ərzində iddiaçıların hansı səbəbdən həmin torpaq sahəsindən cavabdehin çıxarılması barədə iddia qaldırmaması barədə onun hər hansı məlumatı yoxdur. Eyni zamanda iddiaçılar ilə cavabdehlərin razılaşma əsasında torpaq sahələrinin dəyişdirilməsi barədə də iddiaçı ona hər hansı məlumat verməmişdir. Onun bu barədə də məlumatı yoxdur. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, Zaqatala rayonu Mosul kəndində yaşayır və torpaq islahatı zamanı ona və iddiaçılara həmin kəndin ərazisində torpaq sahələri verilmişdir. 2008-ci ildə iddiaçılarla aralarında olan razılığa əsasən o iddiaçılara mülkiyyətində olan 24 sot torpaq sahəsində yerləşən fındıq bağını vermiş, iddiaçılar isə ona öz paylarına düşən torpaq sahəsinin 14 sot hissəsini vermişlər. Torpaq sahələrini dəyişdikdən sonra iddiaçıya dəfələrlə notariusa müraciət edərək dəyişikliyi rəsmiləşdirməyi təklif etmiş, lakin onlar heç bir narahatçılığa əsas olmadığını bildirərək onu arxayın salmışlar. 2008-ci ildə həmin torpaq sahəsi üzərində altıaçıq tipli tikili inşa etmiş və iddiaçılarla dəyişdiyi torpaq sahəsi üzərində 2008-ci ildən başlayaraq 2011-ci ildə tamamlamaqla özünə yaşayış evi tikmiş, iddiaçıların bu barədə məlumatları olmuş, evin tikilməsinə etirazları olmamışdır. Lakin hazırda iddiaçılar onun həmin evdən çıxmasını tələb edir. İddiaçılarla qohum və həmkəndlidirlər, hər zaman xoş münasibətdə olmuşlar, həmin evi inşa etdiyi barədə onların məlumatı olmuş hətta tikilmiş evə qonaq qismində də gəlmişlər. Torpaq sahəsi üzərində tikilmiş evi 11 il ərzində tam tikmiş və onun bu əməyi boşa getməsin deyə iddiaçıların ondan pul istədiyini bilərək həmin torpaq sahəsinin yenidən haqqını ödəməklə iddiaçılardan almağa çalışmışdır. Lakin iddiaçılar torpaq sahəsinin qarşılığında ondan 14000 manat pul tələb etmişlər, bu isə torpaq sahəsini dəyərindən qat-qat artıq məbləğdir. İddiaçılar hazırda ondan bağını geri götürməyi və dəyişilmiş torpaq sahəsini geri qaytarmağını tələb edirlər. İddia tələbini qəbul etmir və rədd edilməsini xahiş edir. Məhkəmə baxışı iclasında ştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil cavabdehin verdiyi izahata oxşar məzmunda çıxış edərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İşin halları JN-091F KOD 40200048 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, Zaqatala rayon Aqrar İslahat 23 may 1996-cı il tarixli 32 saylı qərarı ilə Zaqatala rayonu Mosul kəndində yerləşən 0,47 ha torpaq sahəsi X4 və İddiaçı2 Əlyar oğlunun mülkiyyətinə verilmişdir. Zaqatala rayonu Mosul kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş 475 nömrəli arayışdan görünür ki, həqiqətən Mosul kənd sakini X8 qanunsuz olaraq 2011-ci il tarixdə 130 kv/metr sahədən ibarət Mosul kənd sakini X3 məxsus JN -091 saylı Torpağa Mülkiyyət Hüququna Dair Şəhadətnamədə göstərilmiş həyatyanı sahəsində ev inşa etmişdir. Zaqatala rayonu Mosul kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş 87 nömrəli arayışdan görünür ki, Zaqatala RİHB-nın Mosul kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 09 nömrəli təsərrüfatbaşı kitabın 799 səhifəsində X5 doğma əmisi olan İddiaçı1 adına olan JN 091 saylı torpağa mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilmiş cizgidə 2012-ci ildə tikilmiş, 1 mərtəbəli, 3 otaqlı, 120 kv/metr ümumi sahəsi, 100 kv/metr yaşayış sahəsindən ibarət fərdi yaşayış evi özü inşa etmişdir, hal-hazırda faktiki olaraq həmin evdə ailəsi ilə birlikdə yaşayır və 0.47 ha həyətyanı torpaq sahəsi vardır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. 152.1-ci maddəsində göstərilir ki, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.6-cı maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3.4-cü maddəsinə əsasən digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə hesab edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədılə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli qərarı Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsindən və 71-ci maddəsinin İİ hissəsindən irəli gələn və Mülki Məcəllənin 16-cı maddəsində təsbit olunmuş mülki qanunvericiliyin mühüm prinsiplərindən biri olan hüquqlardan sui-istifadənin yolverilməzliyi prinsipi hüququn digər sahələrində olduğu kimi ilk növbədə iki əsas cəhəti nəzərdə tutur: zərərin vurulması və qanunvericinin müəyyən etdiyi məqsədlərə zidd şəkildə hüquqdan istifadə edilməsi. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tətqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi rədd olunmalıdır. Belə ki, məhkəmə araşdırılmasında müəyyən edildi ki, Zaqatala rayonu Mosul kəndində yerləşən 0,47 ha torpaq sahəsi Zaqatala rayon Aqrar İslahat 23 may 1996-cı il tarixli 32 saylı qərarına əsasən X4 və İddiaçı2 Əlyar oğlunun mülkiyyətinə verilmiş və bu barədə JN 091F saylı KOD 40200048 olan torpağa mülkiyyətə verilməsinə dair şəhadətnamə tərtib edilmişdir. JN 091F saylı torpağa mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilmiş cizgidə X8 2008-ci ildən başlayaraq 1 mərtəbəli, 3 otaqdan ibarət 120 kv/metr ümumi sahəsi, 100 kv/metr yaşayış sahəsi olan tikili inşa etmiş və halhazırda faktiki olaraq həmin evdə (tikilidə) ailəsi ilə birlikdə yaşayır. İddiaçılar X4 və İddiaçı2 Əlyar oğlu Cavabdeh İlyas oğlunun Zaqatala rayonu Mosul kəndində yerləşən JN 091F KOD 40200048 olan Torpağın Mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən onların mülkiyyətinə verilmiş 0.47 ha torpaq sahəsinin 0.15 ha hissəsindən çıxarılması, iddiaçıların həmin torpaq sahəsinə mülkiyyət hüquqlarının bərpa edilməsi, həmin torpaq sahəsinə sahib olması, ondan istifadə etməsinə yönəlmiş cavabdehin qərəzli hərəkətlərinə və qəsdlərinə son qoyulması, torpaq sahəsi əvvəlki vəziyyətinə gətirilməklə cavabdeh tərəfindən həmin torpaq sahəsində qanunsuz inşa edilmiş 130 kv.m ölçüdə tikilinin onun özünün hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh iddia tələbində qeyd edilən torpaq sahəsi ilə ona məxsus olmuş 0,24 ha torpaq sahəsi üzərində yerləşən fındıq bağının 2008-ci ildə iddiaçılarla əldə edilmiş razılığa əsasən dəyişdirildiyini, 2008-ci ildə iddia tələbində qeyd edilən torpaq sahəsi üzərində altıaçıq inşa etdiyini və 2008-ci ildən başlayaraq 14 il ərzində həmin torpaq sahəsi üzərində ev inşa etdiyini və bu barədə iddiaçıların məlumatı olmasına baxmayaraq torpaq sahəsi ilə bağlı ona qarşı hər hansı iddialarının olmadığını bildirmişdir. O, iddiaçılara iddia tələbinin predmeti olan torpaq sahəsinin dəyərini yenidən ödəməklə həmin sahənin onun mülkiyyətinə verilməsi üçün iddiaçılarla razılığa gələ bilmədiyini qeyd etmişdir. Məhkəmə araşdırmasında eyni zamanda müəyyən edildi ki, tərəflər arasında mübahisəli torpaq sahəsi ilə bağlı razılıq əldə edilmiş, razılıq nəticəsində cavabdeh özünə məxsus 0,24 ha torpaq sahəsi üzərində yerləşən fındıq bağını iddiaçılara vermiş və iddiaçıya məxsus 0,47 ha torpaq sahəsinin 0,15 ha hissəsində ev (tikili) tikmişdir. Ona görə ki, bunun əksini sübut edəcək hər hansı sübut iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmiş, iddiaçıların özləri məhkəməyə gəlməmiş, nümayəndəsi isə tərəflərin torpaq sahəsinin dəyişdirilməsi ilə bağlı razılıqlarının olub-olmaması barədə məlumatı olmadığını bildirmişdir. Eyni zamanda iddiaçı, cavabdehin həmin torpaq sahəsini boşaltması və qanunsuz inşa etdiyi tikilini sökməsi ilə bağlı dəfələrlə müxtəlif orqanlara şifahi qaydada müraciət etməsini ərizəsində qeyd etsə də, bunu sübut edəcək mötəbər sübutlar məhkəməyə təqdim etməmişdir. Məhkəmə hesab edir ki, həm cavabdehin ona məxsus 0,24 ha torpaq sahəsi üzərində yerləşən fındıq bağından 2008-ci ildən hazıradək məhrum edilməsi, həm də onun tərəfindən iddiaçılara məxsus 0,47 ha torpaq sahəsinin 0,15 ha hissəsi üzərində inşa edilmiş ümumi sahəsi 120 kv.m. olan evdən (tikilidən) məhrum olması və həmin tikilinin sökülməsi Mülki Məcəllənin 560.1, 560.2 və 158-ci maddələrinə ziddir. Məlum olduğu kimi, mülki hüquq münasibətlərində riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Bir hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır ki, qanunvericilik hüquqdan açıqca suiistifadə edilməsini qorumur. Dürüstlük qaydası, hər şəxsdən dürüst bir subyekt olaraq gözlənilən davranışı ifadə edir. Bir davranışın bu xarakterdə olub-olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan sui-istifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, təməl hüquq prinsipidir. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir, hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Haqlar istənilən şəkildə deyil, yalnız onların tanınma məqsədlərinə uyğun gəldiyi hədlər daxilində istifadə oluna bilər. Bu səbəbdən qeyri-qanuni və ya müqavilənin ziddinə əldə edilmiş hüquqların həyata keçirilməsi, habelə digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə sayılır və qanunla qorunmur. Yəni, suiistifadə edilən hüquqa söykənən tələblər və ya əməllər müdafiə oluna bilməz Məhkəmələr hüquqi mübahisələrə baxarkən hüquqdan sui-istifadə hallarını tərəflərin irəli sürüb-sürməməyindən asılı olmayaraq nəzərə almalıdırlar. Əks halda, yəni hüquqdan sui-istifadə halını nəzərə almadan çıxarılan məhkəmə qərarları başda konstitusiya olmaqla bütün qanunvericiliyə zidd olaraq ədalətsiz nəticələrin əmələ gəlmə səbəbi olar. Belə bir nəticə “ədalət mühakiməsi” anlayışının özünə kökündən ziddir. Eyni zamanda Mülki Məcəllənin yuxarıda qeyd edilən normalarına əsasən Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Məhkəmənin qənaətinə görə iddia təmin ediləcəyi halda Cavabdeh özünə məxsus 0,24 ha torpaq sahəsi üzərində yerləşən fındıq bağının 2008-ci ildən hazıradək iddiaçılar tərəfindən istifadə edilərək bəhər götürülməsinin onun üçün heç bir müsbət nəticəsi olmur. Yəni həm torpaq sahəsindən (gəlirlərindən) məhrum olmuş olur, həm də tərəflərin razılığı ilə 0,15 ha torpaq sahəsi üzərində tikilmiş evin sökülməsi ilə ona külli miqdarda zərər vurulur. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi təmin edilə bilməz. Gəldiyi qənaətin əsaslarına uyğun olaraq məhkəmə iddia tələbinin digər dəlillərinə münasibət bildirilməsini ümumiyyətlə zəruri hesab etməyərək özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipi ilə əsaslandırır. Mülki Prosessual Məcəllənin 80-ci maddəsində əksini tapmış həmin prinsipə əsasən məhkəmə prosesində yalnız elə faktlarla və hallarla bağlı sübutlar nəzərə alınmalıdır ki, onlar işin həlli üçün hüquqi baxımdan əhəmiyyət kəsb etsinlər. İddia tələbi rədd edildiyindən İddiaçı1 iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq dövlətə ödədiyi 100 manat onun özünə aid edilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-311, 360-cı maddələrinə əsaslanaraq, məhkəmə Qət etdi İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı cavabdehin torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsində iddiaçıların mülkiyyət hüquqlarının bərpa edilməsi, həmin torpaq sahəsinə sahib olması, ondan istifadə etməsinə yönəlmiş cavabdehin qərəzli hərəkətlərinə və qəsdlərinə son qoyulması, həmin torpaq sahəsində cavabdeh tərəfindən qanunsuz tikilmiş tikilinin cavabdehin hesabına sökülməsi tələbinə dair iddia ərizəsi rədd edilsin. İddiaçı1 iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq dövlət büdcəsinə ödədiyi 100 (bir yüz) manat onun özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov
Məhkəmə qərarları › İş №e-2(033)-370/2022
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-370/2022
10.06.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver