Məhkəmə qərarları › İş №e-2(033)-38/2023

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-38/2023

14.02.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-38/2023 14.02.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı qəsdə son qoyma və zəbt olunmuş əmlakdan çıxarılma tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi İddia tələbinin dəlilləri İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən onun və ailə üzvlərinin adına ümumi birgə mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində 62 nömrəli reyestr kitabının 44 nömrəli vərəqində qeydiyyata alınmış Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 0,20 ha həyətyanı torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilmiş 66 kv.m. hissəsindən Cavabdeh çıxarılmasına, xüsusi mülkiyyət hüququ ilə onun və ailə üzvlərinin mülkiyyətində olan Zaqatala rayonu Əliabad qəsəbəsi ərazisində yerləşən 0,20 ha həyətyanı torpaq sahəsinin 66 kv.m. hissəsindən sahiblik və istifadə etməyə qarşı yönəlmiş, cavabdeh tərəfindən torpaq sahəsinin hasara alınması ilə müşayiət olunan qərəzli hərəkətlərə son qoyulması və yaradılmış maneələrin aradan qaldırılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə Zaqatala rayonu Əliabad qəsəbəsi ərazisində 0,20 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi üzərində olan xüsusi mülkiyyət hüquqları Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən 62 nömrəli reyestr kitabının 44 nömrəli vərəqində qeydiyyata alınmışdır. Onun və ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan həmin torpaq sahəsinin 66 kv.m. hissəsi qanunsuz olaraq qonşuları Cavabdeh tərəfindən hasarlanaraq zəbt edilmişdir. İddia ərizəsinə əlavə etdiyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş **********16-10301 reyestr nömrəli Zaqatala rayonu Əliabad qəsəbəsi ərazisində 0,20 ha həyətyanı torpaq sahəsində yerləşən tam mülkiyyət hüququ ilə onun mülkiyyətinə verilmiş ümumi sahəsi 77,20 kv.m. sahəsi olan fərdi yaşayış evinin Texniki Pasportundan da görünür ki, ümumi birgə mülkiyyətlərində olan torpaq sahəsinin 66 kv.m. hissəsi cavabdehin qanunsuz istifadəsindədir. Hazırda cavabdeh ümumi birgə mülkiyyətlərində olan Zaqatala rayonu Əliabad qəsəbəsi ərazisində yerləşən 0,20 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin 66 kv.m hissəsindən onlara sahiblik və istifadə etməyə imkan vermir və onların mülkiyyət hüquqlarını kobudcasına pozur. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclası zamanı İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclası zamanı Cavabdeh iddia tələbini qəbul etməyərək göstərdi ki, iddiaçının qeyd etdiyi torpaq sahəsi onun tərəfindən zəbt edilməmişdir. Onun babası X5 məxsus torpaq sahəsi ilə iddiaçı və ailə üzvlərinə məxsus torpaq sahəsi qonşu ərazilərdə yerləşir. Həqiqətən də İddiaçı və onun ailə üzvlərinə məxsus Zaqatala rayonu Əliabad qəsəbəsi ərazisində 0,20 ha həyətyanı torpaq sahəsi ona məxsus torpaq sahəsi ilə həmsərhəddir. Həmin ərazidə torpaq sərhədlərinin müəyyən edilməsi ilə bağlı problemlər var. Torpaq islahatı zamanı ölçmə işlərində yanlışlığa yol verilmiş iddiaçıya məxsus torpaq sahəsinin göstəriciləri torpaq sahəsi qeydiyyata alınarkən yanlış göstərilmiş, qanunsuz çıxarış verilmişdir. O, öz mülkiyyətində olan və ona babasından qalan torpaq sahəsindən istifadə edir və iddiaçıya məxsus torpaq sahəsinin heç bir hissəsini zəbt etməmişdir. İddia tələbi ilə və ekspert rəyi ilə razı deyil, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İşin halları Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala Ərazi İdarəsinin tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, daşınmaz əmlakın dövlət reyestrində 62 nömrəli reyestr kitabının 44 nömrəli vərəqində xx.xx.2022-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydə alınmış, reyestr nömrəsi **********16-10301 olan Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 0,20 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ əsasında İddiaçı, X10, X7, X8, X11 və X9, həmin torpaq sahəsi üzərində inşa edilmiş ümumi sahəsi 77,20 kv. m fərdi yaşayış evi İddiaçı məxsusdur. A seriyalı 1226 nömrəli Torpağa Mülkiyyət, Sahiblik və daimi istifadə hüququna dair şəhadətnamədən görünür ki, Zaqatala rayonu Əliabad qəsəbəsi “Qələbə” kolxozuna məxsus 0,62 ha torpaq sahəsi X2 verilmişdir. O cümlədən mülkiyyətə 0,49 ha, ömürlük sahibliyə isə 0,13 ha torpaq sahəsi. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş A seriyalı 299275 nömrəli Torpaq sahəsinin planı və ölçüsündən görünür ki, həmin plan Zaqatala rayon Aqrar İslahatı Komissiyasının xx.xx.2004-cü il tarixli 113 saylı qərarı ilə X4 mülkiyyətinə verilmiş Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 1300 kv.m kənd təsərrüfatı məhsullarının istehsalı təyinatlı torpaq sahəsi ilə bağlı tərtib edilmiş və X13 kitabında xx.xx.2011-ci il tarixdə 5336 nömrə ilə uçota alınmışdır. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş 02 sentyabr 2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı, X10, X7, X8, X11 və X6 mülkiyyəti kimi rəsmiləşdirilmiş Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən **********6 qeydiyyat nömrəsi ilə xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmış reyestr nömrəsi **********16-10301 olan 0,20 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin 66 kv.m hisəssi Cavabdeh tərəfindən istifadə olunur Həmin torpaq sahəsinin koordinatları yerləşmə vəziyyəti tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 30 noyabr 2022-ci il tarixli 10/6386 nömrəli rəyindən görünür ki, mülki iş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən tərtib edilmiş mütəxəssis rəyinə əsasən: Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşımaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən İddiaçı, X10, X7, X8, X11 və X6 mülkiyyəti kimi rəsmiləşdirilmiş Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən ********** qeydiyyat nömrəsi ilə xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmış reyestr nömrəsi **********16-10301 olan 0.20 ha yaşayış məntəqələri torpaqları təyinatlı torpaq sahəsinin 66 kv.m hissəsi Cavabdeh oğu tərəfindən istifadə olunur. Həmin torpaq sahəsinin koordinatları və yerləşmə vəziyyəti mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında göstərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 30 noyabr 2022-ci il tarixli 10/6386 nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsi 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2.-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. 157.2.-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. 111.2-ci maddəsinə əsasən özbaşına tutulmuş torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılır. 111.3-cü maddəsinə əsasən torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsində göstərilir ki, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 89-cu maddəsinə əsasən yazılı sübutlar – iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3 və 217.4-cü maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolu 1-ci maddəsinə əsasən hər bir fiziki və ya hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmənin mövqeyi: Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Belə ki, məhkəmə iclası zamanı tərəflərin izahatı, işdə olan sənədlərin bilavasitə tədqiqi nəticəsində aydın oldu ki, reyestr nömrəsi **********16-10301 olan Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 0,20 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ əsasında İddiaçı, X10, X7, X8, X11 və X6 adına daşınmaz əmlakın dövlət reyestrində 62 nömrəli reyestr kitabının 44 nömrəli vərəqində xx.xx.2022-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydə alınmışdır. İddiaçı iddia ərizəsi ilə müraciət edərək ümumi birgə mülkiyyət hüququ əsasında ona və ailə üzvlərinə məxsus Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 0,20 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin 66 kv.m. hissəsinin cavabdeh tərəfindən zəbt edildiyini bildirmiş və cavabdehin həmin torpaq sahəsindən çıxarılması və torpaq sahəsinin 66 kv.m. hissəsindən sahiblik və istifadə etməyə qarşı yönəlmiş, cavabdeh tərəfindən torpaq sahəsinin hasara alınması ilə müşayiət olunan qərəzli hərəkətlərə son qoyulması və yaradılmış maneələrin aradan qaldırılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh iddia tələbini qəbul etməmiş və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 30 noyabr 2022-ci il tarixli 10/6386 nömrəli ekspert rəyi ilə müəyyən olunmuşdur ki, İddiaçı, X10, X7,X8, X11, X6 adına qeydiyyata alınmış 0,20 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin 66 kv.m hissəsi Cavabdeh oğu tərəfindən istifadə olunur. Nəzərə almaq lazımdır ki, mülkiyyət hüququ hər bir cəmiyyətin demokratik, stabil və dinamik inkişafını, eləcə də onun dayanıqlı və etibarlı olmasını şərtləndirən ən mühüm dəyərlərdən biridir. Mülkiyyət hüququ istifadə hüququna münasibətdə daha üstün hüquqdur və bu hüquqların kolliziyası (toqquşması) halında hər bir halda mülkiyyət hüququna üstünlük verilməlidir. Göründüyü kimi, iddiaçı Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 0,20 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin mülkiyyətçisidir və onun öz əmlakından öz istədikləri kimi istifadə etmək hüququ vardır. Cavabdeh torpaq sahəsinin 66 kv.m hissəsini zəbt etmişdir. Cavabdehin torpaq sahəsi üzərində qanunla qorunan hər hansı hüququ əmələ gəlməmişdir. Cavabdehin hər hansı hüququ əmələ gəlmədiyi halda zəbt edilmiş torpaq sahəsindən istifadə edir. Buna görə də, məhkəmə hesab edir ki, mülkiyyətçinin özünə mülkiyyət hüququ ilə məxsus olan torpaq sahəsindən sərbəst və maneəsiz istifadə etmək hüququ bərpa olunmalı, Cavabdeh iddiaçı və onun ailə üzvlərinə ümumi birgə mülkiyyət hüququ əsasında məxsus torpaq sahəsinin 66 kv.m hissəsindən çıxarılmalı, iddiaçı və onun ailə üzvlərinə ümumi birgə mülkiyyət hüququ əsasında məxsus torpaq sahəsinin 66 kv.m hissəsindən sahiblik və istifadə etmələrinə qarşı yönəlmiş, torpaq sahəsinin hasara alınması ilə müşayiət olunan Cavabdeh qərəzli hərəkətlərinə son qoyulmalı və yaradılmış maneələr aradan qaldırılmalıdır. İş materiallarından da göründüyü kimi, mübahisə predmeti olan 0,20 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi İddiaçı, X10, X7, X8, X11 və X6 xüsusi mülkiyyəti kimi adlarına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Cavabdeh hazırda həmin torpaq sahəsinə heç bir hüquqları yoxdur. Qeyd olunanlar ekspert rəyi ilə də öz təsdiqini tapmışdır. Məhkəmə cavabdehin, iddiaçıya məxsus torpaq sahəsinə dair verilmiş çıxarışın qanunsuz verilməsi, ekspert rəyi ilə razı olmaması ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd edir ki, hazırda iddiaçıya məxsus torpaq sahəsinə dair verilmiş çıxarış qüvvədədir, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Digər dəlillə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 30 noyabr 2022-ci il tarixli 10/6386 nömrəli ekspert rəyi ilə müəyyən olunur ki, cavabdeh iddiaçının mülkiyyətində olan torpaq sahəsindən istifadə edir. İddiaçıya məxsus torpaq sahəsinin 66 kv.m hissəsi cavabdehin faktiki istifadəsində olan torpaq sahəsinin daxilində olması müəyyən olunur. Göründüyü kimi, çıxarışda qeyd olunan torpaq sahəsinin 66 kv.m hissəsi cavabdehin istifadə etdiyi ərazidir. Bundan başqa, torpaq sahəsinin 66 kv.m hissəsinin zəbt olunması barədə ekspert və mütəxəssis rəyi mövcuddur. Yəni hazırkı işdə təkrar ekspertiza keçirilməsinə də lüzüm yoxdur. Bundan əlavə, torpaq sahəsi iddiaçıya Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışla verilib. Nə qədər ki, həmin çıxarış qüvvədədir, cavabdeh tərəf iddiaçıya verilmiş torpaq sahəsini də mübahisələndirə bilməz. Ona görə də, cavabdehin etirazının dəlilləri əsaslı sayıla və iddia tələbinin rədd edilməsi üçün əsas ola bilməz. İddiaçı tərəfindən dövlət büdcəsinə ödədiyi 100 (bir yüz) manat dövlət rüsumu onun tərəfindən tələb edilmədiyinə görə onun özünə aid edilməlidir. İş üzrə təyin edilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manat ekspertiza xərci Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X3 - kodu 210005, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************4. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 227.1 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə Qət etdi İddia təmin edilsin. Ümumi birgə mülkiyyət hüququ əsasında İddiaçı və onun ailə üzvlərinə məxsus Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən reyestr nömrəsi **********16-10301 olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 12 may 2022-ci il tarixli çıxarışda göstərilən 0,20 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin müvafiq mütəxəssis rəyinə əlavə edilmiş sxemə uyğun olaraq zəbt etdiyi 66 kv.m hissəsindən Cavabdeh çıxarılsın. Ümumi birgə mülkiyyət hüququ əsasında İddiaçı və onun ailə üzvlərinə məxsus Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən reyestr nömrəsi **********16-10301 olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 12 may 2022-ci il tarixli çıxarışda göstərilən 0,20 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin 66 kv.m hissəsindən iddiaçının sahiblik və istifadə etmələrinə qarşı yönəlmiş, torpaq sahəsinin hasara alınması ilə müşayiət olunan Cavabdeh qərəzli hərəkətlərinə son qoyulsun və yaradılmış maneələr aradan qaldırılsın. İddiaçı tərəfindən dövlət büdcəsinə ödədiyi 100 (bir yüz) manat dövlət rüsumu onun özünə aid edilsin. İş üzrə təyin edilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat ekspertiza xərci Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X3 - kodu 210005, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************4. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar