Məhkəmə qərarları › İş №e-2(033)-390/2023

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-390/2023

14.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-390/2023 14.06.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Ayşə İsrafil qızının katibliyi, İddiaçı nümayəndəsi vəkil Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim, İddia tələbinin dəlilləri: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 2000 manat pulun, vəkilə xidmət haqqı olaraq ödənilmiş 500 (beş yüz) manat xidmət haqqının və məhkəməyə müraciət etmək üçün ödənilmiş 45 (qırx beş) manat dövlət rüsumunun, cəmi 2545 (iki min beş yüz qırx beş) manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o ailəsi ilə birlikdə Zaqatala rayonu, Kebeloba kəndində yaşayır. 2021-ci ilin may ayında eşitmişdir ki, Zaqatala şəhəri, F.Əmirov küçəsi, 3 saylı binanın 1-ci mərtəbəsində yerləşən qeyri yaşayış sahəsi satılır. Həmin sahənin mülkiyyətçisinin kim olması ilə maraqlandıqda qeyri yaşayış sahəsinin Zaqatala şəhər sakini Cavabdeh3 və ailə üzvlərinə məxsus olduğunu bilmişdir. Cavabdeh3 ilə telefon vasitəsi ilə əlaqə saxlamış və telefonda sonuncu qeyri yaşayış sahəsini 60000 manata satışa qoyduqlarını bildirmişdir. Almaq barədə fikrinin ciddi olubolmaması üçün əvvəlcədən ondan beh istədi. O da əmək haqqı kartından 300 (üç yüz) manat pulu beh olaraq Orxanın kartına göndərmişdir. Daha sonra aradan bir neçə gün keçdikdən sonra qeyri yaşayış sahəsinin sənədlərinin qaydasında olmadığını bildirərək sənədləşmə xərcləri ilə bağlı əlavə olaraq ondan 700 manat pul istəmişdir. Oda KORONA PAY ödəniş sistemi vasitəsi ilə 700 manat pul vəsaitini Orxana göndərmişdir. Cəmi beh olaraq ödəmiş olduğu pul vəsaiti 1000 (bir min) manat oldu. Aradan bir neçə müddət keçdikdən sonra Orxan müxtəlif bəhanələr ilə vaxtı uzatdığı üçün anası Cavabdeh2 ilə Zaqatala şəhərində görüşmüş və o əri Cavabdeh1 yaşayış sahəsinin 60000 manata satılmasına razı olmadığını bildirərək 70000 (yetmiş min) manat ondan pul istəmişdir. Cavabdeh1 ilə görüşmək qərarına gəlmiş və bunun üçün Bakı şəhərinə gedərək Cavabdeh1 ilə görüşmüşdür. Aralarındakı razılığa əsasən qeyri yaşayış sahəsinin alqısatqı məbləği 70000 (yetmiş min) manata razılaşdırıldı. O dedikləri məbləği hazırladıqdan sonra Kamran Muxrarov ilə əlaqə saxlamış və bildirmişdir ki, artıq dedikləri məbləğ hazırdır. Həmin vaxtdan sonra cavabdehlər ilə əlaqə saxlamasına baxmayaraq alqı-satqı müqaviləsini bağlamaqdan müxtəlif bəhanələr gətirərək boyun qaçırmışlar, eyni zamanda beh olaraq almış olduğu pulu geri qaytarmamışlar. Daha sonra öyrənmişdir ki, həmin qeyri yaşayış sahəsi digər bir şəxsə satılmışdır. Cavabdehlərə məxsus olmuş qeyri yaşayış sahəsinin alqı-satqısı üçün beh olaraq ödəmiş olduğu 1000 manat məbləğində vəsaiti vermədikləri üçün hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Mülki Məcəllənin 492.2-ci maddəsinə istinad edərək müqavilənin icra edilməməsi üçün beh almış tərəf məsuliyyət daşıdığı üçün beh olaraq cavabdehlərə ödəmiş olduğu 1000 (bir min) manat məbləğin 2 misli yəni 2000 (iki min) manat pul vəsaiti cavabdehlərdən alınaraq ona ödənilməlidir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı nümayəndəsi vəkil Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək iddia tələbinin məzmununa oxşar məzmunda izahatlar verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Buna görə də, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları İş materiallarına əlavə edilmiş ********** saylı 10 may 2021-ci il tarixli ödəniş qəbzinin surətindən görünür ki, 418249******7834 nömrəli kartdan 510306******5464 nömrəli kartın hesabına 300 manat pul köçürülmüşdür. İş materiallarına əlavə edilmiş 16 may 2021-ci il tarixli ərizədən görünür ki, İddiaçı tərəfindən Cavabdeh3 Korona Pay ödəniş sistemi vasitəsi ilə 702,10 manat pul köçürülmüşdür. İş materiallarına əlavə edilmiş 16 may 2021-ci il tarixli qəbzin surətindən görünür ki, İddiaçı Xalq Bank ASC-in Zaqatala filialından 702,10 manat pulu almışdır. İş materiallarına əlavə edilmiş 18 fevral 2023-cü il tarixli mədaxil qəbzinin surətindən görünür ki, İddiaçı tərəfindən 45 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə edilmiş 18 fevral 2023-cü il tarixli 16540 saylı qəbzin surətindən görünür ki, iddiaçı tərəfindən Zaqatala rayon Vəkil Bürosuna 500 manat xidmət haqqı ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 385.2-ci maddəsinə əsasən öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. 492.1-ci maddəsinin tələbinə görə öhdəliyin icrasına başlanana qədər ona tərəflərin razılaşması üzrə və ya icranın mümkün olmaması nəticəsində xitam verildikdə beh qaytarılmalıdır. 492.2-ci maddəsinə görə əgər müqavilənin icra edilməməsi üçün beh vermiş tərəf məsuliyyət daşıyırsa, beh digər tərəfdə qalır. Əgər müqavilənin icra edilməməsi üçün beh almış tərəf məsuliyyət daşıyırsa, o, digər tərəfə behin iki mislini ödəməlidir. Bundan əlavə, müqavilənin icra edilməməsi üçün məsuliyyət daşıyan tərəf, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, beh məbləği hesaba alınmaqla, zərərin əvəzini digər tərəfə ödəməyə borcludur. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. 1092.3. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. 1095. Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsində müəyyən edilmişdir ki, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 217.3-cü və 217.4-cü maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı cavabdehlərin mülkiyyətində olan Zaqatala şəhəri, F.Əmirov küçəsi, 3 saylı binanın 1-ci mərtəbəsində olan qeyri yaşayış sahəsini 70000 manata almaq məqsədi ilə Cavabdeh3 10 may 2021-ci il tarixdə əmək haqqı kart hesabından 300 manat, 16 may 2021-ci il tarixdə isə KORONA PAY ödəniş sistemi vasitəsi ilə 702 manat pul köçürmüşdür. O, sonradan həmin qeyri yaşayış sahəsinin alınması üçün 70000 manat pulu hazırlasa da, cavabdeh və onun ailə üzvləri onunla alqı-satqı müqaviləsini bağlamaqdan imtina etmişlər və Cavabdeh3 ondan aldığı 1000 pulu iddiaçıya geri qaytarmamışdır. İddiaçı tələbində həmin pulu Cavabdeh3 beh kimi verdiyini bildirsə də, onların arasında beh müqaviləsi bağlanmamış və notarial qaydada təsdiq edilməmişdir. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından Cavabdeh3 1000 manat pulu iddiaçıya qaytarmaqdan boyun qaçırması onun əsasız varlanması kimi qiymətləndirilməlidir. İddia ərizəsindən görünür ki, iddiaçı digər şəxslər Cavabdeh2 və Cavabdeh1 da cavabdeh kimi göstərmişdir. Lakin iş materiallarına əlavə edilmiş ödəniş qəbzlərindən iddiaçının yalnız Cavabdeh3 cəmi 1000 manat pul verməsi sübut olunur. Məhkəmə hesab edir ki, iddiaçının tələbi üzrə Cavabdeh2 və Cavabdeh1 cavabdeh deyil və onlar cavabdehlər siyahısından çıxarılmalıdırlar. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olunur ki, Cavabdeh3 İddiaçı 1000 manat pul alması öz təsdiqini tapmışdır. Bu səbəbdən də iddiaçı 1000 manat pulun Cavabdeh3 tələb etməkdə haqlıdır. Qeyd olunanlara qiymət verərək məhkəmə iddia tələbi üzrə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh3 1000 manat alınaraq İddiaçı verilməldir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, iddiaçı tərəfindən ödənilmiş 45 manat dövlət rüsumunun 23 manatı iddiaçıya aid edilməli, 22 manatı isə cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iddia tələbinin hüquqi yardım məqsədi ilə vəkilə ödənilmiş 500 manat pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi hissəsinə münasibət bildirərək hesab edir ki, iddia tələbi qeyd edilən hissədə də qismən təmin edilməlidir. Belə ki, qanunvericilikdə vəkilin göstərdiyi yardıma görə xərclər digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini nəzərdə tutulur. Məhkəmə bununla bağlı qeyd edir ki, Avropa İnsan Hüquqları Məhkəməsinin X1rşı 04 oktyabr 2016-cı qərarında da göstərilmişdir ki, məhkəmə təcrübəsinə əsasən ərizəçiyə yalnız o halda çəkilən xərclərin və məsrəflərin əvəzi ödənilə bilər ki, həmin xərc və məsrəflərin həqiqətən, zəruri olaraq və ağlabatan kəmiyyətdə çəkilmiş olması göstərilsin. Hazırkı işdə iş materiallarını və yuxarıdakı meyarı nəzərə alaraq, məhkəmə bu başlıq altında vəkilin göstərdiyi xidmətlər üçün xərclə bağlı 200 manat məbləğini təyin etməyi ağlabatan hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh3 1000 (bir min) manat pul vəsaiti alınaraq İddiaçı verilsin. Ödənilmiş 45 (qırx beş) manat dövlət rüsumunun 23 (iyirmi üç) manatı və vəkilə ödənilmiş xidmət haqqı kimi 500 (beş yüz) manat pulun 300 (üç yüz) manatı iddiaçıya aid edilsin, qalıq qalan 22 (iyirmi iki) manat və 200 (iki yüz) manat cavabdehdən alınaraq iddiaçıya ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar