Məhkəmə qərarları › İş №e-2(033)-400/2024

Zaqatala Rayon Məhkəməsi Qərardad — İş №e-2(033)-400/2024

15.03.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Zaqatala rayonu İş № e-2(033)-400/2024 15.03.2024 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2 katibliyi, iddiaçılar İddiaçı1, İddiaçı2, Kərimova (Nəzərova) Ceyhunə Hacıəhməd qızının, İddiaçı4 və İddiaçı5 iştirakları ilə, iddiaçılar İddiaçı1, İddiaçı2, Kərimova (Nəzərova) Ceyhunə Hacıəhməd qızı, İddiaçı4 və İddiaçı5 cavabdeh Zaqatala rayonu Gözbarax Bələdiyyəsinə və üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X6 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı 0,49 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mülkiyyətə verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar İddiaçı1, İddiaçı2, Kərimova (Nəzərova) Ceyhunə Hacıəhməd qızı, İddiaçı4 və İddiaçı5 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Zaqatala rayonu Gözbarax bələdiyyəsindən Torpaq İslahatı zamanı Zaqatala rayonu Gözbarax kəndindən ailələrinə ayrılmış 1.96 ha (hər subyektə 0.28 ha) kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin kəsir olan 0.49 ha hissəsinin mülkiyyətlərinə verilməsi və ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun cavabdehdən alınıb xeyirlərinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, torpaq islahatı zamanı Zaqatala rayonu Gözbarax kəndindən ailələrinə 1.96 ha (hər subyektə 0.28 ha olmaqla) kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ayrılmışdır. Bu barədə Gözbarax bələdiyyəsindən müvafiq arayış verilmişdir. Lakin, istifadələrində olan torpaq sahələri faktiki olaraq 0.49 ha kəsirdir. Bu hal onlara torpaq sahəsinin plan və ölçü sənədi hazırlanarkən məlum olmuşdur. Hesab edir ki, texniki səhv olduğundan torpaq sahəsi 0.49 ha kəsir olmuşdur. Hazırda torpaq sahəsinin kəsir hissəsi bələdiyyə mülkiyyətindədir. X1 xx.xx.2003-cü il tarixdə, anası X4 isə xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Gözbarax bələdiyyəsinə müraciət etsələr də, məsələnin məhkəmə yolu ilə həll edilməsi onlara izah edilmişdir. Ona görə də qərara gəlmişlər ki, məhkəməyə müraciət etsinlər. Mülki iş üzrə cavabdeh və üçüncü şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişdirlər, lakin üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X6 18 saylı Zaqatala Ərazi İdarəsinin rəisi Məmməd İsmayılov məktubla müraciət edərək işin məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin edə bilməyəcəklərini bildirmiş və işə nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Əlavə olaraq göstərdi ki, mübahisələndirilən torpaq sahəsi yerində də yoxdur. Onun məhkəməyə müraciət etməsinin səbəbi bələdiyyə tərəfindən onlara haqları olan torpaq sahəsinin ayrılması ilə bağlıdır. Odur ki, kəsir olan torpaq sahələrinin əvəzinə onlara torpaq sahəsinin ayrılmasını tələb edir. Məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı2, Kərimova (Nəzərova) Ceyhunə Hacıəhməd qızı, İddiaçı4 və İddiaçı5 digər İddiaçı1mim verdiyi izahatı təsdiq etdiklərini bildirdilər. Məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2, Kərimova (Nəzərova) Ceyhunə Hacıəhməd qızı, İddiaçı4 və İddiaçı5 cavabdeh Zaqatala rayonu Gözbarax Bələdiyyəsinə və üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X6 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı 0,49 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mülkiyyətə verilməsi tələbinə dair mülki işin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 1.1-ci maddəsinə əsasən, məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. 2.1-ci maddəsinə əsasən, qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən baxılır. 2.2.3-cü maddələrinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikası Qanununun 6.3-cü bəndinə əsasən bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları yalnız məqsədli təyinatı üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydalara əməl edilməklə icarəyə verilir. 9.1. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. 9.3. Bələdiyyənin ehtiyat fondunun özəlləşdirilən torpaqları barədə alqı-satqı əqdləri, yerli normativlər nəzərə alınmaqla aşkarlıq şəraitində bağlanılır. 11.5. Bələdiyyələrin ehtiyat fondundan yaşayış məntəqələrinin perspektiv inkişafı üçün ayrılan torpaqlar hüquqi və fiziki şəxslərin icarəsinə yalnız qısa müddətə verilir. Torpaq islahatı haqqında Azərbaycan Respublikası Qanununun 2-ci bəndinə əsasən bələdiyyənin ehtiyat fondunun torpaqları qanunvericiliyə uyğun olaraq ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikası vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə verilə bilər. Bələdiyyənin ehtiyat fondunun kənd təsərrüfatına yararlı torpaqları kənd təsərrüfatı istehsalı üçün hüquqi və fiziki şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada yalnız icarəyə verilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli 134 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın 4-cü bəndinə əsasən Azərbaycan Respublikasının Bələdiyyələri inzibati orqandır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları inzibati orqandır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2005-ci il tarixli 345 nömrəli Fərmanının 2.3-cü bəndinə əsasən, həmin Qanunun 2.0.1-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti, mərkəzi və yerli icra hakimiyyəti orqanları həyata keçirirlər. Göründüyü kimi, iddiaçıların “cavabdehlər Zaqatala rayon Gözbarax bələdiyyəsinə və ƏMDK yanında DƏDRX-nin 18 saylı Zaqatala ərazi idarəsinə qarşı 0,49 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mülkiyyətə verilməsi (bələdiyyədən torpaq sahəsinin ayrılması) tələbi” inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulması və inzibati orqanın hərəkətsizliyindən müdafiə ilə bağlıdır və bu səbəbdən həmin tələbə ümumi məhkəmədə baxılması istisna olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.3-cü maddəsinə əsasən bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Nəzərə alınmalıdır ki, “iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə” müddəası özündə, mülki işin məhkəmədə deyil, qanunun tələbinə görə başqa orqanda baxılmalı olmasını, eləcə də iş məhkəməyə aid olsa da, mülki mühakimə icraatı qaydasında deyil, başqa məhkəmə icraatı qaydasında (cinayət, inzibati, inzibati xətalara dair işlər üzrə icraat və ya icra icraatı) baxılmalı olmasını ehtiva edir. Eyni mövqe Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti” barədə 10 aprel 2015-ci il tarixli qərarında da ifadə olunmuşdur. Belə ki, həmin qərarın 15.4-cü bəndində göstərilmişdir ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Həmin qərarın 5.1-ci bəndində göstərilmişdir ki, inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən hallar hazırki iş üzrə icraata xitam verilməsi üçün əsasdır. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2, Kərimova (Nəzərova) Ceyhunə Hacıəhməd qızı, İddiaçı4 və İddiaçı5 cavabdeh Zaqatala rayonu Gözbarax Bələdiyyəsinə və üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X6 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı 0,49 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mülkiyyətə verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilməlidir. Mülki prosessual qanunvericiliyə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığı əsası ilə işin icraatına xitam verilərkən məhkəmə ərizəçiyə onun hansı orqana müraciət etməli olduğunu da göstərməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki iddiaçıya iddia ərizəsində göstərilən tələblə əlaqədar aidiyyəti üzrə Şəki İnzibati Məhkəməsinə müraciət etmək hüququnun olması izah edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1 və 114.1.4-cü maddələrinə əsasən ödənilmiş dövlət rüsumu bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1, 262.5, 263-264, 266-268-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçılar İddiaçı1, İddiaçı2, Kərimova (Nəzərova) Ceyhunə Hacıəhməd qızı, İddiaçı4 və İddiaçı5 cavabdeh Zaqatala rayonu Gözbarax Bələdiyyəsinə və üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X6 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı 0,49 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mülkiyyətə verilməsi tələbinə dair mülki işin icraatına xitam verilsin. İddiaçıya iddia ərizəsində göstərilən tələblə əlaqədar aidiyyəti üzrə Şəki İnzibati Məhkəməsinə müraciət etmək hüququnun olması izah edilsin. İddiaçılar İddiaçı1, İddiaçı2, Kərimova (Nəzərova) Ceyhunə Hacıəhməd qızı, İddiaçı4 və İddiaçı5 cavabdeh Zaqatala rayonu Gözbarax Bələdiyyəsinə və üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X6 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı 0,49 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mülkiyyətə verilməsi tələbinə dair iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu dövlət büdcəsindən İddiaçı1 geri qaytarılsın. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Zaqatala Rayon Məhkəməsinə ondan şikayət verilə bilər. Hakim Tural Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar