Məhkəmə qərarları › İş №e-2(033)-404/2024

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-404/2024

06.06.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-404/2024 06.06.2024 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Ayşə İsrafil qızının katibliyi, İddiaçı nümayəndəsi X1 Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 Məmmədli qızı və Cavabdeh2 qarşı “torpaq sahəsinə girişin qarşısına özbaşına basdırılmış dirəklərin çıxarılması, məftil torun sökülməsi və su kanalının doldurularaq torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi. İddia tələbinin dəlilləri: İddiaçı cavabdehlər Cavabdeh1 Məmmədli qızı və Cavabdeh2 qarşı “torpaq sahəsinə girişin qarşısına özbaşına basdırılmış dirəklərin çıxarılması, məftil torun sökülməsi və su kanalının doldurularaq torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılması” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 vəsaiti hesabına torpaq sahələrinə girişin qarşısına özbaşına basdırdıqları dirəklərin çıxarılması, məftil torun sökülməsi, su kanalının doldurularaq torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılması və cavadehlərdən müştərək qaydada ödənilmiş 100 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, Zaqatala rayonu Əliabad qəsəbəsi ərazisində yerləşən, xx.xx.2023-cü il tarixli, **********06 reyestr nömrəli “Çıxarış” əsasında mülkiyyətində olan ona məxsus 0.05 hektar torpaq sahəsinin giriş qapısının qarşısına cavabdehlər 2023-cü ilin fevral ayında özbaşına dirəklər basdırmış, dəmir tor və su kanalı çəkdirərək torpaq sahəsinə sərbəst gediş-gəlişlərinə, eləcə də sahəyə avtomaşın və traktor kimi nəqliyyat vasitələrinin daxil olmasına maneə yaratmışlar. Onun fərdi yaşayış evinə və onunla üzbəüz olan pay torpaq sahəsinə gedən dalandakı yol Əliabad bələdiyyəsinə məxsus olduğundan o Əliabad bələdiyyəsinin sədrinə və ərazinin sahə müvəkkilinə şifahi müraciət edərək, cavabdehlər tərəfindən özbaşına torpaq sahəsinə giriş-çıxışa yaradılan maneənin aradan qaldırılmasını xahiş etmişdir. Lakin onlar tərəfindən torpaq sahələrinə sərbəst giriş-çıxışa yaradılmış maneənin aradan qaldırılması ilə bağlı hər-hansı bir tədbir görülməmişdir. Bu səbəbdən də hazırkı tələblə məhkəməyə müraciət etməli olmuşdur. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa oxşar izahat verdi və əlavə olaraq göstərdi ki, iddiaçının həyətyanı torpaq sahəsinə gediş-gəliş üçün yol olsa da, pay torpaq sahəsinə bir giriş yolu vardır, hansı ki, cavabdehlər tərəfindən həmin girişin qarşısında dirəklər basdırılmışdır. İddiaçı, mülkiyyətində olan pay torpaq sahəsinə olan giriş-çıxış yolundan sərbəst istifadə etmək istəyir. Həmin giriş-çıxış yolu dədə-baba dövründən mövcud olmuşdur. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul etməyərək göstərdi ki, iddiaçının torpaq sahəsinə başqa yerdən giriş-çıxış yolu var. O, hətta öz həyətyani torpaq sahəsində icazəsiz ev inşa edərkən həyətinə həmin giriş yoldan traktor və yük maşınları girmişdir. İddiaçının mübahisələndirdiyi giriş yolunda əvvəllər çəpər olmuşdur. Orada qapı olmamışdır. O, heç bir kanal qazmayıb və məftil tor çəkməyib, onun basdırdığı dirəklərin iddiaçıya heç bir maneəsi yoxdur.İddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. 18 mart 2024-cü il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qəbul etməyərək göstərmişdir ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsinə başqa yerdən giriş-çıxış üçün qapısı var. İddiaçı istəsə həmin yerdən traktor və digər yük maşınlarının həyətə giriş üçün yol aça bilər. Lakin iddiaçı onlarla prinsip apararaq onların torpaq sahələrinin qarşısındakı yoldan istifadə etmək istəyir. Bundan başqa iddiaçı su kanalının bağlanması tələb edir. Lakin həmin kanal bağlanarsa yağış suları onların həyətinə dolar və həyəti yarasız hala sala bilər. İddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh2 rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, sonrakı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəblərinin üzrlü olması barədə məhkəməyə heç bir sənəd təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşin halları İşdə olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 30 may 2023-cü il olan Çıxarışın və “Torpaq sahəsinin planı və ölçüsü”nün surətindən görünür ki, Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 0,05 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 274 nömrəli reyestr kitabının 51 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan Komi Respublikası Vorkut şəhər VVAQ Şöbəsi tərəfindən verilmiş İ-EA 569630 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X2 ilə İddiaçı nikahlarını 03 noyabr 2006-cı ildə rəsmiləşdirmişlər. İşdə olan 14 fevral 2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ–subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi 84-cü maddəsinin 1-ci hissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 84-cü maddəsinin 3-cü hissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 9.1-ci maddəsinə əsasən, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını tədqiq edərək, torpaq sahəsinə yerində baxış keçirərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, müəyyənləşdirilmiş mübahisəsiz hallar ondan ibarətdir ki, Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 0,05 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi tam mülkiyyət hüququ üzrə iddiaçıya məxsusdur. İddiaçı cavabdehlərin 2023-cü ilin fevral ayından ona məxsus 0.05 hektar torpaq sahəsinin giriş qapısının qarşısına özbaşına dirəklər basdırması, dəmir tor və su kanalı çəkdirərək torpaq sahəsinə sərbəst gediş-gəlişlərinə, eləcə də sahəyə avtomaşın və traktor kimi nəqliyyat vasitələrinin daxil olmasına maneə yaratdıqlarını iddia etsə də, 0.05 hektar torpaq sahəsinə gediş-gəliş yоlunun dirəklərin basdırıldığı, dəmir tor və su kanalının çəkdirildiyi və iddiaçıya maneələr yaratdığı yerdən оlması barədə sübut təqdim etməmişdir. İş üzrə keçirilmiş yerli baxış nəticəsində müəyyən olunmuşdur ki, cavabdeh tərəfindən ikisi dəmir olmaqla dörd ədəd taxtadan dirəklər basdırılaraq onların ortasında ağac əkilmişdir, dirəklər arasında məftil torun şəkilməsində məqsəd yeni əkilmiş ağacın mühafizə olunması olmuşdur. Dirəklərin iddiaçının qapısına giriş-çıxışın məhdudlaşdırması halı müəyyən olunmamışdır, əksinə dirəklər iddiaçının öz qapaıana yaxın məsafədə basdırılmışdır, qapının qarşısında su kanalının qazılması halı isə müəyyən olunmamışdır. İş üzrə sübutlarla, Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən iddiaçıya məxsus 0,05 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə gediş-gəliş yоlunun dirəklərin basdırıldığı, dəmir tor və su kanalının çəkdirildiyi yerdən оlması halı təsdiq edilməmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, iddiaçıya məxsus 0,05 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə gediş-gəliş yоlunun dirəklərin basdırıldığı, dəmir tor və su kanalının çəkdirildiyi yerdən оlması, bununla da, cavabdehlər tərəfindən iddiaçıya 0,05 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair mülkiyyətçi hüququnu həyata keçirməkdə maneələrin törədilməsi sübut edilmədiyindən, iddia təmin edilə bilməz. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 Məmmədli qızı və Cavabdeh2 qarşı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 vəsaiti hesabına torpaq sahələrinə girişin qarşısına özbaşına basdırdıqları dirəklərin çıxarılması, məftil torun sökülməsi, su kanalının doldurularaq torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılması tələbinə dair iddiası rədd edilsin. İddiaçı tərəfindən dövlət rüsumu olaraq ödənilmiş 100 (bir yüz) manat iddiaçının özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar