Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-410/2024 11.06.2024 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Cəlilova Nuridə Əli qızının katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi İddia tələbinin dəlilləri İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iddia ərizəsi ilə müraciət edərək, 2000 (iki min) manat məbləğində dəbbə pulu, 400 (dörd yüz) manat məbləğində hüquqi yardım xərci və 40 (qırx) manat məbləğində dövlət rüsumunun əvəzinin Cavabdeh tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MMC ilə cavabdeh arasında bağlanmış 28 noyabr 2022-ci il tarixli təlim keçmə və əməkdaşlıq haqqında müqaviləyə əsasən "xxxx" MMC ona məxsus olan servis mərkəzində nəqliyyat vasitələrinin təmiri ilə bağlı xüsusi peşə biliklərinə yiyələnməsi üçün cavabdehə müvafiq nəzəri və təcrübi dərslərin keçirilməsini təşkil etməyi, cavabdehi yiyələndiyi peşəyə uyğun iş yeri ilə təmin etməyi və onunla əmək müqaviləsi bağlamağı öhdəsinə götürmüşdür. Cavabdeh isə "xxxx" MMC tərəfindən təmin edilən müvafiq nəzəri və təcrübi dərslərdə iştirak etməyi, təlimə başladığı andan "xxxx" MMC ilə əmək müqaviləsi bağlayaraq 3 (üç) il müddətində yalnız "xxxx" MMC-yə məxsus olan avtoservisdə işləməyi, əmək müqaviləsinə xitam verməməyi, başqa avtoservisdə və müəssisələrdə işləməməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilə üzrə götürdüyü öhdəliklərə əməl etməyərək 30 oktyabr 2023-cü il tarixində əmək müqaviləsinə xitam verilməsi tələbi ilə "xxxx" MMC-yə müraciət etmiş və bundan sonra onunla bağlanmış əmək müqaviləsinə cavabdehin tələbi əsasında AR ƏMnin 68.2-ci maddəsinin “a” bəndinə əsasən xitam verilmişdir. 28 noyabr 2022-ci il tarixli təlim keçmə və əməkdaşlıq haqqında müqavilənin 4.3-cü maddəsinə əsasən cavabdeh "xxxx" MMC ilə əmək müqaviləsi bağladığı gündən 3 (üç) il müddətində "xxxx" MMC-nin yazılı razılığı və icazəsi olmadan Azərbaycan Respublikası ərazisində başqa avtoservisdə və ya bu kimi digər müəssisələrdə iş yeri seçərsə və ya işləyərsə 2000 (iki min) manat məbləğində dəbbə pulunu "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. Lakin müqavilə üzrə öhdəliklərini pozmasına baxmayaraq cavabdeh qeyd edilən dəbbə pulunu bu günə qədər "xxxx" MMC-yə ödəməmişdir. Qeyd edilən hərəkətləri ilə cavabdeh 28 noyabr 2022ci il tarixli təlim keçmə və əməkdaşlıq haqqında müqavilə üzrə götürdüyü öhdəliklərini və "xxxx" MMC-nin hüquqlarım kobud şəkildə pozmuşdur. İddia tələbinə qarşı etirazın dəlilləri Cavabdeh etirazla müraciət edərək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin ona qarşı 2000 manat, 400 manat məbləğində hüquqi yardım xərci və ödənilmiş 40 manat məbləğində dövlət rüsumunun ödənilməsinə dair iddia ərizəninin təmin edilməməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, cavabdeh iddianı qəbul etmir 28 noyabr 2022-ci il tarixli təlim keçmə və əməkdaşlıq haqqında müqaviləsinin heç bir hüquqi əsası yoxdur. Təəssüf ki, qeyd olunan müqaviləni imza edərkən mahiyyətini anlamamışdır. Həmin müqavilə və əmək müqaviləsini dəfələrlə tələb etsə də ona təqdim edilməmişdir. Qeyd edir ki, şirkət tərəfindən ona təlim keçirilməmişdir. Belə ki, 29 noyabr 2022-ci il tarixdən "xxxx" MMC-yə məxsus avtoservisdə operator vəzifəsi üzrə işə qəbul edilmişdir. İşin ilk günlərində operator vəzifəsinin əmək funksiyalarına dair ilkin məlumatlar verilmişdir. Əmək müqaviləsi 1 il müddətinə bağlanmışdır. "xxxx" MMC onunla 3 il işləmək niyyəti olsaydı, əmək müqaviləsini nə üçün 1 il müddətində bağlanmışdır? Əmək funksiyası isə servisdə təmir olunan maşınlarda hansı işlərin görüldüyünü 1c proqramında sistemə yazmaqdan ibarət olmuşdur. Təlim dedikləri necə olub: İş yerində ilk vaxtlarda şirkətin əməkdaşına təhkim olunmuşdur. Həmin şəxs iş fəaliyyətinə nəzarət edib. İşə başlamamışdan əvvəl avtomobillərin ehtiyyat hissələri haqqında məlumat olan kitab verilmiş və həmin kitabın əzbərlənməsi tapşırılmışdır. Həmin kitabda avtomobilin təkəri, nakladka, mühərrik, sürətlər qutusunun və s. yağı, nasos, çən, idarə etmə sistemi haqqında məlumatlar əks olunmuşdur. Şirkətin əməkdaşı da avtomobilin detalları haqqında məlumatlar vermişdir. Qısa müddət sonra vəzifəsini müstəqil icra etmişdir. Hər hansı təlimin keçirilməsi üçün təlimçi olmalıdır. "xxxx" MMC-nin iddia etdiyi təlim sadəcə işçilərə əmək funksiyasının yerinə yetirilməsi üçün tələb olunan məlumatların öyrədilməsindən ibarətdir. 28 noyabr 2022-ci il tarixli təlim keçmə və əməkdaşlıq haqqında müqavilədə "xxxx" MMC müqavilə üzrə ona şirkətə məxsus servis mərkəzində nəqliyyat vasitələrinin təmiri ilə bağlı xüsusi peşə biliklərinə yiyələnməsi üçün nəzəri və təcrüb dərslərin keçirilməsini təşkil etməyi, “təlim alanı” yiyələndiyi peşəyə uyğun iş yeri ilə təmin etməyi və onunla əmək müqaviləsi bağlamağı öhdəsinə götürür. "xxxx" MMC “təlim alana” peşə öyrətməyi öhdəsinə götürüb. Ancaq peşə öyrədilməyib. Digər tərəfdən işə götürməyi öhdəsinə götürüb, ancaq müqavilə bağlandıqdan 1 gün sonra əmək müqaviləsi bağlanmış və operator vəzifəsi üzrə əmək fəaliyyətinə başlamışdır. Yəni, əmək müqaviləsi üzrə işə başlamağı “təlim” in nəticəsi ilə bağlı deyil. Operator vəzifəsi peşə hesab oluna bilməz. Təlim keçmə və əməkdaşlıq haqqında müqavilədə "xxxx" MMC üzərinə götürdüyü öhdəliyin mahiyyətinin əmək fəaliyyəti və tutduğu vəzifə ilə heç bir əlaqəsi yoxdur. Ona nəqliyyat vasitələrini təmir etmək məqsədi ilə xüsusi peşə bilikləri öyrədilməyib. Qeyd edir ki, nə onun servisdə təmir ustası kimi işləmək, nə də şirkətin onu təmir ustası kimi işə götürmək niyyəti olmayıb. Müqavilənin etibarlı olması üçün predmeti və mühüm şərtləri konkret göstərilməlidir. 28 noyabr 2022-ci il tarixli təlim keçmə və əməkdaşlıq haqqında müqavilədə mütləq göstərilməli idi: tədrisin qaydaları, tədrisin tarixi və vaxtı, imtahan qaydaları, tədrisin nəticəsi, istehsalata və ya işə buraxılması qaydası. Yekunda 20 sualdan ibarət test imtahanına cəlb edilmişdir. Lakin, test imtahanı təlimin nəticəsi ilə bağlı olmayıb. İmtahan mövzusu hər işçinin öz işi ilə bağlı olub. Şirkət rəhbərliyi bildirmişdir ki, imtahandan zəif bal toplayanın əmək haqqısı azaldılacaq. 28 noyabr 2022-ci il tarixli təlim keçmə və əməkdaşlıq haqqında müqavilədə təlim haqqında mühüm şərtlərin göstərilməməsi həmin müqavilənin etibarsızlığı üçün əsasdır. 28 noyabr 2022-ci il tarixli təlim keçmə və əməkdaşlıq haqqında müqavilə üzrə “Avtoservis-K.Ş Maddi Məsuliyyətli Cəmiyyəti sonradan əmək müqaviləsi üzrə işəgötürən, o isə işçi olmuşdur. O təlim almadığı halda ondan əvəzsiz olaraq 2000 manat tələb edilməsi etimad və vicdanlılıq prinsiplərinə ziddir və zərərlidir. “Avtoservis-K.Ş" Maddi Məsuliyyətli Cəmiyyəti iddiaçı olaraq iddia tələbini sübut etməlidir. Təlimin nədən ibarət olması, təlimin strukturu, tədrisin qaydaları, təlim üçün nəzərdə tutulmuş müddət və vaxt, tədrisin nəticəsi, imtahan qaydaları, istehsalata və ya iş yerinə buraxılış və bu kimi digər amilləri sübut etməlidir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə Cavabdeh məlumatlandırılsa da o məhkəmə iclasında iştirak etməmişdir və ərizə ilə müraciət edərək məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və prosesin təxirə salınmasını xahiş etmişdir. Məhkəmə Cavabdeh iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək bildirmişdir ki, Cavabdeh hüquqlarını müdafiə etdiyi avtoservisdən işdən çıxdıqdan sonra yeni avtoservisə əvvəlcə qeyri rəsmi, hazırda isə rəsmi işə qəbul olunmuşdur. Avtoservisin işçilərinin 30-40 faizi qadın əməkdaşlardır. Xanımlar qeydiyyat və sair işlərlə məşğul olurlar. Elçin adlı müəllim işə götürülən işçilərə təlim keçir və sevişin fəaliyyətində lazımlı olan məlumatları onlara öyrədir. Sıfırdan işçi hazırlayır servis. Təlimə cəlb etmədən əmək müqaviləsi bağlanır və işçiyə əmək haqqı ödənir. Bundan sonra günün birinci yarısı işçılər təlimə cəlb olunur ikinci yarısı isə işləyir. Cavabdehlə əmək müqaviləsinə əsasən onun aylıq əmək haqqı 450 manat müəyyən edilmiş və həmin məbləğ cavabdehə ödənmişdir. Cavabdehin işə düzəldiyi şirkət rəqib şirkətdir və həmin şirkət daha artıq maaş təklif etməklə hazır işçiləri öz şirkətlərində işə cəlb edir. Cavabdehlə baş verən hal tək hal deyil və bir neçə işçi ilə bağlı belə iddialar var. Yalnız cavabdeh yox daha bir neçə işçi rəqib avtoservisdə işə düzəlib və müxtəlif rayon məhkəmələrində eyni məzmunda iddiaları var. Müqaviləyə xitam verilməsi şərtləri ilə bağlı da cavabdehin öhdəliyi var. Cavabdeh öz ərizəsi ilə işdən çıxıb. Cavabdeh işdən getməklə və yenidən avtoservisə işə düzəlməklə müqavilənin şərtlərini pozmuş və bu səbəbdən iddianın təmin edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək etirazın məzmununa uyğun çıxış etdi. O, əlavə olaraq bildirdi ki, 18 aprel 2024-cü il tarixdə yeni işə başlamışdır. O, avtoservisdə işləyir. O, iddiaçı ilə müqavilə bağlayarkən mətni ilə tanış olmadığını və iki müqavilə imzaladığını bildirmişdir. Peşəyə görə ona kömək ediləcəyi bildirilmiş və o, iki müqavilə imzalamışdır. İşləmək məcburiyyətində olduğundan o işə düzəlib. Başqa sahəni bilmir və bildiyi sahə bu olduğundan avtoservisdə işləyir. İşi 1C proqramında işləməkdən ibarət olub. Həmin proqramı o, 1-2 günə öyrənib və ona bunu heç kim öyrətməyib. İddiaçı bunun üçün xərc çəkməyib. İddiaçı ilə işləyən zaman 300 manat əmək haqqı ilə başlayıb və daha sonra 50 manat artırılmışdır. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək cavabdehin nənəsi olduğunu, hazırda neft kimya institutunda magistr pilləsində oxuyan cavabdehin iddiaçını aldatmadığını, lazımi qaydada işlədiyini, təhsil haqqı ödəmək üçün işlədiyini bildirərək, cavabdehə kömək olunmasını xahiş edir. Tədqiq edilmiş sənədlər Şirkət-"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə təlim alan- Cavabdeh arasında 28 noyabr 2022-ci il tarixdə bağlanmış Təlim keçmə və əməkdaşlıq haqqında müqavilədən görünür ki, müqaviləyə əsasən “Şirkət” ona məxsus olan servis mərkəzində nəqliyyat vasitələrinin təmiri ilə bağlı xüsusi peşə biliklərinə yiyələnməsi üçün "xxxx" a müvafiq nəzəri və təcrübi dərslərin keçilməsini təşkil etməyi, "xxxx"ı yiyələndiyi peşəyə uyğun iş yeri ilə təmin etməyi və onunla əmək müqaviləsi bağlamağı öhdəsinə götürür. "xxxx" “Şirkət” tərəfindən təmin edilən müvafiq nəzəri və təcrübi dərslərdə iştirak etməyi, təlimə başladığı andan “Şirkət”lə əmək müqaviləsi bağlayaraq “Şirkət”in avtoservisində işləməyi, “Şirkət”lə olan əmək müqaviləsinə xitam verməməyi, başqa avtoservisdə və bu kimi digər müəssisələrdə işləməməyi öhdəsinə götürür. "xxxx"ın təyin ediləcəyi vəzifə onun təcrübi bilikləri və qabiliyyətinə əsasən “Şirkət” tərəfindən müəyyən ediləcək. Həmin müqavilənin 4.2-ci bəndindən görünür ki, “Şirkət”lə əmək müqaviləsi bağladığı gündən 3 (üç) il müddətində yalnız “Şirkət”in avtoservisində işçi kimi işləmək vəzifəsini Cavabdeh üzərinə götürmüşdür. Həmin müqavilənin 4.3-cü bəndindən görünür ki, “Şirkət”lə əmək müqaviləsi bağladığı gündən 3 (üç) il müddətində “Şirkət”in yazılı razılığı və icazəsi olmadan Azərbayan Respublikasının ərazisində başqa avtoservisdə və bu kimi digər müəssisələrdə iş yeri seçərsə və ya işləyərsə “Şirkət”in xərclədiyi 2000 (iki min) manat məbləğində dəbbə pulunu “Şirkət”ə ödəmək vəzifəsini Cavabdeh üzərinə götürmüşdür. Həmin müqavilənin 5.2-ci bəndindən görünür ki, "xxxx" öz üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımi qaydada yerinə yetirmədikdə, “Şirkət”in yazılı razılığı və icazəsi olmadan Azərbaycan Respublikasının ərazisində başqa avtoservisdə və bu kimi digər müəssisələrdə iş yeri seçərsə və işləyərsə "xxxx"dan 2000 (iki min) manat məbləğində dəbbə pulunun ödənilməsini tələb etmək Şirkətin hüququdur. Həmin müqavilənin 7.2-ci bəndindən görünür ki, "xxxx"nın Azərbaycan Respublikasında olduğu və yaşadığı müddətdə “Şirkətin” yazılı razılığı və icazəsi olmadan Azərbaycan Respublikası ərazisində başqa avtoservisdə və bu kimi digər müəssisələrdə iş yeri seçməsi və işləməsi faktı müəyyən edildikdə “Şirkət” "xxxx"na nəzəri və təcrübi dərslərin keçilməsi üçün xərclədiyi 2000 (iki min) manat məbləğində dəbbə pulunun ona ödənilməsini "xxxx" dan tələb edə bilər. Həmin müqavilənin 7.3-cü bəndindən görünür ki, Tərəflər arasında bağlanacaq əmək müqaviləsinin müddətinin bitməsi tərəfləri hazırkı müqavilənin qüvvədə olduğu müddətdə yol verdikləri pozuntular üzrə məsuliyyətdən azad etmir. 31 oktyabr 2023-cü il tarixli Cavabdeh ünvanlanmış xəbərdarlıqdan görünür ki, 28 noyabr 2022-ci il tarixli təlim keçmə və əməkdaşlıq haqqında müqavilənin 1.2 və 4.2-ci maddələrinin tələblərini və götürdüyü öhdəlikləri kobud şəkildə pozduğu üçün "xxxx" MMC təlim keçilməsi üçün çəkdiyi 2000 (iki min) manat məbləğində pulun ödənilməsi ilə bağlı Zaqatala rayon məhkəməsinə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdən müddətli əmək müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixədək əsas iş yeri kimi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində operator vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı Əmək müqaviləsi Bildirişindən görünür ki, xx.xx.2023-cü il tarixli əmrlə Cavabdeh ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış əmək müqaviləsinə Cavabdeh təşəbbüsü ilə (Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən) xitam verilmişdir. Elektron Məhkəmə İnformasiya Sistemindən Cavabdeh aid məlumatlar barədə çıxarışdan görünür ki, Cavabdeh ilə işəgötürən “X1” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında katib vəzifəsinin icrası ilə bağlı aktiv əmək müqaviləsi mövcuddur. Əmək müqaviləsi bildirişinə dair çıxarışdan görünür ki. Cavabdeh xx.xx.2024-cü il tarixdə bağlanmış aktiv əmək müqaviləsi var və onun işlədiyi struktur bölmə Qəbul şöbəsi, vəzifəsi isə Qəbulçu 2 dərəcəli. İcra edilmiş 323 nömrəli ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına hüquqi yardım xərci üzrə 400 manat ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Belə ki, müəyyənləşdirilmiş mübahisəsiz hallar ondan ibarətdir ki, tərəflər arasında xx.xx.2022-ci il tarixdə bağlanmış Təlim keçmə və əməkdaşlıq haqqında müqaviləyə əsasən iddiaçı ona məxsus olan servis mərkəzində cavabdehə müvafiq nəzəri və təcrübi dərslərin keçilməsini təşkil etməyi, onu yiyələndiyi peşəyə uyğun iş yeri ilə təmin etməyi və onunla əmək müqaviləsi bağlamağı öhdəsinə götürmüş, cavabdeh təlimə başladığı andan iddiaçı ilə əmək müqaviləsi bağlayaraq onun avtoservisində işləməyi, iddiaçı ilə olan əmək müqaviləsinə 3 il müddətində xitam verməməyi, 3 il müddətində iddiaçının yazılı razılığı və icazəsi olmadan Azərbayan Respublikasının ərazisində başqa avtoservisdə və bu kimi digər müəssisələrdə iş yeri seçərsə və ya işləyərsə 2000 manat məbləğində dəbbə pulunu iddiaçıya ödəməyi üzərinə götürmüşdür. xx.xx.2023-cü il tarixli əmrlə tərəflər arasındakı əmək müqaviləsinə cavabdehin təşəbbüsü ilə xitam verilmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixdə “X1” MMC ilə əmək müqaviləsi bağlamış və onun işçisidir. Müəyyənləşdirilmiş hallardan görünür ki, cavabdehin əmək funksiyası üzrə işi, servisdə təmir olunan maşınlarda hansı işlərin görüldüyünü 1C proqramında qeydə almaqdan ibarət olmuşdur. Cavabdeh iddiaya etirazını həmin proqramı 1-2 günə özünün öyrənməsi və ona bunu heç kimin öyrətməməsi əsası ilə etiraz etsə də, etirazının əsası kimi istinad etdiyi həmin halın təsdiqi üçün sübut təqdim etməmişdir. Məhkəmə cavabdehin iddiaçı ilə əmək münasibətinə daxil olanadək bu sahədə bilik və bacarığının olması barədə sübut təqdim etmədiyini nəzərə alaraq, cavabdehin müqavilənin bağlandığı anadək bu sahədə müvafiq bilik və bacarığının olmadığı nəticəsinə gəlir və cavabdehin bu işi 1-2 günə özünün öyrənməsini ağlabatan saymır. Məhkəmə onu da qeyd etməyi zəruri sayır ki, cavabdeh iddiaçının müqavilə öhdəliyini icra etməməsi halını və ya mətni ilə tanış olmadığını qeyd etdiyi müqavilənin özünü mübahisələndirmir. Məhkəmə onu qeyd etməyi zəruri sayır ki, nəqədər ki, xx.xx.2022-ci il tarixdə bağlanmış Təlim keçmə və əməkdaşlıq haqqında müqavilə etibarsız sayılmayıb və cavabdeh həmin müqavilə üzrə 3 il müddətində iddiaçının yazılı razılığı və icazəsi olmadan Azərbayan Respublikasının ərazisində başqa avtoservisdə və bu kimi digər müəssisələrdə iş yeri seçməsi və ya işləməsi halı üçün iddiaçıya 2000 manat məbləğində dəbbə pulu ödəməyi vəd edib, onun “X1” MMC-də işlədiyi andan iddiaçıya dəbbə pulu ödəmək öhdəliyi yaranmışdır. Məhkəmə iddia üzrə belə nəticəyə gəlir ki, cavabdehin xx.xx.2022-ci il tarixdə 3 il müddətində iddiaçının yazılı razılığı və icazəsi olmadan Azərbayan Respublikasının ərazisində başqa avtoservisdə və bu kimi digər müəssisələrdə iş yeri seçməsi və ya işləməsi halı üçün iddiaçıya 2000 manat məbləğində dəbbə pulu ödəyəcəyini vəd etməsi tam təsdiq olunduğundan, iddia tələbi təmin edilməli, cavabdehdən dəbbə pulu üzrə 2000 manat tutularaq iddiaçıya ödənilmədir. Məhkəmə hüquqi yardım xərcinin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesaba əsasən digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməli olduğunu, iddia tələbinin də təmin edildiyini nəzərə alaraq, 400 manat məbləğində hüquqi yardım xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməli olduğu nəticəsinə gəlir. Məhkəmə eyni zamanda hesab edir ki, iddia tələbi təmin edildiyindən 40 (qırx) manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının hesabına ödənilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213-220, 227, 233.1, 234, 357-362-ci maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh 2000 (iki min) manat məbləğində dəbbə pulu, 400 (dörd yüz) manat məbləğində hüquqi yardım xərci və 40 (qırx) manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Vüqar Məmmədov.
Məhkəmə qərarları › İş №e-2(033)-410/2024
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-410/2024
11.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver