Məhkəmə qərarları › İş №e-2(033)-420/2025

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-420/2025

12.03.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-420/2025 12.03.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Zərifə Faiq qızının sədrliyi, Məhkəmə iclas katibi Cəlilova Nuridə Əli qızının katibliyi ilə, İddiaçı İbahim qızının cavabdehlər Cavabdeh1, Cavabdeh2 və üçüncü şəxs Maraqlı şəxsnə qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddia tələbi və dəlilləri İddiaçı İbahim qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxxxx 1946-cı il tarixdə doğulmuş Cavabdeh2 (şəxsiyyət vəsiqəsiAZE0*******, FİN:xxxxxxx) və xx xxxx 1973-cü il tarixdə doğulmuş Cavabdeh1 (şəxsiyyət vəsiqəsi AA01802916, FİN:xxxxxxx) ona məxsus Zaqatala şəhəri, C.Cabbarlı küçəsi, ev 3, mənzil 25-dən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Zaqatala şəhəri, C.Cabbarlı küçəsi, ev 3, mənzil 25-də yerləşən ev onun xüsusi mülkiyyətindədir və onun xüsusi mülkiyyətində olmasına dair qeydiyyat vəsiqəsi də vardır. Həmin mənzili o xx.xx.2004-cü ildə alqı-satqı yolu ilə almışdır. Cavabdehlərin pasport qeydiyyatında onun evində olması onun mülkiyyət hüququmun pozulması ilə nəticələnir. Belə ki, mənzil barədə sərəncam vermək üçün (alqısatqı müqaviləsi, mənzil kirayə müqaviləsi, ipoteka qoyulmasına dair müqavilə) həmin şəxslərin razılığı tələb olunur. Lakin həmin şəxslər onun ailə üzvü deyildir və onun evində yaşamırlar, onların yaşayış sahəsinə əmlak hüquqları yoxdur və mənzil onun mülkiyyətindədir. Cavabdehlər evi ona sataraq yaşamaq üçün Bakı şəhərinə gediblər, ancaq onun evində qeydiyyatda qalıblar. Həmin cavabdehlər evin əvvəlki mülkiyyətçisinin ailə üzvüdür, ona görə həmin evdə qeydiyyatdadır. O, həmin mənzili alanda cavabdehlərin həmin mənzildə qeydiyyatda olması ilə bağlı ona heç bir məlumat verilməmiş və onun xəbəri olmamışdır. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmalarına baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmişdirlər. İddiaçı və Cavabdeh1 ərizə ilə müraciət edərək hər biri ayrı ayrılıqda işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh2 məhkəmə iclasında iştirak etməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul edərək bildirmişdir ki, o istifadə hüququna xitam verilməsinə etiraz etmir və həqiqətən həmin ev 2004-cü ildə iddiaçıya satılmışdır. Yazılı sübutlar “Elektron notariat” X1 vasitəsilə yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərə dair məlumatdan çıxarışdan görünür ki, Zaqatala şəhəri, C.Cabbarlı küçəsində yerləşən 3 saylı evdə yerləşən 25 nömrəli mənzildə Cavabdeh1 və Cavabdeh2 qeydiyyatdadır. Zaqatala şəhəri C.Cabbarlı küçəsində yerləşən 3 saylı evdə yerləşən 25 nömrəli mənzilə dair qeydiyyat vəsiqəsindən görünür ki, həmin mənzil 26 may 2004-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən İddiaçı adına qeydə alınmışdır. 26 may 2004-cü il tarixli 215975 nömrəli müqavilədən görünür ki, Zaqatala şəhəri C.Cabbarlı küçəsində yerləşən 3 saylı evdə yerləşən 25 nömrəli mənzil Cavabdeh2 tərəfindən 15000000 (on beş milyon) manat qarşılığında İddiaçı satılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı İbrahimova X2 şəhəri C.Cabbarlı küçəsində yerləşən 3 saylı evdə yerləşən 25-nömrəli mənzili Cavabdeh2 Əbülfəq qızından 26 may 2004-cü il tarixli 215975 nömrəli müqaviləyə əsasında almışdır. Həmin mənzil İddiaçı İbahim qızının adına qeydiyyata alınaraq ona qydiyyat vəsiqəsi verilmişdir. Cavabdeh1 da iddia tələbini qəbul edərək mənzilin 2004-cü ildə İddiaçı İbahim qızına satılmasını qeyd etmişdir. Cavabdehlərin iddiaçıya məxsus mənzildə onlara məxsus hər hansı əmlakları qalmamışdır. Onlar uzun müddət ərzində və davamlı olaraq qeydiyyatda olduqları mənzilə dair istifadə hüquqlarını həyata keçirmirlər, bu hüquqdan könüllü istifadə etmirlər. Məhkəmə iddia tələbi üzrə belə nəticəyə gəlir ki, cavabdehlərin iddiaçıya məxsus yaşayış sahəsinə ehtiyaclarının aradan qalxdığı tam təsdiq olunduğundan, onların Zaqatala şəhəri C.Cabbarlı küçəsində yerləşən 3 saylı evdə yerləşən 25 nömrəli mənzildən istifadə hüquqlarına xitam verilməli, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu tələb edilmədiyindən həmin xərc onun özünə aid edilməldir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı İbahim qızının mülkiyyətində olan Zaqatala şəhəri, C.Cabbarlı küçəsində yerləşən 3 saylı evdə yerləşən 25 nömrəli mənzildən cavabdehlər Cavabdeh1, Cavabdeh2 istifadə hüquqlarına xitam verilsin. İş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu İddiaçı İbahim qızına aid edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Zərifə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar