Məhkəmə qərarları › İş №e-2(033)-431/2025

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-431/2025

12.03.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-431/2025 12.03.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Zərifə Faiq qızının sədrliyi, Məhkəmənin iclas katibi Cəlilova Nuridə Əli qızının katibliyi, İddiaçı, Cavabdeh “Zaqatala rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı cavabdeh “Zaqatala rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair mülki işə Zaqatala rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh “Zaqatala rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Zaqatala rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli 18-1-78/3-1-3564/2024 saylı əmrinin ləğv edilməsi, məcburi iş buraxmaya görə iş stajının bərpa olunması, əmək haqqının tam ödənilməsi və işə bərpa edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, “Zaqatala rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdə 20 ildən artıqdır ki, qüsursuz işləmişdir. Heç vaxt işində nöqsanı olmamış, heç vaxt barəsində hər hansı tənbeh tədbiri olmamışdır. Xəstənin qohumu xx.xx.2024-cü il tarixdə işdə olarkən cibinə pul qoymuşdur. Pul qoyanda o, görməmişdir. İki dəqiqə içində direktor Tamara xanım onu çağırmışdır ki, xəstənin adamından pul götürübdür. Bir saat içində ona ərizə yazdırdılar ki, tez ol ərizə yaz, yoxsa maddə ilə çıxardacaqlar. Özü də 2-ci qrup əlildir. Xəstə adamdır. Həyəcandan qorxub nə deyiblər eləmişdir. Təzyiq nəticəsində ərizə yazmışdır. Korona vaxtı bir gün evdə yatmamışdır. O vaxtı Balakəndən də xəstələr gəlirdi. Necə işçi olduğunu işdə hər kəs bilir. Kim istəyər ki, Yeni il bayramı qabağı işdən çıxsın. Heç bir əsas olmadan, heç bir xəbərdarlıq, töhmət olmadan onatəzyiqlə ərizə yazdırıb, xx.xx.2024-cü il tarixdə əmr verərək işdən azad etmişlər. Beləliklə, əmək qanunvericiliyin tələbləri kobud şəkildə pozularaq onun hüquqları pozulmuşdur. İddiaçı məhkəmə iclasında iddia ərizəsində uyğun izahat verərək bildirdi ki, keçmiş iş yoldaşları da şahid olmuşdur ki, ərizəni öz istəyi ilə yazmamışdır. Ərizəni yazıb çıxandan sonra onun ağladığını hər kəs görmüşdür. Təzyiqlər nəticəsində hətta təzyiq dərmanı da qəbul etmişdir. Buna isə xəstəxananın vəzifəli şəxsləri, eləcə də iclasda nümayəndə kimi çıxış edən Həsrət müəllim də şahiddir. Onun işdən çıxması üçün heç bir əsas olmamışdır. Yenə Zaqatala şəhərində yaşayır eyni şəraitdə yaşayır. Həyatında heç nə dəyişməmişdir. Odur ki, ərizə yazıb işdən çıxmasına heç bir səbəbi olmadığı da hamıya aydındır. Cavabdeh Zaqatala rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin nümayəndəsi məhkəməyə verdiyi izahatında bildirdi ki, iddiaçı xx.xx.2024-cü il tarixində işdən azad olunması barədə ərizə ilə yazılı müraciət etmiş, ərizəsində həmin tarixində əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir. Onunla əmək müqaviləsinə tərəfindən Əmək Məcəlləsinin 68.2.a (tərəflərdən birinin təşəbbüsü) maddəsinə əsasən xitam verilmişdir. İddiaçının qeyd etdiklərini doğru hesab etmir. İddiaçı ərizəsində işdən azad edilməsini özü xahiş edib. Dərman qəbul edilməsi ilə bağlı məsələyə gəlincə bəli, dərman qəbul etmişdir. Lakin iddiaçı özü də səhhətində əvvəllər də problemlər olduğunu bildirmişdir. Çünki özünün də ərizəsində qeyd etdiyi kimi səhhətində problem yaranır. Əmək Məcəlləsinin 69.4-cü maddəsinə əsasən işdən azad olunması üçün ərizəsində konkret xx.xx.2024-cü il tarixində işdən azad olunmasını xahiş etmişdir. Belə olduğu halda 1 ay xəbərdarlıq müddəti nəzərə alınmır. İddiaçının iddiasında qeyd etdiyi tələblər əsassızdır. Ona görə də iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməməsini xahiş etdi. X1 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, Dilarəni ağlaya-ağlaya gələn görmüşdür. İşdən azad edildiyini dedi. Günortadan sonra idi başqa heçnə demədən getdi. X2 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, Dilarə ilə iş yoldaşıdır. İşdə o günü bir yerdə idilər və hər ikisi xəstə baxıcısıdır. Bir də gördülər ki, ağlayır. Dedi işdən çıxardıblar. Təzyiqi qalxdı, pis oldu. Məhkəmə iclasında şahid kimi dindirilən X9 verdiyi ifadəsində bildirdi ki, zorla ona Zaqatala Rayon Xəstəxanasının rəhbərliyi tərəfindən ərizə yazdırılmışdır ki, guya İddiaçı Rəsul qızı xx.xx.2024-cü il tarixdə oğlunun doğulması münasibəti ilə ondan 20 manat şirinlik almışdır. Əslində isə onu yoldaşı öz tərəfindən vermişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını və təqdim edilmiş sübutları nəzərdən keçirib hesab edir ki, iddia təmin edilməlidir. İş materialında olan İddiaçı Rəsul qızının əmək kitabçasından görünür ki, İddiaçı xx.xx.2001-ci ildə Zaqatala RMX-nın doğum evinə xidmətçi, xx.xx.2015-ci ildə Yenidoğulmuşlar şöbəsində xəstələrə qulluq edən kiçik tibb bacısı, xx.xx.2022-ci ildə Radiologiya şöbəsinə xadimə, xx.xx.2022-ci ildə Ginekologiya və doğum şöbəsinə xadimə, xx.xx.2022-ci ildə Ginekologiya və doğum şöbəsinə sanitar qadın işinə təyin edilmişdir. İş materialında olan “Ginekologiya və Doğum” şöbəsinin 2024-cü ilin “Dekabr” ayı üzrə qrafik üzrə iş cədvəlindən görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdə 12 saatlıq, İrəfiyeva Pərvanə 12 saatlıq, Kusayeva Nəcibə isə 10 saatlıq iş qrafiki üzrə növbətçi olmuşdur. İş materialında olan xx.xx.2024-cü il tarixli ərizənin surətindən görünür ki, İddiaçı Rəsul qızı “Zaqatala rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direktoru Tamara Nurəliyevaya ərizə ilə müraciət edərək xx.xx.2024-cü il tarixdən bağlanılmış əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir. İş materialında olan əmək müqaviləsinə xitam verilməsi haqqında xx.xx.2024-cü il tarixli 18-1-78/3-1-3564/2024 nömrəli əmrin surətindən görünür ki, Ginekologiya və doğum şöbəsində sanitar qadın (sanitar) işləyən İddiaçı Rəsul qızı ilə bağlanmış xxxxxxx000100 nömrəli əmək müqaviləsinə “AR ƏM-nin 68.2. “a” - tərəflərdən birinin təşəbbüsü” maddəsinə əsasən xx.xx.2024-cü il tarixindən xitam verilmişdir. İş yerinə dair arayışlardan görünür ki, X7 “Zaqatala RMX-nın “Ginekologiya və Doğum şöbəsinin kiçik tibb bacısı, X8 isə həmin şöbənin sanitarı kimi fəaliyyət göstərir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 3-cü maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən – tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə fiziki şəxsdir. 3-cü maddəsinin 4-1-ci hisəsinə əsasən əmək münasibətləri əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlərdir. 9-cu maddəsinin a bəndinə əsasən sərbəst surətdə ixtisasına, sənətinə, peşəsinə uyğun əmək fəaliyyəti növü və iş yeri seçərək əmək müqaviləsi bağlamaq işçinin əsas hüquqlarından biri kimi müəyyən edilmişdir. 11-ci maddəsinin a və b bəndinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək, bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək işəgötürənin əsas hüquqları kimi qeyd edilmişdir. 68-ci maddəsinin birinci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Qeyd edilməlidir ki, əmək müqaviləsinə xitam verilməsi əsaslarından biri də tərəflərdən birinin təşəbbüsüdür (ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsi, “a” bəndi). 69-cu maddəsinin 1-ci və 2-ci hissəsinə əsasən, işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. 69-cu maddəsinin 3-cü hissəsinə əsasən, işçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək münasibətlərinə daxil olması ilə bağlı yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) razılığı olduqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Həmin Məcəllənin 69-cu maddəsinin 4-cü hissəsinə əsasən, əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur. Əmək Məcəlləsinin 300-cü maddəsinə əsasən, əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı Rəsul qızı xx.xx.2001-ci ildə Zaqatala RMX-nın doğum evinə xidmətçi, xx.xx.2015-ci ildə Yenidoğulmuşlar şöbəsində xəstələrə qulluq edən kiçik tibb bacısı, xx.xx.2022-ci ildə Radiologiya şöbəsinə xadimə, xx.xx.2022-ci ildə Ginekologiya və doğum şöbəsinə xadimə, xx.xx.2022-ci ildə Ginekologiya və doğum şöbəsinə sanitar işinə təyin edilmiş və işdən azad edildiyi tarixədək həmin işdə çalışmışdır. İddiaçı xx.xx.2024-cü il tarixdə yazılı ərizə ilə Zaqatala RMX-nın baş həkimi Tamara Nurəliyevaya müraciət edərək həmin tarixdən işdən azad edilməsini xahiş etmiş, Zaqatala RMX-nın xx.xx.2024-cü il tarixli əmrinə əsasən, onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndində əsasən xitam verilmişdir. Sadalanan hallar iş materiallarında öz əksini tapmışdır. Tərəflər arasında mübahisənin səbəbi və qaldırılan iddianın məzmunu qeyd edilən işdən çıxmaqla bağlı ərizənin iddiaçının öz istəyi ilə deyil, cavabdeh tərəfindən məcburi şəkildə yazdırılmasından və əsassız yerə işdən çıxarılmasından ibarətdir. Məhkəmə qeyd edir ki, işdən çıxmaq barədə ərizənin məcburi surətdə yazdırılmasını sübut etmək vəzifəsi iddiaçının üzərinə, ərizənin könüllü surətdə yazılmasını sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla bağlı iddia tələbinin əsaslı olub-olmamasını müəyyənləşdirmək üçün məhkəmə iddiaçı və cavabdeh tərəfin təqdim etdiyi sübutlara ayrılıqla hüquqi qiymət verilməsini zəruri hesab edir: İddiaçının təqdim etdiyi sübutlar və əsaslandığı hallar – “Zaqatala RMX-nın “Ginekologiya və Doğum şöbəsinin kiçik tibb bacısı X4 və həmin şöbənin sanitarı kimi işləyən X3 şahid ifadələri. Belə ki, iddiaçı iddia edir ki, xəstə yaxının onun cibinə 20 manat pul qoymasına görə ona qorxudaraq işdən çıxaracaqları ilə hədələmişlər. O da könüllü surətdə deyil, məcburiyyət qarşısında qalaraq ərizəni yazmışdır. Bununla bağlı təqdim etdiyi sübutlar qismində şahid ifadələri çıxış edir. Şahid qismində dindirilmiş iddiaçının keçmiş iş yoldaşları izahatlarında bildirir ki, ərizəni yazdıqdan sonra otaqdan çıxarkən İddiaçı ağlayan vəziyyətdə görmüşlər və ona zorla ərizə yazdırdıqlarını bildirmişdir. Eyni zamanda tərəflər məhkəmə iclaslarında qeyd etmişlər ki, həmin gün ərizə yazdıqları zaman İddiaçı təzyiq dərmanı qəbul etmişdir. Cavabdeh tərəf həmin arqumentlərə qarşılıqlı olaraq bildirir ki, şəxsin təzyiq dərmanı qəbul etməsi heç bir hədə-qorxu səbəbi deyil. Səhhətindəki digər problemlərlə bağlı da dərman qəbulu mümkündür. İddiaçının işdən çıxarılmasına səbəb isə öz razılığı ilə yazdığı ərizədir və ərizədə işdən çıxarılma tarixini dəqiq qeyd etdiyindən 1 aylıq müddət gözlənilmədən əmək müqaviləsinə həmin gün xitam verilmişdir. Cavabdeh tərəfin sübutu: iddiaçının işdən çıxmaqla bağlı yazılı ərizəsi. Cavabdeh iddia tələbinə etirazını belə əsaslandırır ki, Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq işçinin yazılı ərizəsi əsasında onunla əmək müqaviləsinə xitam verilmişdir. Həmin ərizədə dəqiq tarix göstərildiyindən 1 aylıq müddət gözlənilmədən işçi ilə əmək müqaviləsinə xitam verilməsi qanunidir. İddiaçının ərizəni yazmasına məcbur edildiyi xəstə yaxınının cibinə 20 manat şirinlik kimi pulun qoyulmasına münasibətdə məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən bu məsələ ilə bağlı hər hansı qəbul və ya etiraz olmadığından və cavabdehin əsaslandığı hallar mahiyyət etibari ilə əmək vəzifələrinin icrası zamanı rüşvətin alınmasına əsaslanmadığından iş üzrə dindirilmiş X5 ifadəsi iş üzrə dolayı sübut qismində qiymətləndirilməlidir. Məhkəmə şahid ifadələrinin hazırki iş üzrə mötəbər sübut qismində qiymətləndirilməsinə münasibətdə qeyd edir ki, qeyd edilən ərizənin yazılması və əmrin verilməsi şahidlərin ifadələrindən və tərəflərin izahatlarından da aydın olduğu kimi günortadan sonrakı saatlara təsadüf etmişdir. Qeyd edilən şahidlər iddiaçının keçmiş iş yoldaşlarıdır və iş materiallarına əlavə edilmiş 2024-cü ilin “Dekabr” ayı üzrə növbətçilik cədvəlindən görünür ki, həm iddiaçı, həm də şahidlər İrəfiyeva Pərvanə və Kusayeva Nəcibə xx.xx.2024-cü il tarixdə qrafik üzrə işdə olmuşlar. İşdən çıxma əmri isə həmin günün axşam saatlarında 18:11-də sistemə salınmışdır. İddiaçı qrafik üzrə işdə olduğu zaman axşam saatlarında anidən əmək müqaviləsinə xitam verilməsi barədə ərizə ilə müraciət etməsi və dərhal işdən çıxarılması işdən çıxmaqla bağlı iradə ifadəsinin olmasını şübhə altına salır və məhkəmə tərəfindən ağlabatan hesab olunmur. Odur ki, məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş sübutları mötəbər hesab edir. Həmçinin, cavabdehin sübutlarına münasibətdə məhkəmə qeyd edir ki, Əmək Məcəlləsinin 68-ci maddəsinin birinci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Qeyd edilməlidir ki, əmək müqaviləsinə xitam verilməsi əsaslarından biri də tərəflərdən birinin təşəbbüsüdür (ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsi, “a” bəndi). 69-cu maddəsinin 1-ci və 2-ci hissəsinə əsasən, işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. 69-cu maddəsinin 3-cü hissəsinə əsasən, işçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək münasibətlərinə daxil olması ilə bağlı yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) razılığı olduqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Əmək Məcəlləsinin qeyd edilən maddələrindən də göründüyü kimi, işçi öz istəyi ilə əmək müqaviləsinə xitam vermək istəyirsə bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməlidir. Bir ay ərzində işçi işə çıxmalı və gündəlik işlərini görməlidir. Xəbərdar edilmənin vaxtı ərizə veriləndən növbəti gün başlayır. Lakin, əgər işçi və işəgötürən razılığa gəliblərsə, əmək müqaviləsinə daha tez xitam verilə bilər. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. Bəzi hallarda əmək )pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək münasibətlərinə daxil olması ilə bağlı yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) razılığı olduqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda) işçi ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər: Qanunvericilikdə işçinin öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsinin bu cür tənzimlənməsi sırf əmək hüquq münasibətlərində zəif tərəf kimi çıxış edən işçinin hüquqlarının qorunması məqsədi daşıyır. Yəni, işçinin hüquqlarının əsassız pozulmaması və iradə ifadəsinin düzgün tətbiqi baxımından 1 ay müddət nəzərdə tutulmuşdur ki, həmin müddət ərzində işçinin ərizəsini geri götürərək əmək fəaliyyətinə davam etməsi mümkün olsun. Yalnız xüsusi hallarda həmin gün əmək müqaviləsinə xitam verilməsinin tənzimlənməsi isə yenə də işçinin normal həyat şəraitinin pozulmaması və ziddiyyət yarandığı təqdirdə təhsil və digər hüquqlarının həyata keçirilməsinə mane olmamaq məqsədi daşıyır. Hazırki vəziyyətdə işçi tərəfindən nəinki əmək müqaviləsinə həmin gün, ümumiyyətlə xitam verilməsi ilə bağlı iradə ifadəsinin olmamasını mübahisələndirilməsi işəgötürən tərəfindən işçinin hüquqlarının kobud surətdə pozulması hallarını təsdiq edir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 88-ci maddəsi). Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Məhkəmə qeyd edilənlər üzrə dəyərləndirmə apararaq iddiaçının tələbinin əsası kimi təqdim etdiyi sübutları iddia tələbinin təmini üçün yetərli sayır, hesab edir ki, cavabdeh də iddiaya qarşı əsaslı şübhə yaratmayan hər hansı bir sübut təqdim etməmişdir. İddia tələbinin “məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı bu hissədə də tələbindən haqlı olduğundan iddia tələbi bu hissədə də təmin edilməlidir. Belə ki, Əmək Məcəlləsinin 300-cü maddəsinə əsasən, əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Məhkəmə yuxarıda qeyd edilənlərə əsasən belə hesab edir ki, iddia tələbi təmin edilməli, Zaqatala rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli 18-1- 78/3-1-3564/2024 saylı əmri ləğv edilməli, iddiaçı işə bərpa edilməli və məcburi işburaxmaya görə əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə görə isə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası qanununun 9.4-cü maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası qanununun 8.2-ci maddəsinə görə qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilməlidir. “Dövlət rüsumu haqqında” Qanunun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Odur ki, iddiaçı tərəfindən ödənilən 55 manat mediasiya xərci ödənildiyindən və iddiaçı məhkəməyə müraciət etmək üçün rüsum ödəməkdən azad olunduğundan, 100 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh “Zaqatala rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli, 18-1-78/3-1-3564/2024 nömrəli “əmək müqaviləsinə xitam verilməsi barədə” əmri ləğv edilsin və İddiaçı Rəsul qızı “Zaqatala rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin “Ginekologiya və Doğum şöbəsində “sanitar” işinə bərpa edilsin. İddiaçı Rəsul qızına xx.xx.2024-cü il tarixdən işə çıxdığı günə qədər məcburi işburaxma müddəti üçün hesablanmış əmək haqqı ödənilsin. İddiaçı Rəsul qızı iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunu ödəməkdən azad olunduğundan həmin iddia ərizəsinin verilməsinə görə 100 (bir yüz) manat məbləğində dövlət rüsumu cavabdeh “Zaqatala rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir Sədrlik edən: Zərifə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar