Məhkəmə qərarları › İş №e-2(033)-450/2025

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-450/2025

03.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-450/2025 03.03.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Məmmədova Zərifə Faiq qızı, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsi üzrə mülki iş materiallarını Zaqatala Rayon məhkəməsinin binasında nəzərdən keçirərək aşağıdakıları müəyyən etdi: İddia tələbinin dəlilləri İddiaçı Açıq Səhmdar Cəmiyyəti kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 100 manat məbləğində əsas borc, 97.27 manat məbləğində faiz borcu, cəmi 197.27 AZN məbləğində pul vəsaitinin, həmçinin 30 AZN məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixli Kompleks Bank Xidməti Müqaviləsi bağlanmış, müqaviləyə görə Bank müştəriyə ödəniş kartlarının əldə edilməsi və istifadəsi ilə bağlı xidmətlər göstərir. Kompleks Bank Xidməti Müqaviləsinin 5.3-cü maddəsinə və xx.xx.2019-cu il tarixli ödəniş kartlarının hazırlanmasına və verilməsinə dair ərizəyə əsasən Bank müştəriyə 5417****8833 saylı AZN valyutasında ödəniş kartı təqdim etmiş, habelə, elektron bank xidmətlərində istifadə edilməsi imkanını vermişdir. Tərəfərin bank hesabı üzrə, habelə ödəniş kartının verilməsinə və istifadə edilməsinə, habelə elektron bank xidmətlərindən istifadə edilməsinə dair hüquq və vəzifələri və anlayışlar Kompleks Bank Xidməti Müqaviləsi ilə tənzimlənir. Cavabdeh 5417****8833 saylı kartı müxtəlif tarixlərdə öz pul vəsaitinin daxil edərək istifadə etmişdir. xx.xx.2022-ci il tarixdən etibarən yaranan texniki xəta səbəbindən hesabında yetərli pul vəsaiti olmadığı təqdirdə cavabdeh 260 AZN məbləğində banka məxsus pul vəsaitini istifadə etmiş, daha sonra həmin tarixdə 160 AZN ödəniş etmişdir. Bununla da Cavabdeh tərəfindən banka məxsus 100 AZN məbləğində pul vəsaiti əsassız olaraq mənimsənilmişdir. Banka məxsus qeyd olunan 100 AZN məbləğində pul vəsaiti cavabdeh tərəfindən istifadə olunduğundan həmin vəsaitin geri qaytarılması mümkün olmamışdır. Həmin pul vəsaitinin Cavabdeh tərəfindən istifadə olunması nəticəsində isə xx.xx.2025-ci il tarixə onun banka 100 AZN məbləğində əsas, 97.27 AZN məbləğində faiz borc olmaqla, cəmi 197.27 AZN məbləğində borcu yaranmışdır. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən yaranmış “Texniki overdraft”a görə bankın müştəridən istifadə etdiyi pul məbləğlərinin faizləri ilə birlikdə (faiz hesablanarsa) geri tələb etmək hüququ vardır. Yaranmış borcun ödənilməsi barədə cavabdehə edilmiş şifahi və yazılı müraciətlərləri nəticəsiz qalmışdır. Hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı etiraz daxil olmamışdır. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat üzrə iddia ərizəsi 22 yanvar 2025ci il tarixdə məhkəmənin icraatına qəbul edilmiş, mülki iş üzrə 5 iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, ona Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1 və 284-5.3-cü maddələrinin tələbləri izah edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı etirazını göndərməmişdir. İşin halları İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 748316 saylı xx.xx.2019-cu il tarixli Kompleks bank xidməti müqaviləsindən görünür ki, müqavilə banka gəlmədən elektron sənəd mübadiləsi yolu ilə Bank Respublika ASC-nin müştəriyə təklif etdiyi Bank xidmətləri ilə bağlı tərəflərin hüquq və vəzifələrinin yaranmasına və onlara xitam verilməsinə dair münasibətləri tənzimləyir və tərəflərin iradə ifadəsini elektron sənəd mübadiləsi yolu ilə bildirdiyi müqavilədir. 3.1.4-cü bəndinə əsasən bankın razılığı olmadan hesabdakı vəsaitdən artıq vəsaitin istifadə edilməsi (Limitin aşılması) “Texniki overdraft” hesab olunur; 3.4.5-ci bəndinə əsasən Yaranmış “Texniki overdraft”a görə pul vəsaitlərini bankın tələbi olarsa hesablanmış faizləri ilə birlikdə (illik 42 faiz olmaqla) geri qaytarır; 5.15.4-cü bəndinə əsasən Kart sahibi və ya Kart istifadəçisi kartdan istifadə etməklə yalnız hesabdakı qalıq pul vəsaitləri həcmində əməliyyatlar həyata keçirməli, hesab üzrə overdrafta yol verməməlidir. Texniki overdraft yaranarsa, həmin vəsaitə texniki overdraftın yarandığı tarixin 6-cı günündən etibarən Bank tərəfindən illik 42% olmaqla faiz hesablanır. Qeyd olunan faizlərin hesablanması limitdən artıq vəsaitin istifadə olunduğu halda tətbiq olunur; Cavabdeh İddiaçı ASC-dəki bank hesabından çıxarışdan görünür ki, Cavabdeh bank hesabından debent hesabında 20 manat olduğu halda 260 manat istifadə etmiş və daha sonra geri ödəniş etməklə xx.xx.2025-ci il tarixə 100 manat borcu yaranmışdır. Cavabdeh İddiaçı ASC tərəfindən ünvanlanmış pretenziyadan görünür ki, 5417****8833 saylı kart müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixə banka olan borcun mələği əsas borc üzrə 100 manat, faiz üzrə 93.12 manat, cəmi 193.12 manat təşkil edir və həmin borc overdraft borcdur.Müqavilədən irəli gələn öhdəliklərin icra edilmədiyi halda 3 gün ərzində kredit müqaviləsi üzrə öhdəliyin icra edilməsi məqsədi ilə iş materialları hazırlanaraq məhkəmə orqanlarına göndəriləcəkdir. Bank Respublika” ASC tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh İddiaçı ASC-yə xx.xx.2025-ci il tarixə texniki overdraft üzrə 100 manat əsas borc, faiz üzrə 97.27 manat borc olmaqla, cəmi 197.27 manat məbləğində kredit borcu vardır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 385.1-ci maddəsinin tələblərinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 462.3-cü maddəsinə əsasən müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsində müəyyən edilmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Belə ki, məhkəmə araşdırılmasında müəyyən edildi ki, iddiaçi ilə Cavabdeh arasında 748316 saylı xx.xx.2019-cu il tarixli Kompleks bank xidməti müqaviləsi bağlanmış və bu müqaviləyə əsasən Cavabdeh 5417****8833 saylı AZN valyutasında ödəniş kartı təqdim etmiş, habelə, elektron bank xidmətlərində istifadə edilməsi imkanını vermişdir. Cavabdeh verilmiş kartdan istifadə edərək bank hesabında texniki overdrafta yol vermiş və hesabdan xx.xx.2022-ci il tarixdə banka aid 260 manat vəsaiti istifadə etmiş və həmin vəsaitin 100 manatını geri qaytarmamışdır. Ona görə də, iddiaçı həmin vəsaitin geri qaytarılmasını tələb etməkdə haqlıdır. Hazırda İddiaçı ASC tərəfindən məhkəməyə təqdim olunmuş xx.xx.2025-ci il tarixə tərtib edilmiş arayışdan da görünür ki, Overdraft nəticəsində yaranan borc 100 manat, faiz borcu 97,27 manat olmaqla, cəmi borc 197.27 manat təşkil edir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 100 manat overdraft üzrə, faiz borcu 97,27 manat olmaqla, cəmi borc 197.27 manat borc tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. İddia təmin edildiyindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233.1, 360, 362-ci maddələrinə əsaslanaraq, məhkəmə Qət etdi : İddia təmin edilsin. Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 100 (yüz) manat overdarft üzrə borc, faiz borcu 97.27 (doxsan yeddi manat iyirmi yeddi qəpik) manat, cəmi 197.27 (yüz doxsan yeddi manat iyirmi yeddi qəpik) manat məbləğində vəsait alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Zərifə Məmmədova.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar