Məhkəmə qərarları › İş №e-2(033)-5/2022

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-5/2022

24.10.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-5/2022 24.10.2022 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2 katibliyi, İddiaçı4 və Cavabdeh iştirakları ilə, İddiaçılar İddiaçı4, İddiaçı3, İddiaçı5, İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı pay torpağa gedən yolun zəbt olunmuş hissəsindən çıxarılma, yol ərazisində çəkilmiş hasarın sökülməsi, əkilmiş ağacların çıxarılması, həmin yolun 8 metr enində açılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakıları müəyyən etdi İddia tələbinin dəlilləri İddiaçılar İddiaçı4, İddiaçı3, İddiaçı5, İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Zaqatala rayonu Paşan kəndi ərazisində yerləşən, daşınmaz əmlakın dövlət reyestrində RX seriyalı, ******* saylı, xx.xx.2018-ci il tarixli Çıxarışda qeyd olunmuş, xüsusi mülkiyyətlərində olan torpaq sahəsinə gediş-gəliş yolunun cavabdehə məxsus torpaq sahələrinin qarşısında, üzərinə çəkilmiş çəpərin sökülməsinə, əkilmiş ağacların çıxarılmasına, həmin yolda olan digər maneələrin aradan qaldırılmasına, həmin yolun 8 metr eni olmaqla açılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçıların Zaqatala rayonu Paşan kəndində pay torpaqları vardır. Həmin torpaq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən RX seriyalı, ******* saylı, xx.xx.2018-ci il tarixli Çıxarış verilmişdir. Torpağın sahəsi 0.4911 ha-dır. Həmin torpaq sahəsinə gedən giriş-çıxış yolu cavabdeh tərəfindən zəbt edilərək, yolun təxminən eninə doğru 4 metr hissəsi zəbt olunaraq istifadə olunur, ağaclar əkilib, sərhəd çəpərləri çəkilib və beləliklə həmin yolun eni daralaraq cəmi 4 metr yol saxlanılır. Mülkiyyətlərində olan torpaq sahəsinə gedən yolun eni xəritəyə əsasən 8 metr enində olmalıdır. Onlar öz torpaq sahələrinin qarşısından keçən həmin yolu 8 metr eninədək təmizləyib, yol kimi saxlayırlar. Lakin cavabdeh həmin yolun öz pay torpaqlarının qarşısından keçən hissələrini zəbt edərək yolu daraltmışlar. Daralmış yolda isə kənd təsərrüfatı texnikası işləyə bilmir, məsələn, otla yüklənmiş traktor qoşqusu və ya taxıl, qarğıdalı biçən kombayn və yaxud da iki kənd təsərrüfatı texnikası yolun daralmış hissəsində qarşı qarşıya gələrsə onların hərəkəti mümkün olmur. Cavabdehin bu hərəkətləri barədə bələdiyyəyə, İcra Hakimiyyətinə müraciət etmişlər. Lakin heç bir müsbət nəticə əldə edilməmişdir. Buna görə də məhkəməyə müraciət etməli olmuşlar. Cavabdehin bu qanunsuz hərəkətləri nəticəsində mülkiyyət hüquqları pozulur və mülkiyyətdə olan torpaq sahəsindən maneəsiz istifadə etmək olmur. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdarlıq edilmələrinə baxmayaraq, iddiaçılar İddiaçı3, İddiaçı5, İddiaçı2 və İddiaçı1 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı4 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh iddia tələbini və həmin iş üzrə ekspertiza rəylərində qeyd edilənləri qəbul etmədiyi bildirərək mülki iş üzrə təkrar ekspertizanın təyin edilməsini, əks halda iddianın rədd edilməsini xahiş etdi. İşin halları xx.xx.2018-ci il tarixdə tərtib edilmiş A seriyalı 251917 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nün surətindən görünür ki, Şəki İnzibati-İqtisadi məhkəməsinin 2-1(84)- 11/2018 nömrəli xx.xx.2018-ci il tarixli qərarı ilə Zaqatala rayonu Paşan kəndində yerləşən kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı 3797,06 kv.m torpaq sahəsi İddiaçı4 üçün ayrılmışdır. Həmin şəhadətnaməyə mülkiyyətə verilmiş torpaq sahəsinin yerləşdiyi yerin sxemi əlavə edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə aparılmış qeydiyyatın rəsmiləşdirilməsinə dair RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, 130 nömrəli reyestr kitabının 35 nömrəli vərəqində aparılmış qeydiyyata əsasən Zaqatala rayonu, Paşan kəndində yerləşən reyestr nömrəsi **********49 olan 0,4911 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ əsasında İddiaçı4, İddiaçı3, İddiaçı5, İddiaçı2 və İddiaçı1 məxsusdur. Zaqatala Rayon Məhkəməsinin 05 noyabr 2018-ci il tarixli 2(033)-476/2018 nömrəli qətnaməsindən görünür ki, Zaqatala rayonu Paşan kəndində yerləşən iddiaçılar X6, X1, X5, X8, X3 və X9 ümumi birgə mülkiyyətində olan 3797,06 kv.m. kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin gediş-gəliş yolunda cavabdeh X13 tərəfindən çəkilmiş çəpərin sökülməsi, əkilmiş ağacların çıxarılması, zəbt olunmuş yolun eni 6,0 metr və uzunluğu 102.0 metr hissəsinin boşaldılması qət edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli 10/1465 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şəki LTİ-nin mühəndisi Şəki LTİ-nin mühəndisi Qurban Haqverdiyevin tərtib etdiyi mütəxəssis rəyində göstərilmişdir ki, Zaqatala rayonu Paşan kəndində yerləşən iddiaçılar İddiaçı4, İddiaçı3, İddiaçı5, İddiaçı2 və İddiaçı1 ümumi birgə mülkiyyətində olan 0,4911 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə gediş-gəliş yolunun ölçüləri mütəxəssis rəyinə edilmiş sxemdə göstərildiyi kimi eni 1-2 nöqtələr arasında məsafə 3 metr, uzunluluğu 2-3 nöqtələr arasında 80.3 metr, eni 3-4 nöqtələr arasında 2.3 metr və uzunluğu 4-1 nöqtələr arasındakı məsafə 77.9 metrdir. Zaqatala rayonu Paşan kəndində yerləşən iddiaçılar İddiaçı4, İddiaçı3, İddiaçı5, İddiaçı2 və İddiaçı1 ümumi birgə mülkiyyətində olan 0,4911 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə gediş-gəliş yolunun 182 kv.m hissəsi cavabdeh tərəfindən istifadə olunur, ölçüləri və koordinatları mütəxəssis rəyinə əlavə edilmiş sxemdə göstərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli 10/1465 nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Müstəqil Məhkəmə Ekspertizası MMC-nin 04 yanvar 2021-ci il tarixli rəyindən görünür ki, iddiaçılar İddiaçı4, İddiaçı3, İddiaçı5, İddiaçı2 və İddiaçı1 ümumi birgə mülkiyyətlərində olan 0,4911 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə gediş-gəliş yolunun faktiki eni ortofotoplanda göstərildiyi kimi, 1-2 nöqtələri arasında 6,2 metr, uzunluğu 2-3 nöqtələri arasında məsafə 78,6 metr, 3-4 nöqtələri arasında eni 5 metr, 4-1 nöqtələri arasında uzunluğu 78,6 metr təşkil edir. Hüquqmüəyyənedici sənədlərə əsasən iddia predmeti olan gediş-gəliş yol sahəsinin faktiki olaraq Cavabdeh tərəfindən zəbt edilməsi faktı aşkarlanmamışdır. Müstəqil Məhkəmə Ekspertizası MMC-nin 04 yanvar 2021-ci il tarixli nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 300 manat təşkil edir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X15 18 saylı Zaqatala Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli müşayiət məktubu ilə daxil olmuş mütəxəssis rəyindən görünür ki, Zaqatala rayonu Paşan kəndində yerləşən iddiaçılar İddiaçı4, İddiaçı3, İddiaçı5, İddiaçı2 və İddiaçı1 ümumi birgə mülkiyyətində olan 0,4911 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə gediş-gəliş yolunun ölçüləri elektron məlumat bazasına əsasən giriş hissədən eni 8 metr, uzunluğu 80.3 metr göstərilsə də, naturada həmin yolun giriş hissədən eni 6 metr, uzunluğu 80.3 metr və iddiaçının torpaq sahəsinə çatan hissədə isə yolun eni 5 metrdir. Mübahisələndirilən yolun naturada yerləşmə vəziyyətinin ölçüləri və koordinatları tərtib edilmiş sxem 1-də göstərilmişdir. Zaqatala rayonu Paşan kəndində yerləşən İddiaçı4, İddiaçı3, İddiaçı5, İddiaçı2 və İddiaçı1 ümumi birgə mülkiyyətində olan 0.4911 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə gediş-gəliş yolu cavabdehə məxsus torpaq sahəsinin qarşısında 182 kv.m hissəsi cavabdeh tərəfindən istifadə edilir. İstifadə edilən yolun 1-2 nöqtələr arasında məsafə 3 metr, 2-3 nöqtələr arasında məsafə 80.3 metr. 3-4 nöqtələr arasında məsafə 2.3 metr. 4-1 nöqtələr arasında məsafə 77,9 metrdir. Cavabdeh tərəfindən istifadə edilən yolun ölçüləri və koordinatları tərtib edilmiş sxem 2də göstərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/5271 nömrəli ekspert rəyindən görünür ki, “Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi" MMC-nin Şəki LTİ-nin mütəxəssis rəyinə əsasən. Zaqatala rayonu Paşan kəndində yerləşən iddiaçılar İddiaçı4, İddiaçı3, İddiaçı5, İddiaçı2 və İddiaçı1 ümumi birgə mülkiyyətində olan 0.4911 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə gediş-gəliş yolunun ölçüləri elektron məlumat bazasına əsasən giriş hissədən eni 8 metr, uzunluğu 80.3 metr gostərilsə də, naturada həmin yolun giriş hissədən eninin 6 metr, uzunluğunun 80.3 metr və iddiaçının torpaq sahəsinə çatan hissədə isə yolun eninin 5 metr olduğu müəyyən olundu. “Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi" MMC-nin Şəki LTİ-nin mütəxəssis rəyinə əsasən, Zaqatala rayonu Paşan kəndində yerləşən İddiaçı4, İddiaçı3, İddiaçı5, İddiaçı2 və İddiaçı1 ümumi birgə mülkiyyətində olan 0,4911 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə gediş-gəliş yolunun cavabdehə məxsus torpaq sahəsinin qarşısında yerləşən 182 m2 hissəsinin cavabdeh tərəfindən istifadə olunduğu müəyyən edildi. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/5271 nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsi 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsində göstərilir ki, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 175.1-ci maddəsinə əsasən əgər torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola, elektrik, neft, qaz və su təchizatı xətlərinə keçidi yoxdursa, o tələb edə bilər ki, qonşular ona tam əvəzi ödənilməklə zəruri keçid ayırsınlar. Tələb ilk növbədə o qonşuya qarşı yönəldilir ki, mülkiyyət və keçid münasibətləri ilə əlaqədar keçid verilməsinin ondan tələb edilməsi daha yolveriləndir; daha sonra tələb keçidin daha az zərər vurduğu qonşulara yönəldilir. Zəruri keçid müəyyənləşdirilərkən qarşılıqlı mənafelər nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 63.1-ci maddəsinə görə xüsusi biliyə malik olan, bu Məcəllədə nəzərdə tutulmuş hallarda rəy verməsi zəruri hesab edilən, məhkəmə tərəfindən təyin edilən və ya işdə iştirak edən şəxslərlə ekspertizanın aparılması barədə müqavilə bağlamış şəxs məhkəmədə ekspert qismində çıxış edə bilər. 64.1-64.2-ci maddələrinə əsasən, işə baxılarkən məhkəməyə kömək etmək üçün zəruri texniki, digər bilik və düşüncəyə malik olan şəxs məhkəmədə mütəxəssis qismində çıxış edə bilər. Mütəxəssis qismində məhkəməyə çağırılmış şəxs məhkəməyə gəlməyə, məhkəmənin və tərəflərin verdiyi suallara cavab verməyə, şifahi və yazılı məsləhətlər və izahatlar verməyə, zəruri hallarda məhkəməyə texniki kömək göstərməyə borcludur. 76.1-ci və 76.2-ci maddələrinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yaçıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 89.1-ci maddəsinə əsasən yazılı sübutlar – iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 106.1-ci maddəsində müəyyən edilmişdir ki, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0 və 115.0.1-ci maddələrinə görə işə baxılması ilə əlaqədar məsrəflərə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər də daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3 və 217.4-cü maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolu 1-ci maddəsinə əsasən hər bir fiziki və ya hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı Qərarı 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfləri tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırılmasında müəyyən edildi ki, Zaqatala rayonu Paşan kəndində yerləşən 0,4911 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ əsasında İddiaçı4, İddiaçı3, İddiaçı5, İddiaçı2 və İddiaçı1 adına qeydiyyata alınmışdır. Cavabdehlərin mülkiyyətində olan torpaq sahələri iddiaçılara məxsus torpaq sahəsi ilə sərhəddə yerləşir və iddiaçıların mülkiyyətində olan torpaq sahəsinə gedən yolun üzərindədir. İddiaçılar mülkiyyətlərində olan RX seriyalı ******* saylı çıxarışda qeyd olunmuş 0,4911 ha torpaq sahəsinə gediş-gəliş üçün nəzərdə tutulmuş yolun cavabdehə məxsus torpaq sahəsinin qarşısında, üzərinə çəkilmiş çəpərin sökülməsinə, əkilmiş ağacların çıxarılmasına, həmin yolda olan digər maneələrin aradan qaldırılmasına, həmin yolun 8 metr eni olmaqla açılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh iddia tələbini qəbul etmir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli 10/1465 nömrəli ekspert rəyi ilə Zaqatala rayonu Paşan kəndində yerləşən iddiaçılar İddiaçı4, İddiaçı3, İddiaçı5, İddiaçı2 və İddiaçı1 ümumi birgə mülkiyyətində olan 0,4911 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə gediş-gəliş yolunun ölçüləri mütəxəssis rəyinə edilmiş sxemdə göstərildiyi kimi eninin 1-2 nöqtələr arasında məsafə 3 metr, uzunluluğunun 2-3 nöqtələr arasında 80.3 metr, eni 3-4 nöqtələr arasında 2.3 metr və uzunluğunun 4-1 nöqtələr arasındakı məsafə 77.9 metr olması, Zaqatala rayonu Paşan kəndində yerləşən iddiaçılar İddiaçı4, İddiaçı3, İddiaçı5, İddiaçı2 və İddiaçı1 ümumi birgə mülkiyyətində olan 0,4911 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə gediş-gəliş yolunun 182 kv. m hissəsinin cavabdeh tərəfindən istifadə olunması aşkar edilmişdir. “Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi" MMC-nin Şəki LTİ-nin mütəxəssis rəyinə əsasında verilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/5271 nömrəli ekspert rəyi ilə də müəyyən edilmişdir ki, Zaqatala rayonu Paşan kəndində yerləşən iddiaçılar İddiaçı4, İddiaçı3, İddiaçı5, İddiaçı2 və İddiaçı1 ümumi birgə mülkiyyətində olan 0.4911 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə gediş-gəliş yolunun ölçüləri elektron məlumat bazasına əsasən giriş hissədən eni 8 metr, uzunluğu 80.3 metr göstərilsə də, naturada həmin yolun giriş hissədən eninin 6 metr, uzunluğunun 80.3 metr və iddiaçının torpaq sahəsinə çatan hissədə isə yolun eni 5 metrdir. “Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi" MMC-nin Şəki LTİ-nin mütəxəssis rəyinə əsasən, Zaqatala rayonu Paşan kəndində yerləşən İddiaçı4, İddiaçı3, İddiaçı5, İddiaçı2 və İddiaçı1 ümumi birgə mülkiyyətində olan 0,4911 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə gediş-gəliş yolunun cavabdehə məxsus torpaq sahəsinin qarşısında yerləşən 182 m2 hissəsinin cavabdeh tərəfindən istifadə olunduğu müəyyən edilmişdir. Məhkəmə işdə iştirak edən tərəflərin izahatları və digər sənədlərlə yanaşı, həm də iş üzrə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X15 18 saylı Zaqatala Ərazi İdarəsinin mütəxəssis rəylərini və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin rəylərini sübut qismində qiymətləndirir. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Cavabdeh məhkəməyə vəsatət verərək göstərmişdir ki, 2018-ci ildə X14 və digərləri, ona və X10 qarşı məhkəməyə eyni iddia ilə müraciət etmiş və işə məhkəmədə baxılaraq qətnamə qəbul edilmişdir. Məhkəmə araşdırması aparılan zaman mütəxəssis rəyi alınmış və müvafiq tikinti-texniki ekspertiza keçirilməsi barərə qərardad qəbul edilmişdir. Həmin iş üzrə hazırkı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Ünvan Reyestri xidməti tərəfindən verilmiş 24 aprel 2018-ci il tarixli mütəxəssis rəyində X6 ümumi birgə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə gediş gəliş yolunun kompleks yerquruluşu layihəsində yolun eninin 6 metr olması öz əksini tapmışdır. Həmin mütəxəssis rəyi nəzərə alınaraq qəbul edilmiş 14 sentyabr 2018-ci il tarixli ekspertiza rəyində yalnız X13 tərəfindən torpaq sahəsinin tutulmasının aşkar edildiyi müəyyən edilmişdir. Bu ekspertiza rəyləri əsasında Zaqatala Rayonu Məhkəməsi tərəfindən qəbul edilmiş 2(033)-476/2022 saylı 05 dekabr 2018-ci il tarixli qətnamə ilə X12 və digərlərinin iddiaları X10 qarşı olan hissədə təmin edilmiş, ona qarşı olan hissədə isə əsassız olduğu üçün rədd edilmişdir. Mübahisə predmeti gediş gəliş yolu üzrə öncə onun torpaq sahəsi, daha sonra hazırda məhkəmə mübahisəsi üzrə iddiaçıların torpaq sahələri, X7 torpaq sahəsi və X6 və digərlərinin torpaq sahəsi formasında sıralanır. Yəni 2018-ci ildə baxılmış iddia tələbi üzrə Əhmədov Oktayın torpaq sahəsinə gedən yol ilə hazırda mübahisələndirilən yol sahəsi eyni gediş gəliş yoludur. Bu zaman verilmiş mütəxəssis rəylərində və ekspertiza rəylərində, eləcə də 2018-ci il tarixli Zaqatala Rayon Məhkəməsinin qətnaməsində ziddiyyətli məlumatların olması aşkar edilir. Hazırki iş üzrə iddiaçıların təqdim etdiyi çıxarış 18 aprel 2018-ci il tarixdə alınmışdır. X6 tələbi üzrə baxılmış iş üzrə isə mütəxəssi rəyi 24 aprel 2018-ci ildə veriilmişdir. Yəni hazırki iş üzrə iddiaçının istinad etdiyi elektron sistemdəki 8 metr eni hesablanan yol hissəsinə dair 24 aprel 2018-ci ildə mütəxəssis məlumatlı idi. Ancaq buna baxmayaraq mübahisə predmeti olan gediş gəliş yolunun eninin 6 metr olmasını bildirmişdir. Bu baxımdan bu ziddiyyətlərin aradan qaldrılması vacibdir. Bu iş üzrə ədalətli qərar qəbul edilməsi üçün vazkeçilməz amildir. Yuxarıda qeyd etdiyi 24 aprel 2018-ci il tarixli mütəxəssi rəyi, 14 sentyabr 2018-ci il tarixli ekspert rəyi və bunlar əsasında qəbul edilmiş 05 dekabr 2018-ci il tarixli Zaqatala Rayon məhkəməsinin qətnaməsində (sənədlər qoşmada əlavə edilir) eyni gediş gəliş yolu ilə bağlı tamamilə başqa faktlar öz əksinin tapıb. Bu baxımdan qeyd edilən fərqliliyə aydınlıq gətirilməlidir. Ona görə də, əlavə məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsi barədə qərardad qəbul edilməsini xahiş edir. Məhkəmə cavabdehin vəsatətdə göstərdiklərinə, yəni Zaqatala Rayon Məhkəməsinin 05 noyabr 2018-ci il tarixli 2(033)-476/2018 nömrəli qətnaməsi ilə ona aid hissədə iddianın rədd edilməsinə, eyni zamanda yenidən ekspertiza təyin olunması ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd edir ki, 2(033)-476/2018 nömrəli mülki iş üzrə məhkəmə araşdırılmasında müəyyən edilmişdir ki, Zaqatala rayonu Paşan kəndində yerləşən iddiaçılarla cavabdehlərin torpaq sahələri bir-birinə bitişikdir. Zaqatala rayonu, Paşan kəndində yerləşən, iddiaçılar X6 və qeyrilərinin ümumi birgə mülkiyyətində olan 3797,06 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə ümumi gediş-gəliş yolunun kompleks yerquruluşu layihəsində eni 5.7 metr, uzunluğu 215 metr ölçüdə olduğu, həmin yolun 6,0 metr enində və 102.0 metr uzunluğunda olan hissəsi cavabdeh X13 tərəfindən tutularaq istifadə edilir. Ona görə də iddiaçıların hal-hazırda həmin yoldan istifadələrində çətinliklər yaranmışdır. Göründüyü kimi, hazırki iş üzrə iddiaçılar İddiaçı4, İddiaçı3, İddiaçı5, İddiaçı2 və İddiaçı1 ümumi birgə mülkiyyətində olan 0.4911 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə gediş-gəliş yolunun Cavabdeh tərəfindən zəbt edilib-edilməməsi barədə mütəxəssis və ya ekspert rəyi olmadığından əvvəlki iş üzrə iddiaçı X6 iddiası hazırki iş üzrə Cavabdeh münasibətdə təmin edilməmişdir. Zaqatala Rayon Məhkəməsinin 05 noyabr 2018-ci il tarixli 2(033)-476/2018 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilmiş faktlar hazırki iş üzrə iddiaçı tərəfindən mübahisələndirilməmiş, hazırki mübahisə predmeti olan yol əvvəlki iş üzrə mübahisə predmeti olan yoldan yerləşmə vəziyyətinə görə fərqlənir. Bundan başqa, hazırki iş üzrə ekspert və mütəxəssis rəyləri mövcuddur. Yəni hazırkı işdə təkrar (3-cü dəfə) ekspertiza keçirilməsinə də lüzüm yoxdur. Ona görə də, cavabdehin etirazının dəlilləri əsaslı sayıla və iddia tələbinin bu hissədə rədd edilməsi üçün əsas ola bilməz. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsinin tətbiqi üçün bu və ya digər ölkənin dövlətdaxili qanunvericiliyi tərəfindən şəxsin müvafiq maraqlarının mülkiyyət hüququ kimi tanınması vacib deyil, Konvensiyanın məqsədləri baxımından mülkiyyət müstəqil məna daşıyır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Broniovski Polşaya qarşı 22 iyun 2004cü il tarixli qərarında göstərilir ki, 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli normadan ibarətdir, birinci abzasın birinci cümləsində təsbit olunan birinci norma ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir, birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci norma mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərlə şərtləndirir, ikinci abzasda bəyan edilən üçüncü norma təsdiq edir ki, razılığa gələn Dövlətlər ümumi maraqlara müvafiq olaraq mülkiyyətdən istifadəyə nəzarəti və digər tədbirləri həyata keçirmək hüququna malikdirlər. Ona görə də məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Zaqatala rayonu Paşan kəndində yerləşən iddiaçılar İddiaçı4, İddiaçı3, İddiaçı5, İddiaçı2 və İddiaçı1 ümumi birgə mülkiyyətində olan 0.4911 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə gediş-gəliş yolunun Cavabdeh tərəfindən istifadə olunan və onun torpaq sahəsinin qarşısında olan 182 m2 hissəsi açılmalı, həmin hissəyə Cavabdeh tərəfindən çəkilmiş çəpər sökülməli, əkilmiş ağaclar çıxarılmalı və yolun en və uzunluq ölçüləri Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X15 18 saylı Zaqatala Ərazi İdarəsinin mütəxəssis rəyinə uyğun müəyyən edilərək açılmalıdır. Bundan başqa, iddiaçılar iddia ərizəsində həmin yolun 8 metr eni olmaqla açılmasını xahiş etmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, “Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi" MMC-nin Şəki LTİ-nin mütəxəssis rəyinə əsasən, Zaqatala rayonu Paşan kəndində yerləşən İddiaçı4, İddiaçı3, İddiaçı5, İddiaçı2 və İddiaçı1 ümumi birgə mülkiyyətində olan 0,4911 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə gediş-gəliş yolunun cavabdehə məxsus torpaq sahəsinin qarşısında yerləşən 182 m2 hissəsinin cavabdeh tərəfindən istifadə olunduğu müəyyən edilmişdir. Cavabdeh tərəfindən istifadə edilən yolun ölçüləri və koordinatları tərtib edilmiş sxem 2-də göstərilmişdir. Ona görə də, məhkəmə qətnaməsinin icrası zamanı mütəxəssis rəyinə əsasən həmin yolun neçə metr olması müəyyən ediləcəkdir. Ona görə də, iddia tələbi bu hissədə qismən təmin olunmalı, həmin yolun açılması sxemdə göstərilmiş qaydada açılmalıdır. Eyni zamanda, iddiaçı cavabdeh tərəfindən aradan qaldırılması tələb edilən digər maneələrin nədən ibarət olmasını göstərmədiyindən iddia ərizəsi bu hissədə təmin edilə bilməz. Məhkəmə hesab edir ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, İddiaçı4 ödədiyi 10 (on) manat məbləğində dövlət rüsumu onun özünə aid edilməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 307-311, 360-cı maddələrinə əsaslanaraq, məhkəmə Qət etdi İddia ərizəsi qismən təmin edilsin. Zaqatala rayonu Paşan kəndində yerləşən iddiaçılar İddiaçı4, İddiaçı3, İddiaçı5, İddiaçı2 və İddiaçı1 ümumi birgə mülkiyyətində olan 0.4911 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə gediş-gəliş yolunun Cavabdeh tərəfindən istifadə olunan və onun torpaq sahəsinin qarşısında olan 182 m2 hissəsi açılsın, həmin hissəyə Cavabdeh tərəfindən çəkilmiş çəpər sökülsün, əkilmiş ağaclar çıxarılsın və yolun en və uzunluq ölçüləri Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X15 18 saylı Zaqatala Ərazi İdarəsinin mütəxəssis rəyinə əlavə edilmiş sxemə uyğun müəyyən edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 100 (bir yüz) manat ekspertiza xərci alınaraq “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X4 - kodu 210005, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************4. İddiaçı4 ödədiyi 10 (on) manat məbləğində dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar