Məhkəmə qərarları › İş №e-2(033)-54/2025

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-54/2025

22.04.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-54/2025 22.04.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Ayşə İsrafil qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “qəsdə son qoyma və torpaq sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi. İddia tələbi və dəlilləri: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “qəsdə son qoyma və torpaq sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, ünvan 1i ünvanında yerləşən 0.06 ha torpaq sahəsinin zəbt edilərək bağlanmış hissəsindən cavabdehlərin çıxarılması, zəbtin cavabdehlərin öz hesabına açılması, zəbt olunmuş ərazidə tikilmiş tikilinin və sərhəddin (toxuma məftil) cavabdehlərin öz hesabına sökülməsi, məhkəməyə ödənilmiş 100 manat dövlət rüsumunun, mütəxəssis və ekspertiza xərci üçün ödəniləcək xidmət haqqlarının cavabdehlərdən müştərək qaydada alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun şəxsi mülkiyyətində ünvan 1i ünvanında 0.06 ha həyətyanı torpaq sahəsi vardır. 0.06 ha torpaq sahəsinə dair mülkiyyət hüququ DƏDRX-də qeydiyyata alınaraq xx.xx.2024-cü il tarixli çıxarış ilə rəsmiləşdirilmişdir. Ona məxsus torpaq sahəsi cavabdehlərə məxsus torpaq sahəsinə bitişik olmaqla yanaşı yerləşir, yəni qonşudurlar. Mülki iş üzrə cavabdehlər qonşu torpaq sahəsinin sahibləridirlər. Ona məxsus torpaq sahəsinin sərhədlərinin müəyyən olunmasına dair DƏDRX-nin ərazi idarəsinin əməkdaşları ölçmə işlərini həyata keçirmək məqsədi ilə əraziyə gəlmiş, ancaq cavabdehlər ölçmə işlərinin aparılmasına maneə həyata keçirdiklərindən sərhədlərin müəyyən olunması mümkün olmamışdır. Ölçmə işləri aparıldıqdan sonra cavabdehlərin ona məxsus torpaq sahəsinin nə qədər hissəsini zəbt etdiklərini müəyyən etmək mümkün olası idi. Qəsdə son qoyma və zəbt olunmuş torpaq sahəsindən cavabdehlərin çıxarılması tələbinə dair dəfələrlə müraciət etsə də, heç bir nəticə verməmişdir. Mülki iş üzrə cavabdehlər tərəfindən ona məxsus torpaq sahəsinin müəyyən hissəsi zəbt olunmuş, nəticədə o mülkiyyət hüququndan məhrum olmuşdur. Tərəflərin izahatları Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi və əlavə olaraq bildirdi ki, onun mülkiyyətində ünvan 1i ünvanında 0.06 ha həyətyanı torpaq sahəsi vardır. Həmin torpaq sahəsinə dair mülkiyyət hüququ DƏDRX-də qeydiyyata alınaraq xx.xx.2024-cü il tarixli çıxarış ilə rəsmiləşdirilmişdir. Ona məxsus torpaq sahəsinin sərhədlərinin müəyyən olunmasına dair DƏDRX-in ərazi idarəsinin əməkdaşları ölçmə işlərini həyata keçirmək məqsədi ilə əraziyə gəlmiş, ancaq cavabdehlər ölçmə işlərinin aparılmasına maneə həyata keçirdiklərindən sərhədlərin müəyyən olunması mümkün olmamışdır. Torpaq sahəsi onun mülkiyyətində olsa da o öz sahəsini hasarlaya bilmir. Belə ki, onun ərazisində cavabdehlərə məxsus toyuq hini vardır və sonuncular həmin hini sökməkdən imtina edirlər. Bundan başqa cavabdehlər onun torpaq sahəsini öz torpaqlarına qataraq məftillə hasarlamışdırlar. 02 aprel 2025-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, o, özünə məxsus 26,2 sot torpaq sahəsindən istifadə edir və heç kimin torpaq sahəsini zəbt etməmişdir. İddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İclasın vaxtı və yeri barədə xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh1 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbinin üzrlü olması barədə məhkəməyə heç bir sənəd təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən həmin cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Yazılı sübutlar İş materiallarında olan Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2024-cü il olan Çıxarışın surətindən görünür ki, ünvan 1ində yerləşən 0,06 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 437 nömrəli reyestr kitabının 27 nömrəli vərəqində qeydiyyata alınmışdır. Mütəxəssis rəyinin verilməsinə dair xərclərin smetasından görünür ki, ünvan 1ində yerləşən 0,1024 ha torpaq sahəsinin torpaq-kadastr baza məlumatları və çöl-ölçmə işlərinin nəticələri əsasında torpaq sahələri barədə mütəxəssis rəyinin verilməsinə görə cəmi 95 manat smeta xərci hesablanmışdır. İşdə olan 25 oktyabr 2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 95 (doxsan beş) manat ödənilmişdir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinin 02 dekabr 2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, Hüquqları dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2024-cü il olan çıxarışa əsasən İddiaçı tam mülkiyyət hüququ üzrə mülkiyyətində olan ünvan 1ində yerləşən 0.06 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsinin 50 kv.m hissəsi cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən istifadə edilir. Torpaq sahələrinin yerləşmə vəziyyəti və cavabdehlər tərəfindən istifadə olunan 50 kv.m torpaq sahəsinin yerləşmə vəziyyəti tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 03 fevral 2025-ci il tarixli 10/403 saylı ekspert rəyindən görünür ki, Hüquqları dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2024-cü il olan çıxarışa əsasən İddiaçı tam mülkiyyət hüququ üzrə mülkiyyətində olan ünvan 1ində yerləşən 0.06 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsinin 50 kv.m hissəsi cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən istifadə edilir. Torpaq sahələrinin yerləşmə vəziyyəti və cavabdehlər tərəfindən istifadə olunan 50 kv.m torpaq sahəsinin yerləşmə vəziyyəti tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. İşdə olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat təşkil edir. İşdə olan 02 iyun 2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı nümayəndəsi Nümayəndə tərəfindən 100 (bir yüz) manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ–subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi 84-cü maddəsinin 1-ci hissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 84-cü maddəsinin 3-cü hissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 9.1-ci maddəsinə əsasən, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 97.2.-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər qarşılıqlı razılığa əsasən konkret səlahiyyətli şəxsin ekspert təyin edilməsini məhkəmədən xahiş edə bilərlər. 115-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Müəyyən edilmiş mübahisəsiz hallar ondan ibarətdir ki, ünvan 1ində yerləşən 0,06 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. İddiaçı tələbini xüsusi mülkiyyətində olan torpaq sahəsinin müəyyən hissəsinin cavabdehlər tərəfindən zəbt edilməsi, cavabdehlərin onun mülkiyyətində olan torpaq sahəsindən sahiblik və istifadəsinə maneələr yaratmaları ilə əsaslandırmışdır. Cavabdeh tərəf iddiaçıya məxsus torpaq sahəsini zəbt etməməsi və yalnız özünə məxsus torpaq sahəsindən istifadə etməsi əsası ilə iddiaya etiraz etmişdir. Yanaşı yoxlanılmış xx.xx.2024-cü il tarixli mütəxəssis və xx.xx.2025-ci il tarixli 10/403 saylı ekspert rəyi ilə iddiaçının mülkiyyətində olan 0,06 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsinin 50 kv.m hissəsinin cavabdehlər tərəfindən istifadə edildiyi müəyyən edilmişdir. Məhkəmə rəyləri vermiş mütəxəssis və ekspertin mühəndislik sahəsində xüsusi biliklərinin olmasını nəzərə alaraq, iddiaçının mülkiyyətində olan 0,06 ha torpaq sahəsinin 50 kv.m hissəsinin cavabdehlərin istifadəsində olmasına dair mütəxəssis və ekspert rəyləri ilə müəyyən edilənləri işin hallarına uyğun sayır. Cavabdehlər iddiaçıya məxsus olan torpaq sahəsinə qanuni və ya müqavilə əsası ilə sahiblənmələri barədə sübut təqdim etməmişlər. Məhkəmə cavabdeh tərəfin iddiaçıya məxsus olan torpaq sahəsinə qanuni və ya müqavilə əsası ilə sahiblənmələri barədə sübut təqdim etmədiklərini, əksinə Cavabdeh2 həmin sahənin iddiaçıya məxsus olmaması əsası ilə iddiaya etiraz etməsini nəzərə alaraq, torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt edilməsini və bu sahənin onların qanunsuz sahibliyində olması barədə iddiaçının bildirdiklərini işin hallarına uyğun sayır. Məhkəmə hesab edir ki, iddiaçı və onun ailə üzvlərinə məxsus torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt olunması, onların iddiaçının xüsusi mülkiyyətində olan torpaq sahəsindən sahiblik və istifadəsinə maneələr törətmələri tam təsdiq olunduğundan, torpaqların özbaşına tutulması qanunla qadağan olduğundan, torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalı olduğundan, iddiaçının torpaq sahəsini cavabdehlərin qanunsuz sahibliyindən geri tələb etmək, özünə məxsus olan torpaq sahəsindən sərbəst, maneəsiz istifadə və sahiblik etmək hüquqları olduğundan, cavabdehlər iddiaçıya məxsus olan 0,06 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsinin zəbt etdikləri 50 kvm hissəsindən çıxarılmalı, zəbt edilmiş hissə cavabdehlərin hesabına açılmalı, zəbt olunmuş ərazidə mövcud olan tikili (toyuq hini) və sərhəddə olan toxuma məftil hasarı cavabdehlərin öz hesabına sökülməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddiaçının nümayəndəsinin iddia ərizəsi ilə bağlı dövlətə ödədiyi 100 manat məbləğində rüsumu və iddiaçının ödədiyi 95 manat smeta xərci cavabdehlərdən birgə qaydada tutularaq iddiaçıya ödənilməlidir. Eyni zamanda 100 manat ekspertiza xərci cavabdehlərdən birgə qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia təmin edilsin. Hüquqları dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2024-cü il olan çıxarışa əsasən İddiaçı tam mülkiyyət hüququ üzrə mülkiyyətində olan ünvan 1ində yerləşən 0.06 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsinin zəbt etdikləri 50 kv.m hissəsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çıxarılsınlar. Zəbt edilmiş hissə cavabdehlərin hesabına açılsın, zəbt olunmuş ərazidə mövcud olan tikili (toyuq hini) və sərhəddə olan toxuma məftil hasarı cavabdehlərin öz hesabına sökülsün. İddiaçının nümayəndəsinin iddia ərizəsi ilə bağlı dövlətə ödədiyi 100 (bir yüz) manat məbləğində rüsumu və 95 (doxsan beş) manat smeta xərci cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada tutularaq İddiaçı ödənilsin. Ekspertiza xərcinə görə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada 100 (bir yüz) manat alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X1, Kod: 210005 VÖEN ********** m/h AZ 41 NABZ******************** S.W.İ.F.T. Bik:CTREAZ 22 ) köçürülsün. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar