Məhkəmə qərarları › İş №e-2(033)-55/2025

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-55/2025

22.04.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-55/2025 22.04.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Ayşə İsrafil qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “qəsdə son qoyma və torpaq sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi. İddia tələbi və dəlilləri: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “qəsdə son qoyma və torpaq sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, mülkiyyət hüququnun bərpası, ünvan 1i ünvanında yerləşən 0.1024 ha torpaq sahəsinin zəbt edilərək bağlanmış hissəsindən cavabdehlərin çıxarılması, zəbtin cavabdehlərin öz hesabına açılması, zəbt olunmuş ərazidə tikilmiş tikilinin və sərhədin (toxuma məftil) cavabdehlərin öz hesabına sökülməsi, məhkəməyə ödənilmiş 100 manat dövlət rüsumunun, mütəxəssis və ekspertiza xərci üçün ödəniləcək xidmət haqqlarının cavabdehlərdən müştərək qaydada alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1i ünvanında ümumi paylı mülkiyyət hüququ üzrə ona və ailə üzvlərinə məxsus 0.1024 ha yaşayış məntəqəsi təyinatlı torpaq sahəsi vardır. 0.1024 ha torpaq sahəsinə dair ümumi paylı mülkiyyət hüquqları DƏDRX-də qeydiyyata alınaraq xx.xx.2024-cü il tarixli çıxarış ilə rəsmiləşdirilmişdir. Ona məxsus torpaq sahəsi cavabdehlərə məxsus torpaq sahəsinə bitişik olmaqla yanaşı yerləşir. Mülki iş üzrə cavabdehlər qonşu torpaq sahəsinin sahibləridirlər. Ona məxsus torpaq sahəsinin sərhədlərinin müəyyən olunmasına dair DƏDRX-nə ərizə ilə müraciət etmişdir. Lakin ərazi idarəsinin əməkdaşları ölçmə işlərini həyata keçirmək məqsədi ilə əraziyə gəlmiş, ancaq cavabdehlər ölçmə işlərinin aparılmasına maneə həyata keçirdiklərindən sərhədlərin müəyyən olunması mümkün olmamışdır. Ölçmə işləri aparıldıqdan sonra cavabdehlərin ona məxsus torpaq sahəsinin nə qədər hissəsini zəbt etdiklərini müəyyən etmək mümkün olası idi. Qəsdə son qoyma və zəbt olunmuş torpaq sahəsindən cavabdehlərin çıxarılması tələbinə dair dəfələrlə müraciət etsə də, heç bir nəticə verməmişdir. Mülki iş üzrə cavabdehlər tərəfindən ona məxsus torpaq sahəsinin müəyyən hissəsi zəbt olunmuş, nəticədə o və digər ailə üzvləri mülkiyyət hüquqlarından məhrum olmuşdurlar. Tərəflərin izahatları Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi və əlavə olaraq bildirdi ki, 2019-cu ildə yoldaşı vəfat etmişdir. Onlara məxsus şəhadətnaməyə əsasən ilkin olaraq mərhum əri üçün çıxarış əldə etmiş, daha sonra isə öz adına çıxarış əldə etmişdir. Bir müddət sonra müəyyən ehtiyacları üçün kredit götürmüş, qeyd etdiyi torpaq sahəsinin bir hissəsinin sataraq kredit ödənişini etmişdir. Satıldığı torpaq sahəsinin bir hissəsi, 20 metr uzunluğunda, 70 sm enində yer cavabdehlərə tərəf düşmüşdür. Torpaq satıldıqdan sonra yenidən çıxarış əldə etmiş və reyestr əməkdaşlarını göstərilən torpağı sahəsinin ölçmələri üçün dəvət etmiş, lakin cavabdehlər buna mane olmuş və reyestr əməkdaşlarını qovmuşdurlar. Cavabdeh1 onun qaynı Cavabdeh2 isə baldızıdır. Ona məxsus torpaq sahəsində hər hansı bir tikili yoxdur. Sadəcə cavabdehlərlə sərhəddə aralarında setka vardır. 02 aprel 2025-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, o, özünə məxsus 26,2 sot torpaq sahəsindən istifadə edir və heç kimin torpaq sahəsini zəbt etməmişdir. İddiaçının yeznəsi gəlib onun torpaq sahəsində setka hsar çəkmişdir. Bundan sonra digər cavabdeh olan bacısı Cavabdeh2 infarkt keçirmişdir. İddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İclasın vaxtı və yeri barədə xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbinin üzrlü olması barədə məhkəməyə heç bir sənəd təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən həmin cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Yazılı sübutlar İşdə olan Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2024-cü il olan Çıxarışın surətindən görünür ki, ünvan 1ində 0.1024 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə payları 1/3 hissə X1, 1/3 hissə X2 və 1/3 hissə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 71 nömrəli reyestr kitabının 3 nömrəli vərəqində qeydiyyata alınmışdır. Mütəxəssis rəyinin verilməsinə dair xərclərin smetasından görünür ki, ünvan 1ində yerləşən 0,1024 ha torpaq sahəsinin torpaq-kadastr baza məlumatları və çöl-ölçmə işlərinin nəticələri əsasında torpaq sahələri barədə mütəxəssis rəyinin verilməsinə görə cəmi 95 manat smeta xərci hesablanmışdır. İşdə olan 25 oktyabr 2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 95 (doxsan beş) manat ödənilmişdir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinin 02 dekabr 2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, Hüquqları dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş qeydiyyat nömrəsi ********** qeydiyyat tarixi 16.04 2024-cü il olan çıxarışa əsasən paylı mülkiyyət hüququ üzrə payı 1/3 hissə olmaqla X3, payı 1/3irdanova Aysel Süleyman qızının və payı 1/3 hissə olmaqla İddiaçı mülkiyyətlərində olan Zaqatala rayonu. Aşağı Tala kəndində yerləşən 0,1024 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsinin 0,0113 ha hissəsi cavabdehlər tərəfindən istifadə edilir. Torpaq sahələrinin yerləşmə vəziyyəti və cavabdehlər tərəfindən istifadə olunan 0,0113 ha torpaq sahəsinin yerləşmə vəziyyəti tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 10 fevral 2025-ci il tarixli 10/400 saylı ekspert rəyindən görünür ki, Hüquqları dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş qeydiyyat nömrəsi ********** qeydiyyat tarixi 16.04 2024-cü il olan çıxarışa əsasən paylı mülkiyyət hüququ üzrə payı 1/3 hissə olmaqla X3, payı 1/3 X2 və payı 1/3 hissə olmaqla İddiaçı mülkiyyətlərində olan Zaqatala rayonu. Aşağı Tala kəndində yerləşən 0,1024 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsinin 0,0113 ha hissəsi cavabdehlər tərəfindən istifadə edilir. Torpaq sahələrinin yerləşmə vəziyyəti və cavabdehlər tərəfindən istifadə olunan 0,0113 ha torpaq sahəsinin yerləşmə vəziyyəti tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. İşdə olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat təşkil edir. İşdə olan 02 iyun 2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı nümayəndəsi Nümayəndə tərəfindən 100 (bir yüz) manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ–subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi 84-cü maddəsinin 1-ci hissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 84-cü maddəsinin 3-cü hissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 9.1-ci maddəsinə əsasən, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 97.2.-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər qarşılıqlı razılığa əsasən konkret səlahiyyətli şəxsin ekspert təyin edilməsini məhkəmədən xahiş edə bilərlər. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Müəyyən edilmiş mübahisəsiz hallar ondan ibarətdir ki, ünvan 1ində yerləşən 0,1024 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə payları 1/3 hissə olmaqla X6, 1/3 hissə X7 və 1/3 hissə İddiaçı məxsusdur. İddiaçı tələbini paylı mülkiyyətində olan torpaq sahəsinin müəyyən hissəsinin cavabdehlər tərəfindən zəbt edilməsi, cavabdehlərin onun və ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsindən sahiblik və istifadəsinə maneələr yaratmaları ilə əsaslandırmışdır. Cavabdeh tərəf iddiaçıya və ailə üzlərinə məxsus torpaq sahəsini zəbt etməməsi və yalnız özünə məxsus torpaq sahəsindən istifadə etməsi əsası ilə iddiaya etiraz etmişdir. Yanaşı yoxlanılmış xx.xx.2024-cü il tarixli mütəxəssis və xx.xx.2025-ci il tarixli 10/400 saylı ekspert rəyi ilə iddiaçının və ailə üzvlərinin paylı mülkiyyətində olan 0,1024 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsinin 0,0113 ha hissəsi cavabdehlər tərəfindən istifadə edildiyi müəyyən edilmişdir. Məhkəmə rəyləri vermiş mütəxəssis və ekspertin mühəndislik sahəsində xüsusi biliklərinin olmasını nəzərə alaraq, iddiaçının və ailə üzvlərinin mülkiyyətində olan 0,1024 ha torpaq sahəsinin 0,0113 ha hissəsi cavabdehlərin istifadəsində olmasına dair mütəxəssis və ekspert rəyləri ilə müəyyən edilənləri işin hallarına uyğun sayır. Cavabdehlər iddiaçıya məxsus olan torpaq sahəsinə qanuni və ya müqavilə əsası ilə sahiblənmələri barədə sübut təqdim etməmişlər. Məhkəmə cavabdeh tərəfin iddiaçıya məxsus olan torpaq sahəsinə qanuni və ya müqavilə əsası ilə sahiblənmələri barədə sübut təqdim etmədiklərini, əksinə Cavabdeh1 həmin sahənin iddiaçıya və ailə üzvlərinə məxsus olmaması əsası ilə iddiaya etiraz etməsini nəzərə alaraq, torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt edilməsini və bu sahənin onların qanunsuz sahibliyində olması barədə iddiaçının bildirdiklərini işin hallarına uyğun sayır. Məhkəmə hesab edir ki, iddiaçı və onun ailə üzvlərinə məxsus torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt olunması, onların iddiaçının xüsusi mülkiyyətində olan torpaq sahəsindən sahiblik və istifadəsinə maneələr törətmələri tam təsdiq olunduğundan, torpaqların özbaşına tutulması qanunla qadağan olduğundan, torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalı olduğundan, iddiaçının torpaq sahəsini cavabdehlərin qanunsuz sahibliyindən geri tələb etmək, özünə məxsus olan torpaq sahəsindən sərbəst, maneəsiz istifadə və sahiblik etmək hüquqları olduğundan, cavabdehlər iddiaçıya məxsus olan 0,1024 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsinin zəbt etdikləri 0,0113 ha hissəsindən çıxarılmalı, zəbt edilmiş hissə cavabdehlərin hesabına açılmalı və sərhəddə olan toxuma məftil hasarı cavabdehlərin öz hesabına sökülməlidir. Məhkəmə iddia tələbinin iddiaçı və ailəsinə məxsus torpaq sahəsinin zəbt olunmuş ərazisində tikilmiş tikilinin sökülməsi hissəsinə münasibət bildirərək hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Belə ki, iddiaçı məhkəmə iclasında mülkiyyətindəki torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt edilmiş hissəsində hər-hansı bir tikilinin mövcud olmamasını bildirmişdir. Məhkəmə həmçinin hesab edir ki, iddiaçının nümayəndəsinin iddia ərizəsi ilə bağlı dövlətə ödədiyi 100 manat məbləğində rüsumu, iddiaçının ödədiyi 95 manat smeta xərci cavabdehlərdən birgə qaydada tutularaq iddiaçıya ödənilməlidir. Eyni zamanda 100 manat ekspertiza xərci cavabdehlərdən birgə qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2024-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydə alınmış, reyestr nömrəsi **********06 olan çıxarışa əsasən paylı mülkiyyət hüququ üzrə İddiaçı, X6 və X4 məxsus Zaqatala rayonunun Aşağı Tala kəndində yerləşən 0,1024 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsinin zəbt etdikləri 0,0113 ha hissəsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 çıxarılsınlar. Zəbt edilmiş hissə cavabdehlərin hesabına açılsın və sərhəddə olan toxuma məftil hasarı cavabdehlərin öz hesabına sökülsün. İddiaçının nümayəndəsinin iddia ərizəsi ilə bağlı dövlətə ödədiyi 100 (bir yüz) manat məbləğində rüsumu və 95 (doxsan beş) manat smeta xərci cavabdehlər Cavabdeh2 və Cavabdeh1 birgə qaydada tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin olunmasın. Ekspertiza xərcinə görə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 birgə qaydada 100 (bir yüz) manat alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X5, Kod: 210005 VÖEN ********** m/h AZ 41 NABZ******************** S.W.İ.F.T. Bik:CTREAZ 22) köçürülsün. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar