Məhkəmə qərarları › İş №e-2(033)-556/2023

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-556/2023

01.08.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması,habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-556/2023 01.08.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X20 qızının katibliyi, Ərizəçi və maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi X9 iştirakı ilə Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı Azərbaycan Respublikasının ərazisində daimi yaşaması və heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi Ərizənin dəlilləri Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 20 may 1963-cü il tarixdə Dağıstan Respublikası, Rutul rayonu, Atdal kəndində doğulmuş Mürsəliyeva (İsayeva) Xanım Qurbanovnanın 1970-ci ildən indiyədək Azərbaycan Respublikasının ərazisində daimi yaşaması və heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktlarının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, 20 may 1963-cü ildə Dağıstan Respublikası, Rutul rayonu, Atdal kəndində anadan olmuşdur. Təqribən 1965-ci ildə valideyinləri ilə birlikdə Azərbaycan Respublikasına gəlmiş və ünvan 1 ünvanında yaşamağa başlamışdır. Natamam orta təhsilini də ünvan 1 ünvanında yerləşən məktəbdə almışdır. 1979-1981-ci illərdə S.M.Kirov adına Zaqatala rayon mədəniyyət evi nəzdindəki 2 illik biçmə-tikmə kursunu bitirmişdir. 1981-ci ildə Zaqatala rayonu, Muğanlı kənd sakini X7 ilə evlənmişdir və həmin tarixdən bu günədək Zaqatala rayonu, Muğanlı kəndində yaşayır. Həmin nikahdan 3 (üç) övladı - X8, X5 və X3 doğulmuşdur. Əri və övladları da Azərbaycan Respublikası vətəndaşlarıdır. 1996-cı ildə yaşadığı Zaqatala rayonu, Muğanlı kəndində torpaq islahatı aparılmış və ona ailə üzvləri ilə birlikdə bir Azərbaycan Respublikası vətəndaşı kimi pay torpaq sahəsi də verilmişdir. Həmin torpaq sahəsi üzərində hüquqları JN seriyalı 0206 nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı" ilə rəsmiləşdirilmişdir. Hətta bir Azərbaycan Respublikası vətəndaşı kimi seçkilərdə iştirak edə bilməyi üçün ona, 11 avqust 2005-ci ildə Zaqatala Rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən müvəqqəti sənəd olan - 308290 nömrəli "Müvəqqəti şəxsiyyət vəsiqəsi" də verilmişdir. 2022-ci ildə şəxsiyyət vəsiqəsi almaq məqsəd ilə "ASAN" xidmətə müraciət etmişdir. "ASAN" xidmətin əməkdaşları onu iş üzrə maraqlı şəxs Dövlət Miqrasiya Xidmətinə yönəltmişdir. İş üzrə maraqlı şəxs Dövlət Miqrasiya Xidməti isə 14 fevral 2023-cü il tarixli məktubla ona, Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin müəyyən olunması üçün Azərbaycan Respublikasının ərazisində daimi yaşamağı və heç bir dövlətin vətəndaşlığına mənsub olmamağı faktlarının müəyyən edilməsi məqsədi ilə məhkəməyə müraciət etməyini tövsiyə etdi. Ərizəyə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizədə göstərilən tələbi müdafiə edərək ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi X19 izahatında göstərdi ki, Ərizəçi müraciəti əsasında Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətində araşdırma aparılmış, onun hazırda Azərbaycan Respublikasının vətəndaşı olmadığı müəyyən edilmişdir. 30 sentyabr 1998-ci il tarixli “Azərbaycan Respublikası vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin tələblərini rəhbər tutaraq ərizənin təmin edilməsinə Dövlət Miqrasiya Xidməti tərəfindən etiraz edilmir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X10 izahatında göstərdi ki, Mürsəliyeva (İsayeva) Xanım Qurbanovna 1981-ci ildə Zaqatala rayonu, Muğanlı kənd sakini X7 ilə evlənmişdir və həmin tarixdən bu günədək Zaqatala rayonu, Muğanlı kəndində yaşayır. Onlar kənddə sərhəd qonşularıdır. Həmin nikahdan 3 (üç) övladı - X8, X5 və X3 doğulmuşdur. Əri və övladları da Azərbaycan Respublikası vətəndaşlarıdır. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X6 şahid X4 izahatına oxşar izahat verərək onun göstərdiyi xüsusatları təsdiq etdi. İşin halları BM seriyalı 253988 nömrəli 25 may 1963-cü il tarixdə X25 Sosialist Respublikasının Rutul rayonu Kalyal kənd soveti tərəfindən verilmiş Doğum haqqında Şəhadətnamədən görünür ki, X18 xx.xx.1963-cü il tarixdə X25 Sosialist Respublikasının Rutul rayonunun Atdal kəndində anadan olmuşdur. X14 məxsus XV-ЖГ nömrəli 599746 nömrəli X12 məxsus Sovet Sosialist Respublika X1 görünür ki, pasport 21 iyul 1980-cı il tarixdə Azərbaycan SSR-i Zaqatala Rayon İcraiyyə Komitəsinin Daxili İşlər Şöbəsi tərəfindən verilmişdir. Kirov adına Zaqatala Rayon Mədəniyyət evinin direktoru tərəfindən verilmiş vəsiqədən görünür ki, X15 2 illik biçmə-tikmə kursunu bitirmişdir. Zaqatala Rayonu Muğanlı kənd soveti tərəfindən 17 oktyabr 1981-ci il tarixdə verilmiş Nikahın bağlanması haqqında Şəhadətnamədən görünür ki, X11 ilə X15 17 oktyabr 1981ci il tarixdə nikah bağlamışdırlar və bu barədə nikahın bağlanması haqqında akt qeydlıəri kitabında 15 nömrəli qeyd edilmişdir. JN-0206 KOD40200058 Torpağa mülkiyyət hüququna dair Dövlət aktından görünür ki, Zaqatala Rayon Aqrar İslahat Komissiyasının 23 may 1996-cı il tarixli 32 nömrəli qərarı ilə Ərizəçi Qurban qızı və onun ailə üzvü olan digər 4 subyektə Zaqatala rayonu Muğanlı kəndində 2,34 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. 308290 nömrəli Müvəqqəti şəxsiyyət vəsiqəsindən görünür ki, vəsiqə Zaqatala rayonu Muğanlı kəndində yaşayan, Dağıstan Respublikası Rutul rayonunda xx.xx.1963-cü il tarixdə anadan olmuş Ərizəçi Qurban qızına xx.xx.2005-ci il tarixdə Zaqatala RPŞQSVQ tərəfindən verilmişdir və xx.xx.2005-ci il tarixədək etibarlıdır. Zaqatala Rayon İcra Hakimiyyəti Başçısının Muğanlı Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş Zaqatala rayonu Muğanlı kənd icra nümayəndəliyinin təsərrüfat kitabından 08 nömrəli Çıxarışdan görünür ki, Ərizəçi Qurban qızı 1 nömrəli təsərrüfat kitabında 90 nömrə ilə qeydiyyata alınmış X2 təsərrüfatında qeydiyyatdadır. Zaqatala Rayon İcra Hakimiyyəti Başçısının Muğanlı Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən 29 sentyabr 2022-ci il tarixdə verilmiş 89 nömrəli arayışdan görünür ki, Ərizəçi Qurban qızı 1980-cı ildən Zaqatala rayonu Muğanlı kəndində yaşayır. 3 övladı var. Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı Səfirliyinin Konsul şöbəsi tərəfindən verilmiş 228/k0 qeydiyyat nömrəli, 26 yanvar 2023-cü il tarixli arayışından görünür ki, 20 may 1963-cü il tarixdə Dağıstan MSSR Rutul rayonu Atdal kəndində anadan olmuş Ərizəçi müəyyən olunmuş qaydada Rusiya Federasiyasının vətəndaşlığını almamış və Rusiya Federasiyasının qanunvericiliyinə uyğun olaraq vətəndaşlıq haqqında Rusiya Federasiyasının vətəndaşlığını qəbul etməmişdir. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən 07 oktyabr 2022-ci il tarixdə verilmiş ******* nömrəli arayışdan görünür ki, Ərizəçi Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyəti araşdırılmış və onun 30 sentyabr 1998-ci il tarixli Azərbaycan Respublikasının vətəndaşlığı haqqında Azərbaycan Respublikası Qanununa əsasən Azərbaycan Respublikasının vətəndaşı olmaması müəyyən edilmişdir. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Vətəndaşlıq Məsələləri Baş İdarəsi tərəfindən 14 fevral 2023-cü il tarixdə X12 ünvanlanmış məktubdan görünür ki, 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşamağınız və heç bir dövlətin vətəndaşlığına mənsub olmamağınız faktı məhkəmə qaydasında müəyyən edildikdən sonra Azərbaycan Respublikası vətəndaşlığına qəbul edilmək üçün Dövlət Miqrasiya Xidmətinə müraciət edə bilərsiniz. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş məktubdan görünür ki, xx.xx.1963-cü il təvəllüdlü Ərizəçi xx.xx.2000-ci il tarixdən xx.xx.2023-cü il tarixədək dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasına məlumat qeydə alınmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. 307.2.10-1-ci maddəsinə əsasən məhkəmə “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsinə dair işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. 310.2-ci maddəsinə əsasən bu Məcəllənin 307.2.10-1-ci maddəsində nəzərdə tutulan faktın müəyyən edilməsi haqqında ərizədə şəxsin Azərbaycan Respublikasına gəlməsi tarixi və səbəbləri göstərilməli, həmin ərizəyə müvafiq faktları təsdiq edən sənədlər (olduğu halda), həmçinin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması barədə müvafiq icra hakimiyyəti orqanının arayışı və doğulduğu (əvvəllər daimi yaşadığı) ölkənin vətəndaşı hesab edilməməsini təsdiq edən sənəd əlavə edilməlidir. Həmin ərizəyə baxılmasında müvafiq icra hakimiyyəti orqanının nümayəndəsinin iştirakı məcburidir. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Azərbaycan Respublikası vətəndaşlığı haqqında” 30 sentyabr 1998-ci il tarixli Azərbaycan Respublikası Qanunu 14-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində son beş il ərzində fasiləsiz olaraq qanuni əsaslarla daimi yaşayan, qanuni gəlir mənbəyi olan, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına riayət olunması barədə öhdəlik götürən, habelə Azərbaycan Respublikasının dövlət dilini bilməsi haqqında sənəd təqdim edən əcnəbi və vətəndaşlığı olmayan şəxs mənşəyindən, irqi və milli mənsubiyyətindən, cinsindən, təhsilindən, dinə münasibətindən, siyasi və başqa əqidələrindən asılı olmayaraq bu qanuna müvafiq surətdə öz vəsatəti ilə Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilə bilər. Əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının ərazisində daimi yaşama müddəti ona qanunvericiliklə müəyyən edilmiş qaydada daimi yaşamaq üçün icazə və ya qaçqın statusu verildiyi gündən hesablanır (bu maddənin dördüncü hissəsində nəzərdə tutulan hal istisna olmaqla). Azərbaycan Respublikasının ərazisində daimi yaşama müddəti o halda fasiləsiz hesab edilir ki, şəxs il ərzində Azərbaycan Respublikasının ərazisini üç aydan çox olmayan müddətə tərk etmiş olsun. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu müddəa könüllü olaraq mənsub olduğu dövlətin vətəndaşlığından çıxmış şəxslərə şamil edilmir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 3 nömrəli qərarı Məhkəmələr Azərbaycan Respublikası MPM-nin 307.2.10-1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin 4-cü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktını müəyyən edərkən mütləq mövcud qanunvericiliyin tələblərini rəhbər tutmalıdırlar. Sözügedən Qanunun 14-cü maddənin 4-cü hissəsində göstərilir ki, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda, keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu müddəa könüllü olaraq mənsub olduğu dövlətin vətəndaşlığından çıxmış şəxslərə şamil edilmir. Nəzərə alınmalıdır ki, məhkəmələr tərəfindən şəxsin Azərbaycan Respublikasının vətəndaşı olması kimi faktın müəyyən edilməsi yolverilməzdir. Bu faktın müəyyən edilməsi haqqında ərizədə şəxsin Azərbaycan Respublikasına gəlməsi tarixi və səbəbləri göstərilməli, həmin ərizəyə müvafiq faktları təsdiq edən sənədlər (olduğu halda), həmçinin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması barədə müvafiq icra hakimiyyəti orqanının arayışı və doğulduğu (əvvəllər daimi yaşadığı) ölkənin vətəndaşı hesab edilməməsini təsdiq edən sənəd əlavə edilməlidir. Belə sənədlər əlavə edilmədikdə isə, Azərbaycan Respublikası MPM-nin 310.2-ci maddəsinə əməl edilmədiyinə görə ərizə və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizə baxılmamış saxlanılmalıdır. Həmin ərizəyə baxılmasında müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin) nümayəndəsinin iştirakı məcburidir. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarından da göründüyü kimi, 20 may 1963-cü il tarixdə Dağıstan MSSR Rutul rayonu Atdal kəndində anadan olmuş Ərizəçi Rusiya Federasiyası vətəndaşlığını qəbul etməyib və Rusiya Federasiyasının vətəndaşlığı haqqında qanunvericiliyinə uyğun olaraq Rusiya Federasiyası vətəndaşı hesab olunmur. Həmçinin doğulduğu ölkənin vətəndaşlığına mənsub deyildir. Onun Azərbaycan Respublikasının vətəndaşlığı haqqında Azərbaycan Respublikası 30 sentyabr 1998-ci il tarixli Qanununa əsasən Azərbaycan Respublikasının vətəndaşı olmadığı da müəyyən edilmişdir. Ərizəçi 1981-ci il tarixdən X7 ilə ailə qurmaqla Zaqatala rayonu Muğanlı kəndində yaşayır və həmin kənddə qeydiyyatdadır. 1965-ci ildən isə Azərbaycan Respublikasının ərazisində daimi yaşayır, Azərbaycan dilində sərbəst danışa, oxuya və yaza bilir. Ərizəçi onun Azərbaycan Respublikasının ərazisində daimi yaşaması və heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Ərizəçi tərəfindən heç bir dövlətin vətəndaşlığına mənsub olmaması və Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsinin nə məqsəd üçün lazım olduğu ərizədə kifayət qədər əsaslandırılmış və o ona lazım olan Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin ala bilməsinin mümkünsüzlüyünü təsdiq edən sübutları təqdim etmişdir. Onun ərizəsinə Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması barədə müvafiq icra hakimiyyəti orqanının arayışı və doğulduğu (əvvəllər daimi yaşadığı) ölkənin vətəndaşı hesab edilməməsini təsdiq edən sənəd əlavə edilmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti də ərizənin təmin edilməsinə etiraz etmir. Göründüyü kimi, ərizəçi Mürsəliyeva (İsayeva) Xanım Qurbanovna keçmiş SSRİ vətəndaşının pasportu əsasında 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşayır, heç bir dövlətin vətəndaşlığına mənsub deyil və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri yoxdur. Ona görə də, onun heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilməlidir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilərək, 20 may 1963cü il tarixdə X25 Sosialist Respublikasının Rutul rayonunun Atdal kəndində anadan olmuş ərizəçi Mürsəliyeva (İsayeva) Xanım Qurbanovnanın heç bir dövlətin vətəndaşlığına mənsub olmaması və Azərbaycan Respublikasında daimi yaşaması faktı müəyyən edilməlidir. Ərizəçi dövlət büdcəsinə ödədiyi 100 (bir yüz) manat rüsum onun özünə aid edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 216-217, 219-220, 227, 233, 307.1, 307.2.11, 308 və 311-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi Ərizə təmin edilsin. 20 may 1963-cü il tarixdə X25 Sosialist Respublikasının Rutul rayonunun Atdal kəndində anadan olmuş ərizəçi Mürsəliyeva (İsayeva) Xanım Qurbanovnanın heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı müəyyən edilsin. Ərizəçi dövlət büdcəsinə ödədiyi 100 (bir yüz) manat rüsum onun özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar