Məhkəmə qərarları › İş №e-2(033)-56/2023

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-56/2023

13.06.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-56/2023 13.06.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi İddia tələbinin dəlilləri İddiaçı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Zaqatala rayonu, Mazıx kəndində yaşayan Vasiyeva (Ramazanova) Zərxanım Xizri qızından 700 (yeddi yüz) manat fındıq topalarının dəyəri, 100 (bir yüz) manat torpaq sahəsinin ətrafına çəkilmiş setkanın xərci, 500 (beş yüz) manat torpağın alınması üçün verilmiş pul, ödənilmiş 33 (otuz üç) manat dövlət rüsumunun, 50 (əlli) manat vəkil xidmət haqqının, cəmi 1383 (bir min üç yüz səksən üç) manat pulun cavabdehdən alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Vasiyeva (Ramazanova) Zərxanım Xizri qızı onun doğma bacısıdır. O, cavabdehə məxsus Zaqatala rayonu Dardoqqaz kəndində yerləşən 1601,01 kv.m torpaq sahəsini 500 manata almışdır. Həmin alqı-satqı onlar arasında 2017-ci ildə baş tutmuşdur. Alqı-satqını torpağın mülkiyyət hüququnu müəyyən edən sənədlər verilmədiyinə görə notariusda rəsmiləşdirə bilməmişlər. 2017-ci ildən torpaq sahəsi onun istifadəsindədir. Həmin torpağın vergilərini o ödəmişdir. Həmin torpaqda 5 il əvvəl 14 topa fındıq ağacları əkmiş, torpaq sahəsinin ətrafına 40 metr uzunluğunda setka çəkmişdir. Həmin torpaq sahəsini cavabdehin ona satdığını sübut etmək üçün şahidlərin iştirakı ilə akt tərtib etmişlər. Həmin şahidlər təsdiq edirlər ki, Cavabdeh 1601,01 kv.m torpaq sahəsini 500 manat qarşılığında ona satmışdır. Lakin indi cavabdeh torpaq sahəsini onun adına rəsmiləşdirməkdən imtina edir və torpaq sahəsini başqasına sataraq, əkdiyi fındıq bağından onu çıxarmışdır. Belə olan halda ona həmin torpaq sahəsinə çəkdiyi xərclər və torpaq sahəsinin alqı-satqısı zamanı verdiyi pullar geri qaytarılmalıdır. Belə ki, həmin torpaq sahəsində 5 il əvvəl 14 ədəd fındıq ağacı əkmişdir. Hal-hazırda həmin fındıq ağacının bir topasının dəyəri 50 manatdır. 14 ədəd fındıq ağacı hər biri 50 manat hesablanmaqla, cəmi 700 manat təşkil edir. Torpaq sahəsinin ətrafına 40 metr uzunluğunda çəkdiyi setkanın dəyəri 100 manat təşkil edir. Bundan başqa, həmin torpaq sahəsinin alqı-satqısı zamanı o, 500 manat pul vermişdir. Ərizədə qeyd etdiklərinin sübutu olaraq onu bildirir ki, cavabdeh torpağı ona satarkən Torpaq sahəsinin Planı və ölçüsü sənədinin əslini ona vermişdir. Həmin sənədi iddia ərizəsinə əlavə edir. Əgər bugünkü gündə torpaq sahəsini cavabdeh ondan geri almışdırsa torpaq sahəsinə çəkilmiş xərclər əsassız varlanmaya aid edildiyindən cavabdehdən alınaraq ona qaytarılmalıdır. Ona görə də, məhkəməyə müraciət edir. İddiaçı iddianın həcminin artırılmasına dair ərizə ilə müraciət edərək cavabdeh Zərxanım Xizri qızından 1960 manat fındıq topalarının dəyəri, 100 manat torpaq sahəsinin ətrafına çəkilmiş setkanın xərci, 500 manat torpağın alınması üçün verilmiş pul, ödənilmiş 33 manat və iddianın həcminin artırılmasına görə ödənilmiş 32,70 manat dövlət rüsumunun, 50 manat vəkil xidmət haqqının, cəmi 2675,70 (iki min altı yüz yetmiş beş manat yetmiş qəpik) manat pulun cavabdehdən alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianın həcminin artırılmasına dair ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə baxış iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, onun dəlillərini müdafiə etdiyini bildirdi və iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək göstərdi ki, İddiaçı onun qardaşıdır. O, 2017-ci ildə mülkiyyətində olan 1,601 ha torpaq sahəsini atlar üçün otlaq kimi istifadə edilməsi məqsədi ilə qardaşı olan iddiaçıya vermişdir. Həmin vaxtdan torpaq sahəsində iddiaçı istifadə edir. Bunun qarşılığında ona hər hansı məbləğdə pul ödənməmiş və aralarında pulun ödənilməsi də şərtləndirilməmişdir. Daha sonra o torpaq sahəsini satmış və hazırda iddianın predmeti olan fındıq ağaclarının əkildiyi torpaq sahəsindən başqa şəxs istifadə edir. Torpaq sahəsi üzərində iddiaçı tərəfindən əkilmiş fındıq ağacları ona lazım deyil və həmin ağaclar onun göstərişi olmadan əkilmişdir. İddiaçının əkdiyi fındıq ağaclarını çıxardıb və torpağın hasarlanması üçün istifadə edilmiş setkanı söküb aparmasına etiraz etmir. İddia ərizəsinin rədd edilməsini xahiş edir. İşin halları Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş X7 kitabında uçota alınmış A407588 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, Zaqatala Rayon Aqrar İslahat Komissiyasının 27 dekabr 1999-cu il tarixli 81 saylı qərarına əsasən X1 mülkiyyətinə verilmiş Zaqatala rayonu Dardoqqaz kəndində yerləşən 1601.01 kv.m. kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə bağlı tərtib edilmişdir. Zaqatala rayonu Dardoqqaz kəndində tərtib edilmiş 10 avqust 2022-ci il tarixli aktdan görünür ki, aktı tərtib edənlər X1 Dardoqqaz kəndində yerləşən 1600 kv.m torpaq sahəsini qardaşı İddiaçı 500 manat satdığını təsdiq etmişlər. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi X8 İnkişaf Mərkəzinin 27 dekabr 2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Zaqatala rayonu Dardoqqaz kəndində yerləşən 1601.01 kv.m. torpaq sahəsi üzərindən əkilmiş 14 topa fındıq ağaclarının 5 illik olduğu müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 25 aprel 2023-cü il tarixli 9/813 nömrəli rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, X8 X4 sektorunun 27 dekabr 2022-ci il tarixli rəyinə əsasən Zaqatala rayonunun Dardoqqaz kəndi ərazisində yerləşən 14 topa 5 illik fındıq kolunun 2022-ci il tarixə orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 1960,0 manat (14 topa x 140,0 manat müəyyən olunur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 25 aprel 2022-ci il tarixli 9/813 nömrəli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 139.1-ci maddəsinə əsaən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər. 1090.1.-ci maddəsinə əsasən əgər işlərin aparılması sahibkarın mənafeyinə və ehtimal olunan istəyinə uyğun gəlirsə, icraçı xərclərin əvəzinin ödənilməsini və öhdəliklərdən azad olunmasını tələb edə bilər. İcraçı lazımi vicdanlılıqla fəaliyyət göstərmişsə, bu qayda işlərin aparılmasının gözlənilən nəticə ilə qurtarmadığı halda da tətbiq olunur. 1090.2.-ci maddəsinə əsasən işlərin aparmağa qəbul olunması sahibkarın mənafeyinə və ehtimal olunan istəyinə uyğun gəlmirsə, icraçı sahibkardan xərclərin əvəzinin ödənilməsini və öhdəliklərdən azad olunmasını yalnız işlərin aparılması prosesində sahibkarın varlandığı halda tələb edə bilər. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericilik normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq pozuntusuna görə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0 və 115.0.1-ci maddələrinə görə işə baxılması ilə əlaqədar məsrəflərə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər də daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanunu 8.1-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunun dərəcələri müəyyən olunmuşdur. Həmin Qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarı. 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia rədd olunmalıdır. Belə ki, məhkəmə araşdırmasında müəyyən edildi ki, Zaqatala Rayon Aqrar İslahat Komissiyasının 27 dekabr 1999-cu il tarixli 81 saylı qərarına əsasən Zaqatala rayonu Dardoqqaz kəndində yerləşən 1601.01 kv.m. kənd təsərrüfatı təyinatlı torpaq sahəsi cavabdeh X1 mülkiyyətinə verilmişdir. Torpaq sahəsi 2017-ci ildə cavabdeh X3 tərəfindən İddiaçı müvəqqəti istifadəsinə verilmişdir. Həmin torpaq sahəsi üzərində İddiaçı tərəfindən 14 top fındıq kolu əkilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 25 aprel 2023-cü il tarixli 9/813 nömrəli rəyi ilə 14 topa 5 illik fındıq kolunun 2022-ci il tarixə orta bazar qiymətinin 1960,0 manat (14 topa x 140,0 manat müəyyən edilmişdir. İddiaçı 2017-ci ildən torpaq sahəsinin ona cavabdeh tərəfindən 500 manata satılmasına və həmin torpaq sahəsi üzərində fındıq kollarını əkməsinə əsaslanaraq cavabdeh Zərxanım Xizri qızından 1960 manat fındıq topalarının dəyəri, 100 manat torpaq sahəsinin ətrafına çəkilmiş setkanın xərci, 500 manat torpağın alınması üçün verilmiş pulun cavabdehdən alınaraq ona verilməsini xahiş etmişdir. Cavabdeh iddia tələbini qəbul etməyərək, mülkiyyətində olan torpaq sahəsini cavabdehə istifadə etməsi üçün verdiyini və torpaq sahəsində əkilmiş ağacların ona lazım olmamasını və cavabdehin həmin ağacları çıxarıb apara biləcəyini bildirmiş və iddia ərizəsinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə hesаb edir ki, iddia ərizəsində göstərilən dəlillər əsаssız оlduğundаn iddiа tələbinin təmin edilməsi üçün əsаs оlа bilməz. Birincisi ona görə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İkincisi, iddia tələbinin faktiki halları tələbin qanuni əsasının şərtlərinə, yəni dizpozisiya şərtlərinə uyğun deyildir. Çünki, iddiaçı cavabdehdən maddi zərərə və digər tələblərə görə pul tələb edir. Bu tələblərə dair iddiaçının izahatından başqa iş materiallarında hər hansı bir mötəbər sübut mövcud deyildir. İddiaçının izahatı isə iş materiallarında olan digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir ki, belə bir sübutlar da iddiaçı tərəfindən təqdim edilməmişdir. Məhkəmə qeyd edir ki, bu halda işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Üçüncüsü, işin faktiki hallarından da görünür ki, iddiaçı cavabdehin razılığı ilə istifadə etdiyi torpaq sahəsinə məhsul götürmək və qazanc əldə etmək məqsədilə aqrotexniki qulluq göstərmiş və özünün qeyd etdiyi kimi 2017-ci ildən həmin fındıq kollarından məhsul götürmüşdür. Göründüyü kimi iddiaçı əldə etdiyi gəlilərdən yalnız öz maddi vəziyyətinin yaxşılaşdırılması üçün istifadə etmiş və bu illər ərzində istifadə etdiyi torpaq sahəsinə çəkdiyi xərclərinin əvəzi əldə etmiş olduğu qazancdan qarşılıqlı olaraq ödənilmişdir. Məhkəmə həmçinin çəkilən xərcə münasibətdə qeyd edir ki, əgər qeyd olunan ərazi göstərilən illər ərzində qorunmasaydı, qulluq göstərilməsəydi, yəqin ki, iddiaçı da istədiyi məhsulu əldə edə bilməyəcəkdi. İş materiallarından da göründüyü kimi, mübahisə predmeti olan 1601.01 kv.m. kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə iddiaçının hazırda heç bir hüququ yoxdur. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, tərəflər arasında torpağın istifadəyə verilməsi barədə şifahi razılıq olsa da, həmin torpaq sahəsində əkiləcək ağacların dəyərinin ödənilməsi, habelə vurulmuş zərərin ödənilməsi barədə heç bir razılaşma olmamışdır. Ona görə də cavabdeh iddiaçı qarşısında hər hansı bir zərərin ödənilməsinə görə mülki məsuliyyət daşıya bilməz. Məhkəmə hesab edir ki, iddiaçının ərizəsində göstərilən dəlillər iddia tələbinin təmin olunması üçün əsas vermir. Bütövlükdə qeyd olunanlar cavabdeh tərəfin əsassız varlanması kimi və ya iddiaçı tərəfə hər hansı maddi zərər dəyməsi kimi qiymətləndirilə bilməz. Bundan başqa, məhkəmə iclasında iddiaçı tərəf həqiqətən cavabdeh tərəfindən ona maddi zərər dəyməsini sübut edə bilməmiş, həmçinin iddiaçı tərəfindən məhkəməyə bununla bağlı heç bir sübut təqdim edilməmişdir. Bundan başqa, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 25 aprel 2023-cü il tarixli 9/813 nömrəli rəyi ilə 14 topa 5 illik fındıq kolunun 2022-ci il tarixə orta bazar qiyməti müəyyən edilsə də, bu hal da iddia tələbinin təmin edilməsi üçün yetərli deyildir. Məhkəmə daha sonra iddia tələbinin 14 top fındıq kolunun dəyəri olan 1960 manatın və torpaq sahəsinin hasarlanması üçün ətrafına çəkilmiş dəmir torun dəyəri olan 100 manatın cavabdehdən alınaraq iddiaçıya verilməsi hissəsinə münasibətdə qeyd edir ki, məhkəmə araşdırılmasında müəyyən edildi ki, İddiaçı dəyərinin ödənilməsini tələb etdiyi 14 topa 5 illik fındıq ağacları Cavabdeh xüsusi mülkiyyətinə verilmiş Zaqatala rayonu Dardoqqaz kəndində 1,601 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində yerləşir və həmin ağacların oradan iddiaçı tərəfindən çıxarılıb aparılmasına cavabdeh etiraz etmir. Bundan başqa, iddia ərizəsində göstərilən və cavabdehin xüsusi mülkiyyətində olan torpaq sahəsinin hasarlanması üçün istifadə olunan dəmir torun da iddiaçı tərəfindən sökülərək aparmasına cavabdeh etiraz etmir. Belə vəziyyətdə məhkəmə hesab edir ki, iddiaçının tələbi bu hissədə qanuni və əsaslı deyildir. Ona görə ki, iddiaçı hər hansı hüquqmüəyyənedici sənədləri olmadan cavabdehə məxsus torpaq sahəsində fındıq kolları əkmiş, bununla bağlı onlar arasında hər hansı razılaşma olmamış, iddiaçı həmin torpaq sahəsinin özünün olmasını zənn etməklə yanılmışdır. Məhkəmə iddia tələbinin 500 manat torpağın alınması üçün verilmiş pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı həmin məbləğin Cavabdeh verilməsinə dair sübut təqdim etməmiş və Zaqatala rayonu Dardoqqaz kəndində 10 avqust 2022-ci il tarixdə tərtib edilmiş akt Cavabdeh tərəfindən həmin məbləğin alınmasını təsdiq edən sənəd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin aktla aktı imzalayan şəxslər X1 Dardoqqaz kəndində yerləşən 1600 kv.m torpaq sahəsini qardaşı İddiaçı 500 manat satdığını təsdiq etsələr də və aktı imzalayan şəxslərin sırasında müqavilənin tərəflərindən olan İddiaçı olsa da həmin aktda göstərilənlər Cavabdeh tərəfindən təsdiq edilməmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, iddiaçının qeyd edilən tələbinin başqa hüquqi əsası da müəyyən edilməmişdir. Məhkəmə qeyd edilənlər üzrə dəyərləndirmə apararaq iddiaçının tələbinin əsası kimi təqdim etdiyi sübutları, iddia tələbinin təmin edilməsi üçün yetərli saymır və hesab edir ki, iddiaçı iddia ilə bağlı əsaslı şübhə yaratmayan hər hansı bir sübut təqdim etməmişdir. İşin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Həmçinin məhkəmə qeyd edir ki, tələb yazılı sübutlarla (sənədlərə) işarə edilməsini özündə ehtiva etməlidir. Sübutların qiymətləndirilməsinin məzmununu aşağıdakılar ehtiva edir: onların mümkünlüyünü, aid edilməsini, mötəbərliyi və bütün sübutların məcmusunun qarşılıqlı əlaqəsi. Məhkəmə sübutları müəyyən edərkən, məhkəmə aktında qeyd edilən nəticələrin əsaslandırılması üçün sübutların mötəbərliyin kifayət edilməsini qiymətləndirir. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Məhkəmə hesab edir ki, iddia rədd edildiyindən iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 65,70 manat dövlət rüsumu və 50 manat vəkilin xidmət haqqı İddiaçı özünə aid edilməlidir. İş üzrə təyin edilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manat ekspertiza xərci İddiaçı alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X5 - kodu 210005, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************4. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233.1, 234 və 357-362-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə Qət etdi İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi rədd edilsin. 65,70 (altmış beş manat yetmiş qəpik) manat dövlət rüsumu və 50 (əlli) manat vəkilin xidmət haqqı İddiaçı özünə aid edilsin. İş üzrə təyin edilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat ekspertiza xərci İddiaçı alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X5 - kodu 210005, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************4. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar