Məhkəmə qərarları › İş №e-2(033)-570/2023

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-570/2023

25.12.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-570/2023 25.12.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X3 katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı cavabdehin torpaq sahəsindən çıxarılması və torpaq sahəsinin iddiaçıya təhvil verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi İddia tələbinin dəlilləri İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən, ƏMDK yanında DƏDRX-in Zaqatala Ərazi İdarəsinin verdiyi xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli, RX seriyalı, 438789 nömrəli Dövlət reyestrindən verilmiş çıxarışda göstərilən 1,29 ha torpaq sahəsindən cavabdehin çıxarılmasına, həmin torpaq sahəsinin ona təhvil verilməsinə və ödədiyi 200 manat vəkil xidmət haqqının və 100 manat dövlət rüsumunun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, onun xüsusi mülkiyyətində Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən 1,29 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. Həmin torpaq sahəsi Daşınmaz Əmlakın Dövlət reyestrində qeydiyyata alınaraq xx.xx.2018 qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli RX seriyalı ******* nömrəli Dövlət reyestrindən Çıxarış da verilmişdir. Həmin torpaq sahəsinin bir hissəsi qanunsuz olaraq cavabdeh tərəfindən zəbt edilmişdir və cavabdeh onu həmin torpaq sahəsindən istifadə etməyə qoymur. Bununla da onun mülkiyyət hüququ cavabdeh tərəfindən qanunsuz olaraq pozulmuşdur. Dəfələrlə cavabdehdən torpaq sahəsindən çıxmasını tələb etsə də, cavabdeh müxtəlif bəhanələr gətirərək torpaqdan çıxmaq istəmir. Könüllü olaraq torpaqdan çıxmadığına görə o məhkəməyə müraciət etməli olmuşdur. Qeyd etdiyi faktı ərizəyə əlavə etdiyi sənədlər bir daha təsdiq edir. Bundan başqa torpağın zəbt olunmasını həmin torpaq sahəsinə yerində baxış keçirməklə də subuta yetirmək mümkündür. İddia tələbinə qarşı etirazın dəlilləri Cavabdeh etirazla müraciət edərək e-2(033)-570/2023 saylı iş üzrə iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı tərəfindən ona qarşı "torpaq sahəsindən cavabdehin çıxarılması və həmin torpaq sahəsinin ona təhvil verilməsi" barədə qaldırılmış iddia ərizəsini aşağıda göstərilənlərlə əlaqədar əsassız hesab edir və iddia tələbini qəbul etmir. Bununla əlaqədar bildirir ki, Respublikada kolxoz-sovxoz sistemi ləğv olunub torpaq islahatları aparılan zaman ona və ailə üzvlərinə Yuxarı Tala kəndinin "Çüdlübinə" ərazisindən 0.74 ha., anası X1 0 25 ha., bacısı X4 0.25 ha., bacısı X5 (ailə üzvləri ilə birlikdə) 0.99 ha pay torpaq sahələri (cəmi: 2.23 ha) yerində ölçülüb təhvil verilmiş və 2005-ci ildə isə bu ərazilərə uyğun olaraq müvafiq Dövlət Aktları təqdim olunmuşdur (təsdıqedici sənədlər əlavə olunur). Bu illər ərzində qeyd olunan ərazilərdən təyinatı üzrə istifadə olunmuş, qanunvericiliyin tələblərinə əməl olunmuş, torpaq rüsumları vaxtıvaxtında ilbəil ödənilmişdir. Bundan sonra, yuxarıda qeyd olunan ərazilər Zaqatala 2 saylı Notariat ofisində "Daşınmaz əmlakın bağışlanılması və alqı-satqı" müqavilələri ilə qeydə alınmış və xx.xx.2020-ci il tarixdə Daşınmaz əmlakın Dövlət reyestri xidmətinin 18 saylı Zaqatala Ərazi idarəsi tərəfindən onun xüsusi mülkiyyətinə 2.2206 ha sahə üçün "Çıxarış" və 'Torpaq sahəsinin planı və ölçüsü" sənədləri verilmişdir (təsdiqedici sənədlər əlavə olunur). İddia ərizəsində göstərilir ki, guya ona ərazini boşaltmaq barədə dəfələrlə xəbərdarlıq olunub. Bu yalan və iftiradır. Bu illər ərzində onların nə iddiaçı, nə də onun yaxınları ilə heç bir əlaqələri, münasibətləri, təması olmayıb ərazi iddiaları məsələləri heç vaxt qalxmayıb. Lakin, bu ilin aprel ayının 2-də ona ərazidən xəbər verdilər ki, aralarında sərhəddi bildirən mıxçanın yeri dəyişdirilərək onun sahəsinə doğru 20 metr məsafədə vurulmuşdur. İddiaçının oğlu onlarla əlaqə saxladıqda o bildirdi ki, onlarlıq bir şey yoxdur, reyestr idarəsinin işçiləri yeni mıxçanı vurublar". Soruşmuş ki, onun iştirakı olmadan niyə belə özbaşınalıq etmisiz? Cavab verə bilimədi. Ertəsi gün, aprel ayının 3-də 18 saylı Zaqatala Ərazi İdarəsində məsələ mütəxəssislərin iştirakı ilə araşdırıldı, mıxçanın səhv vurulduğu aydınlaşdı və bu məsələnin bağlandığı bildirildi. Ancaq, aprel ayının 15-də iddiaçının tələbi ilə 18 saylı Zaqatala Ərazi İdarəsinin mütəxəssislərinin və onların iştirakı ilə yerində təkrar torpaq sahələrinin faktiki istifadə vəziyyəti ölçülmüş və yekun olaraq onun 2,22 ha əvəzinə 2.14 ha-dan (8 sot az) istifadə etdiyi məlum olmuşdur. İddiaçıya isə imtina cavabı verilmişdir. Bundan əlavə, müxtəlif dövlət qurumlarını əsassız iradlarla məşğul etməmək məqsədilə, iddiaçı tərəfə əllərində olan sənədlər əsasında araşdırma aparmaq üçün görüşmək təklifi də edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, onun 1.29 ha torpağı var. Həmin torpağa çıxarış almışdır. Cavabdeh onun torpağının 0.29 ha hissəsini zəbt etmişdir. O, torpağını tam şəkildə tələb edir. Cavabdeh yalan danışır. O, həmişə Bakı şəhərində işləyib, burada olmayıb. 2 ildir ki, rayona gəlib. Reyestr Xidmətindən şikayətçidir. Düzgün ölçməyiblər. Xahiş edir ki, iddiaya düzgün baxılsın. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh izahat verərək göstərdi ki, 1996-cı ildən sözügedən torpaq sahəsi ona verilmişdir. Artıq 27 ildir ki, həmin torpaq sahəsi onun adınadır. İndiyə qədər heç bir problem olmamışdır. İndi iddiaçı problem yaradaraq deyir ki, onun torpaq sahəsini zəbt etmişəm. Torpaq sahəsi birinci dəfə 1996-cı ildə, ikinci dəfə 2005-cı ildə ölçülüb. Bundan sonra 2 dəfə ayrı-ayrı vaxtlarda özü bələdiyyədən nümayəndə aparmaqla ölçdürmüşdür. Ailədə 9 nəfərdirlər. Bir nəfərə 25 sot olmaqla cəmi 2.25 ha torpaq sahəsi verilmişdir. 2020-ci ildə isə Reyestr Xidməti Çıxarış verən zaman GPS ilə yenidən ölçülmüşdür. GPS ilə ölçüldükdən sonra 2.22 ha verilmişdir. 3 sot əskik verilmişdir. O indiyə qədər bunun davasını etməmişdir. Ona bu torpaq sahəsinin Çıxarışını vermişlər. İddiaçı sözügedən torpaq sahəsini sonradan başqa şəxsdən almışdır. Həmin vaxt sənədlərə baxmamışlar. Əgər baxsaydılar indi belə problem olmazdı. Məhkəmə qərarı ilə torpaq sahəsi ölçülən zaman Reyestr Xidmətinin əməkdaşı onlara faktiki istifadə etdikləri torpaq sahəsini göstərməyi demişdir. Əgər düzgün göstərməsələr problem olacağını bildirmişdir. Ölçmə işləri aparıldıqdan sonra iddiaçının 1.19 ha torpaq sahəsi olduğu müəyyən edilmişdir. 10 sot əskik çıxmışdır. Faktiki olaraq iddiaçının torpaq sahəsi 1.19 ha-dır. Onlar problemi torpaq sahəsini alan şəxslə həll etsinlər. İddia ərizəsi əsassızdır, verilmiş rəydə də görsənir və rədd olunmasını xahiş edir. İşin halları Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, reyestr nömrəsi **********90 olan Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən 1,29 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2018-ci il tarixdə Daşınmaz əmlakın dövlət reyestrində 142 nömrəli reyestr kitabının 54 nömrəli vərəqində İddiaçı hüquqları rəsmiləşdirilmişdir. A 322348 nömrəli Torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, reyestr nömrəsi **********29 olan Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən 2.2206 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində xüsusi mülkiyyət kimi tam pay olaraq ********** qeydiyyat nömrəsi ilə xx.xx.2020-ci il tarixdə Daşınmaz əmlakın dövlət reyestrində 191 nömrəli reyestr kitabının 59 nömrəli vərəqində Cavabdeh hüquqları rəsmiləşdirilmişdir. AA 530632 nömrəli Torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinin 18 iyul 2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəsi ilə xx.xx.2018-ci il qeydiyyat tarixli çıxarışda göstərilən mülkiyyət hüququ əsasında İddiaçı məxsus Zaqatala rayonu, Yuxarı Tala kəndində yerləşən 1.29 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin yerdə (naturada) ölçüləri 1.1969 hektardır. Həmin torpaq sahəsinin hüquqmüəyyənedici sənədlərdə göstərilən cizgilərə görə yerləşmə vəziyyəti və naturada istifadə olunan ərazinin koordinatları tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəsi ilə xx.xx.2020-ci il qeydiyyat tarixli çıxarışda göstərilən mülkiyyət hüququ əsasında Cavabdeh məxsus Zaqatala rayonu, Yuxarı Tala kəndində yerləşən 2.2206 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin yerdə (naturada) ölçüləri 2.2206 hektardır. Sözügedən torpaq sahəsinin hüquqmüəyyənedici sənədlərdə göstərilən cizgilərə görə yerləşmə vəziyyəti və naturada iistifadə olunan ərazinin koordinatları tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə aparılmış qeydiyyatın rəsmiləşdirilməsinə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestindən çıxarışda göstərilən iddiaçı X2 mülkiyyətində olan Zaqatala rayonu, Yuxarı Tala kəndində yerləşən 1.29 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi cavabdeh X8 tərəfindən istifadə olunmur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza 10 oktyabr 2023cü il tarixli 3-16-16/2-10/5805 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsinin Yerquruluşu təşkili şöbəsinin mühəndisi Pərviz İsmayılovun tərtib etdiyi mütəxəssis rəyinə əsasən aşağıdakılar müəyyən olunur: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında əmlakın dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəsi tarixli çıxarışda göstərilən mülkiyyət hüququ əsasında İddiaçı məxsus Zaqatala rayonu, Yuxarı Tala kəndində yerləşən 1.29 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin yerdə (naturada) ölçüləri 1.1969 hektardır. Həmin torpaq sahəsinin hüquqmüəyyənedici sənədlərdə göstərilən cizgilərə görə yerləşmə vəziyyəti və naturada istifadə olunan ərazinin koordinatları tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəsi ilə xx.xx.2020-ci il qeydiyyat tarixli çıxarışda göstərilən mülkiyyət hüququ əsasında Cavabdeh məxsus Zaqatala rayonu, Yuxarı Tala kəndində yerləşən 2.2206 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin yerdə (naturada) ölçüləri 2.2206 hektardır. Sözügedən torpaq sahəsinin hüquqmüəyyənedici sənədlərdə göstərilən cizgilərə görə yerləşmə vəziyyəti və naturada istifadə olunan ərazinin koordinatları tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə aparılmış qeydiyyatın rəsmiləşdirilməsinə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda göstərilən İddiaçı mülkiyyətində olan Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən 1,29 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh tərəfindən istifadə olunmur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış tikinti-texniki obyektlərinin tədqiqi ekspertizasının dəyəri 50 manat təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsi 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. 157.2.-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər, 157.4-cü maddəsinin tələbinə görə əgər mülkiyyətçi qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsi 84.1-ci maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsində müəyyən edilmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarı 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfləri tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia rədd olunmalıdır. Belə ki, məhkəmə iclasında işdə olan sənədlərin bilavasitə tədqiqi nəticəsində müəyyən oldu ki, reyestr nömrəsi **********90 olan, Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən 1,29 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı mülkiyyəti kimi xx.xx.2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən 2.2206 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh mülkiyyəti kimi xx.xx.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmin torpaq sahələri qonşu ərazilərdə yerləşir. İddiaçı iddia ərizəsi ilə müraciət edərək mülkiyyətində olan 1,29 ha torpaq sahəsinin Cavabdeh tərəfindən zəbt edildiyini bildirərək cavabdehin həmin torpaq sahəsindən çıxarılmasına və torpaq sahəsinin ona təhvil verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh iddia tələbini qəbul etmir və iddia ərizəsinin rədd edilməsini xahiş edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza 10 oktyabr 2023-ci il tarixli 3-16- 16/2-10/5805 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə aparılmış qeydiyyatın rəsmiləşdirilməsinə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda göstərilən İddiaçı mülkiyyətində olan Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən 1,29 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh tərəfindən istifadə olunmur. Yuxarıda şərh edilən normaların məzmunundan görünür ki, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər və sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Beləliklə, yuxarıda qeyd olunan qanunvericilik müddəalarının mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. İddiaçı tərəfindən isə iddiasını təsdiq edən kifayət qədər mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. İddiaçı tərəfin təqdim etdiyi iddia tələbini dəstəkləyən sübutlar isə iddianın təmin edilməsi üçün yetərli deyil. İddiaçının izahatına münasibətdə isə məhkəmə nəzərə alır ki, Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə əsasən həmin izahatlar iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Gəldiyi qənaətin əsaslarına uyğun olaraq məhkəmə iddia tələbinin dəlillərinə münasibət bildirilməsini ümumiyyətlə zəruri hesab etməyərək özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipi ilə əsaslandırır. Mülki Prosessual Məcəllənin 80-ci maddəsində əksini tapmış həmin prinsipə əsasən məhkəmə prosesində yalnız elə faktlarla və hallarla bağlı sübutlar nəzərə alınmalıdır ki, onlar işin həlli üçün hüquqi baxımdan əhəmiyyət kəsb etsinlər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının ərizəsində qeyd etdiyi dəlillər işin halları ilə uzlaşmamaqla əsaslı deyildir. İlk öncə ona görə ki, cavabdeh tərəfindən iddiaçının hər hansı hüquqları pozulmamış, onun torpaq sahəsi cavabdeh tərəfindən zəbt edilməmişdir. Qeyd edilən hal ekspert rəyi ilə də öz təsdiqini tapmışdır. Beləliklə, məhkəmə işdə olan və tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, Cavabdeh tərəfindən İddiaçı mülkiyyətində olan 1,29 ha torpaq sahəsi zəbt olunaraq istifadə olunmadığından İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma və torpaq sahəsinin iddiaçıya təhvil verilməsi tələbinə dair iddia ərizəsi rədd edilməlidir. Məhkəmə hesab edir ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat iddiaçıdan tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddiaçının ödədiyi 100 manat məbləğində dövlət rüsumu onun özünə aid edilməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-311, 360-cı maddələrinə əsaslanaraq, məhkəmə Qət etdi İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma və torpaq sahəsinin iddiaçıya təhvil verilməsi tələbinə dair iddia ərizəsi rədd edilsin. İddiaçı ödədiyi 100 (bir yüz) manat məbləğində dövlət rüsumu onun özünə aid edilsin. İddiaçı 50 (əlli) manat ekspertiza xərci alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu -, X6 - kodu 210005, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar