Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-6/2025 23.09.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X8 Əli qızının katibliyi, İddiaçı vəkili Nümayəndə Cavabdeh Rəsul oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh Rəsul oğluna qarşı “qəsdə son qoyma, zəbt olunmuş əmlakdan çıxarma və dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi. İddia tələbi və dəlilləri: İddiaçı Cavabdeh Rəsul oğluna qarşı “qəsdə son qoyma, zəbt olunmuş əmlakdan çıxarma və dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun mülkiyyətində olan Zaqatala rayonu, Kebeloba kəndində yerləşən 0,04 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 60 kvm hissəsi üzərində istifadə və sahiblik etməsinə qarşı yönəlmiş əmlaka daxil olmağa qoymamaqla müşaiət olunan qərəzli hərəkətlərinə son qoyulması, cavabdehin zəbt etdiyi həmin əmlakdan çıxarılması, o cümlədən, vurulmuş maddi zərərin əvəzi olan 3000 (üç min) manat və mənəvi ziyanın 5000 (beş min) manat pulun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun mülkiyyətində Zaqatala rayonu, Kebeloba kəndində 0,04 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. Qeyd olunan əmlak üzərində onun hüquqları 03 aprel 2013-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq RX seriyalı ******* nömrəli "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış"la rəsmiləşdirilmişdir. İş üzrə Cavabdeh onun mülkiyyətində olan Zaqatala rayonu, Kebeloba kəndində yerləşən 0,04 ha torpaq sahəsinin təqribən 60 kvm hissəsini zəbt edərək sonuncuların həmin əmlakdan istifadə və sahiblik etməsinə maneçilik törədir. Bununla yanaşı, iş üzrə Cavabdeh onun mülkiyyətində olan Zaqatala rayonu, Kebeloba kəndində 0,04 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində yerləşən 9 (doqquz) ədəd akasiya ağacını kəsmiş, daha sonra kök hissələrini yandırmış və bununla da iddiaçıya 3000 (üç min) manat maddi zərər də vurmuşdur. Qeyd olunan halın həmin ərazidə yaşayan şəxslər bir başa şahidi olmuşdurlar. İş üzrə Cavabdeh etmiş olduğu hərəkətlərə görə İddiaçı mənəvi iztirablar çəkmiş və nəticədə sonuncuya mənəvi ziyan da dəymişdir. O hesab edir ki, həmin ziyan 5000 (beş min) manatdır. O, Cavabdeh mülkiyyətində olan əmlakdan istifadə və sahiblik etmələrinə qarşı yönəlmiş qərəzli hərəkətlərinə (əmlaka daxil olmağa qoymamaq) son qoymasını, zəbt etdiyi əmlakdan çıxmasını və vurduğu ziyanın ödənilməsini tələb etməsinə baxmayaraq sonuncu bundan qərəzli olaraq imtina etmişdir. Bu səbəbdən məhkəməyə müraciət etməli olmuşdur. Tərəflərin izahatları 20 avqust 2025-ci il tarixdə keçirilən yeri baxış zamanı İddiaçı iddia tələbini müdafiə edərək bildirmişdir ki, onun mülkiyyətində olan Zaqatala rayonu, Kebeloba kəndində 0,04 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 60 kv.m torpaq sahəsi cavabdeh tərəfindən zəbt olunmuş və onun mülkiyyətində olan 0,4 ha torpaq sahəsində olan 9 ədəd akasiya ağacları cavabdeh tərəfindən kəsilmişdir. Hazırda iki ədəd akasiya ağacının kəsilmiş kötüyü görünsə də 9 ədəd akasiya ağacının kəsildiyini bildirmişdir. İddiaçı məhkəmə iclaslarının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq gəlməməsinin üzrlü olması barədə məhkəməyə heç bir sənəd təqdim etməmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh Rəsul oğlu məhkəmə iclasında iddianı qəbul etməyərək göstərmişdir ki, o, iddiaçının mülkiyyətində olan torpaq sahəsini zəbt etməmişdir. Əksinə ona məxsus 70-80 sm torpaq sahəsi iddiaçının istifadəsindədir. O, yalnız özünə məxsus torpaq sahəsində olan kol-kosu təmizləmişdir. Tərəflərindən heç bir ağac kəsilməmişdir. Əvvəlki sənədlərə əsasən iddiaçıya Ramazan Makarov tərəfindən satılmış torpaq sahəsinin 10 sotu onlar tərəfdə olmuşdur. O, həmin hissədə olan kol-kosu təmizləmişdir. Daha sonra həmin hissə iddiaçıya qaytarılmışdır. İddiaçıya məxsus torpaq sahəsində o, heç bir ağac kəsməmişdir. İddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. 20 avqust 2025-ci il tarixdə keçirilən yerli baxış zamanı şahid qismində ifadə vermiş X2 bildirmişdir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsində mühəndis vəzifəsində işləyir. Mübahisəli ərazidən görünür ki, iddiaçının mülkiyyətində olan 0,04 ha torpaq sahəsinin 10 kv.m hissəsi cavabdeh tərəfindən zəbt olunmuş və istifadə edilir. Tərəflərindən verilmiş mütəxəssis rəyi ilə də bu hal sübut olunur. İddiaşıya məxsus 0,04 ha torpaq sahəsində iki ədəd kəsilmiş ağac kötüyünün olmasını o da müşahidə edir, lakin ağacların kim tərəfindən kəsilməsi barədə onda heç bir məlumat yoxdur. 20 avqust 2025-ci il tarixdə keçirilən yerli baxış zamanı şahid qismində ifadə vermiş X6 bildirmişdir ki, o, iddiaçının qonşusudur. Cavabdeh tərəfindən akasiya ağaclarının kəsildiyini görmüşdür. Lakin kəsilən ağacların sayı yadında deyildir. Yazılı sübutlar Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş qeydiyyat nömrəsi ********** olan Çıxarışın surətindən görünür ki, Zaqatala rayonunun Kebeloba kəndində yerləşən 0,04 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 34 nömrəli reyestr kitabının 65 nömrəli vərəqində xx.xx.2013-cü il tarixdə qeydiyyata alınmışdır. Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş qeydiyyat nömrəsi ********** olan Çıxarışın surətindən görünür ki, Zaqatala rayonunun Kebeloba kəndində yerləşən 0,1138 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi tam mülkiyyət hüququ üzrə X1 adına daşınmaz əmlakın dövlət reyestrində 98 nömrəli reyestr kitabının 54 nömrəli vərəqində xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır. Azərbaycan respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən X5 ünvanlanmış 24 may 2021-ci il tarixli 483 saylı məktubdan görünür ki, arvadı İddiaçı xüsusi mülkiyyətində olan torpaq sahəsindən həqiqətən də 9 (doqquz) ədəd akasiya ağacları kəsilərək dib kökündən yandırılmışdır. Qeyd olunan ərazinin onlara məxsus olduğunu dəqiqləşdirmək məqsədi ilə Dövlət Kadastr Xidmətinə müraciət etməsinin bundan sonra həmin əməli törətmiş qonşusu barədə müvafiq tədbirlərin görülməsi məqsədi ilə aidiyyatı üzrə mülki qaydada məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinin 24 noyabr 2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş qeydiyyat nömrəsi ********** tarixi xx.xx.2013-cü il olan çıxarışa əsasən İddiaçı tam mülkiyyət hüququ üzrə mülkiyyətində olan Zaqatala rayonunun Kebeloba kəndində yerləşən 0.04 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 10 kv.m hissəsi Cavabdeh Rəsul oğlu tərəfindən istifadə edilir. Torpaq sahəsinin naturada istifadə vəziyyəti, ölçüləri, koordinatları tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 31 yanvar 2023-cü il tarixli 10/8069 saylı ekspert rəyindən görünür ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş qeydiyyat nömrəsi ********** tarixi xx.xx.2013-cü il olan çıxarışa əsasən İddiaçı tam mülkiyyət hüququ üzrə mülkiyyətində olan Zaqatala rayonunun Kebeloba kəndində yerləşən 0.04 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 10 kvm hissəsi Cavabdeh Rəsul oğlu tərəfindən istifadə edilir. Torpaq sahəsinin naturada istifadə vəziyyəti, ölçüləri, koordinatları tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. İşdə olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. İşdə olan 20 iyun 2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 100 (bir yüz) manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 23 sentyabr 2025-ci il tarixli məktubundan görünür ki, Zaqatala rayonunun Kebeloba kəndi ərazisində İddiaçı mülkiyyətindəki kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən 2 ədəd 24 və 28 sm dm-də akasiya cinsinə aid ağacların qanunsuz kəsilməsi nəticəsində təbiətə dəymiş ziyan 1 ədəd 24 sm diametr akasiya ağacına görə 200 manat, 1 ədəd 28 sm diametr akasiya ağacına görə 250 manat, cəmi 450 manat dəyərində ziyan dəymişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ–subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericilik normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq pozuntusuna görə məsuliyyət daşıyır. 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı Qərarının 10-cu bəndində izah edilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi 84-cü maddəsinin 1-ci hissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 84-cü maddəsinin 3-cü hissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 9.1-ci maddəsinə əsasən, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 97.2.-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər qarşılıqlı razılığa əsasən konkret səlahiyyətli şəxsin ekspert təyin edilməsini məhkəmədən xahiş edə bilərlər. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin mövqeyi: Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, mülki işin materiallarını araşdırıb, işin məhkəmə və yerli baxışı zamanı toplanmış sübutları qiymətləndirib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Müəyyən edilmiş mübahisəsiz hallar ondan ibarətdir ki, Zaqatala rayonunun Kebeloba kəndində yerləşən 0,04 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. İddiaçı tələbini xüsusi mülkiyyətində olan torpaq sahəsinin 60 kvm hissəsinin cavabdeh tərəfindən zəbt edilməsi, cavabdehin onun mülkiyyətində olan torpaq sahəsindən sahiblik və istifadəsinə maneələr yaratmaları ilə əsaslandırmışdır. Cavabdeh tərəf iddiaçıya məxsus torpaq sahəsini zəbt etməməsi və yalnız iddiaçıya satılmamışdan əvvəl onun istifadəsində olan torpaq sahəsinə yaxın 10 kvm torpaq sahəsindən istifadə etməsi və həmin hissədə olan kol-kosu təmizləməsi əsası ilə iddiaya etiraz etmişdir. Yanaşı yoxlanılmış xx.xx.2022-ci il tarixli mütəxəssis və xx.xx.2023-cü il tarixli 10/8069 saylı ekspert rəyi ilə iddiaçının mülkiyyətində olan 0,04 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 10 kv.m hissəsinin cavabdeh tərəfindən istifadə edildiyi müəyyən edilmişdir. Məhkəmə rəyləri vermiş mütəxəssis və ekspertin mühəndislik sahəsində xüsusi biliklərinin olmasını nəzərə alaraq, iddiaçının mülkiyyətində olan 0,04 ha torpaq sahəsinin 10 kv.m hissəsi cavabdehin istifadəsində olmasına dair mütəxəssis və ekspert rəyləri ilə müəyyən edilməsini işin hallarına uyğun sayır. Cavabdeh iddiaçıya məxsus olan torpaq sahəsinə qanuni və ya müqavilə əsası ilə sahiblənməsi barədə sübut təqdim etməmişdir. Məhkəmə cavabdeh tərəfin iddiaçıya məxsus olan torpaq sahəsinə qanuni və ya müqavilə əsası ilə sahiblənməsi barədə sübut təqdim etmədyini, əksinə cavabdehin həmin sahənin iddiaçıya məxsus olmaması əsası ilə iddiaya etiraz etməsini nəzərə alaraq, torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilməsini və bu sahənin onun qanunsuz sahibliyində olması barədə iddiaçının bildirdiklərini işin hallarına uyğun sayır. Məhkəmə hesab edir ki, iddiaçıya məxsus torpaq sahəsinin cavabdeh tərəfindən zəbt olunması, onun iddiaçının xüsusi mülkiyyətində olan torpaq sahəsindən sahiblik və istifadəsinə maneələr törətməsi tam təsdiq olunduğundan, torpaqların özbaşına tutulması qanunla qadağan olduğundan, torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalı olduğundan, iddiaçının torpaq sahəsini cavabdehin qanunsuz sahibliyindən geri tələb etmək, özünə məxsus olan torpaq sahəsindən sərbəst, maneəsiz istifadə və sahiblik etmək hüquqları olduğundan, cavabdeh iddiaçıya məxsus olan 0,04 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin zəbt etdiyi 10 kv.m hissəsindən çıxarılmalıdır. Bundan başqa məhkəmə hesab edir ki, iddiaçının cavabdehin mülkiyyətində olan torpaq sahəsinin zəbt edilmiş hissəsindən istifadə və sahiblik etməsinə qarşı yönəlmiş əmlaka daxil olmağa qoymamaqla müşaiət olunan qərəzli hərəkətlərinə son qoyulması barədə irəli sürdüyü tələbi təmin edilməməlidir. Belə ki, göründüyü kimi, cavabdeh tərəfindən iddiaçının mülkiyyətindən istifadəsinə maneçilik yaradıldığından və bu maneənin aradan qadırılması üçün cavabdeh zəbt etdiyi sahədən çıxarılmalıdır. Məhkəmə yuxarıda qeyd edilmiş əsaslarla cavabdehin zəbt edtdiyi mübahisəli torpaq sahəsindən çıxarılması nəticəsində gəlmiş və hesab edir ki, cavabdeh torpaq sahəsindən çıxarıldıqdan sonra artıq iddiaçının özünə məxsus torpaq sahəsindən istədiyi kimi istifadə etməsinə hər hansı maneə qalmır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçının özünə məxsus torpaq sahəsindən istədiyi kimi istifadə etməsinə hər hansı maneə qalmadığı üçün iddia tələbin zəbt olunmuş torpaq sahəsi üzərində istifadə sahiblik etməsinə qarşı yönəlmiş əmlaka daxil olmağa qoymamaqla müşayət olunan qərəzli hərəkətlərə son qoyulması hissədə də təmin edilməməldir. Məhkəmə iddia tələbinin vurulmuş maddi zərərin əvəzi olan 3000 (üç min) manat pulun Cavabdeh tutularaq iddiaçıya ödənilməsi hissəsinə münasibət bildirərək hesab edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməlidir. Belə ki, iş üzrə keçirilmiş yerli baxış eləcədə Ekologiya və Təbii Sərvətlər İdarəsindən alınmış 23 sentyabr 2025-ci il tarixli məktubdan müəyyən olunmuşdur ki, İddiaçı mülkiyyətindəki kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən 2 ədəd 24 və 28 sm dm-də akasiya cinsinə aid ağaclar kəsilmiş və təbiətə 1 ədəd 24 sm diametr akasiya ağacına görə 200 manat, 1 ədəd 28 sm diametr akasiya ağacına görə 250 manat, cəmi 450 manat dəyərində ziyan dəymişdir. Yerli baxışda ifadəsi alınmış şahidlər iş üzrə tərəflərin qonşuları olan X6 iddiaçıya məxsus torpaq sahəsində ağacların kəsilməsini, mütəxəssis qismində dindirilmiş X2 isə iddiaşının mülkiyyətində olan 0,04 ha torpaq sahəsindən iki ədəd kəsilmiş ağac kötüyünün olması faktını təsdiq etmişlər. Yerli baxış zamanı İddiaçı 9 ədəd akasiya ağacının kəsildiyini bildirsə də, mübahisəli ərazidə iki ədəd kəsilmiş akasıya ağacının kötüyünün olması müəyyən olunmuşdur. Məhkəmə hesab edir ki, cavabdehdən iki ədəd akasiya ağacının qanunsuz kəsilməsinə görə iddiaçıya vurulmuş 450 manat maddi ziyan tutularaq iddiaçıya ödənilməlidir. İddiaçı ona vurulmuş mənəvi ziyan kimi 5000 manat pulun Cavabdeh alınaraq ona verilməsini tələb etsə də, o, mənəvi iztirablara görə ona 5000 manat məbləğində zərər vurulması ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə bağlı dövlətə ödədiyi 100 manat məbləğində rüsumu tələb olunmadığından həmin xərc onun özünə aid edilməli, 50 manat ekspertiza xərci cavabdehdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2013-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydə alınmış Çıxarışa əsasən tam mülkiyyət hüququ üzrə İddiaçı məxsus Zaqatala rayonunun Kebeloba kəndində yerləşən 0,04 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin zəbt edilmiş 10 kv.m hissəsindən Cavabdeh çıxarılsın. Cavabdeh iki ədəd akasiya ağacının kəsilməsinə görə vurulmuş 450 (dörd yüz əlli) manat maddi ziyan tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ekspertiza xərcinə görə Cavabdeh 50 (əlli) manat alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X3, Kod: 210005 VÖEN ********** m/h AZ 41 NABZ******************** S.W.İ.F.T. Bik:CTREAZ 22) köçürülsün. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №e-2(033)-6/2025
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-6/2025
23.09.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver