Məhkəmə qərarları › İş №e-2(033)-62/2024

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-62/2024

24.01.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-62/2024 24.01.2024 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 və cavabdeh Zaqatala rayonu X4 sədri Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh Zaqatala rayonu X2rşı alqı-satqı müqaviləsinin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi İddia tələbinin dəlilləri İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı "X3" X9 Şəki Ərazi Torpaq Müsabiqə və Hərrac Komissiyası tərəfindən 06 iyul 2023-cü il tarixdə keçirilən torpaq müsabiqələrində qalib olmaqla alqı-satqı müqaviləsi bağlamaq hüququ əldə etdiyi, "X3" X10 tərəfindən verilmiş 06 iyul 2023-cü il tarixli, HTM seriyalı 003736 və 003737 nömrəli şəhadətnamələrdə qeyd olunan Zaqatala rayonu, X4 mülkiyyətində olan 2 ədəd 0,06 ha torpaq sahəsi ilə bağlı İddiaçı ilə aralarında alqı-satqı müqavilələrinin bağlanmasına Zaqatala rayonu, X4 məcbur edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddia ərzəsinə əlavə edilmiş “X3” X10 tərəfindən verilmiş 06 iyul 2023-cü il tarixli, HTM seriaylı 003736 və 003737 nömrəli şəhadətnamələrdən də göründüyü kimi iddiaçı Ağayev X5 rayonu ərazisində yerləşən Zaqatala rayonu, X4 mülkiyyətində olan 2 ədəd 0,06 ha torpaq sahəsinin mülkiyyətə verilməsi ilə bağlı “X3” X9 Şəki Ərazi Torpaq Müsabiqə və Hərrac Komissiyası tərəfindən 06 iyul 2023-cü il tarixdə keçirilən torpaq müsabiqələrində iştirak etmiş və hər iki torpaq sahəsi ilə bağlı keçirilmiş müsabiqənin qalibi olmuşdur. Belə ki, iddiaçı Ağayev X5 rayonu, X4 mülkiyyətində olan 2 ədəd 0,06 ha torpaq sahəsinin birinə 3561,0 manat, digərinə isə 3662,0 manat təklif verməklə həmin torpaq sahələrinin alqı-satqısı ilə bağlı müqavilə bağlamaq hüququnu əldə etmişdir. Bundan sonra iddiaçı Ağayev X5 rayonu, X4 sədrinə və üzvlərinə qeyd olunan torpaq sahələri ilə bağlı alqı-satqı müqavilələrinin bağlanması məqsədi ilə dəfələrlə yazılı və şifahi müraciətlər etməsinə baxmayaraq onlar qərəzli olaraq həmin müqavilələrin bağlanmasından imtina etmişlər. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə baxış iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 oğlu iddia ərizəsini müdafiə edərək göstərdi ki, 06 iyul 2023-cü il tarixli şəhadətnamələrdən də göründüyü kimi iddiaçı Ağayev X5 rayonu ərazisində yerləşən Zaqatala rayonu, X4 mülkiyyətində olan 2 ədəd 0,06 ha torpaq sahəsinin mülkiyyətə verilməsi ilə bağlı “X3” X9 Şəki Ərazi Torpaq Müsabiqə və Hərrac Komissiyası tərəfindən 06 iyul 2023-cü il tarixdə keçirilən torpaq müsabiqələrində iştirak etmiş və hər iki torpaq sahəsi ilə bağlı keçirilmiş müsabiqənin qalibi olmuşdur. İddiaçı Ağayev X5 rayonu, X4 mülkiyyətində olan 2 ədəd 0,06 ha torpaq sahəsinin birinə 3561,0 manat, digərinə isə 3662,0 manat təklif verməklə həmin torpaq sahələrinin alqı-satısı ilə bağlı müqavilə bağlamaq hüququnu əldə etmişdir. Bundan sonra iddiaçı Ağayev X5 rayonu, X4 sədrinə və üzvlərinə qeyd olunan torpaq sahələri ilə bağlı alqı-satqı müqavilələrinin bağlanması məqsədi ilə dəfələrlə yazılı və şifahi müraciətlər etməsinə baxmayaraq onlar qərəzli olaraq həmin müqavilələrin bağlanmasından imtina etmişlər. Faktiki olaraq hüquqlarını müdafiə etdiyi şəxs İddiaçı bu barədə başqa dövlət qurumlarına da müraciət etmişdir. Hazırki işdə bələdiyyə sədri məqsədinə nail olmuşdur. Odur ki, 06 iyul 2023-cü il tarixli şəhadətnamələrdə qeyd olunan Zaqatala rayonu, X4 mülkiyyətində olan 2 ədəd 0,06 ha torpaq sahəsi ilə bağlı İddiaçı ilə aralarında alqı-satqı müqavilələrinin bağlanmasına Zaqatala rayonu, X4 məcbur edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə baxışı iclasında iştirak edən cavabdeh Zaqatala rayonu X4 sədri Nümayəndə2 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, - iddiaçı sözügedən sənədləri onlara təqdim etməmişdir. Sənədlər onlara təqdim edilməliydi, müzakirə olunmalıydı, sonra vəsait ödənərək alqı-satqı müqaviləsi bağlanmalıydı. Bu vətəndaş uzaqdan-uzağa hərəkət edir. Bunun səbəbini başa düşmür. O verilən sualları cavablandıraraq bildirmişdir ki iddiaçı onlara müraciət etmişdir, lakin sənədləri təqdim etməmişdir. Müqavilə bağlamaq üçün vətəndaş özü gəlməlidir. Onun adına hesab açılmalıdır. Vətəndaşın müraciəti gec gəlmişdir. Müraciətə baxıb vətəndaşı çağırmağa imkan tapmamışlar. Eyni zamanda, hərraca çıxarılan torpaq sahələrini başqa şəxsə satılması nəzərdə tutulmuş, həmin şəxs də hərracda iştirak etmişdir. Lakin, İddiaçı daha yüksək məbləğ təklif etdiyindən hərracın qalibi olmuşdur. Mübahisələndirilən torpaq sahəsinin başqa şəxsə satılması nəzərdə tutulduğundan o, müqavilə bağlamaqdan imtina etmişdir. Hazırda həmin torpaq sahələri boşdur, hər hansı şəxs tərəfindən istifadə edilmir. İşin halları “X3” X9 Şəki ərazi Torpaq müsabiqə və hərrac komissiyasının torpaq müsabiqəsinin keçirilməsi məqsədi ilə ona hazırlıq barədə 06 iyul 2023-cü il tarixli iclasının 199 nömrəli protokolundan görünür ki, Komissiya tərəfindən Zaqatala rayonu ərazisində yerləşən X4 mülkiyyətində olan 600,0 kv.metr və ya 0,06 ha torpaq sahəsinin mülkiyyətə verilməsi məqsədi ilə 06 iyul 2023-cü il tarixdə keçiriləcək torpaq müsabiqəsində iştirak edəcək 2 şəxsin siyahısı təsdiq olunmuş, müsabiqədə iştirak edən ərizəçilərin möhürlü zərfləri açılmamış olduğu yoxlanılmaqla, bütün müsabiqə iştirakçılarının və ya onların etibarnamələrlə vəkil etdikləri şəxslərin nümayəndələrinin iştirakı ilə komissiyanın iclasında açılmış, müsabiqədə 3561 (üç min beş yüz altmış bir) manat ən yüksək təklif vermiş İddiaçı eyni zamanda bildirişdə və müsabiqənin gedişində müsabiqə komissiyasının qanunamüvafiq şərtlərinin yerinə yetirilməsini öhdəsinə götürdüyünə görə müsabiqənin qalibi hesab olunmuşdur. “X3” publik hüquqi şəxs tərəfindən verilmiş HTM seriyalı 003737 nömrəli şəhadətnamədən görünür ki, İddiaçı X4 mülkiyyətində olan 0,06 ha torpaq sahəsininin mülkiyyətə verilməsi ilə bağlı “X3” X9 Şəki ərazi Torpaq müsabiqə və hərrac komissiyası tərəfindən 06 iyul 2023-cü il tarixdə keçirilmiş torpaq müsabiqəsinin qalibidir və torpaq sahəsi müsabiqədə 3561 manata mülkiyyətə verilmişdir. “X3” X9 Şəki ərazi Torpaq müsabiqə və hərrac komissiyasının torpaq müsabiqəsinin keçirilməsi məqsədi ilə ona hazırlıq barədə 06 iyul 2023-cü il tarixli iclasının 198 nömrəli protokolundan görünür ki, Komissiya tərəfindən Zaqatala rayonu ərazisində yerləşən X4 mülkiyyətində olan 600,0 kv.metr və ya 0,06 ha torpaq sahəsinin mülkiyyətə verilməsi məqsədi ilə 06 iyul 2023-cü il tarixdə keçiriləcək torpaq müsabiqəsində iştirak edəcək 4 şəxsin siyahısı təsdiq olunmuş, müsabiqədə iştirak edən ərizəçilərin möhürlü zərfləri açılmamış olduğu yoxlanılmaqla, bütün müsabiqə iştirakçılarının və ya onların etibarnamələrlə vəkil etdikləri şəxslərin nümayəndələrinin iştirakı ilə komissiyanın iclasında açılmış, müsabiqədə 3662 (üç min altı yüz altmış iki) manat ən yüksək təklif vermiş İddiaçı eyni zamanda bildirişdə və müsabiqənin gedişində müsabiqə komissiyasının qanunamüvafiq şərtlərinin yerinə yetirilməsini öhdəsinə götürdüyünə görə müsabiqənin qalibi hesab olunmuşdur. “X3” publik hüquqi şəxs tərəfindən verilmiş HTM seriyalı 003736 nömrəli şəhadətnamədən görünür ki, İddiaçı X4 mülkiyyətində olan 0,06 ha torpaq sahəsininin mülkiyyətə verilməsi ilə bağlı “X3” X9 Şəki ərazi Torpaq müsabiqə və hərrac komissiyası tərəfindən 06 iyul 2023-cü il tarixdə keçirilmiş torpaq müsabiqəsinin qalibidir və torpaq sahəsi müsabiqədə 3662 manata mülkiyyətə verilmişdir. İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Aparatı tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş mərkəzinə ünvanlanmış 7 avqust 2023-cü il tarixli məktubdan görünür ki, İddiaçı Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinə (Ombudsmana) ünvanladığı ərizədə xx.xx.2023-cü il tarixində 0,06 ha həyətyanı torpaq sahəsi ilə bağlı “X3" PHŞ tərəfindən keçirilmiş müsabiqənin qalibi olduğunu, lakin Yuxarı Tala kənd bələdiyyəsinin hazıradək müqavilə bağlamadığını, habelə sözügedən torpaq sahəsini ona satmayacağını bildirdiyini, vəzifəsindən sui-istifədə etdiyini qeyd edərək hüquqlarının müdafiəsində köməklik göstərilməsini xahiş etmişdir. xx.xx.2023-cü il tarixli ********* nömrəli məxaric qəbzindən görünür ki, İddiaçı tərəfindən tranzaksiya nömrəsi SX001184274AZ nömrəli göndəriş Ombudsmana göndərilmişdir. xx.xx.2023-cü il tarixli ********* nömrəli məxaric qəbzindən görünür ki, İddiaçı tərəfindən tranzaksiya nömrəsi SX001189617AZ nömrəli göndəriş Zaqatala rayonu X6 göndərilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsi 6.1.5-ci maddəsinə əsasən müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər 390.3-cü maddəsinə əsasən müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. 414.1-ci maddəsinə əsasən əgər müqavilənin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, o, hərrac keçirilməsi yolu ilə bağlana bilər. Müqavilə hərracı udan şəxslə bağlanır. 414.3-cü maddəsinə əsasən bu Məcəllədə göstərilən hallarda əmlakın və ya əmlak hüququnun satışı barədə müqavilələr yalnız hərrac keçirilməsi yolu ilə bağlana bilər. 414.4-cü maddəsinə əsasən hərrac auksion və ya müsabiqə formasında keçirilir. Ən yüksək qiymət təklif etmiş şəxs auksionda hərracı udmuş sayılır, hərracın təşkilatçısının qabaqcadan təyin etdiyi müsabiqə komissiyasının rəyinə əsasən ən yaxşı şərtlər təklif etmiş şəxs isə müsabiqə üzrə hərracı udmuş sayılır. 415.5-ci maddəsinə əsasən hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Hərracı udmuş şəxs protokolu imzalamaqdan boyun qaçırarsa, verdiyi behi itirir. Protokolu imzalamaqdan boyun qaçıran hərrac təşkilatçısı hərracı udan şəxsə behi ikiqat məbləğdə qaytarmalı, habelə hərracda iştirak etmək nəticəsində dəyən zərərin əvəzini ödəməlidir. 415.6-cı maddəsinə əsasən əgər hərracın predmeti yalnız müqavilə bağlamaq hüququ olmuşsa, belə müqaviləni tərəflər hərrac qurtardıqdan və protokol rəsmiləşdirildikdən sonra iyirmi gündən və ya bildirişdə göstərilən başqa müddətdən gec olmayaraq imzalamalıdırlar. 415.7-ci maddəsinə əsasən onlardan biri müqavilə bağlamaqdan boyun qaçırdıqda, digər tərəf müqaviləni bağlamağa məcbur etmək, habelə onu bağlamaqdan boyun qaçırılması nəticəsində vurulan zərərin əvəzini ödəmək tələbi ilə məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi 48-ci maddəsinin 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər. 49-cu maddəsinin 2-ci hissəsinə əsasən torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. 84-cü maddəsinin 1-ci hissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 86.5-ci maddəsinə əsasən torpaq sahələri üzərində mülkiyyət, istifadə və icarə hüquqları mülkiyyətçilərin və ya onların vəkil etdiyi şəxslərin, yaxud orqanların qərarı (razılığı) ilə bilavasitə, torpaq hərracları və ya müsabiqələri vasitəsilə alınıb satıla bilər. 96.5-ci maddəsinə əsasən bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq sahələrinin (ipoteka predmeti olan torpaq sahələri istisna olmaqla) hərrac və müsabiqə vasitəsilə satışında ilkin qiymət (müsabiqədə isə qiymət) bazar məzənnəsini nəzərə almaqla, mülkiyyətçi ilə satışın təşkilatçıları arasında razılaşma əsasında torpağın normativ qiymətindən az olmamaq şərti ilə müəyyən edilir. Azərbaycan Respublikasının “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanunu 6.1-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. 6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. 9.1-ci maddəsinə əsasən bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunan hallarda və qaydada istismarına icazə verilməsi üçün aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş tikinti obyektinin yerləşdiyi torpaq sahəsinin fiziki və hüquqi şəxslərin mülkiyyətinə satılması və ya icarəsinə verilməsi halları, “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bərpa olunan enerji mənbələri ərazisinin əhatə etdiyi torpaq sahəsinin dövlət mülkiyyətinə və ya icarəsinə, elektrik enerjisi istehsalçısının icarəsinə verilməsi halları istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Azərbaycan Respublikasının “Torpaq bazarı haqqında” qanunu 8-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaq üzərində mülkiyyət, istifadə və icarə hüquqları mülkiyyətçilərin və ya onların vəkil etdiyi orqanların qərarı (şəxslərin razılığı) ilə bilavasitə, torpaq hərracları və müsabiqələri vasitəsi ilə alınıb satıla bilər. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi ilə müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi, “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bərpa olunan enerji mənbələri ərazisinin əhatə etdiyi torpaq sahəsinin dövlət mülkiyyətinə və ya icarəsinə, elektrik enerjisi istehsalçısının icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli, 972 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinin və hərraclarının keçirilməsi Qaydaları” 4-cü bəndinə əsasən müsabiqə və hərracların təşkilatçısı - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Hərracların Təşkili Mərkəzidir. Təşkilatçı hərrac və ya müsabiqədə iştirak etmək üçün torpaq müsabiqəsi və ya hərracın keçiriləcəyi vaxtı müəyyən edir. 14-cü bəndinə əsasən hərraca çıxarılan torpaq sahəsinə dair mülkiyyət və ya icarə hüquqlarına (bundan sonra - hərrac predmetinə) daha çox alqı-satqı qiyməti və ya icarə haqqı (bundan sonra - qiymət) verən fiziki və ya hüquqi şəxs hərracın qalibi hesab olunur. 18-ci bəndinə əsasən dövlət və bələdiyyə mülkiyyətində saxlanılan torpaqlar müsabiqə və ya hərrac vasitəsilə mülkiyyət və ya icarəyə verildikdə müsabiqə və ya hərracın qalibinə müsabiqə və ya hərrac komissiyası tərəfindən müvafiq şəhadətnamə verilir. Bu şəhadətnamə əsasında hərrac və ya müsabiqədə qalib gəlmiş hüquqi və ya fiziki şəxslə bələdiyyə torpaqlarına münasibətdə müvafiq bələdiyyə, dövlət torpaqlarına münasibətdə isə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti arasında 20 gündən gec olmayaraq mülki və torpaq qanunvericiliyinə uyğun olaraq müvafiq müqavilə bağlanır. Hərracın və ya müsabiqənin keçirilməsi ilə bağlı bütün mübahisələr məhkəmə qaydasında həll edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tədbiqi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarı Azərbaycan Respublikası “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. Məhkəmənin mövqeyi Məhkəmə, məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, məhkəmə iclası zamanı tərəflərin izahatı, işdə olan sənədlərin bilavasitə tədqiqi nəticəsində aydın oldu ki, Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən 0,06 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı 2 torpaq sahəsi Zaqatala rayonu X4 mülkiyyətindədir. Cavabdeh Zaqatala rayonu X8 mülkiyyətində olan həmin torpaq sahələrinin satışının təşkil edilməsi məqsədi ilə “X3” X10n Şəki ərazi Torpaq müsabiqə və hərrac komissiyasına müraciət etmişdir. 06 iyul 2023-cü il tarixdə Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən 0,06 ha 2 torpaq sahəsinin mülkiyyətə verilməsi ilə bağlı müsabiqə təşkil edilərək keçirilmiş və hər iki müsabiqələrin qalibi ən yüksək təklif vermiş İddiaçı olmuşdur. Müsabiqələrin yekununa dair 198 və 199 nömrəli protokollar tərtib edilmiş və komissiya üzvləri və müsabiqələrin qalibi olan iddiaçı tərəfindən imzalanmışdır. Müsabiqələrinin yekununa dair HTM 003737 və HTM 003736 nömrəli Şəhadətnamələr İddiaçı təqdim edilmişdir. xx.xx.2023-cü il tarixdə İddiaçı İnsan Hüquqları üzrə Müvəkkilinə müraciət edərək cavabdehin onunla müqavilə bağlamadığını bildirmiş və ona köməklik göstərilməsini xahiş etmişdir. Eyni tarixdə iddiaçı cavabdeh X6 də müraciət etmişdir. Lakin qanunvericiliklə müəyyən edilmiş 20 gün müddətində müsabiqənin qalibi olan iddiaçı və torpaq sahələrinin mülkiyyətçisi olan cavabdeh arasında müqavilə bağlanmamışdır. İddiaçı iddia ərizəsi ilə müraciət edərək müqavilənin cavabdehin hərəkətsizliyi nəticəsində bağlanmadığını əsas gətirərək Zaqatala rayonu X4 mülkiyyətində olan 2 ədəd 0,06 ha torpaq sahəsinin 06 iyul 2023-cü il tarixdə keçirilmiş torpaq müsabiqələrinin qalibi kimi onunla alqı-satqı müqaviləsinin bağlanması üçün cavabdehin məcbur edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh X4 sədri Nümayəndə2 iddiaçının müraciət etdiyini, lakin özünün Bələdiyyəyə gəlmədiyini, müqavilə bağlamaq üçün iddiaçının şəxsən Bələdiyyəyə gəlməli olduğunu, iddiaçı tərəfindən bu formada müraciət olmadığından onunla alqı-satqı müqavilələrinin bağlanmadığını bildirmişdir. Eyni zamanda, hərraca çıxarılan torpaq sahələrinin başqa şəxsə satılması nəzərdə tutulmuş, həmin şəxs də hərracda iştirak etmişdir. Lakin, İddiaçı daha yüksək məbləğ təklif etdiyindən hərracın qalibi olmuşdur. Mübahisələndirilən torpaq sahəsinin başqa şəxsə satılması nəzərdə tutulduğundan o, müqavilə bağlamaqdan imtina etmişdir. Hazırda həmin torpaq sahələri boşdur, hər hansı şəxs tərəfindən istifadə edilmir. Məhkəmə ilk öncə onu qeyd edir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. İrəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə iddia tələbinin əsasını müəyyən edərkən qeyd etməyi zəruri hesab edir ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən həmin qanunda birbaşa göstərilmiş hallar istisna olmaqla digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. “Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə verilməsi ilə bağlı torpaq müsabiqələrinin və hərraclarının keçirilməsi Qaydaları” na əsasən müsabiqənin və hərracların təşkilatçısı-Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Hərracların Təşkili Mərkəzidir. Qaydalara əsasən Hərracların Təşkili üzrə Auksion Mərkəzi sifariş əsasında alqısatqı və icarə obyekti olan əmlakın hərrac və ya müsabiqə prosesini təşkil edir, müsabiqə və ya hərracı keçirir, müsabiqə və ya hərracın qalibinə müsabiqə və ya hərrac komissiyası tərəfindən müvafiq şəhadətnamə verir. Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən verilmiş şəhadətnamə əsasında hərrac və ya müsabiqədə qalib gəlmiş hüquqi və ya fiziki şəxslə bələdiyyə torpaqlarına münasibətdə müvafiq bələdiyyə arasında 20 gündən gec olmayaraq mülki və torpaq qanunvericiliyinə uyğun olaraq müvafiq müqavilə bağlanır. Mülki qanunvericiliyə əsasən hərracın nəticələri haqqında protokol müqavilə qüvvəsinə malik olduğu halda “Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinin və hərraclarının keçirilməsi” Qaydalarına əsasən Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən keçirilən müsabiqə və hərraclar hərracın qalibinin elan olunması ilə nəticələnir və bu, müəyyən olunmuş müddət ərzində torpaq mülkiyyətçisi olan bələdiyyə ilə hərracın (müsabiqənin) qalibi arasında mülki və torpaq qanunvericiliyinə uyğun olaraq müvafiq müqavilə bağlanması üçün əsas kimi çıxış edir, yəni müsabiqə və hərrac nəticəsində qalib müqavilə bağlamaq hüququ əldə edir. Mülki qanunvericiliklə də belə müqaviləni tərəflər hərrac qurtardıqdan və ya protokol rəsmiləşdirildikdən sonra iyirmi gündən və ya bildirişdə göstərilən başqa müddətdən gec olmayaraq imzalanmalı olması ilə bağlı müddəa yer alır və müqavilə tərəflərinin müqavilə bağlamaqdan boyun qaçırması halında digər tərəfin müqaviləni bağlamağa məcbur etmək və onu bağlamaqdan boyun qaçırılması nəticəsində vurulan zərərin əvəzini ödəmək tələbi ilə məhkəməyə müraciət etmək hüququ yaranır. Göründüyü kimi, iddianın əsası mülki qanunvericilikdə və sahə qanunvericiliyində nəzərdə tutulmuşdur. Qanunvericiliyin həmin şərtlərini hazırki iddiaya tətbiq edərək məhkəmə qeyd edir ki, müqavilələri bağlamalı olan tərəflərdən biri cavabdeh Zaqatala Rayon X4 Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Hərracların Təşkili Mərkəzi Şəki ərazi Torpaq müsabiqə və hərrac komissiyası tərəfindən 06 iyul 2023-cü il tarixdə keçirilmiş Zaqatala rayonu X4 mülkiyyətində olan 0,06 ha 2 torpaq sahəsinin mülkiyyətə verilməsi ilə bağlı müsabiqənin qalibi olan və alqı-satqı müqaviləsi bağlamaq hüququ əldə edən müqavilənin digər tərəfi olan İddiaçı ilə müqavilə bağlamaqdan yayınması müəyyən olunduğundan və qanunvericilikdə belə hallarda müqaviləni bağlamağa məcbur etmə nəzərdə tutulduğundan İddiaçı müqavilə bağlamaq üçün cavabdehin məcbur edilməsi ilə bağlı tələbi qanuni və əsaslıdır. Məhkəmə cavabdeh Zaqatala rayon X4 sədri Nümayəndə2 iddiaçının onlara müraciət etdiyi, lakin sənədləri təqdim etmədiyi, müqavilə bağlaması üçün vətəndaşın özünün gəlməli olduğu, onun adına hesabın açılmalı olduğu, vətəndaşın müraciətinin gec gəlməsi və buna görə müraciətə baxıb vətəndaşı çağırmağa imkan tapmadığı ilə bağlı fikrinə münasibətdə qeyd edir ki, vətəndaşların dövlət və bələdiyyə orqanlarına şəxsən və ya nümayəndə vasitəsilə yazılı və ya şifahi formada müraciət etmək hüququ vardır. İddiaçı ona verilmiş dispozitiv imkandan istifadə edərək müqavilələrin bağlanması üçün müəyyən edilmiş 20 gün ərzində yazılı formada cavabdeh X6 müraciət etməsi bələdiyyə sədrinin verdiyi izahatda və məhkəmə tərəfindən tədqiq edilmiş sübutlarda öz əksini tapır. Lakin cavabdeh Zaqatala rayonu X8 tərəfindən iddiaçı tərəfindən edilmiş müraciətin cavablandırılmasına və müqavilənin bağlanması üçün ondan sənədlərin tələb edilməsinə dair hər hansı sübut təqdim edilməmişdir. Əksinə bələdiyyə sədri bildirmişdir ki, hərraca çıxarılan torpaq sahələrinin başqa şəxsə satılması nəzərdə tutulmuş, həmin şəxs də hərracda iştirak etmişdir. Lakin, İddiaçı daha yüksək məbləğ təklif etdiyindən hərracın qalibi olmuşdur. Mübahisələndirilən torpaq sahəsinin başqa şəxsə satılması nəzərdə tutulduğundan o, müqavilə bağlamaqdan imtina etmişdir. Bu hallar isə iddia tələbinin rədd edilməsi üçün əsas deyil. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək, İddiaçı "X3" X9 Şəki Ərazi Torpaq Müsabiqə və Hərrac Komissiyası tərəfindən 06 iyul 2023-cü il tarixdə keçirilən torpaq müsabiqələrində qalib olmaqla alqı-satqı müqaviləsi bağlamaq hüququ əldə etdiyi, "X3" X10 tərəfindən verilmiş 06 iyul 2023-cü il tarixli, HTM seriyalı 003736 və 003737 nömrəli şəhadətnamələrdə qeyd olunan Zaqatala rayonu, X4 mülkiyyətində olan 2 ədəd 0,06 ha torpaq sahəsi ilə bağlı İddiaçı ilə aralarında alqı-satqı müqavilələrinin bağlanmasına Zaqatala rayonu, X8 məcbur edilməli və həmin müqavilələrin bağlanması öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. İddiaçı tərəfindən tələb edilmədiyindən 100 manat dövlət rüsumu onun özünə aid edilməldir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233.1, 234 və 357-362-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə Qət etdi İddia təmin edilsin. Cavabdeh Zaqatala rayonu X8 Zaqatala rayonu, X4 mülkiyyətində olan 0,06 ha torpaq sahəsi ilə bağlı "X3" X9 Şəki Ərazi Torpaq Müsabiqə və Hərrac Komissiyası tərəfindən 06 iyul 2023-cü il tarixdə keçirilən torpaq müsabiqələrində qalib olmaqla alqısatqı müqaviləsi bağlamaq hüququ əldə etmiş və buna dair "X3" X10 tərəfindən verilmiş 06 iyul 2023-cü il tarixli HTM seriyalı 003736 nömrəli şəhadətnamə verilmiş İddiaçı ilə alqısatqı müqaviləsinin bağlanmasına məcbur edilsin və cavabdeh Zaqatala rayonu X4 üzərinə alqı-satqı müqaviləsinin bağlanması öhdəliyi qoyulsun. Cavabdeh Zaqatala rayonu X8 Zaqatala rayonu, X4 mülkiyyətində olan 0,06 ha torpaq sahəsi ilə bağlı "X3" X9 Şəki Ərazi Torpaq Müsabiqə və Hərrac Komissiyası tərəfindən 06 iyul 2023-cü il tarixdə keçirilən torpaq müsabiqələrində qalib olmaqla alqısatqı müqaviləsi bağlamaq hüququ əldə etmiş və buna dair "X3" X10 tərəfindən verilmiş 06 iyul 2023-cü il tarixli HTM seriyalı 003737 nömrəli şəhadətnamə verilmiş İddiaçı ilə alqısatqı müqaviləsinin bağlanmasına məcbur edilsin və cavabdeh Zaqatala rayonu X4 üzərinə alqı-satqı müqaviləsinin bağlanması öhdəliyi qoyulsun. 100 (bir yüz) manat dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar