Məhkəmə qərarları › İş №e-2(033)-698/2023

Zaqatala Rayon Məhkəməsi Qərardad — İş №e-2(033)-698/2023

09.08.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Zaqatala rayonu İş № e-2(033)-698/2023 09.08.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, məhkəmə iclasının katibi X5 katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs 3 saylı Şəki-Zaqatala Regional filialına qarşı ahıllara qulluq etmə faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onun 2002-ci il tarixdən 2011-ci il tarixinədək ahıl olan 1926-cı il təvəllüdlü qaynatası X14 və 1932-ci il təvəllüdlü qaynanası X4 qulluq etmə faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx xxxxxxxx 1957-ci il tarixdə Zaqatala rayonu Cimcimax kəndində doğulmuşdur. 1975-1982, 1984-1987 və 1989-1996-cı illərdə keçmiş Zaqatala rayon Gözbarax kənd “Dan ulduzu” adına kolxozunda kolxozçu işləməklə həmin kolxozun üzvü olmuşdur. Lakin ona kolxoz tərəfindən əmək kitabçası verilməmişdir. Hazırda onun pensiya yaşı çatdığı üçün yaşa görə əmək pensiyası almaqdan ötrü Azərbaycan Respublikası DSMF-nın X3 müraciət etmişdir. Lakin ona bildirdilər ki, 25 illik sığorta stajı tamam olmadığına görə ona əmək pensiyası verilməsi qanuna uyğun deyildir. Bundan sonra o, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydalarının 4.1 və 4.1.8-ci bəndlərinə əsasən Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajının ahıllara qulluqetmə müddəti üzrə müəyyən edildiyini bildirmiş və 2002-ci il tarixdən yaşı yetmişə çatmış ahıl olan qayınanası və qayınatasına qulluq etdiyi müddətlərin sığorta stajına daxil edilməsini xahiş etmişdir. Lakin bildirdilər ki, bununla bağlı məhkəmə qərarı olmalıdır. Bildirir ki, 1984-cü ilin noyabr ayının 22-də Zaqatala rayonu Gözbarax kənd sovetliyində rəsmi qaydada nikahını qeyd etdirməklə X9 ərə köçmüşdür. Ərə köçdüyü gündən əri ilə birlikdə 1926-cı il təvəllüdlü qayınatası X17 və 1932-ci il təvəllüdlü X1 ilə birgə yaşamışdır. 2002-ci il tarixdə X1nın 70 yaşı tamam olmuşdur. Həmin tarixdən sonra 1926-cı il təvəllüdlü qayınatası X14 və 1932-ci il təvəllüdlü X1na onların vəfat etdiyi günədək qulluq etmişdir. X1 xx.xx.2008-ci il tarixdə, qayınatası X17 isə xx.xx.2011-ci il tarixdə vəfat etmişdir. Buna görə də, 2002-ci il tarixdən 2011-ci il tarixinədək ahıl olan 1926-cı il təvəllüdlü qayınatası X17 və 1932-ci il təvəllüdlü X1na qulluq etmə faktının müəyyən edilməsi ilə əlaqədar məhkəməyə müraciət etməli olmuşdur. Bununla bağlı bildirir ki, onun 2002-ci il tarixdən 2011-ci il tarixinədək ahıl olan 1926-cı il təvəllüdlü qayınatası X17 və 1932-ci il təvəllüdlü X1na qulluq etməyini həyat yoldaşı X15 (ş/v: AZE № ********), qızları X10 (ş/v: AZE № ********), X12 (ş/v: AZE № ********) və qonşusu X18 (ş/v: AZE № ********) təsdiq edə bilərlər. Məhkəmə baxışı iclasında iştirak edən Ərizəçi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair ərizəsinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, Ərizəçi məhkəməyə müraciət edərək, 1926-cı il təvəllüdlü qayınatası- X14 (2002-2011-ci illərdə) və 1932-ci il təvəllüdlü qaynanası- X6 (2002-2008-ci illərdə) qulluqetmə faktının müəyyən edilməsini xahiş etmişdir. MPM-nin 308-ci maddəsində hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər qeyd edilmişdir. Həmin şərtlər kimi məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 21.2-ci maddəsinə əsasən, sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti; yaradıcılıq ittifaqlarının və peşəkar birliklərin üzvlərinin yaradıcılıq fəaliyyətinə başladıqdan sonrakı dövr, 1991-ci il yanvarın 1-dən isə müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödədikləri müddət; müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti; müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq edilməsi müddəti; işsizlikdən sığorta ödənişinin verildiyi müddət, yaxud işsizin peşə hazırlığı keçdiyi müddət; istehsalatda bədbəxt hadisələr və ya peşə xəstəliyi nəticəsində işləməyən orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərin yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yaş həddinə çatanadək pensiyada olduqları müddət; zabit heyəti, gizir, miçman və müddətindən artıq qulluqda olan hərbi qulluqçuların arvadlarının öz ixtisası üzrə işə düzəlmək imkanı olmadığı yerlərdə ərləri ilə yaşadıqları müddət; şəxsin qanunsuz tutulma, həbsdə olma və cəzaçəkmə müddətləri, eləcə də qeyri-qanuni olaraq işdən (vəzifədən) kənarlaşdırılması ilə əlaqədar işləmədiyi müddət; əmək qabiliyyətinin müvəqqəti itirilməsi müddəti ərzində həm işəgötürənin vəsaiti, həm də məcburi dövlət sosial sığortası vəsaitləri hesabına müavinət alındığı müddət; mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq sahəsi olan şəxslərin həmin torpaq sahəsinə görə qanunvericiliklə müəyyən olunmuş qaydada məcburi dövlət sosial sığorta haqları ödədiyi müddət; hərbi xidmət müddəti (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın (bundan sonra Qaydalar) 3-cü hissəsində sosial sığorta stajının hesablanması proseduru öz əksini tapmışdır. Qaydaların 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir; İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxslərə qulluq edilməsi müddətini təsdiq edən akt (10 nömrəli Əlavə); Qaydaların 3.9-cu bəndinə əsasən İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxsə qulluq edilməsi müddəti sığortaolunanın sığorta stajına şəhər (rayon) icra hakimiyyəti orqanlarının, yaxud Şöbənin və ya İdarənin nümayəndələrindən ibarət komissiya tərəfindən, xidmət edilən şəxsin, onun qonşularının ifadələrinə və digər məlumatlara əsasən xidmətin faktiki olaraq həyata keçirilməsi barədə tərtib olunan akt əsasında daxil edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1-ci bəndinə görə “Ahıllara qulluqetmə müddəti” əmək pensiyasının təyin edilməsi zamanı: 1.patronajın təyin edilməsi barədə qərara əsasən; 2.qulluq etməyə dair qulluqolunanm və qulluqedənin notariat fəaliyyətini həyata keçirən subyektlərin təsdiq etdiyi ərizələrinə əsasən nəzərə alınır. Ərizəçi 1926-cı il təvəllüdlü qayınatası-X14 (2002-2011- ci illərdə) və 1932-ci il təvəllüdlü qayınanası- X11ma (2002- 2008-ci illərdə) qulluq etdiyini qeyd etsə də, bu qulluq dövrünü təsdiq edən akt, qərar və ərizə mövcud deyildir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarına əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Məhkəmə mülki iş materiallarını araşdıraraq hesab edir ki, Ərizəçi Maraqlı şəxs 3 saylı Şəki-Zaqatala Regional filialına qarşı ahıllara qulluq etmə faktının müəyyən edilməsi tələbinə dair ərizəyə baxıldıqda hüquq haqqında mübahisə yarandığı aşkar edildiyinə görə ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, məhkəmə tərəfindən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinin hüquqi əsasını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsi təşkil edir. Həmin maddəyə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları da təsdiq edə bilər. Göründüyü kimi, xüsusi icraat qaydasında işə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisə olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 306.4-cü maddəsinə əsasən xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarında göstərilmişdir ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Hüquq haqqında mübahisə dedikdə, digər şəxsin (şəxslərin) eyni predmetə hüquqlarının olması, maddi hüquq münasibətlərinin iştirakçıları arasında iddia edilən hüquqların yalnız ona məxsus olması və ya həmin hüquqların həcmi və sair barədə yaranan fikir ayrılığı başa düşülür. Hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim MPM-in 259.0.10-cu maddəsinə və 306.4-cü maddəsinə görə hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarmalı, ərizəçi və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah etməlidir. Həmin Məcəllənin 259.0.10-cu maddəsinə əsasən hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barəsindəki ərizələrə baxıldıqda hüquq haqqında mübahisə yarandığı aşkar edilərsə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanılması haqqında məhkəmə qərardad çıxarır. Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən hallar ərizənin baxılmamış saxlanılması üçün əsasdır. Həmin Məcəllənin 114.1 və 114.1.5-ci maddələrinə əsasən ödənilmiş dövlət rüsumu bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Məhkəmə həmçinin hesab edir ki, ərizənin baxılmamış saxlanılmasının Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.4-cü maddəsində nəzərdə tutulan nəticələri ərizəçiyə izah edilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.10, 260.4, 263-264-cü və 267-268-ci maddələrinə əsaslanaraq, məhkəmə q ə r a r a a l d ı: Ərizəçi Maraqlı şəxs 3 saylı Şəki-Zaqatala Regional filialına qarşı ahıllara qulluq etmə faktının müəyyən edilməsi tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. Ərizəçiyə izah edilsin ki, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Ərizəçi Maraqlı şəxs 3 saylı Şəki-Zaqatala Regional filialına qarşı ahıllara qulluq etmə faktının müəyyən edilməsi tələbinə dair ərizəsinin verilməsi üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu dövlət büdcəsindən Ərizəçi geri qaytarılsın. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Zaqatala Rayon Məhkəməsinə ondan şikayət verilə bilər. Sədrlik edən hakim: Tural Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar