Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-748/2023 12.09.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X2 katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh X4 və üçüncü şəxs Zaqatala Rayon Polis Şöbəsinə qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi İddia tələbinin dəlilləri İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ünvan 1 ünvanında yerləşən onun evindən istifadə hüququnun itirilmiş hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi torpaq sahəsi ilə birlikdə valideynlərindən onlara bağışlanma yolu ilə verilərək DƏDRX-də qeydiyyata alınmışdır. Evin yerləşdiyi torpaq sahəsi 0,04 ha olmaqla, evin ümumi sahəsi 105 kv.m idi. Həyətin boş qalan hissəsində qardaşı Cavabdeh özü üçün yeni ev tikdikdən sonra qardaşı ilə o razılığa gəlmişdirlər ki, mülkiyyətində olan evdən qardaşı Elvin Nəcmi oğlu özünə düşən hissəni ona verir, o isə həyətdə qardaşı Elvin Nəcmi oğlunun tikdiyi evin yerləşdiyi torpaq sahəsini onunla bölərək ona verir. Beləliklə, 38-A ünvanında yeləşən 105 kv.m olan yaşayış evi 0,0246 ha torpaq sahəsi ilə onun mülkiyyətinə verilmişdir, 0,0154 ha torpaq sahəsi isə qardaşı Elvin Nəcmi oğlunun mülkiyyətinə verilmişdir. Bu barədə xx.xx.2020-ci il tarixdə Elvin Nəcmi oğlu ilə aralarında daşınmaz əmlakın bağışlanma müqaviləsi və əmlakın bölgüsü haqqında saziş bağlanmışdır. Həmin vaxtdan sonra qardaşı yeni tikdiyi evi sənədləşdirərək satmış və başqa ünvanda yaşamağa başlamışdır. Lakin onun mülkiyyətində olan evdə pasport qeydiyyatında qalmışdır. Hazırda o, yaşadığı ünvan kirayə olduğuna görə onun evindən pasport qeydiyyatından çıxa bilmir. Lakin onun evində pasport qeydiyyatında olması onun hüquqlarını pozur. Belə ki, ev barədə sərəncam vermək üçün (alqı-satqı müqaviləsi, mənzil kirayə müqaviləsi, ipoteka qoyulmasına dair müqavilə) cavabdehin razılığı tələb olunur. Buna görə də, onun yaşayış hüququnun itirilmiş hesab edilməsi tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz dail olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə mülki iş üzrə cavabdeh və üçüncü şəxs məlumatlandırılmalarına baxmayaraq onlar məhkəmə iclasında iştirak etməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən mülki işə cavabdeh və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edilmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı vəkili və nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi, yəni cavabdeh X3 ünvan 1 ünvanda yerləşən iddiaçının evindən istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. İşin halları 14 yanvar 2020-ci il tarixli 4Ə-57 nömrə ilə reyestrdə qeyd edilmiş Daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, Abdilov X8 şəhəri Nizami küçəsi ev 38A ünvanında yerləşən 0,04 ha torpaq sahəsinin özünə düşən paydan 0,0046 ha hissəsini və 0,04 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 105 kv.m olan fərdi yaşayış evinin 1/2 hissəsini bacısı İddiaçı bağışlamışdır. 14 yanvar 2020-ci il tarixli reyestrdə 3M-14 nömrəsi ilə qeyd edilmiş Cavabdeh ilə İddiaçı arasında bağlanmış Əmlakın bölgüsü haqqında sazişdən görünür ki, ünvan 4 ünvanında yerləşən 0,04 ha torpaq sahəsinin 0,0154 ha hissəsinin Cavabdeh, 0,04 ha torpaq sahəsinin 0,0246 ha hissəsinin və üzərində yerləşən fərdi yaşayış evinin İddiaçı bölünməsi ilə bağlı razılığa gəlmişdirlər. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın Dövlət reyestrində aparılmış qeydiyyatın rəsmiləşdirilməsinə dair Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, reyestr nömrəsi **********53-10301 olan ünvan 3 ünvanında yerləşən 0,0246 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 105 kv.m olan fərdi yaşayış evinin mülkiyyətçisi İddiaçıdır. “Elektron Notariat” X1 Çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində İddiaçı, X5, X6, X7 qeydiyyatdadır. Tədbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsi 152.1-ci maddəsində göstərilir ki, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına əlavə 1 saylı Protokolu 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, mülkiyyətindən məhrum edilə bilməz. "Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və insan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarı Azərbaycan Respublikası “insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının iştirakçısı və onu ratfikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə insan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburlliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratfikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin edir. "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununu 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Belə ki, məhkəmə iclası zamanı iddiaçı tərəfin izahatı, işdə olan sənədlərin bilavasitə tədqiqi nəticəsində aydın oldu ki, ünvan 6 ünvanında yerləşən 0,04 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 105kv.m fərdi yaşayış evi Cavabdeh ilə İddiaçı arasında bağlanmış Əmlakın bölgüsü haqqında 14 yanvar 2020ci il tarixli reyestrdə 3M-14 nömrəsi ilə qeyd edilmiş sazişə əsasən bölüşdürülmüş və 0,04 ha torpaq sahəsinin 0,0154 ha hissəsi Cavabdeh və 0,04 ha torpaq sahəsinin 0,0246 ha hissəsi və üzərində yerləşən ümumi sahəsi 105 kv.m olan fərdi yaşayış evi İddiaçı verilməsinə dair razılıq əldə olunmuşdur. 14 yanvar 2020-ci il tarixli reyestrdə 3M- 14 nömrəsi ilə qeyd edilmiş Cavabdeh ilə İddiaçı arasında bağlanmış Əmlakın bölgüsü haqqında sazişdən görünür ki, ünvan 4 ünvanında yerləşən 0,04 ha torpaq sahəsinin 0,0154 ha hissəsinin Cavabdeh, 0,04 ha torpaq sahəsinin 0,0246 ha hissəsinin və üzərində yerləşən fərdi yaşayış evinin İddiaçı bölünməsi ilə bağlı razılığa gəlmişdirlər. Həmin tarixdə 4Ə-57 nömrə ilə reyestrdə qeyd edilmiş Daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən Abdilov X8 şəhəri Nizami küçəsi ev 38A ünvanında yerləşən 0,04 ha torpaq sahəsinin özünə düşən paydan 0,0046 ha hissəsini və 0,04 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 105 kv.m olan fərdi yaşayış evinin 1/2 hissəsini bacısı İddiaçı bağışlamışdır. İddiaçı həmin fərdi yaşayış evinə mülkiyyət hüququ xx.xx.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınaraq Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarı ilə rəsmiləşdirilmişdir. Cavabdeh X7 müqavilə və saziş bağlandıqdan sonra həmin fərdi yaşayış evində yaşamamış və həmin evdən onun istifadə hüquqlarına xitam verilməmişdir. Hazırda iddiaçıya xüsusi mülkiyyət hüququ ilə məxsus olan fərdi yaşayış evində cavabdehə məxsus hər hansı əşya yoxdur. Buna baxmayaraq, cavabdehin adı uzun müddətdir ki, iddiaçıya xüsusi mülkiyyət hüququ ilə məxsus olan fərdi yaşayış evində qeydiyyatda qalmışdır. Cavabdeh X7 məhkəmə iclasına gəlməmiş, iddiaya isə hər hansı münasibət bildirməmişdir. Məhkəmə araşdrıması zamanı müəyyən olundu ki, cavabdeh fərdi yaşayış evinin keçmiş mülkiyyətçisindən biri olmuşdur, cavabdeh mübahisəli fərdi yaşayış evindən köçsə də, mənzildə pasport qeydiyyatında formal olaraq qalmışdır, bu da iddiaçının mülkiyyətində olan mənzilinə sahiblik, istifadə və sərəncam hüquqlarının tam həyata keçirməsinə mane olur, kommunal xərclərin meydana gəlməsi və mülkiyyətçinin mənzil üzərində sərəncam vermək hüquqlarının məhdudlaşması ilə nəticələnir. Yuxarıda şərh olunanlardan göründüyü kimi cavabdehin mübahisəli fərdi yaşayış evində qeydiyyatda olması mülkiyyətçinin hüquqlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırmışdır. Ona görə də, məhkəmə iddiaçının mülkiyyət hüquqlarını müdafiə etməklə, cavabdehin fərdi yaşayış evindən istifadə hüquqlarının itirilmiş hesab edilməsinin müəyyən edilməsini əsaslı hesab edir. Məhkəmə hesab edir ki, cavabdehin həqiqətən də fərdi yaşayış evindən istifadə hüququ itirilmişdir. Ona görə də iddianın əsası nəzərə alınmaqla cavabdehin evdən istifadə hüququnun itirilmiş hesab edilməsi müəyyən edilməlidir. Belə ki, iddianın əsasından görünür ki, iddiaçı cavabdehin fərdi yaşayış evindən istifadə hüququnun olmadığını iddia edir. İşdən də görünür ki, cavabdehlə iddiaçı arasında olan sazişlə cavabdeh torpaq sahəsi qarşılığında onların ümumi birgə mülkiyyətində olan ünvan 2 -də yerləşən fərdi yaşayış evində payını iddiaçıya bağışlamışdır. Beləliklə, yuxarıda qeyd olunan müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Əvvəlki mülkiyyətçi iradəsini ifadə edib mənzil üzərində mülkiyyət hüququnu yeni mülkiyyətçiyə verərkən subyektiv hüquq kimi mülkiyyət hüququnun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində nəzərdə tutulan hər üç elementini – sahiblik, istifadə və sərəncam hüquqlarını yeni mülkiyyətçiyə ötürmüş və mənzili tərk etmişdir. Məhkəmə hesab edir ki, əvvəlki mülkiyyətçinin fərdi yaşayış evində qeydiyyatda qalması iddiaçıya öz mülkiyyətindən dinc istifadə hüququnu həyata keçirməyə mane olur. Cavabdehin fərdi yaşayış evindən qeydiyyatdan çıxarılması üçün isə onun fərdi yaşayış evindən istifadə hüququna məhkəmə qaydasında xitam verilməlidir. Məhkəmə onu da qeyd edir ki, bu tip mübahisələr həll edilərkən iddiaçının məhkəməyə hansı məqsədlə müraciət etdiyi nəzərə alınmalıdır. Cavabdehin evə qeydiyyatda qalması iddiaçıya evdən maneəsiz istifadə etməyə imkan vermir, ona görə də iddiaçının məqsədi cavabdehin evdən qeydiyyatdan çıxarılmasına nail olmaqdır. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə görə şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Cavabdehin fərdi yaşayış evindən istifadə hüququnun olmadığının müəyyən edilməsi barədə qətnamə həmin müddəanın məqsədi baxımından istifadə hüququna xitam verilməsi barədə qətnaməyə bərabər tutulur və cavabdehin qeydiyyatdan çıxarılmasına əsas verir. Qeyd olunanlar cavabdehi yaşayış yeri üzrə qeydiyyatdan çıxarmağa səlahiyyəti olan dövlət orqanının üzərinə vəzifə qoyulması deyil, qanunun göstərişinin iddiaçıya və həmin dövlət orqanına izah edilməsidir. Beləliklə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, cavabdeh X3 ünvan 3 ünvanında yerləşən evdən istifadə hüququnun itirilmiş hesab edilməsi müəyyən edilməlidir. İddiaçı iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq dövlətə ödədiyi 100 manatı tələb etmədiyinə görə həmin rüsum xərci onun özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227.1 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə Qət etdi İddia təmin edilsin. Cavabdeh X3 ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüququ itirilmiş hesab edilsin. İddiaçı iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq dövlətə ödədiyi 100 (bir yüz) manat onun özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov.
Məhkəmə qərarları › İş №e-2(033)-748/2023
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-748/2023
12.09.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver