Məhkəmə qərarları › İş №e-2(033)-759/2022

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-759/2022

14.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-759/2022 14.10.2022 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X3 katibliyi, İddiaçı X7, onun nümayəndəsi və vəkili Nümayəndə və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı maddi zərər və əldən çıxmış fayda tələbinə dair iddia ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakıları müəyyən etdi İddia tələbinin dəlilləri: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh maddi zərərin əvəzi kimi 1000 (bir min) manat, əldən çıxmış fayda kimi 300 (üç yüz) manat və ödənilmiş dövlət rüsumu pulu 34 manat, cəmi 1334 (bir min üç yüz otuz dörd) manatın alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2020-ci ilin mart ayının əvvəllərində o, 1000 (bir min) manat qiymətinə 1 baş iri buynuzlu heyvan (mal) almışdır ki, onu saxlayıb kökəldib və bir neçə aydan sonra sataraq əlavə qazanc əldə etsin. X12 nişanlısı- Cavabdeh ona təklif etdi ki, həmin iri buynuzlu heyvanı götürüb bir neçə ay saxlayıb onu xeyli kökəldərək münasib qiymətə satmaqla yaxşı qazanc əldə etmək olar və ona təklif etmişdir ki, 1000 manata aldığı iri buynuzlu heyvanı versin ona və o, heyvanı 7-8 ay saxlayaraq kökəldib 1800-2000 manata sata bilər, heyvanı sataraq onun heyvanın alışına xərclədiyi 1000 manat pulunu və 300 manat pulu da əlavə qazanc verə bilər. Cavabdeh ona etdiyi təkliflə razılaşmışdır, aralarında olan şifahi razılaşmaya (müqaviləyə) əsasən Cavabdeh öhdəlik götürdü ki, ona məxsus dəyəri 1000 manat olan 1 baş iri buynuzlu heyvanı (malı) saxlayıb kökəltmək üçün ondan qəbul edir, heyvana 7-8 aydan artıq olmayan müddətdə baxır, heyvanın çəkisini artırır və 7-8 ay sonra heyvanı bazara çıxararaq satır, satışdan əldə olunan vəsaitdən heyvanın maya dəyəri olan 1000 manatı və əlavə olaraq 300 manatı ona verir, yerdə qalan qazancı özü üçün götürür. Heyvanın ölməsi, xəstələnməsi və başqa bütün riskləri Cavabdeh öz üzərinə götürmüşdür. Aralarında olan razılaşmaya görə, qazancın olub-olmamasından, heyvanın xəstələnməsindən, ölməsindən və başqa zərərli hadisələrdən asılı olmayaraq, Cavabdeh ən geci 8 aydan sonra heyvanın maya dəyəri- 1000 manatı ona qaytarmaq və 300 manat pulu əlavə qazanc şəklində ona vermək barədə öhdəlik götürmüşdür. Onunla Cavabdeh arasında olan şifahi öhdəlik razılaşmasına qızı Babayeva Gülmiranın heç bir aidiyyatı olmamış, qızı həmin razılaşmada tərəf olmamış və qızının Cavabdehla olan nişanlılıq münasibəti ilə cavabdehlə onun arasında olan şifahi razılaşmanın əlaqəliliyi olmamışdır. Lakin bütün danışıqlarda qızı Babayeva Gülmira iştirak etmiş və şahidi olmuşdur. Cavabdehlə aralarında olan öhdəlik razılaşmasının 8 aylıq müddəti bitdikdən sonra o, Cavabdeh tələb etdi ki, gedək onunla heyvana baxsın, heyvanı çıxarıb bazarda satsın və üzərinə götürdüyü öhdəliyə uyğun olaraq onun 1000 manat pulunu və əlavə 300 manat pulunu versin. Cavabdeh ona bildirdi ki, guya bir müddət əvvəl avtomobili ilə yol-nəqliyyat hadisəsi etmişdir, avtomobili əzilmişdir və o, ona məxsus olan heyvanı guya 1000 manata sataraq öz şəxsi avtomobilinin təmirinə xərcləmişdir. O ona bildirmişdir ki, nə üçün o, ona demədən, onun icazəsi olmadan ona məxsus iri buynuzlu heyvanı satıbdır, axı onlar onunla şifahi formada müqavilə bağlamışlar ki, o, 8 ay müddətində heyvanı bəsləyir, kökəldir, yəni 2020-ci ilin oktyabr ayının sonunda o, heyvanı sataraq ona 1300 manat pul verməli idi. Öz şəxsi avtomobili ilə “Yol hərəkəti haqqında” Qanunun tələbini pozub hər hansı yol-nəqliyyat hadisəsi etməsinin, avtomobilinin zədələnməsinin ona hər hansı bir aidiyyatı yoxdur, onların aralarında olan razılaşmaya aid məsələ deyil, öz avtomobilini özünün şəxsi pul vəsaiti hesabına təmir etdirməli idi, özbaşına ona məxsus olan heyvanı sataraq ona çatası pulu xərcləməsi yolverilməz haldır. Cavabdeh pulun ödənilməsini tələb etməyə başlamışdır. Cavabdeh heç vaxt ona və qızı Gülmiraya yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilinin zədələnməsi barədə və avtomobilini düzəltdirməsi üçün pul lazım olduğunu deməmişdir, onun xəbəri olmadan, hər hansı razılığı və icazəsi olmadan ona məxsus olan heyvanı (dananı) qanunsuz şəkildə sataraq xərcləmiş, özü üçün fayda götürmüş, ona 1000 manat dəyərində maddi ziyan vurmuş, ona çatası 300 manat dəyərində fayda əldən çıxmışdır. Cavabdeh ilə onun arasında 2020-ci ilin martın əvvəlində 8 (səkkiz) ay müddətinə yuxarıda qeyd etdiyi şifahi razılaşma bağlanan zaman Cavabdeh qızı ilə ailə münasibətləri yox idi, onlar sadəcə nişanlı olmuşlar və razılaşmanın müddəti 2020-ci ilin oktyabrında bitdikdən 9 ay sonra Cavabdehla qızı-Babayeva Gülmira rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Cavabdeh ilə onun arasında 2020-ci ilin mart ayının əvvəlində bağlanmış və 2020-ci ilin oktyabr ayında bitmiş razılaşma (müqavilə) mülki hüquqi münasibətlərindən yaranmış əqddir, bu əqdin Cavabdehla onun qızı Gülmira Babayeva arasında sonradan yaranmış və qısa müddətdə pozulmuş ailə-nikah münasibətləri ilə heç bir əlaqəliliyi olmamış və aidiyyatı belə yoxdur. Cavabdehlə onun arasında bağlanmış əqd mülki hüquq normalarına əsasən tənzimlənir və aralarında olan mübahisə mülki hüquqi mübahisədir, həmin mübahisənin Cavabdehla onun qızı- G.Babayeva arasında olan ailə mübasibətləri ilə hər hansı əlaqəliliyi yoxdur. Məlumat üçün bildirir ki, hazırda Cavabdehla X12 nikah münasibətlərinə xitam verilmişdir. Hazırki mülki mübahisənin məhkəməyəqədər mediasiyadan keçməsi qanunla tələb olunmur. Bu vaxta kimi Cavabdeh ona vurduğu 1000 (bir min) manat maddi ziyanı və əldən çıxmış fayda kimi 300 manat pulu ödəməkdən yayınır. Sonradan məlumat əldə etmişdir ki, Cavabdeh heyvanın satışından pul qazancı əldə etmək ehtimalı barədə ona yalan vədlər verərək aldatma və etibarından sui-istifadə etməklə ona məxsus dəyəri 1000 manat olan 1 baş iri buynuzlu heyvanı (dananı) 2020-ci ilin mart ayında ondan almaqla ələ keçirmiş və aralarında olan öhdəlik razılaşmasının şərtlərini pozaraq razılaşma müddətindən əvvəl dananı ondan xəbərsiz 1500 manat qiymətə sataraq bu yolla qazanc əldə etmişdir. Cavabdeh ona qarşı dələduzluq etməsi və ona məxsus 1 baş iri buynuzlu heyvanı (dananı) ələ keçirərək ona 1000 manat ziyan vurması barədə 2022-ci ilin fevral ayında cavabdehin barəsində Zaqatala rayon Polis Şöbəsinə şikayət ərizəsi ilə müraciət etmiş, onun ərizəsi əsasında Zaqatala rayon X13 Bölməsində araşdırma aparılmışdır, araşdırmanın nəticələri üzrə 10 fevral 2022-ci il tarixli “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərar qəbul edilmişdir. İddia ərizəsinə əlavə edilmiş hazırda qüvvədə olan Zaqatala RPŞ-nin İB-nin 10 fevral 2022-ci il tarixli “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarından görünür ki, Cavabdeh istintaq orqanına verdiyi izahatında ondan 1000 manat dəyərində 1 baş iri buynuzlu dananı saxlamaq üçün qəbul etməsini, qəbul etdiyi vaxtdan 8 ay sonra sataraq pulun bölüşdürülməsi barədə onunla razılığının olmasını, bir müddət sonra yol-nəqliyyat hadisəsi törədərək avtomobilinə ziyan dəydiyi üçün pula ehtiyacı olduğundan dananı 1000 manata sataraq avtomobilini təmir etməsini etiraf etmişdir. Cavabdeh izahatından da müəyyən olunur ki, ondan 1 baş iri buynuzlu dananı almış və 8 ay sonra satmış, özü üçün xərcləmişdir. Lakin dananı satması barədə onun məlumatı və razılığı olmamış və bunu ondan gizli şəkildə etmişdir. Cavabdehin izahatında dananı onun razılığı ilə satması barədə qeyd etdikləri yalan və uydurmadır, bunu təsdiq edəcək cavabdehin hər hansı bir sübutu yoxdur. 2020-ci ilin mart ayında 1 baş iri buynuzlu dananın qiyməti 1000 manat oduğu halda, hazırda həmin dananın bazarda alış qiyməti 2000 manatdır. İddia tələbinə qarşı etirazın dəlilləri: İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı X14 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Nümayəndə iddiaçı ilə oxşar məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh X10 iddia tələbini qismən qəbul edərək göstərdi ki, həqiqətən də İddiaçı ona 2020-ci ildə bir dana vermişdir. Ancaq həmin iribuynuzlu heyvan iddiaçının qızı Gülmira ilə onun arasında bağlanmış nikahın qeyd edilməsi ilə bağlı təşkil olunacaq toy mərasimində kəsilməsi üçün verilmişdir. Sonra pandemiya ilə əlaqədar toy mərasimlərinin keçirilməsi qadağan edilmişdir və buna görə də nikahlarını rəsmi qeyd etməklə kifayətlənmişlər. Daha sonra o avtomobil qəzası keçirmiş və ona məxsus avtomobilə zərər dəydiyindən və maddi imkanı olmadığından İddiaçı icazəsi olmadan həmin iri buynuzlu heyvanı 1000 manata sataraq əldə edilmiş məbləğlə avtomobilini təmir etdirmişdir. O iddia tələbini qismən qəbul edir və həmin iribuynuzlu heyvanın dəyəri olan 1000 manat pul vəsaitini iddiaçıya hissə-hissə ödəyəcəkdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddiaçının göstərdiyi xüsusatları təsdiq etmişdir. İşin halları: 10 fevral 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, qərarın təsviri hissəsindəkilərə əsasən Cavabdeh X2 pulunu mənimsəməsi, ona qarşı dələduzluq etməsi xüsusatı təsdiq olunmadığına görə cinayət işi başlanılması rədd edilmişdir. Qəbul edilmiş qərarın surəti şikayətçi X4 göndərilməklə, qəbul edilmiş qərardan ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Zaqatala rayon Prokuroruna, yuxarı Prokurora, yaxud məhkəməyə şikayət etmək hüquqlarının olması rəsmi qaydada ona izah edilmişdir. Həmin qərarda ilkin yoxlama zamanı Cavabdeh verdiyi izahatdan görünür ki, o, 4 il öncə X8 ilə tanış olmuş və bir müddət sonra ailə qurmuşdur. O, Gülmirə Babayeva ilə nişanlı olduğu müddətdə Gülmirənin anası Raziyyət Babayevə ona saxlaması üçün 1 baş iri buynuzlu heyvan vermiş və 8 ay sonra satdıqda əldə olunan pulu böləcəkləri barədə razılaşmışlar. Bir müddət sonra yol nəqliyyat hadisəsi zamanı avtomobili əzildiyinə görə onun pula ehtiyacı yaranmış və Raziyyət Babayeva dananı sataraq avtomobilini düzəltdirməsini bildirmişdir. O, saxladığı həmin dananı 1000 manata satmış və avtomobilini təmir etdirmişdir. Bir müddət sonra Gülmirə Babayeva ondan boşanmış və həmin dananın satılması nəticəsində əldə olunan 1000 manat pulu Gülmirə Babayevanın anası Raziyyət Babayeva ondan tələb etməyə başlamışdır. “Whatsapp” mobil tətbiqi vasitəsilə göndərilmiş sms yazışmalardan görünür ki, Cavabdeh iddiaçı X9 qızı- X1 yazaraq anasına verəcəyi pulu qaytaracağı ilə bağlı ona vəd vermişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. 157.2.-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər, 157.4-cü maddəsinin tələbinə görə əgər mülkiyyətçi qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 777.2-ci maddəsinə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. 778.1-ci maddəsinə görə vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. 779.1-ci maddəsinə görə vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. 783-cü maddəsinə əsasən vəkalət verən vəkalət alanın tapşırığı vicdanla icra edərkən çəkdiyi xərclərin əvəzini, o cümlədən faizləri ödəməli və onu bu məqsədlə götürdüyü öhdəliklərdən azad etməlidir. Vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir. Əgər bu Məcəllənin 783.2-ci maddəsində nəzərdə tutulan hallarda muzdun miqdarı müəyyənləşdirilməyibsə, tarif olduqda bu tarifə uyğun muzd, tarif olmadıqda isə vəkalət alanın olduğu yerdə qəbul edilmiş muzd şərtləşdirilmiş muzd sayılır. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. 1092.2-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. 1092.3-cü maddəsinə əsasən varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsində göstərilir ki, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. 89.1-ci maddəsinə əsasən yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanunu 8.1-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunun dərəcələri müəyyən olunmuşdur. Həmin Qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilir. N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. “Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282 Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların 8 mövcudluğundan irəli gələ bilər. “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarı Mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, məhkəmə iclası zamanı iddiaçının və cavabdehin izahatları, işdə olan sənədlərin bilavasitə tədqiqi nəticəsində aydın oldu ki, iddiaçı X11 tərəfindən 2020-ci ildə Cavabdeh 1 ədəd iribuynuzlu heyvan-dana verilmişdir. 8 ay sonra həmin heyvanı satdıqda əldə olunan faydanı böləcəkləri barədə razılaşmışlar. Cavabdeh daha sonra həmin iribuynuzlu heyvanı sataraq 1000 manat gəlir əldə etmiş və həmin məbləği şəxsi avtomobilinin təmiri üçün xərcləmişdir. İddiaçı həmin heyvanın dəyəri və əldən çıxmış faydanın cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh iddia tələbini qismən qəbul edir və 1 ədəd iribuynuzlu heyvan olan dananın dəyəri olan 1000 manat pul vəsaitini hissə-hissə qaytaracağını bildirir, əldən çıxmış faydanın isə rədd olunmasını xahiş edir. Məhkəmə hesab edir ki, cavabdeh tərəf əsassız varlanmış şəxs olduğundan iddia tələbi 1 ədəd iribuynuzlu heyvan olan dananın dəyəri kimi qeyd edilmiş “1000 manat maddi zərər” hissəsində təmin edilməlidir. İşin şərh olunan hallarından göründüyü kimi, iddiaçı X11 şifahi tapşırıq müqaviləsi əsasında özünə məxsus 1 baş iribuynuzlu heyvanı saxlanılması və baxılması üçün Cavabdeh təhvil vermiş, lakin Cavabdeh həmin heyvannın saxlanması və baxılması tapşırığını ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməmiş və heyvanı öz şəxsi ehtiyacları üçün satması nəticəsində iddiaçıya zərər dəymişdir. Beləliklə məhkəmə hesab edir ki, iş materialında olan sübutlar iddia tələbinin bu hissədə təmin olunması üçün əsas verir. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Göründüyü kimi, iddia tələbinin faktiki halları tələbin qanuni əsasının şərtlərinə, yəni dizpozisiya şərtlərinə uyğundur. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla Cavabdeh İddiaçı 1 ədəd iribuynuzlu heyvan olan dananı götürməsi, həmin heyvanı 1000 manata sataraq həmin pulu öz avtomobilinin təmiri üçün xərcləməsi və iddiaçıya verməməsi öz təsdiqini tapdığından iddiaçı həmin pulun ödənilməsini cavabdehdən tələb etməkdə haqlıdır. Məhkəmə daha sonra iddia tələbinin əldən çıxmış fayda hissəsinə münasibət bildirərək hesab edir ki, iddia tələbi qeyd edilən hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, məhkəmə mülki iş üzrə icraat zamanı yalnız tərəflərin təqdim etdiyi sübutlardan istifadə etməklə müəyyən nəticəyə gəlir. İddia tələblərinin təmin edilməsi bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki məhkəmə icraatında da sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür. Sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyət kəsb edən halları mötəbər aşkalanmasının mümküsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən qeyrimüəyyənliyin aradan qaldırılmasına, digər ərəfdən müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. İş materiallarından da göründüyü kimi iddiaçı tərəfindən əldən çıxmış faydanın məbləği iddia ərizəsində qeyd edilsə də, onun tərəfindən bunu sübut edəcək tutarlı əsas gətirilməmiş, cavabdeh tərəfindən ona ziyan vurulması nəticəsində, onun itirdiyi və adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərin məbləğini təsdiq edə biləcək hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Ona görə də, iddia tələbi bu hissədə təmin edilə bilməz. İddia tələbi qismən təmin edildiyindən İddiaçı dövlətə ödədiyi 34 manat dövlət rüsumunun 4 manatı özünə aid edilməli, 30 manat dövlət rüsumu isə Cavabdeh alınaraq iddiaçıya verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 227.1 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə Qət etdi İddia qismən təmin edilsin. Cavabdeh maddi zərərin əvəzi olaraq 1000 (bir min) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilsin. İddia tələbinin qalan hissəsi təmin edilməsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı verilsin. 4 (dörd) manat dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar