Məhkəmə qərarları › İş №e-2(033)-822/2022

Zaqatala Rayon Məhkəməsi Qərardad — İş №e-2(033)-822/2022

12.08.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Zaqatala rayonu İş № e-2(033)-822/2022 12.08.2022 ZAQATALA RAYON MƏHKƏMƏSİ Mən, Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlu, İddiaçı Cavabdeh qarşı torpaq sahəsinə dair icarə müqaviləsi əsasında istifadə hüququnun bərpa edilməsi, maddi və mənəvi zərər, qanunsuz və əsassız müdaxilə ilə bağlı xüsusi qərarın çıxarılması tələbinə dair iddia ərizəsini nəzərdən keçirib müəyyən etdim: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əvvəllər 20 il ərzində onun icarə əsasında istifadəsində olmuş və fasiləsiz rüsum ödədiyi 1 ha torpaq sahəsinin yenidən icarə əsasında onun istifadəsinə qaytarılması, torpağın qanunsuz və hüquqi əsası olmadan ondan alması nəticəsində ona dəymiş 3665 manat məbləğində maddi və mənəvi zərərin Qandax kənd Bələdiyyəsindən alınıb ona verilməsi, Zaqatala Rayon İcra Hakimiyyəti Başçısının müavini X1 peşə hazırlığının zəif olması, funksional vəzifələrini bilməməsi, yaxud bilmək istəməməsi, tabeçiliyinə aid olmayan seçkili, özünüidarə orqanlarının işlərinə qanunsuz və əsassız müdaxilə etməsi barədə Zaqatala rayon İcra Hakimiyyəti Başçısına xüsusi Qərardadla təqdimat göndərilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdırıb belə nəticəyə gəlirəm ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152-ci maddəsi rəhbər tutularaq məhkəmənin icraatına qəbul edilmədən geri qaytarılmalıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.1-149.4-cü maddələrinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Ərizədə aşağıdakılar göstərilməlidir: ərizənin verildiyi məhkəmənin adı; iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat; “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat; ərizəyə əlavə edilən sənədlərin siyahısı. İddiaçı bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə haqlıdır. Ərizədə mübahisənin düzgün həll edilməsi üçün zəruri olan digər məlumatlar, həmçinin iddiaçının vəsatətləri də göstərilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.1-ci maddəsinə əsasən iddia ərizəsinə aşağıdakı sənədlər əlavə edilir: 150.1.1. cavabdehlərin və üçüncü şəxslərin sayına görə iddia ərizəsinin surətləri (iddia ərizəsi elektron formada verildiyi hal istisna olmaqla); 150.1.2. dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd; 150.1.3. iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanmasını təsdiq edən sənəd (iddia ərizəsi elektron qaydada verildiyi halda belə səlahiyyətin elektron imza ilə təsdiq edildiyi hal istisna olmaqla); 150.1.4. bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd; 150.1.5. iddia ərizəsi elektron qaydada verildiyi hal istisna olmaqla, iddia ərizəsində göstərilən bütün yazılı sübutların işdə iştirak edən şəxslərin sayına görə surətləri; 150.1.6. müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir); 150.1.7. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd. 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1-ci və 152.1.1-ci maddələrinə görə, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.1 və 152.1.5-ci maddələrinə görə, iddia ərizəsi müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunun dərəcələri müəyyən olunmuşdur. Həmin Qanunun 8.1.3-cü maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilir. Həmin Məcəllənin 108.3-cü maddəsinə əsasən dövlət rüsumu yalnız elektron ödəniş sistemləri vasitəsilə ödənilməlidir. Həmin Məcəllənin 112-ci maddəsinə əsasən pul vəsaiti alınması haqqındakı iddialarda iddianın qiyməti alınan məbləğlə müəyyən edilir. Həmin Məcəllənin 152.1 və 152.1.7-ci maddələrinə görə, bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Müəyyən etdim ki, İddiaçı Cavabdeh qarşı bir-biri ilə əlaqədar olmayan bir neçə tələbi birləşdirməklə iddia ilə məhkəməyə müraciət etmiş və tələblərin hər biri fərqli cavabdehlərə ünvanlanmalı olduğu halda iddia ərizəsi yalnız bir cavabdehə qarşı verilmişdir. İddia tələbindən görünür ki, iddiaçı həm torpaq sahəsinin icarə əsasında onun istifadəsinə qaytarılmasını, həm Qandax kənd Bələdiyyəsi tərəfindən ona vurulmuş maddi və mənəvi zərəri, həm də Zaqatala Rayon İcra Hakimiyyəti Başçısının müavini X2 barəsində xüsusi qərardadın çıxarılmasını tələb edir, qeyd edilən tələblər bir biri ilə əlaqədar tələb deyil və bir neçə cavabdehə qarşı tələb sürüldüyü halda, iddia bir cavabdehə qarşı verilmişdir. Bundan başqa, müəyyən etdim ki, İddiaçı hazırki tələbi ilə bağlı iddia ərizəsinə dövlət rüsumunun ödənilməsi barədə qəbz əlavə etməli olduğu halda, o iddia ərizəsinə dövlət rüsumunun ödənilməsi barədə qəbz əlavə etməmişdir. Buna görə də, İddiaçı iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalı, İddiaçı göstərilənlərə əməl etməklə yenidən məhkəmədə iddia qaldıra bilmək hüququ izah edilməlidir. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149, 151, 263-264, 267-268-ci maddələrinə əsaslanaraq, q ə r a r a a l d ı m: İddiaçı Cavabdeh qarşı torpaq sahəsinə dair icarə müqaviləsi əsasında istifadə hüququnun bərpa edilməsi, maddi və mənəvi zərər, qanunsuz və əsassız müdaxilə ilə bağlı xüsusi qərarın çıxarılması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ikinci dəfə məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Zaqatala Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Tural Həsənov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar