Məhkəmə qərarları › İş №e-2(033)-839/2022

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-839/2022

15.12.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-839/2022 15.12.2022 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı qəsdə son qoyma, zəbt olunmuş əmlakdan çıxarılma və həmin torpaq sahəsi üzərində əkilmiş ağacların çıxarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakıları müəyyən etdi İddia tələbinin dəlilləri İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh, İddiaçı ümumi birgə mülkiyyət hüququ üzrə mülkiyyətində olan Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən 0,7262 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən (məqsədli istifadə növü - çoxillik əkmələr) İddiaçı istifadə və sahiblik etməsinə qarşı yönəlmiş əmlaka daxil olmağa qoymamaqla müşayiət olunan qərəzli hərəkətlərinə son qoyulması, Cavabdeh zəbt etdiyi həmin torpaq sahəsindən çıxarılması, zəbt olunmuş torpaq sahəsində son dövrdə cavabdehlər tərəfindən əkilmiş 40 (qırx) ədəd fındıq kolunun cavabdehlərin hesabına torpaq sahəsindən çıxarılması, hüquqi yardım məqsədi ilə vəkilə ödənilmiş 400 (dörd yüz) manat pulun, iddianın qaldırılması üçün ödənilmiş 100 (bir yüz) manat və iddianın təmin tədbirinin tətbiqi ilə bağlı ərizənin verilməsi üçün ödənilmiş 50 (əlli) manat dövlət rüsumunun cavablehdən alınaraq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ümumi birgə mülkiyyət hüququ üzrə mülkiyyətində Zaqatala rayonu, Əliabad qəsəbəsində 0,7262 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (məqsədli istifadə növü - çoxillik əkmələr) vardır. Qeyd olunan əmlak üzərində İddiaçı və ailə üzvlərinin hüquqları 22 dekabr 2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış"la rəsmiləşdirilmişdir. İş üzrə Cavabdeh İddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən 0,7262 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini (məqsədli istifadə növü - çoxillik əkmələr) zəbt edərək sonuncuların həmin əmlakdan istifadə və sahiblik etməsinə maneçilik törədir. Bununla yanaşı, iş üzrə Cavabdeh, İddiaçı və ailə üzvlərinin mülkiyyətində olan Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən 0,7262 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində (məqsədli istifadə növü - çoxillik əkmələr) İddiaçı razılığı və icazəsi olmadan son bir neçə ildə 40 ədəd fındıq kolu (ağacı) əkmişdir. İddiaçı Cavabdeh mülkiyyətində olan əmlakdan istifadə və sahiblik etməklərinə qarşı yönəlmiş qərəzli hərəkətlərinə (əmlaka daxil olmağa qoymamaq) son qoymasını, zəbt etdiyi əmlakdan çıxmasını və son bir neçə ildə əkdiyi 40 ədəd fındıq kolunun çıxarılmasını tələb etməsinə baxmayaraq sonuncu bundan qərəzli olaraq imtina etmişdir. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində İddiaçı Azərbaycan Repsublikasının Konstitusiyasının 13 və 29-cu maddələri ilə qorunan mülkiyyət hüquqları kobud şəkildə pozulmuşdur ki, nəticədə hazırki tələblə aidiyyatı üzrə Zaqatala Rayon Məhkəməsinə müraciət etmək qərarına gəlmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Mülki iş üzrə iddiaçı və cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında dəfələrlə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər, və gəlməmələrinin səbəbi barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə hazırlıq iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək göstərmişdir ki, İddiaçı iddia ərizəsində qeyd etdiyi və onun mülkiyyətində olan 0,7262 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi iddiaçı ilə birlikdə onun qardaşı-X2 və digər 3 subyektin mülkiyyətindədir. X7 onun qardaşıdır və qardaşı Azərbaycan Respublikasından kənarda olduğundan onun tərəfindən təqdim edilmiş etibarnamə əsasında ona məxsus əmlakı özü idarə edir. İddianın predmeti olan 0,7262 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində X4 məxsus payın idarə olunması və sərəncam verilməsi də qardaşı tərəfindən ona təqdim edilmiş xx.xx.2022-ci il tarixli etibarnamə əsasında həyata keçirilir. İddia ərizəsinin rədd edilməsini xahiş edir. İşin halları Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ********** qeydiyyat nömrəsi ilə xx.xx.2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 231 nömrəli reyestr kitabının 59 nömrəli vərəqində aparılmış qeydiyyatın rəsmiləşdirilməsinə dair Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışdan görünür ki, reyestr nömrəsi **********54 olan Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 0,7262 ha kənd təsərrüfatı təyinatlı torpaqlar təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət növü kimi ümumi birgə mülkiyyət hüququ əsasında İddiaçı, X7, X5, X6 və X3 adına qeydiyyata alınmışdır. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, 400 manat Zaqatala Rayon Vəkil Bürosunun hesabına ödənilmişdir. xx.xx.2022-ci il tarixli etibarnamədən görünür ki, X7 tərəfindən Cavabdeh harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq onun əmlaklarını idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq qanunla razılaşdırılmış əqdləri bağlamağı, xüsusilə: icazəsiz tikintini qanuniləşdirmək, istənilən daşınmazı almaq, satmaq, bəxşiş qəbul etmək, dəyişmək, icarəyə vermək, müqavilələri ləğv etmək, tikintini və digər əmlakı girova qoymaq və qəbul etmək, təmir işləri aparmaq, bağlanmış müqavilələr, əqdlər üzrə hesablar icra etmək, sərəncam verməyi və maraqlarını təmsil etməyi, onun xeyrinə bu etibarnamədə nəzərdə tutulmuş məqsədlər üçün yerinə yetirmək və s. etibar etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsi 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2.-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. 157.2.-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.6-cı maddəsinə əsasən ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. 222.1-ci maddəsinə əsasən birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. 111.2-ci maddəsinə əsasən özbaşına tutulmuş torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılır. 111.3-cü maddəsinə əsasən torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsində göstərilir ki, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 89-cu maddəsinə əsasən yazılı sübutlar – iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsində müəyyən edilmişdir ki, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 217.3 və 217.4-cü maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolu 1-ci maddəsinə əsasən hər bir fiziki və ya hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmənin mövqeyi: Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, məhkəmə iclası zamanı işdə olan sənədlərin bilavasitə tədqiqi nəticəsində aydın oldu ki, reyestr nömrəsi **********54 olan Zaqatala rayonu Əliabad Qəsəbəsində yerləşən 0,7262 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ əsasında X7, İddiaçı, X5, X6 və X3 adına daşınmaz əmlakın dövlət reyestrində 231 nömrəli reyestr kitabının 59 nömrəli vərəqində xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydə alınmışdır. İddianın predmeti olan 0,7262 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mülkiyyətçilərindən olan X7 harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq özünə məxsus əmlakları idarə etməyi və onun üzərində sərəncam verməyi Cavabdeh etibar etmişdir. İddiaçı iddia ərizəsi ilə müraciət edərək mülkiyyətində olan Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 0,7262 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən İddiaçı istifadə və sahiblik etməsinə qarşı yönəlmiş əmlaka daxil olmağa qoymamaqla müşayiət olunan qərəzli hərəkətlərinə son qoyulması, Cavabdeh zəbt etdiyi həmin torpaq sahəsindən çıxarılması, zəbt olunmuş torpaq sahəsində son dövrdə cavabdehlər tərəfindən əkilmiş 40 (qırx) ədəd fındıq kolunun cavabdehlərin hesabına torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddia tələbini qəbul etməyərək iddia ərizəsinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən müəyyən edilmiş hallardan görünür ki, Cavabdeh iddianın predmeti olan 0,7262 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini özbaşına tutmamış (zəbt etməmiş) və torpaq sahəsindən həmin əmlakın mülkiyyətçisi olan qardaşı-X7 tərəfindən verilmiş etibarnamə əsasında sahiblik və istifadə edir. Qanunvericiliyin tələbindən də görünür ki, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Şərh edilənlərə əsasən məhkəmə ilk öncə iddia tələbinin “Cavabdeh zəbt etdiyi torpaq sahəsindən çıxarılması, zəbt olunmuş torpaq sahəsində son dövrdə cavabdeh tərəfindən əkilmiş 40 (qırx) ədəd fındıq kolunun cavabdehin hesabına torpaq sahəsindən çıxarılması” hissəsinə münasibət bildirərək qeyd edir ki, cavabdeh X2 iddianın predmeti olan Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 0,7262 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə sahibliyi qanunsuz olmamışdır və buna görə də iddia tələbi qeyd edilən hissədə rədd edilməlidir. Daha sonra məhkəmə iddia tələbinin “İddiaçı istifadə və sahiblik etməsinə qarşı yönəlmiş əmlaka daxil olmağa qoymamaqla müşayiət olunan qərəzli hərəkətlərinə son qoyulması” hissəsinə münasibət bildirərək qeyd edir ki, Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 0,7262 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mülkiyyətçiləri olan İddiaçı, X7 və həmin əmlakın digər mülkiyyətçiləri arasında ümumi birgə mülkiyyətlərində olan torpaq sahəsindən istifadə və sahibliyə dair razılaşma mövcud olmadığından iddianın predmeti olan Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 0,7262 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə mülkiyyətçilər birgə sahiblik etməli və ondan birgə istifadə etməlidirlər. Nəzərə almaq lazımdır ki, mülkiyyət hüququ hər bir cəmiyyətin demokratik, stabil və dinamik inkişafını, eləcə də onun dayanıqlı və etibarlı olmasını şərtləndirən ən mühüm dəyərlərdən biridir. Mülkiyyət hüququ istifadə hüququna münasibətdə daha üstün hüquqdur və bu hüquqların kolliziyası (toqquşması) halında hər bir halda mülkiyyət hüququna üstünlük verilməlidir. Göründüyü kimi, iddiaçı Zaqatala rayonu Əliabad Qəsəbəsində yerləşən 0,7262 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mülkiyyətçilərindən biridir və onun öz əmlakından öz istədiyi kimi istifadə etmək hüququ vardır və məhkəmə hesab edir ki, Cavabdeh Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 0,7262 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mülkiyyətçilərindən olan İddiaçı mülkiyyətində olan əmlakdan istifadə və sahiblik etməsinə qarşı yönəlmiş əmlaka daxil olmağa qoymamaqla müşayiət olunan qərəzli hərəkətləri qanunsuz hesab edilməli və cavabdehin həmin hərəkətlərinə son qoyulmalıdır. Məhkəmə iddia tələbinin hüquqi yardım məqsədi ilə vəkilə ödənilmiş 400(dörd yüz) manat pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi hissəsinə münasibət bildirərək hesab edir ki, iddia tələbi qeyd edilən hissədə də qismən təmin edilməlidir. Belə ki, qanunvericilikdə vəkilin göstərdiyi yardıma görə xərclər digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini nəzərdə tutur. Məhkəmə bununla bağlı qeyd edir ki, Avropa İnsan Hüquqları Məhkəməsinin X8rşı 04 oktyabr 2016-cı qərarında da göstərilmişdir ki, məhkəmə təcrübəsinə əsasən ərizəçiyə yalnız o halda çəkilən xərclərin və məsrəflərin əvəzi ödənilə bilər ki, həmin xərc və məsrəflərin həqiqətən, zəruri olaraq və ağlabatan kəmiyyətdə çəkilmiş olması göstərilsin. Hazırkı işdə iş materiallarını və yuxarıdakı meyarı nəzərə alaraq, Məhkəmə bu başlıq altında vəkilin göstərdiyi xidmətlər üçün xərclə bağlı 200 manat məbləğini təyin etməyi ağlabatan hesab edir. İddiaçı tərəfindən dövlət büdcəsinə ödədiyi 100 (bir yüz) manat dövlət rüsumu onun tərəfindən tələb edildiyinə görə həmin məbləğ cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 227.1 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə Qət etdi İddia qismən təmin edilsin. Ümumi birgə mülkiyyət hüququ əsasında İddiaçı məxsus Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən reyestr nömrəsi **********54 olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində 22 dekabr 2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə aparılmış qeydiyyatın rəsmiləşdirilməsinə dair çıxarışda göstərilən 0,7262 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən iddiaçının istifadə və sahiblik etməsinə qarşı yönəlmiş əmlaka daxil olmağa qoymamaqla müşayiət olunan Cavabdeh qərəzli hərəkətlərinə (maneələrə) son qoyulsun. Cavabdeh vəkilə ödənilmiş 200 (iki yüz) manat pul vəsaiti və 100 (bir yüz) manat dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar