Məhkəmə qərarları › İş №e-2(033)-881/2023

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-881/2023

18.10.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-881/2023 18.10.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlu sədrlik etməklə, məhkəmə iclasının katibi X9, İddiaçı və cavabdeh “Zaqatala Rayon Mərkəzi Xəstəxanası” X37 nümayəndəsi X16 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini idarəetmə birliyi “Zaqatala Rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsə qarşı əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxma üçün əmək haqqının ödənilməsi və pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi İddia tələbinin dəlilləri İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini idarəetmə birliyi “Zaqatala rayon Mərkəzi Xəstəxanası” X43 xx.xx.2023-cü il tarixli PHŞ-6-78/3-1-652/2023 saylı əmrinin ləğv edilməsi, işə bərpa olunmağına dair və məcburi iş buraxma günləri üçün əmək haqqı və cavabdehin ondan qanunsuz olaraq tutduğu 401,70 manat pulun cavabdehdən alınaraq ona qaytarılmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2020-ci ildən Zaqatala rayon Mərkəzi Xəstəxanasında sürücü vəzifəsində işləyir. İşlədiyi dövrdə heç bir inzibati tənbehi olmamışdır. Cavabdeh təşkilatın direktoru Tamara Nurəliyeva 18 may 2023-cü il tarixdə onu əmək funksiyasını yerinə yetirmədiyini və qanun pozuntusuna yol verərək dövlət vəsaitini mənimsədiyini səbəb göstərərək onu tutduğu vəzifədən azad etdiyini bildirmişdir. Heç bir əsas olmadan, heç bir xəbərdarlıq etmədən xx.xx.2023-cü il tarixdə əmr yazaraq onu işdən azad etmişdir. Beləliklə, əmək qanunvericiliyin tələbləri kobud şəkildə pozularaq onun hüquqları pozulmuşdur. O, heç bir qanun pozuntusuna yol verməmiş, əmək fəaliyyəti zamanı kobud səhvləri olmamışdır. Onu dövlət vəsaitini mənimsəməklə və müəssisəyə 401,70 manat maddi ziyan vurmağında günahlandıraraq, heç bir sübut növü olmadığı və əsas olmadığı halda ona böhtan atılaraq işdən çıxarılmışdır. Əgər o hansısa qanun pozuntusuna yol vermişdirsə və dövlət büdcəsinə maddi ziyan vurmuşsa cavabdeh bunu sübut etməlidir. xx.xx.2023-cü il tarixli PHŞ-6-78/3-1-652/2023 saylı əmrdə qeyd edilmişdir ki, “Zaqatala rayon Mərkəzi X27 şəxsin TTTY şöbəsində sürücü vəzifəsində çalışan İddiaçı əmək müqaviləsinə xx.xx.2023-cü il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi üçün xitam verilsin. Törətdiyi qanun pozuntuları səbəbindən dövlət vəsaitinin mənimsənilməsi nəticəsində müəssisəyə vurduğu ziyan (401,70 AZN) işçi ilə son haqq- hesab aparılarkən aylıq məvacibindən tutularaq müəssisəyə ödənilsin”. Həmin əmri qanuni hesab etmir. Əmək Məcəlləsinin tələblərinə əməl olunmadan o işdən çıxarılmışdır. Əmrdən açıq aydın görünür ki, onun Konstitusiya ilə müəyyən olunmuş əmək hüququ pozulmuşdur. Buna görə də həmin əmr ləğv edilməli və o işə bərpa olunmalıdır. Belə ki, o işdən Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndi ilə azad edilmişdir. Guya əmək funksiyasını yerinə yetirməmişdir. Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci bəndində deyilir ki, bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Həmin Məcəllənin 71-ci maddəsinin 3-cü bəndində deyilir ki, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Onun işdən çıxması barədə olan əmrlərdə Əmək Məcəlləsinin 70-ci maddənin “ç” bəndinin zəruriliyi əsaslandırılmamışdır. Hesab edir ki, aşağıda qeyd etdiyi qanunun maddələrinə əsasən onu qanunsuz işdən azad etmişlər. Əmək Məcəlləsinin 80-ci maddəsində qeyd olunur ki, bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Lakin Həmkarların onun işdən çıxarılmağına dair razılığı alınmamışdır. Məhkəmənin diqqətinə çatdırır ki, cavabdeh onu işdən çıxararkən və son haqq-hesab apararkən onun müəssisədən alacağı vəsaitindən 401,70 manat pulu mənimsəyərək ona verməmişdir. Cavabdeh təşkilatın belə bir səlahiyyəti yoxdur ki, işçinin əmək haqqısını müəssisəyə dəymiş ziyan əvəzinə əlindən alsın. Bu mübahisə ilə bağlı Konstitusiya Məhkəməsinin qərarı da vardır. Buradan görünür ki, cavabdeh təşkilatın rəhbəri işçilər üzərində özünü qanun hesab edir, yazdığı qanunsuz əmrlərlə işçiləri işdən azad edir, onların əmək haqqısını tutur və digər hüquqlarını pozmaqda davam edir. Onun əmək haqqını qanunsuz olaraq tutmağa səlahiyyəti olmadığı üçün bu hərəkət cinayət hesab olunur. Məhkəmə araşdırması zamanı həmin əmək haqqının tutulması sübuta yetiriləcək və buna görə də müvafiq tədbir görülməsini xahiş edir. İddia tələbinə qarşı etirazın dəlilləri Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini idarəetmə birliyi “Zaqatala Rayon Mərkəzi Xəstəxanası” X43 direktoru vəzifəsini müvəqqəti icra edən Vasif İsrafilzadə etirazla müraciət edərək İddiaçı “əmrin ləğv edilməsi, işə bərpa və sair tələbinə dair” iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı “əmrin ləğv edilməsi, işəbərpa və sair tələbinə dair” iddia ərizəsi ilə Zaqatala Rayon Məhkəməsinə müraciət ünvanlamışdır. Hal-Hazırda sözügedən mülki iş sizin icraatınızdadır. İddiaçının iddia ərizəsi ilə qəti surətdə razı deyil. İddiaçı tərəfindən verilən iddia ərizəsi tamamilə əsassızdır, biri digəri ilə uyğun gəlməyən formal faktlardan ibarətdir. Belə ki, Salahov X15 Rayon Mərkəzi Xəstəxanası PHŞ-in TTTY şöbəsinin sürücüsü vəzifəsində işlədiyi müddətdə əmək vəzifəsini kobud şəkildə pozaraq işlədiyi müəssisənin qanuni mənafeyinə ciddi xələl gətirmiş və dövlət vəsaitini mənimsəmişdir. Buna görə də, SİHİŞ-nın xx.xx.2023-cü il tarixli 211 nömrəli protokolu, Tibbi Şuranın xx.xx.2023-cü il tarixli 11 nömrəli protokolu, Maliyyə şöbəsinin şöbə müdiri M.Qardaşovun PHŞ-6-78/3- 446/2023 nömrəli təqdimatı, komissiya üzvlərinin imzaladıqları akt əsas gətirilərək müəssisənin direktoru Tamara Nurəliyevanın 19 may 2023-cü il tarixli, PHŞ-6-78/3-1- 652/2023 nömrəli əmri ilə işdən azad edilmişdir. İlk olaraq onu bildirir ki, “Zaqatala Rayon Mərkəzi Xəstəxanası” PHŞ-in Maliyyə şöbəsinin müdiri X17 tərəfindən aprel ayı üçün yanacaq sərfiyyatının hesabatı qəbul edilərkən sürücü İddiaçı etibar edilən azpetrol yanacaq kartından 309.04 litr artıq yanacaq alınması ilə bağlı Zaqatala Rayon Xəstəxanasına məlumat verilmişdir. Həmin məsələnin araşdırılması üçün müəssisənin maliyyə şöbəsinin müdiri Mütəllib Qardaşov tərəfindən yazılmış təqdimata əsasən, sürücü İddiaçı, dəstək xidmətləri şöbəsinin bölmə müdiri X18 və mexanik Əhmədov Elçindən izahatlar alınmışdır. Eyni məzmunlu izahatlar və aparılan araşdırmalar nəticəsində sürücü İddiaçı idarə etdiyi **-JR-*** nömrəli təcili yardım maşınının 888 km yürüş qət etdiyi və 150.96 litr sərf edilməli yanacağa qarşı 460 litr yanacaq azpetrol kartı ilə götürüldüyü məlum olmuşdur. Nəticədə 309.04 litr yanacaqdan artıq istifadə edilmişdir. Şəxs özü də izahatında təqsirini qəbul etmiş və yanacaq kartından artıq yanacaq aldığını etiraf etmişdir. İddiaçı ilə müəssisə arasında xx.xx.2023-cü il tarixli, 446 nömrəli “X44 haqqında” müqavilə bağlanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən “işçi”, “işəgötürən” in etibar etdiyi əmlaka və digər sərvətlərə vurduğu ziyana görə şəxsən məsuliyyət daşıyır və dəymiş ziyanı tam həcmdə “işəgötürən”ə ödəməlidir. Həmçinin müqaviləyə əsasən “işçi” vurduğu ziyana görə cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq, müəyyən edilmiş maddi ziyanın məbləğini ödəməyə borcludur. Sözügedən müqaviləni də, hazırki etiraza əlavə edir. Qeyd etdiyi hallardan görünür ki, İddiaçı yol verdiyi qanunsuz əməllərlə dövlət vəsaitini mənimsəmiş və müəssisənin nüfuz və etibarına ciddi xələl gətirmişdir Yuxarıda saydıqları hallardan görünür ki, iddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə Tamara Nurəliyeva tərəfindən verilən əmr qanunvericiliyin tələblərinə tamamilə uyğundur, iddiaçı tərəfindən verilən iddia ərizəsi rədd olunmalıdır. İddiaçının iddia ərizəsində qeyd etdiyi hallar uydurulmuş faktlardan ibarət olmaqla yanaşı heç bir hüquqi əsası mövcud deyildir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müafiə etdiyini və iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq göstərdi ki, o, 2013-cü ildən xəstəxanada işləmişdir. Son vaxtlarda Tamara xanım tərəfindən guya o benzin mənimsəməsi etmişdir. Birinci işdən çıxarırdılar ki, 201 manat neçəsə qəpik, sonra 300 manat olub, sonra 400 manat olub. 18 may işdən azad olmuşdur. Sonra işə getməmişdir. Bakıda qeyri-rəsmi sürücü işləyir. Dövlət işində maddə ilə çıxarıldığına görə işləyə bilmir. Suallara cavab olaraq bildirdi ki, Emil müəllimlə Gülanə doktor çağırdı ki, onlar deyən qaydada izahatı yaz, səni işdə saxlamağa köməklik edək. Emil müəllim ona zor tətbiq edib, qapını bağlayıb hədə-qorxu gəldi, lazımsız söhbətlər etdi. sənə cinayət işi açılacaq filan. 401 manat hardan olub bilmirəm. Maaşdan tutublar bilmirəm hansı qaydada. Əmək müfəttişliyinə müraciət etmişdir. Üçüncü qrup əlildir, iki körpə uşağı var. Onu mayda işdən çıxaran zaman tam bak benzin töküblər. may ayında olan benzin o Elçinlə bir yerdə zapravkada hardasa 10 mayda benzin tökmüşlər. Benzin maşının içində qalıb. o işlətməmişdir. O mayda maşını təhvil verəndə tam bak edib təhvil vermişdir. Bu maşın təcili yardımdı. 60-la da 150 ilə də gedə bilər. hər iki sürətdə eyni benzin yandıra bilməz axı. Mexaniklər yoxlayanda o yanında olmamışdır. Onu izahat yazmağa məcbur ediblər. Qapını bağlayıb saldı içəri. Öz xətti ilə yazmışdır. Dedi yoxsa sənə cinayət işi açılacaq filan. Məhkəmə baxışı iclasında iştirak edən cavabdeh “Zaqatala Rayon Mərkəzi Xəstəxanası” X37 nümayəndəsi X28 etirazda qeyd edilənlərə uyğun izahat verərək iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, xitamda da yazılıb. 401,70 qəpik son haqq-hesab tutulub mənimsəməyə görə. 1 apreldən 18 maya kimi olan məbləğdi. Aprel ayında ayrıca 309,4 qəpik, əlavə 101 manat isə may ayında. Çingiz özü də yazaraq bildirib ki, aprel ayı ərzində yol vərəqəsində də benzini götürüb satıbdır. Onların mexaniki Əhmədov Elçin tərəfindən bu aşkarlanıb. Onun izahatı da var. Hüşənov Bəxtiyar texniki dəstək bölməsinin müdiridir. Onlar tərəfindən aşkarlanıbdır. Onların da izahatları var. Onlar aşkarlayıblar ki, aprel ayı ərzində 309 litr benzin artıq sərf olunubdur. Bu aşkarlandıqdan sonra may ayını yoxlayıblar. May ayında da görüblər belə sərfiyyat var əlavə. Ona görə həmkarlar iclas keçirib, onların protokoluna əsasən işinə xitam verilib. Etiraz ərizəsini müdafiə edir. Apreldə 309 litr, 18 gündə hardasa 101 litr işlətmiş kimi görünür, amma işlətməyib. Apreldə 309 litr mənimsəyib, əlavə olaraq 18 gün mayda 100 litr, ümumi 400 litr mənimsəyib. Onu mexaniklər yoxlayıblar. İşin halları Zaqatala Rayon Mərkəzi Xəstəxanasının baş həkiminin xx.xx.2013-cü il tarixli əmrindən görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdən əmək müqaviləsi əsasında MRx-A 62 aa 032 NÖMRƏLİ Moskviç ******* markalı avtomaşına sürücü vəzifəsinə qəbul edilmişdir. İddiaçı məxsus 082258 nömrəli əmək kitabçasının 6-7-ci səhifələrindən görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixli əmrlə struktur dəyişiklik zamanı Zaqatala Rayon Mərkəzi Xəstəxanası PHŞ-də sürücü vəzifəsində saxlanılmışdır. xx.xx.2023-cü il tarixli əmrlə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyalarını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi üçün əmək müqaviləsinə xitam verilmişdir. Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini idarəetmə birliyi “Zaqatala Rayon Mərkəzi Xəstəxanası” X43 PHŞ-6-78/3-1-652/2023 nömrəli 19 may 2023-cü il tarixli əmrindən görünür ki, "Zaqatala Rayon Markəzi Xəstəxanası" X43 TTTY şöbəsində sürücü vəzifəsində çalışan İddiaçı əmək müqaviləsinə 18 may 2023-cü il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi üçün xitam verilməsi, törətdiyi qanun pozuntuları səbəbindən dövlət vəsaitinin mənimsənilməsi nəticəsində müəssisəyə vurduğu ziyan (401.70 AZN) işçi ilə son haqq-hesab aparılarkən aylıq məvacibindən tutularaq müəssisəyə ödənilməsi, işçi tərəfindən artıq istifadə edilən 2 təqvim günü əmək məzuniyyətinin işçinin əmək haqqından tutulması əmr edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi sosial müavinət və təqaüd haqqında arayışdan görünür ki, İddiaçı ümumi xəstəliyə görə İİİ qrup əlildir. X12 sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, İddiaçı və Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini idarəetmə birliyi “Zaqatala rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs Tamara Nurəliyevanın etibarnamə əsasında nümayəndəsi X28 İMS-den sonra mediasiya prosesinin davam etdärilməməsi barədə qərar qəbul etmişlər. 50 (əlli) manat məbləğində mediasıyaya dair xərci İddiaçı birtərəfli qaydada ödəmişdir. Zaqatala RMX PHŞ-nin direktoru tərəfindən təsdiq edilmiş 18 may 2023-cü il tarixli aktdan görünür ki, İddiaçı təhkim olunmuş xəstəxananın ** JR *** nömrəli Nissan Elgrand avtomobili təhvil alınan zaman avtomobildə 24 adda ehtiyat hiissə, avadanlıq və ləvazimat olmuş, İddiaçı avtomobilin təhvil-təslimi zamanı iştirak etməkdən imtina etmişdir. İşçi İddiaçı ilə işəğötürən Zaqatala Rayon Mərkəzi Xəstəxanası PHŞ-in direktoru X5 arasında bağlanmış 01 mart 2023-cü il tarixli 446 nömrəli X44 haqqında müqavilədən görünür ki, "İşçi”, ona "İşəgötürən’ tərəfindən əmək münasibətləri prosesində istifadə etmək, saxlanmaq və başqa məqsədlər üçün etibar edilmiş əmlak və digər sərvətlərin qorunub saxlanmasını tam məsuliyyəti ilə öz üzərinə goturür və aşağıdakı vəzifələrə əməl etməyə borcludur: İşəgötürənə vaxtlı-vaxtında öhdəsində olan əmlakın və digər sərvətlərin təhlükəsizliyi, yaranmış, yaxud yarana biləcək qüsurlar barədə məlumat verməli; İş yerində olan, “İşçi”-nin istifadə etməsinə icazə verilən və verilməyən istənilən əmlakla, avadanlıq, cihaz, ləvazimat, sənədlə ehtiyatlı, səliqəli davranmalı, onların istifadə qaydalarına riayət etməli, zədələnməsinə, məhv olmasına şərait yaradan şəkkdə istifadəyə özü tərəfindən və ya onun tərəfindən üçüncü şəxsə təqdim edildiyi təqdirdə həmin üçüncü şəxs tərəfindən yol verilməməsini təmin etməli; ‘İşçi”, işəgötürənin etibar etdiyi əmlaka və digər sərvətlərə vurduğu ziyana görə şəxsən məsuliyyət daşıyır və dəymiş ziyanı tam həcmdə “İşəgötürən”ə ödəməlidir. Bu müqavilə işçinin işlədiyi və ona etibar edilmiş maddi sərvətlərin saxlanıldığı bütün dövr ərzində qüvvədədir. Ziyan vurulduqdan sonra işçinin əmək münasibətlərinə xitam verilməsi onu maddi məsuliyyətdən azad etmir. Bu müqavilə üzrə “İşçi” vurduğu ziyana görə cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş maddi ziyanın məbləğini ödəməyə bocludur. İddiaçı Zaqatala Rayon Mərkəzi Xəstəxanası PHŞ-in direktoru X3 verdiyi izahatından görünür ki, 2023-cü il aprel ayı ərzində yol vərəqəsində yazılan gedişlərin ümumi məsafəsinə nisbətən sərf olunan 346 litr artıq yanacaq onun səhlənkarlığı ucbatından baş vermişdir. Ailə vəziyyəti ilə əlaqədar maddi sıxıntıları olduğu üçün xəstəxana rəhbərliyinə heç kimə məlumat vermədən belə bir addım atmışdır. Etdiyi hərəkətin üzrlü hesab edilməsini xahiş etmiş və birdə belə hərəkət təkrar olunmayacağını bildirmişdir. İzahatın özü tərəfindən yazıldığını imzası ilə təsdiq etmişdir. xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmış Dəstək xidmətləri Şöbəsinin Texniki dəstək bölməsinin mexaniki Elçin Əhmədov tərəfindən Zaqatala Rayon Mərkəzi Xəstəxanası PHŞ-in direktoru X3 verilmiş izahatdan görünür ki, maliyyə şöbəsində aprel ayı üzrə aylıq yanacaq hesabatı apararkən TTT-Y Şöbəsinin sürücüsü İddiaçı ay ərzində götürdüyü yanacaq kilometraja uyğun gəlmədiyi aşkar edilmişdir. xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmış Dəstək xidmətləri Şöbəsinin Texniki dəstək bölməsinin müdiri X6 Zaqatala Rayon Mərkəzi Xəstəxanası PHŞ-in direktoru X3 verdiyi izahatdan görünür ki, maliyyə şöbəsində aprel ayı üzrə aylıq yanacaq hesabatı aparılarkən TTTYS Şöbəsinin sürücüsü İddiaçı ay ərzində 460 litr yanacaq istifadə etdiyi və yolun məsafənin yanacağa uyğun gəlmədiyi aşkar olunmuşdur. xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmış Zaqatala Rayon Mərkəzi Xəstəxanası PHŞ-in direktoru X3 Maliyyə Şöbəsinin müdiri X17 tərəfindən verilmiş təqdimatdan görünür ki, aprel ayı üçün yanacaq sərfiyatının hesabatı qəbul edilərkən sürücü İddiaçı idarə etdiyi **-JR-*** nömrəli təcili yardım maşınının 888 km yürüş qət etdiyi və 150.96 litr sərf edilməli yanacağa qarşı 460 litr yanacağın azpetrol kartı ilə götürüldüyü, nəticədə 309.04 litr yanacaq artıq istifadə edildiyi qeyd edilmiş və məsələnin araşdırılmasını xahiş etmişdir. Zaqatala Rayon Mərkəzi Xəstəxanası PHŞ-in direktoru X5 tərəfindən 18 may 2023-cü il tarixli PHŞ-6-78/3-1-640/2023 nömrəli Zaqatala Rayon Mərkəzi X27 şəxsin Maliyyə şöbəsinin müdiri X7 TTTY şöbəsinin sürücüsü İddiaçı barəsində xx.xx.2023-cü ildə yazdığı təqdimata əsasən verilmiş əmrdən görünür ki, Zaqatala Rayon Mərkəzi X27 şəxsin TTTY şöbəsinin sürücüsü İddiaçı idarə etdiyi ** JR *** dövlət qeydiyyat nişanlı təcili tibbi yardım avtomobilinin təhvil-təslim işlərinin aparılması, avtomobilin yanacaq çənində xx.xx.2023-cü il tarixə olan mövcud qalıq yanacağın miqdarının ölçülməsi, bunun üçün komissiyanın sədri: Direktorun müavini-İlkin səhiyyə xidmətinin rəhbəri X26, komissiyanın üzvləri:- maliyyə şöbəsinin müdiri X17, TTTY şöbəsinin müdiri X19, Texniki dəstək bölməsinin müdiri X18, Texniki dəstək bölməsinin mexaniki X31 olmaqla komissiya yaradılması əmr edilmişdir. Maliyyə şöbəsinin müdiri X10 aprel-may ayları ərzində həmin avtomobilin qət etdiyi ümumi məsafə və alınmış yanacağın (həmçinin qalıq miqdarın) hesabatının aparılması tapşırılmışdır. Zaqatala Rayon SİHİŞ-nın xx.xx.2023-cü il tarixli 211 nömrəli protokolundan görünür ki, iclas iştirakıları tərəfindən Zaqatala RMX-sı PHŞ-in Direktorun inzibatı məsələlər üzrə üzrə müavini Emil Rüstəmovun və Maliyyə şöbəsinin müdiri Mütəllib Qardaşovun təqdimatlarının müzakirəsi eşidilərək, Zaqatala RMX-sı PHŞ-in TTTY şöbəsinin sürücüsü İddiaçı idarə etdiyi ** JR *** dövlət nömrə nişanlı təcili yardım maşınının aprel ayı ərzində qət etdiyi ümumi məsafəyə uyğun olmayaraq, yanacaq doldurma məntəqəsindən artıq yanacaq alması kimi qanunazidd əməl etdiyinə görə ona inzibati cəza tədbirinin görülməsinə RMX-nın Həmkarlar Şurasının etiraz etməməsi qərara alınmışdır. İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X29nə ünvanlandığı ərizədən görünür ki, o xx.xx.2013-cü il tarixli 491 saylı Əmrlə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına sürücü vəzifəsinə təyin edilmişdir. Özü də İİİ qrup əlildir. xx.xx.2018-ci il tarixdə RMX-üzrə 448 №li Əmrlə "Təsərrüfat heyətinin təcili yardım üzrə sürücüsü" vəzifəsinə keçirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının xx.xx.2019-cu il tarixlə 127 nömrəli qərar ilə Zaqatala MRX-sə əsasında "Zaqatala Rayon Mərkəzi Xəstəxanası" X46 yaradılmışdır. Həmin struktur dəyişikliyindən sonra da xx.xx.2020-ci il tarixli 2 saylı əmri ilə sürücü vəzifəsində saxlamışdır. İşinə həmişə diqqətlə, məsuliyyətlə yanaşmışdır. Təcili yardım avtomobili həmişə saz vəziyyətdə olmalı olduğu üçün lazım gəldikdə xəstəxana rəhbərliyi tərəfindən bəzi ehtiyat hissələr, şinlər verilmədikdə öz şəxsi vəsaiti hesabına alıb təcili yardım avtomobilini saz saxlamışdır. Əmək intizamına, verilən tapşırıqlara layiqincə əməl etmişdir. Avtomobil nisbətən artıq benzin israf etdiyindən normativlərə uyğun benzin - yanacaq silindikdən sonra qalıq borcu olarsa dəfələrlə öz hesabına bərpa etmişdir. Lakin son vaxtlar naməlum səbəbdən rəhbərliyin ona münasibəti dəyişmiş və sonda 401 litr yanacaq kəsri olduğu bildirilmiş, kəsr olan benzinin dəyərini əmək haqqı hesabına ödəyəcəyinə söz verdiyi və 1 bak- 8- litr öz vəsaiti ilə aldıqdan sonra onu işdən azad edib maşını əlindən almışlar. Sonradan “Zaqatala Rayon Mərkəzi Xəstəxanası" X43 19 may 2023-cü il tarixli PHŞ-6-78/3-1-652/2023 nömrəli əmri ilə "Əmək müqaviləsinə xitam verilməsi" barədə məlumat aldıqda ona məlum olmuşdur ki, o işdən kənarlaşdırılaraq yerinə başqasını gətirmək üçün şər, böhtan atmışlar. Belə ki, əmrdə guya onun Əmək Məcəlləsinin 70-cı maddəsini "C” bəndinə əsasən "işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi üçün xitam verildiyi" göstərilmişdir. O, işinə həmişə məsuliyyətli yanaşmışdır, bütün çağırışlara tərəddutsüz-təcili getmişdir, işin öhdəsindən layiqincə gəldiyini bildirmişdir. Görünür işin arxasında qaranlıq məqamlar, rüşvət faktoru var qeydi edərək onun işinə bərpa olunmağı üçün lazımi köməklik edilməsini xahiş etmişdir. İddiaçı X29 Xidməti X4 verdiyi izahatdan görünür ki, o, Zaqatala RMX-də 2013-cü ildən sürücü vəzifəsində işləyir. 18 may 2023-cü il tarixdə onunla bağlanmış əmək müqaviləsinə əmək məcəlləsinin 70-ci maddəsinin C bəndinə ıəsasən xitam verilmişdir. İdarə etdiyi Təcili tibbi yardım maşınının yanacaq çəni deşildiyindən ay ərzində xeyli yanacaq itkisi olmuş və ümumilikdə 309 litr benzin israf edilmiş və bu səbəbə görə onu 70-ci maddəsinin c bəndi ilə işdən azad etmişdirlər. 309 litr yanacağın dəyəri ona ödənilməli olan əmək haqqından tutulmuşdur. İşdən azad olunduqdan sonra son haqq hesab ona xx.xx.2023-cü il tarixdə ödənmişdir. 2023-cü ilin may ayında onun əmək haqqından 401 manat tutulma olmuşdur. Onun işdən azad olunması ilə bağlı rəhbərliklə 3-4 iclas keçirilmişdir. Həmin iclaslarda onun tərəfindən müəssisəyə vurulmuş zərərlə əlaqədar olaraq onun işdə qalıb qalmaması məsələlərinə baxılmışdır. Zaqatala Rayon Mərkəzi Xəstəxanası PHŞ-in 02 iyun 2023-cü il tarixli PHŞ-6- 78/3-581/2023 nömrəli arayışdan görünür ki, İddiaçı 2023-cü ilin may ayının əmək haqqı cədvəlində 697.05 azn əmək haqqı hesablanmışdır. Hesablanan əmək haqqından Zaqatala RMX PHŞ-nin 19 may 2023 6-78/3-1-652/2023 əmrinə əsasən fevral ayında artıq ödənilən əmək məzuniyyətinin 2 günü 80.68 azn və mənimsənən dövlət vəsaiti 401.70 azn tutulmuşdur. İşçinin şəxsi hesabına tutumlardan sonra 117.88 azn köçürülmüşdür. X29 Xidməti X11 tərəfindən İddiaçı ünvanlanmış məktubdan görünür ki, sonuncuya “Sizin “Zaqatala rayon Mərkəzi Xəstəxanası” X14suz olaraq işdən azad edilməyiniz ilə bağlı X29 Xidmətinə ünvanladığınız müraciətə Xidmətin X4 tərəfimizdən baxılmışdır. Daxil olmuş müraciətin araşdırılması ilə bağlı tərəfimizdən “Zaqatala rayon Mərkəzi Xəstəxanası” X41 sizə aid kadr və mühasibatlıq sənədlərinin təqdim edilməsi ilə bağlı xx.xx.2023-cü il tarixdə rəsmi məktub göndərilmişdir. “Zaqatala rayon Mərkəzi Xəstəxanası” X36 məktubla daxil olmuş Sizə aid kadr və mühasibatlıq sənədlərinə baxış keçirilərkən məlum olmuşdur ki, siz xx.xx.2013-cü il tarixdən “Zaqatala rayon Mərkəzi Xəstəxanası” X38 sürücü vəzifəsinə təyin edilmisiniz. İşinizdə yol verdiyiniz nöqsanlara əsasən təcili tibbi yardım avtomobilini idarə edərkən qəza törətdiyinizə görə xx.xx.2021-ci il tarixdə rəhbərlik tərəfindən sizə sonuncu xəbərdarlıq edilməklə şiddətli töhmət verilmişdir. 2023-cü ilin aprel ayında siz idarə etdiyiniz ** JR *** dövlət qeydiyyat nişanlı təcili yardım avtomobili ilə qət etdiyiniz məsəfənin və istifadə etdiyiniz benzin yanacağının hesabatı aparılarkən məlum olmuşdur ki, tərəfinizdən Aİ-92 markalı 401.70 litr yanacaq alınmış və 401.70 manat məbləğində vəsait mənimsənilmişdir. Sizin “Zaqatala rayon Mərkəzi Xəstəxanası” X41 təqdim etdiyiniz yazılı izahatınızda 346 litr yanacağın səhlənkarlığınız ucbatından, ailə vəziyyəti ilə əlaqədar maddi sıxıntılarınız olduğu üçün heç kimə məlumat vermədən belə addım atdığınız qeyd edilmişdir. Həmçinin “Zaqatala rayon Mərkəzi Xəstəxanası” X46 ilə sizin aranızda xx.xx.2023-cü il tarixli, 446 nömrəli X44 haqqında müqavilə imzalanmışdır. Həmin müqavilə üzrə tərəflərin istifadəsində olan əmlakın saxlanılması, qorunması, əmlak ilə davranış, əmlakda yaranmış qüsur ilə bağlı məlumat verilməsi, həmçinin tərəflərdən birinin digərinə vurduğu ziyana görə məsuliyyəti müəyyən edilmişdir. İşinizdə yol verdiyiniz nöqsanlar “Zaqatala rayon Mərkəzi Xəstəxanası” X37 Tibbi Şurasının və “Zaqatala rayon Mərkəzi Xəstəxanası” X37 Həmkarlar təşkilatı tərəfindən müzakirə edilmiş, qeyd olunan faktlar öz təsdiqini tapmış və sizin işdən azad edilməniz ilə bağlı qərar qəbul edilmişdir. Həmin qərarlar üzrə “Zaqatala rayon Mərkəzi Xəstəxanası” X37 direktorunun xx.xx.2023-cü il tarixli PHŞ-6-78/3-1-652/2023 nömrəli əmri ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndi ilə sizinlə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Sizinlə bağlanmış əmək müqaviləsinə xitam verilərkən “Zaqatala rayon Mərkəzi Xəstəxanası” X41 vurduğunuz 346 manat zərər və artıq istifadə etdiyiniz 2 təqvim məzuniyyət günü üzrə 55.7 manat ümumilikdə 401.70 manat vəsait tutulmuş, geri qalan 117.88 manat vəsait xx.xx.2023-cü il tarixdə sizin kart hesabına köçürülmüşdür. Sizinlə bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə xitam verilməsinə baxmayaraq son hesablaşma sizə xx.xx.2023-cü il tarixdə hesablanıb ödənilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Yuxarıda qeyd olunanlara əsasən “Zaqatala rayon Mərkəzi Xəstəxanası” X37 maliyyə şöbəsinin müdiri X24 tərəfimizdən inzibati məsuliyyətə cəlb edilmişdir. Müraciətdə qeyd etdiyiniz iddianız ilə bağlı məhkəməyə müraciət etmək hüququnuz vardır.” məzmununda cavab verilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 2.3-cü maddəsinə əsasən ailə, əmək münasibətləri, təbii ehtiyatlardan istifadə, ətraf mühitin mühafizəsi, müəlliflik hüququ və əlaqədar hüquqlar ilə bağlı münasibətlər, əgər ailə, əmək, torpaq, təbiəti mühafizə, müəlliflik və digər xüsusi qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar ilə tənzimlənir. Azərbaycan Respublikası Əmək Məcəlləsi 10-cu maddəsinə əsasən a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; c) əməyin təhlükəsizliyi normalarına əməl etmək; ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; d) dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; ə) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; f) əmək qanunvericiliyinin tələblərinə əməl etmək əmək müqaviləsi üzrə işçinin əsas vəzifəsidir. 68-ci maddəsinin 1-ci bəndinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 68-ci maddəsinin 2-ci bəndinə əsasən a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar əmək müqaviləsinə xitam verilməsinin əsaslarıdır. 70-ci maddəsinin “ç” bəndinə görə, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda onunla əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 71-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. 71-ci maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. 72-ci maddəsinin “c” bəndinə əsasən təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. 83-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. 83-cü maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. 186.1-ci hissəsinə əsasən işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından suiistifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. 186.2-ci hissəsinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək. 192-ci maddəsinə əsasən tərəflərin maddi məsuliyyəti işəgötürənin və işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyi andan başlayır. Tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. 194-cü maddəsinə əsasən ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. Ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. 300-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.3-cü və 217.4-cü maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu 9.1-ci maddəsinə əsasən, əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmənin mövqeyi Məhkəmə, məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmamalıdır. Belə ki, məhkəmə araşdırılmasında müəyyən edildi ki, iddiaçı Salahov X15 Rayon Mərkəzi Xəstəxanasının baş həkiminin xx.xx.2013-cü il tarixli əmrinə əsasən Rayon Mərkəzi Xəstəxanasına sürücü vəzifəsinə işə qəbul edilmişdir. İddiaçı xx.xx.2020-ci il tarixli əmrlə struktur dəyişiklik zamanı Zaqatala Rayon Mərkəzi Xəstəxanası PHŞ-də sürücü vəzifəsində saxlanılmışdır. 01 mart 2023-cü il tarixdə iddiaçı ilə cavabdeh Publik hüquqi şəxs arasında 446 nömrəli X44 haqqında müqavilə də imzalanmışdır. Həmin müqaviləyə əsasən işçi olan iddiaçı işəgötürən olan cavabdeh tərəfindən etibar etdiyi əmlaka və digər sərvətlərə vurduğu ziyana görə şəxsən məsuliyyət daşımağı və dəymiş ziyanı tam həcmdə cavabdehə ödəməyi öhdəsinə götürmüşdür. Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Dəstək xidmətləri Şöbəsinin Texniki dəstək bölməsinin mexaniki Elçin Əhmədov və həmin bölmənin müdiri X20 tərəfindən sürücü İddiaçı tərəfindən ay ərzində 460 litr yanacaq istifadə etdiyi və götürdüyü yanacağın kilometraja uyğun gəlmədiyi aşkar edilmişdir. xx.xx.2023-cü il tarixdə Zaqatala Rayon Mərkəzi X13 müdiri X2 hüquqi şəxsin direktoruna təqdimatla müraciət edərək sürücü İddiaçı idarə etdiyi **-JR-*** nömrəli təcili yardım maşınının 888 km yürüş qət etdiyi və 150.96 litr sərf edilməli yanacağa qarşı 460 litr yanacağın azpetrol kartı ilə götürüldüyü, nəticədə 309.04 litr yanacağın artıq istifadə edildiyi qeyd edilmiş və məsələnin araşdırılmasını xahiş etmişdir. Məsələ ilə bağlı Zaqatala Rayon Mərkəzi Xəstəxanasında İddiaçı izahatı alınmış və sonuncu öz səhlənkarlığı ucbatından aprel ayı ərzində 346 litr artıq yanacaq sərfinin olduğunu və ailə vəziyyəti ilə əlaqədar maddi sıxıntıları olduğu üçün xəstəxana rəhbərliyinə heç kimə məlumat vermədən belə bir addım atdığını bildirmişdir. İzahat iddiaçının imzası ilə təsdiq edilmişdir. Baş vermiş halla bağlı xx.xx.2023-cü il tarixdə Həmkarlar ittifaqının iclası keçirilmiş və 211 nömrəli protokol tərtib edilmişdir. Həmin protokolda Zaqatala RMX-sı PHŞ-in Direktorun inzibatı məsələlər üzrə müavini Emil Rüstəmovun və Maliyyə şöbəsinin müdiri Mütəllib Qardaşovun təqdimatlarının müzakirəsi eşidilərək, Zaqatala RMX-sı PHŞ-in TTTY şöbəsinin sürücüsü İddiaçı idarə etdiyi ** JR *** dövlət nömrə nişanlı təcili yardım maşınının aprel ayı ərzində qət etdiyi ümumi məsafəyə uyğun olmayaraq, yanacaq doldurma məntəqəsindən artıq yanacaq alması kimi qanunazidd əməl etdiyinə görə ona inzibati cəza tədbirinin görülməsinə RMX-nın Həmkarlar Şurasının etiraz etməməsi qərara alınmışdır. Zaqatala Rayon Mərkəzi Xəstəxanası PHŞ-in direktoru X1 Rayon Mərkəzi X27 şəxsin Maliyyə şöbəsinin müdiri X7 TTTY şöbəsinin sürücüsü İddiaçı barəsində xx.xx.2023-cü ildə yazdığı təqdimata əsasən xx.xx.2023-cü il tarixdə Zaqatala Rayon Mərkəzi X27 şəxsin TTTY şöbəsinin sürücüsü İddiaçı idarə etdiyi ** JR *** dövlət qeydiyyat nişanlı təcili tibbi yardım avtomobilinin təhvil-təslim işlərinin aparılması, avtomobilin yanacaq çənində xx.xx.2023-cü il tarixə olan mövcud qalıq yanacağın miqdarının ölçülməsini əmr etmişdir. Əmrin icrası ilə əlaqədar 18 may 2023-cü il tarixdə akt tərtib edilmiş və İddiaçı təhkim olunmuş xəstəxananın ** JR *** nömrəli Nissan Elgrand avtomobili təhvil alınan zaman avtomobildə 24 adda ehtiyat hiissə, avadanlıq və ləvazimat olduğu müəyyən edilmiş və İddiaçı avtomobilin təhvil-təslimi zamanı iştirak etməkdən imtina etmişdir. Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini idarəetmə birliyi “Zaqatala Rayon Mərkəzi Xəstəxanası” X43 direktoru Tamara Nurəliyevanın PHŞ-6-78/3-1-652/2023 nömrəli 19 may 2023-cü il tarixli əmri ilə "Zaqatala Rayon Markəzi Xəstəxanası" X43 TTTY şöbəsində sürücü vəzifəsində çalışmış İddiaçı əmək müqaviləsinə 18 may 2023cü il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən xitam verilməsi, törətdiyi qanun pozuntuları səbəbindən dövlət vəsaitinin mənimsənilməsi nəticəsində müəssisəyə vurduğu ziyanın (401.70 AZN) cavabdeh ilə son haqq-hesab aparılarkən aylıq məvacibindən tutularaq müəssisəyə ödənilməsi, işçi tərəfindən artıq istifadə edilən 2 təqvim günü əmək məzuniyyətinin işçinin əmək haqqından tutulması əmr edilmişdir. İddiaçı bundan sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X29nə müraciət edərək işə bərpa olunmağı üçün lazımi köməklik edilməsini xahiş etmişdir. Onun müraciəti əsasında X29 Xidməti X4 araşdırma aparılmışdır. Araşdırma zamanı yalnız haqqhesabın gecikdirilərək ödənilməsi işəgötürən tərəfindən yol verilmiş pozuntu kimi aşkar edilmişdir. İddiaçı hazırda iddia tələbi ilə müraciət edərək onun işdən azad olunması ilə bağlı verilmiş xx.xx.2023-cü il tarixli əmrin ləğv edilməsini, işə bərpa olunmasını, məcburi iş buraxmaya müddəti üçün əmək haqqının ödənilməsini və əmr əsasında ondan tutulmuş 401,70 manat vəsaitin ona qaytarılmasını xahiş edir. Cavabdeh iddia tələbini qəbul etmir və xx.xx.2023-cü il tarixli əmrin tam qanuni olduğunu əsas gətirərək iddia tələbinin rədd edilməsini xahiş edir. Məhkəmə iddia tələbinin “Zaqatala rayon Mərkəzi Xəstəxanası” X43 xx.xx.2023-cü il tarixli PHŞ-6-78/3-1-652/2023 saylı əmrin ləğv edilməsi hissəsinə münasibət bildirərək hesab edir ki, əmr qəbul edilərkən əmək qanunvericiliyinə tam riayət edildiyindən iddia tələbi qeyd edilən hissədə rədd edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmiş hallardan görünür ki, iddiaçı Zaqatala Rayon Mərkəzi X27 şəxslə işlədiyi dövrdə həmin müəssisə ilə bağladığı X44 müqaviləsi əsasında üzərinə götürdüyü və əmək məcəlləsi ilə üzərinə qoyulmuş vəzifələrə riayət etməyərək işlədiyi müəssisəyə maddi ziyan vurmuşdur. Bu fakt işəgötürən-cavabdeh tərəfindən araşdırılarkən iddiaçının 2023-cü ilin aprel ayında öz səhlənkarlığı ucbatından 346 litr artıq yanacaq sərfiyyatına yol verdiyi sonuncu tərəfindən etiraf edilmişdir. Bundan başqa, iddiaçı Əmək Müfəttişliyində izahat verərkən idarə etdiyi Təcili tibbi yardım maşınının yanacaq çəni deşildiyindən ay ərzində xeyli yanacaq itkisi olduğunu bildirmiş, məhkəmə iclasında isə həmin yanacağın idarə etdiyi avtomobilin sərf etdiyini qeyd etmişdir. Cavabdeh “Zaqatala rayon Mərkəzi Xəstəxanası” X46 iddiaçının 346 litr artıq yanacaq sərfiyyatına yol verməsi ilə bağlı araşdırma aparmış və bundan sonra onun yol verdiyi pozuntu ilə bağlı işdən azad edilməsi məsələsi ilə Həmkarlar Şurasına müraciət etmiş və İddiaçı yanacaq doldurma məntəqəsindən artıq yanacaq alması kimi qanunazidd əməl etdiyinə görə ona inzibati cəza tədbirinin görülməsinə RMX-nın Həmkarlar Şurasının etiraz etməməsi qərara alınmışdır. Göründüyü kimi, iddiaçı üç dəfə ziddiyyətli izahatlar verərək məsuliyyətdən yayınmağa çalışmışdır. Məhkəmə qeyd edilənlərə məcmu halda qiymət verərək hesab edir ki, iddiaçının göstərdiyi xüsusatlar iş materiallarında olan sübutlarla təkzib olunur, göstərilən hallar məsuliyyətdən yayınmaq məqsədi güdür və işin faktiki hallarını əks etdirmir. Məhkəmə iddiaçının yuxarıda qeyd edilən dəlillərini ümumilikdə əsassız hesab edir və həmin dəlilləri məsuliyyətdən yaxa qurtarmaq cəhdi kimi qiymətləndirir. Bundan başqa, məhkəmə iddiaçının Zaqatala Rayon Məhkəməsində verdiyi “Zaqatala RMX-da təzyiq altında izahat verməsi ilə” bağlı və X23 “ona təhkim olunmuş avtomobilin yanacaq bakında dəlik olduğu üçün artıq yanacaq sərfiyyatına yol verilməsi ilə bağlı” verdiyi izahata münasibətdə bir daha qeyd edir ki, iddiaçı hər iki izahatda göstərilənləri təsdiq edə biləcək əsaslı, şübhə doğurmayan sübut təqdim edə bilməmişdir. İddiaçının “yanacaq doldurma məntəqəsindən artıq yanacaq alması” işəgötürən olan cavabdehə əlavə maddi xərclər yaratmış və iddiaçı öz hərəkətləri ilə Zaqatala Rayon Mərkəzi X27 Şəxsə maddi ziyan vurmuşdur. Əmək münasibətlərini tənzimləyən Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən təqsirli hərəkətləri nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab olunur və bu hal işə götürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi üçün əsasdır. Qeyd edilənlərə əsasən məhkəmə belə hesab edir ki, həmkarların rəyi də nəzərə alınmaqla cavabdeh əsaslı olaraq PHŞ-6-78/3-1-652/2023 nömrəli 19 may 2023-cü il tarixli əmri qəbul edərək məhz yol verdiyi nöqsana görə iddiaçı ilə aralarında olan müqaviləyə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən xitam vermişdir. Daha sonra məhkəmə iddia tələbinin “işə bərpa, məcburi iş buraxma üçün əmək haqqının ödənilməsi və pulun cavabdehdən alınaraq iddiaçıya verilməsi” hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia tələbinin həmin hissəsi tələbin ilk hissəsi olan “xx.xx.2023-cü il tarixli PHŞ-6-78/3-1-652/2023 saylı əmrin ləğv edilməsi” hissəsindən törəmə tələbdir. Məhkəmənin qənaətinə görə, cavabdehin qanuni və əsaslı olan xx.xx.2023-cü il tarixli PHŞ-6-78/3-1-652/2023 saylı əmri ləğv edilmədən həmin əmrin nəticələrinin ləğv edilməsinə yönəlmiş hərəkətlər edilməsi ilə bağlı iddia tələbinin işə bərpa, məcburi iş buraxma üçün əmək haqqının ödənilməsi və pulun cavabdehdən alınaraq iddiaçıya verilməsi” hissəsinin təmin olunmasından söhbət gedə bilməz. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi də ümumilikdə əsaslı hesab edilərək təmin edilə bilməz. Gəldiyi qənaətin əsaslarına uyğun olaraq məhkəmə iddia tələbinin digər hissələrinə münasibət bildirilməsini ümumiyyətlə zəruri hesab etməyərək özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipi ilə əsaslandırır. Mülki Prosessual Məcəllənin 80-ci maddəsində əksini tapmış həmin prinsipə əsasən məhkəmə prosesində yalnız elə faktlarla və hallarla bağlı sübutlar nəzərə alınmalıdır ki, onlar işin həlli üçün hüquqi baxımdan əhəmiyyət kəsb etsinlər. Şərh edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini idarəetmə birliyi “Zaqatala Rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsə qarşı əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxma üçün əmək haqqının ödənilməsi və pul tələbinə dair iddia ərizəsi rədd edilməlidir. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödədiyi 50 manat məbləğində pul vəsaiti onun özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 227.1 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə Qət etdi İddiaçı cavabdeh Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini idarəetmə birliyi “Zaqatala Rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsə qarşı əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxma üçün əmək haqqının ödənilməsi və pul tələbinə dair iddiası rədd edilsin. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödədiyi 50 (əlli) manat məbləğində pul vəsaiti özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar