Məhkəmə qərarları › İş №e-2(033)-9/2025

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-9/2025

17.09.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-9/2025 17.09.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X28 Əli qızının katibliyi, Cavabdeh1 nümayəndəsi vəkil Nümayəndə iştirakı ilə, İddiaçılar X3 və İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən cavabdeh tərəfində üçüncü şəxs X17 qarşı “torpaq sahəsinin naturada bölünməsi, bu mümkün olmadıqda paylarının dəyəri olan pulun ödənilməsi, pulun ödənilməsindən imtina edildikdə torpaq sahəsinin açıq hərracda satılaraq əldə olunmuş pul vəsaitinin mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia tələbi və dəlilləri: İddiaçılar X12 və İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “torpaq sahəsinin naturada bölünməsi, bu mümkün olmadıqda paylarının dəyəri olan pulun ödənilməsi, pulun ödənilməsindən imtina edildikdə torpaq sahəsinin açıq hərracda satılaraq əldə olunmuş pul vəsaitinin mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi” tələbi barədə iddia ərizəsi ilə müraciət edərək, Zaqatala şəhəri, H.Əliyev prospekti ev 29-da yerləşən 0.04 ha həyətyanı torpaq sahəsinin İddiaçı, X12, X20 ilə Cavabdeh1 və Cavabdeh2 arasında naturada bölünməsi, əgər bu mümkün olmadığı halda Zaqatala şəhəri, H.Əliyev prospekti ev 29-da yerləşən 0.04 ha həyətyanı torpaq sahəsinin 1/5 (hər birinə 1/15 olmaqla) hissə olan paylarını almaqda üstünlük hüququ olan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən paylarının dəyəri olan 15000 (on beş min) manat pul məbləğinin onlara ödənilməsi, Zaqatala şəhəri, H.Əliyev prospekti ev 29da yerləşən 0.04 ha həyətyanı torpaq sahəsinin 1/5 (hər birinə 1/15 olmaqla) hissə payının dəyərinin cavabdehlər tərəfindən onlara ödənilməsindən imtina edildiyi təqdirdə Zaqatala şəhəri, H.Əliyev prospekti ev 29-da yerləşən 0.04 ha həyətyanı torpaq sahəsinin açıq hərracda satılaraq, əldə olumuş pul vəsaitinin mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi və ödənilmiş 135 manat dövlət rüsumunun cavabdehlərdən alınaraq onlara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, Zaqatala şəhəri, H.Əliyev prospekti ev 29da yerləşən 0.04 ha həyətyanı torpaq sahəsindən hər birinə 1/15 hissə olmaqla onların mülkiyyətinə verilmişdir. Hazırda cavabdehlər onlara düşən payı əldə etməyə imkan vermirlər. Ona görə ki, gəlin köçdüyü evdə Cavabdeh1 öz ailəsi ilə, həyətyanı sahədə tikilmiş 2-ci evdə isə eltisi Cavabdeh2 uşaqları ilə birlikdə yaşayır. Həyat yoldaşı vəfat etmişdir. Ona görə də Zaqatala şəhəri, H.Əliyev prospekti ev 29-da yerləşən 0.04 ha həyətyanı torpaq sahəsinin aralarında naturada bölünməsi, əgər bu mümkün olmadığı halda Zaqatala şəhəri, H.Əliyev prospekti ev 29-da yerləşən 0.04 ha həyətyanı torpaq sahəsinin1/5 (hər birinə 1/15 olmaqla) düşən hissə olan paylarını almaqda üstünlük hüququ olan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən paylarının dəyəri olan 15000 (on beş min) manat pul məbləğinin onlara ödənilməsi, Zaqatala şəhəri, H.Əliyev prospekti ev 29-da yerləşən 0.04 ha həyətyanı torpaq sahəsinin 1/5 (hər birinə 1/15 olmaqla) hissə payının dəyərinin cavabdehlər tərəfindən onlara ödənilməsindən imtina edildiyi təqdirdə Zaqatala şəhəri, H.Əliyev prospekti ev 29-da yerləşən 0.04 ha həyətyanı torpaq sahəsinin açıq hərracda satılaraq, əldə olmuş pul vəsaitinin mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsini istəyirlər. Hesab edirlər ki, 0.04 ha həyətyanı torpaq sahəsindən onlara düşən paylarının başqa yolla əldə etmələri mümkün deyildir. Ona görə də məhkəməyə iddia ərizəsi ilə müraciət etməli olmuşlar. 20 avqust 2025-ci il tarixdə keçirilən məhkəmə iclasında X22 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən cavabdeh tərəfində üçüncü şəxs qismində mülki işə cəlb edilmişdir. Mübahisəli əmlakda X6, X4 və X9 payları olduğundan, lakin onlar yetkinlik yaşına çatmadıqları üçün və onların qanuni nümayəndələri hazırki iş üzrə tərəf olduğundan, yəni X6 və X4 anası Cavabdeh2, X9 anası İddiaçı olduğundan məhkəmə hesab edir ki, qanuni nümayəndələri olaraq bütün hüquq və vəzifələri onlar tərəfindən həyata keçirildiyi üçün məhkəmə iclaslarına tərəf kimi cəlb olunmalarına zərurət yoxdur. İddia tələbinə qarşı etirazın dəlilləri: İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Tərəflərin izahatları 20 avqust 2025-ci il tarixdə keçirilən məhkəmə iclasında İddiaçı nümayəndəsi Vəkil2 iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 nümayəndəsi vəkil Nümayəndə məhkəmə iclasında iddia tələbini qəbul etməyərək bildirdi ki, fərdi yaşayış evinin texniki pasportundan görünür ki, evdən tərəflərin hər birinə 2-3 kv.m pay düşür. Həmin payların bölünməsi mümkün deyildir. Tərəflərin hər birinə giriş - çıxış yeri qoyulmalıdır. Piyada keçid kimi bır cığır qoyulmuşdur. Ekspert rəyində qeyd etmişdir ki, fərdi yaşayış evi bölündükdən sonra torpaq sahəsinin bölünməsi məsələsinə baxılması mümkün olacaqdır. Lakin fərdi yaşayış evinin bölünməsi mümkün deyildir. Buna görə də torpaq sahəsi də bölünə bilməz. Odur ki, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. 30 yanvar 2024-cü il tarixdə şahid qismində dindirilmiş X33 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDKR publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsində mühəndis vəzifəsində işləyir. Mübahisəli ərazidə yerləşən fərdi yaşayış evi və qeyri yaşayış tikililəri bölündükdən sonra torpaq sahəsinin bölünməsinə baxıla bilər. 4 sot torpaq sahəsi fərdi yaşayış evi nəzərə alınmadan bölünə bilər. 12 avqust 2025-ci il tarixdə İddiaçı nümayəndəsi Vəkil2 məhkəməyə ərizə ünvanlayaraq mülki işə iştirakı olmadan baxılmasını xahiş etmiş, digər iddiaçı X7, Cavabdeh2, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən cavabdeh tərəfində üçüncü şəxs qarşı X17 isə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin üzrlü olması barədə sübut təqdim etməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən həmin şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Yazılı sübutlar Qax RİHB-ın İlisu kənd ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş AZ-İİ 321395 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 14 aprel 2015-ci ildə vəfat etmişdir. Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ 321394 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X2 13 dekabr 2004-cü ildə vəfat etmişdir. Zaqatala rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ 836394 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X21 14 noyabr 2016-cı ildə vəfat etmişdir. Zaqatala rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ 987007 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X23 26 yanvar 2019-cu ildə vəfat etmişdir. Zaqatala rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X18 09 oktyabr 2020-ci ildə vəfat etmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala ərazi idarəsinin 28 avqust 2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən 0.04 ha həyətyanı torpaq sahəsinin iddiaçılar X3 və İddiaçı hər birinin payına düşən 1/15 hissəsinin, X9 payına düşən 1/15 hissəsindən, Cavabdeh1 payına düşən 3/15 hissədən və X14 payına düşən 3/15 hissədən ayıraraq naturada bölünməsi ilə bildirilmişdir ki, bağlı mübahisəli ərazidə yerləşən fərdi yaşayış evi və qeyri yaşayış tikililəri bölündükdən sonra torpaq sahəsinin bölünməsinə baxıla bilər. Mübahisəli torpaq sahəsinin naturada yerləşmə vəziyyəti, ölçüləri, sahəsi və koordinatlar, tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16- 16/2-10/7240 saylı 07 noyabr 2023-cü il tarixli rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən 0.04 ha həyətyanı torpaq sahəsinin iddiaçılar X3 və İddiaçı hər birinin payına düşən 1/15 hissəsinin, X9 payına düşən 1/15 hissəsindən, Cavabdeh1 payına düşən 3/15 hissədən və X14 payına düşən 3/15 hissədən ayıraraq naturada bölünməsi ilə bağlı bildirilir ki, mübahisəli ərazidə yerləşən fərdi yaşayış evi və qeyri yaşayış tikililəri bölündükdən sonra torpaq sahəsinin bölünməsinə baxıla bilər. Mübahisəli torpaq sahəsinin naturada yerləşmə vəziyyəti, ölçüləri, sahəsi və koordinatları tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. 07 noyabr 2023-cü il tarixli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş qeydiyyat nömrəsi ********** olan Çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanda 0,04 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evinin 2/32 hissəsi və torpaq sahəsinin 606/2400 hissəsi Cavabdeh1, fərdi yaşayış evinin 1/32 hissəsi və torpaq sahəsinin 207/2400 hissəsi X3, fərdi yaşayış evinin 1/32 hissəsi və torpaq sahəsinin 207/2400 hissəsi X9, fərdi yaşayış evinin 8/32 hissəsi və torpaq sahəsinin 24/2400 hissəsi X5, fərdi yaşayış evinin 8/32 hissəsi və torpaq sahəsinin 24/2400 hissəsi X1, fərdi yaşayış evinin 1/32 hissəsi və torpaq sahəsinin 47/2400 hissəsi X6, fərdi yaşayış evinin 1/32 hissəsi və torpaq sahəsinin 47/2400 hissəsi X4, fərdi yaşayış evinin 2/32 hissəsi və torpaq sahəsinin 30/2400 hissəsi X15, fərdi yaşayış evinin 8/32 hissəsi və torpaq sahəsinin 24/2400 hissəsi X8, torpaq sahəsinin 32/2400 hissəsi Cavabdeh2, torpaq sahəsinin 480/2400 hissəsi X16, torpaq sahəsinin 480/2400 hissəsi X10, torpaq sahəsinin 192/2400 hissəsi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 03 aprel 2025-ci il tarixdə qeydiyyata alınmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ–subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 223.4-cü maddəsinə əsasən ümumi əşyanın bölünməsi və ondan pay ayrılması əsasları və qaydası bu Məcəllənin 220-ci maddəsinin müddəalarına əsasən müəyyənləşdirilir. 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və ya şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol verilmirsə və ya bu ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyilsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 220.4-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. 220.5-ci maddəsinə əsasən mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. 220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. 221-ci maddəsinə əsasən ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulması məcburi olan hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda, payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 13.7-ci maddəsinə əsasən üzərində mülkiyyət hüququ qeydiyyata alınan torpaq sahəsi onda yerləşən daşınmaz əmlakla birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər də daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsində isə deyilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 220.6-cı maddəsinə əsasən məhkəmə qətnamənin icra qaydası və müddətini müəyyən etdiyi və ya onun icrasının təmin edilməsi üçün tədbirlər gördüyü hallarda, bunu qətnamənin nəticə hissəsində göstərməlidir. Məhkəmənin mövqeyi: Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia rədd edilməlidir. Belə ki, müəyyən edilmiş mübahisəsiz hallar ondan ibarətdir ki, Zaqatala şəhəri Heydər Əliyev prospekti 29 ünvanındakı 0,04 ha həyətyanı torpaq sahəsi və onda yerləşən fərdi yaşayış evi, fərdi yaşayış evinin 2/32 hissəsi və torpaq sahəsinin 606/2400 hissəsi Cavabdeh1, fərdi yaşayış evinin 1/32 hissəsi və torpaq sahəsinin 207/2400 hissəsi X3, fərdi yaşayış evinin 1/32 hissəsi və torpaq sahəsinin 207/2400 hissəsi X9, fərdi yaşayış evinin 8/32 hissəsi və torpaq sahəsinin 24/2400 hissəsi X5, fərdi yaşayış evinin 8/32 hissəsi və torpaq sahəsinin 24/2400 hissəsi X1, fərdi yaşayış evinin 1/32 hissəsi və torpaq sahəsinin 47/2400 hissəsi X6, fərdi yaşayış evinin 1/32 hissəsi və torpaq sahəsinin 47/2400 hissəsi X4, fərdi yaşayış evinin 2/32 hissəsi və torpaq sahəsinin 30/2400 hissəsi X15, fərdi yaşayış evinin 8/32 hissəsi və torpaq sahəsinin 24/2400 hissəsi X8, torpaq sahəsinin 32/2400 hissəsi Cavabdeh2, torpaq sahəsinin 480/2400 hissəsi X16, torpaq sahəsinin 480/2400 hissəsi X10, torpaq sahəsinin 192/2400 hissəsi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla onların paylı mülkiyyətindədir. İlk öncə qeyd edilməlidir ki, iddiaçılar həyətyanı torpaq sahəsinin naturada bölünməsini tələb etsələr də, tələb mahiyyət etibarı ilə torpaq sahəsindən payların naturada ayrılması barədədir. İş üzrə keçirilmiş məhkəmə mühəndis-texniki ekspertiza üzrə rəy verən mütəxəssis və ekspert belə nəticəyə gəlmişlər ki, torpaq sahəsinin bölünməsi məsələsinə yalnız ünvan 1 ünvanında yerləşən 0.04 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evi və qeyri yaşayış tikililəri bölündükdən sonra baxıla bilər. Məhkəmə, torpaq sahəsinin və onda yerləşən daşınmaz əmlakın birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınmalı olduğunu, torpaq sahəsindən payın ayrıldığı halda üzərindəki fərdi yaşayış evinin paylı mülkiyyətdə saxlanılmasının əmlakın birgə vahid daşınmaz əmlak obyekti olaraq qeydiyyatını istisna etməsini nəzərə alaraq, mütəxəssis və ekspertin gəldikləri nəticə ilə razılaşır. İddiaçılar isə mütəxəssis və ekspert rəylərinə etiraz etməmiş, əlavə, təkrar və ya müvafiq digər ekspertizaların keçirilməsini tələb etməmişlər. Eləcə də iddiaçılardan X12 bu rəylərdən sonra, həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evi və qeyri yaşayış tikililərindəki payının ayrılmasını da tələb etməmişdir. İddiaçılar eyni zamanda cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən paylarının dəyəri olan 15000 (on beş min) manat pul məbləğinin onlara ödənilməsini tələb etsələr də, Zaqatala şəhəri Heydər Əliyev prospekti 29 ünvanında yerləşən 0.04 ha həyətyanı torpaq sahəsindəki paylarının həmin dəyərdə olması barədə də sübut təqdim etməmişlər. İş üzrə sübutlarla iddiaçıların Zaqatala şəhəri Heydər Əliyev prospekti 29 ünvanında yerləşən 0.04 ha həyətyanı torpaq sahəsindəki paylarının iddia olunan dəyərdə olması halı təsdiq edilməmişdir. Eyni zamanda iddiaçılar öz paylarının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən onlara ödənilməsini tələb etmələri, digər mülkiyyətçilərin kompensasiya vermək imkanlarının olmaması və ya onların kompensasiya vermək istəmədikləri barədə də sübut təqdim etməmişlər. İş üzrə sübutlarla iddiaçıların öz paylarının dəyərinin ödənilməsini paylı mülkiyyətin digər mülkiyyətçilərindən tələb etmələri, digər mülkiyyətçilərin isə kompensasiya vermək imkanlarının olmaması və ya onların kompensasiya vermək istəmədikləri halları da təsdiq edilməmişdir. Məhkəmə, torpaq sahəsinin və onda yerləşən daşınmaz əmlakın birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınması üçün ünvan 1 ünvanında yerləşən 0.04 ha həyətyanı torpaq sahəsindən payların naturada ayrılmasının üzərində yerləşən fərdi yaşayış evi və qeyri yaşayış tikililərinin naturada ayrılması ilə eyni zamanda həyata keçirilməli olduğunu nəzərə alaraq, iddia tələbi üzrə belə nəticəyə gəlir ki, nə qədər ki iddiaçı X12 həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evindəki 1/32 hissə payının ayrılmasını tələb etmir, iddiaçıların həyətyanı torpaq sahəsindən paylarının da naturada ayrılması mümkün deyil. Yəni torpaq sahəsinin və onda yerləşən daşınmaz əmlakın birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınmasını istisna edən hazırkı tələb vahid daşınmaz əmlak obyektindən payın ayrılması olaraq dəyərləndirilə bilməz. Belə olan halda nə qədər ki, vahid daşınmaz əmlak obyektindən payın ayrılması məsələsi həll edilmiş sayılmır, iddiaçıların öz paylarının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən onlara ödənilməsini və ya əmlakın məhkəmə qərarı əsasında hərracdan satılmasını tələb etmək hüquqları da əmələ gəlmiş sayıla bilməz. O da qeyd edilməlidir ki, Zaqatala şəhəri Heydər Əliyev prospekti 29 ünvanında 0,04 ha həyətyanı torpaq sahəsi Cavabdeh1, X9, X5, X1, X6, X4, X15, X8, Cavabdeh2, X16, X10 paylı mülkiyyətində olduğundan, iddiaçılar paylarının dəyərinin yalnız cavabdehlər tərəfindən onlara ödənilməsini də tələb edə bilməzlər. Odur ki, iddia tələbi rədd edilməlidir. Məhkəmə onu da qeyd etməyi zəruri sayır ki, mübahisənin bu qaydada həll edilməsi iddiaçı X3 Zaqatala şəhəri Heydər Əliyev prospekti 29 ünvanında yerləşən həyətyanı torpaq sahəsindən və fərdi yaşayış evindən ibarət vahid daşınmaz əmlak obyektindən payının naturada ayrılmasını tələb etmək hüququnu istisna etmir. Belə olan halda İddiaçı da həmin həyətyanı torpaq sahəsindən payının naturada ayrılmasını tələb edə bilər. İddiaçı X3 həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evindəki 1/32 hissə payının və 0.04 ha həyətyanı torpaq sahəsindən payının naturada ayrılması mümkün olmadığı halda o, öz payının dəyərinin paylı mülkiyyətin digər bütün mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə isə, Zaqatala şəhəri Heydər Əliyev prospekti 29 ünvanında yerləşən 0,04 ha həyətyanı torpaq sahəsinin məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. İddiaçı X3 müvafiq iddia ilə müraciət etməməsi halında isə İddiaçı öz payının dəyərinin paylı mülkiyyətin digər bütün mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə isə, onun tələbi ilə yalnız Zaqatala şəhəri Heydər Əliyev prospekti 29 ünvanında yerləşən İddiaçı paylı mülkiyyətçisi olduğu 0,04 ha həyətyanı torpaq sahəsinin məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, iddiaçılar tərəfindən ödənilmiş dövlət rüsumu onlara aid edilməli, ekspertiza xərci isə iddiaçılardan birgə qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi Zaqatala şəhəri, H.Əliyev prospekti ev 29-da yerləşən 0.04 ha həyətyanı torpaq sahəsinin İddiaçı, X12, X20 ilə Cavabdeh1 və Cavabdeh2 arasında naturada bölünməsi, əgər bu mümkün olmadığı halda Zaqatala şəhəri, H.Əliyev prospekti ev 29-da yerləşən 0.04 ha həyətyanı torpaq sahəsinin 1/5 (hər birinə 1/15 olmaqla) hissə olan paylarını almaqda üstünlük hüququ olan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən paylarının dəyəri olan 15000 (on beş min) manat pul məbləğinin onlara ödənilməsi, Zaqatala şəhəri, H.Əliyev prospekti ev 29-da yerləşən 0.04 ha həyətyanı torpaq sahəsinin 1/5 (hər birinə 1/15 olmaqla) hissə payının dəyərinin cavabdehlər tərəfindən onlara ödənilməsindən imtina edildiyi təqdirdə Zaqatala şəhəri, H.Əliyev prospekti ev 29-da yerləşən 0.04 ha həyətyanı torpaq sahəsinin açıq hərracda satılaraq, əldə olumuş pul vəsaitinin mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi və ödənilmiş 135 manat dövlət rüsumunun cavabdehlərdən alınaraq onlara ödənilməsi barədə iddiaları rədd edilsin. İddiaçılar tərəfindən ödənilmiş 135 (bir yüz otuz beş) manat dövlət rüsumu onlara aid edilsin. Ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat iddiaçılar X12 və İddiaçı birgə qaydada alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X11, Kod: 210005 VÖEN ********** m/h AZ 41 NABZ******************** S.W.İ.F.T. Bik:CTREAZ 22) köçürülsün. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar