Məhkəmə qərarları › İş №e-2(033)-913/2024

Zaqatala Rayon Məhkəməsi Qərardad — İş №e-2(033)-913/2024

22.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Zaqatala rayonu İş № e-2(033)-913/2024 22.07.2024 ZAQATALA RAYON MƏHKƏMƏSİ Mən, Zaqatala Rayon Məhkəməsinin hakimi Məmmədov Vüqar Nemət oğlu, İddiaçı Cavabdehnə qarşı “pul” tələblərinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı Cavabdehnə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, M-08/20 nömrəli birgə əməkdaşlıq haqqında müqaviləyə xitam verilməsi, müqavilə üzrə cavabdehə ödənilmiş 12.600 (on iki min altı yüz) manat pulun və ödənilmiş 127.80 manat dövlət rüsumunun ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı (bundan sonra iddiaçı) ilə Cavabdeh MMC arasında xx.xx.2020-ci il tarixli, M-08/20 nömrəli birgə əməkdaşlıq haqqında müqavilə bağlanmışdır. Müqavilənin 1-ci bəndinə əsasən Cavabdeh MMC ilə "xxxx" MMC arasında bağlanmış müqavilə əsasında şirkətin əldə etdiyi gəlirdən bütün xərclər çıxıldıqdan sonra xalis mənfəətin 33%-nin tərəfdaş İddiaçı məxsus olması ilə bağlı münasibətləri tənziləyir. Müqavilənin 1.2-ci bəndinə görə Tərəfdaş bu müqavilənin 1.1-ci bəndində göstərilən xalis mənfəətin 33%-ni əldə etmək üçün 12600 (on iki min altı yüz) manat məbləğində vəsait qoymuşdur. Müqavilənin 2.1.1.1-ci bəndinə görə Şirkət Müqavilənin 1.1-ci bəndinə əsasən əldə edilmiş xalis mənfəətin 33%-ni hər ayın 10-dək tərəfdaşın bank hesabına köçürməli idi. Müqavilənin 2.1.1.2-ci bəndinə görə Şirkət əldə edilmiş mənfəət barədə tərəfdaşı 3 iş günü ərzində yazılı şəkildə məlumatlandırmalı idi. Göründüyü kimi tərəflər arasında birgə əməkdaşlıq haqqında müqavilə bağlanmış və həmin müqavilə üzrə onun və cavabdehin hüquq və vəzifələri müəyyən edilmişdir. Bağlanmış Müqavilə üzrə o üzərinə götürdüyü öhdəliyə əməl edərək cavabdehə 12600 (on ikimin altı yüz) manat vəsait qoysa da, cavabdeh üzərinə düşən öhdəliyi icra etməmişdir. Yəni cavabdeh bu günədək müqavilə ilə müəyyən edilmiş qaydada əldə edilmiş xalis mənfəətin 33%- ni (hətta heç bir məbləği) ona ödəməmişdir. Müqavilənin 5.1ci bəndinə görə müqavilənin hər səhifəsi imzalandığı və möhürləndiyi tarixdən qüvvəyə minir və bütün öhdəliklər tam icra edilənədək qüvvədə qalır. Göründüyü kimi cavabdeh müqavilə üzrə öhdəliyini tam şəkildə və vaxtında icra etməmişdir. Belə olan halda cavabdeh ilə aralarında bağlanmış müqavilənin 2.1.2.3-cü bəndinə uyğun olaraq müqavilənin 5.4-cü bəndini nəzərə alaraq müqaviləyə xitam verilərək tərəfindən qoyulmuş vəsait ona geri ödənilməlidir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdırıb belə nəticəyə gəlirəm ki, irəli sürülən tələb kommersiya mübahisəsindən irəli gəldiyindən iddia ərizəsinə ümumi məhkəmədə baxıla bilməz və ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152-ci maddəsi rəhbər tutularaq məhkəmənin icraatına qəbul edilmədən geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin ilkin araşdırılması zamanı müəyyən edildi ki, hazırki tələb üzrə mübahisələndirilən müqavilənin tərəfləri – iddiaçı "xxxx" MMC (VÖEN: **********) və Cavabdeh MMC (VÖEN: **********) kommersiya hüquqi şəxsləridir. Burada vurğulanmalıdır ki, kommersiya hüquqi şəxslərinin göstərdikləri fəaliyyətdən gəlir əldə etmək niyyət ilə yaradılması mülki qanunvericilikdən irəli gələn tələbdir. Bundan başqa, mübahisə predmeti olan iddia ərizəsi vasitəsilə tələb edilən pul məbləğinin yaranma əsası kimi də məhz mübahisə subyektlərinin sahibkarlıq fəaliyyəti ilə məşğul olması çıxış edir. Belə ki, iddiaçı Cavabdeh MMC ilə aralarında bağlanmış xx.xx.2020-ci il tarixli, M-08/20 nömrəli birgə əməkdaşlıq haqqında müqavilənin 1-ci bəndinə əsasən Cavabdeh MMC ilə "xxxx" MMC arasında bağlanmış müqavilə əsasında şirkətin əldə etdiyi gəlirdən bütün xərclər çıxıldıqdan sonra xalis mənfəətin 33%-nin ona ödənilməsini tələb edir. İddiaçının tələb etdiyi pul məbləği isə məhz həmin kommersiya fəaliyyəti nəticəsində əldə edilmiş gəlirlərdən ibarətdir. Bu isə tərəflər arasındakı mübahisənin predmetinin onların sahibkarlıq fəaliyyəti ilə bağlı olduğunu göstərir. Həmçinin, iş materialları ilə müəyyən edilir ki, mübahisənin həm subyektiv tərkibi, həm predmeti, həm aralarında yaranmış münasibətlərin xarakteri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 1-ci maddəsində göstərilmişdir ki, Azərbaycan Respublikasının məhkəmələrində mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının qaydası Azərbaycan Respublikasının Konstitusiyası, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunu, bu Məcəllə, digər qanunlar, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilərlə müəyyən edilir. Maddənin qeyd hissəsinə əsasən bu Məcəllədə kommersiya mübahisələri dedikdə sahibkarlıq fəaliyyətinin keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür. Həmin Məcəllənin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 26.2-ci maddəsinə əsasən, kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə (Bankın öhdəliklərinin könüllü restrukturizasiyası haqqında işlər üzrə icraat), habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 10 №-li Qərarının: 10-cu bəndində göstərilmişdir ki, 2019-cu il 9 iyul tarixli Qanunla edilmiş dəyişikliklərlə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları dəyişməz qalsa da, onların tətbiqi mexanizmində köklü dəyişiklik edilmişdir. Belə ki, MPMin 24.2-ci maddəsinin qüvvədən düşmüş redaksiyasında tərəflərin subyekt tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterindən ibarət sadalanan üç qiymətləndirici meyarın hər biri müstəqil şəkildə mübahisənin ümumi məhkəməyə və ya inzibati-iqtisadi məhkəməyə aidiyyətini müəyyən etməyə imkan verirdisə, yeni redaksiyada məhkəmə aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur. Həmin Qərarın 11-ci bəndində göstərilmişdir ki, o da nəzərə alınmalıdır ki, MPM-in 1ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin Qərarın 12-ci bəndində göstərilmişdir ki, bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olubolmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Həmin Qərarın 15-ci bəndinə görə, kommersiya mübahisələrinin subyektlərinin, habelə baxış predmetinin mümkün dairəsi də məhz mübahisə üzrə hüquq münasibətinin xarakterinin sahibkarlıq fəaliyyəti ilə bağlı olmasına dair bu Qərarın 13-cü bəndində əks olunmuş yanaşmabaxımındanmüəyyənləşdirilməlidir. Həmin Qərarın 20-ci bəndinə müvafiq olaraq, məhkəmə aidiyyətinin müəyyənləşdirilməsində tərəflərin subyekt tərkibi ilə bağlı meyarın qiymətləndirilməsi baxımından məhkəmələr nəzərə almalıdır ki, mübahisənin xarakteri ilə bağlı müəyyən halların (bu Qərarın 13-cü bəndi) mövcudluğu şərti ilə kommersiya məhkəmələrinin baxış predmetini təşkil edən işlər üzrə tərəflər qismində mülki hüquqi mübahisənin bütün mümkün subyektləri (hüquqi şəxslər, fərdi sahibkarlar, dövlət orqanları, bələdiyyələr, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslər) iştirak edə bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 13-cü maddəsinə əsasən, sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Habelə, “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 12.1ci maddəsinə əsasən, mülkiyyət və təşkilati-hüquqi formalarından asılı olmayaraq öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun surətdə həyata keçirən sahibkarın hüquqlarının və qanuni mənafelərinin müdafiəsini dövlət təmin edir. Belə olan halda isə Mülki Prosessual Məcəllənin 24.2-ci maddəsinin tələbləri baxımından və “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli 10 nömrəli Qərarında əks olunan hüquqi mövqeyə görə hazırki mübahisə ümumi məhkəmənin mübahisəsi hesab edilə bilməz. Göründüyü kimi, hazırki iş üzrə həm mübahisənin subyekt tərkibinin (tərəflər), həm onlar arasında olan münasibətlərin, həm də predmetin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması məhkəmə tərəfindən müəyyən edildiyindən, həmin məsələyə aidiyyəti kommersiya məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Eyni zamanda ərizəçiyə izah edilməlidir ki, Azərbaycan Respublikası MPM-nin 403- 1.3-cü maddəsinə əsasən, məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayət bu Məcəllənin 407.1 – 407.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olaraq verilir. Şikayətə vəkilin orderi də əlavə olunur. Həmin Məcəllənin 407.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş formada verilən kassasiya şikayətində aşağıdakılar göstərilməlidir: 407.1.1.şikayətin verildiyi məhkəmənin adı və ünvanı; 407.1.2. şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti; şikayət olunan məhkəmə aktını qəbul etmiş məhkəmənin adı, aktın qəbul edildiyi tarix, mübahisənin predmeti; şikayəti verən şəxsin tələbi, məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması, işə məhkəmə iclasında baxılması istənildiyi halda bu Məcəllənin 414.1-ci maddəsində nəzərdə tutulmuş əsasların mövcudluğunun əsaslandırılması; şikayətə əlavə edilən sənədlərin siyahısı. Qeyd edilən Məcəllənin 407.2-ci maddəsinə əsasən, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Göstərilən Məcəllənin 407.3-cü maddəsinə əsasən, şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir. Yenə həmin Məcəllənin 407.4-cü maddəsinə əsasən, şikayətə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” xx.xx.2020-ci il tarixli 10 nömrəli Qərarının 4-cü bəndində göstərilmişdir ki, iddia ərizəsinin Azərbaycan Respublikası MPM-in 152.1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı olmaması səbəbindən geri qaytarılması əsası işin inzibati deyil, yalnız mülki və kommersiya aidiyyətini ehtiva edir. Bu əsasla iddia ərizəsinin geri qaytarılmasına dair birinci instansiya məhkəməsinin qərardadından verilmiş şikayətə apellyasiya instansiyası məhkəməsində baxılması məhkəmə aidiyyəti ilə bağlı məsələlər üzrə yekun qərarın faktiki olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən verilməsi ilə nəticələnəcəyindən bu şikayətlər baxılması üçün kassasiya instansiya məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1 və 114.1.3-cü maddələrinə əsasən ödənilmiş dövlət rüsumu bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 5.1 və 5.1.2-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Hesab edirəm ki, Zaqatala Rayon Məhkəməsinin 2(033)-635/2024 saylı xx.xx.2024cü il tarixli qərardadı ilə İddiaçı Cavabdehnə qarşı “pul” tələblərinə dair iddia ərizəsinin verilməsi üçün Zaqatala Rayon Məhkəməsinin hesabına ödənilmiş 128 (bir yüz iyirmi səkkiz) (qəbz nömrəsi **********) manat dövlət rüsumu dövlət büdcəsindən İddiaçı geri qaytarılması nəzərə alınmalıdır. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151, 263- 264, 267-268-ci maddələrinə əsaslanaraq, Q Ə R A R A A L D İ M: İddiaçı Cavabdehnə qarşı “pul” tələblərinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ikinci dəfə aidiyyəti məhkəməyə müraciət etmək hüququnun olması izah olunsun. Zaqatala Rayon Məhkəməsinin 2(033)-635/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı Cavabdehnə qarşı “pul” tələblərinə dair iddia ərizəsinin verilməsi üçün Zaqatala Rayon Məhkəməsinin hesabına ödənilmiş 128 (bir yüz iyirmi səkkiz) (qəbz nömrəsi **********) manat dövlət rüsumunun dövlət büdcəsindən İddiaçı geri qaytarılması nəzərə alınsın. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Zaqatala Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar