Məhkəmə qərarları › İş №e-2(033)-92/2025

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-92/2025

04.06.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-92/2025 04.06.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X7 Əli qızının katibliyi, İddiaçı, Cavabdeh, Üçüncü şəxs Zaqatala Bələdiyyəsinin sədri X3 iştirakları ilə, İddiaçı Cavabdeh və üçüncü şəxs Zaqatala şəhər Bələdiyyəsinə qarşı “yolun cavabdeh tərəfindən zəbt olunması ilə müşayiət olunan qərəzli hərəkətlərinə son qoyulması və həmin yolun cavabdehin öz vəsaiti hesabına açılması” tələbinə dair iddia ərizəsi üzrə işə 04 iyun 2025-ci il tarixdə, Zaqatala şəhərində, məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi. İddia tələbi və dəlilləri: İddiaçı Cavabdeh və üçüncü şəxs Zaqatala şəhər Bələdiyyəsinə qarşı “yolun cavabdeh tərəfindən zəbt olunması ilə müşayiət olunan qərəzli hərəkətlərinə son qoyulması və həmin yolun cavabdehin öz vəsaiti hesabına açılması” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, tam mülkiyyət hüququ üzrə ona məxsus olan ünvan 1 ünvanında yerləşən 0,0266 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsinin giriş qapısından Cavabdeh məxsus qeyri-yaşayış binasının sağ tərəfindən Zaqatala şəhəri, H.Əliyev prospektinə keçid üçün nəzərdə tutulmuş Zaqatala şəhər Bələdiyyəsinin mülkiyyətinə aid ümumi istifadədə olan yerli əhəmiyyətli (və ya təsərrüfat daxili) yolun cavabdeh tərəfindən zəbt olunması ilə müşayiət olunan qərəzli hərəkətlərinə son qoyulması və həmin yolun cavabdehin öz vəsaiti hesabına açılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tam mülkiyyət hüququ üzrə mülkiyyətində ünvan 2 ünvanında yerləşən 0,0266 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsi üzərində ümumi sahəsi 157.8 kv.m olan fərdi yaşayış evi vardır. Həmin daşınmaz əmlak üzərində hüquqları 16 avqust 2022-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”la rəsmiləşdirilmişdir. Onun iddiası yaşadığı fərdi yaşayış evi ilə üzbəüz yerləşən Cavabdeh məxsus qeyri-yaşayış binası ilə üzbəüz dayandıqda sağ tərəfindən arxa küçəyə keçid üçün nəzərdə tutulmuş Zaqatala şəhər Bələdiyyəsinin mülkiyyətinə aid ümumi istifadədə olan yerli əhəmiyyətli (və ya təsərrüfat daxili) yolu zəbt edərək mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 0,0266 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsinə və o cümlədən yaşadığı fərdi yaşayış evinin həyət qapısına girişçıxış yolunun bağlanması ilə bağlıdır. Belə ki, “Torpaq sahəsinin planı və ölçüsü” sənədlərindən və mütəxəssis rəyi və ona əlavə edilmiş ünvan 2 ünvanında yerləşən torpaq sahəsinin yerləşmə vəziyyətinin sxemindən də görünür ki, qeyd olunan torpaq sahəsinə giriş qapısından Zaqatala şəhəri, H.Əliyev prospektinə keçid üçün nəzərdə tutulmuş Zaqatala şəhər Bələdiyyəsinin mülkiyyətinə aid ümumi istifadədə olan yerli əhəmiyyətli (və ya təsərrüfat daxili) yol cavabdeh tərəfindən zəbt olunmuşdur o torpaq sahəsindən və üzərində olan fərdi yaşayış evindən sərbəst istifadə edə bilmir. Bununla da, onun Azərbaycan Repsublikasının Konstitusiyası ilə qorunan mülkiyyət hüquqları cavabdeh tərəfindən kobud şəkildə pozulmaqdadır. Ona görə də, məhkəməyə müraciət etməli olmuşdur. Zaqatala rayonu İcra Hakimiyyəti Başçısının 30 dekabr 1997-ci il tarixli 2982 saylı sərəncamının surəti ilə müəyyən edilmişdir ki, Zaqatala şəhəri Azadlıq küçəsində yerləşən “Aygün” müstəqil televiziya studiya binasının atında yerləşən 0,04 ha torpaq sahəsi “Aygün” müstəqil televiziya studiyasının (şirkətinin) daimi istifadəsinə verilmişdir. Azərbaycan Respublikası Mətbuat və İnformasiya Nazirliyi Kütləvi İnformasiya Vasitələri Baş İdarəsi tərəfindən qeydə alınmış nizamnəməsinin surəti ilə isə müəyyən edilmişdir ki, təsisçisi Cavabdeh olan “Aygün” müstəqil televiziya və radio kompaniyası xx.xx.1994-cü il tarixdə qeydiyyata alınmışdır. Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə verilmiş məlumatla müəyyən edilmişdir ki, VÖEN-**********, hüquqi ünvanı AZ 6200, ünvan 3si Cavabdeh olan, “Aygün” tele-radio şirkəti xx.xx.2005-ci il tarixdə qeydiyyata alınmışdır. Cavabdeh, qeyd edilən sənədlərin təsisçisi və qanuni təmsilçisi olduğu “Aygün” teleradio şirkətinin barəsində olduğunu, torpaq sahəsinin daimi istifadəçisinin “Aygün” teleradio şirkəti olduğunu bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 44.1-ci maddəsinə əsasən hüquqi şəxs dövlət qeydiyyatına alındığı andan mülki hüquqlara malikdir və mülki vəzifələr daşıyır. Hüquqi şəxsin hüquq qabiliyyətinə onun ləğvinin başa çatdığı an xitam verilir. Torpaq sahəsinin ayrıldığı “Aygün” müstəqil televiziya studiyasının (şirkətinin) nə vaxtsa mövcud olması (dövlət qeydiyyatına alınması), eləcədə “Aygün” müstəqil televiziya və radio kompaniyasının hazırda mövcud olması halları təsdiq edilmədiyindən, “Aygün” tele-radio şirkəti cavabdehin tərəfində üçüncü şəxs qismində işdə iştirak etməyə cəlb olunmuşdur. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı etiraz daxil olmamışdır. Tərəflərin izahatları Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa oxşar izahat verdi və əlavə olaraq bildirdi ki, Zaqatala rayonu H.Əliyev prospekti 155 ünvanında yerləşən ev mülkiyyət hüququ əsasında ona məxsusdur. O, evi alarkən cavabdehin onun giriş çıxışına maneə yaratdığı qapı mövcud idi, və evin əvvəlki sahibi həmin qapıdan istifadə edirdi. O, evi aldıqdan sonra cavabdeh onun qapısının qarşısında təmir işləri aparmağa bağlayaraq onun giriş-çıxışına süni maneələr yaratmağa başlamışdır. Belə ki, onun qapısının qarşısındakı torpaq sahəsinin ona ayrıldığını və torpaq sahəsinin onun mülkiyyətində olduğunu bildirmişdir. O, evi alarkən həmin yerdə qapı olduğunu görməsəydi evi almazdı. Evi almasına əsəs səbəb şəhərə çıxışı olan qapı olmuşdur. Cavabdehin qeyri qanuni hərəkətləri nəticəsində onun şəhərin mərkəzi küçəsi olan H.Əliyev prospektinə çıxışı bağlanmışdır. O, yolun kimə məxsus olması barədə müraciət etdikdə yolun bələdiyyə mülkiyyətində aid olduğunu, və heç kəsin yolun bağlamasına ixtiyarı olmadığı bildirilmişdir. O razı deyildir ki, onun yolu bağlansın. Həmin yolda olan qapı yeri ata-babadan olan qapı yeri olmuşdur. Orada əvvəllər taxta qapı olmuş və həmin yerdən mal-qara sürmüşlər. O, evi bir ildən çox olar ki almışdır. Həmin evi alarkən mübahisələndirilən qapı yeri mövcud olmuşdur. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh və üçüncü şəxs qismində cəlb olunmuş Aygün TV təsisçisi Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etməyərək bildirdi ki, o, “Aygün” müstəqil televiziya şirkətinin təsisçisi və rəhbəridir. Ona 1989-cu ildə 4 sot torpaq sahəsi verilmişdir. Torpaq sahəsi ona şəhadətnamə ilə verilmişdir, torpağın mülkiyyətçisi dövlət olsa da, təsisçisi olduğu şirkətin istifadəsinə verilmişdir. Həmin torpaq sahəsinə Çıxarış götürəcəkdir. Reyestr xidmətində həmin torpaq sahəsinin koordinatları artıq vurulmuşdur. O, iddiaçı tərəfindən onun istifadəsində olan torpaq sahəsinə açılan qapıdan istifadə olunmasına razı deyil. Odur ki, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Üçüncü şəxs Zaqatala Bələdiyyəsinin sədri X8 məhkəmə iclasında bildirdi ki, mübahisələndirilən yolun yerləşdiyi torpaq sahəsi hazırda bələdiyyənin mülkiyyətində deyildir. Onların əlində həmin ərazinin xəritəsi yoxdur. Cavabdehə bələdiyyə tərəfindən mübahisələndirilən torpaq sahəsi verilməmişdir. Bələdiyyə seçkiləri ilk dəfə rayonda 1999cu ildə keçirilmişdir. Torpaq sahəsi isə cavabdehə 1989-cu ildə verilmişdir. Buna görə onlarda həmin torpaq sahəsinin kimə məxsus olması ilə bağlı məlumat yoxdur. Vətəndaşların mülkiyyətinə torpaq sahələri şəhadətnamə ilə verildiyindən həmin torpaq sahələrinin bələdiyyənin mülkiyyətinдə olması görsənir. Mübahisəli torpaq sahəsi dövlət mülkiyyətindədir. Texniki səhv olduğundan torpaq sahəsi bələdiyyənin torpaq sahəsini kimi göstərilmişdir. Ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 bildirdi ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsində yerquruluşu üzrə mühəndis vəzifəsində işləyir. Zaqatala RPŞ-dən onlara məlumat daxil olarkən onlarda baş planla bağlı məlumat olmamışdır. Mübahisəli torpaq sahəsinə görə məlumatı onlar TEKUİS məlumat bazasına əsasən vermişlər. Bazada həmin torpaq sahəsi bələdiyyənin mülkiyyətində olan torpaq sahəsi kimi göstərilmişdir. Daha sonra həmin torpaq sahəsinə baş plan işlənilmişdir. Mübahisəli torpaq sahəsi dövlət mülkiyyətindədir lakin istifadə üçün Aygün TV-yə verilmişdir. Açılan qapı yeri dövlətin mülkiyyətində olan torpaq sahəsinə açılır. 27 may 2025-ci il tarixdə keçirilən məhkəmə iclasında şahid qismində dindirilmiş X6 bildirmişdir ki, cavabdeh onun qayınatasıdır. O, mübahisəli ərazidə çəkiliş aparmışdır. 21 avqust 2022-ci il tarixdə cavabdeh ona zəng edərək bildirmişdir ki, onun istifadəsində olan “Aygün Tv” inzibati binasının ərazisində qonşusu qapı yeri açmaq istəyir. O, cavabdehə DİN-in 102 nömrəsi ilə əlaqə saxlamasını bildirmişdir. Cavabdeh bu barədə məlumat vermiş və bununla bağlı araşdırma aparılmağa başlanılmışdır. Bundan sonra cavabdehin dəvəti ilə o mübahisəli əraziyə getmiş və orada divarın söküldüyünü və qapı qoyulması üçün usta işlədiyini görmüşdür. O, həmin halları sübut etmək üçün videoçəkiliş aparmış və diski özündə sübut kimi saxlamışdır. Bir müddətdən sonra cavabdeh ona bildirmişdir ki, iddiaçı hazırkı tələblə ona qarşı məhkəmədə iddia qaldırmışdır. O, cavabdehə bu barədə narahat olmamasını bildirmiş və hazırkı mübahisə ilə əlaqədar Zaqatala RPŞ-nə müraciət etməsini bildirmişdir. Cavabdeh RPŞ-nə müraciət etmiş və cinayət işinin başlanması haqqında qərar qəbul edilmişdir. Qapı yeri açılarkən iddiaçı həmin evin mülkiyyətçisi olmamışdır. Həmin vaxt mülkiyyətçi başqa şəxs olmuşdur. İddiaçı həmin evi alarkən qapı mövcud olmuşdur. Yazılı sübutlar xx.xx.1994-cü il tarixdə Azərbayjan Respublikası Mətbuat və informasiya Nazirliyi Kütləvi İnformasiya vasitələri Baş idarəsi tərəfindən qeydə alınmış nizamnəməsinin surətindən görünür ki, “Aygün” müstəqil televiziya və radio kompaniyasının təsisçisi Cavabdehdur, hüquqi ünvanı ünvan 5ın 30 dekabr 1997-ci il tarixli 2982 saylı sərəncamının surətindən görünür ki, Zaqatala şəhəri Azadlıq küçəsində yerləşən “Aygün” müstəqil televiziya studiya binasının atında yerləşən 0,04 ha torpaq sahəsi “Aygün” müstəqil televiziya studiyasının (şirkətinin) daimi istifadəsinə verilmişdir. AN 7938 saylı Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair şəhadətnamənin surətindən görünür ki, “Aygün” müstəqil televiziya şirkətinin Zaqatala şəhərində yerləşən 0,04 ha həyətyanı torpaq sahəsinə dair hüquqları qeydə alınmışdır. Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2022-ci il olan Çıxarışın surətindən görünür ki, ünvan 6 ünvanda 0,0266 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 45 nömrəli reyestr kitabının 10-cu vərəqində qeydiyyata alınmışdır. 03 iyun 2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardan görünür ki, Cavabdeh barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1-ci maddəsi üzrə başlanılmış iş üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinin 06 avqust 2024-cü il tarixli mütəxəssisin iştirakı və müvafiq rəyin verilməsi barədə məlumatdan görünür ki, ünvan 6 ünvanda yaşayan İddiaçı məxsus yaşayış evinin qarşısında yerləşən torpaq sahəsinə baxış keçirilmiş və GPS aləti vasitəsi ilə sərhədlərinin döngə nöqtələrinin koordinatları təyin olunmuşdur. Çöl-ölçmə işlərinin nəticəsinə və idarənin xidməti istifadəsində olan TEKUİS məlumat bazasına əsasən məlum olmuşdur ki, ünvan 6 evdə yaşayan İddiaçı məxsus yaşayış evinin qarşısında yerləşən torpaq sahəsi Zaqatala bələdiyyəsinin mülkiyyətində olan yaşayış məntəqələri torpaqları daxilində ümumi istifadədə olan torpaqlara aid ərazi kimi işlənilmişdir. TEKUİS məlumat bazasında ünvan 6 ünvanda yaşayan İddiaçı məxsus yaşayış evinin qarşısında yerləşən torpaq sahəsi Zaqatala bələdiyyəsinin mülkiyyətində olan yaşayış məntəqələri torpaqları daxilində ümumi istifadədə olan ərazi kimi işlənilsə də, həmin mübahisəli ərazi “Aygün” müstəqil televiziya şirkətinə məxsus torpaq sahəsinin baş planının cizgisində göstərilən Dövlət mülkiyyətində saxlanılan ərazinin hüdudları daxilində yerləşir. Mübahisəli torpaq sahəsinin yerləşmə vəziyyəti tərtib edilmiş sxemdə göstərilmişdir. Zaqatala RPŞ-in İstintaq Bölməsinin müstəntiqi, polis kapitanı X5 21 avqust 2024cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, Cavabdeh qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına hasarlama, becərmə və ya dəyişdirmə, yaxud həmin torpaq sahəsini başqa üsullarla özbaşına tutma xüsusatı təsdiq olunmadığına görə material üzrə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/562 saylı 21 aprel 2025-ci il tarixli rəyindən görünür ki, mülki iş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsinin müvafiq mütəxəssis rəyinə əsasən aşağıdakılar müəyyən olunur: Çöl-ölçmə işlərinin nəticəsinə və idarənin xidməti istifadəsində olan TEKUİS məlumat bazasına əsasən məlum olmuşdur ki, ünvan 7 ünvanında yaşayan İddiaçı məxsus yaşayış evinin qarşısında yerləşən torpaq sahəsi Zaqatala bələdiyyəsinin mülkiyyətində olan yaşayış məntəqələri torpaqları daxilində ümumi istifadədə olan torpaqlara aid ərazi kimi işlənilmişdir. TEKUİS məlumat bazasında ünvan 7 ünvanında yaşayan İddiaçı məxsus yaşayış evinin qarşısında yerləşən torpaq sahəsi Zaqatala bələdiyyəsinin mülkiyyətində olan yaşayış məntəqələri torpaqları daxilində ümumi istifadədə olan ərazi kimi işlənsə də həmin mübahisəli ərazi “Aygün” Müstəqil Televiziya şirkətinə məxsus torpaq sahəsinin Baş planının cizgisində göstərilən Dövlət mülkiyyətində saxlanılan ərazinin hüdudları daxilində yerləşən mübahisə torpaq sahəsinin yerləşmə vəziyyəti yuxarıda qeyd olunan mütəxəssis rəyinə əlavə edilmiş sxemdə göstərilmişdir. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat təşkil edir. 28 avqust 2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsi 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyekti ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 14.3-cü maddəsinə əsasən əgər qanunla əmlak hüquqlarının yaranması üçün ayrı qayda nəzərdə tutulmayıbsa, dövlət qeydiyyatına alınmalı əmlak hüquqları onların qeydə alındığı andan əmələ gəlir. Azərbaycan Respublikası Torpaq Məcəlləsi 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. 67-ci maddəsinin 4-cü hissəsinə əsasən torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər daxildir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 218.1-ci maddəsinə əsasən, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, müəyyən edilmiş mübahisəsiz hallar ondan ibarətdir ki, Zaqatala şəhəri H.Əliyev prospekti 155 ünvanında yerləşən yaşayış məntəqələri təyinatlı 0,0266 ha həyətyanı torpaq sahəsi və üzərindəki fərdi yaşayış evi mülkiyyət hüququ üzrə iddiaçıya məxsusdur. Zaqatala şəhəri H.Əliyev prospekti 155 ünvanında yerləşən fərdi yaşayış evi əvvəlki mülkiyyətçinin istifadəsində olduğu vaxtdan evin həyətyanı torpaq sahəsinin giriş qapısından, Zaqatala şəhəri, H.Əliyev prospektinə keçid üçün yol mövcud olmuş və həmin yoldan, mülkiyyətində olduğu vaxt Zaqatala şəhəri H.Əliyev prospekti 155 ünvanında yerləşən evin keçmiş mülkiyyətçisi istifadə etmişdir. Keçmiş mülkiyyətçisi fərdi yaşayış evini bu qaydada iddiaçıya özgəninkiləşdirmişdir. Cavabdeh gediş-gəliş yolunun əvvəlki mülkiyyətçi tərəfindən istifadə edilməsinə və bu vəziyyətdə özgəninkiləşdirilməsinə hər hansı etiraz etməmiş, yalnız fərdi yaşayış evi iddiaçının mülkiyyətinə qeydə alındıqdan sonra iddiaçının da əvvəlki mülkiyyətçinin istifadə etdiyi qaydada həmin yoldan istifadə etməsinə maneələr törədir. Nəticədə iddiaçının H.Əliyev prospektinə çıxışı bağlanmışdır. Cavabdeh hesab edir ki, gediş gəliş yolunun yerləşdiyi torpaq sahəsi onun təsisçisi olduğu hüquqi şəxsə ayrıldığından törətdiyi maneələri qanunidir. Məhkəmə cavabdehin dəlilləri üzrə onu qeyd etməyi zəruri sayır ki, torpaq sahəsinin ayrıldığı “Aygün” müstəqil televiziya studiyasının (şirkətinin) nə vaxtsa mövcud olması və təsisçisinin də iddiaçı olması, ona ayrılmış torpaq sahsinə dair istifadəçi hüquqlarının cavabdehin təsisçisi olduğu “Aygün” müstəqil televiziya və radio kompaniyasına və ya “Aygün” tele-radio şirkətinə keçməsi, eləcə də həmin şəxslərin eyni hüquqi şəxs olmaları halı təsdiq edilmədiyindən, bununla da torpaq sahəsinin ayrıldığı şəxs hazırda mövcud olmadığından, cavabdehin dəlilləri iddianın rədd edilməsinə əsas ola bilməz. Məhkəmə onu da qeyd etməyi zəruri sayır ki, işin halları ilə müəyyən edilənlər ondan ibarətdir ki, Zaqatala şəhəri Azadlıq küçəsində yerləşən 0,04 ha torpaq sahəsinin ayrılığı “Aygün” müstəqil televiziya studiyası (şirkəti), eləcə də “Aygün” müstəqil televiziya və radio kompaniyası və ya “Aygün” tele-radio şirkəti əvvəlki mülkiyyətçilərinə və ya iddiaçıya Zaqatala şəhəri H.Əliyev prospekti 155 ünvanında yerləşən fərdi yaşayış evinin həyətyanı torpaq sahəsinin giriş qapısından, Zaqatala şəhəri, H.Əliyev prospektinə keçid üçün yolundan istifadə etmələrinə etiraz etməmiş, hazırda da həmin yoldan istifadə etməməsi üçün iddiaçıya hər hansı yazlı etiraz və ya tələb irəli sürmürlər. Ümumiyyətlə, qeyd edildiyi kimi torpaq sahəsinin ayrıldığı “Aygün” müstəqil televiziya studiyasının (şirkətinin) nə vaxtsa mövcud olması da sübut olunmur, TEKUİS məlumat bazasında isə torpaq sahəsi bələdiyyənin mülkiyyətində və ümumi istifadədə olan torpaq sahəsi olaraq nəzərdə tutulur. Məhkəmə tərəflərin dəlilləri üzrə onu da qeyd etməyi zəruri sayır ki, cavabdeh, iddiaçının Zaqatala şəhəri H.Əliyev prospekti 155 ünvanında yerləşən evin mülkiyyətçisi olmamışdan qabaq həmin evin həyətyanı torpaq sahəsinin giriş qapısından, Zaqatala şəhəri, H.Əliyev prospektinə keçid üçün yolun mövcud olmasını bilmiş və bunu qəbul etmişdir. Eyni zamanda cavabdehin keçid yolunun yerləşdiyi torpaq sahəsinə dair hər hansı hüququ yoxdur. Yəni, onun keçid yolunun yerləşdiyi torpaq sahəsinə sərbəst surətdə sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək, ona iddiaçının sahibliyinə yol verməmək səlahiyyəti yoxdur. Torpaq sahəsinin ayrıldığı “Aygün” müstəqil televiziya studiyasının (şirkətinin) nə vaxtsa mövcud olması, ona ayrılmış torpaq sahsinə dair istifadəçi hüquqlarının cavabdehin təsisçisi olduğu “Aygün” müstəqil televiziya və radio kompaniyasına və ya ilk dəfə xx.xx.2005-ci il tarixdə qeydiyyata alınmaqla, torpaq sahəsinin ayrıldığı vaxt mövcud olmamış “Aygün” tele-radio şirkətinə keçməsi, eləcə də həmin şəxslərin eyni hüquqi şəxs olmaları, torpaqdan istifadə hüququnun həmin şəxslərə aid olması, bununla da gediş gəliş yolundan iddiaçı tərəfindən istifadəsinin onların hüquqlarına toxunması halı təsdiq edilməmişdir. Belə olan halda, cavabdehin Zaqatala şəhəri H.Əliyev prospekti 155 ünvanında yerləşən evin həyətyanı torpaq sahəsinin giriş qapısından, TEKUİS məlumat bazasındakı qeydlərə əsasən Zaqatala bələdiyyəsinin mülkiyyətinə aid olan və ümumi istifadədə olan ərazi kimi Zaqatala şəhəri, H.Əliyev prospektinə keçid üçün nəzərdə tutulmuş yoldan iddiaçının istifadə etməsinə törətdiyi maneələr qanunsuz olmuşdur. Məhkəmə iddia tələbi üzrə belə nəticəyə gəlir ki, iddiaçının Zaqatala şəhəri H.Əliyev prospekti 155 ünvanında yaşayış məntəqələri təyinatlı 0,0266 ha həyətyanı torpaq sahəsi və üzərindəki fərdi yaşayış evinə öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququ olduğundan, cavabdehin həmin evin həyətyanı torpaq sahəsinin giriş qapısından Zaqatala şəhəri, H.Əliyev prospektinə keçid üçün nəzərdə tutulmuş yolu özünə məxsus qeyri-yaşayış binasının sağ tərəfindən zəbt etmədə ifadə olunan hərəkətləri ilə maneələr törətməsi qanunsuz olduğundan iddiaçının torpaq sahəsinin giriş qapısından Cavabdeh məxsus qeyri-yaşayış binasının sağ tərəfindən Zaqatala şəhəri, H.Əliyev prospektinə keçid üçün nəzərdə tutulmuş dövlət mülkiyyətinə aid yolun cavabdeh tərəfindən zəbt olunması ilə müşayiət olunan qərəzli hərəkətlərinə son qoyulmalı və həmin yol cavabdehin öz vəsaiti hesabına açılmalıdır. Məhkəmə hesab edir ki, ödənilmiş 100 manat dövlət rüsumu tələb olunmadığından həmin xərc iddiaçının özünə aid edilməli, 100 manat ekspertiza xərci isə cavabdehdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı məxsus olan ünvan 8 ünvanında yerləşən 0,0266 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsinin giriş qapısından Cavabdeh məxsus qeyri-yaşayış binasının sağ tərəfindən Zaqatala şəhəri, H.Əliyev prospektinə keçid üçün nəzərdə tutulmuş dövlət mülkiyyətinə aid yolun cavabdeh tərəfindən zəbt olunması ilə müşayiət olunan qərəzli hərəkətlərinə son qoyulsun və həmin yol cavabdehin öz vəsaiti hesabına açılsın. İddiaçı tərəfindən dövlət rüsumu olaraq ödənilmiş 100 (bir yüz) manat iddiaçının özünə aid edilsin. Ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat Cavabdeh alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X2, Kod: 210005 VÖEN ********** m/h AZ 41 NABZ******************** S.W.İ.F.T. Bik:CTREAZ 22 ) köçürülsün. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar