Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-925/2023 17.10.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Ayşə İsrafil qızının katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi Vəkil Cavabdeh iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “ümumi birgə mülkiyyətdə olan torpaq sahəsi üzərində payların müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbinin dəlilləri: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “ümumi birgə mülkiyyətdə olan torpaq sahəsi üzərində payların müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Zaqatala rayon Aqrar İslahatı Komissiyasının 25 sentyabr 2003-cü il tarixli 110 saylı qərarı ilə verilmiş JN-265F KOD 40211018 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə qeyd edilmiş ümumi birgə mülkiyyətdə olan 0,43 ha torpaq sahəsi üzərində iddiaçıların hər birinin payının bərabər olması, yəni hər birinin payının 1/3 hissə olmasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1ində iddiaçılar və cavabdehin ümumi birgə mülkiyyətində 0,43 ha torpaq sahəsi vardır. Həmin torpaq sahəsinə Zaqatala rayon Aqrar İslahatı Komissiyasının 25 sentyabr 2003-cü il tarixli 110 saylı qərarı ilə JN- 265F KOD 40211018 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə verilmişdir. İddiaçı1 və Cavabdeh keçmiş ər-arvaddırlar. Onların nikahları xx.xx.2004-cü il tarixdə pozulmuşdur və ayrı yaşayırlar. Lakin Dövlət tərəfindən pay olaraq verilən və ümumi birgə mülkiyyətdə olan torpaq sahəsindən cavabdeh özü istifadə edir, iddiaçılara düşən hissədən də iddiaçılar istifadə edə bilmirlər. Torpaq sahəsi üzərində paylar məlum olmadığından iddiaçılar hazırki iddia ilə məhkəməyə müraciət etməli olmuşlar. Məqsədləri torpaq üzərində payları müəyyən etdirdikdən sonra naturada böldürməkdir. İddiaçılar öz paylarını ayırmaq istəyirlər, lakin paylar müəyyən olunmadan bu mümkün deyildir. Ona görə də, iddianın təmin edilməsi barədə qətnamə çxarılmasını xahiş etmişlər. İddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi Vəkil məhkəməyə 23 avqust 2023-cü il tarixdə Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən “iddia tələbinin həcminin artırılmasıi” barədə ərizə ilə müraciət edərək, Zaqatala rayon Aqrar İslahatı Komissiyasının 25 sentyabr 2003-cü il tarixli 110 saylı qərarı ilə verilmiş JN-265F KOD 40211018 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə qeyd edilmiş ümumi birgə mülkiyyətdə olan 0,43 ha torpaq sahəsi üzərində, DƏDR-də xx.xx.2023-cü il tarixdə ********** nömrə qeydiyyata alınmış, reyestr nömrəsi **********19 olan, ünvan 1ində yerləşən, ümumi birgə mülkiyyətdə olan 0.6709 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində, DƏDR-də xx.xx.2023-cü il tarixdə ********** nömrə qeydiyyata alınmış, reyestr nömrəsi **********21 olan, ünvan 1ində yerləşən, ümumi birgə mülkiyyətdə olan 0.12 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində iddiaçılar İddiaçı1, İddiaçı2 və Cavabdeh hər birinin payının bərabər olması, yəni hər birinin payının 1/3 hissə olmasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, ərizə məhkəmənin icraatına qəbul edilmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, İddiaçı1 ilə cavabdeh ər-arvad olmuşlar və onların arasındakı nikahları 2004-cü ildə pozulmuşdur. Mübahisələndirilən Zaqatala rayon Aqrar İslahatı Komissiyasının 25 sentyabr 2003-cü il tarixli 110 saylı qərarı ilə verilmiş JN-265F KOD 40211018 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə qeyd edilmiş 0,43 ha torpaq sahəsində tərəflər birgə nikah müddətində olarkən fərdi yaşayış evi inşa edilmişdir. Cavabdehlə mübahisələndirilən torpaq sahəsində payların müəyyən edilməsinə razılığa gəlmədikləri üçün iddiaçılar hazırkı tələblə məhkəməyə müraciət etmişlər. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qismən qəbul edərək göstərmişdir ki, İddiaçı1 onun keçmiş arvadı, İddiaçı2 isə onun qızıdır. DƏDR-də xx.xx.2023-cü il tarixdə ********** nömrə qeydiyyata alınmış, reyestr nömrəsi **********19 olan, ünvan 1ində yerləşən, iddiaçılar ilə ümumi birgə mülkiyyətlərində olan 0.6709 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində və DƏDR-də xx.xx.2023-cü il tarixdə ********** nömrə qeydiyyata alınmış, reyestr nömrəsi **********21 olan, ünvan 1ində yerləşən, ümumi birgə mülkiyyətdə olan 0.12 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində iddiaçılar İddiaçı1 və İddiaçı2 paylarının müəyyən edilməsinə etiraz etmir. Lakin Zaqatala rayon Aqrar İslahatı Komissiyasının 25 sentyabr 2003-cü il tarixli 110 saylı qərarı ilə verilmiş JN- 265F KOD 40211018 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə qeyd edilmiş onların ümumi birgə mülkiyyətlərində olan 0,43 ha torpaq sahəsi üzərində iddiaçılara payların müəyyən edilıməsinə razı deyildir. Belə ki, həmin torpaq sahəsində fərdi yaşayış evi vardır və həmin fərdi yaşayış evi dövlət tərəfindən anasına əmlak payı kimi verilmişdir. Göstərilənlərin nəzərə alınaraq iddianın qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları İş materiallarına əlavə edilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş qeydiyyat tarixi xx.xx.2023-cü il, qeydiyyat nömrəsi ********** olan Çıxarışın surətindən görünür ki, Zaqatala rayonunun Lahıc kəndində yerləşən 0.6709 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ üzrə İddiaçı1, Cavabdeh və İddiaçı2 adına daşınmaz əmlakın dövlət reyestrində 371 nömrəli reyestr kitabının 1 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş qeydiyyat tarixi xx.xx.2023-cü il, qeydiyyat nömrəsi ********** olan Çıxarışın surətindən görünür ki, Zaqatala rayonunun Lahıc kəndində yerləşən 0.12 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ üzrə İddiaçı1, Cavabdeh və İddiaçı2 adına daşınmaz əmlakın dövlət reyestrində 371 nömrəli reyestr kitabının 11 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş JN-265F KOD 40211018 olan “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” dən görünür ki, Zaqatala rayon Aqrar İslahatı Komissiyasının 25 sentyabr 2003-cü il tarixli 110 saylı qərarı ilə ünvan 1ində X6, Cavabdeh və İddiaçı2 adına 0,43 ha torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş Zaqatala RİHB-ın Lahıc kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş 19 iyun 2023-cü il tarixli arayışdan görünür ki, Zaqatala rayon Aqrar İslahatı Komissiyasının 25 sentyabr 2003-cü il tarixli 110 saylı qərarına əsasən torpaq sahəsi verilən vətəndaşların adlı siyahısında texniki səhv olaraq adı X6 qeyd olunmuşdur. Odur ki, AA1200866 nömrəli şəxsiyyət vəsiqəsində qeyd olunan İddiaçı1 ilə adlı siyahıda qeyd olunan X6 eyni şəxsdir. İş materiallarına əlavə edilmiş Zaqatala RİHB-ın Lahıc kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş 24 iyun 2023-cü il tarixli arayışdan görünür ki, ünvan 1 inzibati ərazi dairəsinin 3 nömrəli təsərrüfatbaşına kitabın 264-cü səhifəsində Cavabdeh adına 2008-ci ildə tikilmiş 1 mərtəbəli 2 otaqlı, 80 kvm ümumi, 50 kvm yaşayış sahəsinə malik fərdi yaşayış evi və həyətyanı torpaq sahəsinin olduğu qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Zaqatala rayon Dövlət Arxivinin 12 iyun 2023-cü il tarixli arxiv arayışından görünür ki, İddiaçı1 2001-2005-ci illərdə Lahıc kənd İƏVN-ın təsərrüfatbaşına kitablarında ailə tərkibi X3, İddiaçı2 və X4 ibarət olmuşdur. İş materiallarına əlavə edilmiş Zaqatala rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X5 arasında bağlanmış nikaha xx.xx.2004-cü il tarixdə xitam verilmişdir. İş materiallarına əlavə edilmiş Zaqatala RİHB-ın Lahıc kənd İƏD üzrə nümayəndəsi X8, Zaqatala rayonu Lahıc Bələdiyyəsinin sədri X1 və İddiaçı1 tərəfindən təsdiq edilmiş 17 may 2022-ci il tarixli aktın surətindən görünür ki, Zaqatala rayonu Aqrar İslahat Komissiyasının 1996-cı il tarixli 34 nömərli qərarı ilə təsdiq edilmiş torpaq payı alacaq subyektlərin siyahısında X2 adı səhv olaraq X6 yazılmışdır. Komissiya müəyyən etdi ki, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən hazırlanmış sənədlərdə qeyd olunan “X6” adı səhvdir və həmin ad “Əmirxanova (Bayramova) Əminət Aslanxan qızı” kimi yazılmalıdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.5-ci maddəsinə əsasən birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. 223.3-cü maddəsinə əsasən ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əğər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu 11.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərdə mətnlər aydın yazılmalı, hüquqi və fiziki şəxslərin adları tam şəkildə göstərilməlidir. Pozulmuş, sonradan əlavə edilmiş, silinmiş sözlər və həqiqiliyi təsdiqlənməmiş digər düzəlişlər olan, habelə məzmununu birmənalı başa düşmək imkanı verməyən dərəcədə zədələnmiş sənədlər hüquqların dövlət qeydiyyatı üçün qəbul edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 218.1-ci maddəsinə əsasən, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İddiaçılar tələblərini onunla əsaslandırmışlar ki, cavabdehlə birgə mülkiyyətlərində torpaq sahələri var. Həmin torpaq sahələrinə paylı mülkiyyətlərinin müəyyənləşdirilməsində cavabdehlə aralarında razılaşma əldə edə bilməmişlər. Müəyyən edilmiş mübahisəsiz hallar ondan ibarətdir ki, ünvan 1i ünvaında yerləşən xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın aid olduğu 0.6709 ha və xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın aid olduğu 0.12 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri tərəflərin ümumi birgə mülkiyyətlərindədir. İddiaçılar Torpağın mülkiyyətə verilməsinə dair JN-265F KOD 40211018 saylı Şəhadətnamənin aid olduğu ünvan 1i ünvanında yerləşən 0,43 ha torpaq sahəsinin də onların cavabdehlə birgə mülkiyyətində olduğunu, həmin sənəddə İddiaçı1 adının yanlışlıqla “X6” olaraq göstərildiyini iddia etmişlər, həmin halın təsdiqi üçün Zaqatala RİHBın Lahıc kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 19 iyun 2023-cü il tarixli arayışını və Zaqatala RİHB-ın Lahıc kənd İƏD üzrə nümayəndəsi tərəfindən təsdiq edilmiş 17 may 2022-ci il tarixli aktın surətini təqdim etmişlər. Həmin sənədlərlə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən hazırlanmış sənədlərdə qeyd olunan “X6” adının səhv olduğu və həmin adın “Əmirxanova (Bayramova) Əminət Aslanxan qızı” kimi yazılmalı olduğu göstərilmişdir. Məhkəmə iddiaçıların təqdim etdiyi bu sübutların mövcudluğunu iddianın tam və ya qismən təmin edilməsinə əsas saymır. Belə ki, Torpağın mülkiyyətə verilməsinə dair JN-265F KOD 40211018 saylı Şəhadətnamədə İddiaçı1 adının yanlışlıqla “X6” olaraq göstərilməsi, həmin sənədin əslində İddiaçı1 aid olması arayış və ya aktla təsdiq oluna bilməz. Belə ki, şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı məhkəmənin xüsusi icraat qaydasında baxdığı işlə müəyyən edilə bilər. Bundan başqa, Torpağın mülkiyyətə verilməsinə dair JN-265F KOD 40211018 saylı Şəhadətnamədə 0,43 ha torpaq sahəsinin Zaqatala rayon Aqrar İslahatı Komissiyasının 25 sentyabr 2003-cü il tarixli 110 saylı qərarı ilə ayrıldığı qeyd edilsə də, Zaqatala RİHB-ın Lahıc kənd İƏD üzrə nümayəndəsi tərəfindən təsdiq edilmiş 17 may 2022-ci il tarixli aktda Zaqatala rayonu Aqrar İslahat Komissiyasının 1996-cı il tarixli 34 nömərli qərarına istinad edilmişdir. Beləliklə hazırda qüvvədə olan Torpağın mülkiyyətə verilməsinə dair JN-265F KOD 40211018 saylı Şəhadətnamə ilə ünvan 1ində yerləşən 0,43 ha torpaq sahəsinin X6, Cavabdeh və İddiaçı2 birgə mülkiyyətində olduğu təsdiq edilir. İddiaçılar isə həmin sənəddə “X6” olaraq qeyd edilmiş şəxsin əslində İddiaçı1 olduğunu iddia etməklə həmin sənədin hüquq sahiblərinə dair məlumatlar bölməsini mübahisələndirirlər. Məhkəmə iddia tələbi üzrə belə nəticəyə gəlir ki, birgə mülkiyyətçilər arasında razılaşma əldə edilmədiyindən ünvan 1ində yerləşən 0,6709 və 0,12 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə birgə mülkiyyətçilərin paylı mülkiyyəti müəyyən edilməlidir və onların arasında hər hansı razılaşmada ayrı qayda nəzərdə tutulmadığı üçün hər bir mülkiyyətçiyə bərabər olaraq torpaq sahələrinin 1/3 hissəsi müəyyən edilməlidir. Məhkəmə bununla yanaşı hesab edir ki, Torpağın mülkiyyətə verilməsinə dair JN- 265F KOD 40211018 saylı Şəhadətnamədə “X6” olaraq qeyd edilmiş şəxsin əslində İddiaçı1 olması və həmin sənədin ona məxsus olması faktının müəyyən edilməsi barədə xüsusi icraat qaydasında baxdığı iş üzrə məhkəmə qətnaməsi olmadığından, bərabər pay hüquqlu üçüncü birgə mülkiyyətçinin kimliyi bəlli olmadan iddianın Cavabdeh və İddiaçı2 paylarının müəyyən edilməsi isə 0,43 ha torpaq sahəsinə dair hüquq sahiblərinin adlarının tam şəkildə göstərilməsini, bununla da hüquqların dövlət qeydiyyatını istisna etməklə, icrası mümkün olmayan qətnamənin qəbul edilməsinə səbəb olduğundan iddia tələbi həmin torpaq sahəsinə birgə mülkiyyətçilərin paylı mülkiyyətinin müəyyən edilməsi hissəsində təmin edilə bilməz. Məhkəmə onu da qeyd etməyi zəruri sayır ki, mübahisənin bu qaydada həll edilməsi Torpağın mülkiyyətə verilməsinə dair JN-265F KOD 40211018 saylı Şəhadətnamədə İddiaçı1 adının yanlışlıqla “X6” olaraq göstərilməsi, həmin sənədin əslində İddiaçı1 məxsus olması faktı məhkəmə tərəfindən xüsusi icraat qaydasında müəyyən edildikdən sonra və həmin torpaq sahəsinə paylı mülkiyyətlərinin müəyyənləşdirilməsində razılaşma əldə edilməməsi halında, birgə mülkiyyətçilərin hər birinin müvafiq iddia ilə məhkəməyə müraciət etməsinə maneə deyil. Məhkəmə hesab edir ki, iddiaçılar tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu tələb olunmadığından həmin rüsum xərci onların özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş qeydiyyat tarixi 16 iyun 2023-cü il, qeydiyyat nömrəsi ********** və 16 iyun 2023-cü il, qeydiyyat nömrəsi ********** olan çıxarışlara əsasən iddiaçılar İddiaçı1, İddiaçı2 və Cavabdeh adına ümumi birgə mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış ünvan 1ində yerləşən 0,6709 və 0,12 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən iddiaçılar İddiaçı1, İddiaçı2 və Cavabdeh hər birinin payı bərabər yəni, 1/3 hissə müəyyən edilsin. İddia tələbi qalan hissədə təmin eilməsin. İddiaçılar tərəfindən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu onların özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №e-2(033)-925/2023
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-925/2023
17.10.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver