Məhkəmə qərarları › İş №e-2(035)-635/2024

Zərdab Rayon Məhkəməsi Qətnamə — İş №e-2(035)-635/2024

24.10.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zərdab rayonu İş № e-2(035)-635/2024 24.10.2024 ZƏRDAB RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “evdən istifadə qaydalarının müəyyən edilməsi, qaz, su, elektrik enerjisi, kanalizasiya xətti və s. ilə təmin edilməsi və bəzi hərəkətlərin cavabdehə qadağan edilməsi tələbi”nə dair mülki iş üzrə (Açar sözlər: evdən istifadə qaydalarının müəyyən edilməsi, qaz, su, elektrik enerjisi, kanalizasiya xətti və s. ilə təmin edilməsi və bəzi hərəkətlərin cavabdehə qadağan edilməsi tələbi ) X12 Elxan oğlunun sədrliyi Babayeva Leyla Şirin qızının katibliyi, İddiaçı nümayəndəsi vəkil Nümayəndə Yusif oğlunun Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “evdən istifadə qaydalarının müəyyən edilməsi, qaz, su, elektrik enerjisi, kanalizasiya xətti və s. ilə təmin edilməsi və bəzi hərəkətlərin cavabdehə qadağan edilməsi tələbi”nə dair mülki iş üzrə iddia ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və tələbin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanda yerləşən iki mərtəbəli evdən istifadə hüquqlarının həyata keçirilməsinə Cavabdeh tərəfindən törədilən maneələrin aradan qaldırılması, həyətə və evə sərbəst giriş-çıxışlarının əvvəlki qaydada təmin edilməsi, özünə məxsus avtomobilinin həyətə girişi əvvəlki qaydada böyük darvazadan təmin edilməsi, həyətdə olan hamam və tualetdən, su hovuzundan, evin birinci mərtəbəsində olan girişdən, mətbəxdən, dəhlizdən, həyətdəki anbardan istifadələrinə, elektrik enerjisindən, qaz xəttindən, kanalizasiya xəttindən istifadə etmələrinə cavabdeh tərəfindən törədilən maneələrin ona qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, doğulduğu gündən atası-Cavabdeh məxsus ünvan 1 ünvanda yerləşən iki mərtəbəli evdə yaşayır. Hazırda 4 nəfərdən ibarət ailəsi ilə həmin evdə yaşayır. Lakin son ay cavabdeh heç bir səbəb olmadan onları (onu ailəsi ilə birlikdə) həmin evdə yaşamağa qoymur. Mütamadi evə gələn qazı, suyu və işığı kəsir, darvazanı bağlayır, onları çöldə qoyur və s. onları həmin evdən çıxarmaq istəyir. Onlar əvvəldən başqa yerdən özlərinə ev müəyyənləşdirməmişlər ki, xəstə yaşlı atası ilə yaşayacaq, ona baxacaq. Həmişə onlara qarşı mehriban olan adam indi birdən-birə niyə belə aqresivlik nümayiş etdirdiyinin səbəbini bilmirlər. Cavabdeh onlara nə təbii qaz verir, nə də işıq. Onların yaşaması üçün qaza, işığa və suya ehtiyacları var. Üstəlikdə cavabdeh yollarını kəsib onları evə buraxmır. Ya ümumi sayğacdan istifadə etməlidirlər, ya da yeni sayğacla təmin edilməlidirlər. Mediasiya sessiyasında cavabdehlə razılığa gəlməmişlər. Ona görə də hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı nümayəndəsi vəkil Nümayəndə iddianı müdafiə edərək izahatında göstərmişdir ki, Cavabdeh İddiaçı doğma atasıdır. İddiaçı doğulduğu gündən cavabdehə məxsus Zərdab şəhəri 20 Yanvar küçəsində yerləşən 56 saylı, iki mərtəbəli olan evdə yaşamış, həmin evdə boya başa çatmışdır. 2007-ci ildə iddiaçı Vəfadar X1 ilə ailə qurmuş, Günel həmin evə gəlin gəlmiş və onların birgə nikahlarından iki uşaqları da həmin evdə doğulmuşdur. Hazırki günədək iddiaçı ailəsi ilə birlikdə sözügedən evdə yaşayır. Əvvəllər tərəflərin münasibətləri normal olsa da, hazırda cavabdehin iddiaçıya və iddiaçının ailəsinə qarşı münasibəti heç bir səbəb olmadan dəyişmişdir. Son vaxtlar cavabdeh (iddiaçının atası) iddiaçıya və iddiaçının ailəsinə həmin evdə yaşamalarına, qazdan sərbəst istifadə etmələrinə imkan vermir, tez-tez söz-söhbət yaradır, evdən çıxmalarını tələb edir. Bu səbəbdən iddiaçı sözügedən evdən istifadə qaydasının müəyyən olunması üçün hazırkı iddia ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Hesab edir ki, iddiaçı arvadı və uşaqları ilə birlikdə həmin evdə yaşamaqla evdən istifadə hüququ əldə etmişlər. Ona görə də evdən istifadə qaydaları müəyyən edilməlidir. Məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, İddiaçı doğma oğludur. Həqiqətn də iddiaçı doğulduğu gündən ona məxsus ünvan 1 ünvanda yerləşən iki mərtəbəli evdə yaşamış, hazırda da arvadı və uşaqları ilə birlikdə həmin evdə yaşayır. Özünün arvadı vəfat etmişdir, özü də yaşlanmışdır, kənar qulluğa ehtiyacı var, lakin iddiaçı ona baxmır, qulluğuna durmur. Özünün üç oğlu var, iddiaçı ona məxsus evdə yaşayır. Digər oğullarının da özünə məxsus evləri var. Hazırda məcbur olub iddiaçının yanında deyil, digər oğlunun yanında qalır. Ümumiyyətlə iddiaçının ailəsi ilə birlikdə həmin evdən çıxmalarını istəyir. Hətda dəfələrlə iddiaçıya sözügedən evin satılmasını, özünə, iddiaçıya və digər övladlarına düşən payın bölünüb verilməsini təklif etsə də, iddiaçı onun təklifini qəbul etmir. İddiaçı və onun ailəsi ilə birgə yaşamaq istəmir, ona görə də iddianı qəbul etmir. Mülki işdə olan sənədlər: İşdə olan Zərdab rayon VVAQ şöbəsi tərəfindən xx.xx.1978-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, şəhadətnamənin sahibi İddiaçı atası qrafasında atası kimi Cavabdeh Əlqulu oğlu yazılmışdır. İş materiallarında olan Zərdab rayonu VVADQ şöbəsi tərəfindən xx.xx.2007-ci il tarixdə verilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı və X7 arasında xx.xx.2007-ci il tarixdə Zərdab rayonu VVADQ şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 120 № ilə qeyd edilməklə rəsmi nikah bağlanmış, ərə Məmmədov, arvada Məmmədova soyadı verilmişdir. İşdə olan Zərdab rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2009-cu il və xx.xx.2010cu il tarixlərdə verilmiş doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, İddiaçı və X3 birgə nikahlarından xx.xx.2008-ci il təvəllüdlü X9 və xx.xx.2010-cu il təvəllüdlü X8 doğulmuşdur. İşdə olan Zərdab rayon İHB-nin Zərdab şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş 514 saylı arayışdan görünür ki, xx.xx.1978-ci il təvəllüdlü ünvan 2 ünvanda qeydiyyatda olan və yaşayan İddiaçı arvadı X6, qızı X9 və qızı X4 ibarət ailə üzvləri vardır. İşdə olan şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, İddiaçı, X6, X9 və X2 şəhəri, 20 Yanvar küçəsi ev 56 ünvanda qeydiyatdadırlar. İşdə olan mediator X10 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, MŞŞ/MT018/2024- 01282 nömrəli “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə” arayışdan görünür ki, İddiaçı evə köçürülmə, evdən istifadə hüququnun tanınması... ilə bağlı ilkin olaraq mediasiyaya müraciət etmiş, İddiaçı və Cavabdeh mediasiya sessiyasında iştirak etmiş, lakin tərəflər mediasiya prosesini davam etdirməyə razılıq vermədiklərindən mediator mediasiya prosesinin həyata keçirilməsindən imtina etmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlığının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 123-cü maddəsinə görə yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-buluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Həmin Məcəllənin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-buluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayan onunla ümumi təsərrüfat aparan digər şəxslər də, icarədarın ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını, (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-buluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin: 30.1-ci maddəsinə görə yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun: 2 saylı, 16 oktyabr 1992-ci il tarixli qərarına əsasən müəyyən edilmiş qaydada köçürmə dedikdə, bir qayda olaraq yaşayış sahəsinə pasport qaydalarına əməl olunmaqla köçürmə başa düşülür. Lakin, pasport qeydiyyatına alınmaqdan əsassız olaraq imtina edildikdə, məhkəmə mənzilə köçürülən şəxsin yaşayış sahəsinə hüququnu tanıya bilər. Ərin (arvadın) yaşayış sahəsinə hüququ haqqında mübahisəni həll edərkən, məhkəmə işin konkret hallarını nəzərə almaqla kirayəçinin və onun yetkinlik yaşına çatmış ailə üzvlərinin ər (arvad) mənzilə köçürülərkən, etiraz etmədiklərini faktiki razılıq kimi qəbul edib, onların mənzilə pasport qeydiyyatı olmadığı hallarda belə, yaşayış sahəsinə hüquqlarını tanıya bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun: 02 aprel 2010-cu il tarixli S.Süleymanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 01 oktyabr 2009-cu il tarixli qərarına əsasən mülkiyyətçinin ailə üzvlərinin vəziyyəti ilə bağlı Mülki Məcəllənin 228.5-ci maddəsindəki qaydanın əks olunması Konstitusiyanın 17-ci maddəsinin 2-ci hissəsindən və 34-cü maddəsinin 4 və 5-ci hissələrindən, eləcə də Azərbaycan Respublikası Ailə Məcəlləsinin 1.3-cü maddəsindən və Mülki Məcəlləsinin 27.2-ci maddəsindən irəli gəlir. Göstərilən normaların müddəalarından digər məsələlərlə yanaşı ər ilə arvadın hüquqlarının bərabər olması, uşaqlara qayğının göstərilməsinin, onların tərbiyə edilməsinin valideynlərin həm hüququ, həm də borcunun olması, valideynlərə hörmət edilməsinin, onların qayğısına qalınmasının isə uşaqların borcunun olması, eləcə də ailə üzvlərinin ailə qarşısında qarşılıqlı yardım və məsuliyyəti onların hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunması və bu hüquqların məhkəmədə müdafiəsi, on dörd yaşına çatmamış şəxslərin yaşayış yerinin valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri olması təsbit olunmuşdur. Beləliklə də, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilə ilə deyil, yalnız onunla etibarlı ailə əlaqələri əsasında yaranır. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanunun: 17-ci maddəsinə əsasən uşağın ailədə valideynləri ilə birgə yaşamaq, onlardan qayğı görmək hüququ vardır. Qanunvericiliklə nəzərdə tutulmuş hallardan başqa valideynlərin istəyinə zidd olaraq uşağı onlardan ayırmaq qadağandır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin : 9.3-cü maddəsinə əsasən hakim öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdikləri tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin mövqeyi: Hazırki iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İşin halları ilə müəyyən olunur ki, sözügedən Zərdab şəhəri 20 Yanvar küçəsində yerləşən 56 saylı ev hazırki Cavabdeh məxsusdur. Ev iki mərtəbəlidir. Evin birinci mərtəbəsində yerləşən iki otaq, zal və mətbəx Cavabdeh istifadəsində, evin ikinci mərtəbəsində yerləşən üç otaq, zal, mətbəx, hamam və tualet isə İddiaçı, İddiaçı arvadı Günel Məmmədova,uşaqları X9 və X5 istifadəsində olmuşdur. İddiaçı Cavabdeh doğma oğludur. İddiaçı 1978-ci ildə sözügedən evdə doğulmuş, həmin evdə böyüyüb boya-başa çatmışdır. İddiaçı 2007-ci ildə X6 ilə rəsmi nikaha daxil olaraq ailə qurmuş, Günel Məmmədova sözügedən evin ikinci mərtəbəsində yerləşən otağa gəlin gəlmiş, onların birgə nikahından iki uşaqları Jalə və Nuray doğulmuş, həmin evdə böyüyüb boya-başa çatmışlar. İddiaçı arvadı Günel Məmmədova və iki uşaqları ilə birlikdə hazırda sözügedən evin ikinci mərtəbəsində yerləşən otaqlarda yaşayır. Cavabdeh iddiaçının və ailəsinin həmin evdə yaşamasını istəmir, evə giriş-çıxışlarına, sudan, qazdan, işıqdan və s. istifadələrinə maneələr yaradır. Məsələ ilə bağlı iddiaçı ilkin olaraq mediasiyaya müraciət etmiş, tərəflər mediasiya prosesində razılığa gəlməmişlər. Ona görə di iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə hesab edir ki, iddiaçının sözügedən evdən istifadə ilə bağlı hüquq münasibətləri hazırda qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin qüvvəyə mindiyi xx.xx.2009-cu il tarixə kimi yarandığından həmin münasibətə həmin dövrdə qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin normaları tətbiq edilməlidir. Qeyd edilməlidir ki, obyekti yaşayış sahəsi olan mülkiyyəti tənzimləyən hüquqi normaların düzgün tətbiqi üçün qanunvericiliyin mülki hüquq və mənzil hüququ sahələri arasında xətt keçirilməlidir. Mülkiyyətçinin ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mənzil hüququnun (obyekti) predmeti kimi nəzərdən keçirilməli və ailə üzvlərinin bu hüququ onlardan birinin mülkiyyətində mövcud olan yaşayış sahəsində onunla bərabər istifadə etməyi ehtiva edən kimi qiymətləndirilməlidir. Məhkəmə yuxarıda qeyd edilən işin faktiki hallarına və qanunvericiliyə əsaslanaraq belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli və iddiaçının (ailəsi ilə birlikdə) yaşadığı ünvan 3 ünvanda yerləşən iki mərtəbəli evdən istifadə qaydası məhkəmə tərəfindən müəyyən edilməlidir. İddiaçı iddia ərizəsinə məhkəmədə baxılması ilə əlaqədar dövlət rüsumu ödəsə də, köçürülmüş dövlət rüsumunun cavabdehdən tutulmasını tələb etməmişdir. Ona görə də məhkəmə hesab edir ki, köçürülmüş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, Qət Etdi: İddia təmin edilsin. ünvan 3 ünvanda yerləşən Cavabdeh məxsus iki mərtəbəli evdən iddiaçının (ailəsiarvadı Günel Məmmədova, uşaqları Jalə Məmmədli və Nuray Məmmədli ilə birlikdə) istifadəsində saxlanılmaqla istifadə qaydası müəyyən edilsin. İddiaçının (ailəsi ilə birlikdə) həyətə və evə sərbəst giriş-çıxışları əvvəlki qaydada təmin edilsin, iddiaçıya məxsus avtomobilin həyətə girişi əvvəlki qaydada böyük darvazadan təmin edilsin, həyətdə olan hamam və tualetdən, su hovuzundan, evin birinci mərtəbəsində olan girişdən, mətbəxdən, dəhlizdən, həyətdəki anbardan istifadələrinə, elektrik enerjisindən, qaz xəttindən, kanalizasiya xəttindən istifadələlinə cavabdeh tərəfindən törədilən manelər cavabdehə qadağan edilsin. İddia ərizəsinə məhkəmədə baxılması ilə əlaqədar köçürülmüş dövlət rüsumu iddiaçıların özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Zərdab Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqam Həsənquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar