Məhkəmə qərarları › İş №e-2(036)-1340/2024

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(036)-1340/2024

20.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № e-2(036)-1340/2024 20.06.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Quliyev Telman Osman oğlu, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə kiçik iddialara dair mülki işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ:

1. İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edib, Cavabdeh 1089.36 manat məbləğində pul vəsaitin və ödənilmiş 30.89 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı ASC-yə məxsus plastik kart istifadəçisidir. İddiaçı tərəfindən verilmiş plastik kart cavabdeh tərəfindən istifadə edilmişdir. Cavabdeh ona məxsus kart hesabından, ona aid olmayan bankın vəsaitini bir neçə dəfə əməliyyatlar apararaq istifadə etmişdir. Cavabdeh həmin kart hesabından (borcluya məxsus kart hesabının № (********************) xx.xx.2023-xx.xx.2023-cü il tarixləri aralığında nağdsız ödəniş əməliyyatları icra edilmişdir. Nəticədə Cavabdeh banka cəmi 1089.36 manat ziyan vurmuşdur. Bank tərəfindən pulun qaytarılması barədə cavabdehə şifahi xəbərdarlıq ounmasına və rəsmi bildiriş göndərilməsinə baxmayaraq, sonuncu tərəfindən heç bir tədbir görülməmişdir.

3. Tərəflər arasında bağlanmış müqavilənin 3.3-cü maddəsinə əsasən hesaba yanlış daxilolma olduqda, müştəri bu barədə 3 iş günü ərzində banka məlumat verməli və bankın həmin vəsaitin qaytarılması ilə bağlı tələbi daxil olduqda həmin məbləği banka geri qaytarılmalıdır. Müştəri tərəfindən geri qaytarılmayan həmin vəsaitlər bank tərəfindən akseptsiz qaydada müştərinin hesabından silinə bilər.

4. Cavabdeh tərəfindən əsassız varlanma nəticəsində əldə olunmuş vəsait qaytarılmadığından hazırda ona qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.

5. Bank tərəfindən cavabdehə pretenziya qaydasında müraciət olunmuşdur.

6. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildiriş göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) borcun qaytarılması təmin edilməmişdir. 7.İddia ərizəsinin verilməsi üçün 30.89 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsi

8. Maddə 14.2.7. Əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarıdır.

9. Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.

10. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

11. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

12. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

13. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

14. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

15. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

16. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

17. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

18. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

19. Cavabdeh tərəfindən iddiaya qarşı əsaslandırılmış etiraz və ona əlavə olunmuş sənədlər məhkəməyə göndərilməmişdir.

20. İş materialları ilə müəyyən olur ki, kredit müqaviləsinə əsasən cavabdehin bank qarşısında öhdəliyi yaranmış, cavabdeh tərəf öz üzərinə götürmüş olduğu öhdəliyi icra etməmiş və o bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıyır.

21. Məhkəmə tədqiq olunmuş sübutlara yuxarıda qeyd olunan hüquq normalarına əsasən qiymət verərək hesab edir ki, iddia qanuni və əsaslı olduğu üçün təmin edilməlidir.

22. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 276-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddiası təmin olunsun. Cavabdeh 1089.36 manat məbləğində pul vəsaiti və ödənilmiş 30.89 manat dövlət rüsumu tutulub İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar