Məhkəmə qərarları › İş №e-2(036)-203/2025

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(036)-203/2025

10.02.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № e-2(036)-203/2025 10.02.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının cavabdehlər X4, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “istifadə hüququna xitam verilməsi və evin boşaldılması” tələbinə dair mülki mübahisə (açar sözlər: istifadə hüququna xitam verilməsi və evin boşaldılması) Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Nuranə Busat qızının katibliyi, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının cavabdehlər X4, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı iddiaçının mülkiyyətində olan İmişli şəhəri, Nəriman ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən cavabdehlər X3, Cavabdeh3, Cavabdeh5, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh1 istifadə hüquqlarına xitam verilməsi, evin boşaldılması və cavabdehlərin həmin evdən çıxarılaraq, evin iddiaçıya təhvil verilməsi və ödənilmiş 100 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Mülki mübahisənin mahiyyəti

1. İddiaçı cavabdehlərə qarşı iddiaçının mülkiyyətində olan İmişli şəhəri, Nəriman ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən cavabdehlər X3, Cavabdeh3, Cavabdeh5, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh1 istifadə hüquqlarına xitam verilməsi, evin boşaldılması və cavabdehlərin həmin evdən çıxarılaraq, evin iddiaçıya təhvil verilməsi və ödənilmiş 100 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İmişli rayon Məhkəməsinin 19 noyabr 2018-ci il tarixli 2(036)-2470/2018 saylı Qətnaməsinin icrası ilə əlaqədar Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri X10 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli Çıxarışa əsasən əvvəllər X4 məxsus olmuş İmişli şəhəri, Nəriman ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi mülkiyyət hüququ əsasında iddiaçının adına rəsmiləşdirilmişdir. İddiaçının evə mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri X7 qeydə alındığı andan keçmiş mülkiyyətçinin İmişli şəhəri, Nəriman ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə mülkiyyət hüququ itirilmişdir. X4 verilmiş kreditə vəsaitinin bərpasının təmin edilməsi üçün sözügedən evin müvafiq qaydada satılması zərurəti yaranmışdır. İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixli 13-7/2-P-8-11/2024 saylı məktubla X3 və ailə üzvlərinin istifadə etdiyini nəzərə alaraq, həmin evin alınmasını ilkin olaraq onlara təklif edilmişdir. Əks təqdirdə evin boşaldılaraq iddiaçıya təhvil verilməsi xahiş edilmişdir. Xəbərdarlıq edilməsinə baxmayaraq X5 və ailə üzvləri iddiaçının mülkiyyətində olan evi tərk etməmiş, xəbərdarlığa heç bir reaksiya verməmiş və hal-hazırda həmin evdən qanunsuz istifadə etməkdə davam edirlər.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X6 iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.

4. Cavabdehlər məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməylərinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər.

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.

6. Məhkəmə belə qənaətə gəlir ki, cavabdehlər lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmiş və belə olan halda, cavabdehlər məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.

III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

8. Azərbaycan Respublikası Konstitusiyası: 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin İV hissəsinə görə, heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

9. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 153.4-cü maddəsinə əsasən bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

10. Azərbaycan Respublikası Mənzil Məcəlləsi: 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.

11. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu: 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. 59.4-cü maddəsinə görə isə bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar.

12. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair» 8 oktyabr 2013-cü il tarixli qərarı: Yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir.

13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarı: Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2- ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

14. Məhkəmə tədqiqatı zamanı zamanı müəyyən olundu ki, X5 ilə iddiaçı arasında kredit müqaviləsi bağlanmış və kredit müqaviləsinin təminatı kimi o, öz mülkiyyətində olan mübahisəli yaşayış sahəsini bankın xeyrinə ipotekaya qoymuşdur. Müqavilə üzrə öhdəliklərini yerinə yetirə bilmədiyindən iddiaçı müvafiq iddia ilə məhkəməyə müraciət etmiş və İmişli Rayon Məhkəməsinin 9 noyabr 2018-ci il tarixli 2(036)-2470/2018 saylı qətnaməsilə iddia təmin edilmiş, X1 7618 manat əsas borc, 512 manat faiz borcu, cəmi 8130 manat pul və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq iddiaçının xeyrinə verilməsi, göstərilən məbləğin X3 mülkiyyətində olan İmişli şəhəri, N.Nərimanov küçəsində yerləşən 168 nömrəli evə və 0,06 ha həyətyanı torpaq sahəsi ilə birlikdə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması və satışdan əldə olunmuş pulun borcun ödənilməsinə yönəldilməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini almış, icraya yönəldilmiş və hərrac nəticəsində mübahisəli ev bankın mülkiyyətinə keçmiş, onun adına reyestrdən çıxarış alınmışdır.

15. Hazırda mübahisəli evin mülkiyyətçisi, yəni iddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin İmişli şəhəri, N.Nərimanov küçəsində yerləşən 168 nömrəli fərdi yaşayış evinə olan istifadə hüquqlarına xitam verilməsi, həmin şəxslərin fərdi yaşayış evindən çıxarılması, mübahisəli yaşayış evinin boşaldılması və banka təhvil verilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir.

16. İşin tədqiq olunan faktiki hallarından göründüyü kimi hazırda cavabdehlərin yaşadığı ev ipotekaya qoyulmuş və kredit məbləği ödənilmədiyi üçün tələb həmin evə yönəlmiş və daha öncə qeyd edildiyi kimi iddiaçı bank həmin evi hərrac vasitəsilə əldə etmişdir. Lakin daha öncə istinad olunan qanunun normalarına uyğun olaraq cavabdehlər evi tərk etməmişlər və buna görə də bank hazırki tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

17. İddia tələbinin istifadə hüququna xitam verilməsi hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin məzmunundan aydın olduğu kimi, mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququnun məhkəmənin qərarı əsasında saxlanılması yalnız keçmiş ailə üzvlərinə münasibətdə tətbiq edilə bilər.

18. Eyni zamanda Qanunvericilik istifadə hüququnun əmələ gəlməsini mülkiyyətçi ilə bağlanan və notariat qaydasında təsdiqlənən müqavilənin olması ilə şərtləndirmişdir.

19. İşin halları ilə müəyyən edilmişdir ki, mübahisəli ev cavabdeh X4 məxsus olsa da, məhkəmə qətnaməsinə əsasən hərrac qaydasında satılmış, iddiaçı həmin əmlakı alaraq əmlak sonuncunun adına mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla, “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” Çıxarışla rəsmiləşdirilmişdir.

20. Odur ki, hər hansı hüquqa xitam verilməsi üçün əvvəlcə həmin hüququn mövcud olması müəyyən edilməlidir. Hazırda isə cavabdehlər mübahisəli yaşayış sahəsində yaşasalar da onların həmin yaşayış sahəsindən istifadə hüquqları artıq mövcud deyildir və mövcud olmayan hüquqa xitam verilə bilməz. Buna görə də məhkəmə hesab edir ki, iddia göstərilən hissədə təmin oluna bilməz.

21. Məhkəmə hesab edir ki, iddiaçı qeyd edilən evin mülkiyyətçisidir və onun evin boşaldılması və cavabdehlərin həmin evdən çıxarılaraq, evin iddiaçıya təhvil verilməsi tələbi ilə çıxış etməsi qanuni və əsaslıdır.

22. Məhkəmə qeyd edir ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.

23. Bu baxımdan iddiaçının mübahisəli mənzil üzərində mülkiyyət hüququ kənar şəxslərin, hazırki halda isə cavabdehlərin qanunsuz müdaxiləsindən müdafiə edilməlidir.

24. Beləliklə də, məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, İmişli şəhəri, N.Nərimanov küçəsində yerləşən 168 nömrəli fərdi yaşayış evi iddiaçının mülkiyyətində olmaqla, cavabdehlər tərəfindən qanunsuz olaraq istifadə edilməkdədir. Bununla da, iddiaçının mülkiyyət hüquqları kobud şəkildə pozulmuşdur və belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi göstərilən hissələrdə əsaslı olduğundan təmin edilməlidir.

25. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə hesab edir ki, iddia qismən edilməli, iddiaçının mülkiyyətində olan İmişli şəhəri, Nəriman ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi boşaldılmalı və cavabdehlər X5, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 həmin evdən çıxarılaraq, ev iddiaçıya təhvil verilməli, iddia qalan hissədə rədd edilməlidir.

VI. Nəticə:

26. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının mülkiyyətində olan İmişli şəhəri, Nəriman ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi boşaldılsın və cavabdehlər X5, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 həmin evdən çıxarılaraq, ev iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatına təhvil verilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar