Məhkəmə qərarları › İş №e-2(036)-233/2025

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(036)-233/2025

13.03.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № e-2(036)-233/2025 13.03.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Əlizadə Qənimət Tərlan oğlunun katibliyi, İddiaçı MMC-nin direktoru X3, habelə iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İddia ərizəsi və onun dəlilləri: İddiaçı MMC cavabdeh X9 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh "xxxx" MMC-də xəstə X4 üzərində apardığı cərrahiyyə əməliyyatı zamanı onun sağlamlığına vurduğu zərərin əvəzi olaraq ödədiyi 21200 (iyirmi bir min iki yüz) manatın, vəkillərə ödədiyi 1000 (bir min) manatın və dövlət rüsumu olaraq ödədiyi 157 (bir yüz əlli yeddi) manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı X10 cavabdehlər İddiaçı MMC və Cavabdeh qarşı dəymiş maddi ziyanın əvəzi olaraq 25.000 manat və mənəvi ziyanın əvəzi olaraq 50.000 manat məbləğində pul vəsaitinin müştərək qaydada cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı Şəhər Xətai Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı son 4-5 ildir ki, babasil xəstəliyindən əziyyət çəkib. 2017-ci ildə müalicə olunmaq üçün “Medika Hospitala” müraciət etmiş və həkim Cavabdeh qəbulunda olmuşdur. Müəyyən yoxlamalardan sonra həkim ona bildirmişdir ki, xəstəliyi müalicə ilə keçib-gedən deyil, əməliyyat olunmalıdır, vaxtında əməliyyat olunmasa, gələcəkdə ağır fəsadlar yarada bilər. İddiaçı həkimdən bu tip əməliyyatları edib-etməməsi ilə maraqlanmış, Cavabdeh belə əməliyyatların onun tərəfindən dəfələrlə keçirildiyini, hər birini də uğurlu əməliyyat etdiyini bildirmiş, bu əməliyyatın da uğurlu olacağı və onun tez bir vaxtda sağlamlığının bərpa olacağı barədə vədlər vermişdir. İddiaçı həkimin vədlərinə aldanaraq əməliyyat olunmağı ilə bağlı razılığa gəlmiş və 2017-ci ildə həkim Cavabdeh tərəfindən əməliyyat olunmuşdur. Əməliyyatdan sonra 3 gün müddətində Hospitalda saxlanılmış və müalicə almışdır, lakin ağrıları keçməmiş, əksinə daha da şiddətlənmişdir. İddiaçı bu barədə həkimə dedikdə o, hər dəfə ona bildirmişdir ki, ağrılar bir müddət olmalıdır. Əməliyyat olunduqdan 3 gün keçdikdən sonra yaxınlarının köməkliyi ilə evə dönmüş, lakin vəziyyətində heç bir yaxşılaşma olmamışdır, əksinə vəziyyəti günü-gündən pisləşmişdir. Dəfələrlə həkimə zəng edərək vəziyyətinin düzəlmədiyini, pisləşdiyini bildirsə də cavabdeh hər dəfə tezliklə yaxşılaşacağını bildirmişdir. Evdə yataq şəraitində müalicəsini davam etdirsə də yaranmış ağrılar keçməmiş, əksinə şiddətlənmişdir. Yaxınlarının köməkliyi ilə xx.xx.2018-ci ildə Medika Hospitala getmiş və həkimə bu xəstəlikdən əməliyyat olunan şəxslərin uzağı 2-3 gündən sonra tam sağalaraq ayağa qalxdığını demiş və əməliyyatını düzgün aparmadığını, yoğun bağırsağının çöldə qaldığını bildirmişdir. Cavabdehdən əməliyyatdan sonra onun səhhətiylə maraqlanmamasının səbəbini soruşmuş, həkim yenə də ona məsləhətlər verərək vəziyyətinin keçirilmiş əməliyyata uyğun olduğunu bildirmiş və tezliklə yaxşılaşacağı barədə boş vədlər vermişdir. İddiaçı müalicə olunmaq üçün bir neçə özəl kilinikalara və bilavasitə babasil xəstəliyi ilə bağlı əməliyyatlar aparmış həkimlərə müraciət etmişdir. Müvafiq müayinələrdən sonra onun əməliyyatının həkim tərəfindən düzgün aparılmaması, eləcə də düzgün müalicə təyin olunmaması təsdiqlənmiş və müraciət etdiyi həkimlərdən heç biri onun müalicəsini boynuna götürməmişdir. O, həkim səhlənkarlığının və həkimin uğursuz əməliyyatının qurbanı olmuşdur. 3 ildən artıq bir müddətdir yataq xəstəsi olaraq əzab-əziyyətlər çəkir, sağlamlığının bərpa olunmasına, müalicəsinə, dərmanlarına xeyli məbləğdə (10.000 manatdan yuxarı) xərci çıxsa da səhhəti düzəlmir. İddiaçı dəfələrlə həkim Cavabdehla görüşərək niyə onun əməliyyatını, müalicəsini düzgün aparmaması, onu əzab-əziyyətlərə, əlavə xərclərə salması, onu müalicə edərək sağlamlığını bərpa etməsi ilə bağlı danışmaq istəsə də cavabdeh hər dəfə ondan qaçmış, onunla görüşmək istəməmiş, onun vəziyyəti ilə belə maraqlanmamışdır. Həkim Cavabdeh onun üzərində apardığı əməliyyata, müalicəsinə laqeyd münasibət göstərərək öz xidməti vəzifəsini layiqincə yerinə yetirmədiyinə, səhlənkar hərəkətlərinə, ona verdiyi işgəncələrə, çəkdiyi əzablaraəziyyətlərə görə cavabdeh barəsində müvafiq hüquqi tədbirlərin görülməsini, məsuliyyətə cəlb olunmasını və haqq etdiyi cəzanı almasını istəmişdir. Xətai Rayon Məhkəmənin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmişdir. Mənəvi ziyana görə 20000 (iyirmi min) manat, maddi ziyana görə 1200 manat (bir min iki yüz) manat, cəmi 21200 manat (iyirmi bir min iki yüz manat) manat məbləğində pul vəsaiti cavabdeh İddiaçı MMC-dən ("xxxx") tutularaq iddiaçı Əliyeva SəliməQara qızına ödənilməsi qət edilmiş, iddia tələbləri qalan hissədə təmin edilməmişdir. Məhkəmə iddianı təmin edərkən Mülki Məcəllənin 1099-cu maddəsini rəhbər tutaraq qeyd etmişdir ki, Cavabdeh İddiaçı MMC-nin əmək müqaviləsi əsasında işçisi olduğundan, həkimin səhvindən vurulmuş ziyana görə MMC məsuliyyət daşımalıdır. Onlar Xətai Rayon Məhkəməsinin iş üzrə xx.xx.2022-ci il tarixli 2(011)-412/2022 saylı qətnaməsindən Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermişlər. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)- 2819/2023 saylı qətnaməsi ilə Xətai Rayon Məhkəməsinin qətnaməsi dəyişdirlmədən saxlanılmışdır. Onlar Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)- 2819/2023 saylı qətnaməsindən Ali Məhkəməyə kasasiya şikayəti vermişlər. Məhkəmə işə yazılı icraat qaydasında baxaraq Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-2819/2023 saylı qətnaməsini dəyişdirmədən saxlamışdır. Qətnamə qüvvəyə minərək icraya yönləndirilmişdir və onlar cavabdeh olaraq xx.xx.2024-cü il tarixdə BD1 saylı ödəniş tapşırığı ilə 21200 (iyirmi bir min iki yüz) manat pulu iddiaçının hüquqi varisi X5 AZ54AİİB410100H**********110 saylı kart hesabına ödəmişlər. Ancaq zərərin yaranmasına səbəb həkim – cərrah Cavabdeh hərəkətləri olduğu üçün onlar ödədiyi pulu ondan geri tələb edirlər. Məhkəmənin diqqətinə çatdırır ki, Cavabdeh kiliinikada baş həkim vəzifəsində işləmiş və klinikanın fəaliyyətinin təşkili və idarə edilməsinə bilavasitə məsul şəxs olmuşdur. Məhkəməyə təqdim olunmuş Cavabdeh əmək müqaviləsi və MMC-də tətbiq olunan “Baş həkimin vəzifə təlimatı”ndan da müəyyən olunur ki, Cavabdeh baş həkim kimi klinikanın bütövlükdə tibbi fəaliyyətini əlaqələndirmək, əhaliyə keyfiyyətli tibbi xidmətin göstərilməsini təşkil etmək, müəssisənin struktur bölmələrinin fəaliyyətini məqsədəuyğun əlaqələndirmək, əhaliyə göstərilən tibbi yardımın təşkilində aşkar olunmuş nöqsanların aradan qaldırılması üçün tədbirləri həyata keçirmək və sair bu vəzifələrin icrasına məsul olmuşdur. Tərəflərin izahatları: Məhkəmə iclasında İddiaçı MMC-nin nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən onun təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Etirazın dəlilləri: İddiaçı "xxxx" MMC İmişli Rayon Məhkəməsində ona qarşı "xxxx" dair iddia qaldıraraq Medika Hospital MMC-də xəstə X4 üzərində cərrahiyyə əməliyyatı zamanı onun sağlamlığına vurulan zərərin əvəzi olaraq "xxxx" MMC tərəfindəın ödənilən 21.200 manatın, vəkilə ödədikləri 1000 manat və dövlət rüsumu olaraq ödədikləri 157 manatın ondan alınaraq onlara ödənilməsini xahiş etmişdir. Qeyd edir ki, iddiaçının iddia tələbi ilə razı deyil, tələbi qəbul etmir və aşağıda qeyd etdiyi hallarla iddiaya etirazlarını bildirir. 1. İlk olaraq məlum edir ki, sözügedən iddia tələbində aidiyyat məsələsi pozulmuşdur. Belə ki, məhkəmə prossesi kommersiya hüquqi şəxsinin əmək müqaviləsi çərçivəsində işçisinə qarşı qaldırdığı iddia tələbidir. Belə olduğuna görə də bu halda məsələ kommersiya məhkəməsinin predmetinə aiddir. İddiaçı İmişli Rayon Məhkəməsinə müraciət edərək aidiyyat məsələsini pozmuşdur. 2. Əgər xəstənin sağlamlığına dəymiş zərər ondan asılı bir səbəb olsa idi, iş Xətai Rayon Məhkəməsində olanda və X4 iddiası əsasında işə baxılarkən yekun qərar çıxarıldığı zaman hakim zərərin ödənilməsini "xxxx" MMC ilə birlikdə ona da yönləndirərdi. Lakin iş məhkəmə icraatında olmuş və işə hüquqi qiymət verilmişdir. Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddiaçının iddiası qismən təmin olunaraq ümumilikdə 21.200 manat məbləğində maddi ziyanın "xxxx" MMC – dən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Bundan sonra isə "xxxx" MMC tərəfindən qətnamədən Bakı Apellyasiya Məhkəməsinə şikayət verilmiş xx.xx.2023-cü il tarixli qətnamə ilə Xətai Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya vermək hüququndan istifadə edən "xxxx" MMC Bakı Apellyasiya Məhkəməsinin qətnaməsindən verdiyi kassasiya şikayətinin nəticəsi ilə də apellyasiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Daha sonra qətnamə qüvvəyə minərək iş icraya yönləndirilmiş və klinika tərəfindən iddiaçıya 21.200 manat zərər ödənilmişdir. 3. Bundan əlavə iddia ərizəsində xəstə X1 dəymiş ciddi ziyanın həkim səhlənkarlığı ucbatından baş verdiyi bildirilsə də bu belə deyil. X2 ilə müqavilə bağlamış əməliyyat olunmasına razılığını bildirmişdir. Həkim öz həkimlik vəzifəsini və cərrahi əməliyyatı klinikanın ona verdiyi tibbi avadanlıqlar vasitəsi ilə həyata keçirir. Ona klinika tərəfindən təqdim olunan cihaz ilə cərrahiyyə əməliyyatını kecirmişdir. Daha sonra klinikada da məlum olmuşdur ki, əslində cihaz müasir liqaşi cihazı adı ilə xəstəxanaya satılmış, lakin daxili texniki göstəriciləri tamamilə başqa bir məlum olmayan cihaz olaraq qurulmuşdur. Məlumat üçün bildirir ki, bu cihazlar arasında radiodalğa fərqi mövcuddur ki, bu da əməliyyata əsaslı təsir göstərir. Klinikaya satılan bu cihaz texniki göstəricilərinə uyğun bir cihaz olmamışdır. Klinika isə ona həyata keçirdiyi cərrahi əməliyyat üçün nəzərdə tutulan cihaz adı ilə bunu vermişdir və o, da əməliyyat zamanı həmin cihazdan istifadə etmişdir. Buradan görünür ki, əməliyyatın istiqamətini taktiki olaraq tamamilə düzgün şəkildə götürsə də, klinikanın səhlənkarlığı səbəbindən keyfiyyətsiz cihaz alaraq onu əməliyyat üçün istifadəyə yararlı olaraq təqdim etməsi əməliyyatı texniki cəhətdən uğursuz nəticələndirmişdir. Bu barədə ekspert rəyində də məlumat mövcuddur ki, texniki cəhətdən nasazlıqlar yarandığı rəydə də təsdiqlənir. Bu səbəbdən də hesab edir ki, cihazın yararlı olub - olmaması ilə bağlı, eyni zamanda əməliyyatın texniki cəhətlərinin yoxlanılması ilə bağlı rəy verilməsindən ötrü əlavə texniki ekspertizanın keçirilməsi də işin daha geniş araşdırılaraq yekun qərar verilməsindən ötrü zəruridir. 4. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X7 publik hüquqi şəxsi tərəfindən №275/KEŞ saylı məhkəmə-tibbi ekspert rəyindən də görünür ki, xəstəyə diaqnoz düzgün qoyulmuş, əməliyyatın taktikası düzgün seçilmişdir. Eyni rəydən görünür ki, xəstədə qeyd olunan patologiya müalicə oluna bilər. Hesab edir ki, bu müalicəni iddiaçı öz üzərinə götürərək klinikada texniki nasazlıqlar səbəbindən yaranmış problemi aradan qaldırmalıdır. Qeyd edilənlər nəzərə alınarsa iddiaçının iddia ərizəsinin həm aidiyyət məsələsinin pozulduğu, həm də digər xususatlar cəhətdən əsassız olduğu aydınlaşır. Yuxarıda qeyd etdiyi səbəblərdən iddianın əsassız olduğunu hesab edir və xəstəxananın cihaz təminatında olan texniki qüsura görə pul tələbinin ona yönləndirilməsi öhdəliyinə də etiraz edir. İddiaçı, məhkəməyə irəli sürdüyü tələblə bağlı möhtəbər sübutlar da təqdim etmədiyi səbəbindən hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İddiaçı "xxxx" MMC– nin "xxxx" dair qaldırdığı iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Cavabdeh xx.xx.2025-ci il tarixdə məhkəmənin qaynar xəttinə müraciət edərək, xx.xx.2025-ci il tarixə təyin edilmiş məhkəmə iclasında üzrlü səbəbdən məhkəmə iclasında iştirak etməyəcəyini, növbəti məhkəmə iclasında əhəmiyyətli sübutlar təqdim edəcəyini, eyni tarixli teleqramla isə səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini, məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Daha sonra cavabdeh xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək, xx.xx.2025-ci il tarixə təxirə salınmış şifahi məhkəmə baxışı iclası üçün iş üzrə zəruri olan müəyyən sübutların tərəfindən yığılmasına ehtiyac vardır. Bunun üçün də müəyyən qədər vaxt tələb olunduğunu, bu səbəbdən də, sübutları təqdim etməyindən ötrü ona vaxt verilərək baxış iclasını təxirə salınmasını xahiş etsə, məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual 184-cü maddəsinin tələbləlrinə əsasən vəsatət kifayət qədər əsaslandırılmadığı üçün məhkəmə iclasının cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə - Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X13 275/KEŞ nömrəli rəyindən görünür ki, 1947-ci il təvəllüdlü X4 adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə, iş materiallarına əlavə edilmiş məlumatlara və özünün məhkəmə-tibbi müayinəsinə əsaslanaraq, qərarda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlir: 1-5.8. X4 adına "xxxx"da tərtib edilmiş tibbi sənədlərdən görünür ki, ona “Kombinə olunmuş hemorroy İV st” diaqnozu düzgün təyin edilmişdir. Səlimə Əliyevanın üzərində "xxxx"da icra edilmiş “Hemorroidektomiya“ cərrahiyyə əməliyyatı taktiki cəhətdən düzgün seçilsə də, texniki olaraq düzgün yerinə yetirilməmişdir. Belə ki, Səlimə Əliyevanın mütəxəssis müayinəsi zamanı onda anal sfinktorun tonusunun zəif olduğu, düz bağırsağın tam bağlanmadığı müəyyən edilmişdir. Bu patoloji hal anal sfinktorun çatışmamazlığı ilə əlaqədardır və icra edilmiş “Hemorroidektomiya” cərrahiyyə əməliyyatı zamanı sfinktorun zədələnməsi nəticəsində əmələ gəlmişdir. Bu da sonradan qeyd olunan ağırlaşmaların yaranmasına gətirib çıxartmışdır. Buna məsul şəxs həkimcərrahdır.

6. Səlimə Əliyevada anal sfinktorun çatışmamazlığı çapıq dəyişiklikləri ilə əlaqədar müalicəni çətinləşdirir, qeyd edilən patologiya konservativ terapiya və ya cərrahiyyə əməliyyatı yolu ilə aradan qaldırıla bilər.

7. “Hemorriodektomiya” cərrahiyyə əməliyyatı zamanı “LigaSure" cihazının texniki qüsurlu icrası sfinktorun zədələnməsinə səbəb ola bilər.

9. Səlimə Əliyevanın mütəxəssis müayinəsi zamanı aparılmış barmaqla rektal müayinədə onda anal sfinktorun tonusunun zəif olduğu və düz bağırsağın tam bağlanmadığı müəyyən edilmişdir. İşdə olan 17 oktyabr 2024-cü il tarixli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, ilkin mediasiya sessiyasında İddiaçı MMC-nin nümayəndəsi iştirak etmiş, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 manat məbləğində mediasiya xərcini ödəmişdir. Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə İmişli Rayon Məhkəməsinin hesabına 157 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin hazırlanması üçün Bakı şəhər 13 saylı Vəkil Bürosunun hesabına 400 manat məbləğində pul köçürülmüşdür. İşdə olan xx.xx.2024-cü il tarixli BD1 nömrəli ödəniş tapşırığından görünür ki, İddiaçı MMC tərəfindən Xətai rayon Məhkəməsinin 2(011)-412/2022 nömrəli, xx.xx.2024-cü il tarixli icra vərəqəsinin icrası ilə əlaqədar olaraq 21200 manat məbləğində pul vəsaiti X5 hesabına pul köçürülmüşdür. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə - Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X13 693/KEŞ nömrəli rəyindən görünür ki, 1947-ci il təvəllüdlü X4 adına tərtib edilmiş tibbi sdlərdə göstərilənlərə, iş materiallarına əlavə edilmiş məlumatlara və özünün məkəmə-tibbi və mütəxəssis müayinələrinə əsaslanaraq, qərarda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlir: 1.3. Səlimə Əliyevanın adma "xxxx"da tərtib edilmiş tibbi sənədlərdən görünür ki, ona “Kombinə olunmuş hemorroy İV st” diaqnozu düzgün təyin edilmişdir. Səlimə Əliyevanın üzərində "xxxx"da icra edilmiş “Hemorroidektomiya” cərrahiyyə əməliyyatı taktiki cəhətdən düzgün seçilsə də, texniki olaraq düzgün yerinə yetirilməmişdir. Belə ki, Səlimə Əliyevanın mütəxəssis müayinəsi zamanı onda anal torun tonusunun zəif olduğu, düz bağırsağın tam bağlanmadığı müəyyən edilmişdir. Bu patoloji hal anal sfinktorun çatmamazlığı ilə əlaqədardır və icra edilmiş “Hemorroidektomiya” cərrahiyyə əməliyyatı zamanı sfinktorun zədələnməsi nəticəsində əmələ gəlmişdir. Belə ki, “Hemorriodektomiya” cərrahiyyə əməliyyatı zamanı “LigeSure” cihazının texniki qüsurlu icrası sfinktorun zədələnməsinə səbəb ola bilər. Bu da sonradan qeyd olunan fəsadların yaranmasına gətirib çıxartmışdır. Buna məsul şəxs cərrahiyyə əməliyyatını icra edən həkim-cərrahdır.

2. Səlimə Əliyevada anal sfinktorun çatmamazlığı çapıq dəyişiklikləri ilə əlaqədar müalicəni çətinləşdirir, qeyd edilən patologiya konservativ terapiya və ya cərrahiyyə əməliyyatı yolu ilə aradan qaldırıla bilər.

4. Səlimə Əliyevanın mütəxəssis müayinəsi zamanı aparılmış diqital rektal müayinədə onda anal sfinktorun tonusunun zəif olduğu və düz bağırsağın tam bağlanmadığı müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası vətəndaşının AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1975-ci il tarixdə anadan olmuşdur. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası vətəndaşının AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 xx.xx.1996-cı il tarixdə anadan olmuşdur. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 08 avqust 2022-ci il tarixli 2(011)-412/2022 nömrəli qətnaməsindən görünür ki, iddia tələbi qismən təmin edilmiş, mənəvi ziyana görə 20000 (iyirmi min) manat, maddi ziyana görə 1200 manat (bir min iki yüz) manat, cəmi 21200 manat (iyirmi bir min iki yüz) manat məbləğində pul vəsaiti cavabdeh “Pətək T.A" MMC-dən ("xxxx") tutularaq iddiaçı X8 ödənilmiş və iddia qalan hissədə təmin edilməmişdir. İş materiallarına əlavə olunmuş Bakı Apellyasiya Məhkəməsinin 07 dekabr 2023-cü il tarixli 2(103)-2819/2023 nömrəli qətnaməsindən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 08 avqust 2022-ci il tarixli 2(011)-412/2022 nömrəli qətnaməsindən cavabdeh İddiaçı MMC-nin apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-412/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi cavabdeh İddiaçı MMC-nin apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmış və Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdeh İddiaçı MMC-yə aid edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ali Məhkəməsinin 03 iyun 2024-cü il tarixli 2(102)-1965/2024 nömrəli qərarından görünür ki, cavabdeh "xxxx" MMCnin kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2819/2023 nömrəli, 07 dekabr 2023-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə ədalət mühakiməsinin məqsədləri baxımından ilk öncə cavabdehin etirazında hazırki mübahisənin kommersiya məhkəmələrinin səlahiyyətlərinə aid olması ilə əlaqədar mülahizəsinə qiymət verməyi zəuri hesab edir. Belə ki, cavabdeh etirazında göstərmişdir ki, “lk olaraq məlum edir ki, sözügedən iddia tələbində aidiyyat məsələsi pozulmuşdur. Belə ki, məhkəmə prossesi kommersiya hüquqi şəxsinin əmək müqaviləsi çərçivəsində işçisinə qarşı qaldırdığı iddia tələbidir. Belə olduğuna görə də bu halda məsələ kommersiya məhkəməsinin predmetinə aiddir.” Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə əsasən: 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən:

13. Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli 10 nömrəli Qərarına əsasən:

15. Məhkəmələrə həmçinin izah edilir ki, kommersiya mübahisələrinin subyektlərinin, habelə baxış predmetinin mümkün dairəsi də məhz mübahisə üzrə hüquq münasibətinin xarakterinin sahibkarlıq fəaliyyəti ilə bağlı olmasına dair bu Qərarın 13-cü bəndində əks olunmuş yanaşma baxımından müəyyənləşdirilməlidir.

12. Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır.

13. Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir.

14. Əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir. Belə ki, tərəflərdən birinin fərdi sahibkar statusuna malik olmasından asılı olmayaraq mübahisə həmin şəxsin sahibklarlıq fəaliyyətindən irəli gəlmirsə, işə aidiyyəti üzrə ümumi məhkəmədə baxılacaqdır. Göründüyü kimi hüquqi mübahisənin deliktdən yaranan kommersiya mübahisəsi hesab edilməsi üçün mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Hazırki mübahisədə isə iddiaçı sahibkarlıq fəaliyyətinin subyekti olsa da, cavabdeh sahibkarlıq fəaliyyəti subyekti olmamışdır. İddiaçı və cavabdeh arasında əmək hüququ ilə tənzimlənən işçi və işəgötürən münasibətləri mövcud olmuş və əmək müqaviləsi ilə rəsmiləşdirilmişdir. Hazırki deliktdən irəli gələn mübahisə hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmayaraq, cavabdehin əmək fəaliyyətini həyat keçirməsi zamanı vurduğu zərərin iddiaçı tərəfindən ödənilməsi və bunun nəticəsində geriyə tələb (reqres) hüququnun yaranıb-yaranmaması ilə əlaqədardır. Buna görə də məhkəmə hesab edir ki, hazırki işə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair iş olduğu üçün mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin məcələnin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Həmin məcəllənin 1112-ci maddəsinə əsasən tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı X10 cavabdehlər İddiaçı MMC və Cavabdeh qarşı dəymiş maddi ziyanın əvəzi olaraq 25.000 manat və mənəvi ziyanın əvəzi olaraq 50.000 manat məbləğində pul vəsaitinin müştərək qaydada cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı Şəhər Xətai Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 08 avqust 2022-ci il tarixli 2(011)-412/2022 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş və mənəvi ziyana görə 20000 (iyirmi min) manat, maddi ziyana görə 1200 manat (bir min iki yüz) manat, cəmi 21200 manat (iyirmi bir min iki yüz) manat məbləğində pul vəsaiti cavabdeh “Pətək T.A" MMC-dən ("xxxx") tutularaq iddiaçı X8 ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 07 dekabr 2023-cü il tarixli 2(103)-2819/2023 nömrəli qətnaməsi Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-412/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin 03 iyun 2024-cü il tarixli 2(102)-1965/2024 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2819/2023 nömrəli, 07 dekabr 2023-ci il tarixli qətnaməsi Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2819/2023 nömrəli, 07 dekabr 2023-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 08 avqust 2022-ci il tarixli 2(011)-412/2022 nömrəli qətnaməsi ilə müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında həmin tarixdə əmək müqaviləsi bağlanmış və işçi həmin müəssisənin baş həkimi vəzifəsinə təyin edilmişdir, məhkəmə yuxarıda istinad edilən normaların tələblərini hazırkı işin faktiki hallarına tətbiq edərək, belə qənaətə gəlmişdir ki, "xxxx"da iddiaçı Səlimə Əliyeva üzərində həkim-cərrah Cavabdeh tərəfindən icra edilmiş “Hemorroiedektomiya” cərrahiyyə əməliyyatı taktiki cəhətdən düzgün seçilsə də, texniki olaraq düzgün yerinə yetirilməmişdir. “Hemorroiedektomiya” cərrahiyyə əməliyyatı zamanı sfinktorun zədələnməsi nəticəsində Səlimə Əliyevada anal sfinktorun tonusunun zəif olduğu, düz bağırsağın tam bağlanmadığı müəyyən edilmişdir. Bu patoloji hal anal sfinktorun çatmamazlığı ilə əlaqədardır. Buna məsul şəxs həkim-cərrahdır. Səlimə Əliyeva onun səhhətində yaranmış ağırlaşmalar nəticəsində gündəlik həyatında normal qidalanmaq, sərbəst hərəkət etmək kimi məhdudiyyətlər ilə qarşılaşır. Onun vəziyyəti ona fiziki olaraq da iztirablar yaşadır. Odur ki, iddiaçı iddia maddi ziyanın ödənilməsini tələb etməkdə haqlıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı MMC-nin cavabdeh X9 qarşı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərək, ondan "xxxx" MMC-də xəstə X4 üzərində apardığı cərrahiyyə əməliyyatı zamanı onun sağlamlığına vurduğu zərərin əvəzi olaraq ödədiyi 21200 (iyirmi bir min iki yüz) manatın ödənilməsi tələb etmək hüququ yaranmışdır. Belə ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnamasi ilə əmək vəzifələrinin icrası zamanı işçinin yəni, Cavabdeh vurduğu zərərin əvəzi İddiaçı MMC tərəfindən ödənilməli olması müəyyən edilmişdir. Belə olan halda, 1114.1-ci maddəsinə əsasən İddiaçı MMC tərəfindən əmək vəzifələrinin icrası zamanı işçinin yəni, Cavabdeh vurduğu zərərin əvəzi ödənildiyi üçün iddiaçının cavabdehə ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ yaranmışdır. Buna görə də, məhkəmə hesab edir ki, Cavabdeh onun "xxxx" MMC-də xəstə X4 üzərində apardığı cərrahiyyə əməliyyatı zamanı onun sağlamlığına vurduğu zərərin əvəzi olaraq İddiaçı MMC-nin ödədiyi 21200 (iyirmi bir min iki yüz) manat məbləğində pul vəsaiti tutularaq, İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarına əsasən: Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il tarixli Qərarına əsasən: Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən 121.1-ci məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin hazırlanması üçün Bakı şəhər 13 saylı Vəkil Bürosunun hesabına 400 manat məbləğində pul köçürülmüşdür. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının vəkilin göstərdiyi hüquqi yardıma görə ödənilmiş 1000 manat xidmət haqqının əvəzini tələb etməsi hissəsində iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin hazırlanması üçün Bakı şəhər 13 saylı Vəkil Bürosunun hesabına 400 manat məbləğində pul köçürülmüşdür. Qalan 600 manat məbləğində pul vəsaitinin vəkilin göstərdiyi hüquqi yardıma görə ödənilməsi barədə məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Buna görə də ağlabatan və əsaslı olduğu üçün 400 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı 157 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsinə qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunduğundan iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş 157 (yüz əlli yeddi) manat dövlət rüsumunun 153,6 (yüz əlli üç manat, altmış qəpik) manatı Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilməli, qalan hissəsi iddiaçının özünə aid edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220, 222.2 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə

QƏTETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh 21200 (iyirmi bir min iki yüz) manat, vəkilə ödənilmiş 400 (dörd yüz) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 153,6 (yüz əlli üç manat, altmış qəpik) manat hissəsi olmaqla, ümumilikdə 21753.60 (iyirmi bir min yeddi yüz əlli üç manat, altmış qəpik) alınaraq İddiaçı MMC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Orxan Mahmud

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar