Məhkəmə qərarları › İş №e-2(036)-2414/2025

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(036)-2414/2025

01.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № e-2(036)-2414/2025 01.09.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Ağakişiyeva Lətafət Almazxan qızı, İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında məhkəmənin inzibati binasında baxaraq, müəyyən etdi İddia tələbinin əsaslandırıldığı hallar və ona qarşı etirazın dəlilləri a) iddia tələbinin əsaslandırıldığı hallar İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əsas borca görə 3177.20 manat, hesablanmış cərimə borcuna görə 158.80 manat, cəmi 3360 manat pulun və 53.36 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, alıcı qismində (iddiaçı) İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 24 saylı “xam pambığın alqı-satqısına dair” müqaviləyə əsasən, cavabdeh 5.8 hektar sahədə pambıq əkməyi və hər hektardan 25 sentnerdən az olmamaqla istehsal etdiyi məhsulu iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Bu məqsədlə iddiaçı tərəfindən cavabdehə avans olaraq cəmi 9696.30 manat dəyərində zəruri vəsaitlər verilmiş, müxtəlif xidmətlər göstərilmişdir. Həmin müqavilənin 2.1.10-cu bəndinin şərtlərinə əsasən, satıcının alıcıdan aldığı avans məbləği (hər hansı formada göstərilən xidmətlərin dəyəri daxil olmaqla) tədarük mövsümü vaxtı sonuncuya təhvil verdiyi xam pambığın dəyərindən çıxılır və əgər təhvil verilən pambıq avans məbləğin həcmini ödəmirsə, o halda satıcı həmin yaranan fərqi ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh tərəfindən müqavilə üzrə öhdəlik yerinə yetirilməyərək cəmiyyətə tam formada xam pambıq təhvil verilməmiş (ümumilikdə cavabdeh 7973.940 kq olmaqla, 6379.20 manat dəyərində xam pambıq təhvil vermiş və əlavə nəğd olaraq 140 manat ödəniş etmişdir) bununla da təhvil götürdüyü cəmi avansın dəyəri tam ödənilməmişdir. Belə olan halda, cavabdehin təhvil götürdüyü avans vəsaitlərin dəyərinə münasibətdə iddiaçıya 3177.20 manat əsas borcu yaranmışdır. Cavabdehin borclu qalması iddiaçının tapşırığı əsasında xam-pambığın tədarükünü həyata keçirən İddiaçı MMC ilə cavabdeh arasında aparılan hesablaşma sənədləri-qeydiyyat vərəqəsi ilə təsdiq edilir. Eyni zamanda müqavilənin müvafiq bəndlərinə əsasən, satıcı üzərinə götürdüyü öhdəlikdən az miqdarda xam pambıq təhvil verərsə və götürdüyü avans üzrə borclu qalarsa, təhvil verilməyən xam pambığa münasibətdə cərimə də ödəməlidir ki, bu cərimənin də məbləği 158.80 manat təşkil edir. b) İddia tələbinə qarşı etirazın dəlilləri Məhkəmə tərəfindən iddiaya qarşı yazılı etiraz təqdim etmək hüququnun və eyni zamanda digər hüquq və vəzifələrinin izahı barədə cavabdehin iddia ərizəsində qeyd edilən ünvanına bildiriş göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə qarşı yazılı etiraz, o cümlədən hər hansı sənəd daxil olmamışdır. Tədqiq edilən sənədlər: İddiaçı İmişli filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-cii il tarixli 24 nömrəli alğısatqı müqaviləsinə əsasən cavabdehə istifadəsində olan 5.8 ha torpaq sahəsində öz işçi qüvvəsi ilə pambıq əkməyi və hər hektardan 25 sentnerdən az olmamaqla xam pambıq istehsal edib alıcının mülkiyyətinə verməyi öz öhdəsinə götürür. xx.xx.2023-cü il tarixli üzləşmə aktı ilə müyyən olur ki, cavabdehin həmin tarixə 8768,70 manat borcu qalmışdır. Tərəflər arasındakı münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə cəmiyyət tərəfindən cavabdehə dəfələrlə xəbərdarlıq edilmiş, pretenziya qaydasında müraciət edilmiş lakin qeyd olunan müqavilənin şərtləri sonuncu tərəfindən yerinə yetirilməmiş və öhdəliklər icra edilməmişdir. Məhkəmə baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Maddə 284-1. Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Maddə 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Maddə 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 568.1. Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Maddə 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 284-5.1. Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Maddə 284-5.2. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Maddə 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 31.22 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Maddə 284-6.1. İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmənin mövqeyi Məhkəmə tədqiq olunmuş sübutlara yuxarıda qeyd olunan hüquq normalarına əsasən qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2022cii il tarixli 24 nömrəli xam-pambığın alqı-satqısı haqqında müqavilə bağlanmışdır. Müqaviləyə əsasən cavabdeh 5.8 hektar sahədə öz işçi qüvvəsi ilə pambıq əkməyi və hər hektardan 25 sentnerdən az olmamaqla xam pambıq istehsal etməklə iddiaçıya (alıcıya) satmağı öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən cavabdehə avans olaraq ümumilikdə 9696,30 manat dəyərində avans vəsaitlər verilmiş, müxtəlif xidmətlər göstərilmişdir. Cavabdeh yaranmış borcdan ödəniş etməmiş, 3177.20 manat borcu qalmışdır. Məhkəmə qeyd edir ki, alqı-satqı müqaviləsi iki tərəfin alıcının və satıcının bir-biri ilə üstüstə düşən iradə ifadələrinin əsasında əmələ gəlir və tərəflərin hər ikisi üçün həm hüquq, həm də vəzifə yaradır. Bu müqaviləyə əsasən alıcının əşyanı öz mülkiyyətinə qəbul etmək hüququ və onun qiymətini ödəmək öhdəliyi, satıcı üçün əşyanı alıcının mülkiyyətinə vermək öhdəliyi və onun qiymətinin ödənilməsini tələb etmək hüququ yaranır. İddiaçı öhdəliyi yerinə yetirərək, malın dəyərini cavabdehə vermiş, bunun nəticəsində iddiaçının cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, cavabdeh üzərinə düşən öhdəliyi icra etməmişdir. Belə olan halda isə bu, iddiaçıya alqısatqı müqaviləsi və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Belə ki, iddiaçı ilə cavabdeh arasında alqı-satqı müqaviləsi bağlanmış, iddiaçı tərəfindən cavabdehə malın dəyəri ödənilmiş, cavabdeh həmin malın dəyərindən 3177.20 manat məbləğində mal verməyərək borcu qalmışdır. Beləliklə, müqavilə üzrə borclu üzərinə düşən öhdəliyi icra etməmiş və nəticədə borcu yaranmışdır. Məhkəmə hesab edir ki, iddia əsas borcun ödənilməsi hissəsində təmin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, dəbbə pulunun tələb edilməsi hissəsində də, iddia əsaslıdır. Belə ki, cərimə borcunun tələb edilməsi imkanı alqı-satqı müqaviləsinin 5.1-ci bəndindən irəli gəlir. Belə ki, həmin bəndə əsasən alıcı bu müqavilə üzrə hesablaşma tarixinə ödəmə aparılmadıqda hər gecikdirilən gün üçün ödənilməyən məbləğin 0,01 %-i miqdarında, lakin ödənilməyən məbləğin 0,5 %-dən artıq olmamaqla cərimə ödəyir. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, qanunvericilik məhkəməyə dəbbə pulunu azaltmaq hüququ vermişdir. İddiaçının cərimə tələbi əsaslı olsa da, tələb edilən cərimə məbləğinin azaldılması cavabdehin müqavilə üzrə ödənilmədən qalmış borc məbləğinin ödənilməsinə zəmin yaratmış olar. Belə olan halda məhkəmə hesab edir ki, bank tərəfindən tələb edilən cərimə məbləği azaldılaraq 20 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, iddia tələbi qismən təmin edildiyindən, iş üzrə ödənilmiş 53,36 manat məbləğində dövlət rüsumunun 48 manatı cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 3177,20 manat əsas borc, 20 manat cərimə borcu olmaqla, cəmi 3197,20 manat pul vəsaiti tutularaq iddiaçıya ödənilməli və iddia qalan hissədə rədd edilməlidir. Məhkəmə xərcləri: Məhkəmə xərcləri ilə bağlı qeyd olunmalıdır ki, MPM-in 107,115, 119.1 və 220.5-ci maddələrinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir və işə baxılması ilə əlaqədar məsrəflərə tərəflərin xəbərdar edilməsi və məhkəməyə çağırılmaları ilə əlaqədar xərclər, həmçinin məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər daxildir. Məhkəmə xərcləri işdə iştirak edən şəxsin bununla bağlı tələbinin və ya vəsatətinin olub-olmamasından asılı olmayaraq tələbin təmin olunan hissəsinə mütənasib olaraq tərəflər arasında bölüşdürülməlidir. Qanunun mənasına görə məhkəmə xərcinin həll edilməsi barədə məsələ hətta iddiaçı tərəfindən iddia tələbinin bir hissəsi kimi ifadə edilsə belə, prosessual qanunvericiliyə əsasən məhkəmənin xidməti vəzifəsinə görə həll edilməli olan məsələ olduğundan iddia tələbinin tərkibinə daxil olmur. Mülki iş üzrə iddia ərizəsinin surəti Cavabdeh xx.xx.2025-ci il tarixdə sifarişli poçt göndərişi ilə göndərilmişdir ki, həmin göndərişin dəyəri 1,80 manat təşkil edir. Məhkəmə hesab edir ki, iddia tələbinin təmin olunan hissəsinə mütənasib olaraq cavabdehə iddia ərizəsinin surətinin verilməsi ilə bağlı 1,80 manatdan ibarət məhkəmə xərcinin 1,20 manatı Cavabdeh tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 284-5, 284-6, 357, 358, 335, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 3177.20 manat əsas, 20 manat cərimə borcu olmaqla, cəmi 3197,20 (üç min yüz doxsan yeddi manat iyirmi qəpik) manat pul vəsaiti və ödənilmiş 48 (qırx səkkiz) manat məbləğində dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. 1,8 manatdan ibarət məhkəmə xərcinin 1,20 manat hissəsi Cavabdeh tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10- 1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Lətafət Ağakişiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar