Məhkəmə qərarları › İş №e-2(036)-3247/2025

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(036)-3247/2025

15.12.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № e-2(036)-3247/2025 15.12.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İddiaçı «Aqrar İnnovasiya və Təchizat Şirkəti” ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki mübahisə (açar sözlər: pul tələbi) Hakim Ağayeva Gülsaba Xeyrulla qızının sədrliyi, Məhkəmə iclas katibi Abdullazadə Brilyant Nazim qızının katibliyi, İddiaçı «Aqrar İnnovasiya və Təchizat Şirkəti” ASC-nin nümayəndəsi X2, Cavabdeh iştirakları ilə, İddiaçı «Aqrar İnnovasiya və Təchizat Şirkəti” ASC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları.

1. İddiaçı "Aqrar İnnovasiya və Təchizat Şirkəti” ASC ilə Cavabdeh arasında 22 sentyabr 2022-ci il tarixli əmək müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən işçi satış bölməsi, əsas iş yeri üzrə satcı-anbardar vəzifəsinə işə qəbul edilir. Müqavilənin 2.2-ci bəndinə əsasən əmək müqaviləsi xx.xx.2022-ci il tarixədək bağlanmışdır. Müqavilənin 2.3-cü bəndinə əsasən işçi xx.xx.2022-ci il tarixdən işə başlayır. 5.1-ci bəndinə əsasən bu Əmək müqaviləsinin tərəflərindən biri digərinin əmlakına, səhhətinə, maddi, istehsal, kommersiya maraqlarına, qanunla qorunan mənafelərinə ziyan vurarsa, digər tərəf qarşısında qanunvericiliklə müəyyən olunmuş qaydada maddi və mənəvi məsuliyyət daşıyır.” Müqavilənin 5.4-cü bəndinə əsasən "tərəflər istehsal və icra riski istisna olmaqla biri digərinə ziyan vurarsa, dəyən zərəri könüllü şəkildə digər tərəfə ödəməyi öhdəsinə götürürlər. Əgər bir tərəf digər tərəfin hüquqlarını pozaraq qarşılıqlı şəkildə dəyən zərərin ödənilməsi razılığına gəlməzsə, ziyan dəyən tərəf məhkəmə qaydasında ziyanın ödənilməsini təmin etmək hüququna malikdir.

2. İddiaçı ilə cavabdeh arasında bağlanmış "Tam maddi məsuliyyət haqqında” fərdi müqavilənin 1-ci bəndinin a) yarımbəndinə əsasən işçi Cavabdeh "inzibati idarə heyəti tərəfindən etibar edilmiş maddi sərvərlərin qorunub saxlanması, görüləcək işi layiqincə yerinə yetirməyi tam məsuliyyəti ilə öz üzərinə götürür və aşağıdakı vəzifələrə əməl etməyə borcludur: b) ona etibar edilmiş maddi sərvərlərin və görüləcək işləri tam qeydiyə qalmalıdır, eyni zamanda idarəyə, müəssisəyə və təşkilata heç bir səbəb üzündən ziyan vurmamalıdır və ziyankarlığa qarşı mübariz olmalıdır. Maddi sərvətlər dedikdə aşağıdakılafr nəzərdə tutulur: -Maddi məsul şəxsin tutuduğu vəzifədən asılı olaraq ona təhvil verilmiş mallar və həmin malların satışından əldə edilmiş vəsait. Həmin müqavilənin 3-cü bəndinə əsasən "Maddi məsul şəxsin günahı üzündən müəssisəyə, idarəyə,təşkklata dəyən zərərin miqdarı müəyyən edildikdən sonra onun ödənişi mövcud qanunvericilik əsasında həyata keçirilir.”

3. Cavabdehin xx.xx.2024-cü il tarixli ərizəsi ilə müəyyən olunur ki, anbarından məhsullar götürülən zaman anbarda yaranan aşağıda adlarını qeyd etdiyi məhsullarda kəsr yaranmışdır. Yaranmış kəsrləri xx.xx.2024-cü il tarixinə kimi məhsulların satışını təşkil edəcək, əlavə olaraq kəsir məhsuldan anbara təhvil verəcək. Məhsulları təmin edə bilmədiyi təqdirdə yaranmış kəsr məbləği tərəfindən bir ay müddətində ödəniləcəkdir. X1 2023-400 kq, karbonid Marka b Socar-2066 kq (52 kisə).

4. Cavabdehin xx.xx.2024-cü il tarixli ərizəsi ilə müəyyən olunur ki, ona ödənilməli olan 350 manat əmək haqqının kassada yaranan qalıq 348 manatla əvəz edilməsinə etiraz etmir.

5. Cavabdehin xx.xx.2024-cü il tarixli ərizəsi ilə müəyyən olunur ki, anbarından satış etdiyi 1580.14 manat məbləğində yaranmış borcu şirkətin ona ödəməli olduğu 385.84 manat məbləğində azaldaraq ümumi borcun 1224.30 manat olmasına köməklik göstərilməsini xahiş edir. Qalıq yaranmış 1224.30 manat borcun xx.xx.2024-cü il tarixinədək aylar üzrə hissə-hissə ödənilməsini öz öhdəsinə götürür.

6. İnventarizasiyanın nəticələri haqqında xx.xx.2024-cü il tarixli akta əsasən sayım zamanı faktiki anbar qalığı 0,00 kq olmuş, 102,95 manat dəyərində 355 kq mal əskikliyi yaranmışdır. Kassa qalığının 1580.14 manat olduğu qeyd olunmuşdur.

7. xx.xx.2024-cü il tarixli AFR SEVİCES CO” MMC tərəfindən tərtib olunmuş auditor hesabatı ilə müəyyən olunur ki, Cavabdeh tərəfindən məsul olduğu anbar üzrə "Mədaxil olunan mallar (154758,00 kq)”-"satılan mallar (135160,00 kq)”-"digər anbarlara təhvil verilən mallar (19243,00 kq)”-"silinmə (0,00 kq)”=”qalıq mallar (355,00 kq)” olmalı idi. . Lakin Cavabdeh anbar qalıqlarının sayım Aktına əsasən sayım zamanı faktiki anbar qalığı 0,00 kq olmuşdur və 102,95 (bir yüz iki manat doxsan beş qəpik) manat dəyərində, 355,00 kq mal əskikliyi yaranmışdır. Yekun olaraq Cavabdeh tərəfindən məsul olduğu Pərakəndə satış mağazasından "satılmış malların cəmi satış məbləği (75315,86 manat)”-"Nəğdsiz formada Fermer kartı ilə ödənilən məbləğ (70175,72 manat)”-"nəğd formada ödənilən məbləğ (3560,00 manat)’-ödənilməmiş vəsait üzrə qalıq məbləğdə (1580,14)+mal əskikliyinə görə 102,95 (bir yüz iki manat on dörd qəpik) manat cəmilikdə 1683,09 (bir min altı yüz səksən üç manat doqquz qəpik) manat mənimsəmə yaranmışdır.

8. xx.xx.2024-cü il tarixli işlərin təhvil-təslim aktına əsasən iddiaçı ilə "AFR SEVİCES CO” MMC arasında bağlanmış podrat (subpodrat) müqaviləsi üzrə layihənin smeta dəyəri 750 manat təşkil etmişdir.

İddiaçının tələbi və ona etirazın dəlilləri, məhkəmə icraat iştirakçılarının izahatları a) İddiaçının tələbi.

9. İddiaçı cavabdehə qarşı 1683,09 manat məbləğində vurulmuş ziyanın, audit hesabatının aparılması üçün ödənilmiş 750 manat xərcin, mediasiya üçün ödənilmiş 60 manat dövlət rüsumunun ödənilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, İnnovasiya və Təchizat Şirkəti” ASC 2019-cu ildən fəaliyyətə başlamış, Respublika ərazisinə mineral gübrələrin idxalı və satışı ilə məşğul olan, vergi orqanında qeydiyyatdan keçmiş hüquqi şəxsdir. İddiaçı "Aqrar İnnovasiya və Təchizat Şirkəti” ASC ilə cavabdeh Mustafayev Xa]ıq Cahangir oğlu arasında 22 sentyabr 2022-ci il tarixli əmək müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən işçi "Aqrar İnnovasiya və Təchizat Şirkəti” QSC-yə (hazırda "Aqrar İnnovasiya və Təchizat Şirkəti” ASC) satcı-anbardar vəzifəsinə işə qəbul edilmişdir. Cavabdeh 22 sentyabr 2022-ci il tarixindən "Aqrar İnnovasiya və Təchizat Şirkəti” ASC-nin İmişli rayonunda yerləşən anbarında anbardar-satıcı vəzifəsində çalışmışdır. Cavabdehlə iddiaçı arasında "tam maddi məsuliyyət haqqında” fərdi müqavilə də bağlanmışdır. Cavabdeh tərəfindən məsul olduğu anbar üzrə "Mədaxil olunan mallar (154758,00 kq)”- "satılan mallar (135160,00 kq)”-"digər anbarlara təhvil verilən mallar (19243,00 kq)”- "silinmə (0,00 kq)”=”qalıq mallar (355,00 kq)” olmalı idi. Lakin Cavabdeh anbar qalıqlarının sayım Aktına əsasən sayım zamanı faktiki anbar qalığı 0,00 kq olmuşdur və 102,95 (bir yüz iki manat doxsan beş qəpik) manat dəyərində, 355,00 kq mal əskikliyi yaranmışdır. Yekun olaraq Cavabdeh tərəfindən məsul olduğu Pərakəndə satış mağazasından "satılmış malların cəmi satış məbləği (75315,86 manat)”- "Nəğdsiz formada Fermer kartı ilə ödənilən məbləğ (70175,72 manat)”-"nəğd formada ödənilən məbləğ (3560,00 manat)’ödənilməmiş vəsait üzrə qalıq məbləğdə (1580,14)+mal əskikliyinə görə 102,95 (bir yüz iki manat on dörd qəpik) manat cəmilikdə 1683,09 (bir min altı yüz səksən üç manat doqquz qəpik) manat maddi ziyan dəymişdir. Cavabdeh tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ərizələr, eləcə də xx.xx.2024-cü il tarixdə verdiyi iltizamda cavabdeh özü də malların əskik gəlməsini təsdiq edir. Belə ki, cavabdeh X1 2023-400 kq, Karbomid Marka B Sokar- 2066 kq (52 kq), 384 manat kassa qalığı olmasını, daha sonra borcunun 1224,30 qəpik olmasını qeyd edir. "AFR SEVİCES CO” MMC tərəfindən 22 avqust 2024-cü il tarixdə verilmiş auditor hesabatından görünür ki, Cavabdeh tərəfindən məsul olduğu anbar üzrə "satılmış malların cəmi satış məbləği (75315,86 manat)”-"Nəğdsiz formada Fermer kartı ilə ödənilən məbləğ (70175,72 manat)”-"nəğd formada ödənilən məbləğ (3560,00 manat)”=ödənilməmiş vəsait üzrə qalıq məbləğdə (1580,14)+mal əskikliyinə görə 102,95 (bir yüz iki manat on dörd qəpik) manat cəmilikdə 1683,09 (bir min altı yüz səksən üç manat doqquz qəpik) manat kənarlaşma-mənimsəmə yaranmışdır. b) iddiaya etiraz Cavabdeh iddia tələbinə şifahi etiraz edərək təmin olunmamasını xahiş etmişdir. c) məhkəmə icraat iştirakçılarının izahatları

11. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, əlavə olaraq bildirmişdir ki, mühasibatlığın tərtib etdiyi sənədlər əsasında iddiaçı tərəfindən audit yoxlaması keçirilmiş, xidmət haqqı kimi 750 manat ödənilmişdir. Məhkəmə və ya digər orqanlarda işə baxılan zaman ekspertizanın aparılması üçün zəruri olduğundan audit yoxlaması keçirilmişdir. Cavabdeh borcu ödəməyi öhdəsinə götürsə də, heç bir ödəniş etməmişdir. Həmçinin cavabdehlə iddiaçı arasında əmək müqaviləsi bağlanmış və cavabdehə aylıq 300 manat əmək haqqı ödənilməsi razılaşdırılmışdır. Əmək haqqından əlavə hər hansı bonusun ödənilməsi müqavilədə qeyd edilməmişdir. Cavabdehlə əmək müqaviləsi üzrə son haqq-hesab aparılmışdır. Sonda iddiaçının nümayəndəsi iddianın təmin edilməsini xahiş etmişdir.

12. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qismən etiraf edərək izahatında göstərmişdir ki, iddiaçıya 1580,14 manat borcu vardır. Bunu iddiaçıya verdiyi ərizəsində də göstərmişdir. Həmçinin ərizədə borc məbləğini hissə-hissə ödəməyə razı olduğunu yazmışdır. Lakin cavabdehlə razılaşmasına əsasən ona satılan malın 2 faizi həcmində bonus verilməli idi. Buna görə iddiaçının cavabdehə 385 manat borcu vardır. İddiaçının ona olan 385 manat borcunu ödədikdən sonra borcu ödəyəcəyini bildirmişdir. İddiaçı tərəfindən ona təhvil verilmiş malları sataraq əldə olunmuş 70175 manat fermer kartı ilə, 3560 manat məbləğində pul vəsaitini isə nağd şəkildə iddiaçıya vermiş, qalan malları isə iddaçıya qaytarmışdır. Audit yoxlamasının keçirilməsi üçün tələb olunan 750 manat pulun tələb edilməsi hissəsində iddianı qəbul etmir. Belə ki, borcun ödənilməsini o, öz üzərinə götürmüş və borcu etiraf etmişdir. Buna görə də, yoxlamanın keçirilməsi əsassız olmuşdur. Sonda cavabdeh qeyd etdiklərinin məhkəmə tərəfindən nəzərə alınmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq:

13. Mülki Məcəllə Maddə 21. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

14. Əmək Məcəlləsi Maddə 10 (“ç” bəndi). İşəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq əmək müqaviləsi üzrə işçinin əsas vəzifələrindəndir. Maddə 191. Əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a)ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b)təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c)təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. Maddə 194. Ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. Ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. Maddə 199. Saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda işçi qanunazidd hərəkətləri ilə vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. Maddə 200. İstər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilə bağlaya bilər. Maddə 202. İşəgötürənə dəymiş ziyan məbləği faktik itkilər üzrə müəyyən olunur. Maddə 203. İşəgötürən ona vurulan ziyanın ödənilməsini təmin etmək qərarına gəlməmişdən əvvəl işçinin yazılı izahatını alır, onun əməlinin qanunauyğunluğunu, dəymiş ziyanla işçinin hərəkətləri (hərəkətsizliyi) arasındakı səbəbli əlaqəni, habelə dəymiş ziyanın həqiqi miqdarını araşdırır. Araşdırmaların (yoxlamanın) gedişində işçinin yoxlama sənədləri ilə tanış olmaq, əlavə izahat vermək (etiraz etmək) hüququ vardır. İşəgötürən işçini yoxlamanın nəticələri ilə tanış etməlidir. 205-ci maddəsinə əsasən əgər ziyan işçi tərəfindən tam maddi məsuliyyət daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər

15. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Məhkəmə baxışının hədləri

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

17. Hazırda baxılan iş üzrə iddia ərizəsi işəgötürənin işçiyə qarşı dəymiş maddi zərərin ödənilməsi tələbi ilə bağlıdır. Tərəflər arasında tam maddi məsuliyyət haqqında müqavilənin bağlandığı işin mübahisəsiz halıdır. İddiaçı cavabdehin ərizələrinə, inventarizasiya aktına və auditor hesabatına istinad edərək, cavabdehdən maddi zərərin tutulmasını xahiş etmişdir.

18. İddia tələbinin qanuni əsasını Əmək Məcəlləsinin 191-ci maddəsi təşkil edir. Həmin maddədə birbaşa sadalanmış dispozisiya şərtlərinə əsasən belə iddiaların təmin olunması üçün: a) ziyanın həqiqətən vurulduğu aşkar olmalı; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olmalı; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olmalıdır. Qanun nəzərdə tutur ki, sadalanan şərtlərin biri və ya bir neçəsi deyil, eyni zamanda hər üçü olduqda işçinin işəgötürənə qəsdən və ya ehtiyatsızlıqla vurduğu ziyana görə maddi məsuliyyəti yaranır.

19. İşin mübahisəsiz halları ilə müəyyən olunur ki, iddiaçı ilə cavabdeh arasında əmək münasibətləri olmuş, tam maddi məsuliyyət haqqında müqavilə imzalanmışdır. Cavabdeh tərəfindən imzalanmış xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli ərizələr ilə müəyyən olunur ki, cavabdeh borcun olmasını etiraf etmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli ərizədə 1580.14 manat məbləğində borcun olmasını etiraf etmiş, şirkətin ona ödəməli olduğu 385.84 manat məbləğin azaldılaraq ümumi borcun 1224.30 manat olmasına köməklik göstərilməsini xahiş etmişdir. Qalıq yaranmış 1224.30 manat borcun xx.xx.2024-cü il tarixinədək aylar üzrə hissə-hissə ödənilməsini öz öhdəsinə götürmüşdür.

20. Cavabdeh məhkəmə iclasında bildirmişdir ki, iddiaçı tərəfindən ona qeyri-rəsmi olaraq satış üçün bonus ödənişləri edilmiş, həmin bonus ödənişləri ilə bağlı işəgötürənin ona ödənilməmiş borcu olmuşdur. Hazırda yaranmış borcun ona ödənilməli olan məbləğlərlə əvəzləşdirilməsini xahiş edir.

21. Məhkəmə cavabdehin həmin dəlilini əsassız hesab edir. Belə ki, tərəflər arasında olan müqavilə ilə cavabdehə bonus ödənişlərinin ödənilməsi nəzərdə tutulmamış, məhkəmə iclasında iddiaçının nümayəndəsi də cavabdehə aylıq əmək haqqının ödənildiyini bildirmiş, bonus ödənişlərinin əmək müqaviləsi ilə nəzərdə tutulmadığını bildirmişdir.

22. Bundan başqa, cavabdeh 102,95 manat dəyərində 355 kq mal əskikliyi ilə bağlı razılaşmamış, həmin məbləğin əsassız hesablandığını bildirmişdir. Lakin iş materiallarında olan inventarizasiyanın nəticələri haqqında xx.xx.2024-cü il tarixli aktla, xx.xx.2024-cü il tarixli AFR SEVİCES CO” MMC tərəfindən tərtib olunmuş auditor hesabatı ilə müəyyən olunur ki, anbarda sayım zamanı faktiki anbar qalığı 0,00 kq olmuş, 102,95 manat dəyərində 355 kq mal əskikliyi yaranmışdır.

23. Cavabdeh həmin halları təkzib edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.

24. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, təqsirin mövcudluğu hüququn bütün sahələrində nəzərdə tutulan hüquq məsuliyyətinin yaranması üçün ümumi və hamılıqla qəbul edilən şərtdir və bu qaydadan hər hansı istisna qanunvericilikdə mütləq birbaşa və birmənalı göstərilməlidir. Buna müvafiq olaraq təqsirsiz məsuliyyət halları yalnız qanunvericilikdə göstərildiyi təqdirdə mümkündür. Beləliklə, qarşılıqlı maddi məsuliyyətin yaranması üçün təqsirin mövcudluğu vacibdir. Buna müvafiq olaraq qanunverici Əmək Məcəlləsinin 191-ci maddəsinin 2-ci hissəsinin məzmununu müəyyən etmişdir. Həmin maddədə təqsir ayrıca şərt kimi bilavasitə göstərilməsə də, qanunverici bu ünsürü maddi məsuliyyətin yaranması üçün vacib hesab edir. Bu, Əmək Məcəlləsinin 191-ci maddəsinin 2-ci hissəsinin “b” və “c” bəndlərindən, 192-ci maddəsinin 2-ci hissəsindən, eləcə də 194-cü maddəsinin 1-ci hissəsindən irəli gəlir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 198-ci maddəsinə əsasən, bu Məcəllənin 199 və 200-cü maddələrində nəzərdə tutulmuş hallardan başqa bütün digər hallarda işçi işəgötürənə vurduğu ziyana görə bir aylıq orta əmək haqqı məbləğinədək maddi məsuliyyət daşıyır. Həmin Məcəllənin 199-cu maddəsinin 1-ci hissəsində sadalanan hallarda, o cümlədən maddi məsuliyyət barədə müqavilə bağlandıqda işçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. (“Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2011-ci il 15 iyul tarixli Qərar).

25. Qanunverici həmçinin təqsirin sübuta yetirilmə vəzifəsinin kimin üzərinə qoyulması məsələsini müəyyən etmişdir. Belə ki, Əmək Məcəlləsinin 192-ci maddəsinin 2-ci hissəsinə müvafiq olaraq, tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. Beləliklə, işəgötürənin və işçinin birinin digərinə vurduğu ziyana görə maddi məsuliyyətin yaranmasının sübut edilməsi yükü tərəflər arasında bölünür. İşəgötürən konkret işçinin ona ziyan vurduğunu iddia etdikdə, həqiqətən həmin işçi tərəfindən ziyan vurulduğunu və bu ziyanın məbləğini, işçi isə ziyanın onun tərəfindən vurulmadığını sübut etməlidir. (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.3-cü və 882-ci maddələrinin, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinin həmin Məcəllənin 203-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli qərarı).

26. Məhkəmə qeyd edir ki, hazırkı halda iddiaçıya dəymiş 1683.09 manat maddi ziyanla bağlı cavabdehin qismən etirafedici ərizələri, inventarizasiya aktı, auditor hesabatı mövcuddur ki, həmin sübutlar iddianın təmin edilməsinə əsas yaradır.

27. İşdə olan xx.xx.2024-cü il tarixli işlərin təhvil-təslim aktına əsasən auditor hesabatının təqdim olunmasına görə iddiaçı "AFR SEVİCES CO” MMC-yə 750 manat ödəniş etmişdir.

28. Məhkəmə xərcləri ilə bağlı qeyd olunmalıdır ki, MPM-in 107,115, 119.1 və 220.5ci maddələrinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir və işə baxılması ilə əlaqədar məsrəflərə tərəflərin xəbərdar edilməsi və məhkəməyə çağırılmaları ilə əlaqədar xərclər, həmçinin məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər daxildir. Məhkəmə xərcləri işdə iştirak edən şəxsin bununla bağlı tələbinin və ya vəsatətinin olub-olmamasından asılı olmayaraq tələbin təmin olunan hissəsinə mütənasib olaraq tərəflər arasında bölüşdürülməlidir. Qanunun mənasına görə məhkəmə xərcinin həll edilməsi barədə məsələ hətta iddiaçı tərəfindən iddia tələbinin bir hissəsi kimi ifadə edilsə belə, prosessual qanunvericiliyə əsasən məhkəmənin xidməti vəzifəsinə görə həll edilməli olan məsələ olduğundan iddia tələbinin tərkibinə daxil olmur. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının qanununun 9.1.1-ci maddəsinə əsasən, əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə -iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.

29. Məhkəmə hesab edir ki, iddia təmin olunduğundan 36.84 manat dövlət rüsumundan ibarət məhkəmə xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Mülki iş üzrə iddiaçı və cavabdehə məhkəmə iclasının vaxtı barədə xəbərdar edilmələri ilə bağlı xx.xx.2025-ci il tarixli sifarişli poçt göndərişləri göndərilmişdir ki, həmin göndərişlərin dəyəri 3.6 manat təşkil edir. 3.6 manatdan ibarət həmin məhkəmə xərci Cavabdeh tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir.

30. İş materiallarında olan xx.xx.2025-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan məlum olur ki, iddiaçı tərəfindən 60 manat məbləğində pul Sabirabad 1 saylı Mediasiya təşkilatına ödənilmişdir. Məhkəmə hesab edir ki, mediasiya xərcinin əvəzi olaraq 60 manat məbləğində rüsum cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

31. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. Cavabdeh 1683.09 manat, audit hesabatının aparılması üçün ödənilmiş 750 manat olmaqla cəmi 2433.09 (iki min dörd yüz otuz üç manat doqquz qəpik) manat tutularaq iddiaçı «Aqrar İnnovasiya və Təchizat Şirkəti” ASC-yə ödənilsin. Mediasiya xərcinin əvəzi olaraq 60 manat məbləğində rüsum Cavabdeh tutularaq iddiaçı «Aqrar İnnovasiya və Təchizat Şirkəti” ASC-yə ödənilsin. Cavabdeh 36.84 (otuz altı manat səksən dörd qəpik) manat məbləğində dövlət rüsumu və 5.4 (5 manat 40 qəpik) manatdan ibarət məhkəmə xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə köçürülsün. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Gülsaba Ağayeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar