Məhkəmə qərarları › İş №e-2(036)-3694/2025

İmişli Rayon Məhkəməsi Qərardad — İş №e-2(036)-3694/2025

12.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İmişli rayonu İş № e-2(036)-3694/2025 12.12.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Ağakişiyeva Lətafət Almazxan qızı, İddiaçı cavabdeh X1 qarşı icra qeydinin ləğvi tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İmişli regional “Asan xidmət” mərkəzinin notariat ofisinin xx.xx.2025-ci il tarixli icra qeydinin ləğv edilməsinə, bugünə qədər etmiş olduğu ödənişlərin nəzərə alınıb ona geri qaytarılmasına, İmişli rayon İcra və probasiya şöbəsinin əmək haqqından tutulma haqqında məktubun dayandırılmasına və məsələyə hüquqi qiymət verilməsinə köməklik göstərilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən ərizənin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 149.2 və 149.2.3-cü maddələrinə müvafiq olaraq, ərizədə aşağıdakılar göstərilməlidir: iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılır. İddia ərizəsində cavabdeh X2 qeyd edilsə də, cavabdehə yönələn tələbin nədən ibarət olması müəyyən olunmur. Bundan əlavə, iddia ərizəsini imzalayan şəxslər kimi həm iddiaçı, həm də cavabdeh qeyd olunmuşdur. Qeyd edilənləri nəzərə alaraq hesab edirəm ki, iddiaçı tərəfindən verilmiş iddia ərizəsi qanunvericilikdə nəzərdə tutulmuş müəyyən olunmuş formaya və məzmuna riayət edilməməklə tərtib edildiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı və ona Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinin tələbləri izah olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 152.4-cü madəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-nın 152, 263-264, 266-268 maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı cavabdeh X1 qarşı icra qeydinin ləğvi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ vardır. İş üzrə ödənilmiş 46.50 (qırx altı manat əlli qəpik) manat məbləğində dövlət rüsumu X3 İdarəsi tərəfindən İddiaçı geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində elektron kabinet vasitəsilə MPM-in 2 saylı əlavəsinə uyğun olaraq İmişli Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Lətafət Ağakişiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar